Varlı qadın...
Müəllif: Meyxoş Abdullah


05.01.2020


(hekayə)

Şəhərin mərkəzindəki ikimərtəbəli, çoxçeşidli mallar satılan “Möcüzəli aləm” ticarət mərkəzi, şəhərin ən varlı qadını sayılan Məsmə xanımın şəxsi mülklərinə aid olan və ona ən çox gəlir gətirən ticarət obyektlərindən biriydi.
Məsmə xanım çox varlı idi. Şəhərin müxtəlif məhəllərində onun irili-xırdalı ona qədər dükanları işləyirdi. Hələ, deyilənlərə görə, şəhərin kənarında on hektarlarla geniş torpaq sahələri də vardı.
Məsmə xanımın yaşı qırxı haqlasa da, özünə əməlli-başlı fikir verirdi. Çox gözəl bədən qurluşu vardı. Elə bil, mahir bir heykəltaraş onu qranit daşdan yonub, düzəltmişdi.
O, qırmızı rəngli paltarları çox sevirdi. Əslinə baxsan, qırmızı rəng, elə bil, əzəldən onun adına icad olunmuşdu. Ətli yanaqlarını alqırmızı rəngə boyayanda, adam elə bilirdi ki, onun sifəti çıraq kimi alışıb yanır. Ayağındakı ayaqqabıdan tutmuş, dodaqlarının rənginə kimi alqırmızı rəngdə olardı onun bütün görkəmi.
Bu ərsiz, dul qadının dərdindən dəli-divanə olan kişilər çox idi. Amma Məsmə xanım onların heç birini vecinə belə almazdı. Deyilənlərə görə, o, elə belə adamlarla oturub durmurdu. İldə bir dəfə, bir aylıq hansısa uzaq, xarici ölkələrin birinə istirahətə gedirdi. Nazlı, qəmzəli bu xanımın illər, elə bil yel, kimi yanından ötüb keçirdi. Yaşının üstünə yaş gəldikcə, qocalıb, yaşlanmaq əvəzinə, gün-gündən gözəlləşib, cavanlaşırdı.
Məsmə xanım xəsislikdə şəhərdə ad çıxartmışdı. İşçilərinin üstündə nəzarəti həddən artıq güclü idi. Qınayan olmasaydı, verdiyi pula görə onları gecə növbəsi də işləməyə məcbur edərdi. İşçiləri ondan çox narazı idilər.
Onun varlanmaq ehtirası hər şeydən güclü idi. Məsmə xanımı ancaq pul maraqlandırırdı. Hər ayın axırında sahib olduğu əmlakının haqq-hesabını aparanda, işçilərlə hökmən dava-dalaş salardı. Çalışardı ki, kimdənsə bir nöqsan tapıb, onu cəriməlsin, pulundan saxlasın, ya da məvacibini verməyib işdən qovsun.
Məsmə xanım pulu çox sevirdi. Pul onun üçün hər şeydən üstün idi. Onun beynindən yalnız pul qazanmaq, sərvətini artırmaq keçirdi. Vaxtilə pula olan hərisliyi onun həyatını büsbütün dəyişsə də, o, buna görə peşiman da deyildi. Əksinə, bu var-dövlətə sahib olmaq üçün onu “cəzalandıran” Ələkbər kişiyə borclu idi. O hadisə uzun illər bundan qabaq baş versə də, Məsmə xanım heç vaxt o günü o “cəzanı” unuda bilmirdi. O hadisə hər dəfə onun yadına düşəndə var-dövlət qazanmaq həvəsi bir az da artıb, çoxalırdı.
Onda Məsmənin on səkkiz yaşı yenicə tamam olmuşdu. Birillik ticarət kollecini bitirib, şəhərin mərkəzindəki, indi özünün şəxsi əmlakına çevrlmiş, bu böyük ticarət mərkəzinin yerində olan kiçik ərzaq dükanına satıcı köməkçisi göndərilmişdi. Yumurta kimi ağappaq, yupyumuru bir qız idi. Qısa geyindiyindən, şümşad kimi ağ baldırları az qala bəzi kişilərin gözlərini çəpgöz etmişdi. Qalın, ətli dodaqları arasından parıldayan ağappaq dişləri, onun sifət qurluşunu bir az da cazibədar göstərirdi. Gülümsər, qaynar gözləri onunla danışan adamın, elə bil ürəyinin yağını çəkirdi. Müştəri dükana girəndə ağlı başından çıxar, nə alacağının fərqinə varmadan, əlinə keçən ərzağı daşıyıb stolun üstünə düzürdü ki, heç olmasa qızın yanında bir az çox ləngiyə bilsin.
Həmin dükanda uzunmüddətdən bəri, həm müdir, həm də satıcı kimi işləyən və hamının “Ələkbər kişi”, - deyə çağırdığı hündürboylu, şeşəbığlı adam, ilk gündən Məsmənin yerində dingildədiyini görüb, ona bərk-bərk tapşırıb, demişdi: - Qızım, əlin, ayağın düz olsun. Ticarət elə şeydir ki, qazanc köpük-köpük yığılır, amma dağılanda birdən dağılır. Pul şirin şeydir, tamah adamı tez caydırır, əlin əyildisə, onu düzəltmək olmayacaq. Bax, bu sözləri qulağında sırğa kimi saxla, məbada əlini əyriliyə öyrəşdirsən, yoxsa peşiman olarsan, ha...”
Ələkbər kişinin bu sözləri, gülüburnunda olan, yerində fır-fıra kimi fırlanan, gözləri arpa yeyib, dənədüşmüş dananın gözləri kimi parıldayan Məsmənin bu qulağından girib, o biri qulağından vızıltıyla çıxdı.
Ələkbər kişi çoxdanın ticarətçisi idi. Tükü tükdən seçməyi bacarırdı. Dükana yüz adam birdən girsəydi belə, hamısını bir saatın içindəcə yola salar, bir qəpik belə artıq-əskikliyə yol verməzdi. Tərəzidə, haqq- hesabda da çox dəqiq idi. O qədər dəqiq idi ki, işə başlayandan, günün axırına kimi hər malda neçə qəpik, neçə manat gəlir qaldığını gözəyarı hesablayardı. Günün sonunda haqq-hesab edəndə hər şey dübbədüz, köpüyəköpük çıxardı. Hələ indiyə kimi heç bir yoxlayıcı ondan nöqsan tutmamışdı.
Onun gəliri özünün dediyi kimi, müştərilərdən saxladığı köpük-quruş deyildi. O, hər ayda iki tona qədər kağız işlədirdi. Dükanda satılan bütün ərzaqları qalın, sarı kağıza büküb verərdi. İki ton kağızın pulun hesablayanda Ələkbər kişi işindən də, güzaranından da razılıq edərdi. Həmişə zarafatla deyərdi ki, mən ailəmi kağızla dolandırıram. İnsafən, camaat da Ələkbər kişidən yerdən göyəcən razı idilər.
Məsmə işə başlayandan bir-iki ay sonra başladı yavaş-yavaş əliəyrilik eləməyə. Ələkbər kişi görürdü ki, qız xəlvətə salaraq arada köpük-quruşdan çırpışdırır. Dolayısıyla qıza başa saldı ki, əliəyrilik eləməsin, onun sözlərini yadından çıxartmasın. Amma onun bu sözlər, elə bil daşa deyilirdi, Məsmənin qulağına girmirdi ki, girmirdi.
Günlər keçdikcə, Məsmə xırda pullardan, artıq kağız pullara keçmişdi. Gündə bir-iki manat oğurlayırdı. İşinin sərrafı olan Ələkbər kişinin bu oğurluq gözündən yayınmırdı. Qıza dönə-dönə tapşırırdı ki, bu pis əməlindən çəkinsin.
Qız da and-aman edirdi ki, o bir qəpik də olsun pul götürmür.
Bir neçə dəfə Ələkbər kişi qızın, cibindən, çantasından oğurladığı pulları çıxarıb ona göstərsə də, qız tutduğu əməlindən əl çəkib düzəlmirdi ki, düzəlmirdi. Ələkbər kişi nəalac qalıb, Məsməni bir neçə dəfə işdən də qovmuşdu. Qız da hər dəfə ağlayıb-sıtqayıb yalvarırdı ki; - evdə ehtiyacımız var, dolana bilmirik, ona görə carəsizlikdən pul götürürəm.
Amma Ələkbər kişi bilirdi ki, o yalan deyir. Çünki onların yaşayışı o qədər də pis deyildi. Anası Badam arvad qızıl-gümüş alverçisi idi. Həm də, maaşından əlavə Ələkbər kişi Məsməyə hörmət də edirdi. Hələ üstəlik, ayın sonunda ona dükandan ərzaq da yardım edirdi. Qız qazancını ancaq paltara, ənliyə, kirşana verirdi. Hər gün yeni bir paltarda işə gəlirdi.
Ələkbər kişi ona dəfələrlə deyirdi: - Məsmə, bilirəm sən gələcəkdə varlı adam olmaq istəyirsən. Varlı olmaq üçünsə adama çoxlu pul lazımdır... Pul elə şeydir ki, hamı onu çox istəyir. Amma adam ki, ehtiyacından artıq pul qazanmaq sevdasına düşdü, demək, həmin adama abır-həya lazım deyil. Çünki pul onun abır-həyasını əvəz edir. Düzdür, həmin o adam həyatda var–dövlət sahibi olur, amma heç vaxt xoşbəxt ola bilmir.
Məsmə isə Ələkbər kişinin bu sözlərinə gülüb deyirdi: - “ Təki, adamın pulu çox olsun. Pul çox olanda xoşbəxtlik özü gəlib adamı tapır. Qaldı, abır-həyaya, day-day, onu itə də atsan it yeməz”.
Ələkbər kişi onun bu sözlərindən sonra bir daha anladı ki, bu qız düzələn adama oxşamır.
Günlərin bir günü işin sonunda pulların haqq-hesabını aparanda, Ələkbər kişi baxıb gördü ki, puldan əlli manat çatmır. O, Məsmədən puldan əskik gəldiyini soruşdu. Qız and içdi ki, onun bundan xəbəri yoxdur.
Ələkbər kişi təkrar soruşdu, xahiş etdi ki, əgər pulu götürübsə ehmalca gətirib qoysun yerinə.
Qız yenə də and-aman edib bildirdi k, nə pul görüb, nə də puldan xəbəri vardır.
Ələkbər kişi qızın qolundan yapışıb biraddımlığında saxladı və diqqətlə onun gözlərinin içinə baxdı. Qızın gözləri alışıb yanırdı. Elə bil, onun gözlərinin dərinliyində quyruqlu sarı bir ilan çabalayırdı. Həyəcanlandığına görə qız tez-tez dərindən nəfəs alırdı. Hər nəfəs aldıqca da, onun sinəsi qabarıb-enirdi. Qızın sinəsi qalxıb endikcə də, yumuru, iri döşləri az qalırdı ki, Ələkbər kişinin gözlərinə soxulsun.
Ələkbər kişi pulun Məsmədə olduğunu tam yəqin bilirdi. Amma istəyirdi ki, o, özü bunu boynuna alsın. Amma qız təkidlə pulun onda olmadığını israr edirdi.
- Mən bu gün müştərilərdən üçünün alış-veriş edəndə, üç diriəllilik xırdalatdırdıqlarını öz gözlərimlə görmüşəm. Bax, əlliliklərdən iksi burdadır, amma biri yoxdur, - deyə Ələkbər kişi qızı başa salmağa çalışdı.
Qız isə ağlamsınaraq, pulun onda olmadığını deyirdi və boynunu çiyninə qoyaraq gözlərini süzdürə-süzdürə Ələkbər kişiyə elə baxırdı ki, Ələkbər kişi, elə bil, isti suya düşən göy-göyərti kimi yavaş-yavaş pölüşküyürdü.
Amma o, özündə təpər tapıb ürəyində: - lənət sənə kor şeytan, - deyib özünü ələ almağa çalışırdı.
Həm, iş gününün sonu olduğuna görə, həm də dükana girən təkəm-seyrək adamların bu söhbətləri eşitməsin deyə, Ələkbər kişi durub dükanın qapısını içəridən bağladı və Məsmənin qolundan tutub dükanın yük, ərzaq yığılan yerinə apardı. Məqsədi qızın götürdüyü pulu gizlətdiyi yerdən çıxarıb ona göstərmək idi ki, bir də belə qələt eləməsin. O bilirdi ki, qız pulu harada gizlədib. Odur ki:
- Məsmə, qızım, pul səndədir, qaytar qoy yerinə və söz ver ki, bir də belə axmaqlıq eləməyəcəksən. Mən də səni bağışlayım. Axı, belə yaramaz. Mən dəqiq bilirəm ki, pulu sən götürmüsən, özü də bunu bilə-bilə etmisən. Axı, sənə neçə dəfə tapşırmışdım ki, ticarətçinin əl-ayağı düz olanda işi də yaxşı olar. Niyə mənim sözümə qulaq asmadın, belə yaramaz axı? Özün deyirsən ki, mən gələcəkdə ticarətçi olmaq istəyirəm. İstəyirəm ki, şəxsi dükanım olsun, var-dövlətim çox olsun. Bilirsən, dolanmaq üçün, ailə uşaq saxlamaq üçün ticarətçiyə kiçik bir dükan da bəs edər. Yetər ki, müştəriləri aldatmasın, təmiz işləsin. Yox, kimsə birdən-birə varlanıb, milyonçu olmaq istəyirsə, onda o başqa bir məsələdir.
Ələkbər kişi qızın qolundan yapışb özünə tərəf çəkdi və əlini qızın köynəyinin yaxasından içəri salıb alt paltarının arasından oğurladığı pulu çıxarmaq istədi.
Bu vaxt qız əllərini cütləyib kişinin əlinin üstünə qoydu və bərk-bərk Ələkbər kişinin vəl boyda əlini sinəsinə sıxıb saxladı. Kişinin şanaya oxşar barmaqlarının arasında Məsmənin ürəyi quş kimi çırpınırdı.
Ələkbər kişi diksinən kimi oldu. Amma tezcə də özünə gəlib, o biri əliylə qızın əllərini dartıb əlinin üstündən qopartdı və bu dəfə barmaqlarını qoşalaşdıraraq onun iki döşünün arasında gizlətdiyi əlli manat pulu çıxarıb, qızın gözlərinin qarşısında tutaraq dedi:
- Bəs, buna nə sözün? - Deyirsən yəni, onda bu pulu bura mən qoymuşam?!..
Məsmə başını aşağı salaraq, ayağının ucunu yerdə ora-bura sürüşdürə-sürüşdürə, bic-bic güldü və nazlana-nazlana:
- Siz qoyanda nə olar? – dedi.
Ələkbər kişi çoxdanın kişisi idi, həm də cavanlığında çox lotu adam olmuşdu. O qədər belə sırtıq üzlər görmüşdü ki, təndir yabası kimi, artıq ütülüb, sirinsimişdi. Amma heç vaxt namuslu qıza, gəlinə gözünün ucuyla belə yan baxmamışdı.
Qızın bu ikibaşlı sözləri onun, sanki gənclik hissiyyatını oyatdı. O, barmaqlarının ucuyla Məsmənin yumuru çənəsindən tutub, qızın başını bir azca yuxarı qovzadı və onun gözlərinin içinə baxdı.
Qızın gözləri diri-diri kişini yeyirdi. Ələkbər kişi bu gözlərə baxdıqca içərisindən qeyri-adi bir yanğı onun bədənini, yağda bişən balıq kimi çırthaçırt qovururdu. Özündən aslı olmayaraq əlləri, artıq, qızın bütün bədənində dolaşırdı.
Məsmə isə alışıb-yanan gözlərini Ələkbər kişinin gözlərindən çəkməyərək, elə bil yanan odun üstünə bir az da neft çiləyirdi.
Kişi özündə deyildi. O hisslərini, artıq idarə edə bilməyəcək dərəcədə bədbəxt və iradəsiz bir hala düşmüşdü. Nəfəs ala bilmirdi. Acı bibər yemiş adamlar kimi ağzından od-alov çıxırdı. Bədəni isə əsim-əsim əsirdi.
Məcmə bütün varlığıyla ona qısılıraq: - Sənə qurban olum, bəlkə lazım deyil, - deyərək, onsuz da ağlı başından çıxan kişini bir az da dəli edirdi.
Ələkbər kişi qulac qollarını Məsmənin belinə dolayaraq, onu var gücüylə özünə sıxdı. Qız tora düşmüş balıq kimi kişinin güclü qolları arasında çırpındı və sonra xəfifcə inildədi...
... Bu hadisənin səhəri günü Ələkbər kişi ərizəsini yazaraq, öz razılığı ilə işdən getdi. Dükanı isə, Məsməyə təhvil verdi...




7 dəfə oxundu

Axtarış