Yaşar
Müəllif: Ülvi Hüseyn


07.12.2017


Həkimin hekayələri silsiləsindn...
Reanimasiya şöbəsinin qapısı aram-aram döyüldü , yuxudan dərhal ayılaraq saata baxdım , 4.32 idi. Bir saat öncə bronxial astma ilə daxil olmuş ağır xəstəni vəziyyətdən çıxarıb 20 dəqiqəlik gözümün acısını almaq istəyirdim , uzanan kimi yuxu məni aparmışdı . “Xeyir ola?” düşünərək , yerimdən qalxdım ,stulun üstündən xalatımı əynimə aldım , qalpağımı başıma qoyaraq qapıya tərəf yollandım . Bizim reanimasiya şöbəsi ilə xəstəxanamızın qəbul şöbəsi yan-yana yerləşirlər , yeni xəstə daxil olanda ilk öncə biz reanimatoloqlara xəbər çatır , əgər bizə dair mürəkkəb vəziyyət yoxdursa , başqa mütəxəssislər işə qoşulurlar . Amma çox vaxt , xüsusən də gecə növbələri zamanı növbətçi orta tibbi heyət yaxında olduğumuza görə bizi dəvət edirdilər və bizdən də xəstəyə müvafiq təyinat verməyimizi xahiş edərdilər . Belə də həm operativ olurdu , həm də növbədə olan digər mütəxəssisləri dəvət etməyə ehtiyac qalmırdı . Deyəsən bu dəfə də belə idi .
Mən qapini açanda tibb bacısı Qəmər xalanı gördüm , həmişəki adəti üzrə üzrxahlıq edərək , “Ülvi həkim , bir nəfər cavan oğlan gəlib , baş aça bilmirəm nə istəyir , deyir həkimlə söhbətim var , buyurun baxın görün nə məsələdir ?” dedi . Qəbul şöbəsindəki otaqda bir nəfər əyləşmişdi , məni görəndə dərhal ayağa qalxdı , hündür boylu , azından 2 metr boyu olardı , iri cüssəli , 30-35 yaşlı bir adam idi . Üzdən tanış gəldi , çox güman ki , yaşadığım qəsəbədə yerli sakinlərdən biri idi , ya dükan-bazarda , ya da xeyirdə-şərdə rast gəlmişdim .
-Salam , Ülvi həkim , üzr istəyirəm , Sizi narahat etdiyim üçün , mənə kömək edin , xahış edirəm Sizdən ! – deyə həyəcanlı bir səslə müraciət etdi .
-Salam , buyurun , eşidirəm Sizi , nə şikayətiniz var ? Nə kömək edə bilərik ?
- Bilmirəm məni tanıdınız ya yox , mən Sizin xəstəniz olmuş Həcər xalanın oğluyam , amma indi anama görə yox , özümə görə müraciət etmək istəyirəm . Yenə xahiş edirəm , mənə ancaq Siz yardım edə bilərsiniz , mənim taleyim həll olunur .
Həcər xalanı xatirladım , neçə illər idi ki , vaxtaşırı mənim yanımda müalicə alırdı. 6 ya 7 oğlu var idi , adətən kiçik oğlu ilə yanıma gəlirdi , bu oğlunu ya heç görməmişdim , ya da gormüşsəm də fikir verməmişdim .
-Buyurun , deyin , nə məsələdir , nə olub , eşidirəm Sizi.
-Mənim adım Yaşardir , istəyirəm Sizinlə təklikdə söhbət edim , amma xahiş edirəm məni yaxşı-yaxşı dinləyəsiniz .
Mən Qəmər xalaya tərəf döndüm , təcrübəli tibb bacısı dərhal işarəni anladı , otaqdan çıxdı . Yaşar qapını onun ardınca örtərək , mənimə üzbəüz əyləşdi , həyəcanlı səslə söhbətə başladı .
-Həkim , Sizə qurban olum , dedim ki , ancaq Siz mənə yardım edə bilərsiniz , taleyim Sizdən asılıdir .
-Bir de görüm axı nə olub, nə məsələdir?
-Həkim, mən Sizi yaxşı tanıyıram, xeyirxah adam olduğunuzu bilirəm, ümidim də ancaq Sizədir.
-Yaşar, mətləbə keç.
-Həkim, məsələ belədir: mən axşam saat 11-də evdə olmalı idim. Amma bir tanışıma rast gəldim, məni öz evinə dəvət etdi, başımız qızışdı söhbətə, bir də baxdım artıq gecə saat 3-dür. Evə getsəm mənim yoldaşım sorğu-suala başlayacaq, mən onunla yeni barışmşıam, izah edənə qədər , səbəbini deyənə qədər dava düşəcək, çox səbirsiz adamdır.
-Yaxşı, bunların bizə nə dəxli var?
-Həkim , sənə qurban olum, zəng vur bizə evə, yoldaşıma de ki, Yaşarı xəstəxanaya gətiriblər, vəziyyəti ağır idi, indi düzəlib, gəlin aparın, o gəlincəyə qədər də məni uzat bu yataqların birinə, bir az da yanıma boş ampullardan filan toplayın, deyin ki, güclə ayıltdıq.
-A kişi, sən nə danışırsan, bura teatr deyil, bura xəstəxanadır, buraya hər dəqiqə ağır xəstə gəlir, talelər həll olunur, mən indi səninlə tamaşa oynayacam?
-Həkim, mənim də taleyim həll olunur axı, 3 qızım var, istəyirsən ailəm dağılsın?
-Bunu çənən söhbətə qızışanda anlamalı idin.
-Daha oldu də, neyləyim, başım qızışdı söhbətə.
-Yaşar, tanışın kişi idi, ya qadın idi?
Bu yerdə Yaşar birdən qıpqırmızı qızardı, başını aşağı saldı, dodaqaltı mızıldandı:
-Keçmiş sinif yoldaşım idi, Qalya, 1 gün öncə ad günü olmuşdu, elə onu qeyd etdik, bir az da yeyib-içdik.
-Burada nə var ki, xanımına de də harda idinsə...
-Həkim, mən xanımıma desəm ki, gecə saat 3-ə qədər Qalyagildə idim, üstəlik yeyib-içirdim, bir də məni dindirməz. Deyirəm ki, yeni barışmışam. Balalarım yazıqdır, məni çox istəyirlər, onlara rəhmin gəlsin.
Sözün düzü “kişi həmrəyliyi” deyilən bir anlayış var, birdən yadıma düşdü, Yaşara kömək eləmək üçün fikirləşdim. Amma nəsə tam da güvənmirdim dediklərinə, mənə elə gəlirdi ki, nəyisə gizlədir. Faktiki olaraq , mən ona alibi təmin edirdim. Dediyi zaman ərzində onun xəstəxanada olduğunu söyləsək, Yaşarı xilas etmış olurduq. Amma bəlkə həmin zaman ərzində o bir cinayət törətmişdi? Fikirləşə-fikirləşə Yaşara “Bir dəqiqə gözlə” deyib, otaqdan çıxdım, Qəmər xala ilə məsləhətləşmək istədim.
Qəmər xala məni görüb sualedici nəzərlərlə üzümə baxdı, “Həkim, bir problem yoxdur ki?” dedi.
Əhvalatı və Yaşarın istəyini olduğu kim danışdlm. Üstəlik Yaşardan nəsə şübhələndiyimi dedim. Qəmər xala ağıllı qadın idi, üstəlik qəsəbədə hamını tanıyırdı. Mənim narahatlığımı görüb dilləndi:
-Həkim, mənə elə gəlir ki, Yaşar düz deyir. Amma mən ona kömək etməzdim. Gecə saat 3-də evə gələn kişiyə , üstəlik Qalyanın yanından gələn kişiyə bir qadın kimi mən güzəşt etməzdim. Amma deyir ki balalarım var, yazıqdılar, nəsə bəlkə yardım edərik. Gəl Yaşarın xanımını çağıraq, gəlsin baxarıq vəziyyətə, bir şübhəli qaranlıq məsələ olduğunu duysaq, söhbəti açarıq.
Nə isə, Yaşara kömək etmək qəraına gəldik və onu boş yataqlardan birinə uzatdıq. Yanına da axşamdan işlətdiyimiz boş ampullardan, flakonlardan, maye köçürmək üçün olan şlanqlardan yığdıq. Evinin telefon nömrəsini soruşdum və dəstəyi alıb nömrəni yığdım.
Telefona dərhal bir xanım cavab verdi, hiss olunurdu ki , gecə saat 4 olmasına baxmayaraq, oyaqdır.
-Xanım, bura Yaşargilin evidir?
-Bəli, kimdir soruşan?
-Xanım, mən sizə xəstəxanadan zəng edirəm, adım Ülvi həkimdir, Yaşar burda , bizim xəstəxanadadır.
-Nə olub, tez deyin, salamatdır, nə olub ona?
-Narahat olmayın, sağ-salamatdır, sadəcə indi gəlib evə aparmaq lazımdır.
-Axı deyin nə olub ona?
-Gəlin xəstəxanaya , burda qəsəbə xəstəxanasındadır, qəbul şöbəsindədir, gəlib aydınlaşdırarsınız nə olub.
Xanım daha heç nə soruşmadan dəstəyi asdı. Aradan 10 dəqiqə keçmədi ki, xəstəxananın qapısı döyüldü, taksidən düşüb yüyürə-yüyürə pilləkənləri qalxan bir xanım “Hanı Yaşar?” deyərək mənə tərəf gəldi.
-Salam, xanım, Siz Yaşarın yoldaşınız?
-Bəli, bəli, hanı Yaşar? Tez deyin, nə olub ona?
-Darıxmayın, hər şey yaxşıdır, vəziyyəti də indi yaxşıdır, buyurun keçin yanına, bu otaqdadır.
Xanım otağa girən kimi Yaşarın üstünə tərəf getdi, “Nə olub , necəsən?” deyərək elə uzandığı yerdə onun boynuna sarıldı. Kövrəlsə də özünü tox tutdu, aqlamaq istədiyini biruzə vermədi. Onu da deyim ki, iri cüssəli Yaşarla müqayisədə xanımı bəstə boylu, nərmə-nazik bir xanım idi. Neçə ilin həkimlik təcrübəsi mənə imkan verir ki, insanı görən kimi onun cəkisini, boyunu və müvafiq çəki indeksini avtomatik təyin edim . 2 metr boyu , ən azı 110 kq çəkisi olan Yaşarın xanımı 1,50 m boya və çox olsa 45 kq çəkiyə malik idi. Sevgi olan yerdə belə şeylərin əhəmiyyət yoxdur. Amma məni heyrətləndirən bu xanımın enerjisi, cəldliliyi oldu.
Yaşar ağır-ağır dilləndi:
-Yaxşıyam indi, əzizim, sağ olsun həkimlər, deyəsən məni ölümdən qurtardılar. Heç nədən xəbərim olmayıb, bura necə gəlmişəm, kiminlə gəlmişəm. Bir də ayıldım ki, burdayam.
Sevda xanım (Yaşarın xanımı adını belə təqdim etdi) mənə tərəf üzünü tutub soruşdu:
-Həkim , vəziyyəti haqda nə deyə bilərsiniz, nə olmuşdu buna, indi nə etməliyik, evə apara bilərəmmi? Bəlkə başqa bir mütəxəssis məsləhəti də lazımdır?
-Narahat olmayın , xanım, indi hər şey qaydasındadır, evə də gedə bilərsiniz, bizə də axşamdan bir taksi gətirdi, dediyinə görə yolun kənarında dayanacaqdan bir az aralı uzanıb qalmışdı, yaxın gələn də yox idi. Yəqin elə biliblər sərxoşdur, Nə isə atıb maşına ki, bəlkə evinə aparsın, görüb huşu üstündə deyil, gətirib xəstəxanaya.Mən də polisə xəbər vermək istəyirdim, Yaşarı tanıdığımdan dedim qoy özünə gətirək, sonra aydınlaşdırarıq. İndi vəziyyəti sabitdir, amma sabah mümkün olsa nevroloqla bir konsultasiya edərsiniz.
Yaşar yavaş-yavaş çarpayıdan qalxdı, bir az oturub sanki dincini aldı, sonra ayağa qalxaraq ciblərini axtarmağa başladı.
-Xeyir ola, əzizim, nə axtarırsan, nə lazımdır, deyə Sevda xanım soruşdu.
-İstəyirdim həkimə bir təşəkkür edim, kiçik bir zəhmət haqqı verim. Amma pullarımı tapa bilmirəm.
Və bu zaman o birdən-birə üzünü mənə tutaraq:
-Həkim, mən gələndə fikir verməmişdiniz, cibimdə pullarım var idi, onlar yerində idi, yoxsa yox?
Bu zaman mənə aydın oldu ki, Yaşarın digər suçu xərclədiyi pulların hesabını verə bilməmək imiş.
Sevda soruşdu:
-Ay Yaşar, nə pul, hansı pul?
-Əşi sən günorta vermədin ki, kommunal, işıq, elekrtrik məsrəflərini ödəyim. Həmin pulları deyirəm də. Bankın yanınacan gəlmişdim, sonrası yadımda deyil nələr oldu.
Bu yerdə qapıdan söhbəti dinləyən Qəmər xalanın reaksiyasından başa düşdüm ki, geciksəm hər şey açıla bilər. Düzdür, Yaşarın bu hərəkəti mənə də təsir edirdi, bizdən cibinin pulunu soruşmaq, bilə-bilə ki pulları harda xərcləyib, amma yenə də səbrli olmağı qərara aldım. Yaxşıdır ki, vəziyyəti Sevda dəyişdi:
-Canın sağ olsun ay Yaşar, itib itib də, yəqin yolda yıxılanda kimsə elə bilib sərxoşsan , çıxardıb cibindən.
Yaşarın elə bil bir az da rəngi özünə gəldi. Daha pulları hara xərclədiyinin cavabını verməyəcəyinə əmin olduğundan, ürəklə dilləndi:
-Çox əziyyət cəkdilər həkimlər, istəyirdim onlara bir hədiiyə kimi bəxşiş verim.
Sevda dərhal çantasını açaraq, -
-Əlbəttə, nə lazımdır verərəm, sağ olsunlar, əziyyət çəkiblər.
-Nə danışırsınız, xanım bu bizim peşə borcumuzdur, əsas olan məsələ Yaşarın can sağlığıdır. Ümumiyyətlə sağlamlığınızı qorumağı hər kəsə məsləhət görürəm.
Qəmər xala da qapının yanından bir az da kinayəli dilləndi:
-Təki evdən çıxan bütün insanlar evlərinə salamat dönsünlər, yolları dolaşıq düşməsin.
Sevda xanım çantasından pul kisəsini çıxardaraq, saymadan bir dəstə pul ayırdı, türkiyəlilər demişkən, güzelce və incə bir şəkildə masaya qoydu. Mən müqavimət mənasında nəsə demək istəsəm də, hər ikisi, Yaşar da, Sevda da, qətiyyətlə :
-Həkim, haqqını halal elə, bu cüzi bir şeydir, narahat olma, deyə səsləndilər.
Mən Qəmər xaladan xahiş etdim ki, onları yola salsın, amma qapıdan çıxarkən Yaşar dönüb mənə göz vuraraq baxışları ilə bir daha minnətdarlığını bildirdi.
Taksi üzaqlaşdı, Qəmər xala ilə Sevdanın masaya buraxdığı pullara baxdıq. Qəmər xala ilə mənim 1 aylıq maaşımız qədər olardı.
-Qəmər xala, bəlkə bir çay içək, necə bilirsən?
-Əlbəttə, oğlum, bu saat dəmlərəm. Amma, həkim, deyirəm kaş elə bu gecə növbələrində xəstəxanaya elə bu cür, ya buna bənzər xəstələr gələrdi, nə travma, nə xəstəlik, azar bezar olmayaydı.
-Qəmər xala, dediklərinə yüzdə yüz şərikəm. Amma bu məsələ də düz olmadı. Gərək Yaşar Sevdanı aldatmayaydı.
Qəmər xalanın təzədəm çayı gecənin bu vaxtı ləzzət verdi.
... Bir ildən sonra eşitdim ki, Yaşarın 4-cü övladı olub, özü də oğlan uşağı, üç qızdan sonra. Sevdanın istəyi ilə, uşağın adını İnam qoyublar.
06.11.2016.

28 dəfə oxundu
user profile image
Firuz Mustafa şərh etdi.
3 years ago

Üivi bəy, davamlı plsun. Uğurlar.

user profile image
Firuz Mustafa şərh etdi.
3 years ago

Ülvi bəy, davamlı olsun. Uğurlar.


Axtarış