Təvəkkül Goruslu - Bahar
Müəllif: YAZARLAR.AZ


23.03.2021


BAHAR
Bir nəfəs aləmdən asılıb qalan,
Toxumlu, toxumsuz göyərən bahar.
Çılpaqca aləmə qısılıb qalan,
Silkinib həyata yüyürən bahar.
* * *
Tumurcuq - tumurcuq açıb gözünü,
Gözlərdən yuxunu kürüyən bahar.
Bəzəyib çiçəklə, güllə üzünü,
Özünü min rəngə bürüyən bahar.
* * *
Küləklə tıncıxan, nəfəsin dərən,
Çırpınan, dartınan, yellənən bahar.
Dağların qarını, buzunu sürən,
Əridib dərədə sellənən bahar.
* * *
Səhəri quşlarla, günəşlə açıb,
Dirilik nəğməsi oxuyan bahar.
Boyasın buludun gözündən içib,
Çəməndə xalısın toxuyan bahar.
* * *
Ürəkdə, damarda qanı qaynadan,
Qulağa eşq deyən, söyləyən bahar.
Canı candan edən, ruhu oynadan,
Könüllər məst edən, əyləyən bahar!
22. 03 2021.
Müəllif: Təvəkkül Goruslu.

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış