Torpağı bol elə de.....
Müəllif: Meyxoş Abdullah


16.02.2021


Şeir...

(Uşaq vaxtı hardansa eşitmişdim ki, adam öləndən sonra onu qəbirdə dirildirlər. Ona görə də anama yalvarıb demişdim ki, mən öləndə üstümü örtməzsiniz... Hamı gedəndən sonra durub gələcəyəm...M.A.)

Uşaq vaxtı ölümdən yaman qorxu çəkərdim,
Hey anama yalvarıb, zəhləsini tökərdim.
Deyərdim: - Mən öləndə sən yanımda olarsan,
Öz əlinlə, ay ana, torpağa tapşırarsan.

Torpağı çox eləmə, birdən boğularam mən,
Hamı gedəndən sonra, axı durub gələcəm.
O vaxtdan çox ötübdür, artıq yaşa dolmuşam,
Mən döyülə-döyülə başa düşən olmuşam.

Yan-yörəmdə nahaqdan danışanlar görəndə,
Öz çirkin vicdanıyla barışanlar görəndə,
Xalq malına zəli tək daraşanlar görəndə,
Düşünürəm, nə yaman yanılmışam, ay ana,
Torpağı bol elə de, qəbri torpaqlayana.

Bir igidin arxasın cılız yerə vuranda,
Bir nadanın dalında, bir qeyrətsiz duranda,
Bir boşboğaz, kütbeyn xalqa tələ quranda,
Düşünürəm, nə yaman yanılmışam, ay ana.
Torpağı bol elə de, qəbri torpaqlayana.




11 dəfə oxundu

Axtarış