Türkü
Müəllif: Babək Abbaszadə


08.10.2017


Mən boz çöllərin oğluyam,
Qara yellərin oğluyam.
Steplərdə boy atmışam,
Buzlu göllərin oğluyam.
Yeniseydə izim qalıb,
Altaylarda gözüm qalıb.
Ula boz qurdum ula,
Çağır bizi doğru yola.

Amur mənim, Aral mənim,
Pamir mənim, Ural mənim.
Səhram da var, dağım da var,
Çölüm də var, bağım da var.
Çeşmələrdən su gətirən,
İncəbelli xatınım var.
Boz çadırlar binam mənim,
Boz canavar anam mənim.
Ula boz qurdum ula,
Çağır bizi qədim yola.

Yayda yaylağa çıxaram,
Çəmən mənim, çiçək mənim.
Qışda vadiyə qaçaram,
Boran mənim, külək mənim.
İlxılarım dayağımdır,
Qaranquşlar qonağımdır.
Ula boz qurdum ula,
Çağır bizi doğma yola.

Sürülərim sıralanmaz,
Köpəklərim yaralanmaz.
Bozqırlarda at çaparam,
Maydanlarım yaxalanmaz.
Düşmənlərim pərən-pərən,
Dünyada yox məni sevən.
Atam da türk, babam da türk,
Yurdumuza dönəcəyik.
Ula boz qurdum ula,
Çağır bizi ulu yola.

9 dəfə oxundu

Axtarış