Varşava
Müəllif: Babək Abbaszadə


27.10.2017


Budapeşt, 19 Oktyabr 2017.

Səhər bir az tez durduq. Varşavada şimal şəhərlərinə məxsus adi bir qış səhəri idi. Dostumu təyyarə ilə Moskvaya yola salmalı idim. Dostum da vaxtilə məni bir cənub şəhərində, yayın istisində Famagusta dəniz limanından gəmi ilə yola salmışdı. Duş qəbul elədik, yumurta-sosiska ilə zeytun və pendir yedik, xurma ilə tünd çay içdik, altdan-üstən geyinib çıxdıq yola. Hava limanına gedən avtobusun dayanacağı bir neçə yüz metr aralıda idi deyə sumkanı sürüyə-sürüyə ora getməyə həvəs olmadı. Taksi çağırdıq. Hava limanına vaxtında yetişdik, həmişə olduğu kimi bir-birimizə bir neçə xoş söz dedik və sağollaşdıq.

Varşavada şimal şəhərlərinə məxsus adi bir qış səhəri idi. Soyuq və quru şaxtalı hava insanın gələcəyə olan ümidlərini dondururdu. Həmişə olduğu kimi yenə də boz buludlar havadan asılıb qalmışdılar. Sanki, kimsə şəhəri lənətləmişdi. Sonuncu dəfə Günəşi nə vaxt gördüyümü unutmuşdum.

Hava limanından bayıra çıxdım, siqaretimi çəkib mindim 188-ə. Şopen hava limanı şəhərdən xeyli uzaq yerləşdiyinə və ətrafda yaşyış olmadığına görə avtobus insan ayağı dəyməyən boz şimal çöllükləri ilə şəhərə tərəf şütüyürdü. Soyuq havalar və əbədi boz buludlar insanın həyat eşqini öldürürdülər. Qayğılarla yarımçıq arzular bir-birinə qarışıb boz şimal çöllükləri boyu adamdan əl çəkmirdilər. Bu uzun və mənasız yola azca rəng qatmaq üçün qulaqcığı çıxardıb Müslüm Maqomayevin Elegiyasını dinləməyə başladım.

Avtobus mənim kimi hava limanından, dostlarını və yaxınlarını yola salıb şəhərə qayıdan kədərli adamlarla dolu idi. Hər kəsin üzündən hüzn və kədər süzülürdü. Elə bil 1946-nın qışı idi, İkinci Dünya Müharibəsi təzəcə bitmişdi və bizi tamamilə dağılmış şəhərin xarabalıqlarını təmizləməyə aparırdılar. Sonsuz çöllüklərə baxıb hərə öz dərdini-sərini yadına salırdı. Mən də daxil olmaqla qarnı tox olan, isti və qalın paltarlar geyinmiş, isti hava limanından çıxıb, isti avtobusla isti evlərinə və iş yerlərinə tələsən bu adamların dərdləri ucsuz bucaqsız şimal çöllüklərindən daha geniş, bu çöllüklərlə uzanan mənasız yoldan daha uzun idi.

Bu çöllüklərdə heç kim yaşamasa da, bəzən, yaxınlıqdakı digər balaca qəsəbələrdən gəlib burdan keçən yolların kəsişməsində insanlar marşrutu dəyişə bilsin deyə dayanacaqlar qoyulmuşdu.

Avtobus belə dayanacaqlardan birinə yaxınlaşanda o, çöllüyün ortasında gizləndiyi yuvasından qalxıb tələsik addımlarla avtobusa tərəf gəldi. Dayanacaqda ondan başqa minən və ya düşən olmadı. Özünü birtəhər arxadakı oturacağa yıxdı. Avtobusu spirt iyi bürüdü. Əynindəki üst-üstə keçirdiyi cırıq paltarların aralarına dolmuş quru şimal şaxtası avtobusun arxasını xeyli soyutdu.

Yuxusuz və gərgin idi. Gözləri qızarmışdı. Üzünün və əllərinin dərisini bir neçə yerdən şaxta partlatmışdı. Yaraların üstü qaysaqlasamış, aralarındakı çatlardan axan nazik qan sızıntıları sifətində donmuşdular. Qəribə bir diqqətlə qarnı tox olan, isti və qalın paltarlar geyinmiş, isti hava limanından çıxıb, isti avtobusla isti evlərinə və iş yerlərinə tələsən bu kədərli adamlara baxırdı. Kim bilir, nə fikirləşirdi. Bəlkə də heç nə fikirləşmirdi. Sifətindən süzülən su damcıları bilmək olmurdu göz yaşlarıdır, yoxsa avtobusun istisindən sifətində əriyən qırovun suyu. Qollarını oturacağın qabağındakı nazik dəmir turbanın üstünə uzadıb üzünü gizlətdi və isti, şirin yuxuya getdi.

Artıq avtobus Vistula çayına yaxınlaşırdı. Çayın o tərəfindən şəhər yavaş-yavaş, seyrək evlər və arabir binalar şəklində başlayırdı. Avtobusda dayanacağın adı səslənəndə başını qaldırıb həyəcanla qabağa, şəhərə tərəf baxdı. Dayanacaqda düşüb yoldan çıxdı. Qərarsız şəkildə sağa-sola baxıb azca duruxdu. Əvvəl çaya, sonra şəhərə tərəf boylanıb təzədən avtobusa tərəf baxdı. Görünür, hava gözlədiyindən də soyuq idi. Artıq, avtobus yerindən tərpənmişdi. O isə yerində mıxlanıb çaya baxırdı.

Biz körpünü keçəndə o, yorğun şəkildə, ayaqlarını sürüyə-sürüyə soyuq, boz və yiyəsiz şimal çöllüyündəki kolluqlara tərəf gedirdi.

***

Varşavaya yaz gəlmişdi. Şəhəri tanımaq olmurdu. Boz şəhərdən əsər-əlamət qalmamışdı. Hər ağac bir rəngdə çiçək açmışdı. Xüsusən, albalı çiçəklərinin ətri şəhəri bürümüşdü. Hələ bu harasıdır, arada Günəş də çıxırdı. Şimala məxsus təbiət gecə saat 4-də, 5-də oyanırdı. Səhərin alatoranlığında şehli budaqların araşına doluşmuş quşların cəh-cəhi adamı budilnikdən əvvəl oyandırırdı. İnsan təbiəti müşahidə eləməkdən doymurdu. Canlanmış həyat müxtəlif formalarda insanın gözündən, qulaqlarından və burnundan içəri dolub adamın qanını qaynadırdı.

Hər dəfə dərsdən qayıdanda, “Rondo Vaşinqton”da düşür, evə qədər bir neçə kilometri ya park adı verdikləri meşəliklə, göllərin arası ilə, ya da parkın yanı ilə evə kimi piyada gedirdim. Əslində, adam heç evə getmək istəmirdi, təbiət insanı dartıb evdən bayıra çəkirdi. Yalnız, belə havalarda şəhər insanının təbiətdən nə qədər uzaq yaşadığını, yəni, natamam bir həyat yaşadığını hiss etmək olurdu. Milyonlarla insan səhər bir binadan çıxıb dəmir qutularla başqa binalara axışır, günü həmin binada yola verib axşam yenə həmin dəmir qutularla həmin çıxdıqları binalara tərəf tələsirdilər. Yaz, Yay, Payız, Qış – onlara heç bir fərqi yox idi. Evdə, marşrutlarda və ofislərdə temperatur və hava dəyişmirdi.

Həftəsonu olsa da dərsdə idik. Professor Polşanın cənubunda yerləşən başqa bir şəhərdə, Krakovda yaşadığına görə arada gəlib dərslərini altı-bazar keçib gedirdi. Fənnin adı Kultura və Cəmiyyət idi. Həmin gün dərsin mövzusu ölüm, daha doğrusu müxtəlif cəmiyyətlərin, mədəniyyətlərin ölümə və ölülərə olan fərqli münasibətləri idi. Dərsdən çıxdıq. Ac və yorğun idim. Evə tələsirdim. Tez özümü 24 nömrəli trama çatdırdım. Tram Vistulanın üzərindən başqa bir körpünü, “Most Poniatowskiego”nu keçib dayanacağa çatmamış dayandı. Ondan əvvəl isə bir neçə tram dayanıb sərnişinləri boşaltmışdı. Bizi də düşürdülər. Polis yolu bağlamışdı. 1-ci tramın yanında Ambulans da var idi.

Tramda bir neçə həkim və polis nəyinsə başına yığışmışdılar. Maraq xatirinə yanlarından keçəndə tramın açıq qapısından içəri baxdım. Bir nəfər “evsiz” çayın üzərindən keçəndə, tramda ölmüşdü. Sifəti mənə tanış gəldi. Əvvəlcə elə bildim, yəqin hansısa metronun çıxışında filan görmüşəm. Bir az da gedəndən sonra yadıma düşdü. O, idi.

Qəribədir, Varşavanın şaxtalı qış gecələrinə çöllükdə qalib gəlmiş adam, baharda, isti tramda ölmüşdü. Görünür, qışda soyuğa tab gətirmək üçün çoxlu spirt içməyə adət etimiş, yaz gəlsə də, adətini tərgidə bilməmiş, çox içdiyinə görə ürəyi istiyə tab gətirməmişdi.

7 dəfə oxundu

Axtarış