TARİXİN KÖLGƏSİ
Müəllif: Firuz Mustafa


09.11.2021




Firuz Mustafa


TARİXİN KÖLGƏSİ
və yaxud
Gələcəkdən gələnlər
(siyasi- tarixi dram-xronika)













Bakı-2021


Firuz Mustafa

Tarixin kölgəsi
(tarixi dram)

Rəyçilər:
B.Əhmədov (filologiya üzrə elmlər doktoru)
T.Məsimov (filologiya üzrə fəlsəfə doktoru)


Redaktor: Fazil N. Mustafayev

“Tarixin kölgəsi və yaxud Gələcəkdən gələnlər”
dramındakı hadisələr əsasən 1920-1922-ci illərdə baş verir. Əsərin bütün qəhrəmanları real tarixi şəxsiyyətlərdir.

Bədii tərtibatçı: A. Mustafayev


©Firuz Mustafa.2021.454 səh.
"Renessans-A" nəşriyyat evi.2021

4502020000
F-----------------2021
009

Bakı-2021







TARİXİN KÖLGƏSİ
və yaxud
Gələcəkdən gələnlər
(siyasi- tarixi dram-xronika)



Müəllifdən
1920-ci illərin əvvəli. On birinci Qırmızı ordunun hücumundan sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb. Bakıya soxulan bolşeviklər milli mücadilə iştirakçılarına divan tuturlar. Azərbaycanın müstəqilliyi sual altındadır. Rus imperiyasının xarabalıqları üzərində yeni qurulmuş, ömrü cəmi 23 ay olmuş müstəqil və demokratik Respublika tarixin arxivinə gömülməkdədir.

1920-ci ilin aprelindən etibarən ölkədəki kommunistlərin “oyunlarının” əsas qayəsi Azərbaycanın müstəqilliyinə balta çalmaqdan ibarət olmuşdur. Qırmızı ordu tərəfindən işğal edilən Azərbaycan əraziləri Sovet Rusiyası tərəfindən bir müddət alver predmetinə çevrilmiş, nəticədə müstəqil Azərbaycan yad qüvvələrin əlinə keçmişdir.
Kremldə hakimiyyət uğrunda aşkar və gizli mübarizə gedir. Rus hökumətinin başçısı, RSFSR Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Lenin xəstədir. Milli Məsələlər komissarı İosif Stalin hakimiyyəti ələ keçirmək üçün bütün güc və təsir vasitələrdən istifadə etməyə hazırdır.
Azərbaycanda yeni təşkil edilmiş hökumətin başçısı, Azərbaycan Xalq Komissarları Sovetinin və İnqilab Komitəsinin sədri Nəriman Nərimanov xarici və daxili təhdidlərlə üz-üzə qalıb.
Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbəri, Milli Şuranın keçmiş sədri Məmməd Əmin Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olunaraq Bakıia gətirilib.
Əli minlərlə adamın qanına bulaşmış “xüsusi şöbənin” başçısı Semyon Pankratov Rəsulzadəni güllələmək üçün Nərimanovu təhdid edir. Bakı bolşevikləri bu xüsusda Moskvaya fasiləsiz olaraq teleqramlar vururlar. Kremldən gələn cavablar qısadır: “Rəsulzadə haqda qərar çıxarmağa tələsməyin. Bu məsələni Stalin yoldaş Bakıya gələndə həll edəcək”.
Rəsulzadə ilə Stalin keçmiş inqilabçı dostlardır. Bir neçə dəfə birlikdə həbsdə olublar. Sonralar onların yolları ayrılıb.
Vaxtilə çarizmə qarşı mübarizə aparmış əski inqilabçılar və köhnə tanışlar (yəni Rəsulzadə və Stalin) 20-ci ilin soyuq bir noyabr günü soyuq Bayıl həbsxanasında görüşürlər.

Üzərində təxminən dörd ilə yaxın bir müddət ərzində işlədiyim, 2019-cu ilin avqust ayında başa çatdırdığım yeni əsər Azərbaycanın tarixinin qısa, mürəkkəb, faciəvi və ibrətamiz bir dövrünü əks etdirir.

***
Oxuculara təqdim edilən dram-xronikada bədii fantaziyadan daha çox sənədlərə, faktlara isnad olunur. Əsərdə haqqında bəhs edilən tarixi dövrün, nisbətən az öyrənilmiş 1920-22-ci illərin mənzərəsini əks etdirən sənədli yazılara, memuar və xatirələrə geniş yer verilmişdir. Burada yeri gəldikcə Lenin, Nərimanov və Stalinin çıxış və məktublarına, xüsusən Rəsulzadənin xatirələrinə, daha sıx-sıx müraciət olunmuşdur.
Son illərdə bizim tarixçilərin Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları haqda bir-birindən maraqlı, əhatəli və sanballı əsərləri nəşr edilib. Müəllif bir çox hallarda həmin əsərlərdən də faydalanmışdır. Amma orasını da nəzərə almaq lazımdır ki, indiki halda siz yalnız tarixi əsər oxumursuz. Axı hər bir bədii əsərin özünəməxsus paradiqma və məntiqi də olur.
Sizə təqdim olunan dövrün “rəsmini” heç də gözüylə gördüyü mənzərəni adekvat qaydada əks etdirməyə çalışan bir fotoqrafın işi kimi deyil, elə həmin mənzərəni öz təxəyyülünün süzgəcindən keçirərək kətana köçürən bir rəssamın əsəri kimi qəbul edə bilərsiz.

***
Əsərin janrı siyasi-tarixi dram kimi müəyyən edilmişdir. Pyesdəki bütün iştirakçıları real tarixi şəxsiyyətlərdir. Amma orası da var ki, oxucu bu əsərdə məşhur tarixi simaları bir qədər “fərqli” rakursdan görə biləcək. Məsələn, Nəriman Nərimanovun şəxsiyyərindən bəhs edən əksər yazılarda o, daha çox “yumşaq təbiətli”, “sakit”, mötədil bir insan kimi təqdim olunur. Amma tanış olacağınız əsərdəki Nərimanov obrazı bu cür “ənənəvi” etalonu sındırır. “Bizim” Nərimanov döyüşkən bir inqilabçıdır. O, Azərbaycanı əvvəlcə Rusiyanın, sonralarsa SSRİ-nin tərkibində müstəqil görmək istəyən bir vətənpərvərdir. Nərimanovun bu cür mübariz xarakterə malik olduğunu onun çıxış, məruzə, , məqalə, məktub və teleqramlarından aydın şəkildə görmək mümkündür.
Pyesdəki İosif Stalin obrazı da bizim bir çox əsərlərdən “tanıdığımız” tiran və despot deyildir. Nəzərdən keçirilən saysız-hesabsız materiallara istinadən demək olar ki, inqilabçı Koba ilə Baş katib Stalin arasında əsaslı fərqlər olmuşdur. Stalin 1922-ci ildən sonra, hüdudsuz hakimiyyət əldə etdikdən sonra tədricən dəyişmiş, nəticədə 20-ci əsrin amansız diktatorlarından birinə çevrilmişdir. Biz burada Baş katibə qədərki Kobanı görürük.
Əsərdəki aparıcı obrazlardan biri də Məmməd Əmindir. Məlum olduğu kimi, Rəsulzadə ömrünün sonunadək Azərbaycanın istiqlal və müstəqillik ideallarına sadiq qalmışdır. O, təqdim olunan əsərdə müdrik bir siyasətçi, cəsarətli bir fikir adamı kimi çıxış edir.
Adlarını çəkdiyimiz hər üç şəxsiyyəti həyatda birləşdirən və ayıran cəhətlər də kifayət qədərdir.
Pyesdə iki qadın obrazı da vardır: Gülsüm xanım və Nadejda Alliluyeva. Müxtəlif taleli və müxtəlif xarakterli bu qadınları da birləşdirən xətlər az deyildir.
Əsərin coşqun, narahat, mübariz, barışmaz qəhrəmanları yalnız böyük mədəniyyət problemləri ətrafında aparılan diskussiyalar zamanı “sakitləşirlər”. Axı təlatümlü tarixi mərhələdə yaşamış bu şəxsiyyətlərin hamısı bütün ömürləri boyu siyasətlə yanaşı peşəkar şəkildə ya yaradıcılıqla, ya da yaradıcılığın nəzəri problemlərinin tədqiqi ilə məşğul olmuşlar.
Pyesdə hadisələrin gedişi və personajların taleyi 20-ci əsrin 20-ci ilindən başlayaraq ta 22-ci iləcən, yəni iki il ərzində izlənilir.
22-ci ilin baharı məşhur siyasi xadimlərin, yəni əsərin qəhrəmanlarının hər 3-ünün həyatında dönüş nöqtəsi olur: belə ki, məhz həmin vaxt Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir, Stalin Sov. İKP Mk-nın Baş katibi vəzifəsi postunu tutur, Rəsulzadə isə Türkiyəyə mühacirətə gedir.

***
Adi oxucu belə, asanlıqla görüb dərk edə bilər ki, bu əsərin həcmi ənənəvi pyeslərdən xeyli genişdir. Hətta, mən əsər üzərində işləyən zaman jurnalistlərdən birinin sualını cavablandıraraq yarızarafat-yarıciddi belə bir fikir demişdim: “Qələmə aldığım bu tarixi dramın həcmi çox geniş olacaq. Hesab edirəm ki, əsər (yəni “Tarixin kölgəsi”) öz “uzunluğuna”, yəni həcminə görə Ginnesin rekordlar kitabına düşə bilər”.
Amma elə düşünmək olmaz ki, mən yalnız “oxumaq üçün” pyes yazmışam. Bu əsər həm oxu, həm də səhnə üçün hədəflənib. Təbii ki, belə bir zərurət yaranarsa, həcm və format problemini rejissorlar müəyyən edə bilər.
Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Pyesdəki hadisələrin “nağılçısı”, habelə şərhçisi Məmmədəli Rəsuloğludur. Yüz il ömür sürmüş (1882-1982) bu adam mühüm tarixi hadisələrin iştirakçısı və müşahidəçisi olub. Pyesdə bir çox hadisələr onun dilindən nəql olunur. Bu əsərdə Rəsuloğlu konkret bir bədii personaj olmaqla yanaşı, həm də bir təhkiyəçi, salnaməçi və tarixçi obrazıdır. Əlbəttə, bu personaj həm də müəllifin fikirlərinin daşıyıcısıdır. Və elə bu səbəbdən əsərin səhnələşdirməsi prosesində həmin obrazı, habelə onun müfəssəl və geniş şərhlərini, zərurət olarsa, qismən ixtisara salmaq mümkündür.




























TARİXİN KÖLGƏSİ
və yaxud
GƏLƏCƏKDƏN GƏLƏNLƏR
(siyasi- tarixi dram-xronika)

Əsərin iştirakçıları

Məmməd Əmin. (Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə) 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub – 6 mart 1955-ci ildə Türkiyədə, Ankara şəhərində vəfat edib. Milli Məsələlər Komissarlığının müvəkkili. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illərdə ) rəhbəri. Milli Şuranın sədri.

Nəriman Nərimanov. (Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu) 14 aprel 1870-ci ildə Gürcüstanda anadan olub – 19 mart 1925-ci ildə Moskvada vəfat edib. Milli Məsələlər Komissarının müavini. 1920-1922-ci illərdə Azərbaycan Respublikasının Baş naziri (XKS-nın sədri). SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri.

İosif Stalin. (İosif Vissarianoviç Stalin) 18 dekabr 1879-cu ildə Gürcüstanda, Qori şəhərində anadan olub - 5 mart 1953-cü ildə Moskvada vəfat edib. Milli Məsələlər Komissarı. Sov. İKP Mk-nın (1922-1953-cü illərdə) Baş katibi.

Rəhim bəy. ( Rəhim bəy Alı ağa oğlu Vəkilov) 1898-ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olub - 1934-cü ildə intihar etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ən gənc üzvü. İstiqlal Bəyannaməsinin mətninin müəllifi.

Dadaş bəy. (Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə). 1897-ci ildə Şuşa şəhərində tacir ailəsində doğulmuşdur - 1927-ci il yanvar ayının 28-də Solovki həbs düşərgəsində güllələnmişdir. Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının fəal üzvlərindən biri. İxtisasca həkim.

Gülsüm xanım. (Gülsün Əliyeva-Nərimanova). Nəriman Nərimanovun arvadı. 1898-ci ildə Bakıda doğulub - 1953-cü ildə Moskvada vəfat edib.

Nadejda Alliluyeva. (Nadejda Sergeyevna Alliluyeva) İosif Stalinin arvadı. Xalq Komissarları Sovetinin İşlər İdarəsində katib (Leninin katibəsi). 1901- ci ildə Bakıda doğulub - 1932 ci ildə Moskvada intihar edib.

Məmmədəli Rəsuloğlu. (Məhəmməd Əli Əbdüləziz oğlu Rəsulzadə). 7 aprel 1882-ci ildə Bakının Novxanı kəndində doğulmuş - 3 fevral 1982-ci ildə Türkiyədə, İstanbul şəhərində vəfat etmişdir. Rusiya Milli Məsələlər Komissarlığı nəzdindəki kooperativin işçisi. Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü. Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu. Jurnalist, publisist.




Artıq qeyd olunduğu kimi, əsərdə baş verən hadisələrin böyük bir qismi Məmmədəli Rəsulzadənin dili ilə nəql edilir.

Səhnədə geniş məkan və sonsuzluq. Divarda iri bir təqvim. Təqvimin üstündə əks olunmuş iri rəqəmlər:
1982.

Təqvimin önündə yaşlı bir kişi. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü, qocaman jurnalist Məhəmmədəli Rəsulzadədir. Məmmədəli bəy əvvəllər Azərbaycan, sonralarsa Türkiyə mətbuatında əsasən Rəsuloğlu imzası ilə tanınıb. O, Məmməd Əmin Rəsulzadənin əmisi oğludur. Məmmədəli Rəsuloğlu tədricən, asta addımlarla səhnənin önünə gəlir. Əlində tutduğu jurnalı vərəqləyir. Əvvəlcə sakit, sonra qismən sürəkli şəkildə danışmağa başlayır. O, əsər (yəni tamaşa) boyu sərbəstdir. Danışır, susur, çay və ya qəhvə içir, yaxınlıqdakı kresloda əyləşir, gəzişir, fikrə gedir, hətta, arada səhnəni tərk edir. Əsərin iştirakçıları sanki onu görmürlər. Əslində isə əsərdə baş verən hadisələri öz təhkiyəsi ilə bir-birinə “bağlayan” məhz Məmmədəli Rəsulzadədir.

Məmmədəli Rəsuloğlu. Mən uzun, çox uzun bir ömür yaşamışam. Bu il düz yüz yaşım tamam olacaq. Kimləri görməmişəm bu dünyada? 20-ci illərdə Moskva Kremlində Lenin, Stalin, Nərimanov tez-tez gördüyüm adamlar idi. Trotskini, Zinovyevi, Kamenevi, Buxarini, Kirovu, Orcanikidzeni, Kalinini, Kaqanoviçi, Mikoyanı, Voroşilovu, Rıkovu da görmüşəm, hətta, onlardan bir çoxu ilə salam-kəlamım, ünsiyyətim olub. Türkiyənin soltanı İkinci Xəlifə Əbdül-Məcidi həyatda görmüşəm, Demokratik Tütkiyənin rəhbərlərindən Mustafa Kamal Paşa və Mustafa İsmət İnönü tanıdığım adamlar olub. İran şahı Şahənşah Sultan Əhməd şah , habelə Rza xan və Rza şah Pəhləvilər, Fransa prezidenti Aleksandr Milyeran, Rumıniya kralı Birinci Kral Ferdinand, Almaniyanın reyx kansleri Vilhelm Kuno, Bolqar çarı Üçüncü Boris, Avsraliya İttifaqının kralı Kral Georq, İtaliyanın Baş katibi Benite Mussolini mənim həyatda görüb söhbət etdiyim insanlardır.
Azərbaycanın müstəqilliyi yolunda canlarını belə əsirgəməyən Topçubaşov, Usufbəyov, Ağaoğlu, Hacınski, Qarabəyov, habelə Şıxzamanovlar, Hacıbəylilər, Vəkilovlar yaxın dostlarım idi.
20-30-cu illərdə Haqverdiyev, Mirzə Cəlil, Çəmənzəminli, Ömər Faiq, Cəfər Cabbarlı, Sanılı, Əhməd Cavad, Abdulla Şaiq, Süleyman Sani, Cavid, Nəzərli, Simurğ, Seyid Hüseyn kimi maarifçi və yazıçılar tez-tez görüşdüyüm tarixi şəxsiyyətlərdir.
Azərbaycanın o vaxtki kommunist rəhbərləri Bağırov, Qarayev, Sultanov, Musabəyov, Mirzə Davud, Axundov, İldırım, Ağamalıoğlu da mənim yaxından tanıdığım adamlar olub.
Dediyim kimi, yaşım yüzə çatıb. Ömrümün qüruba çatdığını hiss edirəm. Elə bu səbəbdən də fürsətdən istifadə edərək, görüb-eşitdiklərimi, şahidi olduqlarımı insanlarla bölüşmək istəyirəm.




Təqvimin üstündə iri rəqəmlər dəyişir:
“1982” rəqəmini
“1920” yazısı əvəz edir.















1-ci hissə.
BAKI.
1920-ci il.

Payızın rənginə bürünmüş şəhər peyzajı.
Bağ. Yaxınlıqdan ensiz yol keçir. Uzaqdan boz təpəlik və həmin təpəliyin sinəsi boyu səpələnmiş kiçik evlər görünür.

Rəhim bəy. Dadaş bəy, bəlkə doktor öz kabinetində imiş? Bəlkə heç səninlə görüşmək istəməyib? Hətta, olsun ki, orada səni aldadıblar?
Dadaş bəy. Köməkçisindən soruşdum ki, yoldaş Nərimanovla görüşmək olar? O bildirdi ki, doktor yerində deyil. Lap dəqiq söyləsəm, belə dedi: “Yoldaş Nərimanov Mərkəzdən gələn hörmətli qonaqları qarşılamağa gedib”.
Rəhim bəy. Mərkəz... Qırmızı Moskvanın bir adı da Mərkəz olub. İnnən sonra bu millətin qulağı Mərkəzin əlində qalacaq.
Dadaş bəy. Ta demə...
Rəhim bəy. Günah özümüzdədir.
Dadaş bəy. Yəni kimdə?
Rəhim bəy. Elə hamımızda. Gərək onları Bakıya buraxmayaydıq.
Dadaş bəy. Bəyəm biz buraxdıq onları? Ya biz çağırdıq? Ağlınca o bolşevik cəlladlar Bakı kimi yağlı bir tikəni heç əldən buraxardılar? Özün görmədin üstümüzə necə top-tüfənglə gəldilər? Alçaqlar hələ parlamenti də gülləboran etmək istəyirdilər.
Rəhim bəy. Axı onları çağıranlar da vardı. Deyirdilər ki, “Qızıl ordu” nə qədər tez gəlsə, bizə bir o qədər yaxşıdır. Buyur, bu da sənə çağırdığın qırmızı ordu.
Dadaş bəy. Sən bunu kimə deyirsən? Mənə?
Rəhim bəy. Yox, Əliheydərə... Əliheydər Qarayevə və bütün qaraniyyətlilərə...

Gülürlər.

Dadaş bəy. O qaraniyyət Qarayev öz dəstəsi ilə parlamentə soxulanda görmədin nə həngamə, nə oyun çıxartdı?
Rəhim bəy.Gördüm... Əmin bəyə dedi ki, buranı tez tərk edin, yoxsa gözünüzü çıxardaram. Əmin bəy gülümsəyib dedi ki, tezliklə sənin gözünü özününkülər çıxaracaq. Əliheydər çaşıb qaldı. Soruşdu ki, özümüzünkülər kimdir? Əmin bəy dedi ki, bolşeviklər.
Dadaş bəy. Eşitdiyimə görə, indi Əliheydər öz inqilabçı dostları ilə də yola getmir. Xüsusən, Nərimanovla.
Rəhim bəy. Nədir? İndi nə istəyir?
Dadaş bəy. Nə istəyəcək? Vəzifə.
Rəhim bəy. Axı onun vəzifəsi var, Dadaş bəy.
Dadaş bəy. O, Nərimanovun yerinə göz dikib. Deyir ki, Leninin Moskvada əyləşdiyi kresloya Bakıda mən sahib olmalıyam. Burada bəziləri Nərimanova “Şərqin Lenini” deyəndə heç bilirsən Əliheydər necə özündən çıxır?..
Rəhim bəy. Yəqin özünü Leninin yerində görür...

Gülürlər.

Dadaş bəy. Əliheydər dedin, yaxşı yadıma düşdü. Heç bilirsən, Əmin bəyin yeni doğulan övladının adını evdəkilər nə qoymuşdular?
Rəhim bəy. Eşitmişəm ki, Əliheydər qoyublar.
Dadaş bəy. Əmin bəy bu xəbəri eşidib çox qeyzlənib. Deyib ki, o nə addır elə? Əlbəttə, o, Əliheydərə görə belə deyib... Yoxsa adın bir dəxli yox. Belə götürəndə bu da özünə görə bir addır.
Rəhim bəy. Elədir. İnşallah, Məmməd Əmin bəy həbsdən azad olar, evinə qayıdar, uşağa öz istədiyi adı qoyar.

Əvvəlcə at ayaqlarının səsi, sonra maşın uğultusu eşidilir.

Dadaş bəy. Görürsən?
Rəhim bəy. (Boylanır). Görürəm.
Dadaş bəy. Bəs maşındakıları necə?
Rəhim bəy. Yox. Onları seçə bilmirəm.
Dadaş bəy. Hə, odur... Görə bilirsən? (Boylanır). Düşürlər... Qabaqdakı Nərimanovdur... Ortadakılar Orconikidze ilə Kobadır... Deyəsən, sonda düşən Mikoyandır.
Rəhim bəy. Bilmirsən, onlar Bakıya nə üçün gəliblər?
Dadaş bəy. Nəyə gələcəklər ki? Neftin iyinə yığışıblar... Ac Rusiyaya indi neft hava-su kimi lazımdır. Nərimanov özü onlara dedi ki, buyurun, neftin sahibi sizsiniz...
Rəhim bəy. Hə, bir vaxt elə demişdi. Sonra deyəsən fikrini dəyişdi... Gəl gedək buradan. Doktor bizi görsə yenə pərt olacaq.
Dadaş bəy. Niyə pərt olur ki?
Rəhim bəy. Zənnimcə, Əmin bəyi həbsdən qurtarmağa gücü çatmır. Buna görə əndişələnir. Allah bilir, bəlkə də doktor özünü yalandan belə aciz göstərir...
Dadaş bəy. Bax buna deyərlər oyuna düşmək, paza keçmək... Yəni ölkənin başçısı olasan, özünün də başçılıq etdiyin məmləkətdə sözün keçməyə. Fəlakətdir, vallah, fəlakət.
Rəhim bəy. Elə söhbət ondan gedir də...

Dadaş bəy və Rəhim bəy danışa-danışa gedirlər.









2.
Səhnə dəyişir.

Nərimanovun kabineti.
Stalin və Nərimanov. Onlar ayaqüstə söhbət edirlər.
Stalin arada trubkasını tüstülədir.

İosif Stalin. Yaxşı, yoldaş Nərimanov, indi keçək o biri məsələyə. Burada Məmməd Əmin Rəsulzadəyə münasibət necədir?
Nəriman Nərimanov. Yoldaş Stalin, əgər söhbət mənim münasibətimdən gedirsə, Rəsulzadə ilə heç bir şəxsi ixtilafım yoxdur. Biz yalnız siyasi mövqelərimizə görə bir-birimizi qəbul etmirik.
İosif Stalin. Unutmayaq ki, vaxtilə Rəsulzadə bizim ideya dostumuz olub.
Nəriman Nərimanov. Şübhəsiz.
İosif Stalin. Mənə verilən məlumata görə indi o, həbsxanadadır.
Nəriman Nərimanov. Bəli, o, həbs olunub.
İosif Stalin. Mən bu gün onunla görüşmək istəyirəm.
Nəriman Nərimanov. (Susub bir müddət Stalini diqqətlə süzür). Rəsulzadəni görmək çətin məsələ deyil. Amma bu görüşdə məqsədiniz nədir, yoldaş Stalin?
İosif Stalin. Onunla bəzi məsələlər barədə fikir mübadiləsi aparmaq istəyirəm, yoldaş Nərimanov.
Nəriman Nərimanov. Fikir mübadiləsi? Rəsulzadə ilə? (Gülümsıyir). Əgər sirr deyilsə, o nə məsələdir elə?
İosif Stalin. Məncə Rəsulzadə bizimlə əməkdaşlıq edə bilər.
Nəriman Nərimanov. “Əməkdaşlıq?..” Çətin... Daha doğrusu, bu, mümkünsüz bir işdir.
İosif Stalin. Nədən bilirsiniz bunu?
Nəriman Nərimanov. Mən Əmin bəyi pis tanımıram. Doğrudur, vaxtilə bir cəbhədə olmuşuq. Bilirəm, onun Sizinlə də xoş münasibəti vardı. Amma o, indi başqa bir yolun yolçusu, başqa bir ideyanın adamıdır.
İosif Stalin. Bunu bilirəm. Mənə çatan məlumata görə, yaxın dostları onu hələ də ömrü cəmi iki il çəkən bir dövlətin vuran ürəyi, düşünən beyni hesab edirlər. (Pauza). Amma indi dövran dəyişib. Belə hesab edirəm ki, ən böyük müəllim elə zamanın özüdür. (Mənalı-mənalı gülümsəyir). Yaxşı ki, indiyəcən Rəsulzadəni güllələməyiblər...
Nəriman Nərimanov. Burada onun aradan götürülməsini istəyənlər çoxdur. Mərkəzə də bu barədə çoxlu teleqramlar vurulub. Bu məsələ ilə bağlı Pankratov dəfələrlə mənə müraciət edib. O, Məmməd Əminə nifrət edir. Halbuki Rəsulzadə ilə onu bağlayan heç nə yoxdur. Amma mən...
İosif Stalin. Pankratov, deyəsən, özünü burada əsl dəniz qulduru kimi aparır. (Əsəbi). Mən ona vaxtilə ona öz sözümü demişəm. O, öz cızığından çox çıxıb...

Məmmədəli Rəsuloğlu. Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuş keçmiş Qara dəniz matrosu. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə işgəncələrin, sui-qəsdlərin və repressiyaların əsas təşkilatçılarından biri kimi tanınırdı.

Nəriman Nərimanov. Hər necə olsa da Rəsulzadə dövlətin başında durub, Milli Şuranın sədri olub.Yəqin Sizə o da məlumdur ki, Rəsulzadə təkcə burada deyil, İranda da böyük nüfuz sahibidir. İran Kommunist partiyasının rəhbərliyi Rəsulzadənin məsələsi ilə daim maraqlanır.
İosif Stalin. Bunları bilirəm... Yoldaş Nərimanov, yeri gəlmişkən, mənim Bakıya gəlişiminin başlıca səbəblərindən biri də İran inqilabçıları ilə bağlıdır. Lenin yoldaş İranda Baş verən proseslərə çox diqqətlə yanaşır.
Nəriman Nərimanov. Yoldaş Koba, yəqin ki, İranda Səttarxanın rəhbərliyi altında on ilə qədər davam edən mübarizənın acı sonluğu Sizə yaxşı məlumdur.
İosif Stalin. Bilirəm. Səttarxan güclü sərkərdə idi.

Məmmədəli Rəsuloğlu. Səttarxan 1866-cı ildə İranın Azərbaycan bölgəsinin Qaradağ vilayətində, Bişək kəndində tacir ailəsində anadan olub. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanın adıyla bağlıdır. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.

Nəriman Nərimanov. Artıq Səttarxan yoxdur. Səttarxandan iki il sonra onun yaxın silahdaşı Bağır xan da həlak oldu.
İosif Stalin. Bilirəm. O, həbi şuranın beş üzvündən biri idi.

Məmmədəli Rəsuloğlu. Bağır xan 1862-ci ildə Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Səttarxanın yaxın silahdaşı, 1905-1911-ci illər Məşrutə inqilabının rəhbərlərindən biri olub. O, 1916-cı ildə bir kürd irticaçıları tərəfindən öldürülmüşdür.

Nəriman Nərimanov. İki ay əvvəl Şeyx Məhəmməd Xiyabani də öldürüldü.
İosif Stalin. Biz bu münasibətlə onun silahdaşlarına başsağlığı verdik. Bu, əlbəttə, İran inqilabı üçün ağır itkidir.

Məmmədəli Rəsuloğlu. Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz yaxınlığındakı Xaminə kəndində doğulmuşdu. Məşrutə hərəkatının məğlubiyyətindən sonra Şeyx Məhəmməd Xiyabani Xorasanda, Mahaçqalada, Bakıda və Tiflisdə yaşayıb siyasi fəaliyyətini oralarda davam etdirmiş, sonra Təbrizə qayıtmişdi. O, var gücüylə Demokrat Partiyasının fəaliyyətini genişləndirməyə çalışırdı. 1919-cu ilin avqustunda Şeyx Məhəmməd Xiyabani Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinə sədr seçildi. 1920-ci il aprelində Şeyx Məhəmməd Xiyabani "Azadıstan" ("Azadlıq ölkəsi") adlı dövlətin qurulacağını bəyan etdi. 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdi, sentyabrın 14-də Xiyabani öldürüldü, onun tərəfdarları həbs olundu. Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsi Xiyabaniyə çox üzücü təsir bağışlamışdı.

Nəriman Nərimanov. Xiyabaninin ölümü elə bizim üçün də ağır itkidir.
İosif Stalin. Amma onun apardığı mübarizənin bəzi momentləri qəbuledilməz idi.
Nəriman Nərimanov. Bu, təbii bir haldır. Hər xalqın özünün səciyyəvi cəhətləri olduğu kimi, onun inqilabçılarının apardığı mübarizənin də öz fərqli xüsusiyyətləri olmalıdır.
İosif Stalin. Yoldaş Nərimanov, bilmirəm siz hansı fərqlərdən danışırsız. Fakt budur ki, Xiyabani bolşeviklərin fəaliyyətinə şübhə ilə yanaşırdı.
Nəriman Nərimanov. Buna şübhəkarlıqdan daha çox, ehtiyatkarlıq demək olar.

Məmmədəli Rəsuloğlu. Şeyx Məhəmməd Xiyabani Azərbaycan demokratiyasına İranı azad edəcək qüvvə kimi baxsa da, xalqların azadlığına və müstəqilliyinə də böyük önəm verirdi. O, hər bir xalqın müstəqilliyinə xüsusi əhəmiyyət verərək deyirdi: ” Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur.”
Xiyabani Sovet Azərbaycanda cərəyan edən hadisələrə biganə deyildi. AXC-nin devrilməsi Təbriz üsyanı ilə eyni vaxta düşdü və Xiyabanini Bakıdakı 28 aprel çevrilişi çox ağrıtdı.

İosif Stalin.Əlbəttə, mən belə hesab edirəm ki, İranda baş verən proseslərə biz nəzarət etməliyik.
Nəriman Nərimanov. İranda inqilab indiyəcən səngiməyib. Bu gün orada Məhəmməd Tağı xanın inqilabi fəaliyyəti davam etməkdədir.
İosif Stalin. Bizim də Məhəmməd Tağı Xan Püsyanla əlaqəmiz möhkəmdir. Tez-tez Xorasandan sevindirici məlumatlar alırıq. Bu gün Xorasan və Gilanda yaradılan yeni respublikalara yardım etməliyik.

Məmmədəli Rəsuloğlu. Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə 7 avqust 1891-ci ildə Təbriz şəhərində doğulmuşdu. Ailə Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, oradan da Təbrizə getmişdi. Onların soyadı Soltanzadə olsa da, doğma yurdun adı ilə Püsyan çağırılırdılar.
O, Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Azadıstan Hərəkatında şöhrət qazanmışdır. 1920-ci ildə Məhəmmədtağı xan Xorasanda üsyan bayrağını qaldırdı və 1921-ci il aprel ayında müstəqillik elan etdi. O, Lenin ideyalarına inanırdı. Lakin çətin anda Sovet Rusiyası Püsyana arxa durmadı, əksinə ona arxadan zərbə vurdu. Belə ki, 1921-ci ildə Püşyana köməyə gedən fəhlə və döyüşçü dəstəsinin qarşısı bolşeviklər tərəfindən kəsildi. Püsyanın tərəfdarları birləşmiş ordu qüvvələri ilə döyüşdə qətlə yetirildi.

Nəriman Nərimanov. Zənn edirəm ki, Heydər xan Əmioğlunun fəaliyyətini də izləyirsiz.
İosif Stalin. Bəli, mənim onunla şəxsi tanışlığım da var. İran kommunistlərinin baş katibi kimi çevik fəaliyyət göstərir. (Gülümsəyib var-gəl edir). Səhv etmirəmsə o, xalq arasında “Bombaçı Heydər xan” kimi məşhurdur.
Nəriman Nərimanov. Elədir. Onu inqilabçılar “Heydər xan Bombai” deyə çağırırlar. O, əslən qafqazlıdır, türkdür. Heydər xan bir neçə dəfə Rəsulzadənin arxasınca Bakıya gəlib. Axı onlar dostdur. Əmin bəyin tutulduğunu eşidib hədsiz qeyzlənmişdi.
İosif Stalin. Maraqlıdır. Bəs sonrası necə oldu?..
Nəriman Nərimanov. Heydər xan mənimlə də görüşdü.
İosif Stalin. Sizə nə dedi?
Nəriman Nərimanov. Dedi ki, “Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!” Vəssalam.
İosif Stalin. Əslində elə mən də bu cür düşünürəm. Rəsulzadə xilas olmalı, sağ qalmalıdır. Heydər Əmoğlu düz deyir. Mən onunla məktublaşmışam...

Məmmədəli Rəsuloğlu. Heydər xan Əmu oğlu (Tariverdiyev) ictimaiyyata daha çox “Heydər Əmoğlu” adıyla tanışdır. Səttarxan və Bağırxanla yaxın dost olmuş, Gilanda Mirzə Kiçiyə böyük köməkliklər göstərmişdir. İrana ilk dəfə elektriki gətirən şəxs Heydər nan Əmoğlu olmuşdur. Heydər Əmoğlu 1908-ci ildə İranda mühacirətdə olan Məmməd Əmin bəylədostlaşmışdı. O vaxtlar Güney Azərbaycanda azərbaycanlılarla kürdlərin arasında yaranan toqquşmalarda iştirak etmiş, kürdlərin Mərənd və Xoy şəhərlərindən geri çəkilmələrində onun da böyük rolu olmuşdur. İranda Kommunist Partiyası yaranandan sonra Heydər xan bu təşkilata başçılıq etdi. Gilan Respublikasının yaranmasında Seyid Cəfər Pişəvəri ilə birgə iştirak edib. 1921-ci ildə kemiş əqidə dostu Kiçik xanın adamları tərəfindən öldürülmüşdür.

Nəriman Nərimanov. Mənə belə gəlir ki, biz Gilan Sovet Respublikasın yaşaması üçün yoldaşlara lazımı dərəcədə kömək etmirik.
İosif Stalin. Kuçek xana necə lazımdırsa kömək göstərilib.
Nəriman Nərimanov. Onun adı “Küçek” yox, Kiçik xandır...
İosif Stalin. Hmmm... Bunun bir fərqi yox. Türklər kiçiyə çox vaxt belə deyirlər... Bir də ki, bizim rəsmi sənədlərdə onun adı belə gedir. Amma daha dəqiq variantı, əlbəttə, siz bilirsiz.
Nəriman Nərimanov. Bu öz yerində... Biz bilməliyik ki, Rza xan Pəhləvi hər vasitə ilə Gilan hökümətini yıxmaq istəyir.
İosif Stalin. Yoldaş Nərimanov, siz unutmayın ki, Küçek xanın başçılıq etdiyi hökuməti Cəngəli, yəni “Meşəçilər Hərəkatı” ilə yanaşı Qızıl ordu yaradıb. Yəni biz bu işlərdə çox maraqlıyıq.
Nəriman Nərimanov. Mən bunları bilirəm, yoldaş Koba. Xəzər hərbi-dəniz donanmasının desantları orda vuruşub. Fəqət bu gün Gilanda vəziyyət elə də ürəkaçan deyil. Hətta, eşitdiyimə görə Heydər Əmoğlu ilə Kiçik xan arasında kəskin ixtilaf yaranıb.
İosif Stalin. Yoldaş Nərimanov, mən bunları yaxşı bilirəm. Niyə onu demirsiz ki, “Ədalət” partiyasının 1920-ci ilin aprel ayında keçirilən Birinci Türküstan diyar konfransında Heydər Əmioğlu məhz sizin təlimatla çıxış edirdi.
Nəriman Nərimanov. Mən Heydər Əmioğlu ilə dünənin tanışı deyiləm ki. Bəli, gizlətmirəm, mən ona müəyyən məsləhətlər vermişəm. O, mənim millətimin oğludur.
İosif Stalin. Yoldaş Nərimanov, bolşevik üçün millət və ya milli dəyərlər yüzüncü anlayışdır.
Nəriman Nərimanov. Mən özümün türk olmağımı dana bilmərəm, Koba. Eləcə də siz özünüzün gürcü olduğunuzu...
İosif Stalin. Hesab edirəm ki, mənim mənsub olduğum millətin adı bolşevikdir. (Gülür).
Nəriman Nərimanov. Bolşevizm bizim ən böyük əqidəmizdir.
İosif Stalin. Mənsə bunu elə millət kimi qəbul edirəm.
Nəriman Nərimanov. Mən nə öz əqidəmi gizlədə bilərəm, nə də öz millətimi.

Məmmədəli Rəsuloğlu. Kiçik xan 1905-11-ci illərdə İran inqilabının iştirakçısı olmuşdur. Gilanda milli azadlıq hərəkatının yüksəlişi dövründə -1920-1921-ci illərdə İran kommunistləri ilə vahid cəbhədə çıxış etmişdir. 1920-ci ilin iyun ayında Gilan respublikası müvəqqəti inqilabi hökumətinin sədri, daha sonra-1921-ci il mayın 8-də Gilan respublikası yeni hökumətinin - İnqilab Komitəsinin sədri oldu. İnqilab dalğası get-gedə genişləndiyi üçün bu hökumət bir müddət sonra özünü Persiya (İran) Sovet Sosialist Respublikası adlandırdı.

İosif Stalin. Yaxşı, yoldaş Nərimanov, yeri gəlmişkən, Siz Kuçek xana necə münasibət bəsləyirsiniz?
Nəriman Nərimanov. Əvvəla, bu məsələdə mənim şəxsi mövqeyim hələ nəyisə həll etmir, çünki baş verən proseslərin öz məntiqi var. İkincisi, Kiçik xan özünü bolşeviklərə yaxın adam hesab edir. Üçüncüsü, İran məsələsi ilə, bildiyiniz kimi birbaşa Trotski yoldaş məşğul olur.
İosif Stalin. Trotiski deyir ki, Kuçek xana və bütövlükdə İran xalq azadlıq hərəkatına bütün vasitələrlə kömək etməliyik. Hətta, bizim hazırda tutduğumuz əraziləri Kuçek xanın tabeçiliyinə verməklə ona yardım göstərməliyik. Əgər Kuçek xanın mübarizəsinin sonrakı uğurları üçün hərbi gəmilərin iştirakı zəruridirsə, gəmilərin üzərinə Azərbaycan respublikasının bayraqlarını sancmaq lazımdır.
Nəriman Nərimanov. Mən Kiçik xanı qismən tanıyıram. Onun əsl adı Yunisdir. O, emosional, coşqun bir inqilabçıdır. Sizə elə gəlmirmi ki, Kiçik xan sanki bir oyuna salınıb?
İosif Stalin. O, nə oyundur elə?
Nəriman Nərimanov. Oyun göz qabağındadır. Trotski və Karaxan sanki bir tamaşa hazırlayıb. Bu tamaşada faciəvi qəhrəman Kiçik xandır.
İosif Stalin. Kuçek xan özü oyun qurmağı yaxşı bacarır... Düzü, mən bilmirəm, Siz niyə belə düşünürsüz?
Nəriman Nərimanov. Belə düşünmək üçün mənim əlimdə əsas var. Sanki Kiçik xan bizə İran kommunistlərinin və digər demokratik qrupların səylərinin İngiltərəyə qarşı mübarizədə birləşdirmək üçün lazımdır.
İosif Stalin. Bəli, bizim bir istəyimiz də budur ki, ingilislər İrandan rədd olub getsinlər. Bunu heç gizlətmirik də.
Nəriman Nərimanov. Zahirən hər şey sanki çox sadədir. Sovet qoşunları tərəfindən işğal olunmuş Ənzəli və Rəşt kimi şəhərlərin Cəngəli hərəkatının rəhbərinə verilməsi bu gün Kiçik xanda sovetlərə münasibətdə böyük təəssürat yaradıb. Yaxşı, bəs sabah necə olacaq?..
İosif Stalin. Siz niyə bu işlərə şübhə ilə yanaşırsız?
Nəriman Nərimanov. Elə isə mən də sual verirəm: bəs nə üçün Gilandakı sovet ordusu rəsmən geri çağırıldı?
İosif Stalin. Siz niyə unudursuz ki, Bakıdan və Həştərxandan göndərilən hərbi dəstələr hesabına beş min nəfərdən ibarət İran qırmızı ordusu necə, hansı çətinliklərlə yarandı?..
Nəriman Nərimanov. Bəs sonra? Siz niyə unudursuz ki, tezliklə İran qırmızı ordusunun komandanlığı 11-ci ordunun qərargahına tabe edildi, bir az keçmiş indi bolşevik olan, keçmiş çar polkovniki Vasili Karqaretelini oraya komandan göndərdi?.. Yəqin Sizə Karqaretelinin kimliyi məlumdur. Biz onu burada Şapur soyadı ilə tanıyırıq. Bu adam vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun generalı olub.
İosif Stalin. Yoldaş Nərimanov, soyadın və yaxud keçmiş çar generalı olmağın bu məsələyə nə dəxli? Axı özünüz Lenin yoldaşa məktubunuzda yazmısız ki, biz təcrübəli hərbçılərdən istifadə etməliyik.
Nəriman Nərimanov. Əvvəla, İrana biz öz milli generallarımızı göndərməli idik. İkincisi də Mirzə Kiçik xan özü, habelə onun hərbi məsələlər üzrə köməkçisi Ehsanulla xan və Xalu Qurban o qədər sadəlövh deyillər ki, bu “oyunlara” inansınlar.
İosif Stalin. Yenə “oyun”? Görürəm, siz İran məsələsi ilə çox maraqlanırsız. (Gülür). Hətta, dostunuz Trotskidən də çox...
Nəriman Nərimanov. Trotski ilə mənim nəinki dostluğum, heç yaxın münasibətim də yoxdur.
İosif Stalin. (Bığını burub eyhamla). Yaxşı, qoy olsun mənim dostum. Trotski bir müddət əvvəl hər gün Lenin, Çiçerin, Kamenev, Krestinski və Buxarinə qalaq-qalaq teleqramlar göndərirdi. O, belə hesab edir ki, Xivə, İran, Buxara və Əfqanıstanda indiki anda çevriliş etmək gələcəkdə bizim üçün böyük çətinliklər yaradar.
Nəriman Nərimanov. Trotski baş verən hadisələrə sanki teatr səhnəsindən baxır. Həyat bir az başqa cürdür.
İosif Stalin. Mən onu yaxşı tanıyıram. Trotski hər bir şeydən, hətta faciədən belə, şəxsən yararlanmaq istəyir.
Nəriman Nərimanov. Bəs iki nəfər rus vətəndaşının-Kojanov və Abukovun İran vətəndaşlığına qəbul edilməsinə necə qiymət vermək olar, yoldaş Koba? Bu da Trotskinin planıdır?
İosif Stalin. Xeyr. Bu, həm də bizim plandır. Burada qəribə nə var ki? İnqilabda ümumi işin xeyrinə olan hər cür vasitəyə əl atmaq qəbulediləndir. Bir də ki, yoldaş Nərimanov, narahat olmayın, orada sizin maraqlarınızı təmin edən adam da var: Xəzər hərbi donanmasının komandanı Raskolnikovun vəkaləti ilə Müslüm İsrafilov Sovet Rusiyasının İran inqilabi hökumətinin başçısı yanında müvəqqəti işlər vəkili təyin edilib.
Nəriman Nərimanov. Bu məsələdə mənim heç bir şəxsi marağım ola bilməz.
İosif Stalin. Siz burada hökumətə başçılıq edirsiz. Əlbəttə, bunu hamıdan yaxşı bilirsiz ki, Azərbaycandan “xüsusi təyinatlı tatar dəstəsi” adlanan səkkizyüz nəfərlik şəxsi heyət İran qırmızı ordusunun tərkibinə daxil edilib. Bu da onu göstərir ki, “İran məsələsi” daim diqqət mərkəzindədir.
Nəriman Nərimanov. Yaxşı, yoldaş Stalin, siz Məmməd Həsən Sultanzadənin Gilandakı proseslərdə fəallaşması və onun mərkəz tərəfindən himayə edilməsinə necə baxırsız?
İosif Stalin. Təbii baxiram. Sultanzadə Kommunist İnternasionalının İcraiyyə Komitəsinin üzvüdür. Necə bəyəm?
Nəriman Nərimanov. Bu adamın əsl ad-familiyası Mikaelyan Avetis Sultanoviçdir.
İosif Stalin. Yoldaş, Nərimanov, axı mən dəfələrlə demişəm, əsl bolşeviklərin vətəni və milləti olmur.
Nəriman Nərimanov. Axı öz azadlığı uğrunda mübarizə aparan bir millətə başqa bir millətin nümayəndəsinin rəhbərlik etməsi nə dərəcədə doğru ola bilər?
İosif Stalin. Yoldaş Nərimanov, bəyəm hər hansı türkün və ya gürcünün başqa millətlərin inqilabi işində ön cəbhədə olması yasaq olunmalıdır?
Nəriman Nərimanov. Yoldaş Stalin, biz rus proletariatı ilə eyni məkanda eyni taleni yaşayırıq.
İosif Stalin. Axı Persiya ərazisində də sizin çoxlu soydaşlarınız, qardaşlarınız yaşayır.
Nəriman Nərimanov. Bəli, orada yaşayanların çoxu türk əsilli əhalidir.
İosif Stalin. Səhv etmirəmsə, Siz özünüz də əslən Cənubi Azərbaycandansız. Yəni atanız Arazın o tayından gəlib...
Nəriman Nərimanov. Bəli. Doğrudur. Amma şəxsən mənim üçün “o tay-bu tay” anlayışı yoxdur.

Məmmədəli Rəsuloğlu. Nərimanovun ulu babası (onun da adı Nəriman olub) əslən “o taydan”, Cənubi Azərbaycanın Urmiya mahalındandır.
O, Gürcüstana gələndən sonra XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında “sabitqədəm” eşik ağası olmuşdur.
Kərbəlayi Nəcəfin atası (Nərimanovun babası) Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən biri olub. Onun məlahətli, xoş səsi vardı. Allahverdi bəy gürcü, erməni və Azərbaycan xalq mahnılarını məharətlə oxuyardı. O, məşhur gürcü şairi Nikolos Barataşvilinin atası ilə yaxın dost, Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə tanış idi. Şair Qriqol Orbeliani Allahverdi bəyin bütün Gürcüstanda məşhur tarzən olduğunu öz müxəmməsində ehtiramla qeyd etmiş, Şahzadə İohan isə “Kalmasoba” dastanında şah İohan Xelaşvilinin Gürcüstanda Şulaver kəndində, şahanə bir məclisdə məşhur tarzən-xanəndə Allahverdi bəylə görüşdüyünü məhəbbətlə qələmə almışdır. Şah İohan Allahverdi bəyin məlahətli səsinə və məharətlə tar çalmasına heyran qalmışdır.
Gürcüstan vilayətinin hökmdarı II İrakli “ xoş ləhcəli” xanəndənin pərəstişkarlarından idi. O, Allahverdiyə bəyzadəlik mənsəbi vermiş, ona hörmət və ehtiramla yanaşmışdır. Allahverdi bəy bütün ömrü boyu Tiflisdə böyük zövqlə tikdirdiyi ikimərtəbəli mülkdə yaşamışdır.
Kərbəlayi Nəcəf tiflisli Hacı Məmmədqasım Zamanovun qızı Həlimə xanımla evlənmiş, nümunəvi ailə həyatı qurmuşdur.

İosif Stalin. Mənim üçünsə, ümumiyyətlə, milli anlayış mövcud deyil. Mən iki millət tanıyıram: bolşeviklər və bolşeviklərin düşməni. Mən elə Arazın o tayındakı fəhlə və kəndlilərə də öz millətim kimi yanaşıram.
Nəriman Nərimanov. Bəs elə isə oradakı sadə adamlara nə üçün divan tutulurdu?
İosif Stalin. Anlamıram. Kimdir onlara divan tutan?
Nəriman Nərimanov. Məsələn, Raskolnikov və onun dəstəsi.

Məmmədəli Rəsuloğlu. Fyodor Raskolnikov (əsl familiyası İlin) avantyurist bir şəxs idi. 1892-ci ildə Sankt-Peterburqda doğulub. Əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olmuşdu. Politexnik institutda təhsil almışdı. 19 iyun 1919-cu il tarixdə Astraxan-Xəzər hərbi donanmasına, 31 iyuldan Volqa-Xəzər hərbi donanmasına rəhbərlik edib. İrana daxil olan ordu Raskolnikovun rəhbərliyi altında bir sıra hərbi əməliyyatlar keçirmişdi. Bunlardan ən başlıcası kimi Gilan və Ənzəli civarında gedən döyüşləri qeyd etmək olar. O, 1920-ci ilin iyunundan Baltik donanmasına rəhbərlik edib.

İosif Stalin. Biz Raskolnikova tapşırmışdıq ki, əlində olan müxtəlif vasitələrlə Kuçek xana zəruri olan yardımı göstərsin. O da bunları edirdi. Orada Kuçek xana yardım məqsədilə gəmilərmiz də vardı. Onların bir hissəsi polis xidməti adı altında Ənzəlidə saxlanılırdı, özü də Azərbaycan bayrağı altında.
Nəriman Nərimanov. Mənə çatan məlumata görə Raskolnikov özünü orada çardan, padşahdan betər aparırmış. Matroslarla da qul kimi rəftar edib.

Məmmədəli Rəsuloğlu. Bolşeviklər qısa müddətdə Ənzəlinin və Xəzər dənizinin İran sahillərini ələ keçirdi. May ayının 18-də Raskolnikovun başçılıq etdiyi Azərbaycan və Rusiya qırmızı donanması Bakıdan İrana doğru hərəkət edərək strateji baxımdan Denikin ordusuna məxsus gəmiləri, silah və sursatı geri qaytarmaq adı altında hərbi əməliyyatlara başladı və tezliklə hadisələr İranın dəniz sahili ərazilərinin işğalı ilə müşayiət olundu. Qırmızı donanmanın Ənzəliyə hücumu ilə eyni vaxtda Lənkəran istiqamətindən İran sərhədlərinə daxil olan atli sovet diviziyası İran Astarasını tutub, Ənzəli limanına doğru hərəkət etdi. May ayının 20-də Çiçerin sovet ordusunun İranın daxili işinə qarışmaq niyyətinin olmadığını və bu ordunun ağ qvardiyaçı donanmanın əmlakı üçün Ənzəliyə gəldiyini bəyan etsə də, bir gün sonra həmin orduya komandanlıq edən Raskolnikov nəzərdə tutulan hərbi əmlak qaytarıldıqdan sonra da sovet donanmasının Ənzəlidə qalacağını bəyan etdi.

İosif Stalin. Raskolnikov keçmiş jurnalistdir. Özünü işgüzar adam kimi təqdim edir. Amma müəyyən mənada Sizinlə razıyam; o, çox şöhrətpərəst, tərifsevən bir adamdır. Ədəbazlığı da var. Yəqin ki, arvadını da tanıyırsız.
Nəriman Nərimanov. Xeyr, tanımıram. Özünü tanıyıram, bu kifayət edir.
İosif Stalin. Onun arvadı Larisa Leysner yazıçıdır.

Məmmədəli Rəsuloğlu. Hərbi əməliyyatlar zamanı Raskolnikovun arvadı Larisa Leysner daim gəmidə olur, hətta, bəzən dəniz döyüşçülərinin fəaliyyətinə müdaxilə edirdi. O, vaxtilə monarxist olmuş, sonra əqidəsini dəyişərək kommunist ideologiyasına üstünlük vermişdi. Onun xarakteri ədəbiyyat adamlarının da diqqətini çəkmişdi. Dramaturq Vsevolod Vişnevskinin “Optimist faciə” pyesinin qəhrəmanı olan inqilabçı matros qadının həyatdakı proobrazı Larisa Leysnerdir. Cəmi 31 il yaşayıb. Bu xanım vaxtilə şair Nikolay Qumilyovla eşq macərası yaşamışdı. Qumilyov sonralar məşhir rus şairəsi, tatar əsilli Anna Axmatova ilə evlənmişdi. Qumilyov 1921-ci ildə “antisovat fəaliyyətinə” görə edam olunub. Onların övladları dünyaca məşhur tarixçi-türkoloq Lev Qumilyovdur.

İosif Stalin. Artıq Raskolnikov fəaliyyətini başqa yerdə, Baltik donanmasında davam etdirir. Amma mən onun orada hansı işlə məşğul olduğunu yaxşı bilirəm. O, özünü Trotskinin ən sadiq şagirdi hesab edir.

Məmmədəli Rəsuloğlu. Raskolnikov alovlu trotskiçi idi. Bunu Stalin bilməmiş deyildi. Sonrakı hadisələr də bu deyilənləri təsdiq etdi.

Nəriman Nərimanov. İndi özünü məşhur inqilabçıların şagirdi hesab edənlər çoxdur.
İosif Stalin. Hər kəsin öz yüksəliş və eniş saatı olur.

Məmmədəli Rəsuloğlu. Sonrakı mərhələdə Raskolnikov “dənizçilik” fəaliyyətini diplomatiya ilə əvəzlədi. Bolqarıstanda daimi nümayəndəliyin başçısı oldu. 1938-ci ilin aprel ayinda İkinci arvadı Muza Raskolnikova- Kanivez ilə Sofiyadan Berlinə düşərkən qəzetdə işdən azad edilməsi haqda məlumatı oxuyub geriyə, vətənə dönmək arzusundan daşındı. Parisdə yaşadı. Oradan Stalinə məktub yazıb Sovet vətəndaşlığının saxlanılmasını xahiş etmişdi.1939-cu ildə SSRİ Ali məhkəməsi ona qiyabi ölüm hökmü kəsmişdi. Onun ölümü haqda versiyalar çoxdur. İntihar etdiyi, habelə tauna yoluxduğu yazılır. Əslində isə o, 1939-cu ildə Sovet xüsusi xidmət orqanlarının əli ilə qətlə yetirilmişdi.

Nəriman Nərimanov. Yoldaş Stalin, mən belə hesab edirəm ki, biz İran məsələsində ardıcıl siyasət yürüdə bilməmişik. Bir yandan Kiçik xanla Sultanzadə bir-birlərinə düşmən kəsilib. O biri yandansa bizim bolşeviklər onların hər ikisinə düşmən kimi yanaşırlar.
İosif Stalin. İran məsələsinə görə məsuliyyət daşıyanlardan biri siz özünüzsüz, yoldaş Nərimanov. Siz hələ iyul ayının əvvəlində Moskvanın razılığı olmadan Azərbaycanda Mərkəzi Komitənın rəhbərliyi altında “İran bürosu” yaratmısız. Büroya rəhbərliyi əsasən Siz icra etmisiz.
Nəriman Nərimanov. Biz orada kollegial qaydada təmsil olunmuşuq. Heç bir rəhbər və ya rəhbərlikdən söhbət gedə bilməz. Büroya Mdivani, Mikoyan, Lominadze, Bünyadzadə və Əlixanov daxil edilmişdi.
İosif Stalin. Mən görürəm, siz İran Azərbaycanının müstəqilliyini çox istəyirsiz, həm də istəyirsiniz ki, bu iş ildırım sürətilə başa çatsın.
Nəriman Nərimanov. Mən belə bir istəyimin olduğunu gizlətmirəm də...
İosif Stalin. Ürəyinizdən böyük Azərbaycan yaratmaq arzusu keçir, yoldaş Nərimanov.
Nəriman Nərimanov. Biz böyük Azərbaycan yox, bütöv Azərbaycan arzusu ilə yaşayırıq, yoldaş Stalin.
İosif Stalin. Hmm... Özü də bütöv Sovet Azərbaycanı...
Nəriman Nərimanov. Düz buyurursuz. Amma təəssüf edirəm ki, həmkarlarımız arasında bu məsələyə etinasız yanaşanlar çoxdur.
İosif Stalin. Bunun səbəbini nə ilə izah etmək olar, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Mən olsa-olsa öz şəxsi fikrimi deyə bilərəm. Açıq desəm, Moskva Gilan, ümumən İran hadisələrindən, daha çox İngiltərəyə təzyiq kimi istifadə etməyə çalışır.
İosif Stalin. Bunu inkar edə bilmərik, bu gün bizə bu təzyiq lazımdır. Axı siyasət həm də bir oyundur.
Nəriman Nərimanov. Amma bu “oyunu” düz oynamaq lazımdır. Bu necə olur ki, Kiçik xanın nümayəndəsi Müzəffərizadə və onun şəxsi tərcüməçisi Konstantin Qauk Moskvaya yollandılar, üç həftə ərzində orada Çiçerin və Karaxanla danışıqlar apardılar. Amma sonra... Onlar geri qayıdarkən Budu Mdivani tərəfindən həbs olundular.
İosif Stalin. Bu suala Mdivaninin özü daha yaxşı cavab verə bilər.

Məmmədəli Rəsuloğlu. Gilanı və ətraf bölgələri ələ keçirmiş “Cəngəl” qüvvələri 1920-ci ilin iyun ayının 9-da Gilan Respublikasının ilk hökumətini təşkil etdilər.
Gilan hökuməti bu tərkibdə təşkil olunmuşdu:
Mirzə Kuçik xan- baş komissar və hərbi nazir;
Mir Cəfər Cavadzadə- Xarici İşlər komissarı
Mirzə Məhəmmədəli Pirbazari– maliyyə komissarı
Mahmudağa- Məhkəmə sədri
Hacı Məhəmmədcəfər - Poçt və teleqraf komissarı
Nəsrulla Fəttahi – maarif komissarı
Mirzə Məhəmmədəli Xumami - ümumi işlər üzrə komissar
Mirzə Məhəmmədəli Fəxrai - Ticarət İşlər üzrə komissar.

Nəriman Nərimanov. Mən belə hesab edirəm ki, bizim hakimiyyətin İranla bağlı dəqiq konsepsiyası yoxdur.
İosif Stalin. Əslində heç dostumuz Kuçek xanın özünün də dəqiq bir planı yoxdur. O, sanki bolşevik inqilabı yox, sadəcə dövlət çevrilişi edib hakimiyyəti ələ almaq istəyir.
Nəriman Nərimanov. O, cəmi altı aydır ki, hakimiyyətdədir. İnsanlar bu yeni hakimiyyəti böyük ruh yüksəkliyi ilə qarşılayıblar.
İosif Stalin. Siz inanırsız ki, Kuçek xan sonacan bolşevik Rusiyasına sadiq qalacaq?
Nəriman Nərimanov. Mən də Sizə belə bir sualla müraciət etmək istərdim: bəs Kiçik xanın sonacan bolşevik Rusiyasına sadiq qalmayacağını Siz haradan bilirsiz?
İosif Stalin. Mən bu gün onun hərəkətlərini təhlil edib bu qənaətə gəlirəm. Biz Xiyabaniyə də dəstək verirdik. Amma onun bizim dövlət haqda nə söylədini də unuda bilmərik. “Əgər bolşeviklər İran ərazisinin hər hansı bir hissəsini qəsb etməyə cəhd göstərərlərsə, İran azərbaycanlıları son damla qanlarına qədər onların əleyhinə vuruşacaqlar”. Bu sözlərin müəllifi Xiyabanidir. Belə bir bəyanatdan sonra onunla hansı əməkdaşlıqdan danışmaq olardı? O, əslində İran kommunistlərini də öz hakimiyyətinin həndəvərinə yaxın buraxmırdı.
Nəriman Nərimanov. Xiyabani Güney Azərbaycan Demokrat Partiyasını yaratmışdı. O, demokratik prinsiplərə əsaslanan bir dövlət qurmaq istəyirdi. Bununla yanaşı, Kommunist Partiyasının fəaliyyətinə də maneçiliyi yox idi.
İosif Stalin. Hmmm... Azərbaycan Demokrat Partiyası... O, mən bilən öz qurmaq istədiyi dövləti Azadistan adlandırırdı.

Məmmədəli Rəsuloğlu. Xiayabanin silahdaşlarından olan İsmayıl Əmir Xizinin təklifi ilə yeni yaranmış dövlətin adını “Azadistan” qoydular. Əmir Xizi məsləhət gördü ki, Azərbaycan məşrutə yolunda çox səylər etdiyindən və İrana azadlıq gətirdiyindən, dünyada artıq Azərbaycan adlı dövlət olduğundan milli azadlığına qovuşmuş ölkənin adını “Azadistan” qoysunlar. Xiyabanı bu fikri qəbul etdi və dedi: ”Azərbaycanın adını Azadistana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik.”

Nəriman Nərimanov. Bəli... O, öz xalqını azad bir dövlətdə görmək istəyirdi.
İosif Stalin. Amma o, bizi qəbul etmirdi. Bu, onun sözüdür: “Xarici dövlətin əlaltısı olmayın, çünki onlar ancaq öz mənafeyi üçün çalışırlar". Bunu deməklə o, bizi, yəni rusları nəzərdə tuturdu.
Nəriman Nərimanov. Burada konkret olaraq hansısa millətdən söhbət getmir...
İosif Stalin. Yoldaş Nərimanov, söhbətin kimdən, nədən getdiyi özü özünə məlumdur. O, milləti başqa səmtə yönəltmək istəyirdi...
Nəriman Nərimanov. Bu da Xiyabaninin sözləridir: “Ölümdən qorxmayan millətə ölüm yoxdur”. Məncə doğru da deyir.
İosif Stalin. Adətən, kimin doğru və yalan dediyini təcrübə müəyyən edir... Bir də əldə olunan nəticə...
Nəriman Nərimanov. Nəyin doğru, nəyin yalan olduğunu yalnız tarix müəyyən edə bilər. Marks düz deyirdi, tarix-ən böyük elmdir.
İosif Stalin. Əvvəla, hər halda Marks sağ olsaydı kommunistlərə daha çox etibar edərdi. İkincisi də ki, biz bu günün inqilabçısıyıq, yerimizdə sakit əyləşib tarixin dərslərini gözləyə bilmərik ki...
Nəriman Nərimanov. Adətən tez çıxarılan nəticələr yalan olur. Tarix bizə onunçün lazımdır ki, özümüzə bir qədər kənardan, uzaqdan baxa bilək.
İosif Stalin. Yoldaş Nərimanov, bütün bunlar geniş müzakirə tələb edən bir mövzudur... İndi mən Rəsulzadənin saxlandığı Bayıl həbsxanasına getməyə hazırlaşıram. İstəyirəm onu azad edək. (Gülür). Əgər biz bu məsələni, Sizin dediyiniz kimi, tarixin öhdəsinə buraxsaq nəticə necə ola bilər?
Nəriman Nərimanov. Mən hesab edirəm ki, Rəsulzadənin azad edilməsi də bir tarixi məsələdir... (Pauza). Elə onun həbsi kimi.
İosif Stalin. Bəzən tarixin səhvlərini tarix yox, insanın özü düzəltməli olur.
Nəriman Nərimanov. Amma çox zaman insanlar öz səhvlərini tarixin boynuna atırlar. Təəssüf ki, tarix səhvləri heç vaxt düzəldə bilmir.
İosif Stalin. Tarix hər şeyi susaraq bağışlayır.
Nəriman Nərimanov. Tarix heç vaxt susmur. Biz özümüz sussaq da belə...
İosif Stalin. Hər halda Engels haqlıdır: “İnsanlar öz keçmişindən gülərək ayrılır”
Nəriman Nərimanov. Amma o gülüşün içində dərin bir ağrı, bir hıçqırtı, bir haray da var.
İosif Stalin. Hər halda bu, bir yazıçı əlavəsidir. (Gülür). Yəqin ki, Engels özü də Sizinlə həmrəy olardı.
Nəriman Nərimanov. Bəzən romantik təsəvvürlər sərt reallıqda özünü doğrultmur.
İosif Stalin. Siz yəqin ki, Pankratov kimilərin inqilabi romantikasını nəzərdə tutursuz, eləmi? (Gülür). Biz belələrini çox görmüşük.
Nəriman Nərimanov. Pankratov hər cür romantikaya karikaturadır. Mən İnqilab Komitəsi Rəyasət heyətinin iclaslarında dəfələrlə demişəm ki, o, öz əməllərdən əl çəkməlidir.
İosif Stalin. Hansı əməllərdən?
Nəriman Nərimanov. İnsanları sorğu-sualsız güllələlməkdən, qətllətdən...
İosif Stalin. Bu cür hallar inqilab vaxtı böyük faciə kimi yox, adi hadisə kimi qarşılanmalıdır.
Nəriman Nərimanov. Bu Pankratov familiyalı köhnə matros, adamlarla az qala dəniz qulduru kimi davranır. Onun məntiqiylə yanaşsaq çar dövründə yaşayan bütün adamlar məhv edilməlidir. Onda belə çıxır ki, biz hamımz bir-birimizi qırıb çatmalıyıq. Axı bu hesabla üç yaşına qədər olan körpələrdən başqa hamı çar dövründə yaşayıb.
İosif Stalin. Hmmm... O baxır kim nə cür yaşayıb.
Nəriman Nərimanov. Təbii ki, hərə bir cür yaşayıb.
İosif Stalin. Bəli. Məhz “hərə bir cür”... (Eyhamla). Biri çar dəftərxanasında işləyib, biri xəstəxanada həkim işləyib, biri müəllimlik edib....
Nəriman Nərimanov. (Eyni eyhamla). Təbii. Eləsi də var ki, ömür boyu işləməyib, başqalarının hesabına yaşayıb.
İosif Stalin. Yoldaş Nərimanov, hərə öz əməlinə görə qanun qarşısında cavab verməlidir.
Nəriman Nərimanov. Əgər qanun yoxsa, yoldaş Koba? Bəs onda necə?..
İosif Stalin. Biz qanunları özümüz yazırıq. Fəhlə-kəndli hökumətinin öz qanunları var.
Nəriman Nərimanov. Qanunlarımız elə olmalıdır ki, orada heç bir qanunsuzluğa yer olmasın.

Hər ikisi gülür.






















3.
Səhnə dəyişir.
Külək vıyıltısı. Yanıb-sönən işıqlar. Rəhim bəy və Dadaş bəy skamyada əyləşib söhbətləşirlər.

Rəhim bəy. Yenə icazə vermədilər.
Dadaş bəy. Nə qədər ki, o yaramaz oradadır biz Əmin bəylə görüşə bilməyəcəyik.
Rəhim bəy. İndi hər iki adamdan üçü yaramazdır.
(Gülüşürlər).
Sən oyaramazlardan hansını deyirsən?
Dadaş bəy. Əlbəttə, Pankratovu...
Rəhim bəy. Bu adam yaramaz deyil ki...
Dadaş bəy. Bəs onda nədir?
Rəhim bəy. İnsan qəssabıdır. Deyirlər plan qoyub, gündə on adamı öz əlilə güllələyir.
Dadaş bəy. Ta de ki, adamyeyəndir, təpəgözdür...

Ayağa dururlar.
Rəhim bəy. Dadaş bəy, fikirləşib nəsə bir yol tapmaq lazımdır.
Dadaş bəy. Nə yol?
Rəhim bəy. Əmin bəy azad olunmalıdır.
Dadaş bəy. İnşallah... Amma, rəhmətliyin oğlu, kim azad edəcək onu bu xarabadan? (Əlini irəli uzadır). Görmədin bizi heç türmənin həndəvərinə də buraxmadılar. Hələ qapıda dayanan o bozşinelli göygöz köpəkoğlunun dediyinə bir bax: “Baş-beynimi çox aparmayın, yaxamdan əl çəkməsəniz sizi də Rəsulzadənin yanına atacağam”.
Rəhim bəy. İndi onların zamanıdır. Hələ duza gedən vaxtlarıdır bu təpəsi ulduzlu ilanların.
Dadaş bəy. O alçaq oradan getməyənə qədər işlərin düzələciyinə inanmıram.
Rəhim bəy.Hansı alçağın?
Dadaş bəy. Pankratovdu-dankratovdu nədi, onu deyirəm.
aradan götürmək lazımdır.
Rəhim bəy. Bildirçinin bəyliyi uzun çəkə bilməz. Yəqin ki, onun da dərsini verən tapılacaq.
Dadaş bəy. Alnına paslı bir güllə sıxmaq onunçün ən yaxşı dərs olardı.
Dadaş bəy. Allaha qurban olum, yəqin bu xalqın dərdinə bir çarə tapılar. (Sanki səs eşidib duruxur, ətrafı dinləyir). Rəhim bəy, eşidirsən? Səs gəlir.
Rəhim bəy. Nə səs?
Dadaş bəy. Maşın səsi.

Uğultu eşidilir.

Rəhim bəy. Hə, avto səsidir. Yəqin ki, bu, görməmiş bolşevik gədələrin maşınıdır.
Dadaş bəy. Bunların ata-babasının maşını olub bəyəm? Sadəcə, indi kimdə yaxşı nə görürlərsə müsadirə edirlər.
Rəhim bəy. Müsadirə etsələr yenə yaxşıdır. Bunlar gözləri tutanı talayıb özlərinə mənimsəyir. Bakıda beş-altı adamın maşını var. Tağıyevin, Nağıyevin, Hacınskinin... Hə, bir də Rotşildlərin.
Dadaş bəy. O maşınların hamısı indi bu təzə gələnlərdədir.
Rəhim bəy. Bəs nooldu? Bunlar “bərabərlik” deyə şüvən qoparırdılar. İndi camaatın ev-eşiyini, atını-arabasını zorla əlindən alırlar.
Dadaş bəy. O günü gizli çıxan qəzetlərdən birində maraqlı bir şey oxudum.
Rəhim bəy. Nə yazmışdılar yenə bu murdarların əməlindən?
Dadaş bəy. Sən demə 1914-cü ildə, yəni beş-altı il bundan əvvəl, çar ikinci Nikolay öz anası Mariya Fyodorovna üçün İngiltərədə sifarişlə minik maşını düzəltdiribmiş. Maşının da adı “Voksxol”, yəni Vauxhall.
Rəhim bəy. O heç olmasa çar idi. Bunlar kimdir axı?
Dadaş bəy. Sözümün canı var. Bolşeviklər həmin maşını çırpışdırıb Stalinə gətiriblər.
Rəhim bəy. Elə baş oğru Stalinin özü deyildimi? Biz ki onu pis tanımırıq.
Dadaş bəy. Madam ki, söz maşından düşdü, qoy birini də deyim. Sən demə, Lenin üçün də bir milyonçunun maşınını oğurlayıb hədiyyə ediblərmiş. Bir gün yolda oğrular maşını bunların əlindən zorla alırlar.
Rəhim bəy. Lenini tanımırlar bəs?
Dadaş bəy. Rəhmətliyin oğlu, oğru nə bilir ki, Lenin kimdir. Leninlə şoferi qalır yolun ortasında payi-piyada. Gil deyir ki, yoldaş Lenin, fikir etmə, maşını taparıq. Tapılmasa da çırpışdırarıq bir alayısını.
Rəhim bəy. O Gil kimdir, nədir-nəçidir elə?
Dadaş bəy. Gil, Leninin şoferidir. (Gülür). Tanımırsan bəs?
Rəhim bəy. Nəinki Leninin şoferini, heç Leninin özünü də tanımıram.

Gülüşürlər.

Rəhim bəy. Dadaş bəy, öz aramızdır, maşından yaman çox danışırsan ha... Xeyir ola?
Dadaş bəy. Görünür bu, ondandır ki, bakılılar və qarabağlılar faytonu çox sevir.
Rəhim bəy. Mən də bütün qazaxlılar kimi atı sevirəm. Bizdə əvvəllər deyərdilər ki, atı faytona qoşmaq günahdır... Ehhh... Gidi dünya... Dadaş bəy, nava yaman soyudu birdən-birə...
Dadaş bəy. Payızdır də... Qabaqdan qış gəlir. Yaxşı, bəs indi biz nə edək? Bəlkə yenə gedək Nərimanovun yanına? Yəqin ki, qonaqları da rədd olub gediblər...
Rəhim bəy. Görmədin ötən dəfə doktor necə qızarıb-bozardı? Üstüörtülü də olsa qandırdı ki, Rəsulzadənin məsələsi mənlik deyil.
Dadaş bəy. Deməyinə dedi... Amma bir açıq demədi ki, bu məsələyə kim əncam çəkə bilər.
Rəhim bəy. Kim? Məlumdur kim? Məsələn, biri Lenin, o biri Əmin bəyin köhnə dostu Koba.
Dadaş bəy. İndi onlar düşməndirlər. Özü də elə-belə yox ey, sinfi düşmən...
Rəhim bəy. Məlum məsələdir.
Dadaş bəy. Təzə xəbəri eşitmisən?
Rəhim bəy. O nə xəbərdi elə?
Dadaş bəy. Bakıda qalan türkiyəli əski mühacir zabitlərindən bir qrupu ilə limanda olan matroslar arasında bir anlaşma olub; bunlar yerlilərdən bir qismi ilə sözləşərək, hökumətə qarşı qiyam hazırlayırmışlar. “Təşkilat” üzvlərinin görüş yeri şəhərin əski Nikolay, sonra Parlament, indi də Kommunist deyilən küçədəki zirzəmidə yerləşən bir dükan imiş. Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon” deyirmişlər. Nə isə, deyirlər bu qiyamın üstü açılıb. Həm matrosları güllələyiblər, həm zabitləri...
Dadaş bəy. Hələ çox belə söhbətlər eşidəcəyik. (Diqqət kəsilir). Rəhim bəy, o nə səs-küydür elə?
At ayağının səsləri eşidilir.
Rəhim bəy. Deyəsən, faytondur... (Boylanır). Özü də bir neçə fayton.

Səs-küy eşidilir: “Geri çəkilin”. “Kənara durun”. “Yoldan çıxın”.

Dadaş bəy. Bu, nə həngamədir belə?
Rəhim bəy. Bəlkə Nərimanovdur?
Dadaş bəy. Yox, Nəriman bəy belə hoqqaları xoşlamır... Bir də ki, onun həbsxana tərəfdə nə işi?
Rəhim bəy. Faytonlar dayandı.
Dadaş bəy. Odur, Semyon Pankratov qaça-qaça aşağı düşdü.
Rəhim bəy. Bəs faytondan düşən kimdir elə? Nəsə o adam mənə tanış gəlir.
Dadaş bəy. Kobadır.
Rəhim bəy. Hə, odur... Dedim bəlkə gözüm məni aldadır.
Dadaş bəy. Qorxuram Əmin bəyin başına bir iş gələ... Çünki bu bolşeviklər yeri gələndə öz ata-analarının da üzünə dururlar...
Rəhim bəy. Əmin bəy Kobanı bir neçə dəfə ölümdən xilas edib.
Dadaş bəy. İndi görək Koba nə edəcək? Ürəyimə damıb, o məhbəsə məhz Əmin bəyə görə gəlib.
Rəhim bəy. Onda bəlkə gözləyək?
Dadaş bəy. Burada yox... Görmürsən havadan zəhər yağır. Çəkilək o tərəfə. Çayxanaya gedək. Həm bir az isinərik, həm də çay içərik. Çayxananın pəncərəsindən bu yanlar aydın görünür.
Rəhim bəy. Gedək. Çox maraqlı hadisədir. Görək mabədi necə olacaq.

Dadaş bəy və Rəhim bəy gözdən itirlər.













4.
Səhnə dəyişir.
Pankratovun iş otağı. Divardan Leninin və Trotskinin şəkli asılıb. Stalin otaqda var-gəl edir. Rəsulzadə gəlir. Onlar bir müddət üz-üzə dayanırlar. Stalin gülümsəyib əlini irəli uzadır.
Onlar görüşürlər.

(Bu hissədəki söhbət (yəni Stalinlə Rəsulzadənin həbsxana görüş səhnəsi) əsasən M.Ə. Rəsulzadənin xatirələri əsasında qələmə alınmışdır).

İosif Stalin. Yoldaş Rəsulzadə, deyəsən, tanımadınız? (Bir az pauza ilə). Mən Stalinəm.
Məmməd Əmin. Bəli, tanıdım, Koba. Tanıdım...
İosif Stalin. Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq.
Məmməd Əmin. Dünya belədir, hər şey ola bilər.
İosif Stalin. Biz çoxdanın tanışıyıq. Bir-birimizə əvvəllər necə müraciət etmişiksə, yenə elə davam edək, Əmin bəy.
Məmməd Əmin. Olsun. Etirazım yoxdur.
İosif Stalin. Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir.
Məmməd Əmin. “Müsavat” partiyasına mənsub olanların indiki vəziyyəti məlumdur. Partiya üzvlərinin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətin yaxşı olacağını düşünəcək qədər sadəlövh deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.
İosif Stalin. Mən bunun üçün gəlmədim. Buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız doktor Nərimana söylədim. Buradakılar, mən yerli kommunistləri nəzərdə tuturam, Sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir.
Məmməd Əmin. (Kinayə ilə). Hər ikisi “yaxşı” arzu hesab oluna bilər.
İosif Stalin. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz əski mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək - bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər - istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün, daşının, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..
Məmməd Əmin. Bu qədər hadisə olub-bitdikdən, bu qədər qanlar axandan sonra “əməkdaşlıq” müzakirə mövzusu ola bilməz, yoldaş Koba.
İosif Stalin. Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməli deyildik. Bu, bizim səhvimiz idi...
Məmməd Əmin. Məsələ Şaumyanın şəxsiyyətində deyildir, təkcə 1918-ci ildə yox, siz buraya heç indi də gəlməli deyildiniz!
İosif Stalin. (Diqqətlə ona baxır). Siz nə üçün belə düşünürsüz?
Məmməd Əmin. Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz. Təsəvvür edin ki, almanlar Rusiyaya gəlir. Moskvada bir Sovet hökuməti qururlar, bu necə olar?
İosif Stalin. Bizdən daha yaxşı tətbiqat yapardılar. (Gülümsəyir). Almanlar bu işləri bizdən yaxşı bacarardı. Elə deyilmi?
Məmməd Əmin. Fəqət rus xalqı da daha yaxşı idarəni necə qəbul edər?.. Təxmin edə bilməzsinizmi?
İosif Stalin. Bunu demək çətindir... (Düşünür, var-gəl edir). Yaxşı, olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan danışaq.
Məmməd Əmin. Burada Pankratovun bu masası başında bir heyət məni istintaq edirdi. İstintaqı idarə edən müstəntiq, fəhləlikdən yetişmiş bir gənc idi. Məndən soruşurdu: “Dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz?” Mən ona: “Hadisələri müşahidə ilə məşğul idim”- cavabını verdim. Qane olmadı. Məni daha çox danışdırmaq istəyirdi, dedi: “Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana bilərəmmi? Məsələn, mən həbsdə olanda istər-istəməz gələcək haqda öz planlarımı qururdum. Bu necə olur ki, heç bir şey düşünmür, sadəcə, müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız?”
İosif Stalin. Bəs Siz ona nə dediniz, Əmin bəy?
Məmməd Əmin. Mən ona: “Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş olar”,- cavabını verdim. Onunla səmimiyyətlə, əlbəttə ki, danışa bilməzdim; çünki məni yaxşı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir şey deyə düşünər, səmimi qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan Kobaya, müstəntiqin anlamadığı “ətalət”in əsl səbəbini izah edə bilərəm.
İosif Stalin. Səmimiyyətinizə görə təşəkkür edirəm...
Məmməd Əmin. Təşəkkürə dəyməz... Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Biz buna gücümüzün yetdiyi qədər müqavimət göstərdik. Üstün qüvvə ilə vuruşu bundan sonra davam etdirməyə bizim qüvvələrimiz çatmırdı. Daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi.
İosif Stalin. O hansı qüvvələrdir?
Məmməd Əmin. Yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün Azərbaycandan keçid istəmək şüarı altında məmləkətə soxuldunuz; bu məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edərək ümumi-əfkarı aldatdınız.
İosif Stalin. Yox, heç bir aldanıb-aldatmaqdan söhbət gedə bilməz. Bu, tarixi bir zərurət idi...
Məmməd Əmin. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli bir vaxtı gözləmək lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey bir “ətalət” deyil, bir “intizar” idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.
İosif Stalin. Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz?
Məmməd Əmin. Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq.
İosif Stalin. Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır.
Məmməd Əmin. Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox
İosif Stalin. Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla? (Gülür). Hə, anlaşdıq?! (Pauza). Yaxşı, bu xüsusda mən sizin fikrinizi öyrənmək istəyirəm.
Məmməd Əmin. Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində sağlam bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.
İosif Stalin. Yaxşı, razılaşdıq. .. Yoldaş Rəsulzadə, bilirsiniz mən indi bu dəqiqələrdə nəyi xatırladım? (Pauza). On beş il əvvəli. Yeddinci ilin sentyabrını, həmin ayın iyirmi doqquzunu. Dostumuz Xanlar Səfərəliyevin dəfn edildiyi günü. Biz o vaxt Xanları Bibi-Heybətdə dəfn etdik. Yadımdadır, onun qəbri üstündə keçirilən mitinqdə Caparidzedən, Soltan Məciddən sonra mən çıxış etdim. Sonuncu natiq siz idiniz. Doğrusu, mən Sizin bu cür alovlu tribun olduğunuzu ilk dəfə onda bildim.

Məmmədəli Rəsuloğlu. Həqiqətən, 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda Caparidze, Soltan Məcid Əfəndiyev və Stalin ilə birlikdə Rəsulzadə də alovlu nitq söyləmişdi.

Məmməd Əmin. Mən deməzdim ki, qeyri-adi tribunam. Yox. Mən sadəcə, bütün hallarda çalışıram ki, insanlara bildiyim həqiqəti çatdırım.
İosif Stalin. Biz belə adamlara bu gün daha çox ehtiyac duyuruq. Siz yenə kütlə önündə çıxış etməlisiz. Mən Sizi Lenin yoldaşla da tanış edəcəyəm.
Məmməd Əmin. Mənim bütün həyatım öz xalqımın taleyi ilə bağlıdır.
İosif Stalin. Mən Siz deyəni yaxşı anlayıram. Amma biz bu gün elə bir məkanda yaşayırıq ki, xalq anlayışı artıq öz əvvəlki mənasını xeyli itirib. Bəyəm bizə kimin hansı xalqa mənsub olmasının bir fərqi var ki? Məsələn, məni əksər fəhlələr hələ o vaxtdan rus kimi qəbul ediblər. (Gülür). Bunun nəyi pisdir ki?
Məmməd Əmin. Deməli, rus xalqı mövcuddur ki, Sizi də rus kimi qəbul ediblər.
İosif Stalin. Necə yəni, “rus xalqı mövcuddur ki”...
Məmməd Əmin. Siz bu dəqiqə dediniz ki, “kimin hansı xalqa mənsub olmasının bir fərqi yoxdur”... Deməli, xalqlar hələ mövcuddur.
İosif Stalin. Təbii ki, xalqlar hələ uzunmüddət mövcud olacaq. (Mənalı tərzdə). Amma bizim mövcudluğumuz...
Məmməd Əmin. Aydındır. Amma mən öz mövcudluğumu öz xalqımdan kənarda təsəvvür edə bilmirəm.
İosif Stalin. Bizim mübarizəmiz bir xalqın azadlığı uğrunda getmir ki... Proletariatın mübarizə proqramı bir çoxlarının təsəvvür etdiyindən genişdir. Özü də çox geniş...
Məmməd Əmin. Yoldaş Stalin, xalqların ictimai tərkibi yalnız fəhlə sinfindən ibarət deyil ki...
İosif Stalin. Bilirəm. Siz ziyalıları və kəndliləri də nəzərdə tutursuz. Amma gəlin heç vaxt unutmayaq ki, cəmiyyətin bütün təbəqələri fəhlə sinfindən asılıdır. Ziyalı sinfi həmişə ələbaxan olub.
Məmməd Əmin. Siz ziyalılara heç olmasa Lenindən daha abırlı qiymət verdiniz.
İosif Stalin. (Gülür). Hə, bildim siz Vladimir İliçin hansı fikrini nəzərdə tutursuz.

Məmmədəli Rəsuloğlu. Lenin öz çıxışlarında rus ziyalılarını və ümumiyyətlə bütün ziyalıları təhqir etmiş,onları “zir-zibil”, “tullantı” adlandırmışdı.

Məmməd Əmin. Yeri gəlmişkən... Yoldaş Stalin, mənim işimlə əlaqədar Məhəmməd Əli ilə Abbasqulu da tutulmuşlar. Onların da mənimlə bərabər azad olunmasını rica edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi? Mən inanımmı?
İosif Stalin. Əmin bəy, bunlar nə suallardır belə? Mən Sizdən çox inciyirəm.
Məmməd Əmin. Nə üçün, yoldaş Koba?
İosif Stalin. Yoldaş Rəsulzadə, mən bu etimadsızlığı haradan qazandım?.. Mənim vədimə niyə şübhə edirsiz? Mən hələ bir neçə gün də buradayam. Siz mənimlə bərabər Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. İstəsəniz ailənizi də özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst olacaq, həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada qalmalı olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq. Yoldaşlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər. Verdiyim vədə əməl edəcəyimə tam əmin ola bilərsiz, Əmin bəy.
Məmməd Əmin. Onda, belə çıxır ki, mən yola hazırlaşa bilərəm.
İosif Stalin. Bəli, sizinlə eyni bir qatarda, eyni bir vaqonda gedəcəyik... Yaxşı, Əmin bəy, Sizdən bir şey də soruşmaq istəyirəm.
Məmməd Əmin. Buyurun.
İosif Stalin. Ailəniz haqda soruşmaq istəyirəm...

Məmmədəli Rəsuloğlu. Məmmədəminin babası – Məhəmmədrəsul Rəsulzadə. Üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər Məhəmməd Əmin Rəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub – Məhəmmədəli, Ümbülbanu, Ümgülsüm. Məhəmməd Əmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyük qızı – Ümbülbanu ilə evlənib. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümgülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Ə.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb. Məhəmmədrəsulun Novxanıdan başqa, həm də Bakıda – indiki Nizami metrostansiyasının yerində böyük mülkü olub.

Məmməd Əmin. Ailə üzvlərindən kim maraqlandırır Sizi?..
İosif Stalin. Atanız sağdırmı? Mən onu yaxşı xatırlayıram. O, məni gizlədib xilas etmişdi. (Gülür). Özü də harada, harada, düz məscidin minbərində... Bəlkə də onda ələ keçsəydim indi yox idim.
Məmməd Əmin. Bəli, atam sağdır.

Məmmədəli Rəsuloğlu. Məmmədəminin atası Axund Hacı Molla Ələkbər Rəsulzadə Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-cı ildə dünyasını dəyişib. Məzarı Novxanı kənd qəbirstanlığındadır. M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalının 1927-ci ildəki sayında onun ölümü haqqında məlumat verilib.

İosif Stalin. Bəs ananız necə?
Məmməd Əmin. Bəli, anam da sağdır.
İosif Stalin. Adı yaxşı yadımdadır: Maral xanım. Mən sizdə olanda çox gözəl plov hazırlamışdı.
Məmməd Əmin. Yaxşı yaddaşınız var, Koba.

Məmmədəli Rəsuloğlu. Əslində Məmməd Əminin doğma anası Zal qızı Ziynət vaxtsız rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

İosif Stalin. Bacınızı da xatırlayıram.
Məmməd Əmin. Hə, Şəhrəbanunu deyirsiz.

Məmmədəli Rəsuloğlu. Şəhrəbanu xanım Məmməd Əmin Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.

İosif Stalin. Elə həyat yoldaşınız da yadımdadır. O vaxt təzəcə ailə qurmuşdunuz.
Məmməd Əmin. Bəli. Elədir. Ümülbanu mənim həm də mübarizə yoldaşımdır.

Məmmədəli Rəsuloğlu. Rəsulzadənin həyat yoldaşı Ümbülbanu Rəsulzadə onun öz əmisi qızı idi. 1888-ci ildə anadan olub. Rəsulzadə onunla 1908-ci ildə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq daim Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.

İosif Stalin. Bacanağınızı da xatırlayıram. Ciddi, azdanışan bir adam idi. Səhv etmirəmsə, yazı-pozu adamı idi.
Məmməd Əmin. Bəli, yazıçı Seyid Hüseyn...

Məmmədəli Rəsuloğlu. Məmməd Əminin bacanağı yazıçı Seyid Hüseyn 1937-ci ildә hәbs edilmiş, 1938-ci ilin yanvarında “xalq düşməni” damğası ilə güllələndi. Məmməd Əmin bəy sonrakı illərdə öz bacanağının övladlarının-Oqtay və Toğrul Sadıqzadələrin rəssam olduğunu bilirdi.

İosif Stalin. Bilirəm, uşaqlarınız da var...
Məmməd Əmin. Bəli, var... Dörd övlad atasıyam. İkisi qızdır, ikisi oğlan.
İosif Stalin. Oooo... Böyük ailəniz var ki. Uşaqlar böyükdürmü?
Məmməd Əmin. Böyüyü də var, kiçiyi də... Böyük övladım qızdır. Lətifə...

Məmmədəli Rəsuloğlu. Rəsulzadənin ilk öladının adı Lətifə olub. O, 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə Lətifəni övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər yoxdur. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.

Məmməd Əmin. O biri qızım Xalidədir.

Məmmədəli Rəsuloğlu. Məmməd Əmin Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.

İosif Stalin. Bəs oğlunuz haqda nə deyərdiz? Bizim Qafqazda nədənsə oğul övladını daha çox arzu edirlər.
Məmməd Əmin. Koba, açığını deyim ki, mənim üçün oğul və ya qız övladı arasında heç bir fərq yoxdur. Bütün övladlar Allahın bəxş etdiyi bir nemətdir. Bəli, dediyim kimi, iki oğlum var. Böyüyün adı Rəsuldur.

Məmmədəli Rəsuloğlu. Məmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.

Məmməd Əmin. (Gülümsəyir). Ən kiçiyim də oğlandır, amma hələ üzünü görməmişəm.
İosif Stalin. Nə üçün?
Məmməd Əmin. Mən həbs olunandan sonra dünyaya gəlib. (Gülür). Onun dünyaya gəlişini mən məhz burada- Pankratovun bu kabinetində eşitdim.
İosif Stalin. Hə, bax bu da bir tarix. (Gülür.) İnşallah, indi gedib görərsiniz... Əgər yeni doğulan oğlunuza ad qoyulmayıbsa, mən bu işdə sizə kömək...
Məmməd Əmin. Mən artıq ona ad qoymuşam.
İosif Stalin. Nədir onun adı?
Məmməd Əmin. Evdəkilər Əliheydər adı qoymaq istəyirdilər. Amma mən xəbər göndərdim uşağın adı Azər olacaq.
İosif Stalin. Azər... Azər.. Azər-baycan... (Pauza). Yaxşı səslənir.

Məmmədəli Rəsuloğlu. Məmməd Əminin kiçik oğlu Azər atası həbsdə olarkən 1920-ci ildə doğulub. 1937-ci ildə sürgünə göndərilən Azər, bizə çatan məlumata görə, hal-hazırda Qazaxıstanda –Karaqandada yaşayir.

İosif Stalin. Gün o gün olsun ki, nəvə də görəsən.
Məmməd Əmin. Allah bilən məsləhətdir.

Məmmədəli Rəsuloğlu. Azər bəyin oğlu, yəni Məmməd Əminin nəvəsi Rəis Rəsulzadə 1946-cı ildə sürgündə - Qazaxıstanın Taldı-Kurqan bölgəsində anadan olub, orta təhslini də orada – Karaqandada alıb. Rəssamdır. Məmmədəmin oğlu Azərin Qazaxıstanda yaşadığını, habelə oğul nəvəsinin olduğunu bilirdi.

İosif Stalin. Əmin bəy, mən çox şadam ki, ailənizdə sağ-salamatlıqdır. Siz azad olunursunuz. Birisi gün axşam saat altıda dəmiryol vağzalında görüşürük. Amma sözümüz sözdür.
Məmməd Əmin. Oldu.
İosif Stalin. Evinizin yerini yaxşı xatırlayıram.

Gülüşürlər.
İşıqlar yanıb-sönür.
















5.
Səhnə dəyişir.

Dadaş bəy və Rəhim bəy.
Səs-küy, at ayaqlarının səsi eşidilir.

Dadaş bəy. Yenə səs-küy eşidilir.
Rəhim bəy. Hə, yəqin yenə gələn var...
Dadaş bəy. Deyəsən, həm gələn var, həm gedən.
Rəhim bəy. Odur, Kobanın maşını getdi...
Dadaş bəy. Bəs o faytondan düşüb bizə sarı gələn kimdir?
Rəhim bəy. Yerişindən görmürsən kimdir gələn?
Dadaş bəy. Məmməd Əmindir. Əmin bəydir...
Rəhim bəy. Şükür sənə, xudaya. Ölmədik, bu günü də gördük.
Məmməd Əmin gəlir. Onlar qucaqlaşıb görüşürlər.
Dadaş bəy. Əmin bəy... Salam. Həmişə azadlıqda.
Məmməd Əmin. Ooooo. Salam, Burada nə gəzirziz, bəylər?
Dadaş bəy. Sizi gözləyirik...
Rəhim bəy. Vallah, gözləməkdən gözümüzün kökü saraldı...
Dadaş bəy. Nə böyük xoşbəxtlik, Əmin bəy.... Bəs Məmmədəli bəyi buraxmadılar?
Məmməd Əmin. Məmməd Əli başqa həbsxanadadır. Yəqin ki, bu gün onu da azad edəcəklər.
Dadaş bəy. Bəs Abbasqulu bəy?
Məmməd Əmin. Abbasqulu bəy mənimlə bir kamerada idi. İndi o da çıxacaq...
Rəhim bəy. Biz hədsiz dərəcədə məmnun olduq.
Dadaş bəy. Qoy bir yola çıxım.. Fayton saxlamaq lazımdır. Gərək indi birbaşa Novxanıya gedək.
Rəhim bəy. Əlbəttə... Maral xanımın gözü yollarda qalıb...
Məmməd Əmin. Əziyyət çəkmisiz, bəylər...
Rəhim bəy. O nə sözdür elə, Əmin bəy. Siz bu millət üçün öz həyatınızı qurban vermisiz.
Məmməd Əmin. Bu millətin mənim kimi qurbanları çoxdur...
Dadaş bəy. (Yola sarı boylanıb ucadan qışqırır). Fayton... Fayton.. Ey, faytonçu, atları qovma. Bir ayaq saxla...

At ayağının səsləri. Onlar tələsik addımlarla səhnəni tərk edirlər.






















6.
Səhnə dəyişir.

Nərimanovun kabineti.

İosif Stalin. İndi Sizə yeni bir xəbər çatdırmaq istəyirəm, yoldaş Nərimanov. Amma... (Gülür.) Amma bilmirəm, bu xəbərə sevinəcəksiz, yoxsa ...
Nəriman Nərimanov. O, xəbərin mahiyətindən asılıdır.
İosif Stalin. Rəsulzadə həbsdən azad edildi.
Nəriman Nərimanov. Əlbəttə, bu sevindirici xəbərdir.
İosif Stalin. Mən Sizin səmimiyyətinizə inanıram... Amma buradakı bolşevik dostların çoxu bu xəbərdən məyus olacaqlar. Mən bunu ovcumun içi kimi bilirəm.
Nəriman Nərimanov. Bəli, onların eşidəcəkləri xəbərdən pəjmürdə olacaqlarını mən də bilirəm. Amma fakt budur ki, Rəsulzadə nüfuzlu adamdır... O, bizim köhnə hərəkatçı dostumuzdur. Sonra həyat elə gətirdi ki, yollarımız ayrıldı.
İosif Stalin. Elədir. Sanki mənim çiynimdən bir dağ götürüldü. Bilirsiz niyə? (Pauza). Hər şeyi bir tərəfə qoyuram: inqilabı, dostluğu, düşmənçiliyi və sairi... Bütün bunlar öz yerində. Axı az qala bütün Azərbaycan bilir ki, mənim Rəsulzadəyə bir can borcum var... Hesab edirəm ki, mən artıq o borcu qaytardım. Biz Qafqaz adamları dostluğu həmişə qiymətləndirmişik. Özü də bu təkcə adi dostluq deyil... Bu, bir tale məsələsidir. Əgər əlimdə imkan varsa, öz həyatıma görə borclu olduğum adamın həyatını nə üçün xilas etməyim? Elə deyilmi?
Nəriman Nərimanov. Doğrudur, yoldaş Stalin.
İosif Stalin. Çox güman ki, Rəsulzadə Sizinlə də görüşəcək.
Nəriman Nərimanov. Bunu o, özü bilər... (Gülür). Bizim şəxsi düşmənçiliyimiz yoxdur. (Pauza). Bilirsizmi, bizim ölkəmizdə, daha doğrusu Bakıda, iki nəfər inqilabçının adı və familiyası eynidir. Bəzən bu iki adamı dolaşıq salırlar.
İosif Stalin. Maraqlıdır. Kimdir onlar?
Nəriman Nərimanov. Məsələ burasındadır ki, məndən başqa da bir Nəriman bəy Nərimanov var.
İosif Stalin. Hə, deməli sizin oxşarınız da varmış. (Gülür).
Nəriman Nərimanov. Xeyr, o, qətiyyən mənim oxşarım deyil. Sadəcə olaraq hər ikimizin ad-familiyası eynidir. O biri Nəriman məndən xeyli kiçikdir. Görünür, aramızdakı bu yaş fərqinə görə Rəsulzadə həmişə haqqımda söhbət düşəndə mənə “böyük Nəriman” deyə isnad edir.

Məmmədəli Rəsuloğlu. Nərimanbəyli Nəriman bəy Həşim bəy oğlu — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi.
Nəriman bəy Nərimanbəyli (Nərimanov) 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur. Burada "Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti"nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. N. Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, "Müsəlman xeyriyyə cəmiyyətinin" rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra "Müsavat" partiyasına daxil olmuş, Qafqaz müsəlmanlarının Bakı qurultayında, "Müsavat" partiyasının birinci qurultayında iştirak etmişdir.
N. Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (26 may, 1918) sonra isə Azərbaycan Milli Şurasının (27 may, 1918) üzvü olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (19 noyabr 1918) əsasən, seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü olan Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini tutmuşdur. O, Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmış, sonralar vəkil işləmişdir.
1937-ci ildə repressiyaya məruz qalmış, güllələnmişdir.

İosif Stalin. Olsun ki, Əmin bəy sizə “böyük Nəriman” deməklə, həm də sizin xalq arasındakı böyük nüfuzunuza işarə edir.
Nəriman Nərimanov. Ta məsələnin bu tərəfini Rəsulzadə özü bilər. Amma mənim adaşım Nəriman da mənə bu cür yanaşır, yəni bir böyük kimi. (Gülür). Aramızda da heç bir problem yoxdur. Baxmayaraq ki, indi bizim inqilabçılar arasında təkcə nüfuz davası getmir, həm də yaş senzinin davası gedir...

Məmmədəli Rəsuloğlu. Nəriman bəy Nərimanov Məmməd Əmin Rəsulzadənin yaxın tərəfdarlarından biri, “Müsavar” partiyasının üzvü idi.

İosif Stalin. Bilirəm, bilirəm, yoldaş Nərimanov. Onlar bizi “qocaman bolşeviklər” adlandırırlar. Yəqin ki, eşitmisiz, bilirsiz: hətta, Lenin yoldaşla Sizin ayamanız eynidir. Hər ikinizə “qoca” deyirlər.
Nəriman Nərimanov. Bilirəm.
İosif Stalin. Mərkəzdə belə hesab edirlər ki, Bakıda gənc bolşeviklərin boyartımına, inkişafına lazımi diqqət yetirilmir.
Nəriman Nərimanov. Mərkəzdə çox şey deyə bilərlər. Demək olar ki, hər gün buraya müxtəlif nümayəndələr gəlib əllərində olan mandatlarla az qala hamını hədələyirlər.
İosif Stalin. Nə üçün?
Nəriman Nərimanov. Bizə göstəriş verməyi, mərkəzin tələblərinə kor-koranə tabe olmağı xoşlayırlar.
İosif Stalin. Bəs sizin bu məsələyə münasibətiniz necədir?
Nəriman Nərimanov. Mən bu barədə yoldaş Leninə yazmışam. Yazmışam ki, Vladimir İliç, “müstəqil Azərbaycan” sizin dilinizdən çıxan kəlmə deyilmi?
İosif Stalin. Müstəqillik bir qədər mücərrəd anlayışdır. Biz konkretliyə can atmalıyıq. Bax elə bayaqdan haqqında söz açdığımız İranda da baş verənlərə mücərrəd baxışlarla yanaşırlar.
Nəriman Nərimanov. Amma mənə elə gəlir ki, biz özümüz İranda baş verən hadisələrə lazımı qədər diqqət yetirmirik.
İosif Stalin. Siz nəyə əsasən belə deyirsiz?
Nəriman Nərimanov. Mən baş verənlərin içindəyəm.
İosif Stalin. Kuçek xan bir neçə ay əvvəl - iyulun 20-də Leninə teleqramında İranın sosializm uğrunda mübarizə üçün hazır olmadığını yazırdı. O, vəd verirdi ki, İranın paytaxtı Tehran tutulduqdan sonra o, öz siyasətində sərt dəyişiklik edəcək və xalqın iradəsi ilə kapitalizmə qarşı açıq mübarizə aparacaqdır.
Nəriman Nərimanov. Mən o teleqramdan xəbərdaram. Kiçik xan bizim inqilabı təqdir edir. Amma burada Bakıda İran təbəələrinin əmlakının toxunulmazlığı barədə təminat istəyir.
İosif Stalin. Ta onda bunun harası sosializm oldu ki? Biz xüsusi mülkiyyətin ləğvinə, lap elə məhvinə çalışırıq...
Nəriman Nərimanov. Vəziyyəti çətinləşdirən amillərdən biri də elə budur. Çünki real vəziyyət azad ticarətin inkişafı üçün əl yeri qoymur. Amma məni bir şey çoz incidir... (Pauza). Belə getsə, İranda bizim bütün mövqelərimiz əldən gedəcək.
İosif Stalin. Biz nəyisə əldə etmək üçün mütləq nəyisə itirməliyik.
Nəriman Nərimanov. Biz İranı itirməklə nəyi əldə edəcəyik, yoldaş Koba?
İosif Stalin. Biz hələ İranı əldən verməmişik... Amma gələcəkdə belə bir itki olsa belə, bunun elə bir qorxusu yoxdur. Qoy İran problemi ilə ingilislər məşğul olsunlar. (Gülür).
Nəriman Nərimanov. Axı bu bizim siyasətə ciddi zərbədir. Ən çox da daxili siyasətimizə.
İosif Stalin. Maraqlıdır, Sizdən fərqli olaraq Karaxan bizim İranı itirməyimizə xarici siyasətə vurulan zərbə hesab edir.

Məmmədəli Rəsuloğlu. Karaxan Gilan hadisələrini təhlil edərək Rusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə yazırdı: “İndi İranı itirmək və onu ingilislərə vermək bizim beynəlxalq siyasətimizə (bizim zəifliyimizin göstəricisi kimi) ciddi zərbə olardı və xüsusilə, İngiltərə üçün bu onun təzahürü olardı ki, Şərqdə bizdən qorxmasın, yəni, biz heç nə edə bilmirik və kiçik uğursuzluq olan kimi, qəti şəkildə geri çəkilirik”.

Nəriman Nərimanov. Bu yaxınlarda, sentyabr ayının 1-də keçirdiymiz Şərq xalqlarının Birinci qurultayında İranda, xüsusən Gilanda cərəyan edən hadisələr mərkəzi məsələlərdən idi.
İosif Stalin. Bilirəm. Mən baş verənləri diqqətlə izləyirdim.

Məmmədəli Rəsuloğlu. Qurultaya 2 mindən çox nümayəndə dəvət edilmişdi ki, bunların da 200-dən artığı İrandan idi. Sentyabr ayının 1-də Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov Şərq xalqlarının Birinci qurultayını açdı. O, qısa nitqində bu gün göz yaşı tökən qoca Şərqin məzlum xalqlarının gec-tez birləşəcəyini bəyan edərək söylədi ki, məhz bu birlik nəticəsində kapitalın zəncirini qırmaq mümkün olacaq.

İosif Stalin. Mənə çatan məlumata görə, Qurultayda Sovet Rusiyasının və Kominternin nümayəndəsi kimi çıxış edən Zinovyev və Radekin məruzələri nümayəndələrə çox zəif təsir bağışlayıb.
Nəriman Nərimanov. Onların çıxışlarında daha çox ingilislər tənqid olunurdu.
İosif Stalin. Yoldaş Nərimanov, axı qurultayda Sultanzadə çıxış etməli idi. Bəs necə oldu ki, onun əvəzinə Əmioğlu danışdı?
Nəriman Nərimanov. Heydər Əmioğlu heç kəsin əvəzinə danışmayıb. Yəni onun çıxış etməsi təəccüblü deyil.
İosif Stalin. İndi Sultanzadənin fəaliyyəti heç hiss olunmur. Əmioğlu ilə Sultanzadənin arasını kimlər vurub?
Nəriman Nərimanov. Allah bilir, Sultanzadə bu hərakata hansı niyyətlə soxulubmuş.
İosif Stalin. Mən anlamıram, hansı niyyətdən söhbət gedə bilər?
Nəriman Nərimanov. Hər halda Sultanzadənin şəxsi marağı qabarıq hiss olunur.

Məmmədəli Rəsuloğlu. Heç kəsə sirrr deyildi ki, qurultayda Heydər Əmioğlunun məruzə etməsi Nərimanovun təkidi ilə baş tutmuşdu. Qurultayın işinə rəhbərlik edənlərdən biri kimi, Radek az sonra RKP MK Siyasi Bürosuna məlumat verirdi ki, Şərq xalqlarının Bakı qurultayının gedişində aydın oldu ki, “Nərimanov başda olmaqla, azərbaycanlı yoldaşlar Sultanzadənin rəhbərlik etdiyi bir qrup İranlı kommunistlə işləməkdən imtina edirlər. Bunun faktiki səbəbi yoldaş Nərimanov və digərlərinin antierməni əhval-ruhiyyəsi idi, onlar bəyan edirdilər ki, bir erməni kimi Sultanla İranda işləmək olmaz”.

İosif Stalin. Karl Radek Siyasi Bürodakı çıxışında qeyd edirdi ki, Heydər xan Azərbaycan rəhbərliyinin əhəmiyyətli yardımı ilə İran işlərində irəli çəkilir. O, sizi nəzərdə tuturdu.

Məmmədəli Rəsuloğlu. Karl Bernqardoviç Radek beynəlxalq kommunist hərəkatının və sovet dövlətinin görkəmli xadimlərindən biri idi. Əsl adı Karol Sobelson idi.
Radek əvvəllər Stalinlə, daha sonra Trotski ilə yaxın dost olmuşdu.
1937-ci il repressiyası zamanı əvvəlcə həbs olundu, sonra güllələndi. Radekin arvadı və qızı da sürgündə ölmüşdür.

Nəriman Nərimanov. Yoldaş Karl Benqradoviç o qədər də düz demr. İndiki zamanın özü Heydər Əmioğlunu hadisələrin önünə çıxartdı.
İosif Stalin. Sizcə, bu sözləriniz çox mübaliğəli səslənmədi ki?
Nəriman Nərimanov. Nə mənada?
İosif Stalin. Zaman və Heydər xan... Bu anlayışlar doğrudanmı bu qədər yaxındır?
Nəriman Nərimanov. Mən burada heç bir mübaliğə görmürəm.
İosif Stalin. (Gülür). Görünür, bu cür düşünməyə sizin Əmioğlu ilə şəxsi dostluq münasibətlərinizin də rolu az deyil.
Nəriman Nərimanov. Bu, iki nəfərin şəxsi dostluğu deyil... Biz yalnız ideya dostlarıyıq...
İosif Stalin. Mənsə bu dostluğu yalnız alqışlaya bilərəm.

Məmmədəli Rəsuloğlu. Bakı qurultayının gedişində Heydər xan sentyabr ayının 4-də İran nümayəndələrinin yığıncağını təşkil etdi. O, bir sıra müddəalarla çıxış etdi. Buraxılan səhvlərdən danışdı. İran kommunistlərini solçuluqda ittiham edən Heydər xan və onun tərəfdarlarının özləri də solçuluqdan irəli getmirdilər. Heydər xan belə hesab edirdi ki, keçmiş İran beynəlmiləl dəstələri zəminində Bakıda, milli əsasda İran Qırmızı ordusunu formalaşdırıb, Təbrizi tutub, orada sovet respublikası elan etmək və sonra isə Tehrana hücum etmək lazımdır.
Qurultayın sonuncu iş günü, sentyabr ayının 7-də təşkilatı məsələlərə baxılıb, Kominternin İcraiyyə Komitəsi yanında Şərq xalqlarının Təbliğat və Fəaliyyət Şurası yaradıldı. Şuraya Nərimanov, Orconikidze, Kirov, habelə, Şərq ölkələrindən bəzi nümayəndələr, o cümlədən İrandan Əmioğlu və Sultanzadə daxil idilər.

İosif Stalin. Bilirəm, Sərq məsələsinə görə sizin Lenin yoldaşla da fikir ayrılığınız var.
Nəriman Nərimanov. Bəli, var. Bunu nə mən gizlədirəm, nə də Vladimir İliç. Mən Bakı qurultayından ay yarım əvvəl Lenindən soruşmuşdum ki, “həqiqətənmi Şərqin əzilən çoxmilyonlu kütlələrin mənafeyi bolşeviklər üçün belə əzizdir? ” O da məndən soruşdu ki, bəyəm Sizin buna şübhəniz var? Vladimir İliçə dedim ki, bəli, mənim şübhəm var.
İosif Stalin. Sizin bu şübhəniz üçün əsas varmı?
Nəriman Nərimanov. Bəli, var. Mən Vladimir İliçə dedim:”Əgər Şərq, yoldaş Çiçerinin hesab etdiyi və əməli cəhətdən həyata keçirdiyi kimi, İngiltərəni susdurmaq məqsədilə bizim üçün müvəqqəti silahdırsa, onda bu başqa məsələ, bizi sakit buraxın.”
İosif Stalin. Siz yenə bu fikirdə qalırsız?
Nəriman Nərimanov. Ta bunun elə bir əhəmiyyəti qalmayıb. Çünki, Bakı qurultayından az sonra Lenin yoldaş mənə məktub göndərdi. Orada aydın yazılmışdı ki, “İran inqilabçılarına hər hansı təsir göstərməyə son qoyun, bu bizə İngiltərə ilə əlaqələr yaratmağa mane olur”. Bizim təzədən orada vəziyyəti dəyişməyimiz az qala mümkünsüzdür.
İosif Stalin. Nə üçün? Siz niyə belə bədbin düşünürsünüz, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Mən necə nikbin düşünə bilərəm ki, artıq İranda çoxları bizə inanmır...
İosif Stalin. Siz Şərq məsələrini hamıdan yaxşı bilirsiz, yoldaş Nərimanov. Amma mən zənn edirəm ki, hələ bütün körpülər yandırılmayıb. Əgər nəsə bizim istədiyimiz kimi alınmayıbsa, burada günahkar qarşı tərəfdir.
Nəriman Nərimanov. Məsələ burasındadır ki, mənə iranlı yoldaşlar da təxminən eyni sözləri bir az ayrı cür deyir.
İosif Stalin. Onlar nə deyir ki?
Nəriman Nərimanov. Onlar da deyir ki, şurəvi tərəf özünü heç vaxt təqsirli hesab etmir, bütün səhvləri qarşı tərəfdə axtarır... Budur, elə bizim səhvlərimizin nəticəsidir ki, orada vəziyyət bizim ziyanımıza dəyişdi. İran Kompartiyası öz qərargahını Rəştdən Bakıya köçürməli oldu. (Pauza). Qısası, hadisələrin təhlili göstərir ki, Moskvanın İran barədə davamlı və aydın proqramı yoxdur.
İosif Stalin. Bədbin olmayaq. Biz yenə toplaşıb məğlubiyyətin səbəbini müzakirə etməliyik.
Nəriman Nərimanov. Məğlubiyyətin başlıca səbəblərindən biri İranda əhaliyə elə bir təsir imkanı olmayan “Ədalət” partiyasına hədsiz inam bəsləməyimizdir... Bunu hələ qoyuram bir kənara. İranda baş verən talanlar camaatın gözünü hədsiz qorxuzub. İndi az qala hər bir iranlı deyir ki, qoy bura kim gəlirsə gəlsin, təkcə rusun ayağı dəyməsin.
İosif Stalin. Bəlkə onlar bu sözləri dini inanc baxımından deyirlər? (Gülür). Axı orada “urus” kafir hesab olunur.
Nəriman Nərimanov. Burada dinin məsələyə nə dəxli? Camaatın var-yoxunu əlindən alan əsgərə “sağ ol”mu deyilməlidir?
İosif Stalin. İnqilablar zamanı bu cür hadisələrin baş verməsi labüddür.
Nəriman Nərimanov. Yoldaş Stalin, bəyəm inqilab özü ilə millətlərə ölüm, qorxu kabusu gətirməlidir?
İosif Stalin. Elə Rusiyada, lap elə Bakıda da bu cür hadisələr baş verib.
Nəriman Nərimanov. Bakıda bunlardan da betəri baş verib. Xalq hələ təlaş içindədir. Baş verən talanlar, qətlə yetirilənlər, asılanlar, güllələnənlər...
İosif Stalin. Belə şeylərə kim rəvac verir?
Nəriman Nərimanov. Məlum şəxslər qrupu qeyri-inqilabi addımlar ataraq, evlərə soxulmağı, heç bir araşdırma aparmadan müsəlman qadınlarının alt paltarında briliant axtarmağı, onların qulağlarından sırğalarını və digər əşyaları qopartmağı lazım bilirlər... Burjuaziyanın qulağından sırğanı dartıb qoparmağı inqilabi akt hesab etmək ən azı yelbeyinlikdir.
İosif Stalin. Bəlkə konkret adlar çəkəsiz?
Nəriman Nərimanov. Konkret adları mən dəfələrlə çəkmişəm. Bu talanların, hərki-hərkiliyin başında duranlar Mikoyan, Qoqoberadze, Lominadze və digərləridir.
İosif Stalin. Aha... Bu oldu konkret misal. Ama burası var ki, bu bir az kortəbii stixiyadır, inqilabdır, yoldaş Nərimanov.
Nəriman Nərimanov. İnqilab heç də insanların kütləvi qırğınına rəvac verməməlidir.
İosif Stalin. İnqilab elə ölüm-dirim məsələsidir, yoldaş Nərimanov. (Pauza). Çox maraqlıdır...
Nəriman Nərimanov. Bəli, maraqlı məsələlər çoxdur, yoldaş Stalin.
İosif Stalin. Hmmm... Yoldaş Nərimanov, bilirəm, biz yerliyik, gürcüstanlıyıq. Amma təsadüfən sizin əsliniz İrandan, o taydan deyil ki?
Nəriman Nərimanov. Əslində bunun, yəni mənim haralı olmağımın elə bir əhəmiyyəti yoxdur. Çünki mən türkəm. Əslim-köküm isə, bəli, İrandandır. Axı bir də ki, İranın parçalanmasından cəmi yüz il keçir. O zaman Azərbaycan da bir idi, ta “o tay-bu tay” söhbəti yox idi.
İosif Stalin. Unutmayaq ki, biz hər şeydən öncə bolşevikik. Biz partiyamızın əsgəriyik. O cümlədən bütün Azərbaycan bolşevikləri...
Nəriman Nərimanov. Bəyəm indiki dövrdə Azərbaycanda məhz Azərbaycanı təmsil edən bir partiya və yaxud iri bir qurum varmı? Deyə bilərəm ki, artıq yoxdur.

İosif Stalin. Siz bu sözləri nəyə əsasən deyirsiz, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Faktlara əsasən deyirəm. Bizdə demək olar ki, bütün iri və xırda dövlət postları qeyri millətlərin nümayəndələri tərəfindən zəbt ediıib. Onları bolşevik mənəviyyatından daha çox, burjua gödəniyyəti cəlb edir.
İosif Stalin. Bəlkə bir qədər açıq danışasız.
Nəriman Nərimanov. Mən hər şeyi açıq dedim. Nə qədər ki, mirzoyanlar, mikoyanlar özlərinin çirkin əməlindən, Azərbaycanı simasızlaşdırma siyasətlərindən əl çəkməyiblər, belə bir partiya olmayacaq da...
İosif Stalin. Axı burada- Azərbaycanda baş verən bütün proseslərə siz nəzarət edirsiz.
Nəriman Nərimanov. Bəyəm mərkəz mənə belə bir imkanı verir ki, öz səlahiyyətlərimi icra edim? Burada mənim işləməyimə maneə törədənlər kifayət qədərdir.
İosif Stalin. Necə yəni mane olanlar? Sizə hansı vasitələrlə maneə ola bilərlər?
Nəriman Nərimanov. Biz hər yerdə həqiqətin tərəfində olmalıyıq. Amma hər addımda yalanla üzləşməli oluruq.

İosif Stalin. Bu, bir qədər pafoslu səslənmir ki, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Xeyr. Heç də elə deyil. Bilirəm, məni sevməyənlər də çoxdur. Bayaq özünüz dediniz ki, məndən Moskvaya çoxlu şikayətlər gedir. Hətta, burada da gənc bolşeviklər öz iclaslarında haray-həşir qoparıb deyirlər ki, Nərimanov burjua millətçisidir. Məni antibolşevik adlandıranlar da az deyil. Nəinki adı bolşeviklər, hətta, öz komissarlarımızın da bir qismi mənim simamda öz düşmənlərinin obrazlarını görürlər.
İosif Stalin. Yeri gəlmişkən, Xalq Komissarlarının siyahısı ilə məni bir daha tanış etməyinizi xahiş edirəm. Bu, həm də yoldaş Leninin tapşırığıdır.
Nəriman Nərimanov. Hələlik, onlar barədə qısa məlumat verə bilərəm. Əksəriyyətini özünüz də yaxşı tanıyırsız. Məsələn, Çingiz İldırım bizim xalq Hərbi-dəniz işləri komissarıdır.
İosif Stalin. Tanıyıram. Rəsulzadə hökümətinə ultimatum verən adamdır.

Məmmədəli Rəsuloğlu. Çingiz İldırım sonralar Maqnitaqorsk Metallurgiya Kombinatınin özülünü qoymuş, uzun müddət kombinatın rəisi olmuşdur. 1936-cı ildə bu işlərinə görə ona "Lenin" ordeni verilmiş, cəmi bir il sonra-1937-ci ildə güllələn
mişdir.

Nəriman Nərimanov. Həmid Sultanov - xalq Daxili işlər komissarı.
İosif Stalin. Bəli, tanıyıram.

Məmmədəli Rəsuloğlu. Sonrakı illərdə Həmid Sultanov Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan kommunal təsərrüfatı komissarı vəzifəsində çalışdı. 1938-ci ildə güllələndi.

Nəriman Nərimanov. Qəzənfər Musabəyov - xalq Ticarət, sənaye və ərzaq komissarı.
İosif Stalin. Tanıyıram. Səhv etmirəmsə Musabəyovun bacısı da bolşevikdir.
Nəriman Nərimanov. Bəli. Ayna Sultanova inqilabçı qadınlardan biri olub. İndi...

Məmmədəli Rəsuloğlu. Ayna Sultanova Azərbaycan SSR xalq Maarif komissarının müavini, Maarif komissarı və bir qədər sonra Ədliyyə komissarı olmuşdu. 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.

İosif Stalin. Hamısı tanıdığımız adamlardır...

Məmmədəli Rəsuloğlu. Qəzənfər Musabəyov özünün dediyi kimi, “1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirənlərdən biri idi. Nərimanovdan sonra Xalq Komissarları Sovetinin Sədri olmuşdu. 1938-ci ildə güllələndi.

Nəriman Nərimanov. Mirzə Davud Hüseynov xalq Maliyyə komissarımızdır.
İosif Stalin. Mən onu da çoxdan tanıyıram.

Məmmədəli Rəsuloğlu. Mirzə Davud Hüseynov Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR İnqilabi Komitəsinin sədrinin müavini, Azərbaycan SSR Xalq Maliyyə naziri, Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışmışdır.
1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar isə Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olmuşdur. Mirzə Davud Hüseynov 1938-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.

Nəriman Nərimanov. Səməd ağa Ağamalıoğlu xalq Torpaq komissarı.
İosif Stalin. “Qocanı” yaxşı tanıyıram. Köhnə inqilabçı dostlardandır. Səhv etmirəmsə, elə Rəsulzadənin də dostudur.
Nəriman Nərimanov. Bəli, Ağamalıoğlu Müsavat parlamentində sosialist fraksiyasının üzvü olub.

Məmmədəli Rəsuloğlu. Ağamalıoğlu 1921-ci ildə Azərbaycan SSR MİK sədrinin müavini, 1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR MİK sədrlərindən biri olmuşdur. 1930-cu ildə Moskvada müəmmalı şəraitdə vəfat edib

Nəriman Nərimanov. Dadaş Bünyadzadə - xalq Maarif komissarı və xalq fəhlə-kəndli müfəttişliyi komissarı.
İosif Stalin. Tanıyıram. Bünyadzadə əvvəllər sizinlə bir yerdə işləyib.
Nəriman Nərimanov. Bəli, mən “Hümmət” təşkilatında sədr olarkən o da katib idi.

Məmmədəli Rəsuloğlu. Bünyadzadə1930-1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, 1932-1936-cı illərdə ZSFSR xalq torpaq komissarı olmuşdu. 1938-ci ildə həbs edilib güllələndi.

Nəriman Nərimanov. Cəmil bəy Vəzirov xalq Poçt-teleqraf və Rabitə yolları komissarıdır...
İosif Stalin. Gərək o, iyirmaltılardan olan Vəzirovla qohumdur.
Nəriman Nərimanov. Bəli. Haşım bəylə qohumdur.

Məmmədəli Rəsuloğlu. Cəmil bəy Kiyev Politexnik Institutunun kimya şöbəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmişdi. 1938-ci tutulub, Oryol şəhərinə sürgün olundu. 1943-cü ildə sürgündə vəfat etdi.

Nəriman Nərimanov. Ağahüseyn Kazımov xalq Səhiyyə və himayəçilik komissarı...
İosif Stalin.Yəqin ki, gənc bolşeviklərdəndir.
Nəriman Nərimanov. Bəli, yoldaş Kazımovun cəmi 28 yaşı var.
Məmmədəli Rəsuloğlu. Ağahüseyn Kazımov 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuş, 1916-cı ildə həmin universitetin tibb fakültəsini bitirmişdi. 1937-ci ildə güllələnib.
Nəriman Nərimanov. Möhsün İsrafilbəyov xalq Hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi...
İosif Stalin. İsrafilbəyovu tanıyıram. RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri olanda əlaqələrimiz çox olub. Moskvada Vladimir İliçlə görüşünü də mən təşkil etmişdim. O, Lenin yoldaşa Azərbaycandakı vəziyyət haqqında ətraflı məlumat verdi. Yeri gəlmişkən, rus dilində təmiz danışırdı.
Nəriman Nərimanov. Bəli, savadlı adamdır. O, Bakıda realnı məktəbdə və Kiyev Universitetində təhsil alıb.
İosif Stalin. Amma onun və bir çox başqalarının familiyasındakı bəy sözü heç mənim xoşuma gəlmir. (Gülür). Biz bu bəylərdən, xanlardan yaxa qurtarmaq üçün vuruşuruq, yoldaş Nərimanov.
Nəriman Nərimanov. Əvvəla, biz bəylərlə və xanlarla yox, bəylik və xanlıqlarla vuruşuruq. İkincisi, bu, adamların çoxunun tarixi familiyasıdır. (Gülür). Üçüncüsü də, əgər konkret olaraq Möhsündən söhbət gedirsə, onun bütöv familiyası İsrafilbəyov-Qədirlidir.
İosif Stalin. Hə, deməli, yoldaş Möhsünün ehtiyat familiyası da varmış. (Gülür). Bu, daha yaxşı.

Məmmədəli Rəsuloğlu. Möhsün İsrafilbəyov - Qədirli Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi (1920-21), Xalq Səhiyyə Komissarı (1922-34) vəzifələrində işləmişdir. İki dəfə Qırmızı əmək bayrağı ordeni ilə təltif olunmuşdu. 1941-ci idə repressia qurbanı olmuş və xalq düşməni adıyla güllələnmişdir.

İosif Stalin. Yoldaş Nərimanov, sizin ilk komissarlar həm də bizim partiyanın qızıl fondudur. Onları göz bəbəyi kimi qorumaq lazımdır.
Nəriman Nərimanov. Biz təkcə komissarlarımızı deyil, elə bütün xalqımızı bu müdhiş, bu çətin situasiyadan itkisiz çıxarmaq istəyirik.

Məmmədəli Rəsuloğlu. İlk komissarların hamısı sonralar sovet rejiminin repressiyayasına məruz qaldı, sürgün olundu, güllələndi.

İosif Stalin. Yoldaş Nərimanov, siz Mərkəzin qarşısında tez-tez istefa tələbi qoyursuz.
Nəriman Nərimanov. Bəli. Mən bu barədə Lenin yoldaşa da demişəm... Demişəm ki, mənim işim və tələblərim sizi qane etmirsə istefamı qəbul edin.
İosif Stalin. Sizin tələblərinizin demək olar ki, hamısına əməl edilib. Otuzdan çox kadrı biz geri çağırmışıq. Amma doğrusunu deyim ki, indi sizin tələblərinizin əsasında nəyin, hansı məsələnin durduğu şəxsən mənə aydın deyil...
Nəriman Nərimanov. Mənim tələbim?.. Mən Azərbaycanı tam müstəqil bir Respublika görmək istəyirəm. Bu barədə dəfələrlə demişəm...
İosif Stalin. Azərbaycanın müstəqilliyi kimdəsə şübhə doğura bilməz.
Nəriman Nərimanov. Bu müstəqillik hələ yalnız kağız üzərindədir.
İosif Stalin. Lakin biz elə hesab etmirik... (Pauza). Siz bayaqkı söhbətinizdə Azərbaycan hökumətində qeyri-türklərin daha mühüm postları tutduğunu deyirdiniz. Şikayət edib bildirirdiniz ki, “bütün iri və xırda dövlət postları qeyri millətlərin nümayəndələri tərəfindən zəbt ediıib”. Halbuki sadaladığınız familiyalardan göründüyü kimi, bütün komissarlarınız yerli adamlardır.
Nəriman Nərimanov. Mən onların heş birini bu vəzifəyə öz təşəbbüsümlə bu vəzifəyə təyin etməmişəm. Onların hamısı Mərkəzdən təyin olunub. Siz ki, bütün bunları yaxşı bilirsiz, yoldaş Stalin.
İosif Stalin. Bunun hələlik elə bir ziyanı yoxdur. Bir mərkəzdən idarə olunmaq bu günün öz reallığından irəli gəlir.
Nəriman Nərimanov. Açığını deyim ki, qonşu ölkələrdə əhalini və hətta inqilabçıları, bu cür diktaturaya meyllilik rəncidə edir, narazı salır.
İosif Stalin. Siz yəqin ki, “qonşular” deyərkən Ermənistanı və Gürcüstanı nəzərdə tutursuz... Tezliklə onlar sakitləşəcək... Bilirəm, ermənilərin iştahası daha böyükdür...
Nəriman Nərimanov. Ermənistan az qala bütün qonşulara müharibə elan edib.
İosif Stalin. Hmm... Bəli, düz deyirsiz, elədir... Ermənilər indi həm Rusiya ilə, həm də Türkiyə ilə konfliktdədir.
Nəriman Nərimanov. Ermənilərin əksəriyyəti həmişə, az qala bütün tarix boyu küyə gedən olublar. Onların xəstə təxəyyülünə görə əraziləri haçansa dənizdən dənizə qədər uzanıb... Bu, nəsə uydurma, mifik bir ərazidir...
İosif Stalin. Ermənilər gah türklərin, gah farsların, gah da rusların ərazisində yaşayıblar. Əslində onların Qafqazda ərazisi olmayıb. Bax elə bu son günlərə qədər etmənilər türklərin nəzarəti altda idi. Antanta ilə Türkiyə arasında bağlanan Mudros sülh müqaviləsindən sonra ermənilər təzədən haray-həşir salmağa başlayıblar.

Məmmədəli Rəsuloğlu.1918-ci ilin oktyabrında Mudros portunda (Yunanıstan ərazisində-Egey dənizindəki Lemnos adasında) Antanta ilə Türkiyə arasında bağlanan müqavləyə əsasən, türklərə əsir düşmüş bütün erməni hərbçiləri İstanbulda toplanmalı, qeyd-şərtsiz müttəfiqlərə təhvil verilməli idi. İngilis admiralı Kaltorf 18 yanvar 1919-cu ildə Paris sülh konfrasında müttəfiqlər adından bəyanat verdi. Artıq həmin il yanvar ayının sonundan etibarən Suriya, Fələstin, Ərəbistan, Mesopotamiya, eləcə də Ermənistan Osmanlı imperiyasından ayrıldı.

Nəriman Nərimanov. Müttəfiqlərin Cənubi Qafqazdakı qoşunlarının komandanı general Tomson ermənipərəst mövqedə dayanmışdı. Bu isə erməniləri yeni-yeni əraziləri ələ keçirməyə iştahlandırırdı. 1919-cu il mayın 28-də Ermənistan Parlamenti Türkiyənin altı vilayətini Ermənistana ilhaq edilməklə “Birləşmiş Ermənistan” dövlətinin qurulması haqqında akt qəbul edib. “Birləşmiş Ermənistan”a Ermənistan hökumətinin Azərbaycana qarşı iddia etdiyi ərazilər də daxil edilmişdi.
İosif Stalin. Cəmi ay yarım bundan əvvəl, sentyabrın otuzunda türk ordusu bütün ermənistan ordusunu darmadağın edib.

Nəriman Nərimanov. Bu son illərdə, xüsusən beşinci ildən bəri ermənilər türklərə qarşı bir gün də olsun belə, öz qətl və qarətlərini dayandırmayıblar. Bu bitməyən savaşdan ermənilər də, onların qonşuları da çox əziyyət çəkir.
İosif Stalin. Ermənilər tamamilə taqətdən düşdükdən sonra bizə üz tutacaqlar...
Nəriman Nərimanov. Biz ermənilərlə dinc-yanaşı yaşamaq niyyətindəyik. Amma onların “başbilənləri” bu bədbəxt milləti daim qonşulara qarşı qızışdırır.
İosif Stalin. Onların “başbilənləri” kimdir elə?
Nəriman Nərimanov. İndiyəcən ermənilərə Rus imperiyası və İngilis imperiyası hamilik edib...
İosif Stalin. Buraya Osmanlı imperiyasını da aid etmək olar... (Pauza). Bəli, Ermənistan həmişə kiminsə əlində bir dəyənək olub. İndi biz bu “dəyənəyi” o əllərdən almalıyıq.
Nəriman Nərimanov. Mən çox narahatam ki, o “dəyənək” indi bizə qarşı işlədilə... (Gülür). Özü də yeni əllərdə...
İosif Stalin. Siz kimi nəzərdə tutursuz? Daha doğrusu, kimin “əlini” nəzərdə tutursuz?

Nəriman Nərimanov. Mən öz qurduğumuz dövləti nəzərdə tuturam...
İosif Stalin. Məncə, belə düşünməyə heç bir əsas yoxdur. Siz bunu nəyə əasən deyirsiz, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Çünki hazırda Rusiyada və eləcə də digər ölkələrdə bu “dəyənəyin” sakit durmasını istəməyən qüvvələr var.
İosif Stalin. Mən bunları bilirəm. Bu gün Ermənistan özünü müstəqil hesab edir. Biz də indiyəcən onunla “müstəqil dövlət” kimi davranırıq. Biz hətta erməni-türk münaqişəsinin nizama salınması üçün çalışırıq. Bir neçə ay əvvəl bu münasibətlə Moskvada bir yığıncaq da keçirdik. Ermənilər hay-küy qoparmışdılar. Daşnak partiyası Türkiyənin bir neçə vilayətini tələb edirdi.
Nəriman Nərimanov. Bilirəm. Ermənilər Ərzurumu, Lazistanı, Trapezundu tələb edirdilər.

İosif Stalin. Bəli. Nümayəndə heyətlərinə də bir şair başçılıq edirdi. Deyəsən adı Leon idi...
Nəriman Nərimanov. Tanıyıram o şairi. Levon Şantı deyirsiz yəqin. Əsl adı Levon Seqbosyandır. Livan ermənisidir. Daşnaksütunun ən mürtəce tərəfdarlarından biridir.
İosif Stalin. Bəli, onu deyirəm elə... Deməli, siz də eşitmisiz onun barəsində.
Nəriman Nərimanov. Əlbəttə... Bilirsiz, mənə təəccüblü gələn nədir? (Pauza). Söz adamı olasan, yazıçı və ya şair olasan, özün də xalqlar arasında ədavət toxumu səpəsən. Mən daim bu iki qonşu xalqın, yəni Qafqaz türklərinin və ermənilərin dinc yanaşı yaşamasının tərəfdarı olmuşam. Öz əsərlərim vasitəsi ilə dostluq və qonşuluq əlaqələrinin möhkəmlənməsinə çalışmışam. “Bahadır və Sona” romanımda bu iki xalqın bir-birini sevən, təmiz ideallarla yaşayan gənclərinin obrazını yaratmışam. Mənim erməni ziyalıları arasında dostlarım da yox deyildir. Amma bu Şanti kimilər suyu bulandırmaqla, şantajla məşğuldurlar...

İosif Stalin. Bəli, doğrudur. Şanti... Şantaj... Yox bir, şantilya... Bilirsiz də bu adda bir çit parça növü də var... (Gülür). Şantilya... Hələ bunun bir təxəllüsünə bax. Bunların heç biri, elə o Levon adını daşıyan da daxil olmaqla, anlamaq istəmir ki, biz Antantaya qarşı Türkiyə ilə bir blokdayıq. Bü gün Kamalçılar bizim müttəfiqimizdir. Bəyəm biz bir ovuc erməniyə görə o boyda Türkiyə ilə düşmən olmalıyıq?
Nəriman Nərimanov. Söhbət təkcə müttəfiqlikdən getmir ki... Söhbət həm də mənəviyyatdan gedir. Bunların bütün iddiaları əsasssızdır. Hətta, onlara o iddia etdikləri torpaqlar verilsə belə, yenə dinc oturmaq istəməyəcəklər. Mən adi erməni vətəndaşını qınamıram. Onların siyasətçiləri bu xalqı daim təhdiddə saxlayırlar.
İosif Stalin. Biz lazım olan hər şeyi demişik bunlara. Məcbur olub bu günlərdə özləri Sovet Rusiyasının qucağına atılacaqlar. Mən ermənilərin xarakterinə sizdən pis bələd deyiləm, yoldaş Nərimanov. Onlar həmişə özlərinə güclü ağa axtaran millət olub. Bu günsə belə bir güc məhz Rusiyadır. Yəni bizik...

Nəriman Nərimanov. Mən də elə düşünürəm. Amma indidən hiss olunur ki, onlar Rusiyanın tərkibində də dinc durmayacaqlar.
İosif Stalin. O ki qaldı gürcülərə... Mənim soydaşlarım hələlik naz eləyən təzə gəlinə bənzəyirlər. (Gülür). Tezliklə onlar da bizim yeni qurduğumuz yeni dövlətə pənah gətirəcəklər... Gedək, söhbəti davam etdirərik.

Məmmədəli Rəsuloğlu. Bu söhbətdən çox qısa bir vaxt, təxminən on gün keçmiş, 1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti elan olundu.

Onlar çıxırlar.













7.
Səhnə dəyişir.

Məmməd Əminin evi. Səliqəli otaq. Uzaqdan musiqi səsi eşidilir. Rəhim bəy və Dadaş bəy əyləşib çay içirlər.

Rəhim bəy. Dadaş bəy, nə edək? Deyirəm, bəlkə...
Dadaş bəy. Gözləyək, Əmin bəy indilərdə gələr. O, yarım saatlığa rüsxət alıb gedib. İndilərdə gələr.
Rəhim bəy. Deyirəm bəlkə Əmin bəy gələn kimi çıxıb gedək evimizə. Qoy o kişi də yola rahat hazırlaşsın.
Dadaş bəy. Biz onsuz da Əmin bəyi vağzaldan yola salmalıyıq. Qalan məsələləri özüylə məsləhətləşərik.
Rəhim bəy. Elədir... Aha... Deyəsən, gələn Əmin bəydir.

Onlar ayağa durub qapıya yaxınlaşırlar. Məmməd Əmin daxil olur.

Məmməd Əmin. Hə, bəylər, darıxmadınız ki?
Dadaş bəy. Əmin bəy, əlbəttə, sizsiz hər an darıxdırıcıdır.
Məmməd Əmin. Mən lazım olan adamlarla görüşdüm. Sonra qonşuluqda mömin bir şəxs var, Hacı Qubaddır adı, ona baş çəkdim. Gözləri və ayaqları tutulub, amma zehni aydındır, yaddaşı möhkəmdir. Səsimdən tanıdı məni. Mən özümdən yaşlı adamların müdrik məsləhətlərinə həmişə sayğı ilə yanaşıram. Hacı Qubad kişi də uzaq səfərə çıxacağımı eşidib bir-iki dəyərli məsləhət verdi.
Dadaş bəy. Allah hər ikinizin köməyi olsun.
Məmməd Əmin. Həbsdən çıxmağımın əsas məziyyəti bilirsiz nədən ibarət oldu?
Rəhim bəy. Deyərsiz bilərik, Əmin bəy.
Məmməd Əmin. Yeni doğulan oğlumun adını rəsmiləşdirdim, oldu Azər. Yoxsa məsələ Əliheydərin xeyrinə həll oluna bilərdi.

Hamı gülür.

Dadaş bəy. Əliheydər bunu eşidib bilsə lap dəli olacaq...
Məmməd Əmin. Mənim nə Əliheydərlə, nə Həmidlə, nə doktor Nərimanla heç bir fərdi ədavətim yoxdur. Mən sadəcə olaraq, onların getmək istədiyi yolu qəbul etmirəm. Belə hesab edirəm ki, o yol millətimizi uçuruma aparır.
Rəhim bəy. Bolşeviklərin tutduğu yol bütün millətləri fəlakətə aparır.
Dadaş bəy. Bunu sonra dərk edəcəklər...
Məmməd Əmin. Düz deyirsiz. Bəylər, mən sizin zəkanıza heyranam. Sizin cəmi 24-25 yaşınız var. Amma buna baxmayaraq baş verən hadisələrə çox düzgün qiymət verirsiz. Mən sizin kimi gəncliyə arxayın olub gələcəyə inamla, ümidlə baxıram.
Dadaş bəy. Etimadınıza görə sağ olun, Əmin bəy.
Rəhim bəy. Əmin bəy, biz sizin ardınızca gəlirik. Siz bizim müəllimimiz, ustadımızsız.
Məmməd Əmin. Doğrusunu deyim ki, mən həmişə öyrənməyə cəhd göstərən adamam. Özü də təkcə özümdən yaşlılardan deyil, habelə gənclərdən, lap elə uşaqlardan da nəsə öyrənməyə çalışıram.
Dadaş bəy. Elə bu da Sizin böyüklüyünüzdən irəli gəlir.
Rəhim bəy. Əmin bəy, biz sizə mane olmuruq ki?
Məmməd Əmin. Qətiyyən. Nə mənada?
Dadaş bəy. O mənadakı Siz yola hazırlaşmalısız...

Gülüşmə.

Məmməd Əmin. Hə, az qala səfər üstə olduğumu unutmuşdum.

Hamı gülür. Musiqi.

















8.
Səhnə dəyişir.

Nəriman Nərimanovun evinin eyvanı.


İosif Stalin. Nəriman Nəcəfoviç...
Nəriman Nərimanov. Buyurun, İosif Vissarionoviç...
İosif Stalin. Bax biz Nadya ilə Sizin evdəyik.
Nəriman Nərimanov. (Gülür). Əgər buraya ev demək olarsa...
İosif Stalin. Hər halda biz Sizin qonağınızıq. Bir təklifim var...
Nəriman Nərimanov. Buyurun...
İosif Stalin. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq.
Nəriman Nərimanov. Bəli. Bu tanışlığın uzun bir tarixi var...

İosif Stalin. Elə məhz buna görə də mən istəmirəm ki, biz bu qeyri-rəsmi şəraitdə, Sizin evinizdə bir-birimizə rəsmi qaydada müraciət edək... Qoy hər şey qeyri-rəsmi olsun.
Nəriman Nərimanov. Mənim etirazım yoxdur. Həmişə belə hesab etmişəm ki, insanlar öz siyasi mənsubiyyətlərindən asılı olmayaraq, yəni hər şeydən əvvəl, insandır.
İosif Stalin. Siz tez-tez tarixə müraciət edirsiz. Bəli, hər insan öz zamanının övladıdır... Eləcə də hər bir zaman öz insanının övladıdır.
Nəriman Nərimanov. Hegelin bir fikri var. Deyir ki, Sezarı yunanlar, yunanları isə Sezar yaratdı...
İosif Stalin. Bəli... Hər zamanın öz ideyası var... Yeri gəlmişkən, istəmirəm ki, bu gün bütün günümüzü siyasi notda kökləyək...
Nəriman Nərimanov. Bilirəm, Siz vaxtilə şeir yazmısız. (Gülür). Görünür, bu təkcə ötəri gənclik həvəsi deyilmiş...
İosif Stalin. Mən poeziyanı yenə sevirəm... Amma prozanı daha çox oxuyuram. Qoqol və Çexov ən çox sevdiyim yazıçılardır.

Nəriman Nərimanov. Hesab edirəm ki, Şota Rustavelini diqqətlə oxumusuz.
İosif Stalin. (Gülümsəyir). Şübhəsiz... Hətta, onun “Vepxis tkaosasani” (“Pələng dərisi geymiş pəhləvan” ) eposundan əzbərdən bildiyim bütöv fəsillər də var. Bunu nəyə görə soruşursuz?
Nəriman Nərimanov. Şota Rustavelinin tarixin sınaqlarından keçən bir fikri yadıma düşdü: «Ложь и измена — две родные сестры».
(“Yalanla xəyanət iki doğma bacıdır”- tərc.F.M.)
İosif Stalin. Hmmm... Yaxşı yaddaşınız var.
Nəriman Nərimanov. Elə Sizin yaddaşınız da pis deyil.
İosif Stalin. Amma bilmirəm bu fikri nə üçün yada salırsız?
Nəriman Nərimanov. Həmin fikir bu gün ətrafımızda baş verən hadisələrlə çox səsləşir.
İosif Stalin. Təkcə bü gün baş verənlərləmi?
Nəriman Nərimanov. Yəqin ki, yalan və xəyanətin mövcud olduğu bütün zamanlarla...

İosif Stalin. Hə, bu, başqa məsələ... (Pauza). Yaxşı, Nəriman Nəcəfoviç, madam ki, Siz Rustavelidən bir iqtibas gətirdiniz, onda mən də şairin başqa bir fikrini yada salım:
“Что кому дано судьбою — то ему и утешенье:
Пусть работает работник, воин рубится в сраженье»
(“Tale kimə nə veribsə, bu, onunçün bir nemətdir,
Fəhləyə iş, əsgərə hərb- gəldiyimiz qənaətdir.
- terc. F.M.).
Nəriman Nərimanov. Şübhəziz ki, qiymətli fikirlərdir.
«Ни одна любовь не умерла своей смертью…
Убивали… убивают… и будут убивать…»
“Heç bir sevgi ölməyibdir öz əcəliylə...
Öldürüblər... öldürürlər... öldürəcəklər...”
-tətc.-F.M.) Bunu da Rustaveli deyib.
İosif Stalin. Əla... Təəssüf ki, indiyəcən “Pələng dərisi geymiş pəhləvan” eposunun rus dilində tam və mükəmməl tərcüməsi yoxdur.
Nəriman Nərimanov. Mən 1890-cı ildə Tiflisdə bu əsər əsasında hazırlanmış tamaşaya baxmışam.
İosif Stalin. Maraqlıdır... (Gülür). O vaxt mən hələ uşaq idim.
Nəriman Nərimanov. Mən İppolit Bartdinskinin bu poemadan tərcümə etdiyi parçaları da görmüşəm: həmin parça “İllüstrasiyalar” almanaxında 1845- ci ildə dərc olunub...
İosif Stalin. Görürəm, Siz doğrudan da əsl ədəbiyyat tədqiqatçısı kimi geniş məlumatlısız. Olsun ki, Rustavelinin əsəri başqa tərcüməçilərin də diqqətini çəkəcək.
Nəriman Nərimanov. Sizə yəqin ki, Stalinskinin tərcüməsi də təsadüf edib...
İosif Stalin. Anlamadım. Kimin tərcüməsi?
Nəriman Nərimanov. Yevgeni Stepanoviç Stalinskinin tərcüməsini deyirəm.
İosif Stalin. Stalinski?... Maraqlıdır.
Nəriman Nərimanov. Bəli. Stalinski Tiflisdə “Qafqaz” qəzetinin naşirlərindən biri olub. Amma onun ən böyük xidməti, yəqin ki, Rustavelinin poemasını rus dilinə çevirməkdə olub.
İosif Stalin. Bu tərcümə çap olunub?
Nəriman Nərimanov. Bəli. Poema 1888-ci ildə Tiflisdə rus, fransız, alman, gürcü və rus dillərində çap edilib.
İosif Stalin. Bütün bunların hamısı mənimçün bir yenilik oldu.

Məmmədəli Rəsuloğlu. Çox güman ki, Stalin bu anlarda doğru danışmırdı. Onun tərcüməçi Yevgeni
Stepanoviç (bəzən Stefanoviç də yazılır) Stalinski haqda məlumatlı olduğunu adi məntiqlə belə, bilmək mümkündür. Belə ki, bu söhbətdən xeyli müddət sonra, yəni1936-37-ci illərdə SSRİ-də Şota Rustavelinin 750 illiyi geniş qeyd edilirdi. Bu münasibətlə dahi şairin məşhur əsərinin bütün nəşr və tərcümələri sərgilənirdi. Amma Stalinskinin tərcümələri barədə heç bir məlumat gözə dəymirdi. Ümumiyyətlə, həmin tərcüməçinin adı Stalinin sağlığında heç bir yerdə çəkilmirdi. Qeyri-rəsmi qaydada Stalinskinin fəaliyyətinə və adına tabu qoyulmuşdu. Səbəb sadə idi: Stalin soyadını daşıdığı adamın adını tarixdən silmək istəyirdi.

Nəriman Nərimanov. Amma mən də belə bir fikirdəyəm ki, “Pələng dərisi geymiş pəhləvan” eposunun rus dilinə mükəmməl tərcüməsi yoxdur. Bunun üçün güclü şair qələmi lazımdır.
İosif Stalin. Mən də bu fikirlə razıyam. Əminəm ki, gələcəkdə bütün dünya Rustavelini oxuyacaq.
Nəriman Nərimanov. Belə bir günün gələcəyini şair özü də dəfələrlə qeyd edib. Bax indi bu dəqiqələrdə vaxtilə Rustavelidən oxuduğum misralar yadıma düşür:
Dünyanın dərdini duymasan, bədbaxt,
Həyatın qədrini bilməzsən heç vaxt. (Terc.F.M.)

Məmmədəli Rəsuloğlu. Sonrakı illərdə Rustavelinin poeması bir neçə dəfə rus dilinə tərcümə olundu. İndiyəcən beş mükəmməl tərcümə nəşr edilib. Bunlara Konstantin Balmont (1933-cü il), Panteleymon Petrenko (1937-ci il), Georgi Tsaqareli (1937-ci il), Şalva Nitsubidze (1937-ci il), Nikolay Zabolotskiy (1957-ci il) tərəfindən edilən çevirmələr aiddir. Hesab edirəm ki, gələcəkdə bu möhtəşəm əsər ruscaya yenə tərcümə oluna bilər.

İosif Stalin. Həmin sözləri Nizami haqda da demək olar. Siz onun əsl, bütöv adını bilirsizmi? (Gülür). Əlbəttə, bilirsiz. Dediyim odur ki, mən də bilirəm. Onun əsl adı bütövlükdə bax belədir: Mühəmməd İlyas ibn Yusif Zəki Müəyyəd. Bəzən də belə deyilir: Cəmaləddin İlyas ibn Yusif əbu Mühəmməd... Səhv etmirəm ki?
Nəriman Nərimanov. Xeyr, səhv etmirsiz...( Gülümsəyir). Amma sizin dediyiniz adlar birləşməsində təkcə Nizami Gəncəvi adı səslənmədi...
Gülüş.
İosif Stalin. Ola bilər... Mən onun “rəsmi” adını dedim, təxəllüsünü yox. Amma bir şeyi demək istəyirəm ki, Azərbaycan xalqının bu böyük şairini İran ədəbiyyatına qətiyyən vermək olmaz. Çünki Nizami özü də əsərlərində etiraf edib ki, o, əsərlərini fars dilində yazmağa məcbur idi, əslində isə türkdür.. Əks təqdirdə, o zaman şairin öz xalqı üçün yazıb yaratmasına imkan verməyəcəkdilər.
Nəriman Nərimanov. Düzdür, Nizami əsasən farsca yazıb yaradıb. Amma biz Nizamini daim öz şairimiz hesab etmişik... (Pauza). Yeri gəlmişkən, elə Rustaveli də min altıyüz misradan ibarət poemasının süjetini ərəb eposundan götürüb... O, fars dilini də yaxşı bilirdi.
İosif Stalin. Siz belə hesab edirsiz?
Nəriman Nərimanov. Təkcə mən belə hesab etmirəm... Elm belə hesab edir. Əsər mükəmməl şəkildə 1741-ci ildə Tiflisdə altıncı çar Vaxtanq tərəfindən şərhlərlə nəşr olunub.
İosif Stalin. Burada qeyri-adi bir şey yoxdur ki... Rustaveli barədə daha nə bilirsiz? (Gülür). Siz doğrudan da çox məlumatlı adamsız, Nəriman Nəcəfoviç.
Nəriman Nərimanov. Xalq arasında gəzən bir əfsanəyə görə Rustaveli çariça Tamara tərəfindən çar kitabxanasına müdir təyin olunub və yazdığı poemanı Tamaraya təqdim edib. Əvəzində çariça ona qızıl qələm hədiyyə edib və bildirib ki, şair bu qələmi papağına sancsın.
İosif Stalin. Maraqlıdır. Sonra...
Nəriman Nərimanov. Bütün qədim və müasir şəkillərdə, qravyüra və portretlərdə Rustaveli məhz bu formada- həmin qələm papağına pərçim olunmuş qaydada təsvir olunub.
İosif Stalin. Doğrudur... (Gülümsəyir). Onun Tamara ilə digər münasibətləri barədə nə bilirsiz?
Nəriman Nərimanov. O, Tamaranı sevirdi... Ürəyindən keçənləri çariçaya demişdi... Amma Tamara şairin bu təklifindən qeyzlənmişdi. Rustavelini böyük cəza gözləyirdi. Məhz buna görə də şair başını götürüb Yerusəlimə qaçmışdı... O, monastrda monax olmuşdu...
İosif Stalin. Mənə elə gəlir ki, Nizami ilə Rustavelinin oxşar cəhətləri çoxdur.
Nəriman Nərimanov. Onların hər ikisi eyni epoxanın şairləridir.
İosif Stalin. (Gülür). Onlar nəinki dərin məna kəsb edən beytləri, hətta, adi ifadə və sözləri ilə sənət aləminə öz əbədi möhürlərini vurublar. Siz Rustavelini sevirsiz... Çox yaxşı. Nizami də mənim sevdiyim mütəfəkkirdir. Alman şairi Höte onu Şərq poeziyasının günəşi hesab edirdi. Nizamidən sonra Şərqdə şair olmaq müşkülə çevrildi. Bunu onun özü daha yaxşı deyib:
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da...
Nəriman Nərimanov. Başqa bir yerdə Nizami belə deyib:
Göydə parlasa da nə qədər ulduz,
Günəşdir nur verən aləmə yalnız.
İosif Stalin. Doğrudur. Nizami parlaq ulduz, hətta deyərdim ki, Günəşdir. Mən bu yaxınlarda onun “Yeddi gözəl” poemasından parçaları Qruzinskinin tərcüməsində oxudum.
Nəriman Nərimanov. Aleksey Yevgenyeviç Qruzinski həm də yaxşı ədəbiyyatşünasdır. Klassiklər haqda maraqlı ədəbi oçerklərin müəllifidir.
İosif Stalin. Bilirəm. O, indi müəllimliklə məşğuldur.
Nəriman Nərimanov. Nizaminin ruscaya tərcümələri çox deyil. Vaxtilə, ötən əsrin otuzuncu illərində Oznobişin “Teleskop” jurnalında onun “İskəndərnamə” və “Yeddi gözəl” poemalarından bəzi parçaların tərcüməsini nəşr etmişdi.
İosif Stalin. Dmitri Petroviç Oznobişin... Bəli, o, çox istedadlı tərcüməçi olub. İngilis, fransız, alman, isveç, latın, ərəb, fars, türk dillərindən tərcümələr edib.
Nəriman Nərimanov. O, adətən tərcümələrini təxəllüslə nəşr etdirirdi. Ədəbi təxəllüsü Delibürader idi...
İosif Stalin. Bilirəm... (Gəzişərək kitelinin cibindən çıxartdığı qəlyanını qurdalaya-qurdalaya). Nəriman Nəcəfoviç, biz innən sonra mədəniyyəti, ədəbiyyatı daim partiyanın nəzarəti altında saxlamalıyıq.
Nəriman Nərimanov. Ədəbiyyatı nəzarətdə necə saxlamaq olar, İosif Vissarianoviç?
İosif Stalin. Necə yəni “necə”? Necə lazımdırsa, elə o cür... Bizim partiya cəmiyyətin əsas aparıcı qüvvəsidir. Ədəbiyyat da partiyanın mühüm prinsiplərinə sadiq qalmalıdır.
Nəriman Nərimanov. Partiyanın ədəbiyyat və ədəbiyyatçıların işinə qarışması az qala qeyri-mümkündür... Əlbəttə, söhbət əsl ədəbiyyatdan gedir. Bəyəm bayaq adını çəkdiyimiz Nizamı və yaxud Rustaveli partiyaya tabe olan adamlar idi?
İosif Stalin. Onların hər birinin əsərində öz dövrlərinin hökmdarları təriflənir.
Nəriman Nərimanov. Deməli, belə çıxır ki, bizim Sovet yazıçıları da müasir dövrün rəhbərlərini vəsf etməlidirlər?
İosif Stalin. Əlbəttə, mən ayrı-ayrı şəxslərə kimlərinsə əsər həsr etməsinin əleyhinəyəm. Amma meydana gələn əsərlərdə mütləq yeni dövrün ab-havası əks olunmalıdır.
Nəriman Nərimanov. Onda biz bütün klassik rus ədəbiyyatından imtina etməliyik. Puşkin, Lermontov, Qoqol, Tolstoy, Turgenev, Dostoyevski, Nekrasov, Qonçarov, Gertsen, Belinski, Çernışevski, Dobrolyubob, Çexov və başqaları tarixin arxivinə atılmalıdır... Mən hələ dünya ədəbiyyatının Flöber, Bayron, Balzak, Dikkens, Hüqo, Mopassan, Edqar Po, Mark Tven, Cek London kimi klassiklərini demirəm.
İosif Stalin. Dostoyevskini deyə bilmərəm, amma yerdə qalan yazıçıların hamısının yaracılığı diqqətlə öyrənilməlidir. Biz həmin sənətkarların əsərlərindən dövrümüz üçün gərəkli olan ideyaları seçib götürməliyik... (Pauza). O ki qaldı Dostoyevskiyə...
Nəriman Nərimanov. Dostoyevski siyasətçi yox, yazıçı olub.
İosif Stalin. Məsələ burasındadır ki, o, başdan-ayağa din mübəlliği, İsa peyğənbərin tərənnümçüsüdür. Məsələn, sizin Mirzə Fətəli Axundzadə də siyasətçi olmayıb. Amma görürsüzmü dini fanatizmi necə ifşa edib... Yaxud götürək “Molla Nəsrəddin” jurnalının naşirini və o jurnalın müəlliflərini...
Nəriman Nərimanov. Cəlil Məmmədquluzadə...
İosif Stalin. Bəli... Nəriman Nəcəfoviç, mən Üzeyir Hacıbəylinin opera və operettalarını dinləməkdən zövq alıram. Amma bütün bu dediklərimlə yanaşı, biz öz ədəbiyyatımızı yaratmalıyıq. Partiyalı ədəbiyyatımızı, sovet ədəbiyyatımızı...
Nəriman Nərimanov. İosif Vissarionoviç, mən yenə o fikirdə qalıram ki, ədəbiyyat tam müstəqil olmalıdır. O, nəyinsə əlavəsinə çevrilməməlidir. Yazıçı azad düşüncə sahibi olmalı, ürəyindən keçəni yazmalıdır.
İosif Stalin. Əlbəttə. Mən yaxşı anlayıram ki, yazıçı baş verənlərə siyasətçi kimi yox, yazıçı kimi yanaşmalıdır. Bəyəm Tolstoyun şəxsi baxışları onun ədəbiyyatdakı mövqeyi ilə üst-üstə düşürdümü? Yox. Tolstoy qraf idi, necə deyərlər, başqasının hesabına yaşayırdı. Amma onun əsərləri əvəzsizdir. Vladimir İliç əbəs yerə Tolstoyu rus inqilabının güzgüsü hesab etnirki...
Nəriman Nərimanov. Bizim bolşeviklər arasında Tolstoyu hələ də “kapitalist baxışlı yazıçı” hesab edənlər var... Yaxşı ki, Lenin yoldaş vaxtında o məqaləni yazdı...
İosif Stalin. Mən sizinlə razıyam... Yaxud götürək Qoqolu. Mən onun yaradıcılığına pis bələd deyiləm. “Şinel”i az qala əzbər bilirəm. Di gəl ki bu adam şəxsən irtica tərəfdarı olub. Özü də mistik idi. Amma yaradıcılığı dünyagörüşü ilə ziddiyyət təşkil edirdi. Yəni yazıçı Qoqol vətəndaş Qoqola qarşı idi. Götürək onun “Ölü canlar” əsərini. Bu əsər bütöv inqilabçılar nəslinin yetişməsində böyük rol oynayıb.
Nəriman Nərimanov. Bəli, doğrudan da bəzən yazıçı öz qəhrəmanları kimi düşünmür. O, daim azad olmalıdır. Bütün dövrlərdə, bütün cəmiyyətlərdə...
İosif Stalin. Vladimir İliçin dediyi kimi, qələm adamları çox vaxt varlıların pul kisəsindən asılı olur. Mən də belə düşünürəm ki, biz yazıçılara istiqamət verməliyik. Onlara yeni mövzular təklif olunmalıdır.
Nəriman Nərimanov. Mən elə deməzdim. Böyük ədəbiyyat daim böyük ideyaları, cahanşümul hadisələri tərənnüm edib.
İosif Stalin. Bundan, bizim inqilabdan daha böyük hadisə? Biz dünyanı təzədən qururuq.
Nəriman Nərimanov. Söz və fikir adamlarının yağışdan çıxıb yağmura düşməsinə rəvac vermək olmaz, İosif Vissarianoviç.
İosif Stalin. Mən sizi anlayıram. Biz kimlərisə bütə çevirməyin əleyhinəyik. (Gəzişir). Yaxşı, Nəriman Nəcəfoviç, sizə bir sualım var.
Nəriman Nərimanov. Buyurun.
İosif Stalin. Siz teatrı bilən adamsız. Deyə bilərsizmi Meyerxold necə rejissordur?
Nəriman Nərimanov. Doğrusu, mən Vsevolod Emilyeviçi istedadlı teatr xadimi kimi tanıyıram.
İosif Stalin. Hmmm... Vaxtilə Karl Teodor Kazimir Meyerqold kimi doğulan adam indi olub Vsevolod Emilyeviç Meyerxold... Hələ son vaxtlar o, öz soyadına arvadının da familiyasını əlavə edərək olub Meyerxold-Rayx. Çox maraqlıdır...
Nəriman Nərimanov. Doğrusu, məni adamların keçmişindən çox, onların bu günkü fəaliyyəti maraqlandırır.
İosif Stalin. Məni isə hər ikisi, yəni həm keçmişi, həm də bu günü maraqlandırır. Lap elə onların gələcəyi də... Bax bu “istedadlı” Karl Teodor Kazimir Meyerqold- Meyerxold-Rayx məhz ilin-günün bu vaxtı bütpərəstliklə məşğul olur.
Nəriman Nərimanov. Nə mənada?
İosif Stalin. Doğru sualdır. “Nə mənada?” O, Trotskinin fanatı, Trotski isə onun kumiridir.
Nəriman Nərimanov. İosif Vissarianoviç, düşünürəm ki, teatrla, incəsənətlə belə ciddi tərzdə maraqlanmağınız yaxşı haldır. Amma hər bir əsərdə və hər bir müəllifin dünyagörüşündə ideoloji xətt axtarmağınız anlaşılan deyildir. Sənət sənətkardan sərbəstlik tələb edir.

Nadejda Alliluyeva və Gülsüm xanım gəlirlər.
Nərimanovla Stalin qapıya yaxınlaşaraq xanımları qarşılayırlar.

Nadejda və Gülsüm xanım. Salam. Bir daha xoş gördük.
İosif Stalin. Salam, xanımlar.
Nəriman Nərimanov. Salam. Hə, şəhəri gəzib dolaşa bildiniz?
Nadejda Alliluyeva. Doğrusunu deyim ki, Bakı çox solğun görünür. Tiflisin yaşıllığından sonra bu cür boz bir şəhər...
İosif Stalin. Bakı bu saat dünyanın diqqət mərkəzində olan bir şəhərdir. (Gülür). Nadya, bir də ki yerlibazlıq etmə.
Nadejda Alliluyeva. Olsun... Amma Bakıda payızı elə bil ki rəssam çəkib...
İosif Stalin. Hə, bu, başqa məsələ.
Nəriman Nərimanov. Payızın da öz hüsnü var.
İosif Stalin. Həmişə payız gələndə nədənsə Qorini xatırlayıram.
Nadejda Alliluyeva. Mənsə hər dəfə Bakıya gələndə Xəzər dənizini görmək istəyirəm. Bilirsiz niyə?
Gülsüm xanım. Maraqlıdır. Səbəb nədir?
Nadejda Alliluyeva. Uşaq olanda dənizdə boğulurmuşam... Məni İosif Vissarianoviç xilas edib.

Gülüşürlər.

İosif Stalin. Nadyuşa düz deyir. Onda bu, əl boyda bir uşaq idi. Sahil gəzintisi zamanı birdən qızcığaz anasının əlindən qopub dənizə düşdü. Tez özümü suya atıb öz gələcək arvadımı xilas etdim.

Gülüşürlər.

Nadejda Alliluyeva. O vaxt mənim iki yaşım olub. Təbii ki, düz-əməlli xatırlamıram.
İosif Stalin. Onda mənim iyirmidörd yaşım vardı. Sonra sürgün, həbs, inqilab illəri başladı. Nadyanı bir də illər sonrası, onyeddinci ildə gördüm. Elə görən kimi də vuruldum. Necə deyərlər, ilk baxışdan məhəbbət... Hər kəsin öz məhəbbət tarixçəsi olur. (Gülür). Yoldaş Nərimanov, necə bilirsiz, inqilabçı sevməlidir, ya yox?
Nəriman Nərimanov. Qraf Lev Tolstoyun bir fikrini xatırlayıram. O deyirdi ki, “Любовь — это бесценный дар. Это единственная вещь, которую мы можем подарить и все же она у тебя остается”. (“Sevgi-elə bir misilsiz sərvətdir ki, biz onu kiməsə bağışlasaq belə, yenə özümüzdə qalır”-tərc.F.M.)
İosif Stalin. Mən də Tolstoyun fikirlərinə şərikəm. Amma zənn edirəm ki, inqilabçı sevsə də evlənməmlidir. Düzdür, Marksın sevdiyi filosof Kant deyirdi ki, “в брачной жизни соединенная пара должна образовать как бы единую моральную личность”. (“Nigah həyatına girən birgə cütlük vahid əxlaqi şəxsiyyət mücəssiməsi olmalıdır”- tərc. F.M.). Amma mən Kantdan fərqli olaraq düşünürəm ki, hər kəs öz müstəqilliyini bütün hallarda qoruyub saxlamalıdır. Yəni Şərq filosoflarının dediyi o vəhdəti-vücuda ehtiyac yoxdur.
Nəriman Nərimanov. Amma Marksın özü evlənməyə fərqli yanaşırdı. O, deyirdi ki, “Никто не принуждается к заключению брака, но всякий должен быть принужден подчиняться законам брака, раз он вступил в брак”. (“Heç kəs məcburən nigah bağlaya bilməz, lakin nigaha girən hər kəs nigahın qanunlarına məcburən tabe olmalıdır”- tərc.F.M.)

Gülüşürlər.

İosif Stalin. Düzü, mən bilmirəm qadınlar hansı tərəfi müdafiə edirlər?
Nadejda Alliluyeva. Hər halda mən sevgiyə, ailəyə bolşeviklərdən fərqli yanaşıram...
İosif Stalin. Bu, sənin öz işindir, Nadya.. Bir də ki, sən elə hər şeyə fərqli yanaşırsan. Yoldaşlar, bu adam işdə kimin arvadı olduğunu bildirmir. İşə tramvayla gedib-gəlir. (Əsəbi). Ağlına gələni danışır və sair...
Nadejda Alliluyeva. İosif Vissarianoviç, yaxşı bilirsiz ki, mən həmişə ürəyimdən keçənləri olduğu kimi deyirəm.
İosif Stalin. Bura bax, Nadya, sənə yüz dəfə demişəm ki, mənə belə rəsmi qaydada müraciət etmə. Hər halda biz ər-arvadıq səninlə.
Gülsüm xanım. Yoldaş Stalin, görünür, bu xanımınızın Sizə dərin hörmətindən irəli gəlir.
Nəriman Nərimanov. Əlbəttə, mən bu məsələdə İosif Vissarianoviçlə həmrəyliyimi gizlədə bilmərəm... (Gülür). Burada bir kişi həmrəyliyi də var təbii ki...
Nadejda Alliluyeva. Nəriman Nəcəfoviç, mən öz ərimə həmişə, hər yerdə belə müraciət edirəm. Bəyəm indi bu müraciəti müzakirə etməyin yeridir? Əlbəttə, mən istər-istəməz İosif Vissarianoviçdən inciməli oluram.
İosif Stalin. Aha... Yenə rəsmi.. Yenə “İosif Vissarianoviç”... Yox bir, “yoldaş Koba”... Axı mənim də inciməyə haqqım var.
Nəriman Nərimanov. Mən belə başa düşürəm ki, bunlar bir zarafatdır.
İosif Stalin. Zarafat niyə? Ciddi mövzuda ciddi söhbət gedir. Yox bir, bəlkə biz Rusiyada ər-arvadın bir-birinə necə müraciət etməsi barədə xüsusi bir qərar çıxarmalıyıq?
Nadejda Alliluyeva. Hə, bu, pis olmazdı.
İosif Stalin. Düz deyirsən?
Nadejda. Onsuz da indi çıxarılan bir çox qərarlar özlüyündə gülüş doğurur.
İosif Stalin. Kim gülür o qərarlara?
Nadejda Alliluyeva. Xalq...
İosif Stalin. Bəyəm sən xalqsan ki, xalq adından da danışırsan?
Nadejda Alliluyeva. İosif Vissarianoviç, unutmayaq ki, biz burada qonağıq.
İosif Stalin. Doğrudur. Yaxşı, bir suala da cavab versən pis olmazdı: xalq bizim hansı qərara gülür?
Nadejda Alliluyeva. Məsələn, vaxtilə verilmiş dekretlərin birində deyilir ki, onsəkkiz yaşına çatmış hər bir bakirə qız respublikanın mülkiyyətidir. (Gülür). Mülkiyyət ha...
İosif Stalin. Burada pis nə var ki? (Əsəbi). Məncə gülməli bir şey də yoxdur.
Nadejda Alliluyeva. Hələ din və dindarlar haqda verilən qərarlar... Biz şəxsiyyət yetişdiririk, yoxsa taxta-şalban?
Nəriman Nərimanov. İosif Vissarianoviç, Nadejda Sergeyevnanın dediklərində bir həqiqət var... Mən də dinlə bağlı verilən qərarı təqdir etmirəm..
İosif Stalin. Siz hansı qərarı deyirsiz, yoldaş Nərimanov? Dinin dövlətdən ayrılmasını təqdir etmirsiz? Bəlkə istəyirsiniz ki, hakimiyyətdə mollalar və keşişlər təmsil olunsun? Bəlkə Lenin yoldaş hansısa qərarı çıxaranda din xadimləri ilə məsləhətləşməlidir? Bəlkə yeni dövrün yeni bir Qriqori Rasputinini tapıb gətirək Kremlə?
Nəriman Nərimanov. Mən, əlbəttə, dinin dövlətdən ayrılmasının tərəfdarıyam. Lakin kilsə və məscidlərin dağıdılmasını qəbul edə bilmirəm. Burada bizim gənc bolşeviklər dəfələrlə məscidləri dağıtmağa cəhd ediblər. Mən qəti etirazımı bildirmişəm.
İosif Stalin. Yəni o fitnə və cəhalət yuvaları bizə bu qədər lazımdır?
Nəriman Nərimanov. Mən cəhalətin əleyhinəyəm. Bu barədə çoxlu bədii və publisistik əsərlərim var. Amma dinə qarşı bu cür münasibəti qəbul etmirəm. 1920-ci il mayın 26-da, yəni mənim verdiyim ilk sərəncamların birində yerli əhalinin milli adət-ənənələrinə və dini hisslərinə hörmətlə yanaşılması tələb olunurdu. Bu məsələdə XI Qırmızı ordu komandanlığı ilə mənim aramda xeyli ixtilaf da baş verib. Açığını deyim ki, mən çadranın atılmasında məcburiyyət işlənməsinə də qarşıyam.
İosif Stalin. Çox maraqlıdır... Deməli, Siz dində nəsə müsbət şeylər də axtarırsız?
Nəriman Nərimanov. Mən nə üçün gizlətməliyəm, belə düşünürəm ki, dini adamların təsəvvür və düşüncəsindən belə tezliklə, həm də zorla çıxarmaq mümkün deyildir.

Məmmədəli Rəsuloğlu. Nərimanov deyirdi: “Bəs kilsəni dövlətdən ayırmaq nə deməkdir? Bu ancaq o deməkdir ki, kilsəni, dini dövlətin təsirindən azad etmək lazımdır. Bu o deməkdir ki, ruhanilər: mollalar, keşişlər kənardan heç bir təsir olmadan dini, şəriəti təbliğ etsinlər. Kilsəni dövlətə tabe etmək mollalara, keşişlərə pul, qızıl, vəzifə, rütbə verib satılmaz və alınmaz əsl dinin tələblərini deyil, dövlətə lazım olan şeyləri təbliğ etməyə məcbur etmək deməkdir. Din, iman azad olmalıdır. İman şəxsi bir işdir; onu satmaq və almaq olmaz, zorla bir adamı bir dinə gətirmək olmaz”.

İosif Stalin. Siz dinin necə bir bəla olduğunu hiss etmirsiz, yoldaş Nərimanov.
Nəriman Nərimanov. O, dinə münasibətin özündən qaynaqlanan bir məsələdir.
İosif Stalin. Onda bizim çar zamanından fərqimiz nədədir?
Nəriman Nərimanov. Yoldaş Stalin, mən bu fərq barədə dəfələrlə yazmışam.

Məmmədəli Rəsuloğlu. Nərimanov deyirdi: “Nikolay keşişlərinin və missioner İlminski kimilərinin nə kimi işlər gördüyü hamımızın yaxşı yadındadır. Bunlar pula, rütbəyə və vəzifəyə satılaraq sizin içərinizdə xristianlığı yayırdılar. Rusiya müsəlmanlarının baş ruhanisi olan bizim müfti Sultanov da rus dövlətinin sabiq çarı Nikolayın puluna cəsus sifətilə Məkkəyə getmişdi. Budur, belə biabırçı şeylər olmamaq üçün, dinin, imanın, hər bir şəxsin və müəyyən bir xalqın müqəddəs hissinin təhqir və zəlil edilməməsi üçün bəlanın kökünü çıxarıb atmaq lazımdır”.

İosif Stalin. Bəlkə biz uşaqların kütləvi şəkildə dini məktəblərə getməsinə də oturub sakitcə tamaşa edək?
Nəriman Nərimanov. “Hökumət müəyyən proqramla öz məktəblərini açır, təhsili icbari və pulsuz elan edir. Hökumət yalnız müəyyən dərslərin keçilməsinə pul verir: lakin uşaqlarına bu dərslərdən əlavə başqa elmləri də oxutmaq istəyənlər hökumət məktəblərinin məşğələlərindən kənar bir vaxtda öz pulları ilə onları oxutdura bilərlər”.
İosif Stalin. Bəlkə biz uşaqlara İncil, Tövrat, Quran dərsləri də tədris edək?
Nəriman Nərimanov. “Əgər uşaqlar nahardan sonra ruhani məktəbinə gedib Quran oxusalar, yaxud şəriət dərsi keçsələr, buna mane olmaq lazım deyil”.
İosif Stalin. Sonra?
Nəriman Nərimanov. Sonra? (Pauza). Axı o məscid və kilsələr həm də mədəniyyət abidələridir. Biz məbədləri nə üçün dağıtmalıyıq, yoldaş Stalin?
İosif Stalin. Əlbəttə, mən bütün bunları bir qara yumor kimi qəbul edirəm. Biz ateistlərin dövlətini qururuq. Biz teoloji dövlət bina etmirik. Biz dinə və dindarlara qarşı bundan sonra da amansız olacağıq. Bu, bizim kredomuzdur.
Nəriman Nərimanov. Mən öz çıxışlarımda dəfələrlə demişəm, yenə də deyirəm: biz rus bolşeviklərinin dinə və dindarlara münasibətdə buraxdığı səhvləri təkrar etməməliyik.

Məmmədəli Rəsuloğlu. Nəriman Nərimanovun dostu, tanınmış yazıçı Məmməd Səid Ordubadi 1920-ci ildə Nərimanovun qəbulunda olarkən şahidi olduğu bir hadisəni belə xatırlayırdı: “Gündüz saat 11-də icazə alıb doktorun qəbul salonuna getdik. O bizi olduqca gülər bir üzlə qəbul etdi. Rəsmi qəbuldan sonra doktorun əmri olmadan bizə çay gətirdilər. Bu əsnada buzovnalı molla Mirzə Əlinin görüşə gəldiyini xəbər verdilər. Doktor onun gəlməsinə icazə verdi. O içəri girən kimi doktoru qucaqlayıb öpdü, doktor da onu çox səmimiyyətlə öpdü. Mən inqilab rəhbəriylə bir nəfər mollanın əlaqəsində olan bu qədər səmimiyyətə təəccüb etdim”.

İosif Stalin. Yaxşı... Doktor, bağçaya enək. Hər halda Sizinlə bütün mövzularda söhbət etmək mümkündür. Təbii ki, mübahisəli momentlərlə birlikdə.
Nəriman Nərimanov. Hesab edirəm ki, köhnə məsəl yenə öz qüvvəsində qalır: hər cür həqiqət yalnız mübahisədən meydana gəlir.
İosif Stalin. Hətta, həqiqətin də öz dərəcəsi olmalıdır. (Gülür). Həm də baxır onu kim deyir...

Nəriman Nərimanov və İosif Stalin çıxırlar.

Nadejda Alliluyeva. İosif Vissarianoviç həmişə belədir.
Gülsüm xanım. Nə mənada?
Nadejda Alliluyeva. O mənada ki, mübahisə etməyi sevir.
Gülsüm xanım. Bizdə belə bir məsəl var: Mübahisəsiz, hətta dava-dalaşsız ev olmaz... (Gülür). Kişi ilə qadın arasında mübahisə adi bir şeydir.
Nadejda Alliluyeva. Gülsüm xanım, Moskvaya yolunuz düşəndə bizə də baş çəkin.
Gülsüm xanım. Mütləq... Sizinlə belə yaxından tanışlığa şad oldum.
Nadejda Alliluyeva. Mən də çox məmnun oldum, Gülsüm xanım.
Gülsüm xanım. Deməli Siz Bakıya İosif Vissarianoviçlə gəlməmisiz?
Nadejda Alliluyeva. Xeyr. Mən ondan əvvəl çıxmışam Moskvadan. Vladiqafqazda və Tiflisdə qohumlarım var. Gəlib onlara baş çəkdim. Ərimin buraya gəldiyini eşidib dedim ki, qoy mən də doğulduğum şəhərə baş çəkim. Necə deyərlər, dünya ölüm-itim dünyasıdır.
Gülsüm xanım. Hələ cavansız, ölümdən danışmaq tezdir. (Pauza). Bəs burada-Bakıda necə, yaxınlarınız varmı?
Nadejda Alliluyeva. Bakıda ata-anamın dostları çoxdur. Amma mənim özümün burada tanıdığım çox az adam var...
Gülsüm xanım. Belə də olmalıdır... Axı Sizin həyatınız əsasən Petroqrad və Moskva ilə bağlı olub...
Nadejda Alliluyeva. Elədir... Moskvada mənim tanışlarım çoxdur, amma rəfiqələrim çox azdır. Ən çox Polina ilə, bir də Mariya ilə oturub-dururam. Güman edirəm ki, siz Mariyanı tanımırsız. Vaxt gələr, mən onu Sizinlə tanış edərəm. Bəs Polinanı necə, onu da tanımırsız?
Gülsüm xanım. Təəssüf ki, yox.. Tanış deyiləm.
Nadejda Alliluyeva. Polina Semyonovna Molotovun arvadıdır. Onlar bir-birini hədsiz dərəcədə çox sevirlər. Bu xanımın işgüzarlığını İosif Vissarianoviç də çox bəyənir. Onun əri Vyaçeslav Mixayloviç çox ziyalı bir adamdır. Açığını deyim ki, mənim tanıdığım inqilabçılar arasında bu cür savadlı, alicənab adamlar çox azdır.

Məmmədəli Rəsuloğlu. Vyaçeslav Mixayloviç Molotov 1890-cı ildə doğulub. SSRİ-nin Baş naziri (XKS-in sədri), xarici işlər naziri olmuşdur. Polina Semyonovna Jemçujinanın əridir. Stalinin vəfatından sonra bir müddət öz yüksək postunu qoruyub saxlasa da, sonralar Xruşşov tərəfindən sıxışdırılmış, partiyadan qovulmuşdur.

Gülsüm xanım. Mən Vyaçeslav Mixayloviçi tanıyıram. Onu dəfələrlə Kremldə görmüşəm.
Nadejda Alliluyeva. Bəli, Onun Məriman Nəcəfoviçlə xoş ünsiyyəti var. Amma Polinasız Molotov bütöv görünmür. (Gülür). Polina onun təkcə yarı deyil, həm də yarısıdır.

Məmmədəli Rəsuloğlu. Jemçujina 1897-ci ildə anadan olub. Əsl ad –soyadı Perl Karpovskayadır. Yəhudi dərzinin ailəsində doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla ailə qurub. Stalinin arvadı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Jemçujina yüksək dövlət postlarında olub. SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye naziri vəzifəsində çalışıb.
1948-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə “yəhudi millətçiləri ilə uzun illər cinayət əlaqəsinə görə” maddəsi ilə həbs olunub. Onunla bərabər bir sıra yaxın qohumları, habelə qardaş və bacısı da həbs edilmiş və məhbəsdə həlak olmuşlar. Stalin ölən günün səhəri Beriyanın əmri ilə həbsdən azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan Stalin ideyalarına sadiq qalıb.1970-ci ildə vəfat edib.

Gülsüm xanım. Nadejda Sergeyevna, biz sizi daha çox bakılı kimi tanıyırıq.
Nadejda Alliluyeva. Gülsüm xanım, əvvəla mənə öz adımla müraciət edin, yəni sadəcə Nadejda. Nadya desəniz lap yaxşı olar. Düz deyirsiz, mən Bakıda anadan olmuşam. Amma atam Voronejdə doğulub.

Məmmədəli Rəsuloğlu. Nadejda Alliluyevanın atası, yəni Stalinin qaynatası Sergey Yakovleviç Alliluyev 1866-cı ildə Voronej quberniyasında doğulmuşdu. O, 12 yaşından əmək fəaliyyətinə başlamışdı 1890-cı ildə Vladiqafqaza, sonra isə oradan Tiflisə gəlmişdi. Sergey Tiflis sakini Olqa Yevengelyevna Fedorenko ilə evlənmişdi. Alliluyev Tiflisdə Maksim Qorki ilə tanış olmuşdu. İnqilabi fəaliyyətə qoşulduğu üçün Qafqazda yaşamağı qadağan olunmuşdu. Sonralar Rostova, oradan da Peterburqa gəlmişdi. Onun Peterburqdakı 10-cu Rojdestvenski küçəsində yerləşən 17-ci binadakı mənzilində bir müddət Stalin və Lenin yaşamışdı. İnqilabdan sonra Sergey Yakovleviç Alliluyev eıektrikləşmə sənayasi sahəsində işləmişdi. O, 1945-ci ildə vəfat etmiş, Novodeviçye qəbristanlığında dəfn edilmişdi.

Nadejda Alliluyeva. Bizim ailə Gürcüstandan- yamyaşıl Didubedən sonra bomboz Bakıya düşmüşdü. Əlbəttə, biz burada darıxırdıq. Amma Bakıdan kənarda yaşamaq da çətin idi. Çünki Bakıda iş vardı.
Gülsüm xanım. Ananız sağdır?
Nadejda Alliluyeva. Bəli. Anam sapsağlamdır. Maşallah, göz dəyməsin, özü də məndən cavan görünür. Bilirsizmi, mən ata tərəfdən bir az qaraçı, ana tədəfdənsə bir az almanam. (Gülür). Görünür, ona görə də məni həm asiyalıya bənzədirlər, həm afrikalıya.

Məmmədəli Rəsuloğlu. Nadejda Alliluyevanın anası 1877-ci ildə doğulub, 1951-ci ildə vəfat etmişdir.

Gülsüm xanım. Qardaş- bacıdan nəyiniz var, Nadya?
Nadejda Alliluyeva. Ailədə iki qardaş, iki də bacıyıq. Bizim çox mehriban ailəmiz var. Böyük qardaşım Pavel hərbçidir. Vətəndaş müharibəsində iştirak edib.

Məmmədəli Rəsuloğlu. Alliluyevlər ailəsinin övladları sonralar Stalinin qəzəbinə tuş oldu. Svetlananın böyük qardaşı Pavel Alliluyev 1894-cü ildə doğulmuşdu. Sovet hərbçisi idi. Stalinin apardığı repressiyaya qarşı çıxmış, bu barədə Baş katibə yazılan məktuba imza atmışdı. 2 noyabr 1938-ci il tarixdə vəfat etmişdi. Ölümünün səbəbi-güclü zəhərlənmə idi.

Gülsüm xanım. Gərək ki, o biri qardaşınız Stalin yoldaşla bir yerdə çalışır.
Nadejda Alliluyeva. Bəli, Fyodor İosiflə bir komissarlıqda çalışıb. Amma indi xəstədir, əlildir.

Məmmədəli Rəsuloğlu. Nadejdanın digər qardaşı Fyodor Alliluyev 1898-ci ildə doğulmuşdu. Saritsın və Petroqrad uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Səhhətində yaranan problemlə bağlı hələ gənc ikən pensiyaya çıxmışdı. 1955-ci ildə vəfat etmiş, Novodeviçye qəbristanlığında dəfn edilmişdi.

Gülsüm xanım. Bacınız Anna da Moskvada yaşayır?...

Nadejda Alliluyeva. Bəli. (Gülür). Evin sonbeşiyi olsam da, hamını arayıb-axtarmaq mənim üzərimə düşüb. Anna çox istedadlı xanımdır. O, özü ilə ciddi məşğul olsa, yaxşı bir yazıçı kimi yetişə bilərdi.

Məmmədəli Rəsuloğlu. Nadejdanın bacısı Anna Sergeyevna Alliluyeva-Redens 1896-cı ildə doğulmuşdu. 1946-cı ildə “Sovetski pisatel” nəşriyyatında onun “Xatirələri” çap olunduğdan sonra Sovet mətbuatında hücumlara məruz qalmış, 1948-ci ildə Polina Semyonovna Jemçujina ilə birgə həbs olunmuşdu. O, Stalin öləndən sonra bəraət almışdır.

Gülsüm xanım. Bilirəm, Anna Sergeyevnanın əri Stanislav Redens çekistdir.
Nadejda Alliluyeva. Bəli, o, lap yaxınlarda Xarkov quberniyasının çekisti kimi fəaliyyətə başlayıb.

Məmmədəli Rəsuloğlu. Nadejdanın bacısı Anna Sergeyevnanın əri, yəni Stalinin bacanağı Stanislav Franseviç Redens milliyyətcə polyak idi, 1892-ci ildə anadan olmuşdu. Gənc yaşlarından “çekist” kimi fəaliyyətə başlamışdı. Ukraynada aparılan böyük repressiyanın fəal təşkilatçılarından və icraçılarından biri olmuşdu. 1937-ci ildən SSRİ Ali Sovetinin deputatı, 1938-ci ildəndə Kazaxıstan Daxili işlər naziri olmuşdu. 1938-ci ildə işdən azad edilmiş, 1940-cı ildə güllələnmişdir. Deyilənə görə, Redens Dzerjinskinin, “dəmir Feliksin” yaxın qohumudur. Hətta, bəzi sənədlərdə onların dayı-bacıoğlu olduğu qeyd edilir.

Nadejda Alliluyeva. Mariya ilə mən rəfiqəyəm.
Gülsüm xanım. Bəli, bayaq dediniz.
Nadejda Alliluyeva. Mariya Korona əvvəl ərdə olub. İndi təkdir, daha doğrusu, oğlu Anatoli ilə yaşayır.
Gülsüm xanım. Bəs İosif Vissarianoviç Sizin onunla əlaqənizə niyə belə soyuq yanaşır?
Nadejda Alliluyeva. Bunu izah etmək çətindir... Bəlkə də asandır. Bilirsizmi, Mariya əslən İspaniyadan olan yəhudi ailəsinin qızıdır. O, olduqca gözəldir...
Gülsüm xanım. İosif Vissarianoviç gözəlliyi qiymətləndirir. (Gülür). Bunu bilmək üçün təkcə Sizə baxmaq kifayətdir.
Nadejda Alliluyeva. Təşəkkür edirəm xoş sözlərə görə, Gülsüm xanım... (Gülür). Hə, onu deyirəm, Matiya Tbilisidə məşhur operalarda oxuyur. Vokalistdir. Gülsüm xanım, amma... Amma bir “əmma” var bizim Mariya ilə tanışlığımızda... İosifi də elə bu “əmma” qıcıqlandırır.
Gülsüm xanım. O, nə “əmmadır” elə?
Nadejda Alliluyeva. Yəqin bilirsiz, İosifin birinci arvadı mərhum Yekaterina Semyonovna Svanidze çox tez ölüb, iyirmiiki yaşında. Stalin ona Kato deyirmiş...
Gülsüm xanım. Bilirəm. Onların bir oğlu da olub...
Nadejda Alliluyeva. Bəli, Yakovdur, biz ona Yaşa deyirik. Bax, mən İosif Vissarianoviçə həmişə deyirəm ki, qoy Yaşa gəlib bizdə yaşasın. O, hələ fikirləşir. Bu adam çox soyuqqanlıdır.

Məmmədəli Rəsuloğlu. Yakov Cuqaşvili 1907-ci ilin 18 mart tarixində Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən Borji kəndində anadan olmuşdur. 14 yaşına qədər Tbilisidə xalasının himayəsində qalır. 1921-ci ildə dayısı Aleksandr Svanidze öz bacısı oğluna Moskvaya gedib ali təhsil alması barədə məsləhət verir. Moskvaya getməmişdən əvvəl Yakov sadəcə gürcü dilini bilirdi, ancaq paytaxtda olduğu müddət ərzində rus dilinidə mükəmməl formada mənimsəmişdir. Yakovun atası Stalin ilə çox az ünsiyyəti olmuşdur.
Yakov 1925-ci ildə 18 yaşı olarkən, 16 yaşlı yəhudi qızı Zoya Qunina ilə evlənmişdi. Stalin bu nikaha qarşı çıxır. Yakov əsəbiləşib özünü güllə ilə vurur və sağ qalır. Stalin istehza ilə deyir ki, “bu heç düz-əməlli atəş aça da bilmir”.
Stalin oğlunu o qədər də sevmirdi. Hətta,deyilənə görə ikinci arvadı Nadejdanı öz oğluna qısqanırdı.
Sonralar Yakov artilleriya akademiyasına daxil olur. 30-cu illərin əvvəllərində Yakov Olqa Pavlovna Qolışeva ilə tanış olur. Qız Moskvaya Urüpinskdən –Stalinqrad vilayətindən gəlmişdi. Amma onlar az müddətdən sonra ayrıldılar. 10 yanvar 1936-cı il tarixdə onların Yevgeni adlı övladları dünyaya gəldi.
1936-cı ildə Yakov balerina Yuli Meltserlə evləndi. Yakov balerinanın əri Nikolay Bessarabla əlbəyaxa vuruşmuş, nəhayət, öz istəyinə nail olmuşdu. Bu nikahdan Qalina adlı qızları doğulmuşdu. Nikolay Bessarab sonradan həbs edilərək öldürüldü.
Müharibə başlanan zaman cəbhə bölgəsinə yollanan Yakov burada topçu birliyində döyüşə başlayır. O, 1941-ci ilin yay aylarında qanlı Smolensk döyüşlərinin birində əsir düşür. Əsir Yakov Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilir. Almanlar Yakovu Stalinqrad döyüşü zamanı sovet ordusuna əsir düşmüş feldmarşal Fredrik Paulus ilə dəyişdirmək istəyirlər. Mənbələrdə Stalinin bu təklifə müxtəlif cavablar verdiyi göstərilmişdir. Həmin cavablardan ən məşhuru: “Bir feldmarşalı leytenanta dəyişmərəm cavabıdır”. Digər bir cavab: “Yakov kimi milyonlarla oğlum var. Ya onları da Yakov ilə birlikdə azad edərsiniz, ya da oğlum onlarla eyni taleni yaşamalıdır”-olmuşdur.
Amma diqqəti daha mühüm bir informasiya da cəlb edir. Hələlik fakt kimi tam təsdiqlənməmiş bir mülahizəyə görə, Adolf Hitler sovet əsirliyində olan bacısı oğlu Leo Raubalı Stalinin oğlu Yakov ilə dəyişdirmək istəmiş, ancaq bu təklif də Stalin tərəfdinən rədd edilmişdir. Yakov Cuqaşvili Zaksenhauzen həbs düşərgəsində saxlanılan zaman düşərgədən qaçmaq istəyərkən elektrik tellərinə toxunaraq həlak olmuşdur.

Gülsüm xanım. Yakov indi haradadır?
Nadejda Alliluyeva. Nənəsinin yanında. Ona Stalinin anası Keke xala baxır.

Məmmədəli Rəsuloğlu. Stalinin anası Yekaterina Georgiyevna Geladze 1858-ci ildə doğulub. Onu hamı Keke deyə çağırırdı. O, onyeddi yaşında ikən Vissarion Cuqaşviliyə ərə getmişdi. Vissariona Beso deyirdilər. Ailənin ilk iki övladı –Mixail və Georgi ard-arda ölmüşdü. Gələcək Baş katib əslində 6 dekabr 1878-ci ildə doğulub, amma çox vaxt bu tarix bir il geri çəkilərək 1879-cu il kimi göstərilir.
Vissarion tez-tez içir, keflənir, evdə dava-dalaş salır, oğlunu döyürdü. Yekaterina 1890-cı ildə ərindən ayrıldı. O, daim çalışırdı ki, oğlu yaxşı təhsil alsın, yüksək çinli din xadimi olsun.
Yekaterina Georgiyevna Tiflisdə sadə bir həyat keçirmiş, cəmi bir dəfə -1931-ci ildə Moskvaya, oğlunun yanına getmişdi.
Stalin anası ilə sonuncu dəfə 1935-ci ildə görüşmüşdü.
Yekaterina Geladze 4 iyun 1937-ci ildə Tiflisdə, Müqəddəs David kilsəsinin yaxınlığındakı Mtamsminda panteonunda dəfn edilmişdir.

Nadejda Alliluyeva. Hə, söhbətimiz harada qaldı? (Gülür). Yadıma düşdü, Mariyanın sevgisində... Məsələ burasındadır ki, Mariya ilə Katonun qardaşı Aleksandr Semyonoviç bir-birini çox sevir.
Gülsüm xanım. Burada pis nə var ki?.. Sevgidən gözəl nə var bu dünyada?
Nadejda Alliluyeva. Eh, Gülsüm xanım... İosif Vissarionoviçin xasiyyətindən baş açmaq üçün onunla bir ömür yaşamaq azdır. (Pauza). Hətta, Stalini tanımaq üçün onun arvadı olmaq da azdır... O, adamların şəxsi həyatına qarışmağı, yumşaq desəm, xoşlayır.
Gülsüm xanım. Belə çıxır ki, Sizin o xanımla dostluq etməyinizi Stalin yoldaş istəmir.
Nadejda Alliluyeva. Bəli. Ona görə əsəbiləşib. O, istəmir ki, keçmiş qaynı Aleksandr Svanidze o gözəl xanımla, yəni Mariya ilə evlənsin. Mənim Mariyaya isti münasibətim də onu çox qıcıqlandırır. Halbuki İosif Vissarianoviç vaxtilə Mariyanın səsinin vurğunu olub.
Gülsüm xanım. Hmmm... Yaxşı, bəs Aleksandr Svanidzenin özü bu işə necə baxır?
Nadejda Alliluyeva. O, deyir ki, Stalin getsin öz işi ilə məşğul olsun. Mən sevdiyim qadınla evlənəcəm. İndi onlar evlənməyə hazırlaşırlar.

Məmmədəli Rəsuloğlu. Mariya ilə Aleksandr Svanidze 1921-ci ildə ailə qurdular. 1927-ci ildə onların Cenni adlı övladı dünyaya gəldi. Svanidzelər öz həyatlarını yaşayırdılar.

Gülsüm xanım. Nadya, məncə hər şey yaxşı olacaq.

Məmmədəli Rəsuloğlu. Opera müğənnisi Mariya Anisimovna Svanidze (Korona) 1939-cu ildə həbs olundu, 1942-ci il mart ayının üçündə “NKVD”-nin çıxardığı qərara əsasən güllələndi. Mariyanın bacısı Mariko da “xalq düşməni” kimi ölümə məhkum olundu.

Nadejda Alliluyeva. Gülsüm xanım, mənim ərim çox mürəkkəb adamdır. O, yeri gəlsə lap öz yaxın adamının üstünə də gedə bilər.

Məmmədəli Rəsuloğlu. Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə Gürcüstanda doğulub. Stalinin birinci arvadının qardaşı, opera müğənnisi Mariya Anisimovna Svanidzenin (Korona) əri. Stalinin ən yaxın dostlarından biri.Tanınmış bolşevik, tarixçi və iqtisadçı. Şota Rustavelinin “Pələng dərizi geymiş pəhləvan” poemasını gürcü dilindən ruscaya tərcümə edib. 1937-ci ildə ildə “yejovçu” və “alman casusu” kimi şərlənərək həbs olunub. Həbsxanada ona təklif olunub ki, Stalinin adına əfv məktubu yazsa, qaynı onu bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək deyib: “Axı mən Stalindən nə üçün əfv olunmağımı xahiş etməliyəm?Bəyəm bir cinayətim olub?” O, bağışlanma xahişi etmədi. Müharibə başlayandan az sonra, 1941-ci il avqust ayının 20-də güllələndi. Stalin qaynının əfv ərizəsi yazmadığını eşidərkən istehza ilə belə deyib: “Bir buna bax, gör necə qürurludur, ölümü xahişdən üstün bilib”.

Gülsüm xanım. Hər kəs öz yaxınlarına diqqət göstərməlidir. Hətta, imkanı varsa lap elə tanımadığı adamlara da kömək etməlidir.
Nadejda Alliluyeva. İosif Vissarianoviç üçün doğma və yad adam anlayışı yoxdur. Onun üçün yalnız “bolşevik” və “antibiolşevik” məfhumları var. Doğrusu, mən get-gedə həddindən artıq siyasiləşmiş bu həyatdan bezməyə başlayıram.
Gülsüm xanım. Nəriman bəy, həmişə deyir ki, adamları siyasi mənsubiyyətinə görə bölmək düzgün deyil.
Nadejda Alliluyeva. Elə ilk baxışdan görünür ki, Nəriman Nəcəfoviç çox ziyalı, yumşaqürəkli bir adamdır. Mən bilirəm, o, həm gözəl həkim, həm də istedadlı yazıçıdır.
Gülsüm xanım. Nəriman bəy insanlara çox diqqət yetirir. O, hələ uşaq vaxtından çətinliyin nə olduğunu görüb. Onların çox böyük bir ailəsi olub.

Məmmədəli Rəsuloğlu. Nəcəf kişinin doqquz övladı olmuşdur: Salman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrabanu.
Kərbəlayi Nəcəf böyük ailəni çox çətinliklə dolandırırdı. Buna baxmayaraq, oğlu Salmanı təhsil almaq üçün mərsiyəxan Hacı Molla Tağının mədrəsəsinə göndərmişdi. Salman on yaşında ikən Quranı oxumağı bacarır, Sədi Şirazinin «Gülüstan» əsərini əzbər söyləyirdi. Bu, Kərbəlayi Nəcəfi sevindirirdi. Çünki o, böyük oğlunun din xadimi olmasını istəyirdi. Məhz elə bu arzu ilə də onu Tiflis ruhani məktəbinə qoymuşdu. Lakin Kərbəlayi Nəcəfin tez-tez xəstələnməsi, ailə vəziyyətinin ağırlığı Salmana öz təhsilini davam etdirməyə imkan verməmişdi. Buna görə də ana babası Hacı Məmmədqasım onu bir peşə sahibi etmək üçün tacir Hacı Sadığın yanına şagird göndərmişdi. Bu, ailənin ümumi maddi vəziyyətini bir az yüngülləşdirmişdisə də, elə bir ciddi dönüş yaratmamışdı.
Salman hər yerdə haqsızlığa, zorakılığa rast gəlir, ona görə də iş yerini tez-tez dəyişirdi.

Həyat çətinlikləri ilə üz-üzə gələn Salman ruhdan düşmür, ciddi mütaliə edir, xalq üçün yararlı bir adam olmaq arzusu ilə yaşayırdı. Onun öz təhsilini yarımçıq qoyması anası Həlimə xanıma dərd olmuşdu. Buna görə də o, kiçik oğlu Nərimanı hökmən oxudacağına and içmişdi. Bu, ailədə hamının arzusu idi. Çünki Nəriman hələ kiçik yaşlarından öz ağıllı davranışı, iti zəkası, həssaslığı ilə diqqəti cəlb etmişdi.

Salman tez-tez bacı və qardaşlarını başına toplayar, onlara Sədinin, Hafizin, Vaqifin, Zakirin, Puşkin və Lermontovun şeirlərindən oxuyardı. Nəriman eşitdiyi şeirlərin çoxunu əzbər söyləyərdi. Balaca qardaşının elmə, ədəbiyyata coşğun həvəsi Salmanın qəlbində ümid çırağı yandırmışdı. O, əmisi Əlimirzənin köməyi ilə Nərimana ərəb və rus əlifbasını öyrədir, onu Qafqaz şeyxülislamının nəzarəti altında olan altısinifli məktəbə hazırlayırdı. Nəhayət, Nəriman 1879-cu ildə Tiflis ruhani məktəbinə daxil olur. Zaqafqaziya maarif müfəttişliyinə tabe olan bu məktəbdə proqrama şəriət dərsi, Azərbaycan, fars və ərəb dillərinin tədrisi daxil edilsə də, təhsil əsasən rus dilində keçirilirdi. Buna görə də Nəriman ciddi çalışır, çoxlu mütaliə edirdi. İlk təhsil müvəffəqiyyətlə başa çatır. Nəriman 1885-ci ildə məktəbi bitirir, təhsilini davam etdirmək üçün Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasına hazırlaşır.

Nadejda Alliluyeva. Yəqin ki, İosif mənimlə bir müddət danışmayacaq. O, hərdən uşaq kimi küsü saxlayır.
Gülsüm xanım. Eybi yox, Nadya... Yolda barışarsız... (Gülür). Qatarla hələ bir neçə gün yol gedəcəksiniz.
Nadejda Alliluyeva. Eh, Siz lap xoşbəxtlikdən danışırsız ki, Gülsüm xanım. Bəyəm mən Moskvaya ərimlə bir yerdə gedəcəyəm ki? Xeyr. Mən öz “marşrutumla” çıxıb gedəcəyəm. O isə öz dəstəsi ilə yolboyu hələ çox tədbirlərdə iştirak edəcək.
Gülsüm xanım. O, nə tədbirlərdir elə?
Nadejda Alliluyeva. Bolşeviklərə Lenin yoldaşın tövsiyyələrini çatdıracaq... (Pauza). Mən isə tez getməliyəm. Həm də burada Sizə çox mane olmaq, daha doğrusu əl-ayağınıza dolaşmaq istəmirəm. Oğlunuzu da gördüm. Çox qəşəng oğlandır. Böyüyəndə qızların ürəyinə od salacaq.
Gülsüm xanım. Mənim oğlum çox dinc, sakit uşaqdır.
Nadejda Alliluyeva. Görünür, böyüyəndə o da atasına oxşayacaq... Hər bir oğlan uşağı öz atasına oxşamalıdır. Mən indi uşaq gözləyirəm... (Pauza). O, burada ürəyimin altında çırpınır. (Əlini ürəyinin üstünə qoyub gülümsəyir). Mən onun varlığını hiss edirəm. Ürəyimə damıb, oğlum olacaq və o da atasına oxşayacaq.

Gülüşürlər.

Məmmədəli Rəsuloğlu. Həqiqətən, bir müddət sonra Stalinin oğlu dünyaya gəldi. Vasili Stalin 24 mart 1921-ci il tarixdə doğulub. Təyyarəçi idi. İyirmi yaşında kapitan rütbəsində könüllü olaraq cəhbəyə getmişdi. 1942-ci ildən polkovnik, 1946-cı ildə general-mayor, 1947-ci ildən general- leytenant idi. Atası öləndən sonra bir neçə dəfə mühakimə olunmuş, hətta antisovet fəaliyyətinə görə səkkiz il həbs cəzası almışdı.1960-cı ildə həbsdən azad edilmiş, Kazan şəhərinə göndərilmişdir.19 mart 1962-ci il tarixdə Kazanda vəfat etmiş, oradakı Arsk qəbristanlığında dəfn edilmişdir.
Anasını erkən itirən Vasili lap erkən yaşlarından siqaret çəkməyə, içməyə başlamışdı.
Rəsmən üç dəfə evlənmişdi. Vasili qadınlar arasında çox populyar, sevimli bir adam idi. O, həyatının sonunda içkiyə qurşanmışdı.

Gülsüm xanım. Allah bütün övladları xoşbəxt etsin.
Nadejda Alliluyeva. İosif Vissarianoviçin yanında Allah sözünü işlətsəniz od püskürər. O, özünü ən dönməz ateist hesab edir.
Gülsüm xanım. Nəriman bəy xurafata nifrət edir, amma təmizürəkli dindarlara hörmətlə yanaşır.
Nadejda Alliluyeva. Düz edir. Mən də o cür fikirləşirəm. İosif Vissarianoviç Nəriman Nəcəfoviçdən həmişə ehtiyat edir. Düzü, bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Düşünürəm ki, bu, nə qorxudur, nə də hörmət... Mən az qala bütün günü Lenin yoldaşla üzbəüz kabinetdə işləyirəm. Onun dəftərxanasında. Nəriman Nəcəfoviçi dəfələrlə Vladimir İliçin yanında görmüşəm. Onlar çox vaxt ikilikdə uzun –uzadı söhbət edirlər. Bəzən görürsən ki, bu söhbətə İosif Vissarianoviç də qoşulur. Mən bilirəm, onlar ən çox milli məsələləri müzakirə edirlər. Axı bizim ölkə çoxmillətlidir və milli məsələdə də çoxlu problemlər var. Vladimir İliç bu sahədə olan problemlərlə bağlı tez-tez Stalinə və Nərimanova müraciət edir. Mən özüm çox görmüşəm, Lenin yoldaşın yanında söhbət başa çatdıqdan sonra Nəriman Nəcəfoviçi adətən İosif Vissarianoviç yola salır. Mənə elə gəlir ki, o, bunu Lenin yoldaşın təşəbbüsü ilə edir. Vladimir İliç Qafqazdakı adət-ənənələrə yaxşı bələddir.
Gülsüm xanım. Nəriman bəy Lenin yoldaşın xətrini çox istəyir.
Nadejda Alliluyeva. Bilirəm... Yaxşı, Gülsüm xanım, bəs oğlunuzun adı nədir?
Gülsüm xanım. Adı Nəcəfdir... Nəcəf.
Nadejda Alliluyeva. Hə, deməli əriniz oğlunuza öz atasının adını verib? Yaxşı addır. Sizdə bir məsəl var, deyirlər ki, adıyla böyüsün.
Gülsüm xanım. Sağ olun. Minnətdaram.

Məmmədəli Rəsuloğlu. Nəcəf Nərimanov 2 dekabr 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli "Vətən Müharibəsi" ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.
Moskva şəhərindən hərbi xidmətə çağırılmışdır. Tağım komandiri kimi qulluq etmişdir.
1943-cü il sentyabr ayının onunda həlak olmuş, Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir.

Nadejda Alliluyeva. Sizin eyvandan Xəzər çox aydın görünür.
Gülsüm xanım. Bəli. İstəsəniz bir az da yuxarı çıxa bilərik. Qorxmayın, ta dənizdə batmazsınız.

Gülüşürlər. Nadejda Alliluyeva və Gülsüm xanım çıxırlar. Nəriman Nərimanovla İosif Stalin daxil olur.

Nəriman Nərimanov. Mən belə hesab edirəm ki, Kiçik xan, bir çox yazıçılar kimi real vəziyyəti romantik boyalarla təsvir edir.
İosif Stalin. Budu Mdivanini deyir ki, böyük çevrilişlər etmək üçün Kuçek xanın səviyyəsi hələ kiçikdir. O, təcili surətdə partizan dəstələrinin yaradılmasını təklif edir. Yoldaş Mdivani Qəsri-Şirindən tutmuş ta Kirmanşah, Həmədan, Qəzvin, Tehran və hətta, Bəsrə - Bağdad dəmiryoluna qədər nəhəng bir ərazinin tutulmasını istəyir. Mirzə Kuçek xan bu barədə iyulun onyeddisində və iyirmisində Leninə teleqramı vurmuşdu.
Nəriman Nərimanov. Teleqramın məzmunu mənə məlumdur. Kiçik xan bir çox hallarda real vəziyyəti düz qiymətləndirə bilmir. O ki qaldı Mikoyana, onun İran haqda təsəvvürləri çox məhduddur.

Məmmədəli Rəsulzadə. İyul ayının 30-da Rəştdə İKP MK-nın iclası keçirildi, iclasda Kuçek xanın və onun tərəfdarlarının devrilməsi haqqında qərar qəbul edildi. İclasda geniş məruzə ilə çıxış edən Mikoyan əvvəllər irəli sürülmüş belə bir ideyanı müdafiə etdi ki, İran inqilabının tarixi gedişində kommunist partiyası hakimiyyətə gəlməlidir.

İosif Stalin. Mirzə Kuçek xan Lenin yoldaşa göndərdiyi teleqramda İrandakı kiçik sahibkarlığın, xüsusi mülkiyyətin qorunub saxlanılmasını istədiyini bildirir. Mənimçün çox maraqlıdır: kiçik mülkiyyət davası hara, böyük inqilab savaşı hara?
Nəriman Nərimanov. Biz bunu təbii qəbul etməliyik. Kiçik xanın rəhbərlik etdiyi kütlənin sosial bazası əsasən xırda mülkiyyətçilərdən ibarətdir. Həmin insanların var-dövlətinin müsadirə olunması bütövlükdə Şərqdəki inqilabi proses üçün fəlakətli nəticələr verə bilər. Yoldaş Stalin, orada böyük talanlar baş verib.
İosif Stalin. Bu talanların sifarişçisi və icraçısı kimdir bəs?
Nəriman Nərimanov. Bakıdakı talanları idarə edənlər...
İosif Stalin. İran tacirləri təkcə Persiyada yox, Bakıda da soyğunçuluğa məruz qalıb. (Mənalı tərzdə). Bəs bunun cavabını kim verməlidir, yoldaş Nərimanov?

Məmmədəli Rəsulzadə. Mirzə Kiçik xanın toxunduğu İran tacirlərinin əmlakı ilə bağlı iyul ayının 13-də Azərbaycan İnqilab Komitəsi doğrudan da belə bir qətnamə qəbul edilmişdi ki, “İran tacirlərinin nəyi varsa, Azərbaycan fəhlələrinin alın təri və qanı ilə, indi fəhlə-kəndli hökumətinin mövcud olduğu Azərbaycan ərazisində toplandığından onlardan müsadirə edilən əmlak geri qaytarılmır. İran istismarçı tacirlərinin Bakıdan çıxmasına yol vermək olmaz. Onlar İrana qayıtdıqdan sonra inqilabi hərəkata qarşı əksinqilabi təbliğata başlayacaqlar və qara kütləni inqilabi hərəkata qarşı yönəldəcək, bununla da İranda inqilab işinə mane olacaqlar”.

Nəriman Nərimanov. Siz bununla nəyə işarə edirsiz?
İosif Stalin. Burada İran tacirlərinin müsadirə edilən əmlakının ümumi dəyəri otuz milyon qızıl manat olub.
Nəriman Nərimanov. Bəli. Doğrudur. İnqilab komitəsi o vaxt belə hesab edirdi ki, qazanılan pullar İranda əks-inqilabi qüvvələrin möhkəmlənməsinə sərf edilə bilər. O ki qaldı həmin pullara...
İosif Stalin. Həmin pulları Mərkəzə köçürmək lazımdır.

Məmmədəli Rəsulzadə. Bu qətnamə 1920-ci ilin iyun ayında Azərbaycan SSR ilə İran Sovet respublikası arasında imzalanmış müqaviləyə zidd idi. Belə ki, müqavilənin birinci bəndinə görə, Sovet Azərbaycanında həbs edilmiş İran vətəndaşları azad edilməli və İran inqilabi hökumətinin sərəncamına verilməli idilər. Sənədin ikinci bəndinə görə, Azərbaycan tərəfi İran öz vətəndaşlarının vətənlərinə gedişini asanlaşdırmalı idi.

Nəriman Nərimanov. Xeyr, mən artıq İran tacirlərinin müsadirə olunmuş əmlakının qaytarılması haqqında akt imzalamışam.
İosif Stalin. Bu, necə ola bilər?
Nəriman Nərimanov. İndiki vəziyyət bunu tələb edir. Mən belə hesab edirəm ki, İran tacirləri öz pullarını geri almalı, həmin vəsaiti burada-Azərbaycanda istehsalın yüksəlməsinə, ticarətin genişlənməsinə sərf etməlidirlər.
İosif Stalin. Yoldaş Nərimanov, belə çıxır ki, Siz ölkə daxilində ölkə yartmaq istəyirsiz.
Nəriman Nərimanov. Mən həmişə müstəqil yaşamağımızın tərəfdarı olmuşam. Bu, mənim yalnız son vaxtlar meydana gəlmiş arzum deyil ki. Ömrüm boyu xalqımızın azadlığını arzu etmişəm.
İosif Stalin. Azadlıq özü də nisbi xarakter daşıyır. Mütləq azadlıq yoxdur və ola da bilməz.
Nəriman Nərimanov. İndiki halda söhbət Azərbaycan xalqının azadlığından gedir.
İosif Stalin. Azərbaycan xalqı Rusiya Federasiyasının tərkibində azaddır, müstəqildir.
Nəriman Nərimanov. Bəyəm buna müstəqillik demək olar? Biz Rusiya ilə bərabər şərtlər daxilində müstəqil olmalıyıq.
İosif Stalin. Bu, necə ola bilər?
Nəriman Nərimanov. Çox sadə. Yeni yaranmış Azərbaycan Respublikası yeni yaranmış Sovet Rusiyası ilə qarşılıqlı əməkdaşlıq şəraitində vahid bir sistem daxilində birlikdə ola bilər.
İosif Stalin. Onda belə çıxır ki, Azərbaycanın Mərkəzlə əlaqəsi sıfıra bərabər olmalıdır.
Nəriman Nərimanov. Azərbaycanın Mərkəzlə əlaqəsi bərabər prinsiplər əsasında olmalıdır. Mən bu məsələ barədə Lenin yoldaşla da danışmışam.
İosif Stalin. Bilirəm. Xəbərim var. Amma Vladimir İliç mənə məsələnin bu dərəcədə prinsipal şəkildə qoyulduğunu deməmişdi.
Nəriman Nərimanov. Mən Lenin yoldaşla söhbət zamanı dedim ki, Azərbaycan Demokratik Respublikasnın rəhbərləriı xalqa daha geniş azadlıqlar vəd etmişdi.
İosif Stalin. Xalqa azadlıqdan daha çox, çörək və dinclik lazımdır. Xalqa elə də çox şey lazım deyil...
Nəriman Nərimanov. Mən dəfələrlə demişəm, yenə deyirəm: biz xalqı öz iradəmizə tabe etməli deyilik. Əksinə, özümüz xalqın iradəsinə tabe olmalıyıq.
İosif Stalin. Biz yeni bir dövlətin, yeni bir sistemin əsasını qoyuruq. Hər şeyi sıfırdan başlamışıq. Burada hər şey yeni olmalıdır. Hətta, bu cəmiyyətdə doğulan insanlar da... Biz köhnəliklə birdəfəlik vidalaşmalıyıq. Hətta, köhnə düşüncəli insanlarla belə...
Nəriman Nərimanov. Yoldaş Stalin, siz çox müdhiş və qorxunc şeylər danışırsız.
İosif Stalin. Doğrudan? (Gülür). Nədir o qorxulu olan, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Sizin bu dediklərinizin az qala elə hamısı, Koba... (Pauza). Bəyəm biz yeni cəmiyyət qururuq deyə başqa cür düşünən insanları məhv etməliyik?
İosif Stalin. “Başqa cür” deyəndə ki, baxır o başqa cür nədir?
Nəriman Nərimanov. Bizi qəbul etməyənlər var və yenə də olacaq. Biz adamları “köhnə düşüncə sahibi” elan edərək öldürməli deyilik ki... (Pauza). Onda belə çıxır ki, çar dövründə yaşamış bütün ahıl adamları bir sinif kimi məhv etməliyik. Bu, qətiyyən düzgün yanaşma deyildir.
İosif Stalin. Bəli, mən bilirəm, xalqın heç də bütün təbəqələri bizi lazımi səviyyədə qəbul edə bilmir.
Nəriman Nərimanov. Elə buna görə də hakimiyyət xalqı özündən narazı salmamalıdır.
İosif Stalin. Harada hakimiyyət varsa orada ixtilafın olması da təbii qarşılanmalıdır, yoldaş Nərimanov. Özü də təkcə xalqla hakimiyyət arasında yox, elə hakimiyyətdə olanların öz arasında da. (Mənalı tərzdə). Bəyəm sizin rəhbərlik etdiyiniz bu hakimiyyətdə daxili mübarizə getmir?
Nəriman Nərimanov. Bu, artıq başqa mövzunun söhbətidir. (Pauza). Siz “daxili mübarizə” deyəndə nəyi nəzərdə tutursunuz, yoldaş Stalin?
İosif Stalin. Mən az qala hər gün Kremlə sizin haqqınızda usanmadan şikayət yazan həmkarlarınızı nəzərdə tuturam. Bilirəm, Siz yazıçısınız, bir neçə bədii kitabınız var. Amma inanın ki, sizin barənizdə yoldaş Leninə yazılan şikayət ərizələrini üst-üstə yığsaq bir kitabxananın rəflərini dolduran cildlər alına bilər.
Nəriman Nərimanov. Mən burada əleyhdarlarımın olduğunu bilirdim. (Gülür). Amma siz deyən qədər olduğunu qətiyyən təsəvvür etmirdim. Onları bu “cildləri” yazmağa nə vadar edir? Görəsən onlar məni nə üçün tənqid edirlər?
İosif Stalin. Əleyhdarlarınız Sizi millətçi hesab edirlər. Onlar yazırlar ki, Nərimanov milli marağı bolşevik marağından üstün tutur.
Nəriman Nərimanov. Bəyəm mən öz millətimi sevməli deyiləm? Onsuz da bu bədbəxt millətin başı tarix boyu çox müsibətlər çəkib. Bəyəm siz öz millətinizi sevmirsiz, Koba?
İosif Stalin. Bu barədə mənim fikrim hamıya məlumdur. (Gülür). O cümlədən Sizə də, yoldaş Nərimanov. Əlbəttə, hər kəs öz millətini sevməlidir. Amma millətçiləri yox. Onları sevmək olmaz. Niyə gizlədək, hər bir millətin içində çoxlu yararsız adamlar olur. Biz bolşevikləri sevməyənləri biz necə sevə bilərik, yoldaş Nərimanov? Yox, bəlkə bir onların başını sığallamalı, üzünə gülməli, üstəlik belələrini vəzifələrə təyin etməliyik?
Nəriman Nərimanov. Onda belə çıxır ki, biz hamını ya ucdantutma öz partiyamıza qəbul etməli, ya da məhv etməliyik...
İosif Stalin. Niyə bu cür düşünürsüz??
Nəriman Nərimanov. Bəyəm əhalinin hamısı bolşevik olmalı və yaxud mütləq bolşeviklərlə əmakdaşlıq etməlidir?
İosif Stalin. İndiki halda söhbət bolşeviklərə sevgidən gedir, bolşevik olmaqdan yox. O ki qaldı sualın o biri hissəsinə, əlbəttə, hər adamdan bolşevik ola bilməz...
Nəriman Nərimanov. Biz adamlarda yeni quruluşa inam və sevgi hissi yaratmalıyıq, ayrı-ayrı adamlara yox, yoldaş Stalin.
İosif Stalin. “Adamlada sevgi hissi”... (Gülümsəyir). Zahirən pis səslənmir. Siz “ayrı-ayrı adamlar” deyəndə kimi və ya kimləri nəzərdə tutursuz, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Mən əzilən insanların sevgisindən sui-istifadə edən bir çox bolşevikləri nəzərdə tuturam.
İosif Stalin. Bəlkə bir az konkret danışasiz. Kimdir onlar?
Nəriman Nərimanov. Ad çəkməyə ehtiyac yoxdur. Lenin yoldaşın çıxışlarında bu məsələlərə işıq salınıb.
İosif Stalin. Hmmm... Aydındır. Əlbəttə, bütün hallarda Vladimir İliç haqlıdır. (Gülür). Lenin yoldaş bir neçə dəfə Trotskini özünəvurğunluğuna, özündənmüştəbehliyə görə tənqid edib. Hələ bu keçmiş antibolşevik Leninin üzünə qayıdaraq onu “xuliqan” adlandırıb. Bu, başqa bir söhbətin mövzusudur. İndi yalnız onu demək olar ki, malik olduğu naqis cəhətlər gələcəkdə Lev Davidoviçi şəxsiyyətə pərəstişə sürəkləyə bilər. Özünəvurğunluq əsl bolşevikə xas olan cəhət deyil və ola da bilməz. Bolşevikin bir amalı, bir sifəti olmalıdır.
Nəriman Nərimanov. Bolşeviklər öz sadəliyi ilə hamıya nümunə olmalıdırlar.
İosif Stalin. Amma onlar liberal olmamalı, hər şeyi öz adı ilə çağırmalıdırlar, yoldaş Nərimanov. Sürüşkənlik heç də yaxşı cəhət deyildir.
Nəriman Nərimanov. Şübhəsiz. Tarix hadisələrin məhək daşıdır.
İosif Stalin. Gəlin tarixi hələlik qoyq bir kənara... (Pauza). Yoldaş Nərimanov, bax bu gün sinfi mübarizənin ən gərgin vaxtıdır, elə deyilmi?
Nəriman Nərimanov. Bəli, hazırda iki sinif arasında ixtilaf yaranıb.
İosif Stalin. Bu, adi ixtilaf deyil axı... Niyə, nə üçün vəziyyətə uyğun hərəkət etmirik? Bizim mübarizəmizin məqsədi gün kimi aydındır. Qolçomaqlar, mülkədarlar, burjua sinfinin nümayəndələri hər bir sahədə, hər yerdə ifşa olunmalıdır. Burada ikinci bir söz ola bilməz. Bəs belə olan halda biz xalqın qanını soran milyonçuları nə üçün müdafiə etməliyik?
Nəriman Nərimanov. Siz kimi nəzərdə tutursuz?
İosif Stalin. Yaxşı bilirsiz, mən kimi nəzərdə tuturam. Məsələn, götürək elə Bakıda hamının “Hacı” kimi tanıdığı milyonçu Tağıyevi... Eşitdiyimə görə, siz burada onu himayə edirsiz.
Nəriman Nərimanov. Düz eşitmisiz. Amma nəzərə almaq lazımdır ki, Hacı Zaynalabdın Tağıyev bizdə yüzlərlə, hətta, minlərlə adamın təhsil alması üçün öz pulunu əsirgəməyib. Teatr binası tikdirib. Qızlar üçün məktəb açdırıb. Bakıya su çəkdirib. Pulu da öz zəhməti, ağlı hesabına qazanıb. Atası başmaqçı, özü palçıqçı olub...
İosif Stalin. Hmmm... “Palçıqçı Tağıyev”... Onun “öz pulları”... Xeyr, yoldaş Nərimanov, səhv edirsiz, həmin o Hacı Zeynalabdin xalqın pulları hesabına milyonçu olub.
Nəriman Nərimanov. O, öz xalqını sevən bir adamdır.
İosif Stalin. Mən onu çoxdan tanıyıram. Nüfuzlu adamlarla əlaqə saxlamağı xoşlayan bir neftxudadır. Rus imperatoruna, türk sultanına, Buxara əmirinə qiymətli hədiyyələr verdiyini də bilirəm.
Nəriman Nərimanov. Tağıyev dediyiniz adamlara müəyyən kiçik hədiyyələr verib, amma...
İosif Stalin. Xeyr, kiçik yox... Kiçik niyə? Kifayət qədər böyük hədiyyələr..
Nəriman Nərimanov. Bəli, verdiyi hədiyyələr onun üçün çox kiçik idi... Amma o, indi özünün bütün varidatını, fabrik və zavodlarını, bank və neft quyularını yeni qurulan dövlətə bağışlayıb. Bu hədiyyənin müqabilində o hədiyyələr kiçik bir sovqatdır.
İosif Stalin. O, bu varidatı heç də könüllü verməyib... Yoldaş Nərimanov, mənim bildiyimə görə Tağıyevin sizinlə də xoş ünsiyyəti olub.
Nəriman Nərimanov. Bəli, məhz “olub” nə vaxtsa... 1906-cı ildə biz Bakıda müəllimlər qurultayı keçirdik. Mən o vaxt Odessada tələbə idim. O vaxtacan təhsil xərcini Hacı ödəyirdi. Daha doğrusu, işləyib qaytarmaq şərti ilə ondan borc pul götürmüşdüm. Qurultayda mən çar rejiminə qarşə sərt çıxış etdim. Hacı dedi ki, Nərimanovun cibində bir qara qəpik yoxdur, mənim pulumla oxuyur. Mən də elə oradaca milyonçunun cavabını verdim. Dedim ki, “heç kəsə ixtiyar vermərəm ki, mənfur qızılın gücüylə məni susdursun… Bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”. Mənimlə Hacının arası elə o vaxtdan yoxdur. Amma biz onun xidmətini dana bilmərik. Bir də ki, bu adamın yaşı artyıq yüzü yaxalayıb.
İosif Stalin. Semyon Pankratov mənə dedi ki, Nərimanov bir çox adamların həbsinə imkan vermir. Məsələn, çar generallarının...
Nəriman Nərimanov. Düz deyir. Mən imkan vermirəm. Pankratov bizim bir çox generalları da güllələmək istəyirdi. Məsələn, Şıxlinskini. Bu adam çox təcrübəli sərkərdədir.
İosif Stalin. Sərkərdə?
Nəriman Nərimanov. Bəli, sərkərdə. O, artilleriya generalıdır.
İosif Stalin. Çar ordusunda....
Nəriman Nərimanov. Bəli. Ordu komandanı olub. Onu “artilleriyanın Allahı” adlandırırlar. Səməd bəy Mehmandarov da onun kimi... Bu adam Rus-Yapon müharibəsinin qəhrəmanıdır. Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilib... 1904-cü ildən general-mayor rütbəsi daşıyır.
İosif Stalin. Yəni ingilis hökümətinin verdiyi orden bizimçün belə əzizdir?
Nəriman Nərimanov. Mehmandarov İngiltərə hökumətinin cahan müharibəsi illərində ona verdiyi ordenlərin hamısından imtina edib, onları İngiltərə hökumətinə qaytarıb.
İosif Stalin. O, İmperator ordusunun generalı olub.
Nəriman Nərimanov. Onların hər ikisi siyasətdən uzaq şəxslərdir. Həm Şıxlinski, həm də Mehmandarov.
İosif Stalin. Bilirəm.. Bilirəm... Amma bu generallardan biri Rəsulzadə hökümətində hərbi nazir, o biri isə onun müavini olub.
Nəriman Nərimanov. Yoldaş Stalin, bu necə olur ki, Siz Rəsulzadənin özünü həbsdən azad edirsiz, amma onun etimad göstərdiyi nazirlərin həbsini tələb edirsiz?
İosif Stalin. Mən qətiyyən belə bir tələb irəli sürmürəm. Mən sizin yerli bolşeviklərin tələbini nəzərinizə çatdırıram. Bir də ki, artıq həmin generallar Vladimir İliçin şəxsi göstərişi ilə sizin sərəncamınıza göndərilib. Əslində, onları Sizin məktubunuz xilas edib. Mən bu məsələnin kökünə bələdəm.
Nəriman Nərimanov. Səhv etmirsiz. Mən Lenin yoldaşa generallarla bağlı xüsusi məktub göndərmişdim. Çünki bu adamlar öz təcrübələrini gənclərə də öyrədə bilərlər. Götürək elə Əli ağa Şıxlinskini. Birinci dünya müharibəsində Petroqradın müdafiəsi şəxsən bu adama həvalə olunub.

Məmmədəli Rəsuloğlu. Əli ağa Şıxlinski Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini olmuşdu. 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.
Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirmiş, 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşmuşdu. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılmışdı. O, 1908-ci ildə polkovnik rütbəsi almışdı. Hərbi dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. 1914-cü ildə Petroqradın artilleriya müdafiəsi general Əli ağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olundu.
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əli ağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əli ağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. 1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əli ağa Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi. Sovet dövründə Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri, 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi. 1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirdi. 1929-cu ildən istefaya çıxmişdır. Əli ağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.
Əli ağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.

Nəriman Nərimanov. Və yaxud götürək general Mehmandarovu. Bu kişi Rus-Yapon müharibəsinin əsas qəhrəmanlarından biridir.

Məmmədəli Rəsuloğlu. Səməd bəy Mehmandarov Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri olmuşdu.
1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş Mehmandarova1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir. O, diviziya komandiri kimi Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.
1915-ci ildə S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
1917-ci il fevral burjua inqilabı baş verərkən Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.
Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq Mehmandarov İngiltərə hökumətinin Birinci dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir.
S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir. General 1928-ci ildə səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.
Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.

Nəriman Nərimanov. Yaxud elə hamının yaxşı tanıdığı Üzeyir Hacıbəyovu misal çəkmək olar. Bu adam təpədən-dırnağa sənət adamıdır. Üzeyir bəy təkcə bəstəkar deyil. O həm də ədəbiyyatçıdır. O, bayaq Sizin sitat gətirdiyiniz yazıçının “Şinel” əsərini türk dilinə tərcümə edib.
İosif Stalin. Bəli, Qoqol mənim sevimli yazıçımdır. (Gülür). Düzdür, onu Trotski də sevir. Hətta, Lyova vaxtilə Qoqolun ölümünün əlli illiyi münasibətilə onun haqqında geniş bir məqalə də yazıb. Amma o, Qoqolu lazımı səviyyədə anlamayıb. Mən belə hesab edirəm ki, Qoqolu anlamaq üçün Rusiyanı dərk etmək lazımdır.
Nəriman Nərimanov. Yadıma rus şairi Tütçevin bir fikri düşdü: “Rusiyanı ağılla dərk etmək olmur”.
İosif Stalin. Rusiyanı dərk etmək üçün Rusiyanı sevmək lazımdır.
Nəriman Nərimanov. Elə insanları da dərk etmək üçün əvvəlcə onları sevmək lazımdır. Özü də bu deklorativ, şüarla deyilən sevgi olmamalıdır.
İosif Stalin. Söhbət Üzeyir bəydən gedir. Mən onu tanıyıram. “Arşın mal alana” da dəfələrlə baxmışam.

Məmmədəli Rəsuloğlu. Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885,Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq,pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.
Azərbaycan Demokratik Respublikasının formalaşmasında önəmli rol oynamış və Azərbaycanın ilk himninin müəllifi olmuşdur.
Üzeyir Hacıbəyli Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuş, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948),Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman olan ilk opera müəllifidir.

Nəriman Nərimanov. Üzeyir bəy... O, hamımızın sevimlisidir...
İosif Stalin. Sevgi başqa, reallıq başqa... Amma Üzeyir Hacıbəyov təkcə “sənət” və ya “incəsənət” adamı deyil. O, həm də müsavatçıdır. Bilirəm ki, Rəsulzadə hökumətinin himnini də o yazıb.
Nəriman Nərimanov. Siz bir yandan Rəsulzadəni xilas edirsiniz, digər tərəfdən onun hökümətinin himnini yazanı ittiham edirsiz.
İosif Stalin. (Tutulur. Pərt halda). Yoldaş Nərimanov, sizin insanlara inamınızı təqdir edirəm. (Zorla gülümsəyir). Axı siz həm də yazıçısız... Siz hamını sevirsiz, hamı da sizi.
Nəriman Nərimanov. Yoldaş Stalin, belə bir sevgi mümkün deyil. Nə mən hamını sevə bilərəm, nə də ki, hamı məni... Əslində mənim heç də hamının sevgisini qazanmaq arzum da olmayıb.
İosif Stalin. Bu da doğru... Biz insanların xoşbəxtliyi uğrunda mübarizə aparırıq. Bunu anlayanlar da var, anlamayanlar da...
Nəriman Nərimanov. Ancaq bir bu mübarizəni bəzən kor-koranə aparırıq.
İosif Stalin. Kor-koranə niyə? Şəxsən mən mübarizəmin xarakterini və məqsədini yaxşı dərk edirəm.
Nəriman Nərimanov. Görünür, bu da bir vergidir...
İosif Stalin. Yoldaş Nərimanov, mən nə hansısa fövqəlbəşər vergiyə inanıram, nə qismətə, nə də alın yazısına... Mənim inandığım şey marksiz-leninizm ideyaları və proletariatın iradəsidir... (Pauza).
Nəriman Nərimanov. Unutmayaq ki, ideyalar ideallardan doğur.
İosif Stalin. Olsun. Raziyam. (Pauza). Hə, indi isə yola hazırlaşmaq lazımdır. Qatarımız yoldaşlarla birgə Bakı vağzalında bizi gözləyir...












2-ci hissə.
YOLDA.
BAKI-MOSKVA QATARI.
1920-ci il.

Bakı dəmiryol vağzalı.
Səhnədə Məmməd Əmin Rəsulzadə, Rəhim bəy və Dadaş bəy. Onlar perron boyu gəzişirlər.

Məmmədəli Rəsuloğlu. Biz Məmməd Əminlə Vağzala gəldik. Moskva qatarı Stalini gözləyirdi. Əvvəldən danışıb razılaşdığımız kimi, Rəhim bəylə Dadaş bəy artıq bizi vağzalda gözləyirdi.

Rəhim bəy. Qatar sağ tərəfdəki yolda dayanıb.
Dadaş bəy. Əmin bəy, Sizin vaqonunuz hansıdır?
Məmməd Əmin. (Gülür). Mənim vaqonum yoxduur. Biz Məmməd Əli ilə Stalinin vaqonunda gedəcəyik.
Rəhim bəy. Əmin bəy, Moskvaya çatan kimi tel vurun. Hər halda Rusiya bizə yad ölkədir.
Dadaş bəy. Rusiya bizə yad olsa da, ruslar yad deyil
Məmməd Əmin. Rəhim bəy doğru deyir. Rusiya bizimçün uzaq olsa da, ruslar çox yaxındır. Budur, Bakıda rusların sayı kifayət qədərdir. Amma onlarla bizim araməzda indiyəcən bir insident olubmu? Xeyr. Eləcə də ermənilərlə... Rusu da, ermənini də bizim üstümüzə qaldıran həmişə rus çarizmi olub.
Rəhim bəy. Əmin bəy, bu gün Çar Rusiyası süquta uğrayıb. Hakimiyyətdə bolşeviklərdir. Sizcə vəziyyət dəyişibmi?
Məmməd Əmin. Mən belə hesab edirəm ki, Azərbaycanda bu gün ağ rusları qırmızı ruslar əvəz edib. Yəni imperalist rusları kommunist ruslar əvəz edib. Hələlik elə bir əsaslı dəyişiklik nəzərə çarpmır.
Dadaş bəy. Biz bu qırmızı ruslarla ilə mübarizəni bir gün də dayandıra bilmərik.
Rəhim bəy. Rusiya Azərbaycanla daim hədə tonunda danışır.
Məmməd Əmin. Dadaş bəy düz deyir, bizim mübarizəmiz hələ davam edir.
Rəhim bəy. Əmin bəy, indi Siz Moskvaya gedirsiz. Allahın köməkliyi ilə biz gəlib sizi orada tapacağıq.
Məmməd Əmin. İnşallah.
Dadaş bəy. Bəs Stalin nə deyir? O, Sizin işlə təmin olunmağınıza bir zəmanət verirmi?
Məmməd Əmin. Hələ bu barədə konkret bir söhbətimiz olmayıb. Amma Kobanın dediyindən belə çıxır ki, elm mərkəzlərindən birində çalışa bilərəm.
Rəhim bəy. Bu bolşevik quldurlar bizim bütün planlarımızı pozdular.
Dadaş bəy. İndi Azərbaycan öz relsindən çıxmış qatara oxşayır. Biz hansı stansiyaya getdiyimizi hələ müəyyən edə bilməmişik.
Səs-küy.
Rəhim bəy. Deyəsən, Moskvaya gedənlər gəlirlər.
Dadaş bəy. Gələn Nərimanovdur.
Rəhim bəy. Bəyəm Nərimanov da Moskvaya gedir?
Məmməd Əmin. Yox... Yəqin Nəriman bəy qonaqları yola salmağa gəlib.

Nəriman Nərimanov gəlir. Hamı ilə əl tutub görüşür.

Nəriman Nərimanov. Salam, Əmin bəy. Rəhim bəy, xoş gördük. Dadaş bəy, Siz necəsiz? Hamınızı təbrik edirəm, Əmin bəy azadlıqdadır. Əminəm ki, Əmin bəyə Moskvada da bir münasib iş tapılar. O, harada çalışırsa çalışsın, hər bir yerdə xalqımıza xeyir verəcək insandır.
Rəhim bəy. Sağ olun, Nəriman bəy.
Dadaş bəy. Doğru deyirsiz, Nəriman bəy, Əmin bəy xalqımıza çox lazımdır.
Məmməd Əmin. Təşəkkür edirəm, Nəriman bəy. (Rəhim bəyə və Dadaş bəyə işarə ilə). Bəylər, sizə təşəkkür edirəm. Gedə bilərsiz. Yolunuz da uzaqdır. Ləngiməyin.

Rəhim bəy və Dadaş bəy Məmməd Əminlə qucaqlaşıb öpüşür, Nərimanovla əl tuturlar.

Rəhim bəy. Hələlik, Əmin bəy. Nəriman bəy, hələlik.
Dadaş bəy. Görüşənə qədər. Allah amanında.

Rəhim bəy və Dadaş bəy gedirlər.

Nəriman Nərimanov. Əmin bəy, bəs Abbasqulu bəy hanı?
Məmməd Əmin. Abbasquluya icazə vermədilər.
Nəriman Nərimanov. Hm... Biz onun da getməsini demişdik...
Məmməd Əmin. Siz ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər... Çox güman ki, o, sonra gələcək. (Pauza). Nəriman bəy, hələ qatarın getməsinə çox var. Məncə Siz xeyli tez gəlmisiz.
Nəriman Nərimanov. Bilirəm... Siz bunu nə üçün deyirsiz?
Məmməd Əmin. Dediyim odur ki, Koba hələ gəlməyib.
Nəriman Nərimanov. Bunu da bilirəm... Bu gün Serqo Orconikidze ilə Budu Midivani də bu qatarla gedəcək. Yəqin ki, onların hamısını tanıyırsan.
Məmməd Əmin. Serqo ilə lap çoxdan tanışıq. O, burada -Bakıda neft buruqlarında işləyən fəhlələrin müalicəsi ilə məşğul olan vaxtdan. O vaxt Serqo feldşer idi... Budu Midivani və onun qardaşı Semyon Midivani ilə da yaxından tanışam.
Nəriman Nərimanov. Əmin bəy, mən bu gün buraya-dəmiryol vağzalına təkcə Mərkəzdən gələn qonaqları yola salmaq üçün gəlməmişəm. Gəlmişəm ki, fürsətdən yararlanıb həm də Sizinlə görüşüm.
Məmməd Əmin. Təşəkkür edirəm, Nəriman bəy. Zəhmət çəkmisiz... Ehtiyac duymuram buna.
Nəriman Nərimanov. Mən bu sözləri minnət qoymaq üçün demirəm.
Məmməd Əmin. Səmimiyyətinizə inanıram.
Nəriman Nərimanov. Bilirəm, Siz Məmməd Əli bəylə Stalinin vaqonunda gedəcəksiz.
Məmməd Əmin. (Gülür). Görünür, Koba bizi girov götürmək istəyir.
Nəriman Nərimanov. Yox, o, bununla öz keçmiş borcunu qaytarmaq istəyir.
Məmməd Əmin. Yəqin ki... (Pauza). Nəriman bəy, əslində mənim heç bir kəslə şəxsi ədavətim yoxdur.
Nəriman Nərimanov. Əmin bəy, bəyəm mən bunu bilmirəm? Biz birlikdə uzun bir mübarizə yolu keçmişik. Çox çətin zamanlarda bir yerdə olmuşuq. Mən Sizə, sizin fəaliyyətinizə yaxşı bələdəm.
Məmməd Əmin. Amma bu gün müxtəlif yerlərdəyik... Özü də əks yerlərdə.
Nəriman Nərimanov. (Gülür). Yox, elə deyil, Əmin bəy. Bax budur, biz yenə bir yerdəyik.
Məmməd Əmin. Bəli, məkan etibarilə bir yerdəyik. Amma ayrı-ayrı, bir-birinə zidd olan ideyaların yanındayıq, Nəriman bəy.
Nəriman Nərimanov. Biz əslində daim eyni bir ideya uğrunda mübarizə aparmışıq. Vətənimizin azadlığı, millətimizin xoşbəxtliyi uğrunda vuruşmuşuq.
Məmməd Əmin. Doğrudur... Amma ortaya sual çıxır: bu gün vətənimiz azaddırmı, millətimiz xoşbəxtdirmi?
Nəriman Nərimanov. Əlbəttə, bu gün yox... Amma əminəm ki, sabah, birisi gün biz öz istəyimizə çatacağıq. Bax o vaxt millətimiz xoşbəxt olacaq.
Məmməd Əmin. Təəssüf ki, hələlik belə bir işartı görünmür.
Nəriman Nərimanov. Biz bolşeviklər gələcəyə nikbin baxırıq.
Məmməd Əmin. Bu, sizin öz işinizdir. Gələcəyə necə istəsəniz o cür də baxa bilərsiz. Amma bu minvalla gedilsə millətimizi qarşıda gələcəksiz bir zaman gözləyir. Yəni yaxın gələcək bizə yaxşı bir şey vəd etmir.
Nəriman Nərimanov. Hər halda tarix daim irəliyə doğru hərəkət edir... Bizim heç birimiz də hansısa uğursuzluğdan sığorta olunmayıb.
Məmməd Əmin. Bəli, əslində tarix irəli getməlidir... Bu, saxta bir tarixdir... Bir də ki, söhbət məndən və ya Sizdən, yəni ayrı-ayrı fərdlərdən getmir. Söhbət millətdən, xalqdan gedir, Nəriman bəy.
Nəriman Nərimanov. Bizim üçün milətin hər bir övladı əziz və qiymətlidir.
Məmməd Əmin. Amma mənim şəxsi qənaətimə görə, bolşeviklərin hakimiyyyətə gəldiyi bu son yeddi ay ərzində bizim insanların vəziyyəti çox ağırlaşıb. İndi adamlar özlərini cəhənnəmin dibində hesab edirlər. Bəyəm Siz özünüz bunu görmürsüz, hiss etmirsiz?
Nəriman Nərimanov. Əmin bəy, mən hər bir vətəndaşımızın həyatı üçün çalışıram. Daha doğrusu, bunun üçün məsuliyyət daşıyıram.
Məmməd Əmin. Ola bilər. Amma nə əldə etmisiz? Hər yerdə aclıq, səfalət, dilənçilik... Əldə olunan qazanc budurmu?
Nəriman Nərimanov. Hər halda bir qazancımız da elə Sizin həbsdən sağ-salamat çıxmağınızdır.
Məmməd Əmin. Təşəkkür. (Pauza). Bilirəm, Dadaş bəylə Rəhim bəy Sizin yanınızda olublar. Onları yaxşı qarşılamısız... Bunlardan da xəbərdaram.
Nəriman Nərimanov. Əmin bəy, təkcə Dadaş bəylə Rəhim bəy yox, mənim adaşım Nəriman bəy Nərimanov, yazıçı həmkarım və sizin yaxın qohumunuz Seyid Hüseyn, habelə Əhməd Hacınski, Əbdül Əbdülzadə, Əli Yusifzadə, Kərbalayi Vəli Mikayılov da Sizin həbsdən azad olunmağınızla bağlı bir neçə dəfə mənim yanımda olublar. Mənə müraciət edən başqa adamların adlarını da çəkə bilərəm. Mən onların hamısına demişəm ki, biz Rəsulzadənin sağ qalmağında maraqlıyıq. Amma onun gələcək taleyi təkcə mənim səlahiyyətimdən asılı deyil.
Məmməd Əmin. Mən təxmini də olsa bu məsələni bilirdim. Əlbəttə, hazırda çox şeyi Mərkəz həll edir. İndi hər hansı bir ailə bir qara sabun və ya bir girvənkə qənd-yağ almaq üçün gərək Moskvaya müraciət edəsən. Mağaza-dükan sahiblərini möhtəkir adıyla tutur, bəzən də güllələyirlər. Nəriman bəy, budurmu Sizin təriflədiyiniz bolşevik əxlaqı, sovet qayda-qanunu?
Nəriman Nərimanov. Əmin bəy, baş verən xoşagəlməz hadisələr haqda mənim də məlumatım var. Amma unutmayaq ki, bu hadisələrdən yararlanıb uydurma əhvalat quraşdıranlar da az deyil.
Məmməd Əmin. Uydurma? Söhbət hansı uydurmadan gedir, Nəriman bəy? Bəlkə bolşeviklərin Bakıda törətdikləri iyrənc hərəkətlər, talanlar da uydurmadır? Bəlkə bu ilin may ayında baş vermiş Gəncə üsyanı da uydurmadır? Ya bəlkə heç o üsyan yerli-dibli baş verməyib? Yalnız on mindən artıq insanı süngüyə keçirmək, şəhəri tamamilə dağıtmaq hesabına Gəncədə antisovet üsyan yatırıldı. Bu da uydurmadır? Bəlkə milli ordu hissələrinin ayağa durub müstəqilliyimiz və istiqlaliyyətimiz uğrunda mübarizə aparması da uydurmadır? Hələ o əsgərlərə vəhşicəsinə tutulan divan... Bunların heç biri uydurma deyil, Nəriman bəy.
Nəriman Nərimanov. Doğrusu, mən bilməzdim ki, siz ruslara bu qədər mənfi münasibət bəsləyirsiz...
Məmməd Əmin. Doğrusu, mən də bilməzdim ki, Siz çox mürəkkəb bir məsələni bu qədər primitivləşdirirsiniz. Mən hələ 1918-ci il dekabr ayının yeddisində Bakıda milli parlamentimizin ilk iclasında çıxış edərkən Rusiya ilə münasibətimizə toxunmuşdum. Mən ruslarla əlaqələrimizin daim inkişaf etdirilməsinin tərəfdarı olmuşam.

Məmmədəli Rəsuloğlu. Məmməd Əmin Rəsulzadə parlamentin ilk iclasında demişdi: “Bizim Rusiyadan ayrılmağımız heç də Rusiyaya düşmənçilik münasibəti bəsləmək deyildir. Biz rus xalqından pislik görməmişik. Ruslar özləri despotizm zülmü bizdən də çox əzaba qatlaşıblar... Biz Rusiyanı sevirik, lakin öz müstəqilliyimizi də sevirik”.

Nəriman Nərimanov. Bəli, Rusiya bizim yaxın, etibarlı qonşumuzdur...
Məmməd Əmin. Artıq Rusiya bizimlə qonşu kimi davranmır... Bəyəm Siz bunu görmürsüz, Nəriman bəy?
Nəriman Nərimanov. Hər bir dövlət öz mövcudluğunu nəyin bahasına olursa-olsun qorumalıdır.
Məmməd Əmin. Hətta, öz vətəndaşlarının ölümü hesabına belə olsa, eləmi? (Pauza). Xeyr, bu, kökündən səhv olan bir anlayışdır, Nəriman bəy. Dövləti xalq qurmalı, xalq idarə etməlidir. Amma Lenin və bolşeviklər dövləti vətəndaşlar üzərində cəza aparatı kimi təsəvvür edir. Az qala bütün hakimiyyət güc strukturlarına tabe edilib. Bu, əsl polis, jandarm üsul-idarəsidir. Heç çar vaxtı da belə bir idarə forması olmayıb.
Nəriman Nərimanov. Əmin bəy, heç də elə deyil. Güc strukturlarının hamısı bütün hallarda Xalq Komissarlığına tabe olub.
Məmməd Əmin. Özünüzü aldatmayın, Nəriman bəy. Azərbaycanda real hakimiyyət bir xeyli müddət əsli-kökü bilinməyən Pankratovun əlində olub. O, “osobı otdel”ə rəhbərlik edərkən heç sizin özünüzü saya salmırdı. İstədiyini edirdi. O, əsl qırmızı cəllad idi. Pankratov məni də güllələməyə fürsət axtarırdı.
Nəriman Nərimanov. Bilirəm... (Gülür). Amma Siz həbsdən çıxmaqla onun arzusunu gözündə qoydunuz...
Məmməd Əmin. Mən o cəlladı qınamıram. Bilirsiz nə üçün? Çünki Pankratov bütün dəst-xətti, həyat tərzi, düşüncəsi etibarilə Sovet hakimiyyətinin simvoludur. O, bu quruluşun canlı mücəssiməsi, parlaq heykəlidir.
Nəriman Nərimanov. Mən əlbəttə, Pankratova və bu cür digər yaramazlara heç vaxt bəraət verməmişəm, vermərəm də. Mən hökumətə gələndən sonra siyasi mənsubiyyətinə görə bir nəfər də güllələnməyib. O cümlədən mən Sizin salamat qalmağınız üçün əlimdən gələni etmişəm.

Məmmədəli Rəsuloğlu. “Kommunist” qəzetinin 1920-ci il iyun ayı nüsxəsində Azərbaycan Sovet hökumətinin sədri Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi məlumat verilir:
“Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət (qorunması) altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.

Məmməd Əmin. Mən sizə inanıram, Nəriman bəy. Söhbət sistemin mahiyyətindən gedir...
Nəriman Nərimanov. Bu, fəhlə-kəndli hökümətidir. Əzilən, istila olunan, dərisi soyulan bir sinfin hakimiyyətidir. Biz burjua dövləti qurmamışıq və bunu da gizlətmirik.
Məmməd Əmin. Nəriman bəy, bilirəm Siz nəyə işarə edirsiz?
Nəriman Nərimanov. Nəyə?
Məmməd Əmin. Bilirəm, yazilarınızda tez-tez qeyd edirsiz ki, Müsavatçılar burjua dövləti qurmuşdular.
Nəriman Nərimanov. Bəli, yazmışam. Gizlətmirəm.
Məmməd Əmin. Yaxşı, onda sual olunur: hansı əsasla belə bir qənaətə gəlmisiz, Nəriman bəy?
Nəriman Nərimanov. Madam ki, Siz soruşursuz, mən səmimi cavab verməyə məcburam, Əmin bəy. Bunu sübut etmək üçün təkcə cizin kabinetin və parlamentin tərkibinə baxmaq kifayətdir. Orada, demək olar ki, bir nəfər də olsun fəhlə və kəndli nümayəndə yoxdur, Əmin bəy. Bu, necə ola bilər axı?
Məmməd Əmin. Bəlkə də siz müəyyən qədər haqlısız, Nəriman bəy. Orada olanların əksəriyyəti az-çox yüksək təbəqənin adamlarıdır. Bəs biz nə etməliydik?
Nəriman Nərimanov. Gərək Siz bu sualı vaxtında özünüz özünüzə verəydiniz, Əmin bəy.
Məmməd Əmin. Mən bu sualı özümə çox vermişəm. Cavabım da hazırdır. İstəsəniz Sizə də deyə bilərəm...
Nəriman Nərimanov. O, nə cavabdır elə?
Məhəmməd Əmin. Məsələ burasındadır ki, Çar Rusiyası dövründə yalnız az-çox varlı-karlı adamlar öz uşaqlarına təhsil verə bilirdilər. Elə deyilmi?
Nəriman Nərimanov. Doğrudur.
Məmməd Əmin. Onların əksəriyyəti öz zəhməti hesabına varlanmış insanlar və onların övladları idi. Bəli, bizim hökümətdə və parlamentdə daha çox oxumuş adamlar təmsil olunurdu. Bəs parlamentdə kimlər oturmalıdır? Qanun-qaydadan başı çıxanlar, yazıb-oxumağı bacaranlar, dünyanın axar-baxarına bələd olanlar. Yaxşı, Siz deyin, hərf tanımayan adamın parlamentdə nə işi?
Nəriman Nərimanov. Bu sözlərdə zəhmətkeş xalqa bir həqərat yoxmu, Əmin bəy?
Məmməd Əmin. Qətiyyən. Hansı həqəratdan söhbət gedə bilər? Bu xalqın hər bir övladı- dilənçisindən tutmuş nazirinə qədər mənim doğma qardaş-bacımdır. Sadəcə, mənim dediyim odur ki, qanunlar savadlı adamlar tərəfindən hazırlanmalıdır. Elə buna görə də biz bütün xalqımızın savadlı, təhsillli olmasını arzu edirdik.
Nəriman Nərimanov. Arzu bir şey, əməlsə ayrı bir şeydir, Əmin bəy.
Məmməd Əmin. Bizim əməlimiz göz qabağındadır. Hakimiyyətdə olduğumuz il yarım ərzində Bakıda universitet yaratdıq. Nəriman bəy, kim bilməsə də Siz yaxşı bilirsiz ki, Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bunun böyük əhəmiyyəti isə ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün mənim başçılığım altında Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndizadədən ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransanın, 23 nəfər İtaliyanın, 10 nəfər İngiltərənin, 9 nəfər Türkiyənin ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi. Doğrudanmı, bolşeviklər bizim çox qısa bir vaxt ərzində gördüyümüz işləri görmür və ya görmək istəmir?
Nəriman Nərimanov. Bizim istəyimiz budur ki, gələcəkdə övladlarımız öz ölkələrində təhsil alsın.
Məmməd Əmin. Yaxşı arzudur. Amma arzu başqa, reallıqsa başqa bir şeydir. Biz azad təfəkkürlü insanlar yetişdirmək istəmişik, qul təfəkkürlü yox... Biz öz təsis etdiyimiz universitetin məzunlarını məhz bu cür görmək istəmişik.


Məmmədəli Rəsuloğlu. Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.
Universitetin fəaliyyətə başlamasından on gün əvvəl- avqustun 21-də parlamentin 67-ci iclası bütövlükdə universitetin təşkili haqqında məsələyə həsr olundu. İlk əvvəl “Müsavat”ın üzvü Mehdi bəy Hacınski hökumətin universitetin təşkili ilə bağlı gördüyü işlər haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, universitetin təşkili ilə bağlı parlamentə qədər və parlament müzakirələrində iki fikir mövcuddur. Birinci fikrin tərəfdarları heç bir səbəb göstərmədən universitetin tezliklə açılmasının tərəfdarı idilər, ikinci fikrin müdafiəçiləri isə vaxtın azlığını nəzərə alaraq hələlik gözləməyi məsləhət bilirdilər. Mehdi bəy Hacınski parlamentə xitabən sual etdi: “Bakıda darülfünun olması mümkündürmü? Hökumət bəyan edir ki, mümkündür, çünkü professor-müəllim heyəti Bakıya gəlməyinə etiraz etmir, tədris müəssisəsi kimi kommerçeski məktəbin binası hazır, tibb şöbəsi üçün alət-avadanlıq nümunələri var və s. Universitetin açılması üçün daha nə lazımdır?”
“Əhrar” partiyasının sədri Qara bəy Qarabəyli universitetin açılmasına etiraz etmirdi, amma iddia edirdi ki, bilmirik, universiteti kimlər açır, kimlər oxuyacaq, şərtlər necə olacaq?
Məmməd Əmin Rəsulzadənin parlamentdəki çıxışı uzun olsa da məzmun etibarilə hətta opponentlərini də razı saldı. Çıxışın ana xəttini aşağıdakılar təşkil edirdi: “Bizə nə üçün universitet lazımdır? Biz nə üçün rus dilində təhsilə möhtacıq? Milli darülfünun arzusunda olanlar nə üçün dərd çəkməməlidir?” Rəsulzadə öz sualına özü cavab verərək belə dedi: “Elmin vətəni yoxdur, rus dilində hər hansı bir elmin tədrisi rus işğalı üçün şərait yaratmır. Rus darülfünunlarında təhsil edənlərdən zərər görən olmayıb. Ən əsası, bu darülfünun get-gedə milliləşəcək”.Məmməd Əmin öz çıxışını bu sözlərlə bitirdi: “Heç bir millət tarixin ilk addımında milli bir darülfünunə sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Darülfünun hər dildə olsa da olsun, açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir ürfan müəssisəsi qururuq və öz gənclərimizi onun vasitəsi ilə ziyalandırıb, istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq”.

Nəriman Nərimanov. Bilirəm, universitet sizin təşəbbüsünüzlə yaranıb. Hətta, Sizin orada dərs keçməyinizdən də xəbərdaram.


Məmmədəli Rəsuloğlu. Bakı Dövlət Universitetinin yaranması birbaşa Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazırdı: "Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi". 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış,"1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında" qeyd edilib ki, Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir.

Məmməd Əmin. Mən həmişə belə düşünmüşəm ki, insanların ən böyük fəlakəti cahillikdən qaynaqlanır. Onları bu fəlakətdən yalnız elm xilas edə bilər.
Nəriman Nərimanov. (Gülümsəyir). Hər halda, mən “Nadanlıq” əsərinin müəllifiyəm.
Məmməd Əmin. Mən bu əsəri çox yerdə nümunə göstərmişəm... Amma məni qorxudan budur ki, biz bir cəhalətdən qurtulub başqa bir cəhalətə düçar olmaqdayıq.
Nəriman Nərimanov. O, nə cəhalətdir elə?
Məmməd Əmin. Mən onun adını hələlik şərti olaraq “sovet cəhaləti” qoya bilərəm.
Nəriman Nərimanov. Əksinə, biz cəhalətə qarşı müharibə elan etmişik. Bilmirəm, Siz nəyə görə belə bir qənaətə gəlmisiz?
Məmməd Əmin. Hər şey göz qabağındadır ki... İndi Lenin çardan daha çox təbliğ olunur. Bir zaman çarı peyğənbər kimi mədh edirdilər, indi isə Lenin Allahla müqayisə edilir.
Nəriman Nərimanov. Yox, bunu rəsmi dairələr etmir ki... Özünüz bilirsiz ki, geniş əhali kütləsinin fikrini dəyişmək çətindir.
Məmməd Əmin. Lenin barədə bir-iki tənqidi söz deyəni bolşeviklər yerindəcə güllələyirlər. Bəs bu cəzalar hansı qanunla nizamlanır?
Nəriman Nərimanov. Mən hər cür qanunsuzluğa qarşı amansızam.
Məmməd Əmin. Bu məsələlər təkcə Sizdən asılı deyil ki, yoldaş Nərimanov...
Nəriman Nərimanov. Bilirəm... (Pauza.) Əmin bəy, Koba mənə hər şeyi danışıb. Söz verib ki, Moskvada sizi işlə təmin edəcək.
Məmməd Əmin. Bunu gələcək göstərəcək. Doğrusunu deyim ki, Moskvada yaşamaq mənə sürgün kimi bir şey olacaq. Bunu indidən görüb hiss edirəm.
Nəriman Nərimanov. Siz həmişəlik getmirsiz ki... Əminəm ki, yenə vətənə qayıdıb gələcəksiz.
Məmməd Əmin. Allah kərimdir... Bu, həyatdır. İrəlicədən bir söz demək çətin məsələdir.
Nəriman Nərimanov. Elədir. Dünya çox sürətlə dəyişir...
Məmməd Əmin. Nəriman bəy, biz qısa zamanda heçdən bir dövlət yaratdıq.
Nəriman Nərimanov. Bir ilə, iki ilə dövlət yaranmır, Əmin bəy.
Məmməd Əmin. Niyə də yaranmasın? Əgər bu dövlət deyildisə, onda niyə Sizin, eləcə də bolşeviklərin bütün sənədlərində “Müsavat dövləti” ifadəsi işlədilir?
Nəriman Nərimanov. Mən yerli-yataqlı, bütün hərəkət mexanizmi dayanmadan çalışan dövləti nəzərdə tuturam.
Məmməd Əmin. Ona qalmış heç yüzillərin dövləti olan Rusiya da “yerli-yataqlı” bir dövlətə çevrilməmişdi. Rusiya, olsa-olsa bir rus şairinin dediyi kimi, aclar və qullar səltənəti idi.
Nəriman Nərimanov. Məhz buna görə bu səltənət dağılmalı idi və dağıldı da... (Pauza). Əmin bəy, biz hələ dördüncü ildən, “Hümmət” təşkilatını yaradandan üzü bəri çarizmə qarşı bir olmuşuq.
Məmməd Əmin. Doğrudur. Amma bizim məqsədimiz vətənimizi çar Rusiyasının qanlı caynağından azad etmək olub. Biz bu mövzuda vaxtilə sizinlə çox danışmışıq, Nəriman bəy. Bəyəm biz bir imperiyanın əsarətindən qurtulub başqa bir imperiyanın əsarətinə təslim olmaq üçün vuruşurduq?
Nəriman Nərimanov. Düzdür, bizim məqsədimiz Azərbaycanı müstəqil görmək olub. Mən yenə də bu müstəqillik uğrunda vuruşuram.
Məmməd Əmin. Nəriman bəy, Siz hansı müstəqillikdən dəm vurursuz? Bu gün Rusiya Federasiyası tərkibində olan Azərbaycanın heç bir hüququ yoxdur.
Nəriman Nərimanov. Elə ona görə də deyirəm ki, mənim mübarizəm davam edir.
Məmməd Əmin. Biz Rusiyanın tərkibində yox, Rusiya ilə qonşuluq şəraitində yaşamalı idik.
Nəriman Nərimanov. Əmin bəy, bəyəm Rusiya Azərbaycanın müstəqilliyini tanıdı ki, biz onunla əməkdaşlıq da edək?
Məmməd Əmin. Bunun günahı bizdədir, yoxsa ruslarda?
Nəriman Nərimanov. Təqsir həm bizdə, həm sizdə, həm də Rusiyadadadır. Gəlin bir qonşu ermənilərə baxaq. Onlar həm Avropa ilə münasibətləri qoruyub saxlayır, həm Rusiya ilə... Həm də öz işlərini görürlər.
Məmməd Əmin. Siz elə düşünürsüz ki, ermənilər öz müstəqilliyini qoruyub saxlayacaqlar?
Nəriman Nərimanov. Xeyr. Mən elə düşünmürəm, Əmin bəy. İndi siz yol üstəsiz, Moskvaya gedirsiz. Olsun ki, siz mənzil başına çatanacan ermənilər Sovet hakimiyyətinin qurulduğunu elan etsinlər. Onlar bir gün də Rusiyasız yaşaya bilməzlər.
Məmməd Əmin. Amma biz Rusiyasız belə, normal bir dövlət kimi yaşaya bilərik.
Nəriman Nərimanov. Əmin bəy, gəlin özümüz-özümüzə sual verək: bəyəm bu gün xalqların taleyi yalnız onların özlərindənmi asılıdır? Axı biz niyə etiraf etməyək ki, Azərbaycan Rus imperiyasının təsirindən çıxan kimi, başqa bir dövlətin, məsələn, ingilis imperiyasının təsiri altına düşməkdə idi?
Məmməd Əmin. Mən etiraf edirəm, rus imperiyası çökən zaman ingilislər Qafqazda öz dayaqlarını məhkəmləndirmək istəyirdilər. Amma bu, ölkəmizin müstəqilliyi üçün heç də böyük təhlükə ola bilməzdi.
Nəriman Nərimanov. Axı vaxtilə, hələ yeddi-səkkiz il öncə, mənim sizinlə bu mövzuda söhbətim olub. Biz sizinlə daim ingilislərin yer üzündə hegemonluq siyasətinin əleyhinə olmuşuq.
Məmməd Əmin. Mən yenə bu siyasətin əleyhinəyəm.
Nəriman Nərimanov. Axı mən bilirəm ki, sizin dövrünüzün hökuməti xarici qüvvələrə, məsələn, gah ingilislə, gah italyanla əlaqə qurmaq istəyirdi.
Məmməd Əmin. Bəli, biz bir çox ölkələrlə əlaqə qurmaq istəyirdik. Burada pis nə var ki?
Nəriman Nərimanov. Burada söhbət adi əlaqələrdən getmir. Söhbət milli mənafenin ayaq altına atılmasından gedir. (Pauza). Həm də söhbət təkcə xaricdə axtarılan dəstəkdən getmir.
Məmməd Əmin. Bəs söhbət nədən gedir, Nəriman bəy?.. Bəlkə bir az da açıq, səmimi danışasız.
Nəriman Nərimanov. Söhbət həm də ondan gedir ki, Yusifbəyov hökuməti Denikin, Kolçakın simasında özünə tərəfdaş axtarırdı.

Məmmədəli Rəsuloğlu. Parlamanın 5 iyun 1919-cu ildəki 45-ci iclasında da Denikin təhlükəsi yenidən gündəmə gəldi. Yenə Rəisi-vükəla (Baş nazir) Nəsib bəy Yusifbəyli deputatlar qarşısında geniş izahat verdi. O bildirdi ki, dünən Denikinin nümayəndəsi polkovnik Lazarevdən bir kağız gəlib. Ondan görünür ki, Denikin Rusiya təşkil olunana qədər bizim istiqlaliyyətimizi tanıyır və “sizə təhlükə yoxdur” deyir, ancaq bunun adicə kağız olduğunu özləri tez vaxtda isbat elədilər.

Məmməd Əmin. Nəriman bəy, bu, yumşaq desəm, cəfəng bir fikirdir. Biz Denikin və Kolçakın simasında özümüzə nə tərəfdaş, nə də xilaskar axtarmışıq. Biz heç zaman qonşularını əzən, onların haqqını yeyən Rusiyanın tərəfdarı olmamışıq. Bu mənada çalışmışıq ki, rusların diqqətini öz probləmlərinə yönəldək. O ki qaldı Yusifbəyov hökumətinə... Bəli, mən Sizin Nəsib bəy Yusifbəyova məktubunuzu oxumuşam.
Nəriman Nərimanov. Bəli, gizlətmirəm, mən sizin hakimiyyətiniz dövründə dördüncü və beşinci hökumət kabinetlərində baş nazir vəzifəsini icra etmiş Nəsib bəy Yusifbəyova məktub yazmışdım.

Məmmədəli Rəsuloğlu. Nəriman Nərimanovun həmin məktubunda deyilirdi:
“Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları.
Mənim sizə belə müraciət etməyimə səbəb odur ki, bizim siyasi nöqteyi-nəzərimiz bir-birindən kəskin sürətdə ayrıldığından sizə başqa cür müraciət edə bilmirəm. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyət verilməsi lazım gələn məsələ aşağıda yazdıqlarımdır. Qafqaz müsəlmanlarının Bakıda çağırılmış birinci qurultayı, əlbəttə, yadınızdadır. Mənim bu qurultayda çıxış etdiyim də həmçinin yadınızdadır. Qurultay məndən böyük bir nitq gözləyirdi. Lakin mən, təxminən aşağıdakıları dedim: “Zaqafqaziya müsəlmanları! Siz rus inqilabının mahiyyətini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imperialist müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün dünya inqilabının başlanğıcı oldu. Bu dünya inqilabının dalğaları içərisində boğulmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin”. Mənim bütün nitqim, deyəsən, bundan ibarət idi. Siz mənim bu dediklərimə diqqət yetirərək onu öz bildiyiniz kimi şərh etməyə başladınız. O zamandan çox keçmişdir, çox hadisələr və əhvalatlar olmuşdur.
Siz və həmfikirləriniz mənimlə siyasi düşmən olduğunuza baxmayaraq mən sizə qarşı nəzakətlə hərəkət edirdim. Nə qədər ki, siz “millət” və “din” sözlərini tez-tez təkrar etməklə məşğul idiniz, mən öz nöqteyi-nəzərimdən sizə geridə qalmış adamlara baxan kimi baxırdım. Mən bu fikirdə idim ki, doğrudan da hamını birdən-birə döndərib beynəlmiləlçi etmək olmaz. Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi sürətdə çıxış etmişəm. Hətta, mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın sürətdə göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi, lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar?
İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız.
Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz? Təkrar edirəm: ingilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub- oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi) bir ovuc zavod sahibinin və mülkədarın mənafeyinin müdafiə edənlərsiniz.
Məgər həqiqətdə belə deyilmi? Siz Azərbaycanı həqiqətən sevsəydiniz, həmişə dediyiniz kimi, ümumiyyətlə müsəlmanların əsil müdafiəçiləri olsaydınız, müsəlman kütlələrilə heç vaxt belə rəftar etməzdiniz… Lakin, mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş.
İndi ingilislər gedirlər. Onlar ona görə getmirlər ki, siz onları məcbur edirsiniz; yox, buna səbəb odur ki, İngiltərədə iğtişaş vardır. Lakin onlar gedirkən sizi İtaliyanın əlinə ötürmək istərdilər (ah nə rəzalət!), lakin İtaliya özü də bu saat özünü o yan bu yana ata bilməz, çünki orada da çox qarışıqlıq vardır. İngiltərənin məqsədi sizi elə əllərə verməkdir ki, siz Sovet Rusiyası ilə əlaqədə ola bilməyəsiniz. Bunların hamısı sizə, əlbəttə, məlumdur. Nəhayət, İngiltərə möhkəm ümid edəcəyi bir adam tapmışdır ki, o da Denikindir. Sizin fikrinizi bilmirəm, lakin biz əminik ki, Denikin Bakıya İngiltərənin razılığı ilə hücum edir.
Budur, siz burda bir cəsarət göstərirsiniz, Denikinə qarşı müharibə elan edirsiniz.
Əcəba sizi belə hərəkət etməyə məcbur edən nədir? Mən burada fəhlələrin təzyiq göstərməsindən danışmaq fikrində deyiləm; yox, mənim məqsədim sizin ürəyinizin gizli sirlərini bilməkdir. Burjuaziya üçün bunun qətiyyən heç bir fərqi yoxdur; ona eyş-işrətli və arsız həyat lazımdır, bu isə Denikin vaxtında da olacaqdır.
Lakin siz müsəlman ziyalıları, Azərbaycan müsəlmanlarının müqəddəratını həll edən sizlər, indi hökümət başında duranlar Denikinin sizə nələr nəsib edəcəyini çox gözəl anlayırsınız. Denikin çar generalıdır və onun şüarı məlumdur. O sizi “Yarəbb, sən çarı hifz et!” nəğməsini oxumağa məcbur edəcək və sizin Məclisi-müəssisanız cümhuriyyətinizlə birlikdə bu nəğmənin sədaları arasında havaya sovrulacaqdır.
Sizi çar generalına qarşı müharibə elan etməyə məcbur edən əslində budur. Mən inanıram ki, əgər ingilislər kimi Denikinin də Sovetlər Rusiyası ilə əlaqədə olmamaq şərtilə sizi rahat buraxacağından arxayın olsaydınız, o zaman o alçağı duz-çörəklə qarşılardınız. Sizin bütün siyasətinizi mən belə təsəvvür edirəm.
Lakin əmin olun ki, Denikini, Gürcüstanla birlikdə siz yox, Sovetlər Rusiyası əzəcəkdir. Kolçak darmadağın edildi. Tezliklə Denikinin də axırına çıxılacaqdır. Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır. Əgər siz əvvəlki kimi kar və korsunuzsa, əgər indi, xüsusən Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir o qədər qorxulu deyildir.
Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın. Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saaat yaxınlaşır…
Lakin siz özünüzə bununla haqq qazandıra biləcəksiniz ki, qonşularınız olan ermənilər və gürcülər belə etmişlər. Onda sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası barəsində xüsusi mövqe tuturdu?
Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz, halbuki, sizin tərəfinizdən heç bir qurban verilmədən onlar sizə əsrlər boyu davam etmiş çar zülmündən azad olmaq imkanı yaratmışdılar.
Bu sualı Ermənistana və Gürcüstana deyil, sizə verəcəklər.
Siz isə heç bir cavab tapmayacaqsınız. Yalnız bunu deyə biləcəksizniz ki, siyasətdən xəbərsiz olduğunuz üçün bilmirdiniz ki, qüdrətli Vilhelm tac-təxtdən məhrum olacaq, Türkiyə öz istiqlaliyyətini itirəcək, siz öz müqəddəratınızı yenə Sovet Rusiyası ilə bağlamalı olacaqsınız.
Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız, qonşularınız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Məsələn, Ermənistanı götürün. O, daim İngiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda öz agentlərini Moskvaya göndərir və artıq orada Sovetlərə tərəfdar olmaqdan danışılır.
Əgər Denikin tezliklə darmadağın edilərsə və Ermənistan sovetlərə tərəfdar olduğunu bildirərsə (bu məhz belə də olacaqdır), onda sizin vəziyyətiniz necə olacaq?
Qulaq asın, Nəsib bəy! Bilmirəm, bu məktub sizə çatacaqmı, amma bilirəm ki, bu sətirləri yazmağa məni vadar edən hislər mənə əzab verməyəcəkdir, ona görə ki, mən nə etməli idimsə, onu etmişəm. Siz və həmfikirləriniz mənim həyatıma bələdsiniz. Mən həyatımın ən yaxşı illərini Zaqafqaziyaya, xüsusilə də Bakıya vermişəm. 25 illik ictimai-ədəbi fəaliyyətimdən sonra lap əldən düşmüşəm və bir ayağım gordadır. Mən tam inamla deyirəm: bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. Zülm altında inləyən və təbiətlə mübarizədə geri qalmış müsəlmanların buna hamıdan çox ehtiyacı vardır…
Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar yüz ildə edə bilmədiklərini on ildə etsinlər.
Belə bir prespektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi…
Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun!
Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız, bununla da müsəlman kütlələrini yaxın gələcəkdə gözlənilən yeni ağır sınaqlardan qurtarmış olarsınız.
Qoy bu tarixi bir sənəd olsun. Siz öz həmfikirlərinizlə bu sənədə etina etməsəniz, əminəm, yaxın vaxtlarda həmin sənədi Azərbaycan respublikasının fəhlə və kəndliləri qarşısında oxumağa imkan olacaq və onlar görəcəklər ki, kimin ürəyi onların səadəti üçün belə səmimi və həyəcanla çırpınırdı.
Nəriman Nərimanov
16 iyul 1919-cu il
Həştərxan şəhəri.

Məmməd Əmin. Nəriman bəy, Sizin ittiham etdiyiniz Nəsib bəy, bütün varlığı ilə öz xalqına bağlı bir adamdır.
Nəriman Nərimanov. Xalqı sevmək bir şey, xalqa xidmət etmək başqa bir şeydir.
Məmməd Əmin. O, xalqımızın ən ləyaqətli oğullarından biridir. Bu gün bolşevik rəhbərlərin əksəriyyəti bizim xalqımızın var-dövlətini talamaqla məşğuldur. Amma Nəsib bəy Yusifbəyov son tikəsini xalqla bölən bir şəxs kimi tanınır.

Məmmədəli Rəsuloğlu. Nəsib bəy Yusif (Usuf/Usub) bəy oğlu Yusifbəyov 5 iyul 1881-ci ildə Gəncə şəhərində anadan olub.
Həyat yoldaşı Şəfiqə xanımın yazdığına görə, Nəsib bəy gimnaziyanı bitirdikdən sonra öncə atasının istəyi ilə 1900-cü ildə Peterburqdakı Texnologiya İnstitutuna girib. Ancaq bu fakt özünü doğrultmur, çünki bu vaxt o, hələ gimnaziyanı bitirməmişdi.
Peterburq şəhərindən 25 iyul 1902-ci ildə Odessa Novorossiya Universitetinin rektoruna yazdığı ərizəyə əsasən, Nəsib bəy sentyabrda həmin universitetin tibb fakültəsinin 1-ci kursuna qəbul edilib və 1903-cü ilədək orada oxuyub. 1903-cü ilin sentyabrında bu fakültədə təhsilini davam etdirmək istəmədiyinə görə hüquq fakültəsinə dəyişilib. Universitetdə onun Nəriman Nərimanovla tanışlığı başlayır. Nəsib bəydən onbir yaş böyük olan Nərimanovla onun arasında böyük qalmaqallar o vaxtdan başlayıb.
Yusifbəyov hüquq fakültəsində 3 semestri başa vurub, ancaq 1905-ci ilin payız yarımilinin təhsil haqqını ödəyə bilmədiyinə görə 4-cü semestrdə universitetdən çıxarılıb. Onun təhsilini davam etdirmək imkanı bir də 1907-ci ildə yaranıb, ancaq inqilabi hərəkatla ilgili olaraq həmin il Novorossiya Universiteti müvəqqəti bağlandığına görə Nəsib bəy 23 fevral 1907-ci ildə Universitetin rektoruna ərizə yazaraq Xarkov Universitetinə köçürülməsini xahiş edib. Həmin ilin 16 martında Xarkov Universitetinin İdarə Heyəti də köçürülməyə öz razılığını verib. Bundan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirib.
Nəsib bəy Xalq Cümhuriyyəti dövründə maarif və ərzaq naziri, daha sonra Baş nazir olmuşdur.
Atası Yusif bəy Baş nazir olan oğluna belə bir məktub yazmışdır:
"Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?"

Nəriman Nərimanov. Bəli, mən Sizin hökumətdə Baş nazir vəzifəsini icra etmiş Nəsib bəy Yusifbəyova 19-cu ilin 16 iyul tarixində Həştərxandan yazıb göndərdiyim məktubda hazırda Azərbaycanın varolmasının məhz Rusiyadan asılı olduğunu göstərmişəm.
Məmməd Əmin. Siz Azərbaycanın təkcə indiki vaxtda deyil, gələcəkdə də Rusiyadan asılı olacağını deyirsiz.
Nəriman Nərimanov. Bəli, mən demişəm ki, Azərbaycanın daimi xoşbəxtliyi Rusiyadan asılıdır.
Məmməd Əmin. Əvvəla, bunun üçün gərək Rusiyanın özü də xoşbəxt olsun. Rus xalqı bədbəxtlik girdabında inildəyir. İkincisi də, gərək onda yazaydınız ki, bizim həm xoşbəxtliyimiz, həm də bədbəxtliyimiz Rusiyadan asılıdır.
Nəriman Nərimanov. Bu fikirlə də razıyam.

Səs-küy. Uğultu. Fit səsi.
Yanıb-sönən işıqların çarpazlaşan-kəsişən şüaları.

Səslər. Çəkilin... Yana çəkilin... Yolu boşaldın... Ehey, orada yolu boşaldın... Yoldaşlar, irəli keçin, irəli...
Məmməd Əmin. Deyəsən, Stalinin dəstəsi gəlir. Yəqin ki, Kobanı yola salacaqsız...
Nəriman Nərimanov. Mən artıq Koba ilə görüşüb vidalaşmışam.
Məmməd Əmin. Nə vaxt?
Nəriman Nərimanov. Bayaq...
Məmməd Əmin. Elə bildim ki...
Nəriman Nərimanov. Eşitdim ki, buradasız. Sizinlə görüşməyə gəldim...
Məmməd Əmin. Təşəkkür edirəm.
Nəriman Nərimanov. Dəyməz... Hə, deyəsən, Sizinlə də ayrılıq zamanı gəldi.
Məmməd Əmin. Hələlik, Nəriman bəy.
Nəriman Nərimanov. Hələlik. Görüşənə qədər.

Onlar əl verib bir müddət bir-birlərini diqqətlə süzürlər. Sonra əllərini bir-birinin çiyninə vurub ayrılırlar.

Məmmədəli Rəsuloğlu. Biz Stalinin gedəcəyi salon-vaqona mindirildik, başda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan Semyon Midivaninin doğma qardaşı) və başqaları burada idi. Stalin bizi qarşılayır. Məmməd Əminlə görüşür.

İosif Stalin. Bir daha salamlar, yoldaş Rəsulzadə.
Məmməd Əmin. Xoş gördük, yoldaş Stalin.
İosif Stalin. Yəqin ki, ailə üzvlərinizlə görüşdünüz, vəziyyəti onlara izah etdiniz.
Məmməd Əmin. Bəli.
İosif Stalin. Elə isə yolçu yolda gərək. Məmməd Əli ilə Siz mənimlə bir vaqonda gedəcəksiz. Serqo Orconikidze ilə Budu Midivani isə qonşu vaqondadır... (Gülür). Mən istəyirəm ki, yaxın dostlar daim yaxınlığımda olsunlar.
Məmməd Əmin. Amma biz Abbasquludan ayrı düşdük. O da bizimlə birlikdə getməli idi...
İosif Stalin.Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər. Nədənsə onun əleyhinə böyük hiddət var. Amma darıxmayın, o da gələcək... Haydı getdik vaqonlara.

Məmmədəli Rəsuloğlu. Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də həzin və mütəəssir baxışları arasında qatar hərəkət edir. Moskva yolundayıq... Bu barədə sonralar Məmməd Əmin öz xatirələrində ətraflı söhbət açmışdı...




















10.
Səhnə dəyişir.
Qatar. Fit səsi. Təkərlərin taqqıltısı.
Stalin və Məmməd Əmin kupedə.

İosif Stalin. Normal şərtlər daxilində qatar Moskvaya dörd-beş günə çatmalıdır. Amma bu gedişlə onbeş günə ancaq çatarıq.
Məmməd Əmin. Qatar təmirə dayanacaq?
İosif Stalin. Yox. Yolüstü bəzi məsələri yoluna qoymaq lazımdır. Əmin bəy, bilirsiz ki, Moskvada nəşr olunan “Vostok” jurnalının baş redaktoru və naşiri Mixayloviç də bizimlə bir yerdə, yəni bu qatarda yol gedir.
Məmməd Əmin. Bilirəm. Əvvəllər Volontyor adını daşıyirdı.
İosif Stalin. Aha... İndi əmin oldum ki, yazılarına bələdsiz. Onun “Bakinski raboçi” qəzetində Dərbənd divarlarına aid çıxan yazısını oxumamısız ki?
Məmməd Əmin. Yazı ilə tanışam.
İosif Stalin. Mixayloviç yazır ki, Sasanilər dövründə ucalmış bu divarlar cənubdan gələn təcavüzə görə inşa olunub.
Məmməd Əmin. Xeyr, Koba, bu divarlar şimaldan gələn bəlaya qarşı yaradılıb.
İosif Stalin. Maraqlıdır. Mən indi bunu Mixaylıça deyərəm. (Pauza). Yaxşı, Əmin bəy, Siz əvvəllər Moskvada olmusuz?
Məmməd Əmin. Bəli, olmuşam.
İosif Stalin. Bəs şimalda eskimoslar yaşayan yerdə necə?
Məmməd Əmin. Xeyr. Oralarda olmamışam.
İosif Stalin. Amma mən olmuşam. (Gülür). Orada başıma çox macəralar gəlib. Hələ yolumuz uzundur, danışaram.
Məmməd Əmin. Mən onların bəzi səciyyəvi cəhətləri barədə eşitmişəm.
İosif Stalin. Hə, deməli bu eskimoslar az qala mənə sitayiş edirdilər. Xəstələnəndə mənim yanına gəlirdilər. Mənim verdiyim bəzi sadə həb və tozlar yüngül xəstəliklərin qarşısını alırdı. Bir gün eskimos gözəllərindən birisi müalicə üçün mənim yanıma gəlmişdi. Müayinə edərkən mən ondan bəzi təkliflər aldım. (Gülür). Amma buna əhəmiyyət vermədim. Halbuki bu dilbər, zəkası ilə eskimoslar arasında məşhur olan bir qəhrəmandan hamilə qalmaq istəyirdi... Onlar üçün adi görünən bu hal biz qafqazlılar üçün qəbuledilməzdir. Elə deyilmi?
Məmməd Əmin. Bəli.
İosif Stalin. İndi qadına münasibətlə başqa bir misal danışım. Bax, budur, burada, Dağıstanda Kommunist Partiyasının inqilab sahəsində xidmətləri olmuş, sınanılmış üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə edərək, dağlı bir qızın namusuna toxunmuşdu. Mən onun ən böyük cəza ilə cəzalandırılmasını əmr etdim. Partiya və sovet xadimləri bu yoldaşın dəyər və xidmətlərini nəzərə alaraq mənə onun üçün zəmanət versələr də razı olmadım, dedim ki, “qətiyyən olmaz, elə indi xalqın gözü qarşısında edam ediləcək, çünki müsəlman xalqı bu xüsusda göz yummağı qətiyyən bağışlamaz. Dağlardakı “adətlərə”, buradakı “namus” anlayışına hörmət hökumətə etibar baxımından əsasdır”.
Gərək hər xalqın yerli adət-ənənəsinə hörmət edəsən. Lap elə götürək Arazın o üzü ilə bu üzündə yaşayanları... Fərqlər çoxdur, elə deyilmi? Mən Bakıya gələndə baxdım ki, bizimkilər İrana hücum planları hazırlayırlar. Dərhal mane oldum. Hələlik bu planı dəyişməliyik.
Məmməd Əmin. Yaxşı, Siz niyə mane oldunuz?
İosif Stalin. İranı sovetləşdirmək cəhdi yanlış bir hərəkətdir. Orada nəinki cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə, kifayət qədər mütərəqqi bir işdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə girişmək macəraçılıqdan başqa bir şey deyildir.
Məmməd Əmin. Siz belə hesab etmirsiz ki, İranda aparılan işin kökündə bir çox səhvlər buraxılıb?
İosif Stalin. O, nə səhvlərdir elə?
Məmməd Əmin. İran Bürosunun üzvlər görün kimlərdir? Mdivani, Lominadze, Mikoyan...
İosif Stalin. Siz bununla nə demək istəyirsiz?
Məmməd Əmin. Mən əvvəla bu işin perspektivliyinə o başdan inanmamışam. İkincisi isə, onu demək istəyirəm ki, bu işlə ən azı İrana yaxından bələd olan adamlar məşğul olmalı idi.
İosif Stalin. Əgər Siz Nərimanovu nəzərdə tutursunuzsa bu, yanlış fikirdir. Nərimanov İran tacirlərinin əmlakının müsadirə olunması barədə qərar çıxarıb. Onu Arazın o tayında o qədər də sevmirlər...
Məmməd Əmin. Bəs nə üçün Mikoyanla Mdivaninin Kiçik xanı nüfuzdan salmaq üçün apardığı təbliğatı unudursuz?
İosif Stalin. Mirzə Küçek özü özünü nüfuzdan salır. Bizim bolşeviklərlə əməkdaşlıqdan riqqətə gəlmişdi... Biz hər kəsə öz qabiliyyətinə görə qiymət verməliyik. Amma Mirzə Kuçek xandan fərqli olaraq Təbriz hərəkatının lideri Xiyabani, ona təklif edilən yardımlardan imtina edərək, “İranı yalnız iranlı azad etməlidir” fikrinə üstünlük verdi.
Məmməd Əmin. Bəli, Xiyabani öz xalqının köləyə çevrilməsini istəmir. O, bir inqilabçı kimi əsasən düz yoldadır.
İosif Stalin. Siz özünüz necə, İranda yaxın zamanlarda hansısa ciddi dəyişikliyin olacağına inanırsızmı?
Məmməd Əmin. Bu cür sualların cavabını adətən tarix verir.
İosif Stalin. Etirazım yoxdur. Ancaq tarixi paralellər aparmaq da pis olmazdı...
Məmməd Əmin. Elə bu cür paralellərdən qaçmaq üçün mən indi Sizdən soruşmuram ki, İran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq etmirsiniz? Çünki bilirəm, bu sualın cavabında Siz deyəcəksiz ki, burada Bakı kimi bir sənaye mərkəzi və proletariat hərəkatı vardır. Yəni Bakı inqilaba hazır idi... Yaxşı, bəs Türküstan? Ona nə deyirsiniz? Oradakı şərait İrandakı şəraitə bənzəmirmi? Onda niyə “İran taktikasını” oraya tətbiq etməyəsiniz? Amma biz bunun əksini görürük...
İosif Stalin. Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmış ziyalılar var...
Məmməd Əmin. Koba, bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi?
İosif Stalin. Hər xalqın öz səviyyəsi var. Məsələn, mən almanlara çox rəğbət bəsləyirəm. Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın texniki istedad və qabiliyyəti bir araya gələrsə dünya inqilabının qarşısını ala biləcək bir qüvvə tapılmaz. Amma ingilislər... (Pauza). Onlar dünya inqilabını qısır salıblar. Mənim vicdanımda əllidoqquz ingilisin qanı var. (Yumruğunu havaya qaldırır). Onları şəxsən öz əlimlə öldürmüşəm. İndi polkovnik Ştoks deyilən bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm onu.
Məmməd Əmin. Mən bu “əclafı” şəxsən tanıyıram.
İosif Stalin. Hansı əclafı?
Məmməd Əmin. Sizin hiddət və nifrətlə andığınız Ştoks deyilən əclafı.
İosif Stalin. Haradan?
Məmməd Əmin. Onunla 1911- ci ildə Tehranda tanış olmuşdum. O zaman orada “İrani-nou” qəzetinin baş redaktoru idim. O zamankı İran xarici işlər naziri yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim şərəfimə verdiyi axşam yeməyinə indi İran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi şəxslərlə birlikdə “Telmis” qəzetinin müxbiri ilə ingilis səfirliyinin hərbi attaşesini də dəvət etmişdi.
İosif Stalin. Elə o Ştoks deyilən alçaq da vaxtilə hərbi attaşe olub.
Məmməd Əmin. Bizimlə görüşdə iştirak edən də elə Ştoks özü idi.
İosif Stalin. Onu cəmi bir dəfə görmüsüz?
Məmməd Əmin. Yox, sonralar da görüşmüşdük. Amma bu dəfə Bakıda... Onda Ştoks birinci dünya müharibəsində qalib gələn müttəfiqlər adından Azərbaycanda olan ingilis işğal qüvvələri komandanı general Şatelvortun ştabında siyasi müşavir idi.
İosif Stalin. Çar dövründəki ingilis-rus rəqabətilə indiki ingilis-rus, daha doğrusu ingilis-sovet münasibətləri bir-birindən radikal şəkildə fərqlənir. O zaman iki yırtıcı qarşı-qarşıya durmuşdu; indi isə...
Məmməd Əmin. İndi isə iki xilaskar durur. Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz özümüz bacararıq.
İosif Stalin. Bu regiondakı xalqların yeganə xilas yolu birlikdədir...
Məmməd Əmin. Amma gürcülər Sizin dediyiniz bu birliyə qoşulmaq istəmir...
İosif Stalin. “Gürcüstan indi çoxlu elçisi olan gənc qızın vəziyyətindədir, hamı onunla oynayır, o isə naz satır. Bir şey əldə etmək üçün, biz də, onunla zarafatlaşırıq. Burada Antanta da bizim əleyhimizə ittifaq yaratmaq istəyir.”
Məmməd Əmin. Axı bu ilin aprelində Moskvada Sovet Rusiyası ilə Gürcüstün Demokratik Respublikası arasında sülh müqaviləsi bağlanıb. Həmin müqavilədə göstərilir ki, Rusiya Gürcüstünın müstəqilliyini tanıyır və onun daxili işlərinə qarışmayacaq.
İosif Stalin. Doğrudur. Biz belə bir müqavilə imzalamışıq. Əvəzində Gürcüstan rəhbərliyi də orada bizim bolşeviklər partiyasının aşkar fəaliyyət göstərməsinə icazə veriblər. Yoldaş Kirovsa Sovet Rusiyasının Gürcüstandakı daimi nümayəndəsi təyin olunub... Məsələ burasındadır ki, əhalinin böyük əksəriyyəti orada menşeviklərin hakimiyyətini xoşlamır.
Məmməd Əmin. Bu, Rusiyanın fikridir.
İosif Stalin. Bəli, Rusiyanın fikri belədir. Yoldaş Rəsulzadə, necə düşünürsüz, biz qulağımızın dibində Antantanın meydan sulamasına göz yummalıyıq? Heç kəs şübhə etməsin, tezliklə Gürcüstan Rusiyaya daxil olacaq. Əlbəttə, yeni Rusiyaya, sovet Rusiyasına. Onbirinci qızıl ordu Gürcüstanı yad ünsürlərdən təmizləməyə daim hazırdır.

Məmmədəli Rəsuloğlu. 1921-ci ilin fevralında onbirinci ordu Gürcüstana hücum etdi.Həmin il mart ayının dödündə Abxaziyada, martın beşində isə Tsxinvalidə Sovet hakimiyyəti quruldu. Həmin il martın on səkkizində Menşevik hakimiyyəti Gürcüstanı tərk etməli oldu. İyulun on altısında Gürcüstanın tərkibində Acar Muxtar Sovet Respublikası təşkil olundu.İyirmi aprel 1922-ci ildə Gürcüstanın tərkibində Gənubi Osetiya muxtar vilayəti təşkil olundu.
12 mart 1922-ci il tarixdən Azərbaycan, Ermənistan və Gürcüstan federel itifaq daxilində birləşir. Beləliklə, Zaqafqaziya Fedrasiyası 5 dekabr 1936-cı ilə qədər mövcudluğunu saxladı.

İosif Stalin. Yoldaş Rəsulzadə, siz Şərq tarixini çox yaxşı bilirsiniz. İran inqilabının isə lap içində olmusuz. Bunları yazın, nəşr etdirək.
Məmməd Əmin. Yazılar yanımda yoxdur, Bakıda qaldı.
İosif Stalin. Məhəmmədəli elə indi geri dönsün, materialları gətirsin.
Məmməd Əmin. Hələlik qalsın, birdəfəlik Moskvada yerləşdikdən sonra baxarıq, lazım olarsa, Məmmədəli oradan da Bakıya gələ bilər, elə deyilmi?
İosif Stalin. Bu da ola bilər. Gələcəkdə ailənizi də Moskvaya gətirə bilərsiz. (Pauza). Yaxşı, Əmin bəy, bilmirsiz ki, “Mamed Saltan” kimdir?
Məmməd Əmin. Mamed Saltanmı? Bu adı harada görmüsüz?
İosif Stalin. Doğrusu, yadıma sala bilmirəm. Deyəsən, haradasa oxumuşam onun barəsində.
Məmməd Əmin. Koba, olsun ki, Plexanovun yazısında görmüsüz.
İosif Stalin. Ola bilər. (Fikrə gedir). Aha, xatırladım, düz deyirsiz, bunu Plexanovda oxumuşam...
Məmməd Əmin. “Mamed Saltan” dediyiniz şəxs Sultan Məhəmməd Fatehdir. Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu sayılan Müdhiş İvan (İvan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd Fatehlə bağlı yazılmış bir əsər vardır. Rus sosial-demokratlarının məşhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Yaxşı, bütün bunlar sizi nə üçün maraqlandırır?
İosif Stalin. Mən tarixi təcrübəyə isnad etməyi sevirəm. Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləşdirmək üçün, İvanın etdiklərindən başqa bir hərəkət qabil deyildir.
Məmməd Əmin. Nə mənada?
İosif Stalin. Tarixin inkişaf amili xalq deyilən amorf kütlə deyil, inqilabçı azlıq zümrəsidir. Bu zümrə məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu plana uyğunlaşdırmaq üçün onu hazırlayır. Dünyanın bütün inqilabçıları belə etmişlər. Bu mənada İvan Qroznı da bir növ inqilabçı olub.
Məmməd Əmin. Koba, gəlin Fransa inqilabını yada salaq. Tarix sübut edib ki, terrorun bir sistem olaraq faydalı olduğunu düşünmək doğru deyildir.
İosif Stalin. Yox, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixindəki rolu mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, biz onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir. Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürmək isə təsirlidir... Yəni bunun kütləvi bir təsiri böyük olar.
Məmməd Əmin. Yəni kütləvi qırğın elə vacibdir?
İosif Stalin. Bəli. Nəinki vacib, həm də zəruridir. Biz tərbiyə etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq.
Məmməd Əmin. Siz doğrudanmı məhz bu qənaətdəsiz?
İosif Stalin. Demokratiya məfhumuna nifrət kütlənin məntiqlə qandırılacaq bir şey olmadığını isbat etmək üçün mən vaxtilə Tiflisdə menşeviklərdən Xomeriki ilə öz arasmızda olan bir əhvalatı danışmaq istərdim. Danışım ya yox?
Məmməd Əmin. Buyurun. Maraqlıdır.
İosif Stalin. Mən Tiflisə Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi tərəfindən göndərilmişdim. Bildiyiniz kimi komitənin başında Lenin yoldaş dururdu. Xomeriki də eyni Sosial-Demokrat Partiyasının Tiflis Təşkilatı Mərkəzinin nümayəndəsi idi. Əksəriyyəti fəhlələrdən ibarət olan yerli partiyaçılar kütləsi qarşısında mərkəzi komitə ilə yerli təşkilatın iki nümayəndəsi sifəti ilə mənimlə Xomerikiyə görüşlərimizi, gəlişimizin məqsədini izah etdik. Siz onu tanımırsız ki?
Məhəmməd Əmin. Haqqında eşitmişəm.
İosif Stalin. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir neçə dəfə də Xomeriki öz tezislərimizi müdafiə etdik. Nəhayət, münaqişələrdən bir nəticə almaq lazım gəlirdi. Bir qərar layihəsini mən, bir qərar layihəsini də Xomeriki qələmə alaraq iclasa təqdim etdik. İki qərar layihəsindən birini səs çoxluğu ilə qəbul etməli idilər. Halbuki nə oldu? Müvəqqəti olaraq ikimizin də iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən başlandı və bizi də çağırdılar. Yoldaş Rəsulzadə, ağlınca nə qərar versələr bəyənərsiniz? Maraqlıdır, elə deyilmi?
Məmməd Əmin. Bəli, çox maraqlıdır.
İosif Stalin. Belə bir qərar qəbul etdilər: “Biz Xomeriki yoldaşı çox sevirik, illərdir bizə başçılıq edir, onunla bərabər işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik. Düşündük-daşındıq; ən yaxşısı bu iki yoldaşı bir otağa salaq, qarşılıqlı anlaşmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək”. Sonrasını da danışım?
Məmməd Əmin. Çox maraqlı qərardır, yoldaş Koba...
İosif Stalin. Əlbəttə, maraqlıdır. (Gülür). Mən Xomerikiyə dedim ki, bu da sənin demokratiyan! Bəlkə bəzilərinin təsəvvür etdiyi demokratiyaya aid başqa misal da çəkim?
Məmməd Əmin. Buyurun.
İosif Stalin. Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini idealizə etmək bir moda idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olunur, müğayir şərtlər ortaya ataraq tətil edərsə də onu zorla işlətmək olmaz kimi düşüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə “proletar əfəndilərə” təlqin olunmuşdu. Fəhlə sinfinə bu təlqini aşılayanların başında şəxsən bolşeviklərin özləri dururdu.
Məmməd Əmin. Axı bizim ilk tanışlığımız zamanı şəxsən siz, yoldaş Stalin, fəhlə sinfini seçilmiş, onu qabaqcıl bir sinif deyə öymüşdünüz.
İosif Stalin. Bəli, mən yenə də fəhlə sinfini yüksək qiymətləndirirəm. Amma yalançı demaqogiyanı qəbul edə bilmərəm, Əmin bəy. Proletariat da özünə qiymət verməyi bacarmalıdır. Bəlkə bir misal da çəkim?
Məmməd Əmin. Bəd olmaz.
İosif Stalin. “Ağ”lara qarşı mübarizə əsnasında Volqa boyunda bir gəminin yükünü boşaltmaq lazım gəlmişdi, lakin sahildəki fəhlələr işləmək istəmirdilər. Mən nə etməliydim? Nəsə bir çıxış yolu tapmaq lazım idi ya yox?
Məmməd Əmin. Əlbəttə...
İosif Stalin. Mən belə bir çıxış yolu tapdım. Necə? Həmin fəhlələrin içindən iyirmi adamlıq ilk partiyanı dərhal güllələtdim, gəminin boşaldılmasını təmin etdim. Məncə ən doğru yol bu idi... (Pauza). Hə, qatarımız sürəti azaltdı. Deyəsən, stansiyaya çatırıq...

Məmmədəli Rəsuloğlu. Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin mənə “pərdələri endir” dedi. Mən “yoldaş Stalin, bu niyə?” - deyə soruşdum. Stalin dedi: “Bayırdakılar masamızı görməsinlər”. Mən soruşdum: “Görürlər görsünlər, nə olar ki?” Stalin bu sualıma belə cavab verdi: “Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?”

Məmməd Əmin. Yoldaş Koba, Sizdən bir şey soruşmaq istəyirəm.
İosif Stalin. Buyurun.
Məmməd Əmin. Bilmirsiz ki, yoldaş Lenin öz adının yanında daim “Ulyanov” adını da qeyd etməsi nədəndir?
İosif Stalin. (Bir az düşünərək). Bunun səbəbini bilmirəm. Amma onu bilirəm ki, Lenin böyük bir müəllim, dahi bir rəhbərdir.
Məmməd Əmin. Bəlkə o, familiyasını bu cür yazmaqla özünün rus olduğunu yada salır?
İosif Stalin. Bildim nəyə işarə edirsiz. Lenin yoldaş tərtəmiz rusdur... Amma təbii ki, bizim aramızda hər cür millətin nümayəndəsi var. Məsələn, Trotski yəhudidir: Leyba Davidoviç Trotski. Ad-familiyasını gizlətdiyi bir yana qalsın, hərdən özünü rus kimi sırımaq istəyir. Bu adam bilmir ki, xalq dövlətin başındakı şəxsə çox diqqət edir. Onun bütün sümüklərini bir-bir öyrənir, əslinə- nəcabətinə əhəmiyyət verir. Trotski demişkən, bu keçmiş menşevik təmtəraq sevən, xudpərəst, qeyri-səmimi, dəyərsiz, yalançı bir dil pəhləvanıdır. O, uzun illər bolşeviklərin əleyhdarı olub. 1919-cu ildə Varşava altındakı məğlubiyyəti üçün Qızıl Ordu yalnız Trotskinin ədəbazlığına borcludur. Vaxt gələr bu cuhud öz cəzasını alar.
Məmməd Əmin. İnqilabçılar arasında Avropa mədəniyyəti görmüş insanlar da var.
İosif Stalin. Bəyəm indi Avropada bir düz-əməlli mədəniyyət var ki?
Məmməd Əmin.Siz nə üçün belə düşünürsünüz?
İosif Stalin. Bu, artıq çürümüş bir mədəniyyətdir. Əsl yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir işıq yayılacaq. Rusiya bütün sahələrdə dünya lideri olacaq.
Məmməd Əmin. Bəyəm Avropada mədəniyyət yerli-dibli olmayıb?
İosif Stalin. Avropa kapitalistləri öz mədəniyyətlərini ya İngiltərə və Fransa kimi müstəmləkələrinə çevirdikləri ölkələr hesabına, ya da Almaniya kimi məğlubiyyətə uğratdığı Fransanı hərraca qoymaq hesabına təmin etmişlər.
Məmməd Əmin. Rus mədəniyyətinin inkişafına Avropa mədəniyyəti böyük təsir göstərib.

Qatar fiti eşidilir. Təkərlərin yeknəsək çaqqıtısı davam edir.

İosif Stalin. Yaxşı, yoldaş Rəsulzadə, bu Azərbaycan hökumətində baş verənlərə necə baxırsız?
Məmməd Əmin. Yoldaş Stalin, mən uzun bir müddətdir ki, siyasi aləmdən uzaqdayam.
İosif Stalin. Siz peşəkar inqilabçı və siyasətçisiz. İndi Nərimanovun rəhbərlik etdiyi hökumətdə iki dəstə yaranıb. Dəstələrdən biri Nərimanovu, digəri Qarayevi dəstəkləyir. Birinci dəstə Azərbaycanın tam müstəqilliyini istəyir. O biri dəstə isə Azərbaycanı Rusiyanın tərkibində görmək istəyir.
Məmməd Əmin. Bəs sizin bu məsələyə münasibətiniz necədir?
İosif Stalin. Mərkəzin baxışı belədir: könüllü şəkildə Rusiya ilə sazişə görə, müstəqil Azərbaycan vardır. Sizin bütün ətrafınız burjua dövlətləridir, onlar təşviqat aparırlar ki, “urus burda hər şeyi ələ keçirib”. İndi sizə sərfəlidir ki, Azərbaycanın müstəqilliyini nümayiş etdirəsiniz.
Məmməd Əmin. Bəs sizin öz şəxsi münasibətiniz?...
İosif Stalin. Plenumdakı çıxışımda Azərbaycanın müstəqilliyinə öz münasibətimi bildirmişəm.

Məmmədəli Rəsuloğlu. Stalin öz məruzəsində belə demişdi: “Mən Azərbaycanın müstəqilliyinə tərəfdar deyiləm. Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz. Sovet Rusiyası Bakının yanacağı olmadan keçinə bilməz. Sovet Rusiyasının köməyi, mütəşəkkilliyi, ordusu və s. olmadan Azərbaycan da məhv olardı. Burada tam ittifaq labüddür. Bütün dövlətlər ya Sovet Rusiyasına, ya da Antantaya tərəfdar olmalıdırlar, üçüncü yol yoxdur. Mən hesab edirəm ki, bütün yoldaşlar – müsəlmanlar da, ruslar da bunu bilirlər.”

Məmməd Əmin. Öz müstəqilliyini elan etmək, azad yaşamaq- bu, hər bir xalqın öz istəyi ilə olmalıdır.
İosif Stalin. Kiçik xalqlar bu böyük və amansız dünyada necə yaşaya bilər, yoldaş Rəsulzadə?
Məmməd Əmin. Bəyəm xalqların böyüklüyünü, ya kiçikliyini onun əhalisinin sayı müəyyən edir, yoldaş Stalin?
İosif Stalin. Əlbəttə, ərazi və əhali heç də tam həlledici amil deyildir. Burada başqa amillər də rol oynayır. Məsələn, mən hesab edirəm ki, o amillərdən biri də yeraltı sərvətlərdir.
Məmməd Əmin. Qısası, siz neft amilini nəzərdə tutursuz.
İosif Stalin. Bura baxın, Əmin bəy, səhv etmirəmsə, siz Ağamalıoğlu ilə eyni hökumətdə olmusuz.
Məmməd Əmin. Düzdür, Ağamalıoğlu bizim parlamentdə təmsil olunub, amma o, sosialist fraksiyasını təmsil edib. Bunu nəyə görə soruşursuz?
İosif Stalin. O, necə bolşevikdir ki, neftin Rusiyaya daşınmasının əleyhinədir?

Məmmədəli Rəsuloğlu. Səmədağa Ağamalıoğlu öz çıxışlarının birində demişdi: “Azərbaycanın taleyini torpağın üstü deyil, altı təyin edir. Bu neft burada dayandıqca biz ona deyil, o bizə ağalıq edəcək. Çıxan neftdən bizim payımız bir idarə lampasını doldurmaq qədərdir. Amma bütün Rusiyada həyat bu neftə görə tənzimlənib. Nə çarə ki, iki məmləkətin taleyini bu qara çamur bir-birinə yapışdırmışdır! Ona görə də bizim üçün torpaq məsələsi yoxdur, neft məsələsi vardır”. Çox güman ki, Stalin bu fikri nəzərdə tuturdu.

Məmməd Əmin. Söhbət əslində təkcə neftdən də getmir, Koba.
İosif Stalin. Bəs nədən gedir söhbət, Əmin bəy?
Məmməd Əmin. Söhbət həm də ondan gedir ki, insanları zorla hansısa ideyaya təslim etmək olmaz.
İosif Stalin. Bizim ideyaları kütlə can-başla qəbul edir. Bizim gəncliyimizin Bakı dövrü bir yerdə keçib, Əmin bəy. Yadınıza salın, yeddinci, səkkizinci, ya doqquzuncu illərdə Bakıda nə qədər terrorçu dəstə vardı?. . “Antixristı”, “Krasnaya sotnya”, “Çyornıye voronı”, ta nə bilim özgə nə... Hələ Bakı qoçularını demirəm. Təkcə bir ildə, yəni yeddi-səkkizinci ildə cəmi üçyüzmin əhalisi olan şəhərdə mindən çox adam terrorun qurbanı olmuşdu... Axı siz bu faktları yaxşı bilirsiz.
Məmməd Əmin. Terroru mühit özü yaradır. Demokratik mühitdə belə sistemli cinayətlərin baş verməsi mümkün deyil.
İosif Stalin. Biz məhz belə bir mühit üçün çalışırıq.
Mmməd Əmin. Gəlin etiraf edək ki, indiki dövrün də öz terroru var.
İosif Stalin. Bilirəm, siz “qırmızı terrora” eyham vurursunuz. Amma nəzərdə tutun ki, bu şərti bir ifadədir.
Məmməd Əmin. Terrorun rəngi hələ nəyisə həll etmir.
İosif Stalin. Əmin bəy, bilirsiz indi mən nəyi xatırlayıram? Mən partiyanın göstərişi ilə dördüncü ildən etibarən Bakıda inqilabi fəaliyyətlə məşğul olmuşam. Onda cavan idim, iyirmibeş yaşım vardı. Orada dəfələrlə terrora məruz qalmışam. Siz məni bir neçə dəfə xilas etmisiz. Hətta, atanızın məscidindəki minarədə gizlətmisiz. Səkkizinci ildə isə sizinlə Bayıl türməsində olarkən Məşədi Kazım adlı birisi məni xüsusi tapşırıqla öldürmək istəyirdi. Onun əlindən bıçağı siz aldınız. (Gülür). Bilmirəm yadınızdadırmı?
Məmməd Əmin. Yadımdadır... (Gülümsəyir). Mən adi insani borcumu yerinə yetirmişəm.
İosif Stalin. Bu gün mən elə həmin o borcu qaytarıram... Əslində mənim bişib bərkiməyimdə Bakının rolu böyükdür. Elə ilk yazılarım da orada meydana gəlib. “Bakinski raboçi”, “Qudok” qəzetlərində tez-tez məqalələrim çıxırdı. Onda biz hamımız eyni cəbhədə vuruşurduq. Kimə qarşı? Kapitalizmə və kapitalistlərə qarşı. Amma bu gün yollarımız ayrıdır. Niyə? Ümidvaram ki, biz yenə birlikdə olacağıq.
Məhəmməd Əmin. Bu, çox çətin, hətta qeyri-mümkün bir işdir.
İosif Stalin. Bəzən seçimi biz özümüz etmirik, bizim özümüzü seçirlər. (Eyhamla). Məncə, yoldaş Nərimanov öz ətrafında baş verən hadisələri qiymətləndirə bilmir. Bunu necə izah etmək olar?
Məmməd Əmin. Nərimanov sizinlə eyni partiyanın üzvüdür.
İosif Stalin. Eyni partiyada... Bu, işin formal tərəfidir. Amma elə məsələlər var ki, orada formalizm keçmir. Bolşeviklər hər cür milli məhdudiyyətdən uzaq olmalıdır. Di gəl ki, Nərimanov millətçilik edir. Biz bunu qəbul edə bilmərik. Lenin yoldaş bu cür düşüncəni qəbul etmir.
Məmməd Əmin. Mənim bildiyimə görə, Nərimanov Leninlə yaxın münasibətdədir.
İosif Stalin. Yoldaş Lenin hamımızla-bütün bolşeviklərlə xoş münasibətdədir. Onun üçün heç bir milli ayrı seçkilik də yoxdur. Budur, mən gürcüyəm, amma Rusiya dövlətinin mühüm postlarından birini tutmuşam. Halbuki heç Gürcüstanda Sovet hakimiyyəti mövcud deyil. Yaxud götürək Mikoyanı. Ermənidir. O da bu dövlətin mühüm simalarından biridir. Halbuki ermənilər hələ bizim hakimiyyətə dirsək göstərirlər.
Məmməd Əmin. Mən belə düşünürəm ki, onları da bizi gözləyən aqibət gözləyir.
İosif Ctalin. Proqnozunuz düzdür. Ermənistanla bizim birləşmək məsələmiz demək olar ki, başa çatıb. Gürcülərsə hələ naz eləyən gəlinə bənzəyir. Onlar hələ Avropanın sığalına-tumarına aludə olub bizə naz satırlar. Amma səhv edirlər. Bir neçə günə Ermənistanda, bir neçə həftəyə Gürcüstanda Sovet hakimiyyəti qurulacaq.

Məmmədəli Rəsuloğlu. Həqiqətən belə də oldu. 1920-ci ilin noyabr ayının 29-da Ermənistan, 1921-ci ilin fevral ayının 25-də Gürcüstan da işğal olundu.

Qatar səsi. Gurultu. Səs-küy.

Məmməd Əmin. Moskvaya çatırıq...
İosif Stalin. Hə, çatırıq... Əmin bəy, səhv etmirəmsə mən sizinlə sonuncu dəfə elə Moskvada görüşmüşdüm.
Məmməd Əmin. Bəli... On yeddinci ilin mayında... Yadımdadır, Moskva baharının ilk günləri idi...
İosif Stalin. Budur, indi yenə Moskvadayıq... Amma indi bahar deyil, payızdır. Bundan sonra bir yerdə çalışacağıq. (Pauza). Əmin bəy, bilirəm, yəqin indi düşünürsüz ki, bura yad yerdir, harada qalmaq lazımdır? Münasib bir yer müəyyənləşənəcən elə burada, mənim vaqonumda qalmağı məsləhət bilirəm. Aşpaz da vaqonda qalacaq. Sonrasına baxacağıq... Hələlik. Görüşənəcən.
Məmməd Əmin. Hələlik. İnşallah, görüşərik.
Onlar əl verib ayrılırlar.




























3-cü hissə.
MOSKVA.
1921-ci il.

Kremlin həyəti. Əsgər kimi sıra ilə düzülmüş küknar ağacları və bir az kənarda keşikçi qızıl əsgərlər. Nərimanovla Məmməd Əmin Kremlin həyətində üz-üzə gəlirlər.

Məmməd Əmin. Salam, doktor...
Nəriman Nərimanov. Salam, Əmin bəy. Bu, çox gözlənilməz bir görüş oldu.

Əl verib görüşür, sonra bir kənara çəkilirlər.

Məmməd Əmin. Yəqin ki, iclasa gəlmisiz.
Nəriman Nərimanov. Bəli. Yəqin ki, Siz də Stalinin yanına gəlmisiz. Axı köhnə dostlarsız...
Məmməd Əmin. Dost... Bəlkə də keçmiş həmkarlar desəniz daha yaxşı olar...
Nəriman Nərimanov. Hər halda sizin xilas edilib Moskvaya gətirilməyinizdə Kobanın rolu oldu...
Məmməd Əmin. Bəli, bunu inkar etmək olmaz.
Nəriman Nərimanov. Amma Sizin üçün maraqlı olacağını nəzərə alıb bildirmək istəyirəm ki, Sizin həbsdən azad olunmağınızda Lenin yoldaşın şifahi göstərişi olub.
Məmməd Əmin. Bax, doğrusu, mən bunu bilmirdim.
Nəriman Nərimanov. Hər halda bilməyiniz pis olmazdı. Amma öz aramızda qalmaq şərti ilə. (Gülür).
Məmməd Əmin. Dövlət adamlarının dövlət sirləri olmalıdır.

Gülüşürlər
.
Nəriman Nərimanov. Burada işləriniz necədir, Əmin bəy?
Məmməd Əmin. Yəqin ki, vəziyyətin necə olduğunu siz özünüz yaxşı təsəvvür edirsiz, Nəriman bəy.
Nəriman Nərimanov. Təxminən...
Məmməd Əmin. Axı Siz bütün baş verənlərin içindəsiz...
Nəriman Nərimanov. Burada elə işlər baş verir ki, onların nəticəsini mən xeyli sonra eşidib bilirəm.
Məmməd Əmin. Məni bu gün daha çox Qarabağ məsələsi düşündürür.
Nəriman Nərimanov. Elə məni də... “Yuxarıdakılar” öz halalca tarixi ərazilərmizin bizim olmasına razılıq vermək istəmirdi. Mən Dağlıq Qarabağ məsələsinə görə az qala Mərkəzdəki bütün yoldaşlarla düşmən olmuşam.
Məmməd Əmin. “Yuxarıdakıların” hamısı Sizin dostlardır ki...
Nəriman Nərimanov. Düzdür, aralarında dostlar da var... Amma burada, Moskvada düşmənlər də az deyil. O cümlədən, elə özümüzünkülər arasında...

Məmmədəli Rəsuloğlu. 29 iyin 1920-ci il tarixdə Lenin Çiçerinə yazırdı: “Olmaz ki, (Qarabağ məsələsinə görə) Nərimanovla razılaşasız?” Ermənilərin təsiri altında olan Çiçerin hətta Leninin özünə də etirazını bildirmiş, Qarabağın Ermənistan tərkibində olmasını təqdir etmişdi.

Məmməd Əmin. Qarabağ, əslində Azərbaycana və eləcə də Ermənistana basqı etmək üçün bir çox dünya qüvvələrinin əlində dəyənəkdir.
Nəriman Nərimanov. Qarabağı Azərbaycanın tərkibində saxlamaq çox baha başa gəldi. Mərkəz ermənilərin əlindədir. Mən orada təklənmişəm. Hətta, bir çoxlarının ürəyindən keçirdi ki, bizim torpaqların böyük bir qismi, nə Azərbaycanın tərkibində olsun, nə də Ermənistanın.
Məmməd Əmin. Bəs kimin olmalıdır o torpaqlar? Bu sərsəm fikrin müəllifi kimdir?
Nəriman Nərimanov. Biri elə Sizin “dostunuz” Serqo... (Gülür). Özünü çox vaxt “Bakılı balası” adlandıran Orconikidze... O, gündə bir fikrə düşür. Deyirdi ki, yaxşısı budur bütün mübahisəli əraziləri Rusiyaya verək.

Məmmədəli Rəsuloğlu. Əlbəttə, Nərimanov zarafat edirdi. Əslində Serqo Orconikidze Əmin bəylə yox, mənimlə daha yaxın ünsiyyətdə idi.
Bir zamanlar, əsrin əvvəllərində, Beşinci il inqilabından sonra Bakıya kənar yerlərdən güclü bir axın gəlməyə başladı. Bu axın özü ilə bir inqilabi ruh da gətirmişdi. Qonşu Gürcüstandan gələn inqilabçılar arasında iki nəfər xüsusilə seçilirdi: Koba və Serqo. Amma bu iki gürcü Bayılda, 3 nömrəli kamerada tanış olmuşdu.
Əmin bəy Stalinlə tez-tez görüşürdü. O vaxtlar kimsəsiz, kasıb Stalinə neft şəhərində arxa duran Əmin bəy idi. Mən Serqo ilə daha yaxın idim. Bu adam o vaxtlar feldşer idi. Neft mədənlərini dolaşıb həm xəstələri müalicə edir, həm də bolşevikləri təbliğ edirdi. Yadımdadır, Serqonu yeddinci ildə tutub həbs etdilər. Əvvəlcə Bakıda Bayılda saxlanılırdı. Mən ona bir neçə dəfə baş çəkdim. Sonra onu Suxumiyə, oradan da Sibirə göndərdilər. Ömürlük sürgün cəzası vermişdilər. O, iki ildən sonra sürgündən qaçıb Bakıya gəldi.
Oktyabr çevrilişi zamanı Serqo xeyli irəli çıxdı. Qafqaz ölkələrində hakimiyyət çevrilişinin əsas simalarından biri kimi tanındı. Leninlə yaxın əlaqə qurdu. Zaqafqaziya kommunistlərinin başçısı oldu. Sonralar SSRİ Ağır sənaye naziri vəzifəsində işlədi. O, 1937-ci ildə müəmmalı şəkildə vəfat etdi.
1936-ci ildə Serqo Orconikidzenin böyük qardaşı Pavel həbs edildi. Mən onu tanıyırdım. Biz, elə Serqo da öz aramızda ona Papuliya deyirdik. Az sonra Papuliya güllələndi. 1938-ci ildə Serqonun arvadı Zinaida Qavrilovna on il həbs cəzasına məhkum edildi. Orconikidzenin digər qardaşları İvan və Konstantin, habelə bir çox yaxın qohumları, Stalinin repressiyasına məruz qaldılar.

Məmməd Əmin. Doktor, çox güman ki, Siz bəzi müəmmalı məsələlərin kökünü kənarda axtarırsiz...
Nəriman Nərimanov. Nə mənada, Əmin bəy? Nəsə belə bir şey xatırlamıram... Yadımda deyil.
Məmməd Əmin. O mənada ki, Ermənistanda Sovet hakimiyyətinin qurulmasından cəmi üç gün sonra, yəni 1920- ci il dekabrın birində Azərbaycan İnqilab Komitəsinin bəyanatı sizin yadınızda deyil, Nəriman bəy?
Nəriman Nərimanov. Əlbəttə, mən desəm ki, o bəyanatdan xəbərim olmayıb, bu düz olmazdı. Amma məsələnin mahiyyəti başqa cürdür.
Məmməd Əmin. Qəzetlərin yazdığına görə, Siz həmin gün, yəni dekabrın 1-də Dağlıq Qarabağın Ermənistanın ərazisi, onun ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmisiz.
Nəriman Nərimanov. Bəli, bu cür məlumatları mən də oxumuşam. Həm Ermənistanda, həm Gürcüstanda, həm Moskvada, təəssüflər ki, həm də Bakıda çıxan qəzetlərdə belə bir fikir yer alıb. Əslində isə mən heç bir ilhaq barədə söz deməmişəm. Ermənilər "bəyannamə” dedikdə mənim 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasındakı çıxışımı əsas gətirirlər. Əslində isə orada mənim söylədiyim fikir kobud şəkildə və qəsdən təhrif olunur.

Məmmədəli Rəsuloğlu. Əslində Nərimanov həmin iclasda demişdi ki, Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam müqəddəratlarını təyin etmək hüququ veriləcək.

Məmməd Əmin. Bunun nəticəsinin necə olacağını düşünmüsüzmü?

Nəriman Nərimanov. Əgər belə bir səsvermə keçirilsə ermənilərin böyük əksəriyyəti Azərbaycanın tərkibində qalmaq istəyəcək.
Məmməd Əmin. Siz bunu nəyə əsasən deyirsiz?
Nəriman Nərimanov. Bunu təkcə mən yox, elə Mərkəzdəki ermənilər də yaxşı bilirlər. Sizə də məlumdur ki, Mikoyan hər yerdə mənim əleyhimə danışır. Amma buna baxmayaraq o da etiraf edir ki, Qarabağ ermənilərinin həyatı Azərbaycandan asılıdır. Mikoyan hələ ik il qabaq 22 may 1919-cu il tarixdə Leninə yazdığı məktubda da göstərirdi ki, Qarabağ Azərbaycan torpağıdır, onu Ermənistanla heç nə bağlamır.
Məmməd Əmin. Əvvəla, həmin vaxt Ermənistanda Sovet hakimiyyəti qurulmamışdı və bu bəyanat bir təzyiq kimi görünür. İkincisi, bəyəm Siz Mikoyana inanırsız?
Nəriman Nərimanov. Mən faktı deyirəm. O ki qaldı Mikoyana.... Əlbəttə, inanmıram. Mən dəfələrlə demişəm ki, 1920-ci ildə də Bakı Komitəsini ələ keçirən Mikoyan onu böyük ustalıqla Sarkisə, Sarkis isə Mirzoyana ötürüb. Leninə və Stalinə də demişəm ki, belə getsə çox güman ki, Mirzoyandan sonra bu vəzifəyə Kasparov keçəcək. Əgər belə getsə... Belə getsə bu quruluşun ömrü orta bir insan ömründən də az olacaq.

Məmmədəli Rəsuloğlu. Nərimanov Stalinə ünvanlanmış məktubunda yazır. “Mərkəzi Komitəyə, yol. İ.V.Stalinə, Surətləri: yol. L.D.Trotskiyə, yol. K.V.Radekə “Bizə qarşı aparılan kompaniyanın fəaliyyəti məhz ona yönəlib ki, Azərbaycanı tamamilə simasızlaşdırsınlar. Bir tərəfdən kommunizm bayrağı altında daşnak fəaliyyəti gedir, digər tərəfdən keçmiş eserlər sakitcə Sovet hakimiyyətini ayağının altını qazırlar”.

Məmməd Əmin. Sizin komandada Sarkisdən də betərləri var. Əqidəsiz və məsləksiz insanlar...
Nəriman Nərimanov. Əmin bəy, siz əqidəli adamsız, buna şəkk-şübhəm yox. Amma əqidə və məslək insanla bir doğulmur axı.
Məmməd Əmin. Dediyinizə şübhəm yox. Əqidə həyatda formalaşır.
Nəriman Nərimanov. Mən bu ötən illərdə çox dəyişən sifətlər, necə deyərlər üzü üzlər görən, gündə bir havaya oynayan adamlar gördüm. İlahi, bizim millətimizdə nə qədər yaramaz insanlar varmış. Mən sizə yüzlərlə belə simasız buqələmun göstərə bilərəm.
Məmməd Əmin. (Gülür). Bunun üçün elə bir nümunə də bəs edər, doktor.
Nəriman Nərimanov. Məsələn, götürək Əliheydəri...
Məmməd Əmin. Hə, bu misal kifayətdir.
Nəriman Nərimanov. Gəlin etiraf edək ki, bizim xalq hələ kifayət qədər yetkinləşməyib.
Məmməd Əmin. Nə mənada?
Nəriman Nərimanov. Yaxşını yamandan ayırmaq mənasında...
Məmməd Əmin. Mən elə düşünmürəm... Xalq müdrikdir. Görünür, bizim özümüz, bu xalqın önündə olanlar səhvlərə yol vermişik. Mən etiraf edirəm ki, bizim ən böyük səhvlərimizdən biri Qırmızı ordunu Bakıya buraxmaq oldu... O vaxt lazımi müqavimət göstərmədik.
Nəriman Nərimanov. Əmin bəy, mənsə belə hesab edirəm ki, sizin parlamant həmin dəqiqələrdə ən düzgün qərarı qəbul edib.
Məmməd Əmin. Xeyr. Mən elə hesab etmirəm. O vaxt bizim öz keçmiş silahdaşlarımız bizə qarşı daha mütrəce mövqe tutmuşdu. Yoxsa nəticə başqa cür də ola bilərdi...

Məmmədəli Rəsuloğlu. Aprel ayının 27-də gecə saat 12-də Azərbaycan Demokratik Respublikasının parlamentinin son -fövqəladə sessiyası keçirildi. Hərbi nazir Səmədbəy Mehmandarov vəziyyət haqda ətraflı məlumat verdi, çıxış yollarının tapılması məsələsinin müzakirəsi başlandı. Elə bu vaxt Həmid Sultanov silahlı dəstənin iştirakı ilə salona daxil olub parlamentə hakimiyyətin bolşeviklərə verilməsi haqda ultimatum verdi. İclasa sədrlik edən Həsən bəy Ağayev ultimatumu oxudu: “Azərbaycan parlamenti və hökumətinə. Azərbaycan kommunist partiyası mərkəzi komitəsi adından Azərbaycan proletariatı və zəhmətkeş kəndlilərinin iradəsini ifadə edərək mərkəzi komitə qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimatum şəklində qarşınızda qoymağı özünə borc bilir”.

Nəriman Nərimanov. Əmin bəy, xalqı qırğına vermək ağılsızlıq olardı. Bakıya həmlə edən ordunun sərəncamında yetmiş iki min əsgər və zabit, üç atıcı diviziya, Taman atıcı briqadası, iki suvari korpus, bir suvari diviziya, onbir zirehli qatar, bir aviasiya eskadrilyası var idi. Bunun qarşısını necə almaq olardı?

Məmmədəli Rəsuloğlu. Həmin gecə Xəzər Donanmasının komandanı Çingiz İldırım əlavə bir ultimatum verdi: “Azərbaycan sosialist Şura Cümhuriyyətinin Qızıl Donanması hakimiyyəti dərhal fəhlə-kəndli şura hökumətinə vermənizi qətiyyətlə tələb edir. Cavab, ultimatum alınandan sonra, iki saat ərzində verilməlidir. Əks təqdirdə, atəş açılacaqdır”. Həmin anlarda Bakıdakı bolşevik rəhbərlər Behbud bəy Cavanşirin mənzilində oturub parlamentin qərarını gözləyirdilər.

Məmməd Əmin. Mən həmin gün irəli sürülən təhdid və təkliflərin hamısını rədd etdim.

Məmmədəli Rəsuloğlu. Bu vaxt rus-bolşevik ordusu artıq Biləcəridə dayanıb komanda gözləyirdi. Xəzər hərbi dəniz donanmasının topları parlamentin binasına yönəldilmişdi. Ultimatuma cavab vermək üçün Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə xüsusi komissiya yaradıldı. Vaxt az idi, iki saat ərzində ultimatuma cavab vermək lazım idi.

Nəriman Nərimanov. Sizin hansı mövqedə dayanmağınız mənə məlumdur, Əmin bəy. Bilirəm, Siz son anacan müqavimət göstərmisiz.

Məmmədəli Rəsuloğlu. Gecə saat onikidə komissiyanın yekun iclasında Rəsulzadə vəziyyəti təhlil etdi və ultimatumu rədd etdiyini bildirdi. Lakin vəziyyətin çıxılmaz olduğunu görən komissiya üzvləri, yalnız Rəsulzadə istisna olaunmaqla, hakimiyyəti bolşeviklərə vermək qərarına gəldilər.


Nəriman Nərimanov. Bəli, sizin komissiyanın qəbul etdiyi qərar tamamilə doğru idi. Çünki baş verən hadisələrin gedişinə real baxmaq lazım idi. Müqavimət göstərməyin bir mənası yox idi, Əmin bəy. Hesab edirəm ki, baş verənləri Siz özünüz də təhlil edib mənimlə razılaşarsız.
Məmməd Əmin. Əslində Bakıda baş verən çevriliş yalnız siyasi hakimiyyəti ələ keçirmək məqsədi güdmürdü. Bu, neft uğrunda gedən bir mücadilə idi.
Nəriman Nərimanov. Doğrudur. Düz deyirsiz. Bunu kim inkar edir ki?

Məmmədəli Rəsuloğlu. Lenin Qafqaz cəbhəsi hərbi inqilab şurasının sədri Orconikidzeyə teleqram göndərib tələb edirdi ki, “Bakını almaq bizə olduqca və olduqca zəruridir”.

Məmməd Əmin. Nəriman bəy, məni qorxudan Bakının, Azərbaycanın təkcə bu günkü taleyi deyil. Məni qorxudan həm də budur ki, bu neft gələcəkdə də bizim millətin ən böyük faciəsinə çevrilə bilər.
Nəriman Nərimanov. Biz öz milli mövcudluğumuzu qorumaq üçün həmin vaxt neftdən imtina etməli idik. Başqa bir çıxış yolu vardımı?.
Məmməd Əmin. Hələ o vaxt baş verən və indinin özündə də davam edən faciələr, talanlar... Amma siz bolşeviklər bu faciəni inqilab kimi qələmə verirsiz.
Nəriman Nərimanov. Xeyr, mən bu hadisəni artıq çevriliş hesab edirəm.
Məmməd Əmin. Yaxşı ki, bunu etiraf edirsiz. Nəriman bəy. Razısızmı ki, sizin hakimiyyət Qırmızı ordu Bakıya daxil olduqdan sonra əvvəllər verdiyi heç bir vədə əməl etmədi?..
Nəriman Nərimanov. Siz hansı vədləri nəzərdə tutursuz?
Məmməd Əmin. Nəriman bəy, bəyəm siz bizim hakimiyyətin bolşeviklərə hansı şərtlər daxilində verildiyini unutmusuz?

Məmmədəli Rəsuloğlu. Gecə saat birə işləmiş paralament müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi haqda qərar qəbul etdi. Şərtlər bunlardan ibarət idi.
- Rus ordusu Bakıya girmədən dəmir yolu ilə Anadolunun imdadına gedəcək.
-Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və məhdudiyyətdən qorunacaq.
-Azərbaycan ordusu olduğu kimi qalıb buraxılmayacaq.
-Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək.
-Sabiq dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərindən heç kəs siyasi cinayətdə ittiham edilməyəcək.
-Azad şəraitdə toplanacaq Azərbaycan şuraları öz hökumətinin idarəsini təyin edəcək.
Bu şərtləri irəli sürdükdən sonra aprel ayının 27-dən 28-nə keçən gecə Milli parlament və hökumət buraxıldı, binanın üzərindən üçrəngli bayraq endirildi, həmin gecə səhər saat 4-də Qırmızı Ordu Bakı şəhərinə daxil oldu.

Nəriman Nərimanov. Əmin bəy, biz hələ Avropa tipli bir dövlət deyilik ki, hər şeyi kağız üstündə cızılldığı kimi, dəqiqliklə icra edək.
Məmməd Əmin. Nəriman bəy, amma bizim təşkil və təklif etdiyimiz parlament Avropa tipli bir parlament idi. Elə orada fəaliyyət göstərənlərin də əksəriyyəti Avropada təhsil almış insanlardı. Bu gün bolşeviklər bizi millətçilikdə, pantürkçülükdə günahlandırır. Bu, tam əsassız, şər və böhtan dolu bir iddiadır. Bizim parlament bəlkə də yer üzünün ən mütərəqqi, ən demokratik və ən beynəlmiləlçi parlamenti idi. Bunun üçün parlament korpusunun siyahısına ötəri nəzər salmaq kifayətdir.

Məmmədəli Rəsuloğlu. Azərbaycan Parlamentinin Tərkibi belə idi:

Parlamentin sədri - Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini - Məmməd Yüsif Cəfərov
Sədrin Müavini - Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi - Bağır bəy Rzayev
Katiblər - Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı

I Müsavat və Birtərəflər fraksiyası
Məhəmməd Əmin Rəsulzadə
Həsən bəy Ağayev
Nəsib bəy Yusifbəyli
Xəlil bəy Xasməmmədov
Məhəmməd Həsən Hacınski
Abbasqulu Kazımzadə
Musa bəy Rəfizadə
Cavad bəy Məlikyeqanlı
Mehdi bəy Hacınski
Mehdi bəy Hacıbababəyov
Rəhim bəy Vəkilov
Şəfi bəy Rüstəmbəyli
Hacı Səlim Axundzadə
Mustafa Mahmudov
Asəf bəy Şıxəlibəyov
Abuzər bəy Rzayev
Əhməd Həmdi Qaraağazadə
Ağa Əminov
Nəriman bəy Nərimanbəyli
Mirzə Sadıx Axundzadə
Müseyib bəy Axıcanov
Mustafa Vəkilov
Məmməd Bağır Şıxzamanov
Məmməd Əli Rəsulzadə
Murtuza Axundov
Rza bəy Axundov
Məmməd Rza Vəkilov
Cəlil bəy Sultanov
Əşrəf Tağıyev
Məmməd Yusif Cəfərov
Mirzə Əsədullayev
Yusif Əhmədzadə
Baxış bəy Rüstəmbəyov
Fətəli Xan Xoyski
Ağa bəy Səfərəliyev
Əsədulla Əhmədov
Ağa Aşurov
Qulamhüseyin bəy Kazımbəyov

II İttihad fraksiyası
Qara bəy Qarabəyli
Mir Yaqub Mehdiyev
Qazı Əhməd bəy Məmmədov
Cəmil bəy Ləmbəranski
Bəhram bəy Vəzirov
Sultan Məcid Qənizadə
Həmdulla əfəndi Əfəndizadə
Zeynal bəy Vəzirov
Heybətqulu bəy Məmmədbəyli
Əli bəy Zizinski
Qara bəy Əliverdiyev
Əsəd bəy Əmirov
İsgəndər bəy Axundov

III Əhrar fraksiyası
Aslan bəy Qardaşov
Hacı molla Əhməd Nuruzadə
Muxtar əfəndi Əfəndizadə
Qərib Kərimoğlu
Bayram Niyazi Kiçikxanlı

IV Sosialistlər fraksiyası
Səməd ağa Ağamalıoğlıu
Əli Heydər Qarayev
Qasım bəy Camalbəyov
Hacı Kərim Sanılı
Əhməd bəy Pepinov
Camo bəy Hacınski
Rza bəy Qaraşarlı
Aslan bəy Səfikürdlü
İbrahim Əbilzadə
Bağır Rzayev
Vladislav Bakradza
Əkbər Şeyxulislamzadə
İbrahim İsmayılzadə

V Bitərəflər
Bəhram bəy Axundov
Behbud bəy Cavanşir
Əbdüləli bəy Əmircanov

VI Müstəqillər
Əli Mərdan bəy Topçubaşov
Səməd bəy Mehmandarov
Xudadat bəy Məlikaslanov
Bababəy Qəbulzadə

VII Sol müstəqil
Abdulla bəy Əfəndizadə

VIII Slavyan - Rus İttifaqı fraksiyası
Viktor Klanevski
Basili Kravcenko
Cerqey Remizov
Fyodor Kotılevski

IX Milli azlıqlar fraksiyası
Lorens Kun
Moisey Quxman
Stanislav Vonsovic
Vasil Kujim

X Erməni fraksiyası
Arşak Paronyan
Yervan Taqionosov
İsaq Xocayev
Stepen Toqionosov
Georgi Şahnazarov

XI Daşnaksütyun fraksiyası
Arşak Malxazyan
Xoren Amaslür
Poqos Cubarlı
Abqar Papyan
Aleksandr Ter-Azeryan
Bogdan Balayans

Nəriman Nərimanov. O siyahı ilə və həmin siyahıdıdakı adamlarla mən də tanışam...
Məmməd Əmin. Mən hələ ərazimizin necə parça-parça bölünərək qonşulara “hədiyyə” edildiyini demirəm. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin məlumatlarına görə 1919-cu ilin axırlarında Azərbaycanın ərazisi 113,9 min kvadrat kilometr idi.
Nəriman Nərimanov. Bilirəm. Onu da bilirəm ki, o vaxt 16,6 min kvadrat kilometr mübahisəli ərazi vardı.
Məmməd Əmin. Həmin mübahisələr tezliklə həll olunacaqdı... Amma bu gün torpaqlarımız sanki hərraca qoyulub.
Nəriman Nərimanov. Bəli, elə məsələlər var ki, biz onları hələ həll edə bilmirik. Onların həlli qalır gələcək nəslə, gənclərə...
Məmməd Əmin. Gənc bolşeviklər? Kimdir onlar? Məsələn, Sizin gənc bolşevik kimi vəzifəyə gətirdiyiniz Mircəfər Bağırov? O, adamlara divan tutmaqdan usanmır, hər kəsin içində bir “əksinqilabçı” axtarır .
Nəriman Nərimanov. Əvvələ, onu mən irəli çəkməmişəm. İkincisi də, mənim bildiyimə görə, Mircəfər vaxtilə müsavatçı olub.
Məmməd Əmin. Kimin hansısa partiyanın üzvü olması o qədər də əhəmiyyətli deyil. Əsas məsələ kimin hansı əxlaqa sahib olmasıdır.
Nəriman Nərimanov. Siz deyənlərlə şərikəm, Əmin bəy. Amma məni ən çox təəccübləndirən bilirsiz nədir?
Məmməd Əmin. Nədir, Nəriman bəy?
Nəriman Nərimanov. Etibar edib irəli çəkdiyim adamların çoxu sonra tamam başqa cəbhəyə keçir. Açıq desəm, onlar o yeni cəbhədən mənim özümə atəş açırlar. O adını çəkdiyiniz Mircəfər tək olsaydı nə vardı ki... Bilirəm, Əyyub Xanbudağovu yaxşı tanıyırsız.
Məmməd Əmin. Bəli, kifayət qədər tanıyıram.
Nəriman Nərimanov. Xanbudaqova etimad göstərib irəli çəkdim. Hesab etdim ki, vətənpərvər, ziyalı, oxuyub-görmüş adamdır. Sonra mənim ayağımın altını qazanlardan biri o oldu. İndi də deyir ki, səhv etmişəm, Nərimanov mənim rəhbərimdir, böyüyümdür, ağsaqqalımdır... Mən bu adamları başa düşmürəm.
Məmməd Əmin. Bunun günahını təkcə o adamlarda deyil, sizin hökumətin yaratdığı mühitin özündə axtarmaq lazımdır.
Nəriman Nərimanov. Hər halda mühiti də adamlar yaradır.
Məmməd Əmin. Mühit nədir? Bizim yaşadığımız işıqlı və qaranlıq aləm. İşığın çox olduğu bir mühit yaratmaq lazımdır, Nəriman bəy. Hegelin maraqlı bir fikri var: insanlar mühiti, mühit də insanları yaradır. Dediyim odur ki, əslində Əyyub Xanbudağov müsbət adamdır, amma onu əzən bu mühit, bu cəmiyyətdir.

Məmmədəli Rəsuloğlu. Əyyub Şirin oğlu Xanbudaqov 1893-cü ildə Gəncədə bəy ailəsində doğulub. Xəzər donanmasında matros, kapitan köməkşisi işləyib. Hümmətçi bolşevik, kommunist idi. Azərbaycan Sovetləşəndən sonra Fövqəladə Komissiyanın sədri işləyib. Azərbaycan həmkarlar İttifaqında və Mərkəzi komitədə katib işləyib. Bütün bu vəzifələrdə ona Nərimanov dəstək vermişdi. Xanbudağov 1936-cı ildə Xalq Daxili işlər Komissarlığı tərəfindən həbs olunaraq 5 il azadlıqdan məhrum edildi. Amma bir il sonra SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ona ölüm hökmü oxundu.
Mən Əyyub bəylə tanış idim. Xanbudaqov mənim yaddaşımda vətənpərvər, qorxmaz bir şəxs kimi qalıb.

Nəriman Nərimanov. Əmin bəy, mən çalıçıram ki, bu mürəkkəb dövrdə bizim bir vətəndaşımızın da burnu qanamasın...
Məmməd Əmin. Siz nədən danışırsız, doktor? Artıq iki ildir ki, Sizin rəhbərlik etdiyiniz məmləkətdə bizim hökumətin rəhbərlərinə qarşı bütün cəbhə boyu hücum təşkil olunub.
Nəriman Nərimanov. Kimdir o hücumu təşkil edənlər?
Məmməd Əmin. Bolşeviklər və daşnaklar... Bizim Baş nazir, parlament sədri qətlə yetirilib. Minlərlə müsavatçıya divan tutulub. Bir yandan torpaqlarımız əldən gedir.

Məmmədəli Rəsuloğlu. Baş nazir Fətəli xan Xoyski (19 iyul 1920-ci ildə Tiflisdə ), keçmiş parlament sədrinin müavini Əhməd bəy Ağayev19 iyul 1920-ci ildə Tiflisdə, keçmiş daxili işlər naziri Behbud xan Cavanşir (İstanbulda) 19 iyul 1921-ci ildə Tiflisdə erməni terroristləri tərəfindən terrora məruz qalıb.

Nəriman Nərimanov. Əmin bəy, doğrudanmı Siz elə düşünürsüz ki, mənim bu vətən, millət sevgisindən daha böyük hansısa qeyri bir amalım var?
Məmməd Əmin. Nəriman bəy, əlbəttə, mən belə düşünsəydim, səhvə yol verərdim. Sizin belə bir sevginizə heç bir şübhəm yoxdur.
Nəriman Nərimanov. Bəlkə də Siz bunu bilmirsiz. Serqo ilə Anastas məni hər yerdə, bütün iclaslarda Rəsulzadə ideyalarının, Müsavat ideologiyasının tərəfdarı, hətta mübəlliği kimi təqdim etməyə çalışırlar.
Məmməd Əmin. Nə mənada?
Nəriman Nərimanov. O mənada ki, onlar Nərimanovu Mərkəzə millətçi kimi təqdim etmək istəyirlər.
Məmməd Əmin. Nəriman bəy, anlamıram, bu təqdimatda nə var ki? Bəyəm Siz öz millətinizin təəssübünü çəkmirsiz ki? Bayaq özünüz demədiniz ki, ən böyük amalınız millət sevgisidir?...
Nəriman Nərimanov. Bəli, dedim. Amma başqa millətlərə də bir nifrətim yoxdur.
Məmməd Əmin. İndiki halda söhbət hansısa millətə məhəbbət və ya nifrətdən getmir ki... Söhbət ondan gedir ki, indi sanki dünyanın təzədən bölüşdürüldüyü bir zamanda yaşayırıq. Söhbət ondan gedir ki, hər xalq öz dövlətini qurur, öz milli maraqlarını qoruyur. Bizim millətimizsə ayaqlar altında tapdanmaqda, sürünməkdədir. Mən belə mücərrəd məhəbbəti dərk edə bilmirəm, Nəriman bəy.
Nəriman Nərimanov. Əmin bəy, hər bir kəsi bu və ya digər məsələdə ittiham etmək asandır. Amma hər bir işin mahiyyəti mürəkkəbdir. Bilənlər yaxşı bilir ki, mən torpağımızı parçalamaq istəyən qüvvələrlə hansı savaşdayam.
Məmməd Əmin. Amma Sizin açdığınız savaşa rəğmən bizim torpaqlarımız əldən getməkdədir. Bolşeviklər hakimiyyətə hansı şüarlarla gəlmişdilər, indi hansı əməllərlə məşğuldular?
Nəriman Nərimanov. Əmin bəy, mən sizi yaxşı anlayıram. Amma hiss edirəm ki, siz məni anlamaq istəmirsiz.
Məmməd Əmin. Bu, çox sərt fikir oldu, Nəriman bəy.
Nəriman Nərimanov. Biz bir-birimizi anlamalı, dərk etməliyik.
Məmməd Əmin. Dərk edək. Bizə kim mane olur ki?
Nəriman Nərimanov. Özümüz... Özümüz mane oluruq, Əmin bəy. Mən bilirəm, siz ürəkdən haray qoparıb deyirsiz ki, torpaqlarımız əldən gedir. Amma mən də heç vaxt heç kəsə imkan verməyəcəyəm ki, torpaqlarımızı kiməsə elə-belə peşkəş etsinlər.
Məmməd Əmin. Qarabağın başı üstə qara buludlar çaxır, ildırımlar oynaşır, Nəriman bəy.
Nəriman Nərimanov. Mən Sizinlə razıyam. Ötən il iyulun dördündə Mərkəzi Komitənin Qafqaz bürosunun iclasında Dağlıq Qarabağ məsələsi iclasa çıxarılmışdı. Stalin başda olmaqla büronun bütün üzvləri –Orconikidze, Kirov, Myasnikyan, Fiqanter belə qərara gəldilər ki, Dağlıq Qarabağ Sovet Ermənistanının tərkibinə qatılsın. Amma mən onların bu fikrinə şərik çıxa bilməzdim və çıxmadım da.

Məmmədəli Rəsuloğlu. Nərimanov Kavbüronun qərarı ilə razılaşmadı. Qətiyyətlə tələb etdi ki, bu məsələyə Mərkəzi Komitənin iclasında baxılsın. Belə də oldu. Mövcud ərazinin Azərbaycan tərkibində olduğu rəsmən təqsdiq edildi.

Məmməd Əmin. Ermənilərin torpaq iştahası çox güclüdür.
Nəriman Nərimanov. Bilirəm. Onlar Naxçıvanı da Azərbaycandan qoparıb almaq istəyirdilər. Mən bu məsələdə də öz mövqeyimdən geri çəkilmədim.

Məmmədəli Rəsuloğlu. Naxçıvanın Ermənistana verilməsi üçün Mərkəzdəki ermənilər bütün vasitələrə əl atırdılar. Nərimanov Behbud bəy Şahtaxtinski vasitəsilə Moskvaya öz etirazını çatdırdı. Şahtaxtinski Moskvada çıxış edərkən bu məsələyə Naxçıvan əhalisinin kəskin reaksiya verdiyini bildirdi. Əhali Rusiyaya deyil, Türkiyəyə daxil olmaq istədiyini bəyan etdi. Bu, rusların ürəyindən deyildi. 16 mart 1921-ci il tarixdə Moskvada gənc Sovet Rusiyası ilə gənc Türkiyə dövləti arasında müqavilə bağlandı. Həmin müqavilə Naxçıvan Müxtar Respublikasının Azərbaycan tərkibində qalmasını təsdiq etdi. Sənəddə o da qeyd edildi ki, Muxtar Respublika heç bir zaman başqa bir dövlətin tərkibində olmayacaq.
Nəriman Nərimanov. Ermənilər bütün vasitələrlə Dağlıq Qarabağın Ermənistan ərazisi olmasını sübut etməyə çalışırlar. Bunun üçün onlar nələrə əl atmırlar. Gülməlidir, erməni dostlar hətta, bu xüsusda mənim adımdan sərəncam və dekretlər verməkdən belə çəkinmirlər.

Məmmədəli Rəsuloğlu. Həmin dekretlərdən biri 1921-ci il, iyunun 21-də Bakıda çıxan "Kommunist” qəzetində dərc olunmuşdu. Ermənistan SSR Xalq Komissarları Sovetinin 12 iyun dekretində deyilirdi: "Azərbaycan SSR İnqilab komitəsinin bəyannaməsinə və Sovet respublikasının hökumətləri arasındakı müqaviləyə əsasən elan olunur ki, Dağlıq Qarabağ bundan sonra Ermənistan SSR-in ayrılmaz tərkib hissəsidir”. Bu dekret Bakıda şok effekti yaradır. Hansı bəyannamədən söhbət gedir? Yaxud, Ermənistanda Sovet hakimiyyəti qurulan vaxtdan İrəvanla Bakı hakimiyyəti arasında Dağlıq Qarabağla bağlı heç bir müqavilə bağlanmadığı halda, Ermənistan rəhbərliyi hansı "müqavilə”ni əsas gətirir? Bir sözlə, İrəvanın istinad etmək istədiyi arqumentlərin saxta olduğu göz qabağında idi.

Məmməd Əmin. Ermənilər "bəyannamə” dedikdə Sizin o vaxt -Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olarkən Bakı Sovetinin iclasındakı çıxışınızı əsas gətirirdilər. Səhv etmirəmsə bu çıxış 1920-ci il dekabr ayının birində olmuşdu.
Nəriman Nərimanov. Mən həmin çıxışımda heç bir müqavilə barədə söz deməmişəm. Mən orada yalnız belə bir fikir işlətmişəm: "Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam müqəddəratlarını təyin etmək hüququ verilir”. Buradan isə qətiyyən o ərazinin Ermənistana qatılması nəticəsi çıxmır. Dağlıq Qarabağı əbədi Azərbaycan torpağı olub. Onu Ermənistana heç kəs hədiyyə edə bilməz.

Məmmədəli Rəsuloğlu. Qafqaz bürosunun Dağlıq Qarabağın muxtariyyəti ilə bağlı 5 iyul 1921-ci il qərarının tam icrası isə iki il uzanır. 7 iyul 1923-cü il tarixdə Azərbaycan Respublikasınıın tərkibində qaldığı tam rəsmiləşir.


Nəriman Nərimanov. Əmin bəy, etiraf etməyə məcburam. Elə məsələlər var ki, mənim iradə və səlahiyyətimdən kənarda həll olunur. Amma mən əlimdən gələni əsirgəmirəm. Elə sizinlə bağlı da bəyanatım olub. Bildiyiniz kimi, mən hakimiyyətə çevrilişdən bir ay sonra gəlmişəm. Bakıya gələndən bir ay sonra isə rəsmi şəkildə bildirmişəm ki, Rəsulzadə də bu xalqın oğludur və biz onun salamat qalmasına zəmanət verməliyik. Bu bəyanat mətbuatda dərc olundu. Bu keçən müddətdə mənə edilən hücumların kökündə həm də sizə qarşı göstərilən loyal münasibətdir. Ruhulla Axundov hər yerdə deyir ki, Nərimanov bolşevik cildinə girmiş müsavatçıdır...
Məmməd Əmin. Məlumatım var...
Nəriman Nərimanov. Çox qəribədir. Millətçilərin çoxu mənə bolşevik kimi, bolşeviklərin çoxu isə mənə millətçi kimi baxır.
Məmməd Əmin. Nəriman bəy, bəs siz bu cəbhələrdən hansına daha çox önəm verirsiz? Yəni siz özünüzü bolşevik hesab edirsiz, ya millətçi?
Nəriman Nərimanov. Əmin bəy, mən öz millətimi çox sevirəm. Amma başqa millətlərə də hörmətim var.
Məmməd Əmin. Mənim də qeyri millətlərə hörmətim böyükdür. Amma istəyirəm ki, hər bir millət öz müqəddəratını özü həll etsin.
Nəriman Nərimanov. Bu məsələdə mən də sizin fikrinizlə şərikəm.
Məmməd Əmin. Əgər elədirsə, onda bu qədər milləti bir yumruq altında toplamağa nə hacət, Nəriman bəy?
Nəriman Nərimanov. Yumruq niyə, Əmin bəy? Əksinə, biz hər bir kiçik xalqa milli muxtariyyət, milli azadlıq vəd edirik.
Məmməd Əmin. Nəriman bəy, bu milli azadlığı siz niyə verməlisiz axı? Bu azadlığı xalq özü seçməlidir.
Nəriman Nərimanov. Xalqı dövlətdən ayırmaq olmaz, Əmin bəy.
Məmməd Əmin. Bolşeviklər nəinki xalqlara azadlıq verir, əksinə, xalqların indiyəcən əldə etdikləri azadlığı onların əlindən alır.
Nəriman Nərimanov. Siz hansı xalqı nəzərdə tutursunuz, Əmin bəy?
Məmməd Əmin. Məsələn, elə öz xalqımızı...
Nəriman Nərimanov. Mən hesab etmirəm ki, siz bu xalqı məndən çox sevirsiz.
Məmməd Əmin. Xalqı sevmək ayrı, xalqa xidmət etmək bir ayrı iş, Nəriman bəy... Sizin sevginiz mücərrəddir.
Nəriman Nərimanov. Siz niyə bu cür düşünürsüz?
Məmməd Əmin. Çünki bunu deməyə əsasım var.
Nəriman Nərimanov. O, nə əsasdır elə?
Məmməd Əmin. Bizim xalqın bir məsəli var: “Bir budaqda oturub min budağı silkələmək”. Bolşeviklər də bu məsəldə olduğu kimi, bir ölkədə bədbəxtlik ağacı əkməklə kifayətlənməyib, öz rəzalət toxumlarını yüz ölkəyə eksport etmək istəyirlər.
Nəriman Nərimanov. Xeyr, məsələ heç də Sizin düşündüyünüz kimi deyildir, Əmin bəy. Bolşeviklər bütün dünyada diktaturanın, istibdadın əleyhinədir.
Məmməd Əmin. Bunlar gəlişigözəl sözlərdir, Nəriman bəy. Uzağa niyə gedirik, elə götürək öz xalqımızı. Bəyəm bizə bu qansız, amansız, qəddar rejim lazım idi?
Nəriman Nərimanov. Əmin bəy, siz səhv edirsiz. Əsl bolşeviklər dünyaya sülh və bərabərlik toxumu səpmək istəyirlər.
Məmməd Əmin. Sülh toxumu... Əsl bolşeviklər... Haradadır onlar? Bolşeviklər Azərbaycana gələndən sonra yalnız fəlakət gətiriblər. Təkcə bu son iki ildə minlərlə adam güllələnib. Vəhşiləşmiş zabit və əsgərlər evləri talan edir, kişiləri güllələyir, qız-gəlinləri zorlayır, fabrik-zavodlara od vurur, kilsə və məscidləri darmadağın edir. Budurmu bolşeviklərin gətirdiyi mədəniyyət?
Nəriman Nərimanov. Mən bütün varlığımla hər cür zorakılığın əleyhinəyəm.
Məmməd Əmin. Fəqət bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra əhaliyə divan tutmaqla məşğuldur.
Nəriman Nərimanov. Əlbəttə, burjua sinfinin nümayəndələri bizim həyata keçirdiyimiz müsbət işləri dəyərləndirə bilməz.
Məmməd Əmin. Söhbət təkcə burjuaziyadan getmir ki...
Nəriman Nərimanov. Biz də qısa vaxt ərzində az iş görməmişik... Kasıblara xüsusi qayğı göstərilir. Onlar hakimiyyətdə təmsil olunur. Kəndlinin qədrini kəndlidən, fəhlənin qədrini fəhlədən yaxşı kim bilər? Biz yeni cəmiyyətdə insan, yeni vətəndaş yetişdiririk.
Məmməd Əmin. Nəriman bəy, Çar dövründə təkcə kasıblar təpik altda idi. İndi varlılar da kasıbların vəziyyətindədir. Bütün Rusiya əzilməkdədir.
Nəriman Nərimanov. Bu günün kasıbları... Yəqin ki, onlar sabah xoş güzaran görəcəklər.
Məhəmməd Əmin. Mən belə hesab edirəm ki, Sizin hökümətin yaratmaq istədiyi o kasıb vətəndaş gələcəkdə əsl burjuy olacaq.
Nəriman Nərimanov. Bu da yeni bir nəzəriyyədir yəqin. (Gülür). Əmin bəy, Siz nəyə əsasən gələcək haqda belə əminliklə danışırsız?
Məhəmməd Əmin. Ətrafımızda baş verən hadisələr mənə belə deməyə əsas verir.
Nəriman Nərimanov. Siz hansı hadisələri nəzərdə tutursuz?
Məhəmməd Əmin. Bizim hakimiyyətdə və parlamentdə öz hesabına var-dövlət toplamış adamlar və ya onların övladları təmsil olunmuşdusa, bolşevik hakimiyyətində olanların əksəriyyəti özgəsinin hesabına sərvət əldə edənlərdir.
Nəriman Nərimanov. Məsələn, mənim sərvətimmi var, Əmin bəy? Mənim heç şəxsi evim də yoxdur.
Məhəmməd Əmin. Söhbət ayrı-ayrı fərdlərdən getmir, Nəriman bəy. Mən bilirəm, nə sizin sərvətiniz var, nə Stalinin, nə Leninin, nə də bir çox başqa bolşeviklərin.
Nəriman Nərimanov. Elə isə söhbət kimdən gedir?
Məhəmməd Əmin. Söhbət Bakının sərvətini talayanlardan, Moskvanı alt-üst edənlərdən...
Nəriman Nərimanov. Bütün inqilablar tarixində bu cür xoşagəlməz hadisələr olub...
Məhəmməd Əmin. Nəriman bəy, bizim hökumətimizdə və parlamentimizdə əyləşən adamlar, yəni sizin “burjua sinfinin nümayəndələri” adlandırdığınız ziyalılar öz xalqının bütün təbəqələrini sevirdi. Onlar üçün “kasıb-varlı”, “savadlı-savadsız” söhbəti yox idi. Amma sizin qurduğunuz hökumətin rəhbərləri sanki bütün ziyalılara nifrət edirlər. Elə bu səbəbdən də imkanı olan ziyalılar bu yeni yaranan məmləkəti tərk edib gedirlər. İndi xalq çar Nikolaya rəhmət oxuyur.
Nəriman Nərimanov. Əmin bəy, bu, keçici bir haldır...
Məhəmməd Əmin. Bu, necə “keçici hal” ola bilər ki, Lenin rus intelligensiyasını, bütün ziyalıları “qavno” adlandırır.
Nəriman Nərimanov. Vladimir İliç bu sözləri konkret bir zaman və şərait üçün deyib...
Məhəmməd Əmin. Onda icazə verin mən də sizə ustadımız Mirzə Fətəli Axundovun konkret bir zaman üçün dediyi fikri yada salım...
Nəriman Nərimanov. (Gülür). Bilirəm, siz hansı fikri nəzərdə tutursuz?.. “Gələcəkdə bu günkü eşşəklərdən törəyənlərin özləri də eşşək olacaq”. Eləmi? Amma bu sözlərin bolşeviklərə heç bir dəxli yoxdur.
Məhəmməd Əmin. Təki elə olsun. Fəqət baş verənlər ayrı şey deyir.
Nəriman Nərimanov. Biz çalışmalıyıq ki, yaxşı şeylər baş versin.
Məhəmməd Əmin. Xalqın artıq yaxşı və ya pis şeylər barədə düşünməyə halı qalmayıb. O, indi yalnız bir şey barədə düşünür: gündəlik çörək. Yavan, quru çörək. Siz yazıçısız, bəyəm adamların gözündən nələr yağdığını görmürsüz, Nəriman bəy?..
Nəriman Nərimanov. Bəyəm mənim öz gözümdən xoşbəxtlik yağır, Əmin bəy?
Məhəmməd Əmin. Bunun günakı kimdədir, Nəriman bəy?
Nəriman Nərimanov. Mən də həmin sualı Sizə vermək istərdim: kimdir günahkar?
Məhəmməd Əmin. Siz bolşeviklərin özü...
Nəriman Nərimanov. Xalq bizdə hələ çox geridədir, Əmin bəy. Onu bu inqilabdan qeyri neç bir qüvvə xilas edə bilməzdi...
Məhəmməd Əmin. Demək istəyirsiz ki, bolşeviklər xalqı xilas edə biləcək yeganə qüvvədir?
Nəriman Nərimanov. Bəlkə başqa bir fövqəladə qüvvə də var?
Məhəmməd Əmin. Bəli, var. Xalqı onun öz ağıllı-dərrakəli oğul və qızları xilas edə bilər.
Nəriman Nərimanov. Bunu kim inkar edir ki? Bizim gücümüz elə xalqdadır.
Məhəmməd Əmin. Bəyəm Siz xalqa imkan verdiniz ki, o, öz müstəqil yoluyla getsin?
Nəriman Nərimanov. Mən daim müstəqilliyin tərəfində olmuşam. Ağlın-idrakın müstəqilliyinin, cəmiyyətin-xalqın müstəqilliliyinin...
Məmməd Əmin. Nəriman bəy, Siz elə lap əvvəldən Azərbaycanın müstəqilliyinin əleyhinə olmusuz.
Nəriman Nərimanov. Sizə elə gəlir, Əmin bəy. Bu, yanlış bir fikirdir. Səhv edirsiniz.
Məmməd Əmin. Təki elə olaydı, yəni mən səhv edəydim. Amma mənim dediklərimi sizin həyat və fəaliyyətiniz təsdiq edir.
Nəriman Nərimanov. Mənim bütün həyatım öz milətimin həyatı ilə bağlı olub.
Məmməd Əmin. Mən demirəm ki, siz millətimizi sevməmisiz. Belə desəm böyük günah olardı. Söhbət bizim müstəqilliyimizdən gedir. Biz öz milli dövlətimizi quranda siz harada idiniz, Nəriman bəy?
Nəriman Nərimanov. Bəyəm Siz bilmirsiz mən o illərdə harada olmuşam? Bolşevik dostlarımla bir yerdə olmuşam. Mən daim sosialist ideallarına inanmışam, Əmin bəy.
Məmməd Əmin. Nəriman bəy, heç birimiz o ideallara qarşı deyilik. Elə isə mən sizdən başqa bir mətləbi soruşub öyrənmək istəyirəm.
Nəriman Nərimanov. O hansı mətləbdir elə?
Məmməd Əmin. Nəriman bəy, biz hakimiyyətdə olduğumuz müddətdə heç bir bolşevik təzyiqə məruz qalmadı.
Nəriman Nərimanov. Bilirəm. Necə bəyəm?
Məmməd Əmin. Amma sizinkilər hakimiyyətə gələn gündən Xalq Cümhuriyətini nəinki rəhbərliyində olanlara, az-çox milli təssübkeşliyi olanlara, hətta, ən adi insanlara belə divan tutmaqdadır. Mən hələ “burjua” qalığı adı ilə öldürülən ziyalıları, “kapıtalist” adı ilə damğalanan var- mülk sahiblərini dümirəm.
Nəriman Nərimanov. Əmin bəy, mən ölkəmizdə hakimiyyətdə olarkən bütün gücümlə haqsızlığa qarşı çıxmışam. Ziyalılarımızı, hərbi xadimlərimizi hər cür təhdiddən qorumuşam.
Məmməd Əmin. Bəi, eşitmişəm bu xidmətləriniz haqda. Bilirəm ki, Üzeyir bəyi güllələnmədən xilas etmisiz.
Nəriman Nərimanov. Pankratov general Mehmandarovla Şıxlinskini güllələmək istəyirdi. Mən bu barədə Vladimir İliçə yazdım...
Məmməd Əmin. Nəriman bəy, bütün bu dedikləriniz mənə məlumdur. Söhbət təkcə ayrı-ayrı şəxslərin ölümündən və xilasından getmir. Söhbət kütləvi repressiyadan gedir...
Nəriman Nərimanov. Mənim əmrimlə indiyəcən bir nəfərə də ölüm hökmü verilməyib.
Məmməd Əmin. Sizi tanıdığım üçün, mən buna da inanmaq istərdim. Amma...
Nəriman Nərimanov. Amma nə, Əmin bəy?
Məmməd Əmin. Amma siz bu rejimi təmsil edirsiz...
Nəriman Nərimanov. Şübhəsiz...
Məmməd Əmin. Deməli, bu baş verən qanunsuzluqlar üçün cavabdeh olanlardan biri də siz hesab olunursuz.
Nəriman Nərimanov. Əlbəttə, mən özümü heç də mələk hesab etmirəm...
Məmməd Əmin. Söhbət ondan gedir ki, bu quruluşun yaradıcılarından biri də şəxsən siz olmusuz. Axı biz belə danışmamışdıq.
Nəriman Nərimanov. Bilirəm, Siz nəyi nəzərdə tutursunuz. O vaxt başqa bir zəmanədə yaşayırdıq. Mübarizəmizin hədəfi də başqa idi. Amma indi zəmanə dəyişib.


Məmmədəli Rəsuloğlu. Nəriman Nərimanov və Məmməd Əmin bu söhbət əsnasında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmasına işarə edirdilər. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.

Məmməd Əmin. “Zəmanə dəyişib”... Yox, dəyişən adamlardır, doktor...
Nəriman Nərimanov. Bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisədir...
Məmməd Əmin. Bəlkə də Rusiya üçün bu təbii bir hadisə idi. Fəqət Azərbayçan üçün saxta, qondarma, münbit zəmini olmayan bir rejimdir...
Nəriman Nərimanov. Xalq hər yerdə eynidir. Mən xalq deyərkən əzilən kütləni nəzərdə tuturam. Biz bu kütlənin marağından çıxış edirik
Məmməd Əmin. Məgər ziyalının, zadəganın, sənətkarın xalqa aidiyyatı yoxdur? Yox, elə düşünməyin ki, mən əzilən sinfin tərəfində deyiləm. Onların hamısı bizim can və ruh qardaşlarımızdır. Bunula belə, hesab edirəm ki, bütün təbəqələr yalnız cəm halında xalq ola bilər. Xalqı bu şəkildə parçalamaq düzgün deyil.
Nəriman Nərimanov. Kimdir xalqı parçalayan?
Məmməd Əmin. Yeni yaranan hakimiyyət...
Nəriman Nərimanov. Hakimiyyət bir nəfərdən ibarət deyil ki...
Məmməd Əmin. Hər halda hakimiyyəti ayrı-ayrı fərdlər təmsil edir. Bu gün Siz də onlardan birisiniz.
Nəriman Nərimanov. Mən öz məsuliyyətimi inkar etmirəm ki... Bəli, görülən böyük işlərdə böyük nöqsanlar da var... Mən bu barədə dəfələrlə yazmışam, demişəm... Yenə də etiraf edirəm.
Məmməd Əmin. Artıq gecdir, Nəriman bəy... Çox gecdir... Bu səhvləri indi yox, bir çox illər bundan əvvəl düzəltmək lazım idi...
Nəriman Nərimanov. Sosial bərabərlik bütün mütərəqqi bəşəriyyətin ən böyük arzusudur...
Məmməd Əmin. Olsun... Söhbət onbirinci qızıl ordunun vətənimizə dəvətindən gedir. Bolşeviklər olmasaydı...
Nəriman Nərimanov. O ordu onsuz da dəvətli-dəvətsiz Bakıya gələcəkdi...
Məmməd Əmin. Siz niyə belə düşünüsüz?
Nəriman Nərimanov. Çünki ortada əsaslar var. Bu ordu hər yerə dəvətsiz gedib... Daha doğrusu, o, heç vaxt, heç kəsdən dəvət gözləməyib.
Məmməd Əmin. Onu siz bolşeviklər göndərmisiz bu millətin üstünə...
Nəriman Nərimanov.Onu inqilab və zaman göndərmişdi Bakıya. Həm də təkcə Bakıya yox, bütün Qafqaza, Mərkəzi Asiyaya, Ukraynaya... Bu, təkcə bolşevizm məsələsi deyildir.
Məmməd Əmin. Etiraf edin ki, bolşevizm bir kabusdur.
Nəriman Nərimanov. Mən sizin fikrinizdəki yüngül istehzanı yaxşı duyuram, Əmin bəy...
Məmməd Əmin. Bu sözlərin müəllifi Marksdır, mən deyiləm...
Nəriman Nərimanov. Marksın fəaliyyətsiz kommunistləri hələ də Avropanı dolaşmaqdadır. Amma Rusiyadakı kommunistlər qələbə çaldılar. (Gülür). Bolşeviklərə qoşulmaqda məqsədim nə olub? (Ciddiləşir). Bütün şüurlu həyatım boyu mənim bir idealım olub: insanın insan tərəfindən istismarına son qoymaq. Mən bu idealı məhz bolşeviklərin proqramında tapmışam. Ona görə də bu firqəyə, bu inqilabçılara qoşulmağım təbii qəbul edilməlidir.
Məmməd Əmin. Nəriman bəy, belə çıxır ki, Siz dünyanı dəyişdirməyin yolunu yalnız inqilabda görürsüz.
Nəriman Nərimanov. Əmin bəy, əgər Siz başqa bir yol bilirsizsə söyləyin, biz də bilək.
Məmməd Əmin. Mən hesab edirəm ki, dünyanı inqilab yox, islahatlar yolu ilə dəyişmək olar. Özü də yaxşılığa doğru.
Nəriman Nərimanov. İnqilab özüylə həm də islahat gətirir. Bu iki anlayış bir-biri ilə çox bağlıdır.
Məmməd Əmin. Bizim gözümüzün önündə bir Avropa nümunəsi var axı...
Nəriman Nərimanov. Tamamilə doğrudur. Mən də Avropa idarəetməsinin tərəfdarıyam. Amma, Əmin bəy, biz Avropanın bu səviyyəyə necə gəlib çıxdığını niyə unuduruq? Avropa bu günə gəlib çıxanacan hansı əzablardan keçib? Fransız inqilabçılarının qanı gilyotina bıçaqlarının altında Sena çayının suları kimi axıb gedib.
Məmməd Əmin. Belə çıxır ki, bu inqilab hələ çox başları yeyəcək.
Nəriman Nərimanov. Xeyr. Mən belə demək istəmirdim. Siz Avropanın bu günkü nümunəsini göstərdiniz, mən də onun dünənini xatırlatmalı oldum... Üstəlik, biz söhbətin hansı məkanla bağlı olduğunu da unutmamalıyıq. Bura hələ Avropa deyildir.
Məmməd Əmin. Zaman da o zaman deyildir.
Nəriman Nərimanov. Mən Siz deyənlə razıyam. Doğrudur, nə zaman o zamandır, nə də məkan o məkan. Bura Rusiyadır. Daha doğrusu, Asiyadır, bizsə asiyalıyıq.
Məmməd Əmin. Səhv etmirəmsə, Siz elə inqilabın da Asiyadan başlanmasını istəyirdiniz.
Nəriman Nərimanov. Bəli. Doğrudur. Mən inqilabın məhz Şərqdən başlanmasını istəmişəm. Və bu barədə Vladimir İliçə öz fikirlərimi söyləmişəm. O da mənimlə razılaşıb. Biz səhv edə-edə gəlirik bu yolu.
Məmməd Əmin. İnqilab deyəndə yəqin ki, siz bir qrup insanın digər bir qrupu məhv edib aradan götürməsini nəzərdə tutursuz.
Nəriman Nərimanov. Mən bütün hallarda repressiyaların, qətliamların əleyhinə olmuşam. Mən inqilabı insan təfəkküründə həyata keçirməyin tərəfdarıyam. Amma unutmayaq ki...
Məmməd Əmin. Amma unutmayaq ki, biz Rusiyanın çənəsinin altındayıq.
Nəriman Nərimanov. (Gülür). Əmin bəy, necə deyərlər, Siz məndən çox yaşayacaqsız. Elə mən də o sözü demək istəyirdim. Bəli, burası Rusiyadır. Amma fakt budur ki, biz indi tamamilə başqa bir sistemdə yaşayırıq. Çar Rusiyası xalqlar həbsxanası idi...
Məmməd Əmin. Təəssüf ki, reallıq başqa şey deyir, doktor. Xalqlar bir həbsxanadan çıxıb başqa bir həbsxanaya düşdülər. Ağ rusun qırmızı rusdan elə bir fərqi yoxdur.
Nəriman Nərimanov. Bu qədər bədbin olmaq lazım deyil, Əmin bəy...
Məmməd Əmin. Yaxşı, Nəriman bəy, istərdim ki, imkan düşmüşkən, bir məsələyə də aydınlıq gətirək.
Nəriman Nərimanov. Buyurun....
Məmməd Əmin. Doktor, sizin gənc bolşeviklər Azərbaycanda belə bir şaiə yayırlar ki, Məmməd Əmin Rəsulzadə nəinki pudlarla, belə olsa yenə dərd yarıdır, hətta, tonlarla qızıl yığaraq aradan çıxıb.
Nəriman Nərimanov. Belələri günah edirlər, Əmin bəy. Həm də nəinki günah, lap elə qələt edirlər.
Məmməd Əmin. Halbuki mən buraya - Moskvaya Stalinlə bir qatarda, qonşu kupedə gəlmişəm. Belə çıxır ki, o qızılları Stalinlə bölüşdürmüşəm. (Gülür). Elə deyil? Mən Moskvaya gələndə cibimdə bir qəpik də yox idi. Əmim oğlu Məmmədəlinin cibində isə cəmi bir Nikolay onluğu vardı...
Nəriman Nərimanov. Bilirəm... İndi şər-şəbədə yayan, iftira yayan xüsusi dəstələr var...
Məmməd Əmin. Belələri bolşevik qaragüruhu arasında daha çoxdur.
Nəriman Nərimanov. Əmin bəy, ona qalsa sizin də bir çox tərəfdarlarınız mənə qarşı xeyli iddialar irəli sürməkdədir.
Məmməd Əmin. O, nə iddiadır elə?
Nəriman Nərimanov. Guya məni İran və Rusiya bolşevikləri maliyyələşdirir.
Məmməd Əmin. Bu cür söhbətləri daha çox nadan, cahil adamlar uydura bilər.
Nəriman Nərimanov. Birini deyim. Guya mən Zəngəzuru ermənilərə bağışlamışam. Hələ belə cəfəng söhbətlərə inananlar da var...

Məmmədəli Rəsuloğlu. Əslində hələ 1920-ci ilin yayında Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanana qədər Orconikidze Çiçerinin təzyiqi ilə Nərimanovu Naxçıvan, Zəngəzur və Şərur-Dərələyəzi Ermənistana güzəştə getməyə məcbur etmək istiqamətində cəhd göstərmişdi.
Zəngəzurla bağlı 30 may 1920-ci ildə Zaqafqaziya dairəsinin bürosu çağırılanda isə gündəliyə qoyulan məsələ yenə Zəngəzurun və Naxçıvanın Ermənistana verilməsi oldu. Orada səs çoxluğu ilə Zəngəzur Ermənistan tərəfdə qaldı. Protokolda göstərilirdi ki, Nərimanovla Mirbəşir Qasımov bu qərarın əleyhinə olub.

Məmməd Əmin. Doktor, mən çılpaq həqiqəti sizin üzünüzə demək istəyirəm.
Nəriman Nərimanov. Buyurun.
Məmməd Əmin. Müşahidələr göstərir ki, Siz vətənimizin xilası üçün lazımı qətiyyət göstərmirsiz.

Məmmədəli Rəsuloğlu. Əslində Məmməd Əmin düz deyirdi. Stalin Orconikidzeni Azərbaycanda Nərimanova nəzarət etmək üçün saxlayırdı. “Dostumuz” Koba 1921-ci ilin sonlarında Leninə göndərdiyi məktubda təklif edirdi ki, RK(b)P MK-nın Təşkilat Bürosunun qərarı ilə Orconikidzeni Tbilisidə deyil, daimi olaraq Bakıda oturtmaq lazımdır. Stalin yazırdı: “Orconikidzeyə təlimat verilməlidir ki, Bakıya səpələnmiş Türkiyədən olan “mehriban adamları” diqqətlə izləsin və sonra, mütləq onları Azərbaycandan qovsun. Nəzərə alın ki, Bakıya cəncəl iş türklərdən gəlir”. Orconikidze Behbud Şahtaxtinski, Əliheydər Qarayev, Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Sarkis Danelyan və digərləri vasitəsi ilə Nərimanovun əl-qolunu bağlaya bilmişdi.

Nəriman Nərimanov. Əmin bəy, reallığı düzgün qiymətləndirmək lazımdır. Təəssüf ki, biz bəzən siyasəti mənəviyyatla qarışdırırıq. Amma mənim ətrafımdakı adamların çoxu mənəviyyata tüpürmüş adamlardır.
Məmməd Əmin. Axı mən biliirəm, Sizin ətrafınızda da kifayət qədər tərəfdarlarınız var...
Nəriman Nərimanov. Siz hansı tərəfdarları deyirsiz?
Məmməd Əmin. Məsələn, Möhsün Qədirli, Həmid Sultanov, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Əliheydər Şirvani - Mustafabəyov. Bu adamlar Sizin simanızda Şərqdə kommunizmin liderini görür və bolşevizmə bir az millətçilik qatırdılar.
Nəriman Nərimanov. Əmin bəy, mənə qarşı duran qüvvələrin kökü Mərkəzdədir. Tapşırıq da oradan gəlir. O qüvvələrin kökü kəsilməyincə mənim Vətənim, bizim Vətənimiz sakit olmayacaq.
Məmməd Əmin. Doktor, axı sız Leninlə yaxın münasibətdəsiz...
Nəriman Nərimanov. İndi Lenin xəstədir... Az qala bütün hakimiyyət Stalin və onun tərəfdarlarının əlindədir... Stalinə isə siz məndən daha yaxınsız.
Məmməd Əmin. Stalinlə məni bağlayan yalnız tərcümeyi-halımızın müəyyən bir dövrü ola bilər. Yəni biz vaxtilə eyni məhbəsdə yatmışıq, eyni rejimə qarıə vuruşmuşuq. Mən onu ölümdən xilas etmişəm. Lakin bizi birləşdirən heç bir mənəvi və siyası amil yodur. Amma Siz bu gün də onunla eyni təşkilatdasız... Və ən qəribəsi də budur ki, hər ikiniz eyni bir firqədə, bolşevik partiyasında ola-ola bir-birinizə nifrət edirsiz. Mənim tanıdığım əksər bolşeviklər elə bu mənəviyyatın sahibidir.
Nəriman Nərimanov. Əmin bəy, güman edirəm ki, siz çox mühüm bir faktı unudursuz.
Məmməd Əmin. O, nə faktdır elə?
Nəriman Nərimanov. Fakt odur ki, bizim hər ikimiz bu gün eynibir sistemdə çalışırıq.
Məmməd Əmin. Doğrudur, amma fakt budur ki, məni bu işə zorən təyin ediblər, siz isə bu işi könüllü qəbul etmisiz. Bax başlıca fərqimiz bundadır.
Nəriman Nərimanov. Əmin bəy, güman edirəm ki, biz harada işləmiyimizdən asılı olmayaraq insanlığa xidmət etməliyik.
Məmməd Əmin. Mənsə güman edirəm ki, biz harada işləmiyimizdən asılı olmayaraq öz millətimizə xidmət etməliyik. Millətə xidmət - elə insanlığa və insanlara xidmət deməkdir.
Nəriman Nərimanov. Mən Sizin fikirləri də təkzib edə bilmərəm.
Məmməd Əmin. Fakt budur ki, mənim tərəfdarlarıma divan tutulmaqdadır...
Nəriman Nərimanov. Mən hər cür repressiyanın əleyhinəyəm.
Məmməd Əmin. Necə əleyhinəsiz ki, təkcə bu son bir ildə siyasi baxışlarına görə Azərbaycanda qırx mindən çox adam güllələnib.
Nəriman Nərimanov. Bu, inqilabdır... Bu prosesdə ölüm labüddür...
Məmməd Əmin. İnqilab... Hələ Gəncə üsyanı... Əsgər və zabitlərə tutulan divan...
Nəriman Nərimanov. Bəli, Gəncə qarnizonunun üsyanından sonra həbslər başlamışdı. Mən var gücümlə bunun qarşısını almağa çalışdım.
Məmməd Əmin. Nə qədər qanlar töküldü...
Nəriman Nərimanov. Mən Gəncə üsyanından dərhal sonra iyun ayının 4-də həbs edilmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hərbi naziri general Mehmandarov və onun müavini Şıxlinski ilə bağlı Leninə məktub yazdım. Nəticədə onlar xilas olundular. Təbrizə mühacirət edən Mirzə Cəlilin Bakıya qaytarılmasına nail oldum.
Məmməd Əmin. Mirzə Cəlilin öz ailəsini götürüb Təbrizə getməsi xüsusi mülkiyyət əleyhinə çıxış edən bolşevik düşüncəli adamların əlindən çıxıb getmişdi. Yerli inqilabçılar Həmidə xanımı hədələyirdilər. Bir də ki, Mirzənin qardaşı Ələkbər İranda həbs olunmuşdu. Təbrizdə o, Şeyx Məhəmməd Xiyabani ilə görüşüb. Bu adamların hər ikisi böyük vətənpərvərlər idi.
Nəriman Nərimanov. Əmin bəy, mən Mirzə Cəlilin çıxıb getməsinin səbəbini çox yaxşı bilirəm. Bu məsələdə həm sizin, həm də bizim adamların günahı olmuşdu. Mən Mirzə Cəlilə teleqram vurdum, o, vətənə döndü. Biz Bakıda onun ailəsini geniş mənzillə təmin etdik. İndi o Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizəddir. Jurnalının nəşri ilə məşğul olur.
Məmməd Əmin. İrəlicədən görücülük etmək kimi çıxmasın, mən öz adım kimi əminəm ki, Mirzə Cəlil sizin hakimiyyətlə sonacan əməkdaşlıq edə bilməyəcək.
Nəriman Nərimanov. Bunu gələcək göstərər... Hə, onu da deyim ki, nəinki Mirzə Cəlil, hətta onun gənc həmkarı Əziz Şərif də ölüm təhlükəsi ilə üzləşmişdi... Şükür, indi azadlıqdadır.

Məmmədəli Rəsuloğlu. Həqiqətən, Nərimanov Əziz Şərifi həbsdən azad etdirmişdi. Əziz Şərif Gürcüstan Sosial-Demokrat (menşeviklər) Partiyası Mərkəzi Komitəsinin üzvü kimi Əliheydər Qarayevin göstərişi ilə həbs edilərək Bakıya gətirilmişdi. Məsələylə bağlı məlumatə eşidən Nərimanov təcili göstəriş vermiş, Əziz Şərif həbsdən azad edilmişdir Sonralar Əziz Şərif SSRİ-nin görkəmli alimi rütbəsinə qalxmışdır, Moskva Dövlət Universitetinin professoru olmuşdur.

Məmməd Əmin. Əlbəttə, buna şad olmaq, sevinmək lazımdır. Biz özümüzün bütün qabiliyyətli adamlarımızı qorumalıyıq. Bu cür adamlarsa bizdə kifayət qədərdir.
Nəriman Nərimanov. Qorxuram ki, yenə tez alışıb tez sönək. (Gülür). Bax elə bu an yadıma sizin Üzeyir bəyə cavabınız yadıma düşdü.
Məmməd Əmin. (Gülür). Hə, bildim Siz hansı yazıya işarə edirsiz.



Məmmədəli Rəsuloğlu. 1915-ci ildə Üzeyir bəy “Nəyimizin vaxtıdır?” adlı bir məqalə yazmışdı, deyirdi ki, bir vaxtlar, 1905-06-cı illərdə şərait yarandı, biz qızışdıq, böyük işlər gördük, amma sonra söndük. Qorxuram ki, bizim işığımız tez sönər. “Açıq söz” qəzetində Rəsulzadə ona belə cavab vermişdi: "Əgər bu millət minlərlə bivec mirzələrin içində Mirzə Fətəli Axundov kimi əjdaha yetişdirirsə, minlərlə bivec seyidin içində Seyid Əzim Şirvani yetişdirirsə, minlərlə baqqal içində Sabir yetişdirirsə, bu millətin işığı heç vaxt sönməyəcək."

Nəriman Nərimanov. Əmin bəy, bu da bir tarixdir, yaşayıqıq. Biz tezliklə bu tarixi mərhələni başa vurub, başqa bir etapa keçəcəyik.
Məmməd Əmin. Siz buna tarix deyirsiz, doktor? Bu, tarix deyil, tarixin kölgəsidir. Həm də tarixin müdhiş, qorxunc kölgəsi... Bolşeviklər insanlığın min illərdən bəri təbii şəkildə keçib gəldiyi böyük bir tarixin üstündən qara bir xətt çəkdi.
Nəriman Nərimanov. Biz hamımız bir amal uğrunda vuruşuruq, Əmin bəy. Amma etiraf edirəm: elə məsələlər var ki, mən onları nə dosta deyə bilirəm, nə də düşmənə. Bax, bəla da bundadır.
Məmməd Əmin. Bu hala “bəla” demək azdır. Bu, böyük bir faciədir, doktor.
Nəriman Nərimanov. Mən bütün vasitələrlə o faciənin qarşısını almağa çalışıram.
Məmməd Əmin. Nəriman bəy, sizin əlinizdə bu qədər səlahiyyət ola-ola şikayət edirsiz. Onda görün orta səviyyəli məmurlarınız nələr çəkir? Hələ əzilən xalqı demirəm..
Nəriman Nərimanov. Onlar da gəlib öz şikayətlərini mənə deyirlər.
Məmməd Əmin. Siz Bakıya gələn gündən bəri bütün partiya liderləriniz qeyri-türklər olub. Bunu nə ilə izah etmək olar?
Nəriman Nərimanov. Bu, bizim hakimiyyətin beynəlmiləl xarakterindən irəli gəlir.

Məmmədəli Rəsuloğlu. Bir çoxları unudurlar ki, Mir Cəfər Bağırova qədər Azərbaycana kimlər rəhbərlik etmişlər:
Naneyşvili - 1920-ci il iyul ayının 23-dən sentyabrın 8-dək.
Stasova - 1920-ci il sentyabrın 9-dan sentyabrın 15-dək.
Dumbadze - 1920-ci il sentyabrın 15-dən oktyabrın 24-dək.
Kaminski - 1920-ci il oktyabrın 24-dən 1926-cı il iyulun 24-dək.
Kirov - 1921-ci il iyulun 24-dən 1926-cı il yanvarın 20-dək.
Mirzoyan - 1926-cı il yanvarın 21-dən 1929-cu il iyulun 11-dək.
Gikalo - 1929-cu il iyulun 11-dən 1930-cu il avqustun 4-dək.
Polonski - 1930-cu il avqustun 18-dən 1933-cü il fevralın 6-dək.
Ruben - 1933-cü il fevralın 6-dan 1933-cü il dekabrın 10-dək.

Məmməd Əmin. Beynəlmiləlçilik yaxşı şeydir. Bakının çoxmillətli şəhər olduğunu da inkar etmək olmaz. Baxın, bu ötən iki il ərzində partiya rəhbərliyində beş dəfə dəyişiklik olub. Doğrudanmı bizim öz yerli vətəndaşlardan hansısa burada sizin rəhbərlikdə təmsil olunmağa layiq deyil? Bəlkə doğrudan da bu kommunizm ideyası bizim xalqa yaddır və elə bu səbəbdən də Mərkəz Azərbaycanda bir milli kadr, bir türk tapa bilmir?
Nəriman Nərimanov. Əmin bəy, mən türkü də sevirəm, Türkiyəni də... Mustafa Kamala da böyük rəğbətim var. Mən məktub və ismarışlarımda ona “Paşam” deyə müraciət edirəm. İmkanım daxilində Türkiyə cümhuriyyətinə hər vasitə ilə yardım da edirəm. Bir az qeyri-təvazökarlıq olsa da deyim ki, Paşam mənə öz yaxınları vasitəsilə xəbər göndərmişdi ki, birdən Rusiya dövlətinin rəhbərliyi sizin bu yardımdan xəbərdar olub narazı qalar. Sonra da bildirmişdi ki, vaxt gələr biz bu borcu qaytararıq. Mən ona göndərdiyim cavabda bildirdim ki, qardaşın qardaşa borcu olmaz.
Məmməd Əmin. Bu köməyə görə Sizə yalnız təşəkkür düşür, Nəriman bəy... (Gülür), Mən vaxtilə Sizə havayı yerə “Böyük Nəriman” demirdim ki... Yəqin ki, xatırlayırsız...

Hiss olunur ki, Nəriman Nərimanov harayasa tələsir.

Nəriman Nərimanov. Əlbəttə, çox yaxşı xatırlayıram... Təəssüf ki, ta görüşmək imkanlarımız məhduddur.
Məmməd Əmin. Elədir... Doktor, görürəm, harasa tələsirsiz... Elə mən özüm də tələsirəm. Şərqşünaslıq İnstitutunda dərslərim var...
Nəriman Nərimanov. Hələlik.
Məmməd Əmin. Hələlik, doktor.
Nəriman Nərimanov. Sağ olun. Qismət olsa yenə görüşəcəyik.

Görüşüb ayrılmaq istəyirlər.

Nəriman Nərimanov. (Birdən ayaq saxlayıb geri dönür). Bir dəqiqə ayaq saxlayın, Əmin bəy...
Məmməd Əmin. (Dayanır). Buyurun.
Nəriman Nərimanov. (Əlini atıb qoltuq cibindən çıxartdığı kağızı Məmməd Əminə uzadır). Lütvən, sonra, vaxt tapıb bu yazını oxuyarsız.
Məmməd Əmin. Cəmi bir vərəqlik kağızdır. Elə indi də oxumaq olar.
Nəriman Nərimanov. Yox, indi tələsirəm.

Əl verib aydılırlar. Nəriman Nərimanov cəld addımlarla gedir. Məmməd Əmin əlindəki kağızıda yazılanları ucadan oxuyur.

Məmməd Əmin. Hilal artıq öldü deyə,
Sevinmişdi düşmən yenə
Hilal birkən iki oldu,
Salam bizdən ikinciyə,
Azərbaycan, Azərbaycan
Alqışlarıq səni candan.

Atamız bir, babamız bir,
Azərbaycan öz qardaşdır.
Zatən biriz, fəqət yarın,
Bütün, bütün birləşəriz
Azərbaycan, Azərbaycan
Bildin, xəyal deyil Turan!

Aşağıda bir qeyd də var : “Hilal birkən iki oldu” deyərkən Türkiyə nəzərdə tutulur.
Görəsən, bu şeirin müəllifi kimdir? Bəlkə doktor özü yazıb. Axı mən əvvəllər Nəriman bəyin şeir yazdığını eşitməmişdim... Dram yazanın, roman yazanın əlində şeir yazmaq nə çətin işdir ki?

Məmmədəli Rəsuloğlu. Bu şeiri və onun müəllifi haqda mübahisələri vaxtilə mən də eşitmişəm. Hətta, 20-ci illərin əvvəllərində İsmayıl Zühtü adlı bir bəstəkar bu şeirə bir mahnı da bəstələmişdi. Yeri gəlmişkən onu da deyim ki, adı az qala unudulmaqda olan İsmayıl Zühtü Kuşçuoğlu 1877-ci ildə doğulub. Tamamlanmayan “Tezer” ilk türk operasının müəllifidir. Birinci cahan müharibəsinin iştirakçısı olmuşdur. Sanki möcüzə nəticəsində Çanaqqala döyüşündən sağ şıxmış qazilərdən biridir. Məşhur türk bəstəkarı Adnan Sayqunun müəllimi olub. İsmayıl Zühtü 1924-cü ildə vəfat edib.
Zənn edirəm ki, həmin şeiri Nəriman Nərimanovun türk tanışlarından biri Türkiyəyə gətirmiş, İsmayıl Zühtü isə həmin mətnə mahnı bəstələmişdir.



























11.
Səhnə dəyişir.


Marş sədası.
Uzaqlarda “beynəlmiləl” oxunur.
Sonra Kreml saatının səsi eşidilir.

Stalinin kabineti.
İosif Stalin və Məmməd Əmin.

Məmmədəli Rəsuloğlu. Biz Moskvaya gələndən sonra Məmməd Əmin RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edildi. Bunula yanaşı, Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda rus və fars dilindən dərs deyir, bütün boş vaxtını arxiv və kitabxanlarada keçirirdi.

İosif Stalin. Hə, deməli, Preçistenski bulvarda yaşayırsan. Şəhərin yaxşı yeridir. Demək olar ki, qonşuyuq. (Gülür). Hər halda adamın öz bucağının olması yaxşıdır. Həmin küçədə bir məşhur həkim də yaşayır: Vladimir Aleksandroviç Obux.
Məmməd Əmin. Mən onunla qiyabi tanışam. Bizim burada Moskvada təhsil alan uşaqlara vaxtilə çox kömək edib.
İosif Stalin. Obux xeyirxah adamdır, Vladimir İliçin dostudur. Mən Lenin yoldaşla bir neçə dəfə onun evində olmuşam. O, indi Moskva səhiyyəsinin müdiridir. Həmin küçədə mənim bir memar tanışım da yaşayırdı. Bilmirəm, yenə oaradadır, yoxsa yerini dəyişib.
Məmməd Əmin. Əgər memar Blaqoveşşenskini deyirsizsə, o, qonşu binada yaşayır.
İosif Stalin. Bəli, elə onu deyirəm. Nikolay Nikolayeviç maraqlı ideyaların müəllifidir. Düzdür, o, özünü modernist hesab edir. Amma bizə indi daha çox klassik memarlıq nümunələri lazımdır. Biz onu əsl sovet memarına çevirərik. (Gülür). Hələ gec deyil.
Məmməd Əmin. Memarlıq da rəssamlıq, yazıçılıq kimi içdən gələn bir sənətdir. Məncə orada sifariş ikinci dərəcəli rol oynayır.
İosif Stalin. Biz bəzən o mövcud dərəcələrin də yerini dəyişməli oluruq, yoldaş Rəsulzadə. (Gülür). Biz təkcə yeni cəmiyyət qurmuruq ki. Həm də bu cəmiyyətə uyğun yeni adamlar yaradırıq. Hər kəs daxilən dəyişməlidir.
Məmməd Əmin. Adamların dəyişməsi... (Fikrə gedir). Əlbəttə, insanlar zaman keçdikcə dəyişir və dəyişməlidir də... Amma onların sizin təsəvvür etdiyiniz sürətlə dəyişəcəyi bir az fantastik görünür.
İosif Stalin. Bu ifadəni ötən il Lenin yoldaşın qəbulunda olan məşhur ingilis fantast yazıçısı Herbert Uells də işlətmişdi.

Məmmədəli Rəsuloğlu. Məşhur publisist və yazıçı-fantast Herbert Uells (1866-1946) "Gözəgörünməz adam", "Zaman maşını" və "Dünyaların savaşı" kimi yaddaqalan əsərlərin müəllifidir. 1917-ci il inqilabından sonra 2 dəfə Sovetlər ölkəsinə səyahət edib, 1920-ci ildə Vladimir Leninlə, 1934-cü ildə isə İosif Stalinlə görüşüb. Sosialist baxışları ilə seçilən yazıçıda Sovet rəhbərləri çox yüksək təəssürat yaradıb. O cümlədən, Stalinə görüşündən sonra Herbert Uells yazıb: "Mən indiyədək Stalin qədər səmimi, alicənab və təmiz insanla rastlaşmamışam, onun təbiətində qaranlıq, məşum heç nə yoxdur və onun Rusiyada bu qədər böyük hakimiyyətə sahib olması da bu xüsusiyyətləri ilə izah olunur".
1920-ci ildə Sovetlər ölkəsində səfərdə olarkən Herbert Uells avqustun sonlarında bolşevik partiyasının nüfuzlu simaları olan Qriqori Zinovyev, Karl Radek və Nikolay Buxarinlə bir qatarda Bakıya da gəlib və 10 günə yaxın vaxt ərzində Azərbaycandakı yeni - Sovet hakimiyyətinin ilk dövrünü müşahidə edə bilib. Həmin vaxt (sentyabrın 1-dən 8-ə qədər) Bakıda Şərq xalqlarının 1-ci qurultayı keçirilirdi. Müxtəlif ölkələrdən gəlmiş 1500-dən çox qurultay nümayəndəsi ilə bərabər, tədbirdə Qərb ölkələrini təmsil edən bir çox fəxri qonaq da vardı. Məsələn, ABŞ kommunisti, "Dünyanı sarsıdan 10 gün" əsərinin müəllifi Con Rid, macar inqilabçısı Bela Kun, sosialist Klara Setkin, yazıçı Anri Barbüs və başqaları.
Herbert Uells Bakıda qurultayın işində, 26 Bakı komissarının qalıqlarının şəhərin mərkəzində dəf olunması mərasimində, qurultaydan sonra Bakı küçələrində keçirilən nəhəng mitinqdə iştirak edir, bir çox tanınmış siyasi xadimlə görüşür.
Londona dönəndən sonra Uells səfərinə aid təəssüratları "Rusiya zülmət içində" kitabında təsvir edir.

Məmməd Əmin. Düzünü deyim ki, bu “yeni adam” ideyası mənə çatmır.
İosif Stalin. Burada anlaşılmayan nə var ki? Biz yeni düşüncə sahibi olan bir nəsil yetişdirmək istəyirik.
Məmməd Əmin. Bunun üçün köhnə nəslin kökünü kəsmək lazımdır?
İosif Stalin. Xeyr. Köhnənin də yaxşı cəhətləri saxlanılmalıdır. Köhnələrin hamısını məhv etmək olmaz ki... Müəyyən mənada biz özümüz də bir az köhnəyik, yoldaş Rəsulzadə.
Məmməd Əmin. Yeni ilə köhnə daim qoşa addımlayıb. Bu, tarixin qanunudur. Yeni köhnəni məhv etməli deyil. Səhv etmirəmsə, bu problem, yəni köhnə ilə yeninin mübarizəsi vaxtilə Hegel tərəfindən geniş işıqlandırılıb. Təəssüf ki, bizim məmləkət bu cür “yeni” və “yeniliklərdən” dolayı çox əziyyət çəkməkdədir.
İosif Stalin. Yoldaş Rəsulzadə, indi isə keçək əsas mətləbə... Millətlər Komissarlığı Şərqi öyrənmə işlərilə məşğul olacaq elmi bir cəmiyyət təşkilinə qərar vermişdir. Rusiyanın tanınmış şərqşünaslarından təşəkkül edəcək bu cəmiyyətdə sovetlərdəki millətlərin elm sahəsində nüfuz sahibi olan nümayəndələri də iştirak edəcək; siz bu cəmiyyətin sədrliyini öhdənizə götürməlisiz.
Məmməd Əmin.Bu göstərilən diqqətə görə təşəkkür edirəm. Lakin mənim bir cəmiyyətə sədr olmaq fikrim yoxdur.
İosif Stalin. Nə üçün?
Məmməd Əmin. Hər şeydən əvvəl özümü hər kəsdən daha yaxşı tanıdığım üçün. Mən özümü ad və san sahibi məşhur alimlərin iştirak edəcəyləri mühüm bir elm müəssisənin sədri olacaq bir səlahiyyətdə görmürəm.
İosif Stalin. Millətlər Komissarlığının baş katibi Braydo o vəzifədə sizi görür. Elə mən özüm də...
Məhəmməd Əmin. Bu iş mənlik deyil.
İosif Stalin. Lüzumsuz bir təvazökarlıqdır bu.
Məmməd Əmin. Xeyr, söylədiyim bir həqiqətdir. Sizinki isə mübaliğəli bir iltifatdır.
İosif Stalin. Hmmm... Yaxşı. Onda bir məsələdə sizin köməyinizə ehtiyac var...
Məmməd Əmin. Buyurun...
İosif Stalin. Əfqanıstan bir səfarət gəlir. Onları qarşılamaq üçün sovet hükuməti adından farsca xitab etmək lazımdır. Fars dilində isə Moskvada Sizdən yaxşı bilən yoxdur. Mən bu iş üçün yoldaş Çiçerinə Sizi tövsiyə etmişdir. Bu işi lütfən öhdənizə götürün.
Məmməd Əmin. Təəssüflər olsun, edə bilmirəm.
İosif Stalin. Yaxşı, bunun səbəbi nədir?
Məmməd Əmin. Mən bunu edə bilmərəm, heç edə bilmərəm. Adi bir mütərcim vəziyyətinə düşmək istəmirəm.
İosif Stalin. Şərqdən gələn müsafirləri Sovet hökuməti adından qarşılamaq bir şərəfdir. Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz?
Məmməd Əmin. Mən Xarici İşlər Komissarlığının əfqan heyəti şərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula rəsmən dəvət olunan müsafirlər arasında olsam və burada yoldaş Çiçerin mənə müsafirlərlə müzakirələrdə lütfən tərcümanlıq vəzifəsini qəbul etməyim üçün müraciət edərsə, o zaman bəlkə də bu işi icra edərdim. Amma adi tərcüməçi kimi iştirak etmək... Bu mənlik məsələ deyil.
İosif Stalin. Yaxşı, onda ziyafətdə iştirak edərsiz. Orada da tərcüməçiyə ehtiyac duyulacaq...
Məmməd Əmin. Yoldaş Koba, təəssüf ki, mən bunu da edə bilməyəcəm.
İosif Stalin. Səbəb nədir?
Məmməd Əmin. Səbəbini izah etməyə çalışaram...
İosif Stalin. Maraqlıdır, yoldaş Rəsulzadə... Buyurun.
Məhməd Əmin. Təşəvvür edək ki, yoldaş Çiçerinin bir qəzaya uğrayaraq mühacir və ya sürgünə göndərilmiş bir adam vəziyyətindədir. Bu vəziyyətdə o, adi bir mütərcimlik vəzifəsini özünə rəva görərdimi?
İosif Stalin. Siz real vəziyyəti nəzərə almırsız.
Məmməd Əmin. Mən öz vəziyyətimi izah etdim.
İosif Stalin. Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışdır. Sizcə, bu millətçilik təsirinin əsas amili nədir?
Məmməd Əmin. Millətçilik bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdlərlə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi, milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir.
İosif Stalin. Yox, məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli ziyalıların öz mənfəərlərini qısqanmaqdan başqa bir şey deyildir. Bu, zərərli bir şeydir.
Məmməd Əmin. Əlbəttə, mən də bir çox ziyalıların demaqogik çıxışlarına yaxşı baxmıram... Amma öz millətini sevməkdə pis bir şey də görmürəm...
İosif Stalin. Yaxşı, yoldaş Rəsulzadə, siz Azərbaycanın birləşməsinə necə baxırsız? Sizi bilmirəm, amma biz bu məsələni, daha doğrusu bu birliyi ... istəmirik.
Məmməd Əmin. Bu, sizin istəyinizdir.
İosif Stalin. Bu, indiki dövrdə bolşeviklərin istəyidir.
Məmməd Əmin. Amma xalqın istəyi başqadır.
İosif Stalin. Yaxşı, yoldaş Rəsulzadə, işləriniz necə gedir burada?
Məmməd Əmin. Moskvada elə bir perspektivim yoxdur.
İosif Stalin. Bəlkə Türkiyəyə gedəsiniz?
Məmməd Əmin. Hmm... Bəli, artıq Türkiyə ilə tam anlaşmış vəziyyətdəsiniz... Mənim oraya getməyimə bir maneə yoxdur. İcazə versəniz bundan məmnuniyyətlə istifadə edərəm. Nə deyirsiniz, yoldaş Stalin?
İosif Stalin. (Bığını buraraq gəzişir). Bu qərardan vaz keçin, Əmin bəy.
Məmməd Əmin. Qərar deyilən bir şey yoxdur, bu fikri indicə mənə əslində siz dediniz, Koba.
İosif Stalin. Yox, deməmiş olum. (Gəzişir). Mən sadəcə sizin ilkin rəyinizi öyrənmək istədim.

Məmmədəli Rəsuloğlu. Mərkəzdəkilər yeni qurulan bolşevik hökumətini daim türk təhlükəsi altında saxlamağa üstünlük verirdilər. Onlar belə bir fikir yayırdılar ki, birdən 1918-ci il təkrarlanar, türklər yenidən Bakıya gələr və biz Azərbaycan üzərində nəzarəti itirərik.

Məmməd Əmin. Mən ilkin rəyimi sizə bildirdim.
İosif Stalin. Yoldaş Rəsulzadə, yəqin ki, Verniçenko haqda məlumatlısız. O, burada olarkən bolşevikləri daim tərif və təqdir edirdi. Çıxıb xaricə gedəndən sonra onun fikrini necə dəyişdiyi sizə məlumdur yəqin? Burada bizi təbliğ edənlər, gedəndən sonra bizə müharibə elan edirlər. Biz innən sonra belə işlərdə ehtiyatı əldən verə bilmərik. (Pauza). Bura baxın, Əmin bəy, Siz nə üçün Braydonun təklifini qəbul etməmisiniz?.. Şərqi tədqiq cəmiyyətinə niyə getmək istəməmisiz?
Məmməd Əmin. O, elmi deyil, siyasi bir cəmiyyətdir, yoldaş Stalin. Üzvlərinin kommunist çoxluğuna sahib olması orada əsas şərtdir.
İosif Stalin. Əsla, o maddə Sizə aid deyil, mürtəce rus professorlarının əleyhinə yönəlmiş bir maddədir.
Məmməd Əmin. Mən indiki halda belə bir təklifi qəbul edə bilmərəm.
İosif Stalin. Yaxşı.... Elə isə başqa bir təklif... Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır. Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də yaxşı olar. Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı fikirlərinizi yayar və yerlərdə özəklər də təsis edərsiniz.
Məmməd Əmin. Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını aldatmaq istəyirəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir təşkilata, lap eləolsun hansısa redaksiyaya daxil olub, batində başqa bir məqsəd güdmək əlimizdən gəlməz.
İosif Stalin. Əcaib insansınız, yoldaş Rəsulzadə. İdealizm sizə mane olur. Aciz-aciz oturub durursunuz. Heç bir arzu, heç bir ehtiyac ərz etmirsiz.
Amma Kremldə başqa söz-söhbətlər də dolaşır. Eşitməmisiz ki, bu söhbətləri?
Məmməd Əmin. Söhbət hansı söhbətlərdən gedir, yoldaş Stalin?
İosif Stalin. Bayaq Sultan Qaliyevlə görüşdüm. O, mənə bir söhbət etdi...
Məmməd Əmin. Bəlkə elə mənə dediyi söhbətdir?
İosif Stalin. Qaliyev sizə nə demişdi?
Məmməd Əmin. O, məndən soruşdu ki, doktor Nərimanovun işdən götürülüb, yerinə Sizin gətiriləcəyiniz haqda dolaşan fikir doğrudurmu?
İosif Stalin. Maraqlıdır. Bəs siz nə dediniz ona?
Məmməd Əmin. Dedim ki, bu, boş söz-söhbətdir. Siz ağlınızı itirdinizmi? Bu şayiələrə necə olur qulaq asırsınız?.. Doktor Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi heç ağlasığan mövzusu ola bilər?
İosif Stalin. Doğrudan belə bir fikir sizə yaddır?
Məmməd Əmin. Bu cür fikir heç mənim yuxuma da girə bilməz.
İosif Stalin. Yoldaş Rəsulzadə, bəzən adamın yuxusuna girməyənlər başına gəlir.

Məmmədəli Rəsuloğlu. Mirsəid Heydərəliyeviç Sultan-Qaliyev 1892-ci ildə Ufa quberniyasında doğulub. Kazan tatar müəllimlik məktəbini bitirib. 1905-ci ildə Bakıya gəlib müəllim işləyib. 1917-ci ildə Ümumrusiya müsəlman qurultayında nümayəndə olub. Sultan-Qaliyev bir müddət Milli məsələlər komissarlığında müsəlmanlarla bağlı bölmədə çalışıb. 1920-1923-cü illərdə Rusiya Müsəlman Kommunist partiyasının banisi və rəhbəri olub. 1923-cü ildə bolşeviklər partiysınadan qovulub, 1928-ci ildə həbs olunub. 1934-cü ildə həbsdən azad olunub, Saratovda yaşayıb. 1937-ci ildə yenə həbs olunub, 1940-cı ildə Moskvada “millətçiliyə meyl etdiyinə görə” güllələnib. Sultan-Qaliyev mənimlə və Əmin bəylə hələ Bakıda ikən tanış idi. O, öz xalqını sevən bir millət mücahidi idi.

İosif Stalin. Yoldaş Rəsulzadə, yəqin ki, Siz Ənvər Paşanı da pis tanımırsız.
Məmməd Əmin. Bəli, biz onunla tanışıq.
İosif Stalin. İki-üç il öncə sizinkilər ona Bakıda az qala heykəl qoymağa hazırlaşırdılar... (Pauza). Səbəbi məlumdur. O, ermənilərin Bakıdan qovulmasında mühüm rol oynamışdı.
Məmməd Əmin. Nə bizim türklərin, nə də Osmanlı türklərinin dinc erməni əhalisi ilə heç zaman davası olmayıb. O cümlədən, Ənvər Paşanın da... Bizim davamız hər iki xalqı müharibəyə sürəkləyən qüvəllərlədir.
İosif Stalin. Siz o “qüvvənin” adını çəkməsəniz də, mən bilirəm kimi nəzərdə tutursunuz. Şübhəsiz ki, “urusları” deyirsiz...
Məmməd Əmin. Bizim ruslarla da heç bir ədavətimiz yoxdur... Biz rus imperiyasının siyasətini pisləyirik.
İosif Stalin. İndi o imperiya yoxdur.
Məmməd Əmin. Əvəzində başqa bir imperiya qurulmaqdadır.
İosif Stalin. Eləmi? (Pauza). Çar Rusiyası xalqlar həbsxanasına çevrilmişdi. Amma yeni Rusiya tezliklə xalqlar dostluğunun ən gözəl nümunəsi olacaq. (Pauza). Bayaq Ənvər Paşa haqda soruşdum. Səhv etmirəmsə, Siz onunla burada-Moskvada da görüşmüsüz.
Məmməd Əmin. Bəli. Necə bəyəm?
İosif Stalin. (Gülür). Elə mən özüm də onunla görüşmüşəm. İgidliyinə söz olmaz. Amma...
Məmməd Əmin. O, hərbçidir. Siyasət adamı deyil.
İosif Stalin. Doğrudur. Sanki bu adamın dünyada gedən proseslərdən xəbəri yoxdur.
Məmməd Əmin. Ənvər Paşa son vaxtlar bolşeviklərlə daha yaxın münasibətdə idi ki...
İosif Stalin. Bəli. “Münasibətdə idi”. O, özünü bizimlə müttəfiq kimi aparırdı... Amma şəxsən mən Ənvər Paşaya o qədər də etibar etmirəm. Niyəsini indi Sizə deyim. Əvvəla, bu adam Mustafa Kamala qarşı olub, onun devrilməsinə çalışıb. İkincisi də, o, Osmanlı dövründə belə, qiyamçı kimi tanınıb... Sonralar o, Kamalın qəzəbindən qorxub Almaniyaya qaçıb. Yəqin ki, bu fakt sizə də məlumdur.
Məmməd Əmin. Bilirəm. Almaniyada olanda Türkiyənin hərbi tribunalı Ənvər Paşaya ölüm hökmü kəsmişdi.
İosif Stalin. Elə həmin vaxtlar Ənvər Paşa Könisberqdə olan Karl Radeklə görüşüb. Radek də onu Trotskiyə təqdim edib.Trotski bu türk generalını bir xeyli təlimatlandırıb, öz tərəfinə çəkib. Mən belə hesab edirəm ki, onların hər ikisi-həm Trotski, həm də Ənvər Paşa reallıqdan uzaq adamlardır. Mustafa Kamal bu münasibətlə Vladimir İliçə məktub yazmışdı. O da Ənvər Paşanı macəraçı və avantürist general adlandırıb, bizimlə geniş əlaqələr qurmaq istədiyini bildirib.

Məmmədəli Rəsuloğlu. 18 dekabr 1920-ci il tarixdə Atatürk Leninə vurduğu teleqramda deyilirdi: “Mən arzu edilən məqsədə ancaq sıx əməkdaşlığımız sayəsində çatacağımıza möhkəm əmin olaraq, bizi bir-birimizə bağlayan dostluq əlaqələrinin gələcəkdə hər hansı şəkildə möhkəmlənməsini alqışlayıram, istər Şərqdə, istərsə bütün dünyada sizin yüksək təşəbbüsünüzlə Sovet Respublikası tərəfindən yeridilən uzaqgörücü siyasət üçün öz dərin minnətdarlığımı bidirirəm”.

Məmməd Əmin. Yoldaş Stalin, bəs Siz Ənvər Paşanı qəbul etməmiziz? Onunla görüşməmisiz?
İosif Stalin. Görüşmüşəm. Söhbətimiz də olub. O, Türküstanda, Orta Asiyada bolşevik dövləti yaratmaq ideyasını dəstəkləyir.
Məmməd Əmin. Ənvər Paşa öz millətini sevən adamdır.
İosif Stalin. Amma Trotski elə başa düşüb ki, bu türk generalı gənc Sovet Rusiyasını da sevir. Bizim hərbi sistemlə bağlı olan siyasi xadimlər Ənvər Paşanı bir xeyli təlimatlandırıblar. Ənvər Paşaya deyiblər ki, İngilislər Orta Asiya türklərinin əli ilə Sovet Rusiyasına qarşı vuruşur. General İngilisləri sevmir. Gizlətmirəm, ingilisləri mən də xoşlamıram. O da almanları sevir, mən də... (Gülür). Amma bizim bu sevgimizin və antisevgimizin səbəbləri fərqlidir. Xülasə, bu romantik general Orta Asiyaya göndərilir. Di gəl ki, o, Buxarada yaradılmış Sovet hakimiyyətinin möhkəmləndirilməsi əvəzinə öz hakimiyyətini bərpa etməyə çalışır. Hətta, buna müvəffəq də olur. Yəqin ki, xəbəriniz var. Hazırda Ənvər Paşa Frunze və Budyonnunun süvari ordusuna qarşı vuruşur.
Məmməd Əmin. Görünür, Ənvər Paşa bolşeviklərin orada törətdikləri qanunsuzluqları görəndən sonra bu yolu seçmək qərarına gəlib.
İosif Stalin. Yoldaş Rəsulzadə, müharibənin öz qanunları olur.
Məmməd Əmin. Elə Ənvər Paşa da həmin qanunlarla hərəkət edir.
İosif Stalin. O, şər qüvvələrlə birləşib.
Məmməd Əmin. Bəzən şər özü xeyir kimi təqdim olunur.
İosif Stalin. Biz kimin kim olduğunu çox düzgün bilirik. Dostu düşməndən seçə bilirik.
Məmməd Əmin. Dünyada dost və ya düşmən xalqlar yoxdur. Sadəcə, ağılsız siyasətlər və dayaz siyasilər vardır.
İosif Stalin. Hmm... Elə Ənvər Paşa da belə düşünür.
Məmməd Əmin. Mən onun nə cür düşünməsi haqda bir söz deyə bilmərəm. Amma onu deyə bilərəm ki, Ənvər Paşa hansısa bir xalqı bütövlükdə düşmən elan edə bilməz. Uzaqbaşı o, hansısa bir ideyanı düşmən hesab edə bilər.

Məmmədəli Rəsuloğlu. İsmayıl Ənvər (Ənvər Paşa) 22 noyabr 1881-ci il tarixdə İstanbulda doğulub, 4 avqust 1922-ci il rarixdə Tacikistanda öldürülüb.
Ənvər Paşa Türkiyədə İttihad və Tərəqqi cəmiyyətini quranlardan biri olmuşdur. 1913-cü ildə şevriliş yolu ilə hakimiyyətə gələnlərdən biri olmuşdur. 1914-cü ildə Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin 1-ci Dünya müharibəsinə sürəklənməsinin təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərbi nazir olmuşdur. 1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənmiş, Osmanlı ailəsinin kürəkəni olmuşdur.
Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra Qafqazda və Orta Asiyada yaşayan türk xalqlarının birləşməsi üçün mübarizə aparmışdır.

İosif Stalin. Hər halda mən Ənvər Paşanım bolşevizmi qəbul etməsinə inanmıram...

Məmmədəli Rəsuloğlu. Ənvər Paşa heç də bolşeviklərin etimadını doğrultmadı. Paşanın Türküstan ordusuna qoşulub bolşeviklərə qarşı vuruşma xəbəri Moskvada bomba kimi partladı. Amma Paşa tezliklə Buxarada “Basmaçı” deyilən partizan hərəkatının komandanı oldu və bolşeviklərə qarşı vuruşmağa başladı. Ənvər Paşa 4 avqust 1922 Tacikistanda rus ordusu tərəfindən qətlə yetirildi...

İosif Stalin. Bəzən şəxsiyyətləri baş verən hadisələrin dalğası önə atır...
İosif Stalin. Yoldaş Rəsulzadə, Siz zahirən tərki-dünya, siyasətdən uzaq adam təsiri bağışlayırsız. Amma sizinlə qısa bir söhbətdən sonra məlum olur ki, bu, səhv fikirdir. Siz siyasətin ən qızğın nöqtəsində olan bir şəxssiz.
Məmməd Əmin. Yoldaş Stalin, mən belə deməzdim. İndi biz elə bir dövrdə yaşayırıq ki, siyasət bizim həyatımızın tərkib hissəsinə çevrilmişdir.
İosif Stalin. Bəlkə də siz haqlısız. Amma mən bu cəhətin xeyirli, yaxud zərərli olması barədə bir söz deyə bilmərəm.
Məmməd Əmin. Güman edirəm ki, hər zərərdə bir xeyir vardır.
İosif Stalin. Qoy siz deyən olsun.
Məmməd Əmin. Yoldaş Stalin, mən arxivə getməliyəm. Yəqin ki, Sizin də vaxtınız məhduddur.
İosif Stalin. Sizinlə görüşə hər zaman vaxt taparam. Yoldaş Rəsulzadə, qatarda olan söhbəti bir də yada salıram. Vəd etdiyiniz sənədləri gətirmək üçün ya Abbasqulunu, ya da əminiz oğlu Məmməd Əlini istənilən vaxt Bakıya ezam etmək olar.

Telefon zəngi. Stalin dəstəyi götürür.

İosif Stalin. (Dəstəkdə). Bəli, bəli... Buyurub gəlsin. (Məmməd Əminə). Gələn “Qocadır”...
Məmməd Əmin. Doktor?
İosif Stalin. Bəli, Nərimanovdur.
Məmməd Əmin. Bəlkə mən gedim, yoldaş Stalin?
İosif Stalin. Niyə ki? Əksinə, öz köhnə məslək dostunuzla görüşərsiz. Olsun ki, artıq görüşmüsüz də...
Məmməd Əmin. Necə deyərlər, epizodik görüşümüz olub.
İosif Stalin. Hər görüşün bir cür təəssüratı olur...
Nəriman Nərimanov daxil olur. Əl verib hər ikisi ilə görüşür.
Nəriman Nərimanov. Salam. Xoş gördük. Şadam ki, bir yerdəsiz.
Məmməd Əmin. Bir yerdə? (Gülür).
İosif Stalin. Əslində düz deyirsiz, yoldaş Nərimanov. Bizim keçmiş inqilabçı dostumuz Məmməd Əmin Rəsulzadə bizim komissarlığın müvəkkilidir; o, həm də Şərq Dilləri İnstitutunun müəllimidir. Mən Rəsulzadəyə dəfələrlə daha sanballı vəzifələr təklif etmişəm, amma o, nədənsə tərəddüd edir. Rəsulzadənin əmisi oğlu Məmməd Əli və dostu Abbasqulu da bizim komissarlığın nəzdində çalışırlar.
Nəriman Nərimanov. Çox maraqlıdır...
İosif Stalin. Vaxtilə Sizinlə də bir komissiyada çalışmışıq.
Nəriman Nərimanov. Bəli, xatırlayıram.
İosif Stalin. Cəmi üç il öncə...
Nəriman Nərimanov. Elədir. Orada çox qabiliyyətli insanlar vardı.
İosif Stalin. Çox güman ki, onların bəzilərini hətta, yoldaş Rəsulzadə də əyani ya qiyabi şəkildə tanıyır. Məsələn, Sova-Stepankin. O, mənim yaxın dostumdur.

Məmmədəli Rəsuloğlu. Stalinin dostu Fyodor Avksentyeviç Sova-Stepnyakın sonrakı taleyindən heç kəs xəbər tutmadı. Ehtimal olunur ki, o, Stalinin göstərişi ilə öldürülmüşdür.

İosif Stalin. Yaxud götürək İvan Kuliki. Yoldaş Nərimanov, o da sizin kimi yazıçıdır. Komissarlıqda hamı onun xətrini istəyirdi.

Məmmədəli Rəsuloğlu. İvan Yulianoviç Kulik ukrayna şairi və yazıçısı idi. 1937-ci ildə xalq düşməni kimi güllələndi. Onun arvadı, milliyyətcə alman olan Lüsiana Piontek də əri kimi repressiya olundu.

İosif Stalin. Veltman da yetkin adamdır, alimdir, ziyalıdır. Bilirəm ki, yoldaş Rəsulzadə onu yaxşı tanıyır. Bir yerdə çalışırlar.

Məmmədəli Rəsuloğlu. Mixail Lazareviç Veltman həm də Moskva Şərqşünaslıq İnstitutunun ilk rektoru olmuşdu. Məmməd Əmin bəylə də xoş ünsiyyəti vardı. Veltman sonrakı taleyi naməlumdur.

İosif Stalin. Dimanşteyn də sədaqətli bolşevikdir. Savadlıdır, işgüzardır.


Məmmədəli Rəsuloğlu. Semyon Markoviç Dimanşteyn 38-ci ildə “trotskiçi” kimi güllələndi.

İosif Stalin. Yaxud götürək Karklini. Şəxsən mənim çox rəğbət bəslədiyim adamdır.

Məmmədəli Rəsuloğlu. Fris İvanoviç Karklin 1937-ci ildə “xalq düşmənləri ilə əlaqəsinə görə” maddəsi ilə güllələndi.

İosif Stalin. Broydo partiyanın fədailərindən biridir.

Məmmədəli Rəsuloğlu. Qriqori İsakoviç Broydo əvvəlcə beş il həbsdə yatdı, sonra on il sürgündə oldu.

İosif Stalin. Sizin yerliniz Hüseynov da bizim komissarlığın tərkibində olan hörmətli bolşeviklərimizdən biridir. Yoldaş Nərimanov, Siz onu çox yaxşı tanıyırsız. Bildiyimə görə dostsunuz.

Məmmədəli Rəsuloğlu. Mirzə Davud Bağır oğlu Hüseynov 38-ci ildə partiyadan qovulub güllələndi.

İosif Stalin. Kamenski bizim hamımızın dostudur. Əsl inqilabçı kimi ağır sınaqlardan keçib.

Məmmədəli Rəsuloğlu. Abram Zaxaroviç Kamenski Trotskizmdə təqsirləndirilib 38-ci ildə gülllələndi.

İosif Stalin. Manatov da faydalı kadrlardan biridir.

Məmmədəli Rəsuloğlu. Şərif Əhmətzyanoviç Manatov başqırd inqilabçısı idi. Başqırdları Stalinin rəhbərlik etdiyi komissarlıqda təmsil edirdi. Şərqşünas, jurnalist, yazıçı idi. Təqiblərə məruz qaldı, partiyadan xaric edildi. 36-cı ildə ürəyi yatdı.

İosif Stalin. Bax görürsüzmü, bizim təşkilatda necə görkəmli adamlar yetişib. Mən istərdim ki, yoldaş Rəsulzadə də həmin kadrlardan biri olsun. Biz ona lazımi köməklik göstərəcəyik. Bu xüsusda siz nə deyə bilərsiz, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Yoldaş Rəsulzadə kifayət qədər ağıllı və yetkin adamdır. Seçim onun özünündür.
İosif Stalin. Yoldaş Nərimanov bu günlərdə Lenin yoldaşın tövsiyəsi ilə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib. Mən bu münasibətlə onu təbrik etmişəm. Hesab edirəm ki, o, xalqın taleyüklü məsələlərinin həllində əlindən gələni əsirgəməyəcək. Mərkəz də ona daim kömək edəcək.
Nəriman Nərimanov. Yoldaş Stalin, mən açıq deməliyəm. Mənə Mərkəzin köməyi lazım deyil. Əksinə, Mərkəz bizə mane olmasın, biz öz işimizin öhdəsindən özümüz gələcəyik.
İosif Stalin. Siz nəyə əsaslanıb bu cür sərt bəyanat verirsiz, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Bakıdakı fəaliyyətim dövrünə əsaslanıram...
İosif Stalin. Hmmm... Aydındır. Sizdə yaxşı bir atalar sözü var: “İlan vuran ala çatıdan qorxar”...
Məmməd Əmin. İlanla bağlı başqa bir məsəl də var: “İlan ulduz görməyincə olməz”.
İosif Stalin. Hə, indi gəl anla görək, “ulduz” hansı tərəfdir, “ilan” hansı tərəf? Hər halda biz birinci tərəf olarıq...
Gülüşürlər.
İosif Stalin. Yoldaş Nərimanov, işləriniz nə yerdədir?
Nəriman Nərimanov. Yoldaş Stalin, işlər elə də yaxşı deyil.
İosif Stalin. Bilirəm, sizi ən çox narahat edən qonşularla olan ixtilaflardır...
Nəriman Nərimanov. Qonşu deyəndə ki... Bizim işlərimizə indiyəcən ən çox erməni millətçiləri mane olub...
İosif Stalin. (Mənalı tərzdə). Elə burada da millətçilər az deyildir...
Nəriman Nərimanov. Bəli, onların bir çoxu Kremldə də kök salıb...
İosif Stalin. Bax, eşidirsiz, yoldaş Rəsulzadə?
Məmməd Əmin. Bəli... Mən də belə hesab edirəm ki, şovinistlər burada da az deyildir...
İosif Stalin. Görün iş nə yerı çatıb ki, Lenin yoldaş məni də velikorus şovinizminin nümayəndəsi kimi tənqid atəşinə tutub...
Nəriman Nərimanov. Lenin yoldaşın dediklərində həqiqət çoxdur...
İosif Stalin. Əlbəttə, mənim Lenin yoldaşa bir etirazım yoxdur. Amma bir müdrik adam kimi sizin də bu məsələyə münasibətinizi bilmək istərdim... Doğrudanmı mən velikorus şovinizmini təmsil və ya təqdir edirəm?..
Nəriman Nərimanov. Lenin yoldaş haqlıdır o mənada ki, həqiqətən bir çox hallarda Rusiyada yaşayan kiçik xalqların nümayəndələri, hətta bəzən üzdə olan nümayəndələri ruslardan daha çox rus olmaq istəyirlər.
İosif Stalin. Yəni Roma Papasından daha çox katolik...
Nəriman Nərimanov. Bəli... Elədir. Yoldaş Stalin, zənnimcə, konkret məsələyə keçmək daha yaxşı olardı.
İosif Stalin. Mən də belə hesab edirəm. Buyurun...
Nəriman Nərimanov. Bizim qonşularımız hər vəchlə əldə etməyə çalışdığımız sülhə zərbə vurmaq istəyirlər...
İosif Stalin. Söhbət ermənilərdən gedir.
Nəriman Nərimanov. Erməni xalqı zəhmətkeş bir xalqdır. Onları daşnaklar başqa yola təhrik edirlər... Bir yandan bizə, o biri tərəfdən Türkiyəyə savaş açmaq istəyirlər.
İosif Stalin. Bilirəm... Hamımıza məlumdur ki, iyiriminci ilin sentyabdında başlanan Türkiyə-Ermənistan müharibəsi həmin ilin noyabrında daşnakların tam məğlubiyyəti ilə nəticələndi. Yəni bu müharibədə ermənilər türklərə uduzdular.
Məmməd Əmin. Ermənilərin Türkiyəyə ərazi iddiasında bulunması ilk dəfə deyil ki... Əslində ermənilər iki Ermənistan yaratmaq iddiasındadır- Qafqaz Ermənistanı və Türkiyə ermənistanı. Doğrudanmı Sizin bundan xəbəriniz yoxdur?
Nəriman Nərimanov. Əmin bəy, doğrudanmı siz elə hesab edirsiz ki, mən bu məsələdən xəbərsizəm?
İosif Stalin. Biz onların niyyətinə bələdik.
Məhəmməd Əmin. Bəs onda nəyi və kimi gözləyirsiz?
Nəriman Nərimanov. Mən Leninə yazdığım məktublarda, onunla görüşlərimdə dəfələrlə bu məsələyə toxunmuşam.
İosif Stalin. Mənsə belə düşünürəm ki, hər şeyin öz zamanı var...
Nəriman Nərimanov. Biz belə hesab etmirik ki, iki qonşu xalq arasındakı ədavət əbədidir.
İosif Stalin. Yoldaş Nərimanov, tamamilə haqlısız... Bir də ki, biz millətçi yox, beynəlmiləl bir ölkə qururuq.
Məmməd Əmin. Yoldaş Stalin, icazə verin mən bu söhbətə bir az müdaxilə edim.
İosif Stalin. Buyurun, yoldaş Rəsulzadə... Siz özünüz təcrübəli bir siyasətçi və dövlət xadimisiz.
Məmməd Əmin. Mənim deyəcəyim budur: yaxşı olmazmı ki, hər millətin dövləti öz ərazisi daxilində qurulsun?
İosif Stalin. Yoldaş Rəsulzadə, bununla siz nə demək istəyirsiz?
Məmməd Əmin. Mən bizim ərazimizin bir hissəsinin əsassız olaraq ermənilərə verilməsini qəbul edə bilmirəm...
İosif Stalin. Əgər Zəngəzur torpaqlarını deyirsinizsə, bəli, biz bu məsələdə müəyyən güzəştlər etməli olduq. Yoldaş Orconikidze ilə mənim təklifim qəbul edildi.
Məmməd Əmin. Səbəb nədir?
Nəriman Nərimanov. Səbəb Ermənistanı öz tərəfimizə çəkmək... Bu məsələlər həm də sovetləşmə ilə bağlıdır.
Məmməd Əmin. Amma mən səbəbi başqa yerdə görürəm. Zəngəzuru ermənilərə verməkdə məqsəd, türklərin gələcəkdə Bakıya ola biləcək yürüşünün qarşısını almaqdan, Azərbaycanla Türkiyə arasındakı əlaqəni kəsməkdən ibarətdir.
İosif Stalin. Yox, biz daha mühüm strateji məsələrə görə bu cür qərar qəbul etmişik.
Məmməd Əmin. Axı bu düzgün qərar deyil. Hamımız yaxşı bilirik ki, Dərələyəz deyilən mahalda bir nəfər də olsun erməni yaşamır. Bunu kim bilməsə də yoldaş Nərimanov əla bilir.
Nəriman Nərimanov. O vaxt biz əlimizdən gələni əsirgəmədik...

Məmmədəli Rəsuloğlu. Hələ Cümhuriyyət dönəmində – 1919-cu ilin dekabrında Azərbaycan parlamentinə teleqramlar daxil olurdu ki, Zəngəzur əldən getməkdədir. Yəni erməni-daşnak qüvvələri Azərbaycan Cümhuriyyəti ilə bağlanmış 23 noyabr 1919-cu il sazişini pozmuş, Zəngəzur əhalisini qətliam etmişlər. Ona görə də, 1920-ci ilin bütün yay və payızı da daxil, Leqran, Orconikidze, Çiçerin və Nərimanov arasında Azərbaycan ərazilərinin müqəddəratıyla bağlı teleqraflaşma gedirdi. O zaman Nərimanov birmənalı şəkildə deyirdi ki, Naxçıvan, Qarabağ, Zəngəzur, Şərur- Dərələyəz, Ordubad Azərbaycanın ayrılmaz hissələridir. Hətta Çiçerin Orconikidzeyə yazır ki, Müsavat hökuməti Şərur-Dərələyəzi az qala Azərbaycanın ərazisi saymır, amma Nərimanov həmin torpaqları öz torpaqları hesab edir.

İosif Stalin. Yoldaş Nərimanov ərazilərlə bağlı öz sözünüzü hamımızdan əvvəl demisiz və deyilənlərin də çoxu də nəzərə alınıb.
Nəriman Nərimanov. Yoldaş Stalin, əgər Siz indi Qarabağla bağlı mənim adımdan vurulan teleqramı nəzərdə tutursuzsa oradakı fikirlər təhrif olunmuşdu.
İosif Stalin. Axı Siz, yoldaş Nərimanov, sovet Ermənistanını təbrik edərkən Azərbaycanın öz torpaq iddialarından əl çəkdiyini demişdiniz.
Nəriman Nərimanov. Əvvəla, o təbrikdə bəzi şeylər təhrif olunmuşdu. İkincisi də, iki il öncə şərait başqa cür idi...
İosif Stalin. Siz niyə unudursuz ki, ermənilər Naxçıvanı da öz əraziləri hesab edir. Bəlkə Naxçıvanda da heç bir erməni yaşamır, yoldaş Rəsulzadə?
Məmməd Əmin. Bunu bütün dünya bilir ki, Naxçıvan qədim Azərbaycan torpağıdır. Üstəlik, Borçalı, Dərbənd, Göyçə tarixən bizim ərazilərimiz olub. Amma nəyə görəsə Sovet hökuməti gələndən sonra bu ərazilərin bir çoxu mübahisə obyektinə çevrilib.
İosif Stalin. Biz ötən ilin Moskva və Qars müqaviləsində bu məsələ haqda son qərarımızı verdik: Naxçıvan əbədi olaraq Azərbaycan ərazisidir.
Nəriman Nərimanov. Açıq danışmaq lazımdır: ermənilər bütün qonşu xalqlara qarşı torpaq iddiası ilə çıxış edir. Onların Dağlıq Qarabağa köçdükləri vaxtdan heç yüz il keçməyib, amma bu gün Qarabağ tələbi irəli sürürlər.
İosif Stalin. Biz ötən ilin iyul ayında Qafqaz Bürosunun Tiflisdə keçirilən plenumundə Dağlıq Qarabağ məsələsini ciddi şəkildə təhlil etdik. Yoldaşların çoxu həmin ərazinin Ermənistana verilməsini tələb etsələr də nəticə Azərbaycanın xeyrinə oldu. Bu məsələdə yoldaş Nərimanov, siz çox sərt bəyanatla çıxış etdiniz. Amma...
Nəriman Nərimanov. Amma heç də bütün məsələlrdə Mərkəz bizim arxamızda durmur.
Məmməd Əmin. “Mərkəz” və ya “bir əl” məfhumu sonra istər-istəməz mərkəzdənqaçmaya aparıb çıxarır... Tarixin təcrübəsindən nəticə çıxarmaq lazımdır.
İosif Stalin. Rus xalqı bütün digər kiçik və böyük xalqların azad yaşamasının mühüm qarantıdır. Bu barədə, yoldaş Nərimanov, sizin də obrazlı ifadəniz var...
Nəriman Nərimanov. Bəli, mən yenə də o fikirdəyəm ki, xalqımızın xoşbəxtliyi Rusiya ilə, Mərkəzlə bağlıdır.
İosif Stalin. Özü də təkcə Azərbaycanın yox...
Məmməd Əmin. Gəlin etiraf edək ki, bir çox bədbəxtliklərin kökü məhz mərkəzləşmə ilə bağılıdır...
İosif Stalin. Lap olsun siz deyən kimi... Amma baxır hansı mənda? Bəli, mən də belə düşünürəm ki, Rusiyanın düşməni olan millətləri faciələr gözləyir. Bu, həmişə belə olub, bu gün belədir, sabah da bu cür davam edəcək...
Məmməd Əmin. Siz Rusiyanın mənafeyi haqda rusdan betər danışırsız, yoldaş Stalin.
İosif Stalin. Bəyəm hansısa millətə aid olmaq üçün onun familiyasını daşımaq lazımdır? Düzdür, hamı bilir ki, mən gürcü ailəsində doğulmuşam. Amma mən təpədən-dırnağacan özümü həm qafqazlı, həm də rus hesab edirəm. Heç əslində məsələ hansı xalqa və ya millətə mənsub olmaqda da deyil. Əsas məsələ budur ki, mən bolşevikəm. Mən Lenin ideyalarına sadiqəm. Mən hər cür milli ayrılığın düşməniyəm. Bəs siz necə, yoldaş Nərimanov? Siz özünüzü hansı millətin nümayəndəsi hesab edirsiz?
Nəriman Nərimanov. Təbii ki, mən türkəm.
İosif Stalin. Mən bunu bilirəm. Yoldaş Rəsulzadə də türkdür. Söhbət ondan gedir ki, bolşevikin milli mənsubiyyəti onun bu və ya digər məsələyə münasibətini dəyişirmi?
Nəriman Nərimanov. O asılıdır, konkret olaraq söhbətin hansı məsələyə münasibətdən...
İosif Stalin. İndiki halda söhbət bolşeviklərdən gedir. Mən belə hesab edirəm ki, bolşevik üçün siyasi əqidə hər şeydən yüksək olmalıdır.
Nəriman Nərimanov. Mən əqidəyə sadiqliyi xoşlayıram. Amma elə də ola bilər ki, biri kommunist deyil, fəqət çox vicdanlı adamdır.
İosif Stalin. Vicdanın bu məsələyə nə dəxli, yoldaş Nərimanov?
Məmməd Əmin. Yoldaş Stalin, sizin fikriniz mənə aydındır. Demək istəyirsiniz ki, əqidə hər şeydən üstündür. Hətta vicdandan da...
İosif Stalin. Əslində, mən belə demək istəmirdim. Madam ki, siz deyilən fikri bu cür səciyyə edirsiz, mənim etirazım yoxdur.
Məmməd Əmin. Yoldaş Stalin, əqidə, məslək, vicdan ... kimi cəhətlər hər bir normal insanda dini və milli mənsubiyyətdən asılı olmayaraq mövcud ola bilər.
İosif Stalin. Axı dinin bu məsələyə nə dəxli? Bolşevik hara din hara?
Nəriman Nərimanov. İnsanların dini hissləri ilə oynamaq olmaz, yoldaş Stalin.
İosif Stalin. Bəlkə kilsəyə və ya məscidə gedib mənasız moizələrə qulaq asmalıyıq?
Nəriman Nərimanov. Biz cəhaləti və nadanlığı məhv etməliyik, dini yox.
İosif Stalin. Siz niyə unudursuz ki, cəhalətin mənbəyi elə din özüdür.
Məmməd Əmin. Yoldaş Nərimanov özü də daim cəhalətə, nadanlığa qarşı mübarizə edib.
İosif Stalin.O mübarizə necə olub?
Məmməd Əmin. Kitablarla olub... Doktorun “Nadanlıq” pyesi və “Pir” povesti bu cür halların tənqidinə həsr olunub.
İosif Stalin. Əlbəttə, bu, təqdir olunur. Amma dinə qarşı mübarizəni təkcə əsərlərlə aparmaq bir az sadəlövhlükdür. Biz bu mübarizəni başqa şəkildə aparacağıq. Mən Nərimanovun bir zamanlar təhsil aldığı şəhərdə, yəni Qoridə doğulub böyümüşəm. Orada dini seminariyada təhsil almışam. Dinin necə iyrənc şey olduğunu da hamınızdan yaxşı bilirəm. Siz mənə din haqda moizə oxumaq istəyirsiz?
Məmməd Əmin. Yoldaş Stalin, səhv etmirəmsə, sizin ananız sağdır...
İosif Stalin. Yoldaş Rəsulzadə, səhv etmirəmsə, Sizin də ananız ötən iləcən sağ idi.
Məmməd Əmin. Bəli, mənim anam da sağdır, atam da...
İosif Stalin. Nəyə görə bunu soruşursuz?
Məmməd Əmin. Axı sizin ananız da dindardır... Elə mənim ata-anam da...
İosif Stalin. Bəli, mənim anam Yekaterina Georgiyevna Geladze sağdır... Mən ona Кеке deyirəm. Anam mənim keşiş olmağımı istəyirdi. O, indi də ibadətlə məşğuldur. Bəli, mən vaxtilə sizin atanız Ələkbər kişinin məscidindəki minbərdə gizlənmişəm. Bunu dana bilmərəm. Bütün bu söhbətlər nə üçündür?
Məmməd Əmin. Dediyim odur ki, dindar olduqlarına görə biz öz valideynlərimizdən imtina etməli, yaxud onları öldürməliyik?
İosif Stalin. Biz öz dindar ata-anamızdan yox, dini təbliğ edən ocaqlardan imtina etməliyik. Biz dini fanatizmi və onu yayanları öldürməliyik. Elə deyilmi, yoldaş Nərimanov?
Nəriman Nərimanov. Biz dindarları məhv etməli deyilik, yoldaş Koba. Onları öz tərəfimizə çəkməliyik.
İosif Stalin. Arxayın olun, bolşeviklərin müsəlmanlarla heç bir mübarizəsi olmayıb və ola bilməz də. (Gülür). Bizim mübarizəmiz fanatik pravoslavladır. Din dövlətdən ayrı olmalıdır. Çarın yanında özünə isti yuva qurub min bir oyundan çıxan dələduz Rasputinlər bizə lazım deyil. Bizə nə allah lazımdır, nə də peyğənbər. Əgər Allah varsa o dahi Marks, əgər peyğənbər varsa o da Lenin yoldaşdır. Olsun ki, bu müqayisə yerinə düşmür. Mən başqa bənzətmə də deyə bilərəm: Lenin yoldaş yeni quruluşun memarı, biz- o cümlədən mən özüm, olsa-olsa bu işdə iş icraçısı, fəhlə, suvaqçı, bənna ola bilərik.
Məmməd Əmin. Bu, daha çox bir dinin başqası ilə əvəz olunmasına bənzəmir ki?..
Nəriman Nərimanov. Yoldaş Stalin, Vladimir İliç onun peyğəmbərlə müqayisə edilməsinə necə baxardı?
İosif Stalin. Yoldaş Nərimanov, bəs biz bolşeviklər Sizin Bakıda işlədiyiniz dövrdə tez-tez məscidlərə getməyinizə, din xadimlərini qəbul etməyinizə necə baxmalıyıq?
Nəriman Nərimanov. Bəyəm din xadimləri bu cəmiyyətdən qovulmalıdır?
İosif Stalin. Əgər mənim fikrimi soruşursuzsa deyim: onların kökü kəsilməlidir.
Məmməd Əmin. Bu, çox sərt ittiham olmadımı?
İosif Stalin. Bolşeviklər öz başladıqları missiyanı sona çatdırmalıdırlar. (Pauza). Biz heç bir liberal dəyəri qəbul edə bilmərik. Elə bilirsiz, eşitməmişik: bu gün “nərimanovçuluq” deyilən bir ideya intişar etməkdədir. Biz dinlə kommunizmi, millətçiliklə beynəlmiləlçiliyi bir yerdə təsəvvür etmirik.
Məmməd Əmin. Hər bir ideya öz məcrasıyla axıb getməlidir.
İosif Stalin. Bizim bir ideya və ideologiyamız var: leninizm. Ta nərimanovçuluğa nə ehtiyac?
Nəriman Nərimanov. Mən öz adımla hansısa bir ideyanın yaranmasının əleyhinəyəm. Amma onu da yaxşı bilirəm ki, bu gün mənim əleyhimə güclü və gizli bir təbliğat gedir. Mən isə bu yeni qurduğumuz cəmiyyət üçün əlimdən gələn heç nəyi əsirgəmirəm...

Məmmədəli Rəsuloğlu. Həmin dövrdə Mövsüm Qədirli Nərimanova yazırdı ki, Azərbaycanda sizin adınızı çəkmək belə qadağandır.

İosif Stalin. Yoldaş Nərimanov, gəlin açıq danışaq, öyünməli elə bir iş yoxdur. Sizin rəhbərliyiniz dövründə Azərbaycanda neft istehsalı ən aşağı səviyəyə enib. Baxın, 1920-ci ilin sonuna olan məlumat: Bakıda cəmisi 176,6 milyon pud neft çıxarılıb. Bu, nəinki 1913-cü il, hətta, 1888-ci il səviyyəsindən də aşağı göstəricidir. Budur bizim nailiyyət?
Nəriman Nərimanov. Bəli, neft istehsalı aşağı düşüb. Bunun da təqsiri Mərkəzdədir.
İosif Stalin. Mərkəzdə? Siz niyə bu cür düşünürsüz?
Nəriman Nərimanov. Bəli, Mərkəzdə. Əvvələ, mütəxəssislərin çoxu xaricə getməyə məcbur oldu... İkincisi də neftçilərin, adi fəhlələrin bir qismi isə muzdlarının az olmağı səbəbindən işə çıxmır.
İosif Stalin. Bu, bizə qarşı bir təxribatdır....
Nəriman Nərimanov. Bundan başqa biz öz neftimizi xaricə özümüz çıxarmalıyıq... Bu barədə Lenin yoldaşa da demişəm.
İosif Stalin. Xaric deyərkən yəqin ki, Siz Türkiyəni nəzərdə tutursuz... Onsuz da türklərə kifayət qədəm yardım olundu...
Nəriman Nərimanov. Mən anlamıram, niyə “türk” sözünü eşidəndə Mərkəzdəkilərin bir çoxunun başına sanki qaynar su ələnir?

Məmmədəli Rəsuloğlu. Nərimanov məktublarının birində yazırdı ki, mən təkidlə deyirəm: məhz türklərlə ittifaq bütün müsəlman Şərqini bizə verər və bunun sayəsində fərsiz Şərq siyasətimiz nəticəsində yaranmış ümumi narazılıq aradan qalxar. Elə bu yolla da biz fitnəkarlıq silahının İngiltərənin əlindən almış olarıq.

Məmməd Əmin. Yoldaş Stalin, mən hər ikinizdən soruşmaq istəyirəm: doğrudanmı Azərbaycan müstəqildir?
İosif Stalin. Bilmirəm siz müstəqillik deyəndə nəyi nəzərdə tutursuz, yoldaş Rəsulzadə?
Məmməd Əmin. Müstəqilliyin atributlarından biri də müstəqil siyasət yürütməkdir. Bu gün Azərbaycan hüquqsuz bir təhkimçi vəziyyətindədir.
İosif Stalin. Məsələni bunca qəlizləşdirmək lazım deyil... (Pauza). Yoldaş Rəsulzadə, Siz əslən bakılısız. Öz şəhərinizə və onun ətrafın yaxşı bələdsiz...
Məmməd Əmin. Yoldaş Stalin Bakını və Bakıətrafını Nərimanovla Siz də pis tanımırsız.
İosif Stalin. Elədir. Orada tez-tez vulkanlar püskürür. Heç onları müçahidə etmisizmi?
Məmməd Əmin. Bəli.
İosif Stalin. Bilirsizmi nədən yaranır o vulkanlar?
Nəriman Nərimanov. (Gülür). Vulkan sözü qədim romalıların od Allahı Vulhanın adından götürülüb? Vulkanın özü isə...
Məmməd Əmin. Vulkanın özü isə yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində əmələ gəlir. Nəticədə yerin təkindən yerin üstünə lava, alov, qaz püskürür.
İosif Stalin. Doğrudur. Səhv etmirəmsə, iki cür vulkan olur, birisi yatmış, digəri oyanmış vulkan. Biz indi həmin oyanmış vulkanın yanında, bəlkə də üstündəyik... Biz cənnəti xatırladan yeni bir cəmiyyət qurmalıyıq o püskürən vulkanın üstündə.
Məmməd Əmin. Vulkanın üstündə qurulan taxt-tacın, sarayın ömrü nə qədər ola bilər, yoldaş Stalin?
İosif Stalin. Mən bunu bir məsəl kimi çəkdim.
Məmməd Əmin. Elə mən də bir məsəl kimi deyirəm ki, vulkan üstündə tikilən ən möhkəm qəsri, ən etibarlı sarayı belə daim təhlükə təqib edəcək.
İosif Stalin. Siz də unutmayın ki, Rusiya bolşeviklərinin qurduğu sarayın özülü poladdan, divarları qranitdən olacaq.
Məmməd Əmin. Yoldaşlar, gəlin özümüzü aldatmayaq. Çar Rusiyası ilə bolşevik Rusiyası arasında heç bir fərq yoxdu. Sadəcə olaraq birinin zəncirlərinin rəngi ağ, o birisinin isə zəncirlərinin rəngi qırmızıdır.
İosif Stalin. Yoldaş Nərimanov, siz də Əmin bəy kimi düşünürsüz?
Nəriman Nərimanov. Təbii ki, mən elə düşünmürəm... Ən azından o cür düşünsəydim tutduğum yolu, yəni inqilab yolunu seçməzdim. Amma desəm ki, qurduğumuz cəmiyyətdə hər şey məni qane edir, onda bu bir riyakarlıq olardı.
İosif Stalin. Əvvəla, bu cəmiyyət hələ qurulmayıb, qurulmaqdadır. İkincisi isə, bir çox şeylər şəxsən mənim özümü də qane etmir...
Nəriman Nərimanov. Qane etmək üçün düzgün bünövrə olmalıdır. Bünövrə əyri olanda hər şey əyilə-əyilə gedəcək... Mən Bakı fəaliyyətimdə çox belə əyriliklərin şahidi oldum.
İosif Stalin. Mən anlamıram, Siz niyə bu qədər narazısız? Yoldaş Nərimanov, qoy Əmin bəy də eşitsin. Məhz Sizin tələbləriniz əsasında Bakı Azərbaycanın paytaxtı oldu.
Məmməd Əmin. Onsuz da bolşeviklər gələnəcən biz Bakını paytaxt elan etmişdik.
İosif Stalin. Elədir. Amma siz gedəndən sonra artıq şərtləri biz diktə edirdik. Zaqatala və Qarabağ da sizin Leninlə əlaqələrinizin sayəsində Azərbaycana tabe etdirildi.
Məmməd Əmin. Qarabağın tarixi Azərbaycan torpağı olduğu kimə məlum deyil?.
Nəriman Nərimanov. Əmin bəy, təəssüf ki, korun belə gördüyü bu mənzərəni çoxları görmək istəmirdi.
İosif Stalin. Xahiş edirəm, öz həmkarlarınızı təhqir etməyin. Biz bu məsələni kollegial, demokratik əsada həll etmək üçün səsverməyə çıxartdıq. Nəticəsi nə oldu?
Nəriman Nərimanov. Nəticəsi o oldu ki, bizə qarşı olanların maskası yırtıldı...
İosif Stalin. Fakt budur ki, yoldaş Orcenikidze də daxil olmaqla açıq səsvermədə Qarabağ Ermənistan ərazisi kimi tanındı. Səhv etmirəmsə, bu hadisə bir neçə ay öncə, 21-ci il iyun ayının 3-də baş verdi.
Nəriman Nərimanov. Bu, əsassız qərar idi... Məhz buna görə də bir gün sonra həmin nəticə haqlı olaraq ləqv edildi...
İosif Stalin. Yoldaş Nərimanov, bu qərar ona görə ləğv olundu ki, siz iclasdan çıxan kimi Lenin yoldaşın yanına getmisiz...
Nəriman Nərimanov. Beıə çıxır ki, Vladimir İliç ya əsassız qərarı müdafiə edib...
Məmməd Əmin. ... ya da təzyiq göstərib.
İosif Stalin. Xeyr, nə elə olub, nə də belə... Sadəcə, Lenin yoldaş reallıqdan çıxış edərək real qərar çıxarılmasının tərəfdarı olub.

Məmmədəli Rəsuloğlu. Stalinin həyat yoldaşı Nadejda Alliluyeva Leninin katibliyində işləyirdi. O, hər gün Komissarlar Soveti Sədrinin yanına gələnləri görür, lazım olan hallarda bu barədə öz ərinə məlumat verirdi. Nərimanovun həmin gün Leninin yanına gəlməsini də Stalinə məhz Alliluyeva çatdırmışdı.

Nəriman Nərimanov. Və bundan sonra, məhz elə həmin gün Siz Lenin yoldaşın yanına gedərək verilən qərarın qüvvədə saxlanılmasını ruca etmisiz.
İosif Stalin. Xeyr, sizə səhv məlumat veriblər. Mən təkrar səsvermənin keçirilməsini xahiş etmişəm...
Məmməd Əmin. Köhnə dostlar, inciməyin, mən görürəm ki, Azərbaycan coğrafiyası üzərində müdhiş bir oyun gedir. Belə olmaz, Koba! Belə olmaz, Nəriman bəy! Bu nə oyundur mənim millətimin başına açılır.
İosif Stalin. Əmin bəy, nəticədə hər şey xalqın və millətin xeyrinə olacaq. Siz buna öz adınız kimi əmin ola bilərsiz, Əmin bəy.
Məmməd Əmin. Elə isə hələlik. İcazə versəniz mən gedərdim.
İosif Stalin. Buyurun, Əmin bəy. Bu yaxınlarda yenə görüşərik.
Nəriman Nərimanov. Hələlik, Əmin bəy.
Məmməd Əmin. Xudahafiz.

Məmməd Əmin onlarla görüşüb gedir.
Kreml saatının səsi eşidilir.

İosif Stalin. Doğrusu, mən Rəsulzadənin bu qədər çılğın olduğunu bimirdim.
Nəriman Nərimanov. Əsəbiləşməyə bəlkə də onun haqqı var.
İosif Stalin. Qurduğu hökumət iflasa uğradığı üçünmü?
Nəriman Nərimanov. Yoldaş Stalin, sizə tam açıq deyəcəm: mən Bakıda olarkən vətəndaşlar tez-tez məndən soruşurdular ki, bu hökümətin Müsavat hökumətindən bir üstünlüyü varmı və varsa o nədir?
İosif Stalin. Maraqlıdır, bəs siz onlara necə cavab verirdiniz?..
Nəriman Nərimanov. Mən onlara demək olar ki, cavab vermirdim.
İosif Stalin. Susurdunuz?
Nəriman Nərimanov. Xeyr, susmurdum. Mən onlara gələcək haqqında şirin vədlər verirdim.
İosif Stalin. Hə, bax bu başqa məsələ. Bəyəm öz dediklərinizə özünüz inanmırdız?
Nəriman Nərimanov. İnanıb-inanmamaq məsələnin başqa bir tərəfidir. Fakt budur ki, adamlar kasıblıqdan əziyyət çəkirlər.
İosif Stalin. Bunlar keçici, müvəqqəti çətinliklərdir...
Nəriman Nərimanov. Adamlar deyir ki, qorxuruq bu müvəqqəti çətinliklər daimi olsun.
İosif Stalin. Yaxşı, bəs Siz bu çətinliklərdən çıxış yolunu nədə görürsüz?
Nəriman Nərimanov. Mən belə hesab edirəm ki, kadrlarla düzgün iş aparılmalıdır.
İosif Stalin. Mən elə o cür düşünürəm. Bəli, hər şeyi kadrlar həll edir.
Nəriman Nərimanov. Amma bizim kadrların çoxu demaqogiya ilə məşğul olur. Hətta, aralarında şayiə gəzdirənlər də az deyildir. Mənimlə bağlı “yuxarıya” çoxlu yalan məlumatlar aparırlar. Elə mənim özümə də...
İosif Stalin. Yoldaş Nərimanov, hər halda mən heç zaman Sizin şəxsiyyətinizə zərrə qədər də toxunmağa cəhd etməmişəm.
Nəriman Nərimanov. Yoldaş Koba, mən dekorasiya deyiləm... İndiyəcən olmamışam və bundan sonra da olmayacağam...
İosif Stalin. Sizə səhv məlumatlar çatdırırlar, yoldaş Nərimanov.
Nəriman Nərimanov. Serqo və ona züy tutan Mirzə Davud Hüseynovla Əliheydər Qarayev istəyirlər ki, Azərbaycan müstəqil Respublika omasın, birdəfəlik Rusiyanın tərkibində ərisin... Mikoyan da onlara dil verir. Bəs onda müstəqillik, azadlıq uğdunda mübarizə nəyə lazım idi?
İosif Stalin. Axı Anastas sizin Azərbaycanda hakimiyyətə gətirilmənizi çox istəyirdi.
Nəriman Nərimanov. Bəli, Mikoyan çox istəyirdi ki, mən hakimiyyətdə olum. Amma o, bunu öz şəxsi mənsəbi üçün arzü edib. O, hər yerdə deyir ki, biz Nərimanovu bu posta ona görə gətirdik ki, öz bildiyimizi, öz istədiyimizi edək.
İosif Stalin. Mikoyanın istəyi nədir?
Nəriman Nərimanov. O, hər yerə öz adamlarını yerləşdirmək istəyir. O, milli ayrı-seçkilik yayır və üstəlik məni də millətçilikdə suçlayır. Mənim yazdığım “Bahadır və Sona” əsəri erməni-azərbaycanlı münasibətləri haqda beynəlmiləl bir əsərdir. Bu əsər yazılıb geniş şöhrət tapan vaxt Mikoyan hələ daşnak idi. O, sonralar bolşeviklərə qoşulub. Onda bu necə olur ki, daşnak-millətçi Anastas olur beynəlmiləlçi, beynəlmiləlçi Nəriman isə olur millətçi?
İosif Stalin. Yoldaş Nərimanov, unutmayın ki, Sizin Moskvada işləməyinizi Vladimir İliçdən şəxsən mən özüm xahiş etmişəm.
Nəriman Nərimanov. Mən Lenin yoldaşla görüşdüm. O, bu dəvətin kim tərəfindən irəli sürüldüyü barədə mənə bir şey demədi.
İosif Stalin. Əslində bu məsələnin elə bir prinsipal əhəmiyyəti də yoxdur. Çünki Vladimir İliç onsuz da Sizi kifayət qədər yaxşı tanıyır.
Nəriman Nərimanov. Doğrusu, mən Azərbaycanı, Bakını tərk etmək istəmirdim.
İosif Stalin. Yoldaş Nərimanov, özünüz də çox yaxşı bilirsiz ki, artıq Bakıda qalmağınız az qala mümkün deyildir.
Nəriman Nərimanov. Yoldaş Stalin, Siz nə üçün, hansı əsasla belə düşünürsüz?
İosif Stalin. Mən bu sözləri faktlara söykənərək deyirəm. Azərbaycan fəhlə və kəndlilərindən aldığımız məktublarda sizin fəaliyyətiniz kəskin tənqid olunur.
Nəriman Nərimanov. Bəyəm hər yazılan məktub fakt və ya dəlil hesab olunmalıdır? O məktublarda məni nədə suçlayırlar?
İosif Stalin. Liberallıqda... Başqa sözlə, hədsiz yumşaqlıqda. Sizin hamıya ürəyiniz yanır. Siz heç kəsin ifşa olunmasını, cəzalandırılmasını istəmirsiz. Bolşevik bu cür ürəyiyumşaq ola bilməz, yoldaş Nərimanov..
Nəriman Nərimanov. Mən həmişə günahsız adamların cəza almasına qarşı çıxmışam. Və bunu gizlətmirəm də, yoldaş Stalin...
İosif Stalin. Elə fəhlə yoldaşlar da bu məsələdən şikayətlənirlər.
Nəriman Nərimanov. Kimlərdir o “fəhlə yoldaşlar”, yoldaş Koba? Bəlkə konkret adlar deyəsiz...
İosif Stalin. Onlar adi insanlardır. Heç birinin yüksək vəzifəsi yoxdur. Biri neftçidir, biri dülgər, biri tornaçı...
Nəriman Nərimanov. Onlar nə tələb edirlər, İosif Vissarianoviç?
İosif Stalin. Onlar yoldaş Nərimanovun bolşeviklər partiyasının sıralarından çıxarılmasını tələb edirlər.
Nəriman Nərimanov. Onlar “adi fəhlələr” deyillər. Bu məktubların əsl müəllifi Qarayev və onun əlaltılarıdır.
İosif Stalin. Hər halda, fakt faktlığında qalır... Orasını da deyim ki, bütün bu narazılıqlar sonralar baş qaldırıb. Mənim yaxşı yadımdadır ki, Azərbaycana göndərdiyimiz 11-ci qızıl orduya rəhbərlik edənlər az qala hər gün bizə teleqram vurub sizin Bakıya gəlişinizi tələb edirdilər.
Nəriman Nərimanov. Bilirəm... Vladimir İliç o vaxt mənə dəfələrlə demişdi ki, dostlarımız sənin yolunu intizarla gözləyirlər... O vaxt mən Bakıya gəldim. Gəldim və gələn kimi gördüm ki, mən bunların çoxuna “şirma” kimi lazım imişəm.
İosif Stalin. “Bunlar” deyərkən Siz kimi nəzərdə tutursuz?
Nəriman Nərimanov. Yoldaş Stalin, siz yaxşı bilirsiz mən kimi nəzərdə tuturam... Əlbəttə, söhbət Orconikidze, Kirov və Mikoyandan gedir... Buna görə də mən işə başlayandan cəmi bir ay sonra istefa ərizəsi yazdım.
İosif Stalin. Bilirəm. Siz Lenin yoldaşın xahişi ilə öz işinizdə qaldınız.
Nəriman Nərimanov. Bəli. Məhz İliçə görə Bakıda qaldım.
İosif Stalin. Yoldaş Nərimanov, mənim sizə daim xüsusi rəğbətim olub. Siz hələ Həştərxanda ikən mən Leninlə söhbətlərimizdə Sizin Moskvaya gəlməyinizin zəruriliyini qeyd etmişəm.
Nəriman Nərimanov. Yoldaş Stalin, doğrudur, 1919-cu ildə sizin fikriniz belə olub. Amma 1920-ci ildə mənim Bakıda Xalq Komissarları sovetinə sədr təyinatım gündəmə gələrkən siz demisiz ki, Nərimanova tam güvənmək olmaz.
İosif Stalin. Sizə səhv məlumat çatdırıblar, yoldaş Nərimanov. Mən demişəm ki, Nərimanov artıq iki ildir ki, burda, yəni Moskvadadır və o, Azərbaycanla bağlı reallıqlardan uzaqdır... O ki qaldı söhbətimizin əvvəlinə, 16 avqust 1919-cu il tarixli məktubumda Vladimir İliçə yazmışam ki, Nərimanov Şərqə yaxşı bələd olan bir mütəxəssis kimi Xalq Xarici işlər nazirliyində işləsin.
Nəriman Nərimanov. Amma nəticəsi nə oldu? Şərqlə bağlı məsələrin həlli Qaraxana həvalə edildi.
İosif Stalin. Bu məsələyə Çiçerin maneçilik törədirdi.
Nəriman Nərimanov. Bilirəm... Çiçerin Şərq məsələsini dolaşdırır, o, erməni məsələsinə həddən artıq uyur və məhz Erməni məsələsi üzündən türklərlə aramızın dəyməsi nəticəsində nələr baş verə biləcəyini nəzərə almır.
İosif Stalin. Mən bunu da yolverilməz hesab edirəm.
Nəriman Nərimanov. Bunu da bilirəm. Məsələ həm də burasındadır ki, Mərkəz məni həmişə tək bir məsələyə görə hədəfdə saxlayıb: “müsəlman aləminə bələd” Nərimanov... Elə sizin məktubda da bu, xüsusilə vurğulanıb: “Bizə bir müsəlman kadr lazımdır”.
İosif Stalin. Məncə burada qeyri-adi bir şey yoxdur. Siz həqiqətən müsəlman aləminə bələd bir adamsız.
Nəriman Nərimanov. Ona qalmış mən xristian aləminə də pis bələd deyiləm.
İosif Stalin. Buna mənim heç bir şübhəm yoxdur. Amma bəzən elə mürəkkəb situasiyalar yaranır ki, hər kəsin daha yaxşı bələd olduğu sahədə üzə çıxarılmasına zərurət yaranır.
Nəriman Nərimanov. Yoldaş Stalin, gizlətmirəm. Mənə çatan məlumata görə, siz təkcə əvvəllər dediyiniz fikirlə qane olmamısız...
İosif Stalin. Anlamadım...
Nəriman Nərimanov. Siz bundan sonra dəfələrlə demisiz ki, Nərimanov Uzaq Şərqi bilməyə bilər, amma o, mənim üçün bir bayraq kimi lazımdır.
İosif Stalin. Bütün bunların hamısı müsbət mənada deyilmiş fikirlərdir. Təki hərə öz bildiyi sahənin bayrağı və bayraqdarı olaydı...
Nəriman Nərimanov. Mən heç vaxt sofistikanı qəbul etməmişəm...
İosif Stalin. Ola bilsin siz sofistikanı qəbul etmirsiz, amma romantikanı qəbul etməlisiz... Bunsuz böyük yazıçı olmaq, zənnimcə, qeyri-mümkündür.
Nəriman Nərimanov. İndiki halda söhbətin mövzusu ədəbiyyat yox, siyasətdir...
İosif Stalin. Bunun bir fərqi var ki?
Nəriman Nərimanov. Bəli, arada fərq çox böyükdür. Ədəbiyyat adamlara nəyisə təvəqqe edə bilər. Amma siyasət, adamların həyatına birbaşa təsir göstərir. Cəmiyyət yazıçıların yox, siyasətçilərin fəaliyyətindən asılıdır. Ədəbiyyat ayrı-ayrı fərdləri, siyasətsə bütöv bir cəmiyyəti xoşbəxt və bədbəxt edə bilər. Fərq budur.
İosif Stalin. Yoldaş Nərimanov, Siz indi Bakının heç bir uğuru ilə öyünə bilməzsiz. Siz hakimiyyətə gələndən sonra Bakıda Azərbaycanda neft istehsalı ən aşağı səviyəyə enib. Baxın, 1920-ci ildə Bakıda cəmisi 176,6 milyon pud neft çıxarılıb ki, bu, nəinki 1913-cü il, hətta, 1888-ci il səviyyəsindən də aşağı göstərici idi.
Nəriman Nərimanov. O neft xalqındır. Xalq öz sərvəti ilə necə rəftar etməyi özü bilər...
İosif Stalin. Razıyam. Bəs neft hansı xalqa məxsusdur?
Nəriman Nərimanov. Azərbaycan xalqına...
İosif Stalin. Amma Siz vaxtilə Lenin yoldaşa vurduğunuz teleqramda göstərirdiniz ki, bu neft Rusiyaya aiddir.
Nəriman Nərimanov. Demişəm, bəli. İndi səhvimi etiraf edirəm. Mən bu səhvim barədə yaxınlarda Vladimir İliçə də demişəm.
İosif Stalin. Hə, mən bu barədə də məlumatlıyam. Vladimir İliç bir dəfə söhbət əsnasında dedi ki, “mən Nərimanov yoldaşdan bu cür cavab gözləməzdim”.

Məmmədəli Rəsuloğlu. Həqiqətən, Nərimanovla Lenin arasında Bakı neftinin taleyi barədə kəskin fikir ayrılığı olmuşdu. Nərimanov özünü Bakı neftinin sahibi kimi aparan Serebrovski ilə mübahisədən sonra bu barədə Leninə məlumat verərkən Vladimir İliç ona belə cavab verir: - Yoldaş Nərimanov, Sizə nə qədər neft lazımdırsa, mən tapşıraram, ayırarlar. Nərimanov bu cavabdan hiddətlənərək belə demişdi: - Vladimir İliç, neft Azərbaycana məxsusdur, Sizə nə qədər lazımdı, deyin, biz də müzakirə edib qərar verək.

Nəriman Nərimanov. Bəli, mən yenə də həmin fikirdə qalıram. Neft müstəqil Azərbaycan xalqına məxsus olmalıdır.
İosif Stalin. Yoldaş Nərimanov, sanki Sizin leksikonunuzda iki söz əsas yerdə durur: neft və müstəqillik.
Nəriman Nərimanov. Doğru müşahidə etmisiz. Biri bizim mənəvi, digəri maddi sərvətimizdir.

Məmmədəli Rəsuloğlu. Nərimanov Leninə yazırdı: “Əziz Vladimir İliç, doğrudanmı “Müstəqil Azərbaycan” sözü Sizin ağzınızdan çıxmayıb? İndi vəziyyət belədir: həmişə Denikini dəstəkləyən Ermənistan müstəqillik, əlavə olaraq da Azərbaycanın ərazisini qazanır. Azərbaycan Sovet Rusiyasının qoynuna ilk atılan üç respublikadan biridir və günbəgün öz müstəqilliyini və ərazisini itirir. Mən müraciət edirəm ki, buna diqqət göstərəsiniz. Əgər qısa bir müddət ərzində Mərkəz daşnak kommunistlərin iyrənc hərəkətlərinə son qoymasa, bütün müsəlman Şərqi Sizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi bəyan və xahiş edirəm, əzilən Şərqin maraqları Sizin üçün vacibdisə, bu məsələ ilə ciddi məşğul olasınız”.

İosif Stalin. Yoldaş Nərimanov, unutmayın ki, biz milli təəssübkeşlikdən daha uca olan bir cəmiyyət qururuq.
Nəriman Nərimanov. Yoldaş Stalin, Siz də unutmayın ki, bu qurmaq istədiyimiz cəmiyyətin vətəndaşları təkcə ət və sümükdən ibarət bir kütlə deyildir. Biz qəlbi və ruhu olan adamlarla işləyirik.
İosif Stalin. Hə, bax bu oldu əsl yazıçı sözü. (Gülür). Bu mənada, əlbəttə, mən sizinlə tam razıyam. (Ciddiləşir). Yoldaş Nərimanov, Sovet Rusiyası ilə federasiya ittifaqına girmək ideyası Sizə məxsusdur.
Nəriman Nərimanov. Bəli, elədir.
İosif Stalin. Bu barədə Sizin Lenin yoldaşa məktubunuz və çıxışınız var.

Məmmədəli Rəsuloğlu. Nərimanov Leninə yazdığı məktubda vurğulayırdı ki, “hazırkı Sovet Azərbaycanı dünya kommunist ideallarını özündə əks etdirən Sovet Rusiyasının övladıdır. Azərbaycan hökuməti qərara gəldi ki, “Moskva Mərkəzi” ətrafında yaranmağa başlayan Kommunist Federasiyasına girsin, o, bu federasiyanı dünya Kommunist Federasiyasının başlanğıcı kimi görüb və görməkdə davam edir.”

Nəriman Nərimanov. Bəli, mən bu məzmunda məktub yazdığımı inkar etmirəm... Amma, yoldaş Stalin biz ehkamçı deyilik. Marksiz dialektikası bizdən daimi inkişaf tələb edir.
İosif Stalin. Mən inkişafın əleyhinə deyiləm. Amma inkişafın özü də bir çox hallarda mühafizəkarlıqla paralellik təşkil edir.
Nəriman Nərimanov. Bəli, biz bunu da nəzərə almalıyıq. Hegel deyirdi ki, inkişaf spiralvarı bir mexanizmə malikdir.
İosif Stalin. Bu, çox geniş bir diskussiyanın məhsuludur.
Nəriman Nərimanov. Bəli. Zənnimcə, söhbəti gələcəkdə davam etdirmək olar... İndisə növbəti görüşə getməliyəm... Hələlik.
İosif Stalin. Bir dəqiqə, Nəriman Nəcəfoviç. Bu axşam işdən sonra sizinlə görüşmək istəyirik.
Nəriman Nərimanov. Biz görüşdük. Söhbət də etdik. Bir daha görüşməyə nə ehtiyac?
İosif Stalin. Doğrusu, bu təklif daha çox Nadyadan gəlir. Yəni Nadejda Alliluyevadan. O, Sizin və Gülsüm xanımın xətrini çox istəyir.
Nəriman Nərimanov. Doğrusu, elə Gülsüm də Sizin həyat yoldaşınızı çox bəyənib. Amma... Bəlkə qalsın münasib bir vaxta.
İosif Stalin. Ən münasib vaxt elə bu gündür. Sizin sənətlə, ədəbiyyatla, mədəniyyətlə bağlı söhbətləriniz maraqlıdır.
Nəriman Nərimanov. Bəs siyasətlə bağlı? (Gülümsəyir). Maraqsızdır?
İosif Stalin. Yox. Məsələ onda deyil. İncəsənət bütün hallarda bizim hissimizə, daha doğrusu, ürəyimizə təsir göstərir... Belə anlarda başımız bir qədər dincəlir.

Gülüşürlər.

Nəriman Nərimanov. Yaxşı, çalışarıq.
İosif Stalin. Bu gün axşam saat 8-də sizi oz xanımınızla Kremlin kiçik yeməkxanasında gözləyəcəm. Lütfən etiraz etməyin.
Nəriman Nərimanov. Oldu. Xudahafiz.
İosif Stalin. Hələlik. Görüşənəcən.

Nəriman Nərimanov Stalinin kabinetini tərk edir.







12.

Səhnə dəyişir.

Kreml yemkkxanası.


İosif Stalin, Nəriman Nərimanov, Gülsüm xanım, Nadejda Alliluyeva.

Nadejda Alliluyeva. Nəriman Nəcəfoviç, Gülsüm xanım, inanın ki, sizi görməkdən çox məmnun oldum...
İosif Stalin. Nəriman Nəcəfoviç, hesab edirəm ki, innən sonra daha sıx-sıx görüşmək imkanımız olacaq.
Nəriman Nərimanov. Mən də belə düşünürəm...
Gülsüm xanım. Təşəkkür edirik. Biz də çox məmnunuq.
İosif Stalin. Nəriman Nəcəfoviç, mənzil məsələniz nə yerdədir?.. Vladimir İliç sizin kommunal məsələlərinizlə ciddi maraqlanır.
Nəriman Nərimanov. Ailəm hələ Moskvaya tam köçməyib. Necə deyərlər, hələ burada özümə ev-eşik düzəltməmişəm. Gülsüm xanım oğlum Nəcəflə bir neçə günlüyə gəlib Moskvaya.
İosif Stalin. Düzünü deyim ki, elə bizim də mənzil şəraitimiz hələ qaydasında deyil...
Nadejda Alliluyeva. Mən dünən Nəriman Nəcəfoviçi Kremldə ötəri görmüşdüm... Axşam evdə İosif Vissarianoviçə dedim ki, sizin dostunuzla mənim rəfiqəmi sabah qonaq dəvət edək...
İosif Stalin. Nadejda, yenə başladın? Yenə “siz-biz”? Yoldaşlar, mən bu Nadyuşanı heç cür başa sala bilmirəm ki, biz bir-birimiz üçün “siz” deyilik...
Nadejda Alliluyeva. (İosif Vissarianoviçə). Axı indi o söhbətin yeri deyil. Xahiş edirəm, bu müraciət məsələsinin müzakirəsini Siz sonraya saxlayasız. Siz ötən də fə Bakıda olanda da bu “siz-biz” məsələsini çox qabartmışdıınız...
İosif Stalin. Yenə “siz”... (Əsəbihalda gülümsəməyə çalışır). Yaxşı, qalsın sonraya... Hə, söhbət nədən gedirdi? Əlbəttə, mənzildən. Mən ötən ilin yanvarından Poteşsk sarayındakı bir nömrəli mənzilə köçmüşəm. O vaxtacan Nadelda ilə Böyük Kreml sarayının Freylin salonundakı çox kiçik bir mənzildə yaşayırdım. Əlbəttə, bu işdə mənə Vladimir İliç kömək elədi. Hər halda indi vəziyyətimiz ötən ildəkindən bir az yaxşıdır... (Gülür). Ümid edirəm ki, gələn il bundan da yaxşı olacaq.
Nadejda Alliluyeva.Yeri gəlmişkən, mərhum İnessa Armand bizim qonşumuz idi.

Məmmədəli Rəsuloğlu. İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə doğulub, 1920-ci ildə Rusiyada vəfat edib. Rus inqilabi hərəkatının fəallarından olub. İnessa tanınmış fransız opera müğənnisi Teodor Stefanın qızıdır. Onun beş yaşı olanda atası vəfat edib. İnessa 15 yaşında ikən bacısı ilə Rusiyaya, xalasının yanına gəlib. Bundan dörd il sonra İnessa Aleksandr Armand adlı varlı tacirə ərə gedib. Əri ilə birgə yaşadığı 9 ildə dörd övladı olub- 2 qız, 2 oğlan uşağı. 1902-ci ildə İnessa ərindən boşanıb və onun kiçik qardaşı 18 yaşlı Vladimirə ərə gedib. Ondan da bir oğlu olub. İnessa ərinin sayəsində eserlərlə tanış olub. Siyasi hərəkata qoşulub. O, 1904-cü ildə Rusiya sosial- demokrat pariyasına daxil olub. Əri Vladimir 1908-ci ildə vəfat edir. 39yaşlı Leninlə 35 yaşlı Armand 1909-cu ildə tanış olub. Deyilənə görə hər iki inqilabçı bir-birini sevib, yaxın münasibətdə olub. Armand vəbadan Nalçik şəhərində vəfat edib,12 oktyabr 1920-ci ildə Kreml divarları önündə dəfn olunub. Bir çox memuarlarda Leninin öz sevimli dostunun ölümündən çox sarsıldığı göstərilir.

İosif Stalin. Axı bu İnessa Armandın məsələyə nə dəxli var?
Nadejda Alliluyeva. Elə-belə sözdür dedim...
İosif Stalin. Lazım olmayan sözü demək yumşaq desəm, yüngüllük əlamətidir...
Nadejda Alliluyeva. Yaxşı mən olum yüngül... Bağışlayın, Gülsüm xanım... Arada bizim belə söhbətlərimiz də olur.
Gülsüm xanım. Əlbəttə, biz bunları bir zarafat kimi qəbul edirik.
Nəriman Nərimanov. Elədir. Ailə daxilində bu cür zarafatlarsız keçinmək olmur...
İosif Stalin. Mən çox səbrli adamam... (Gülür). Təbii ki, yenə öz xarakterimə uyğun olaraq təmkinlilik nümayış etdirməliyəm.
Gülsüm xanım. Əlbəttə, belə də olmalıdır.
İosif Stalin. Burada qətiyyən sıxılmayın. Bu yeməkxana bizim ixtiyarımızdadır. Amma burada hər kəs özünə xidmət etməlidir. Mən özümə çay süzməyi, hətta, hərdən xörək bişirməyi xoşlayıram...
Nəriman Nərimanov. Pis vərdiş deyil...

Gülüşmə.

Gülsüm xanım. Amma Nəriman Nəcəfoviç həmişə mənim dəmlədiyim çayı tərifləyir.
İosif Stalin. Bu da pis bir şey deyil.
Gülüşmə.
Nadejda Alliluyeva. İosif Vissarianoviç gecələr çox işləyir, gec yatır... Buna görə də özü özünə qayğı göstərməli olur.
Nəriman Nərimanov. Bu, Kobanın öz zövcəsinə nə qədər diqqətli olduğunu göstərmirmi?
Gülsüm xanım. Əlbəttə... Bu bir diqqət əlamətidir.

Stalinlə Nərimanov çaydana yaxınlaşırlar.

Nadejda Alliluyeva. Oğlunuz necədir, Gülsüm xanım? Gərək ki, onun adı Nəcəfdir?
Gülsüm xanım. Sizin güclü yaddaşınız var.. Təşəkkür edirəm... Bəli, uşağın adı Nəcəfdir. Bilirəm, ötən il Sizin də oğlunuz olub... Adını nə qoymusuz?
Nadejda Alliluyeva. Adı Vasilidir... Artıq bir yaşını keçib. Bir səs-küy salır ki, gəl görəsən...
Gülsüm xanım. Allah saxlasın.
Nadejda Alliluyeva. (Astadan). Siz Allaha inanırsız, yoxsa ateistsiz?
Gülsüm xanım. Deməyə tərəddüd edirəm.
Nadejda Alliluyeva. Elə mən də... (Gülümsəyir). Amma bunu İosif Vissarianoviçə deməyə də çəkinirəm.... Hə, mənim Vasyam yaman dəcəl uşaqdır.

Məmmədəli Rəsuloğlu. Vasili Cuqaşvili 24 mart 1921-ci il tarixdə Moskvada Stalinin ailəsində doğulub. Hərbi təyyarəçi olub. 28 yaşında aviasiya general-leytenantı olub. 1932-ci ildə anası Nadejda intihar edəndən sonra Vasilinin tərbiyəsi ilə Stalinin iqtisadi işlər üzrə köməkçisi Karolina Til və Stalinin mühafizə rəisi general Nikolay Vlasik məşğul olub. Vasili hələ uşaqlıqdan içməyə və çəkməyə başlayıb. Müharibədə iştirak edib. Atasının ölümündən sonra Vasiliyə qarşı münasibət dəyişib. İpə-sapa yatmayan gənc general hərbi rütbədən məhrum edilib. Kazana “sürgün” olunub. Bir neçə dəfə həbsxanada cəza çəkib. Həbsxanada Cuqaşvilinin valideyni taninmasın deyə ad-soyadı zorla dəyişdirilib“Vasili Pavloviç Vasilyev” kimi tanınıb. Üç dəfə rəsmən evli olub. Kazanda dəfn olunub.

İosif Stalin. Baxın, mən öz çayımı süzürəm. (Özünə çaydandan çay süzür). Bu gün az qala hamı azadlıq, bərabərlik deyir... Buyurun, bu da sizə azadlıq, müstəqil çay süzmək şansı...

Gülüşmə.

Nadejda Alliluyeva. Çayiçmə mərasimi və azadlıq... Əla səslənir.
Nəriman Nərimanov. Hə, pis səslənmir.
Nadejda Alliluyeva. Elədir, poetik çıxdı bir az.
Gülsüm xanım. Eşitdiyimə görə Stalin yoldaş ədəbiyyatı çox sevir.
İosif Stalin. Mən ədəbiyyatı sevirəm. Amma yoldaş Nəriman Nərimanov professional ədəbiyyatçıdır.
Nadejda Alliluyeva. Bizdə ədəbiyyata yeni bir nəsil gəlir... Çoxu da cəsarətli, istedadlı...
İosif Stalin. Əlbəttə, istedad varsa cəsarət də olacaq...
Nəriman Nərimanov. Mən də imkan daxilində ədəbiyyata yeni gələn gənclərin yaradıcılığını izləyirəm...
Nadejda Alliluyeva. Rus ədəbiyyatı həmişə zəngin olub... Gör nə qədər klassiklər var.
İosif Stalin. Həmin canlı klassiklərdən biri mənimlə qapıbir qonşudur. Demyan Bednı... (Gülür). Bu adam yalnız nikbin şeirlər və təmsillər yazır. Mən arada ona sataşıb deyirəm ki, Bednı, sən doğrudan da bednısan, kasıbsan, ay zalım oğlu, nə qədər nikbin sicilləmələr yazmaq olar? Arada qəmli şeirlər də yaz.... Mən belə deyəndə Demyan həmişə arsız-arsız gülür.
Nadejda Alliluyeva. Lenin yoldaş onun şeirləri barədə bir-iki dəfə xoş söz deyib...
İosif Stalin. Mən gənc qələm sahibləri arasında Mayakovskini daha çox dəyərləndirirəm. O, əsl proletar şairidir.
Nadejda Alliluyeva. İndi Yesenini daha çox oxuyurlar.
İosif Stalin. Yesenini mən də oxuyuram. O, hələ kənddən şəhərə gəlib çıxa bilməyib. Eşitmişəm hər gün içir, dava salır.
Gülsüm xanım. Yəqin dərddən içir. İndi belələri çoxdur.
İosif Stalin. O, nəyin dərdini çəkir ki? Gündə bir xanımın qulluğundadır. Öz arvadını bu yaxınlarda yenə boşadı...
Nadejda Alliluyeva. Zinaidanı deyirsən?
İosif Stalin. Hə, Zinaida Rayxdan ayrıldı. İndi Aysedora Dunkanın hüzurundadır. Eşitmişəm hətta pasportda familiyasını dəyişib “Dunkan -Yesenin” yazdırıb. Axmaq adamdır...
Nadejda Alliluyeva. Zinaida ondan ayrılandan sonra çox ləyaqətli bir adamla ailə qurub.
İosif Stalin. “Ləyaqətli adam” deyəndə sən yəqin Meyerxoldu nəzərdə tutursan, eləmi?..
Nadejda Alliluyeva. Bəli. Mən Vsevolod Emilyeviçi ləyaqətli, istedadlı bir adam kimi tanıyıram.
İosif Stalin. O, dostuna xəyanət edib... Guya Yeseninlə dost idilər. Belə dostluq olar?
Nadejda Alliluyeva. Onlar yenə dost olaraq qalırlar. Yeseninin oğlu Meyerxoldun evində böyüyür.
İosif Stalin. Xeyir ola, bu ipə-sapa yatmayan sənət adamları səni nə çox maraqlandırır belə, Nadyuşa?
Nadejda Alliluyeva. Axı sən özün də sənəti sevirsən...
İosif Stalin. Sevirəm. Amma ta belələrini yox. O Meyerxold familiyalı alçaq bu gün menşevik, satqın Trotskinin əlaltısıdır.
Nadejda Alliluyeva. Onlar ayrı-ayrı adamlardır məncə.
İosif Stalin. Sənə elə gəlir. Meyerxold elə teatrdakı Trotskidir. Trotski də siyasətdəki Meyerxolddur. Bunu bilməyə nə var ki? Rejissor menşevik özünün son tamaşalarından birini siyasətçi menşevikə həsr etmişdi. “Şahə qalxan torpaq” tamaşasını deyirəm. Elə afişada da bu cür yazılmışdı: “Birinci qızıl əsgər Lev Trotskiyə həsr olunur”. Üstəlik də hər ikisi yəhudi... Mən göstərərəm bunlara, kim olub o “birinci”...
Nadejda Alliluyeva. Mənim bildiyimə görə yoldaş Nərimanov teatrı hamıdan yaxşı bilir.
İosif Stalin. Bəs sən bunu haradan bilirsən?
Nadejda Alliluyeva. Vladimir İliç onu təkcə dövlət xadimi kimi deyil, həm də bir yazıçı, dramaturq kimi qiymətləndirir. Hətta, bir neçə dəfə onun yoldaş Nərimanovdan misal gətirdiyini eşitmişəm.
Nəriman Nərimanov. Təşəkkür edirəm... Arada yazıram, bəli...
İosif Stalin. Əlbəttə, yoldaş Nərimanovun yazıçı olduğunu mən də yaxşı bilirəm... Mən bilirəm ki, o, teatrı da sevir. Elə mən özüm də teatrı az sevmirəm.
Nəriman Nərimanov. Doğrudur, bir zamanlar az qala teatr mənim ikinci evim olub...
İosif Stalin. Bax bizdə yeni İnqilabi Teatr yaranmaqdadır. Amma nə olsun ki... Mənə çatan məlumata görə İqor İlinski ilə Meyerxold yola getmir. Deyəsən, teatrı bir neçə yerə parçalamaq istəyirlər.
Məmmədəli Rəsuloğlu. Bu söhbətdə adı çəkilənlərin hamısının sonu faciə ilə başa çatdı. Mayakovski özünü güllələdi, Yesenin özünü asdı, Zinaida Rayx evinin kandarında öldürüldü. Siyasi Büronun şəxsən Stalin tərəfindən imzalanmış 17 yanvar 1940-cı il 11/208 saylı qərarı ilə 346 nəfər adam güllələndi. Onlardan biri də məşhur rus rejissoru Vsevolod Emilyeviç Meyerxold idi.
Nadejda Alliluyeva. İlinski ilə Meyerxold dostur. Onların arasında dava yox, yaradıcılıq yarışı gedir. İndi teatrların çoxu studiyalar kimi fəaliyyət göstərir. Aktyorların vəziyyəti isə ürəkaçan deyil. Maaş almırlar.
İosif Stalin. Qoy onlar yaxşı tamaşalar hazırlasınlar. Yaxşı sənət əsəri yaxşı pul gətirə bilər.
Nadejda Alliluyeva. Əvvəllər teatrlar qastrola gedirdi. İndi az qala bu da mümkün deyil.
İosif Stalin. Elə şey yoxdur. Biz heç kəsi tutub burada saxlamırıq. Qoy kim hara istəyir getsin.
Nadejda Alliluyeva. Vaxtanqov ağır xəstədir, heç kəs ona kömək etmək istəmir.
İosif Stalin. Biz hamıya kömək edə bilmərik ki...

Məmmədəli Rəsuloğlu. Vaxtanqov 31 may 1922-ci il tarixdə Moskvada vəfat etdi, Novodeviçye qəbristanlığında dəfn edildi.

Gülsüm xanım. Biz bu günlərdə “Müfəttiş”ə baxdıq.
Nəriman Nərimanov. Doğrusu, Stanislavskinin tamaşasını mən bəyəndim. Mixail Çexovun Xlestakovu da xoşuma gəldi.
Konstantin Sergeyeviç fantaziyası, istedadı olan rejissordur.

Məmmədəli Rəsuloğlu.Mixail Aleksandroviç Çexov məşhur rus yazıçısı Anton Çexovun qardaşı oğlu, məşhur rus aktyorudur. Sovet hakimiyyətinin ilk illərində teatrın inkişafı üçün əlindən gələni əsirgəmədi. Amma bolşevik üsul-idarəsi onu qane etmədiyi üçün 1928-ci ildə xaricə çıxıb getdi.Əvvəlcə Almaniyada, sonrakı dövrdə Çexoslavakiyada və Fransada yaşadı. Filmlərə çəkildi, teatrlarda çalışdı.1939-cu ildən etibarən Amerikada yaşadı.Böyük populyarlıq qazandı.1955-ci ildə Kaliforniyada vəfat etdi, Forest-lon Memorial” məzarlığında dəfn edildi.

İosif Stalin. Sizinlə razıyam... Stanislavski Meyerxoldun tayı deyil ki... Ötən həftə mən də “Müfəttiş”ə baxdım... Mariya İliçna da tamaşada idi... Onu lojadan görürdüm.

Nadejda Alliluyeva. Stalin yoldaş lojada, mənsə zalda idim... Bəli, mən də həmin tamaşada Mariya İliçnanı gördüm... Bilmirəm Manyaşa nə əcəb Kolyasız gəlib tamaşaya.
İosif Stalin. Nadya, sən yenə ağlına gələni danışırsan...

Məmmədəli Rəsuloğlu. Mariya İliniçna Leninin kiçik bacısı idi, Kremlin yaxınlığında – Manej küçəsində yaşayırdı. O, Nikolay Buxarinə vurulmuşdu və bunu gizlətmirdi də. Bunu Kremldə çoxları, o cümlədən Lenin də bilirdi.

Nadejda Alliluyeva. (Stalinə). Burada hirslənməli və gizlətməli nə var ki? Buxarinlə Mariya arasında platonik bir eşq var. Kolya rəğbət bəslədiyi qadına öz əsərlərini verməkdən zövq alır.
İosif Stalin. Bu lazımsız dedi-qoduların müəllifi yəqin ki, Buxarinin özüdür...
Nəriman Nərimanov. Mən Buxarini maraqlı bir insan və orijinal nəzəriyyəçi kimi tanıyıram...
İosif Stalin. Hmmm.. Olsun. Hə, “Müfəttiş” bu günlə səsləşən əsərdir. Bizim aramızda da Xlestakov kimi dələ-duzlar az deyil... Qoqol yaxşı yazıçıdır. Mən xüsusilə onun “Ölü canlar”ını bir neçə dəfə həvəslə oxumuşam.
Nəriman Nərimanov. O, ömrünün son illərini Moskvada keçirib-Nikitsk bulvarındakı kiçik bir evdə. Mən vaxtilə o evdə olmuşam.
İosif Stalin. Bildiyiniz kimi, Vladimir İliç də Qoqolu çox sevir.
Nəriman Nərimanov. Bəli, mən də bir neçə dəfə müşahidə etmişəm ki, Lenin yoldaş daha çox iki satirikdən- ya Saltıkov-Şedrindən, ya da ki, Qoqoldan misal gətirir.
İosif Stalin. Bunu da bilirəm ki, bəzi “dostlarım” mənim nitqimdə Qoqolla Hegel sözlərinin eyni bir assosiasiya yaratdğını iddia edirlər. (Gülür). Bu, qətiyyən belə deyil. Qoqol ayrı, Hegel, yəni Gegel ayrı...
Nadejda Alliluyeva. İosif Vissatianoviç, bəlkə də indi deyəcəyim bir faktı Siz bilmirsiz..
İosif Stalin. O, nə faktdır elə?
Nadejda Alliluyeva. Nərimanov yoldaş vaxtilə Qoqolun “Müfəttiş”ini öz dillərinə tərcümə edib.
İosif Stalin. Çox maraqlıdır. Nə vaxt?
Nəriman Nərimanov. Min səkkiz yüz doxsan yeddinci ildə.
İosif Stalin. Oooo.... Mən o vaxtlar hələ bığ yeri təzəcə tərləyən, onyeddi-onsəkkiz yaşlı bir gənc olmuşam. Yaxşı, Nadya, sən bu faktı haradan eşitmisən?
Nadejda Alliluyeva. Gülsüm xanımdan... Üstəlik, dokror orada əsas rollardan birini oynayıb. O, hansı roldur, Gülsüm xanım?
Gülsüm xanım. Bələdiyyə rəisi roludur məncə...
Nəriman Nərimanov. Elədir... Xanımlar bizim sirlərimizi faş edir...

Gülüşürlər.

İosif Stalin. Aha, deməli, doktor Nərimanov həm də aktyor imiş... Bax bu, mənimçün əsl yenilik oldu. Doğrusu, Sizin səhnə fəaliyyətinizdən indiyəcən bixəbər olmuşam. Bu, siyasət adamı üçün xüsusilə vacibdir.
Nəriman Nərimanov. Nə vacibdir, İosif Vissarianoviç?
İosif Stalin. Aktyorluq... Əlbəttə, aktyorluq... Axı biz siyasətçilər daim kütlə qarşısında oluruq. Tribuna da bir səhnədir. Gərək öz rolunu elə oynayasan ki, qarşındakılar sənə inana. Zənnimcə, Siz də mən deyənlə razılaşarsız....
Nəriman Nərimanov. Başqasının rolunu oynamaq çox çətindir. Düşünürəm ki, həyatda hər bir kəs öz üzərinə düşən vəzifənin öhdəsindən gəlsə, yəni hərə öz rolunu oynasa, bu, daha yaxşı olar...
İosif Stalin. Bu da doğru fikirdir... Çaylarınızı təzələyin. Təklif edirəm ki, gələn həftə teatra birlikdə gedək. Biletləri mən özüm öz pulumla alacağam... Özü də yeni vəzifənin ilk maaşı ilə.

Gülüşmə.

Nəriman Nərimanov. Bildirim ki, mən gələn həftə Bakıya yola düşəcəyəm...
İosif Stalin. Bakıya? Xeyir ola?
Nəriman Nərimanov. Şəxsi işlərim var.
İosif Stalin. Bolşevikin nə şəxsi işi?
Nadejda Alliluyeva. Qəribə sözlər deyirsiz, İosif Vissarianoviç...
Gülsüm xanım. Yəqin ki, yoldaş Stalin zarafat edir...

İosif Stalin. Əlbəttə, zarafat edirəm. Sizə yaxşı yol. Görüşənəcən...
Nəriman Nərimanov. Hələlik.
Nadejda Alliluyeva. Gülsüm xanım, sizi görməkdən çox şad oldum...
Gülsüm xanım. Qarşılıqlıdır... Hələlik.

Kişilər əl verir, qadınlar öpüşür.
Görüşüb ayrılırlar.





















4-cü hissə.
MOSKVA.
1922-ci il.

Moskva. Məmməd Əmin Rəsulzadənin yaşadığı mənzil. Əmin bəy Bakıdan gəlmiş dostları- Rəhim bəy və Dadaş bəylə.

Məmməd Əmin. Aydındır, hər şey aydındır... Rəhim bəy, Dadaş bəy, deyin görüm, yol sizi çox yormadı ki? Bəlkə bir az dincələsiz?
Rəhim bəy. Yox, Əmin bəy, yolu çox rahat gəldik.
Dadaş bəy. Sizi burada tapmaq bir az çətin oldu. Bilirsiz niyə? Az qala bütün küçələrin adını dəyişiblər.
Məmməd Əmin. Hə, bolşeviklər “addəyişmə”, “adqoyma” işlərində çox fəaldır.
Dadaş bəy. Əvvəllər burada Balvanovka küçəsi vardı. Sən demə, küçənin adını dəyişiblərmiş...
Məmməd Əmin. Hə, indi o küçə Radişşevin adını daşıyır.
Rəhim bəy. Radişşev böyük yazıçı olub, sözüm yox, amma olmazmı ki, onun adına yeni salınan küçələrdən biri verilsin.
Dadaş bəy. Mən Moskvada əvvəllər də olmuşam. Rəhim bəylə qatardan düşüb Böyük və Kiçik Alekseyevski küçəsini soruşduq. Heç kəs tanımadı.
Məmməd Əmin. (Gülür). O küçənin də adı dəyişib. İndi Böyük və Kiçik Kommunistiçeski adlanır...
Rəhim bəy. Balam, kommunistin də böyüyü-kiçiyi olur?
Dadaş bəy. Yəqin ki, olur. Amma bilmirəm bu “böyük-kiçik” məsələsində yaş nəzərdə tutulur, yoxsa ki, baş?

Gülüşürlər.

Məmməd Əmin. İşləriniz necədir, bəylər?
Rəhim bəy. Biz yaxşıyıq, Əmin bəy, bəs siz necəsiz?
Məmməd Əmin. Hələlik yaxşılıqdır... Əgər belə demək mümkünsə...
Dadaş bəy. Gör bir nə vaxtdır görüşmürük.
Rəhim bəy. Əmin bəy, bizi çoxdan bir sual narahat edir.
Məmməd Əmin. O, nə sualdır elə?
Rəhim bəy. İndi Sizin Bayıl məhbəsinizdən azad olunmağınızdan il yarım vaxt keçir. Bu ötən vaxtda oradan sağ-salamat çıxmağınızın səbəbini və ya səbəbkarın kimliyini burada öyrənə bildinizmi?
Məmməd Əmin. Buraya, Moskvaya gələndən sonra bəzi şeyləri qismən də olsa öyrənə bildim. Mən Bakıda həbsdə olarkən hər gün öz edamımı gözləyirdim. Amma hiss edirdim ki, o cəllad Pankratov kimdənsə və ya haradannsa lazımi göstəriş, əmr gözləyir. Nəhayət, noyabrın onyeddisində həbsdən çıxdım. Beləliklə, Pankratovun arzusu gözündə qaldı. İyirminci ilin noyabrında, ayın on yeddisində, soyuq, küləkli bir gündə həbsxananada mən “yatan” kameranın qapısı açıldı. Məni çağırdılar. Ürəyimdə dedim ki, “hə, bu da son”. Sən demə, Stalin məni Pankratovun kabinetində gözləyirmiş. Mən Stalinin təhriki ilə azad olundum... Amma...
Rəhim bəy. Hə, bax bu “əmma” nədən ibarətdir?
Məmməd Əmin. Amma sən demə, Moskvanın və Stalinin özünü də təhrik edənlər varmış....
Dadaş bəy. Gör ha... Biz bunu bilməmişik.
Məmməd Əmin. Heydər xan Əmioğlu mənim həbs olunmağımı eıidəndə Nərimanova ultimatum vermişdi. Siz bunu bilirsiz.
Rəhim bəy. Bəli, bilirik... Nərimanova demişdi ki, əgər Məmməd Əmin bəyin başından bir tük əskik ilsa, özünüzdən küsün.
Məmməd Əmin. Hə, bundan sonra dostumuz, İran kommunistlərinin başçısı Heydər Əmoğlu elə Bakıdan Stalinə teleqram vurub, mənim vəziyyətimi, məni gözləyən təhlükəni yazıb. Stalin onda Vladiqafqazda idi. Elə oradan da Nərimanova Nərimanova teleqram vurub.

Məmmədəli Rəsuloğlu. Stalinin Nərimanova göndərdiyi məxfi teleqramda belə yazılmışdı: : “До моего приезда не трожьте М.Расулзаде. Наркомнац, член Реввоенсовa И. Сталин. Владикавказ. 01.09.1920 (Mən gələnə kimi M.Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ. Stalin. Vladiqafqaz. 01.09.1920)”.

Məmməd Əmin. Ta qalan işləri özünüz bilirsiz.
Rəhim bəy. Əmin bəy, şükrlər olsun bu günə... Qürbətdə olsanız da, sağ-salamatsız. İnşallah, vaxt gələr, yenə dönərsiz Vətənə...
Məmməd Əmin. Hə, o ki qaldı məni məhbəsdən xilas edənin kimliyinə... Bilmirəm, Peterburjets adlı bir adamla tanışlığınız olubmu? Məmmədəli onu yaxşı tanıyır.

Məmmədəli Rəsuloğlu. Mən Peterburjets soyadlı adamı Bakıdan tanıyırdım. O, Məmməd Əminlə xoş ünsiyyəti olan ziyalı bir fəhlə idi. Bakıda bolşevik fraksiyasına mənsub bir sosial-demokrat idi. Bakı fəhlələri arasında nüfuzu vardı. Peterburjets elə Stalini həmin vaxtlardan tanıyırdı. Xeyirxah və fədakarlığı ilə tanınmış bir adamdı. Biz sonralar onunla Moskvada rastlaşdıq. Köhnə dostlar kimi görüşdük. Peterburjets görüşdüyümüzə çox məmnun oldu.

Məmməd Əmin. Peterburjets Bizi dərhal evinə dəvət etdi. Evli imiş. Bakısayağı çay süfrəsi açıb, bizi qonaq etdi. O, Leninin “gözlərindən” biri imiş. Yəni cəmiyyətdə baş verənlər haqda Leninə qərəzsiz məlumat verənlərdən biri. Bunu söhbət əsnasında özü etiraf etdi. O, Kremlə yaxın olduğu üçün Azərbaycanda baş verən hadisələri də yaxşı bilirdi.
Rəhim bəy. (Gülür). Demək Leninin əlavə “gözü” də varmış...
Dadaş bəy. Nəinki “gözü”, yəqin ki, əlavə “qulağı” da var.

Gülüşürlər.

Məmməd Əmin. Əslində səhv etmirsiz. Həqiqətən, indi bu “qulaq” Stalindir. Peterburjets Mənim Bakıda tutulmağım və Pankratovun sədrliyi ilə bir komissiya tərəfindən istintaq edilməyimin təfsilatını bilirdi. Bunu elə həmin komissiya üzvlərindən Moskvaya gəlmiş olan birisindən öyrənmişdi. Həmin adamın anlatdığına görə mənim edamıma sayılı günlər qalıbmış.
Rəhim bəy. Allah iraq eləsin, Əmin bəy.
Dadaş bəy. Allah adamını Allah özü hifz edir, qoruyur.
Məmməd Əmin. Görünür, Allah bu dəfə mənim xilasımı öz keçmiş dostumun və indiki düşmənimin simasında tapşırıbmış. (Gülür). Haqqımda Moskvaya verilən raportda edamım tələb olunurmuş. Qalaq-qalaq teleqramlar vurulurmuş. Guya xalq tələb edirmiş ki, Rəsulzadə məhv edilməlidir.
Rəhim bəy. Bunu tələb edənlər bizim öz alçaqlarımız olub.
Dadaş bəy. Bu, bolşeviklərin bir iyrənc metodudur. Onların çoxu avantüristdir; hər nə edirlərsə, haray-həşir qoparıb deyirlər ki, bunu xalq tələb edir.
Rəhim bəy. Yazıq xalq. Bədbəxt millət...
Dadaş bəy. Əmin bəy, bəs nə əcəb “xalqın tələbi” icra olunmayıb?
Məmməd Əmin. Çünki hər dəfə Kremldən Bakıya bu məzmunda teleqram vurulurmuş: “Stalin yoldaş gəlincəyə qədər edamı saxlayın”.
Dadaş bəy. Görünür, Koba Əmin bəyin etdiyi yaxşılıqları unutmayıbmış.
Rəhim bəy. Axı Siz də vaxtilə Kobanı bir neçə dəfə ölümdən xilas etmisiz, Əmin bəy. Görünür, bu dünyada yaxşılıq itmir.
Dadaş bəy. Olsun ki, Stalin bu məsələ ilə bağlı Leninə də müraciət edib.
Rəhim bəy. Hər halda, o, öz borcunu geri qaytarıb.
Məmməd Əmin. Köhnə tanışımın söhbətini dinləyərkən mən Stalinlə Bayıldakı son söhbəti təzədən xatırladım. O zaman Stalin mənə dedi ki, guya mənim dosyem onun əlinə təsadüfən keçib.
Dadaş bəy. Görəsən, o, niyə belə deyirmiş?
Rəhim bəy. Koba belə deməklə, yəqin ki, biclik işlədib.
Dadaş bəy. Nə mənada?
Rəhim bəy. O mənda ki, guya Əmin bəyin personası Moskva üçün elə də önəmli deyilmiş. Hiyləgər Koba, guya tutulanların siyahısında Rəsulzadənin adını təsadüfən görüb.
Dadaş bəy. Doğru mülahizə yürüdürsüz, Rəhim bəy.
Məmməd Əmin. Düzünü deyim ki, mən o vaxt elə həmin Peterburjetslə söhbət zamanı Stalinin hər halda başqaları kimi çox da şöhrətsevən bir adam olmadığını dedim. Hər halda o, sadə, təvazökar adam təsiri bağışlayır- dedim. Onu da qeyd etdim ki, Stalinin fotoqrafiyaları digər komissarlar kimi heç bir yerdə görünməyir.

Məmmədəli Rəsuloğlu. Bəli, biz Moskvaya təzə gələndə şəhərin hər tərəfində ilk gözə çarpan şey Leninlə Trotskinin şəkli idi. Qəzetdəki məqalələr, xalqa xitab edən nitqlər, müxtəlif nəşriyyatlarda çap olunan klişelər də ilk sırada bu iki liderə aiddir. Bunlardan sonra Zinovyev, Kamenev, Çiçerin, Radek, Tomski, Lunaçarski, İoffe, Frunze və sairə kimi şəxsiyyətlərin isim və fotoqrafiyalarına rast gəlmək olurdu. Adı az çəkilən, hələ fotoşəklinə, adətən, heç yerdə təsadüf olunmayan birisi varsa, o da Stalin idi.

Rəhim bəy. Şox maraqlıdır...
Məmməd Əmin. Cavabında yəhudi tanışım nə desə yaxşıdır?
Rəhim bəy. Nə dedi?
Məmməd Əmin. Peterburjetslə əlilə başı üzərindən bir jest edərək dedi ki, onun şəkillərinin digər komissarlarla birgə olmasının səbəbi sadədir. Çünki o, hədsiz dərəçədə eybəcərdir, kifirdir və bunu o özü də yaxşı bilir. Əslində deyilənlər doğrudur. Stalinin boy-buxunu diqqəti o qədər çəkmir. Sir-sifətini də ki, hamınız görmüsüz: çiçək xəstəliyindən yadigar qalmış çopurlar onun övqatını lap möhkəm pozur.

Məmmədəli Rəsuloğlu. Gəncliyində tanışlarının bəziləri Stalini “Çopur” adlandırırdılar. Bunu gələcək Baş katib özü də bilir və hətta, hakimiyyətə gələnə qədər onun qəzetlərdə gedən məqalələrinin bəziləri “Çopur” imzası ilə çap olunurdu.

Dadaş bəy. Eşitdiyimə görə Kobanın qolunun biri quruyub, yaxşı işləmir.
Məmməd Əmin. Amma bütün bunlara baxmayaraq, burada hamı bilir ki, Stalin Leninə daha yaxındır.
Dadaş bəy. Əmin bəy, ehtiyatlı olun, birdən o tanışınız Peterburjetsin özü Stalinin “gözü” və ya “qulağı” olar.
Məmməd Əmin. Əvvəlcə mən də belə düşündüm. Amma sonra bu qənaətə gəldim ki, bu köhnə tanışımın mənimlə bir ixtilafı-filanı yoxdur. O ki qaldı Stalinə... Onsuz da Kobanın kifayət qədər xəbərdaşıyanı, “gözü”, “qulağı” və “dili” var...

Məmmədəli Rəsuloğlu. Bizimlə söhbət əsnasında Peterburjets bizə belə dedi: “Stalin qətiyyən xoşniyyətli bir inqilabçı deyildir. Onun üçün başlıcası ideya deyil, sadəcə, hakimiyyətdir. O, idealist sosialistlərdən çox, dəliqanlı terroristlərə istinad etmək istər. Bolşevik inqilabını cığırından çıxaran bu kimi demaqoqlardır. Görəcəksiniz, o, fəhlə sinfinin başına bəla olacaqdır. Onun necə intriqan, necə qorxunc adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı olmayan birisi həqiqi revolyusioner ola bilməzmiş, heç təsadüfi deyil ki, öz ətrafını bu cür qafqazlılarla doldurmuşdur”.

Məmməd Əmin. Amma indi gördüyünüz kimi, vəziyyət dəyişib. Hər yerdə Leninlə yanaşı Stalinin şəkilləri gözə girir.
Dadaş bəy. Elə o şəkillərin sıralanma qaydasından görünür ki, Stalin Trotskini üstələməkdədir.
Məmməd Əmin. Mən Stalinin siyasi mövqeyini qəbul etmirəm. Elə burada da çalışıram ki, onunla ünsiyyətim olmasın və ya az olsun. Amma hiss edirəm ki, onun ürəyində başqa plan da var. Gec-tez bu “plan” reallaşa bilər.
Rəhim bəy. Görəsən, o nə plandır elə?
Məmməd Əmin. Bir müddət keçmiş “dostlarından” öz çirkin məqsədləri üçün istifadə edib, sonra onları məhv etmək planı... Artıq bir neçə dəfə belə hadisənin şahidi olmuşam...
Dadaş bəy. Deyilənə görə, Kremldə iki qansız, qəddar adam varsa, onun biri və ya birincisi Stalindir.
Məmməd Əmin. Hərdən mənim yolum Kremlə düşür. Orada bolşeviklər arasında da tanışlarım da az deyil. Onlardan bir çoxu özlərinin qurduğu bu hökumətdən ehtiyat edir, hətta, ondan çəkinir, qorxurlar.
Dadaş bəy. Əmin bəy, bolşeviklər nəyə görə qorxurlar?
Məmməd Əmin. Repressiyalara görə. İndi təkcə əhalinin bolşevizm əleyhinə olan kəsimi deyil, elə sədaqətli bolşeviklərin də çoxu təqib və həbs olunur. Hətta, onların sırasında öldürülənlər, sürgünə göndərilənlər də az deyil.
Rəhim bəy. Vallah, bu hökumət deyil, bir vəbadır düşüb xalqın canına.
Dadaş bəy. Bəs bu işlərə onların dahi rəhbəri necə baxır?
Rəhim bəy. Eşitdiyimizə görə, rəhbər ağır xəstədir.
Məmməd Əmin. Bəli, Lenin xəstədir. Amma onun ətrafındakılar bir-biri ilə qəribə bir yarışa giriblər. Sanki hamı Lenindən sonra birinci olmaq fikrindədir.
Rəhim bəy. Lap bizdəki kimi... Nərimanovun ətrafındakıların az qala hamısı onun stoluna göz dikib.
Məmməd Əmin. Elədir. İndi Lenin siyasi rəhbərdən daha çox, dini rəhbərə oxşayır. O, sanki Kremldə Baş nazir yox, Vatikanda Roma papasıdır. Səcdə edənləri də kifayət qədərdir. (Gülür). Hərə özünə isti bir bucaq qazanmaq istəyir bu “Vatikanda”.
Dadaş bəy. Yəqin ki, Lenin artıq özünə varis də hazırlayıb.
Məmməd Əmin. İnanmıram ki, hələ belə bir varis olsun. Amma görünən odur ki, hakimiyyət uğrunda iki nəfərin iddiası, iştahası daha böyükdür. Bunlar Stalin və Trotskidir....
Rəhim bəy. Məncə, indi Stalin və onun dəstəsi tərəfindən nə qədər küncə sıxışdırılsa belə, Trotski daha güclüdür. O, alovlu natiqdir. Üstəlik də əlində ordu, silah-sursat var...
Məmməd Əmin. Yox, məncə seçim saatı yaxınlaşanda orduya ehtiyac qalmayacaq. Bolşeviklər məsələni öz aralarında həll edəcəklər. Hesab edirəm ki, hazırda Stalinin mövqeyi daha möhkəmdir.
Rəhim bəy. Görünür, Lenin də ona çox etibar edir.
Məmməd Əmin. Stalinin ağlı var, amma ürəyi yoxdur.
Dadaş bəy. Mən də həmişə düşünürəm ki, Stalində qorxu hissi var, vicdan hissi yoxdur.
Rəhim bəy.. Eşitdiyimə görə, üstəlik, Stalinin arvadı Leninin katibəsidir.
Məmməd Əmin. Bəli, Nadejda Alliluyeva Leninin dəftərxanasında işləyir. Amma bunsuz belə, Lenin Stalinə daha çox inanır. Həftə səkkiz mən doqquz Koba xəstə Leninin yanında olur. Hiss olunur ki, rəhbərin Trotskidən çox da xoşu gəlmir. Bir məsələ də var ki, Trotski emosional, Stalin isə soyuqqanlı adamdır. Trotski siyasi mövqeyini dəfələrlə dəyişib. Stalin Trotski haqqında danışanda onu həmişə “keçmiş menşevik” adlandırır.

Məmmədəli Rəsuloğlu. Lev Davidoviç Trotskinin əsl adı Leyb, əsl soyadı Bronşteyndir. 7 noyabr 1879-cu ildə Ukraynada doğulub. Milliyyətcə yəhudidir. Stalinlə həmyaşıddır. O, “İskra” qəzetində çalışmış, burada Plexanov, Akselrod, Zasuliç, Lenin, Martov və digər inqilabçılarla tanış olmuşdu.
Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. Sonra bu ideyadan əl çəkib, “permanent inqilabının” nəzəriyyəçisi Aleksandr Lvoviç Parvusun (o da yəhudi idi-əsl ad-soyadı İzrail Lazareviç Gelfand idi) platformasına yaxınlaşmışdı. Bu nəzəriyyəyə görə, inqilab geridə qalmış ölkələrdə və ucqarlarda hazırlanıb yetişməlidir. Sonrakı mərhələdə o, özünü “qeyri-fraksiyalı” sosial-demorat kimi təqdim edirdi.
O, “Pravda” qəzetinin bolşeviklərin əlinə keçməsi ilə razılaşa bilmirdi, buna görə qəzəblənmiş, hətta, Lenini “parazit” adlandırmışdı.
Oktyabr çevrilişi ərəfəsində Trotski Leninə və bolşeviklərə yaxınlaşdı. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, 1927-ci ildə Trotski hakimiyyətdən kənarlaşdırılmış, Kommunist Partiyasından xaric edilmiş və 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Trotski, SSRİ-dən kənarda olsa belə Stalinə, qarşı fəaliyyətini davam etdirirdi və Stalinin əmrilə baş tutmuş əvvəlki bir neçə uğursuz cəhddən sonra 20 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada, yaşadığı mənzildə buz baltası ilə ağır yaralandı və növbəti gün vəfat etdi.
Ramon Merkader İspan kommunisti və NKVD agenti olub. 1940-cı ildə Marksist inqilabçı və nəzəriyyəçi Lev Trotskini öldürməklə məşhurlaşmışdır. Törətdiyi ağır cinayətə görə o, iyirmi il məhkumluq həyatı yaşayıb. Həbsdə olarkən Stalin tərəfindən qiyabi olaraq Lenin ordeni ilə mükafatlandırımışdı. 1961-ci ildə həbsdən azad olunduqdan sonra Sovet İttifaqı Qəhrəmanı adına layıq görüldü.

Dadaş bəy. Bakıda da Moskvada olduğu kimi hər yerdə Leninlə Stalinin şəkli nəzərə çarpır.
Rəhim bəy. Əmin bəy, yəqin ki, siz Leninin ətrafına bələdsiz.
Məmməd Əmin. Əlbəttə, mən bir siyasət adamı kimi burada baş verənlərlə maraqlanıram. Qəzet və jurnalları oxuyuram. Amma bu baş verən proseslərin gələcəkdə müsbət nəticə verəcəyinə inanmıram. “Leninin ətrafı” barədə soruşursuz. Məsələn, elə bayaq adını çəkdiyim Lunaçarskini götürək. Salam-kalamım var onlarla. Ziyalı adamdır.

Məmmədəli Rəsuloğlu. Anatoli Lunaçarski rus yazıçısı, publisisti, inqilabçısı və maarifçisi idi. RSFSR-in ilk təhsil naziri olub. Arvadı məşhur aktrisa Natalya Sats (Roznel) olub. Stalin Nuçarskini o qədər də xoşlamırdı. Hətta bir dəfə Baş katib təhsil nazirinə irad tutub bildirmişdi ki, arvadının nazı ilə az oyna. Lunaçarski əsəbiləşib Stalinə demişdi: “Mən bu qadını çox sevirəm”. Stalin Lunaçarskiyə belə cavab vermişdi: “Arvadınızı evdə sevin, maqazinləri və dərzi atelyelərini gəzdiyiniz dövlət maşınında yox”.

Məmməd Əmin. Yaxud Mixail Tomskini götürək. Həmkarlar təşkilatının yaradıcılarından biridir. Sözün düzünü deyən adamdır. Amma bu dövlətə, daha doğrusu bu dövləti quranlara düz söz lazımdırmı?
Məmmədəli Rəsuloğlu. Mixail Pavloviç Tomski 1936-cı ildə trotskiçi kimi güllələndi.
Məmməd Əmin. Lev Kamenev bu gün Stalinlə bir cəbhədə birləşib.
Rəhim bəy. Onlar kimə qarşı birləşiblər?
Məmməd Əmin. Trotskiyə qarşı... İndi bunlara “üçlük” deyirlər. Kamenev, Zinovyev və Stalin. Sabah vəziyyət necə olacaq? Bax bunu indidən söyləmək çətindir.

Məmmədəli Rəsuloğlu. Lev Borisoviç Kamenevin əsl soyadı Rozenfeld idi. O, Əmək-müdafiə sovetinin sədrinin, yəni Leninin müvini, Lenin öləndən sonra isə Xalq Komissatları sovetinin sədri olmuşdu. Kamenev Leninin ən yaxın silahdaşlarından biri idi.
O, 1922-ci ildə Zinovyev və Stalinlə birgə Trotskiyə qarşı “Triumvirat” yaratmışdı. Kamenev 1925-ci ildə Zinovyev və Leninin arvadı Krupskaya ilə birləşərək Stalinə qarşı müxalifətə keçmişdi.
Kamenev 1936-cı ildə “Trotskiçi-Zinovyev mərkəzi” işinə görə güllələndi. Hökmü icra edənin yazdığına görə, Kamenev ölüm ayağında özünü çox təmkinli aparmışdı. O, yerə yıxılıb cəlladın çəkməsini öpən dostu Qriqori Zinovyevə deyib ki, özünü ləyaqətli apar, Qriqori.
Kamenevin birinci arvadı Olqa Davidovna Bronşteyn , Trotskinin bacısı idi. Sonralar Olqa və onun iki oğlu Aleksandr və Yuri güllələndi.
Kamenevin ikinci arvadı Tatyana, habelə qardaşı Nikolay və onun uşaqları da edam olundu.

Məmməd Əmin. Mən burada, dərs dediyim Şərqşünaslıq İnstitunda çox vətənpərvər gəncliklə tanış olmuşam. Onların içində hər millətin nümayəndəsi var. Məsələn, Törökul Aytmatov adlı gənc var. Hələ iyirmi yaşı yoxdur. Amma çox istedadlı, vətənsevər bir gəncdir. Hərdən yanıma gəlir. Bu zəmanəni ki, belə görürəm, bu cür istedadlı gənclərin gələcəyindən nigaran oluram.

Məmmədəli Rəsuloğlu. Törökul Aytmatov 1903-cü ildə anadan olub. Şərq Xalqları Universitetini bitirmişdi. Məmməd Əmin ona dərs demişdir. Aytmatov sonralar Qırğızıstanın xalq ticarəti komissarı, Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuşdu. 1938-ci ildə “xalq düşməni” kimi güllələndi.
Törökulu mən də tanıyırdım. İndi onun oğlu Çingiz Aytmatov çox görkəmli bir yazıçıdır. Əsərləri burada-Türkiyədə də məşhurdur.

Məmməd Əmin. Yaxud bir gürcü balası var. Bir qafqazlı kimi mənə dərin ehtiram göstərir. O da bizdə təhsil alır. Qəribə soyadı var: Okucava... Çox istedadlı bir gəncdir.

Məmmədəli Rəsuloğlu. Okucava vaxtilə Gürcüstanın hökumət rəhbəri olmuşdu. 1941-ci ildə “xalq düşməni” kimi güllələndi. Eşitdiyimə görə, onun oğlu Bulat Okucava bu gün Rusiyanın məşhur ədibidir.

Məmməd Əmin. Hə, bu günlərdə bir osmanlı türkü ilə də qarşılaşdım. Cavan, sarışın, ucaboy, mavi gözlü bir gəncdir. Əvvəlcə elə bildim ki, rusdur. Sonra öyrəndim ki, Moskvaya Tütkiyədən gəlib, şairdir.
Rəhim bəy. Şair? Türkiyəli şairin Moskvada nə işi?
Məmməd Əmin. Bir xeyli söhbət etdik. Özünün deməyinə görə, Batumdan keçərək Rusiyaya gəlib. Kommunist partiyasına cani-dildən inanır. Burada, Moskvada təhsilini davam etdirmək istəyir.
Dadaş bəy. Gör bir haraya gəlib oxumaq üçün...
Rəhim bəy. Hər oxuyandan Molla Pənah olarmı?

Gülüşürlər...

Məmməd Əmin. Əlbəttə, böyük şair olmaq asan məsələ deyil.
Dadaş bəy. Amma bizdə son vaxtlar şeir yazanların sayı yaman artıb... Əksəriyyəti də Leninə, Oktyabra, Trotskiyə, oraq-çəkicə, qırmızı orduya, Smolnıya şeir ithaf edir...
Məmməd Əmin. Vaxt gələcək, bu dalğa da ötüb gedəcək... Həmin şairlərdən bir çoxu kommunizmə sidqi-ürəklə inanır. Bir qismi isə bu qanlı-qorxulu cəmiyyətdən çəkinir...
Rəhim bəy. Hər halda bu gün bizim Əhməd Cavad, Sanılı, Cavid kimi şairlərimiz var. Buna da şükür...
Məmməd Əmin. Əlbəttə, buna da şükür... Hə, mən haqqında söhbət açdığım gəncə üstüörtülü dedim ki, bala, bolşevik əqidəsi ilə çox da uzağa getmək mümkün deyil. O da cavabında dedi ki, mən bu ideya ilə kommunizmə getmək istəyirəm. Hər halda, verdiyi cavabdan asılı olmayaraq, mənə xoş təsir bağışladı o gənc...
Dadaş bəy. Deməli, kommunizm kabusuna inanan birisidir.
Rəhim bəy. Adı nədir o igidin?
Məmməd Əmin. Nazim Hikmət Ran. Bir neçə şeir oxudu. Çox bəyəndim. Özü də döyüşkən, mübariz insan təsiri bağışladı. Amma, doğrusu, mən o gəncin gələcəyinə təəssüf edirəm... Və ona da ümid edirəm ki, o gələcəyin böyük şairi ola bilər. Digər tərəfdən təxmin edirəm ki, vaxt gələcək ki, həmin istedadlı gənc kommunizm ideyasının necə iflasa uğradığını öz gözləriylə görüb mütəəssir olacaq.

Rəhim bəy. Allah onun köməyi olsun.
Dadaş bəy. Yəqin ki, o Allaha da inanmır. Bolşevik yalanlarına uymuş ateistdir.
Məmməd Əmin. Fəqət bu dünyanın bir həqiqət anı da olur... Həmin an yetişəndə hər kəz özünün və ətrafdakıların kim olduğunu dərk edir...
Dadaş bəy. Kaş elə bir an, elə bir gün tez yetişəydi...
Məmməd Əmin. Yetişər, yetişər inşallah... Bəylər, bəlkə Moskvada gəzişək. Necə fikirdir?
Rəhim bəy. Yaxşı fikirdir. Zənnimcə bu fikirə Dadaş bəy də etiraz etməz.
Məmməd Əmin. Mən ikiəlli razı.

Gülüşürlər.
Az sonra hamısı otağı tərk edir.

Məmmədəli Rəsuloğlu. Rəhim bəylə Dadaş bəy Moskvada bir müddət bizimlə birlikdə qaldılar. Artıq onların gəlişinin məqsədi məlum idi.
... Bir dəfə Məmməd Əmin işdən evə dönərkən əlindəki qəzet dəstini stolun üstünə atıb bir xeyli fikrə getdi. Biz onun ovqatını müəyyənləşdirə bilmirdik. Hiss edirdik ki, qəzetlərdə nəsə maraqlı bir şey oxuyub. Amma oxuduğunun təsirinin mənfi və ya müsbət olduğunu bilmək çətin idi.

Rəhim bəy. Əmin bəy, o qəzetlər nəsə yeni bir şey yazırmı?
Məmməd Əmin. Bəli. Çox maraqlı şeylər yazırlar. Əvvəla, onu yazırlar ki, Ənvər Paşa bolşeviklərə qarşı savaş açıb.
Dadaş bəy. Axı biz Bakıda eşitmişdik ki, Ənvər Paşa Orta Asiyada vuruşur...
Məmməd Əmin. Hə, bu yaxınlaracan bolşeviklərlə birgə idi... İndi isə bolşeviklərə qarşı döyüşür.
Rəhim bəy. Dünyanın qəribə işləri varmış... Paşa hara, bolşeviklər hara?
Məmməd Əmin. Mən Ənvər Paşanı ötən il burada gördüm. Moskvaya gəlmişdi.
Rəhim bəy. Ənvər Paşa hara, Moskva hara?
Dadaş bəy. Mən onu sonuncu dəfə Bakıda gördüyüm. Yaxşı xatırlayıram, o vaxt millət onu necə coşqu ilə qarşılamışdı. Hətta, Paşanın maşınını öpənlər də vardı.
Rəhim bəy. Bəs o, nə məqsədlə, kimin çağırışı ilə gəlmişdi Rusiyaya?
Məmməd Əmin. Kremldən dəvət olunmuşdu. Trotskinin və Stalinin qəbulunda olmuşdu.
Rəhim bəy. Əmin bəy, yəqin ki, Siz onunla əvvəldən tanışsız.
Məmməd Əmin. Bəli. Bəli, mən onu daha əvvəl, 1918-ci ildə İstanbulda görmüşdüm. O vaxt Paşa hakimiyyətinin ən yüksək pilləsində, hərbiyyə naziri və baş komandan müavini vəzifəsində idi. Mən İstanbula Azərbaycan nümayəndə heyətinin başçısı kimi getmişdim. “Gülcamal” paroxodu ilə gəldiyi Batumda Paşanı görmüş, onunla tez-tez təmasda olmuşdum. Onun idealist bir inqilabçı olduğunu bilirdim, islami bir romantizm ruhu daşıdığına vaqif idim.
Dadaş bəy. Əmin bəy, axı o, əvvəllər bolşeviklərə nifrət edirdi.
Məmməd Əmin. Paşa öz çıxışlarında deyirdi ki, Avropa imperializminin əlində əsir olan müsəlman millətləri özlərini qurtarmaq üçün təşkilatlanmalı; fəqət bu təşkilatların aralarında sıx bir rabitə və həmrəylik olmalıdır. O, bu məqsədlə bir

cəmiyyətin qurulmasını və bu cəmiyyətə bizim partiyanın, yəni “Müsavat” Partiyasının da qatılmasını istəyirdi. O, hətta, təklif etdi ki, “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki müxalifətindən hələlik vaz keçməli, bu hökumətə qarşı hər cür qiyam niyyətlərindən uzaq olmalıdır. Çünki Qızıl Orduya qarşı heç nə edə bilməz; əks təqdirdə bütün Azərbaycan zərər görər, türklər və müsəlmanlar qılıncdan keçirilər.
Rəhim bəy. Bəs siz nə dediniz, Əmin bəy?
Məmməd Əmin. Mən ona dedim ki, qayəniz çox gözəldir, Paşam. Amma əzilən müsəlman xalqlarının azadlıq və hürriyyətini bolşevik Moskvasında axtarmaq lazım deyil. Mərkəzi qırmızı Moskvada olacaq bir müsəlman hərəkatı ümumi kommunist hərəkatının bir silahı olar. Belə olmaqdan çıxmaq istədiyi gün isə mövcud şərtlər daxilində məhv olduğu gündür. O, soruşdu ki, bəs belə bir cəmiyyət harada qurulmalıdır? Dedim ki, Ankarada. O, dedi ki, yenidən bir daha görüşüb bu müzakirəni davam edərik.


Dadaş bəy. O, dediklərində nə qədər səmimi idi?
Məmməd Əmin. O, özünə çox inanırdı.
Rəhim bəy. Mənim bildiyim qədər Ənvər Paşa ilə Mustafa Kamalın münasibətləri sərindir.
Məmməd Əmin. Sərin olsa nə vardı ki... Hesab edirəm ki, Ənvər Paşa doğrudan da macəraçılığa meyl edən adamdır... Amma cəsur, qorxmaz bir döyüşçüdür. İndi qəzetlərin yazmağına görə Ənvər Paşa Fərqanə yaxınlığında Qırmızı orduya qarşı vuruşur, onlara qan uddurur. Vaxtilə ona dəstək verən Trotski və Orconikidze möhkəm əl-ayağa düşüblər...
Dadaş bəy. Bəs Stalin? Axı dediniz ki, Paşa Stalinin də qəbulunda olub.
Məmməd Əmin. Artıq Stalin köhnə vəzifəsində deyil.
Rəhim bəy. Doğrudan? İşdən çıxarılıb?
Dadaş bəy. Adam inanmaq istəmir...
Məmməd Əmin. Yox, işdən çıxmayıb. O, indi Bolşeviklər partiyasının Baş katibidir. Kommunistlərin lideridir.


Dadaş bəy. Necə deyərlər, görəsən onun vəzifəsi böyüyüb ya kimilib?
Məmməd Əmin. Əvvəllər bu vəzifə texniki bir iş hesab olunurdu. Amma Stalin keçəndən sonra deyirlər ki, çox qısa bir vaxtda katiblikdə canlanma yaranıb.
Dadaş bəy. Stalin hiyləgərin birisidir. İnanmayın ki, o, böyük vəzifəni buraxıb kiçiyindən yapışsın.

Gülüşmə.

Məmməd Əmin. Yəqin ki, bunu da tarix göstərəcək.
Dadaş bəy. Əmin bəy, təbii ki, gəlişimizin məqsədi Sizə məlumdur.
Məmməd Əmin. (Gülümsəyir). Qismən bəllidir.
Rəhim bəy. “Müsavat”ın gizli fəaliyyət göstərən Mərkəzi Komitəsinin tapşırığı ilə biz Sizin tezliklə Moskvadan çıxarılmağınızı təmin etməliyik.
Məmməd Əmin. Bu xüsusda mənə Məmmədəli də vaxtilə müəyyən şeylər deyib. Mən özüm də bəzi məsələr haqda fikirləşmişəm... Doğrusu, bu, xeyli dərəcədə çətin məsələdir.
Dadaş bəy. Təşkilat bizim vasitəmizlə Sizin yolpulunuzu da göndərib...
Məmməd Əmin. Söhbət təkcə yolpulundan getmir. (Gülümsəyir). Mən burada daimi nəzarətdəyəm...
Rəhim bəy. Bilirik, Sizə ən çox nəzarət edən Koba və onun adamlarıdır. İndi isə şükür Allaha, Kobanın yəqin ki, başı qarışıb öz yeni problemlərinə...
Məmməd Əmin. Bəli, yəqin ki, onun əvvəlkinə nisbətən işi-gücü daha da artıb... Amma zənnimcə hələ bir az tezdir.
Rəhim bəy. Əmin bəy, bu necə olur ki, Məmmədəli bəy həftə səkkiz mən doqquz istədiyi yerə, lap elə Bakıya gedir, siz isə Moskvadan çıxa bilmirsiz?
Məmməd Əmin. Bəli, Məmmədəli bəy Stalinin və Orconikidzenin ən yaxın dostudur. (Gülür). Onun hər yerə getmək səlahiyyəti var... (Ciddiləşir). Əlbəttə, mən zarafat edirəm. Keçən il Məmmədəli bəy mənim Bakıdakı bəzi sənəd və əlyazmalarımı gətirməyə getmişdi.
Dadaş bəy. Xəbər göndərəydiniz, biz özümüz gətirərdik.

Məmmədəli Rəsuloğlu. Bir dəfə Rəsulzadə mənə dedi ki, Məmmərəli bəy, Stalinlə görüşdüyümüz zaman İran inqilabı haqqındakı xatirələrimdən bəhs etdiyim yəqin ki, sənin də yadındadır. İndi Stalin bunlara aid materialları dərhal dönüb, Bakıdan gətirməni istəmişdi. İndi bu işin əsl vaxtı yetişib. Qurultay nümayəndələri bu günlərdə Bakıya qayıdırlar; bir yolunu tapıb, onlarla birlikdə Bakıya getsən fəna olmaz, vəziyyəti öyrənmiş olarsan.
Mən İran inqilabı haqqında materialları gətirmək üçün Bakıya getmək istədiyimi Berzanovskiyə bildirdim, o da telefonla məsələni Stalinə ərz edir. Stalin dərhal “Məhəmməd Əli yola çıxsın” deyə əmr edir.
Nümayəndələr bir az sonra, o axşam yola çıxacaqlarından Berzanovski tələsik büroya qaçır, lazım olan kağızları hazırlayır və xüsusi olaraq qoşdurduğu komissarlıq xizəyi ilə gələrək bizi də evdən götürür. Birlikdə stansiyaya gəlirik. Gecikmişik. Nümayəndələri aparan qatar on dəqiqə əvvəl hərəkət edibmiş... İndi nə olacaq? - deyə Berzanovski böyük bir qüssə ilə stansiya şefinə: - Bu necə ola bilər, yoldaş Stalin əmr edib, yoldaş Məhəmməd Əli bu qatarla gedəcəkdi?.. Stansiya şefi: - Yoldaş direktor, üzülməyin, hələ ki, gec deyil, əlacı var. Qatar iki stansiya irəlidə su almaq üçün yarım saata qədər gözləyəcək; xüsusi bir lokomotivlə bir vaqonu elə indi yola salarıq, yoldaş onunla gedər, nümayəndə qatarına yetişər. Berzanovski: - Bravo, yoldaş şef!.. - deyə dərin bir nəfəs aldı.
Sonralar Əmin bəy Stalinlə bağlı xatirələrində mənim bu səfərimə də geniş yer ayırmışdı. Həmin xatirələrin “Məhəmməd Əlinin xüsusi qatarı” adlı bir bölümü də var. Orada yazılmışdı: “On dəqiqə sonra “Məhəmməd Əlinin xüsusi qatarı” hərəkət etdi, arxasınca bir də onu gözləsinlər deyə bir teleqram vuruldu. Kontr-revolyusioner müsavatçı Məhəmməd Əlini aralarında Orconikidze, dr. Nəriman Nərimanov, Qorxmazov, Ter-Mikaelyan və sairləri kimi bolşevik başçıları olan 8-ci Kommunist Partiyası nümayəndələrini aparan xüsusi qatar gözləyib durmalıdır; çünki... Yoldaş Stalinin əmri icra ediləcək!..”

Məmməd Əmin. Əslində o sənədlər, dəqiq desəm elmi səciyyəli materiallar, məndən daha çox, Stalinə lazım idi. Amma həmin sənədlər Bakıda tapılmadı. Yəni Məmmədəli bəy Bakıdan Moskvaya əliboş qayıtdı... İndi isə artıq bildiyiniz və dediyiniz kimi, Stalinin başı qarışıb...
Dadaş bəy. Əmin bəy, axir ki, Stalinin hədsiz məşğul olmasını Siz özünüz də dediniz.. Tələsmək lazımdır.

Rəhim bəy. Bu cür fürsəti əldən vermək olmaz, Əmin bəy.
Məmməd Əmin. Yaxşı. (Fikrə gedir). Sizin planınız necədir? Haradan, nədən başlamalı?
Rəhim bəy. Əmin bəy, zənnimizcə, Siz Moskvadan Petroqrada gedə bilərsiz.
Məmməd Əmin. Bəli, bu, mümkündür. İşlədiyim İnstitutdan ezamiyyə alıb Petroqrada gedə bilərəm.
Dadaş bəy. Çox yaxşı. Qoy elə hər şey qayda-qanunla olsun.
Rəhim bəy. Əmin bəy, yəqin ki, tatar alimi Musa Begiyevi tanıyırsız?
Məmməd Əmin. Bəli, biz onunla tanışıq, məsləkdaşıq.
Rəhim bəy. O, söz verib ki, bizə köməyini əsirgəməyəcək.
Məmməd Əmin. Mən Sizə bir sirr açım. Bəli, mən də tezliklə buranı tərk etmək istəyirəm. Əl altından hələ Moskvada ikən görüşdüyüm dostlarımdan aldığım məlumatlara görə, Musa Begiyevin vasitəsilə Fin körfəzi üzərindən Finlandiyaya keçən yoldaşlar olub. Məsələn, professor Sədri Maqsudi Arsal, redaktor Abdulla Taymas və daha bir neçı tanımadığım adamlar bu yolla Rusiyada Finlandiyaya keçiblər.
Rəhim bəy. Əmin bəy, vəziyyəti Siz özünüz bizdən daha yaxşı bilirsiz ki...
Məmməd Əmin. Amma onlar Fin körfəzini qışda keçiblər. O vaxt körfəz donmuşdu və qarla örtülü idi. Onlar bu yolu xizəklə keçmişdilər. İndi isə yazın sonudu, yayın əvvəlidir.
Dadaş bəy. İndiki vaxtın da öz üstünlüyü var. Əmin bəy, körfəzdən qayıqla keçmək olar.
Məmməd Əmin. Etibarlı bir qayıqçı tapmaq da müşkül məsələdir.
Rəhim bəy. Musa bəy bu sahədə də kömək edə bilər.
Məmməd Əmin. Bəli, ümid yenə Musa Begiyevədir.
Dadaş bəy. Yaxşı, onda Petroqrada nə vaxt getməyi vacib bilirsiz, Əmin bəy?
Məmməd Əmin. Elə günü sabah çalışdığım İnstitutun rəhbərliyindən ezamiyyə xahiş edərəm.
Dadaş bəy. Biz indi nə etməliyik?
Rəhim bəy. Necə nə etməliyik? Biz Əmin bəyi Petroqradacan yola salmalıyıq.
Məmməd Əmin. Dadaş bəy, Rəhim bəy, bəlkə elə birlikdə, eyni qayıqda gedək Finlandiyaya?
Rəhim bəy. Biz Sizi yola salandan sonra Bakıya dönməliyik, Əmin bəy.
Dadaş bəy. Bizim hələ gələckdə görüləcək işlərimiz çoxdur, Əmin bəy.
Məmməd Əmin. Əslində Siz elə gələcəkdən gəlmiş adamlarsız. Mən o xoşbəxt gələcəyi indidən görürəm.

Məmməd Əmin Dadaş bəyi və Rəhim bəyi coşqunluqla sinəsinə sıxır, sonra əlləri ilə onların kürəyinə vurur.

Dadaş bəy. Təşəkkür edirik, Əmin bəy.
Rəhim bəy. Hələlik...
Məmməd Əmin. Yaxşı, elə isə indidən yola hazırlaşın, bəylər... Sabah Petroqrada yola düşəcəyik. Yolçu yolda gərək.
Məmmədəli Rəsuloğlu. Sonralar Məmməd Əmin Rəsulzadə Moskvanı tərk edib mühacirətə getməsi barədə öz xatirələrində belə yazırdı: “Leninqrada gəlib Şərq Dilləri İnstitutunun yayda boş olan sinif otaqlarından birində yerləşdim. Akademiya kitabxanasına gedir və başda prof. Marr, Bartold və sairə olmaq üzrə akademiya professorları ilə görüşürəm. Onlarla Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə Leninqrada gəlişimin həqiqi məqsədini pərdələyə bildim...






















14.
Səhnə dəyişir.

Türkiyə.
İstanbul.
Məmməd Əmin redaksiyada.

Məmməd Əmin. Hə, bu da Türkiyə... Bu da İstanbul.

Petroqrada gedəndən bir neçə gün sonra Musa Begiyevin köməkliyi ilə etibarlı bir qayıqçı tapıldı. Körfəzi keçdik. Qayığımız sahilə yanaşar-yanaşmaz silahlı fin gözətçiləri bizi tuturlar. Oradan Feriokidəki qarantində on beş gün qaldıqdan sonra Helsinkiyə getdik. Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra Almaniyaya, oradan Parisə, Parisdən də İstanbula gəldim. İstanbul o zaman hələ müttəfiq ordularının işğalı altında idi. Fəqət eyni zamanda şəhərdə milli qüvvə nümayəndəsi vardı və polis də Ankara hökumətinin əlində idi.
Burada, yoldaşlarla birləşərək milli nəşriyyata qərar verdik və ilk iş olaraq Stalinə, surəti aşağıda dərc olunan məktubu göndərdim:
Stalinə məktub
“Möhtərəm Stalin, Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq hesabilə mənim qurtuluşum bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz.
Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin ümumiyyətlə yükləndiyi məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə, bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə təşəkkür edirəm. Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlincə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, mənim üçün mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi bir fəaliyyətsizliyə məhkum etmək demək idi...
Hazırda Rusiyada baş verən hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır. Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiş kommunist firqəsi ideologiyanın bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiş rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından ziyadə hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur. Yerli fəhlə (proletar) sinfinə istinad iddiasilə əldə silah Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiş olan demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman ümumiyyətlə, sabiq imperiyanın çarizm siyasətiylə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır. Əski Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə etməz.
Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri” (canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakkraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir. Bolşevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən bu partiyanın növü özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişikliyə keçə biləcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi durumunda olduğumdan bu dəyişmə gözlərimin önündə baş verirdi.
Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim. Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır. Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də xeyirxahınız qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə Sizə yaxşı bir xidmət göstərmək fürsətini can-dildən təmənni etdiyimi ərz edirəm.
Ehtirami-tamla: Rəsulzadə Məmməd Əmin. Yanvar 1923 (bu məktub vaxtilə İstanbulda çıxan 23.1.1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqaziya” dərgisində nəşr olunmuşdur).












Epiloq.
Məmmədəli Rəsuloğlu ilə Məmməd Əmin Rəsulzadə. Onlar bir-birinə yaxınlaşır, əl tutub görüşür, sonra bərk-bərk qucaqlaşırlar.

Məmmədəli Rəsuloğlu. Salam, xoş gördük, Əmin bəy.

SON















Müəllif haqqında
Firuz Mustafa

(Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, esseist, filosof
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

Həyatı
Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.


Təltif olunduğu mükafatlar:
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
Cəfər Cаbbаrlı mükafatı
“Humay” mükafatı
Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
Tеаtr Хаdimləri İttifаqının müкаfаtı







Firuz Mustafanın əsərləri
Еlmi əsərləri:
• "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
• "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“ARİ-nin nəşriyyatı”, 1987)
• "Sərhədsiz dünyа" (“Dirlomat” nəşriyyatı, 1999)
• "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
• “Orta təhsil islahatları rroqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
• “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
• “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)


Bədii əsərləri:
• "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
• "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
• "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
• "Bəhruz-Vətənə sirər оğul" (“Azərbaycan” nəş., 1997)
• "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
• "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
• "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
• "Sifət" (“Araz” nəşriyyatı, 2002)
• "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
• "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
• "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
• “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006)
• “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
• “...Qarı...” (“MBM” nəşriyyatı, 2008)
• “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
• “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
• “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
• “Qarı” (“Araz” nəşriyyatı, 2009)
• “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
• “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
• “At günü” (“MBM” nəşriyyatı, 2009)
• “Monoryeslər” (“Araz” nəşriyyatı, 2010)
• “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
• “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
• "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR grour” nəşriyyatı, 2014)
• “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
• “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
• “Roetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
• "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
• "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
• “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
• “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
• “NƏSR” (roman və rovestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
• “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
• “AntiRoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
• “Tarixi pyeslər” (“Renessans-A” nəşriyyarı, 2021)


*Seşilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

*Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış əsərlər (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


Rusca kitabları:
• «Мир без граnиц» (“Dirlomat” nəşriyyatı, 1999)
• «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
• «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
• «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
• «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
• «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
• «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
• «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
• «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
• «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
• «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
• «Чародей» (пьесы) (“Renessans-A”.2019)

*Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)

İngiliscə kitabları:
• “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
• “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)

Tərcüмə:
• “Rutin. Birinci şəxsdən” (“Dirlomat” nəşриyyatı, 2000)
• “Roeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

Tərtib etdiyi kitablar:
• «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)


Rusiyada şar olunmuş kitabları:
“Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
«Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
“Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Дверь” (“Qarı”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018

İranda çar olunmuş kitabları:
“Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
“Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

Özbəkistanda nəşr olunan kitab:
“Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Resrublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

F.Mustafaya həsr olunmuş kitablar:
• «Посвящается тебе, Фируз Мустафа» (torlu) (2012)
• “Sənə həsr olunur, Firuz Mustafa” (torlu) (2012)
• Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi rortret-monoqrafiya) (2012)
• Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)


Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (ryеsləri):
• “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Su rərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
• “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
• “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
• “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
• “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
• “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
• "Мüqəvvа"- Tədris Teatrı
• “Musiqili məktublar”- Tədris Teatrı
• “Ifritə”- Tədris Teatrı
• “Əqrəb bürcü”- Tədris Teatrı
• ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
• “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
• “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
• “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
• “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
• “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
• “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
• “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
• “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
• “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
• “Tıхаc”- Gəncə Dövlət Nizаmi Rоеziyа Tеаtrı
• “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
• ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
• “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
• "Tıхаc”- Gəncə Dövlət Nizаmi Rоеziyа Tеаtrı
• “Rələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı


Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (ryеsləri)
• “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Resrublikası)
• "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
• “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı







MÜNDƏRİCAT:


Müəllifdən
Səh. 3

TARİXİN KÖLGƏSİ
və yaxud Gələcəkdən gələnlər
Səh. 10

1-ci hissə.
BAKI.
1920-ci il.
Səh.17

2-ci hissə.
YOLDA.
BAKI-MOSKVA QATARI.
1920-ci il.
Səh.194

3-cü hissə.
MOSKVA.
1921-ci il.
Səh.261

4-cü hissə.
MOSKVA.
1922-ci il.
Səh.401

Epiloq.
Səh.440

Müəllif haqqında
Səh. 441
Firuz Mustafanın əsərləri
Səh.444




















Firuz Mustafa

TARİXİN KÖLGƏSİ
və yaxud
Gələcəkdən gələnlər

(siyasi- tarixi dram-xronika)

Dizayn: A. Mustafayev

Formatı:70x90 1/32
Çapa imzalanmış: 30.04.2021

El.ünvan: firuz_52@mail/ru
Tel.:+994 50 413 3572
©Firuz Mustafa.2021.454 səh.


Firuz Mustafa
(Mustafayev Firuz Qədimalı oğlu)


Bakı. 2021






Qeydlər üçün

9 dəfə oxundu

Axtarış