VƏTƏN - ƏSGƏR ORDUBADLI
Müəllif: YAZARLAR.AZ


01.10.2021


Vətən

Vətən adlı anamız var, bu adla
Fəxr etmişik, öyünmüşük həmişə.
Bu torpağa ayaq basan yağılar
Valeh olub Hüsnündəki gülüşə.
* * *
Gəl seyr edək bu torpağı bərabər
Hər bucaqda birvtarixin daşı var.
Əsrlərə tarix yazan cəngavər
Nə bilsin ki onun neçə yaşı var.
* * *
Nəzər salsaq biz Qoşqara, Kəpəzə
Min illərin tarixini görərik.
Qonaq olsaq Qarabağda, Azıxda
Daş dövrünün sakinini görərik.
* * *
Min illərin tarixində səsləşən
Öz adın var, öz səsin var, sözün var.
Dədəm Qorqud dastanıyla dəstləşən
Neçə böyük salnamədə izin var.

Yollar məni kəndimizə aparın

Bu yerlərin havasına uymadım.
Çiçəklərin xoş ətrini duymadım.
Doğma kəndin heç yerindən doymadım
Yollar, məni kəndimizə aparın.
* * *
Hey gəzərdim dağı- daşı, aranı.
Xoş keçərdi orda ömrün hər anı.
İntizarda saxlamışam anamı
Yollar, məni kəndimizə aparın.
* * *
O nazlı yar çıxıb getmir yuxumdan.
O qız mənə əziz idi çoxundan.
Əlin tutum, salam deyim yaxından
Yollar, məni kəndimizə aparın.

Dəyişmərəm

Sən çiçəksən, ətrinə
Dünyanı dəyişmərəm.
Görüşünə gördüyüm
Röyanı dəyişmərəm.
* * *
De mələk nə, pəri nə
Çatmaz bərabərinə.
Mən Əsliyə, Şirinə
Leylanı dəyişmərəm.
* * *
Hey yalvardım Xudaya
Sənsiz günüm olmaya.
Min günəşə, min aya.
Simanı dəyişmərəm.

Müqəddəs məzar

Tənha bir məzar....
Bu işdə bir sirmi var
Ətraf dolu insanla
Gələn ona baş əyir.
Diz çöküb bu məzara
Halallıq da istəyir.
* * *
Əllərində çiçək var
Anaların, qızların.
Başına toplaşıblar
Bu müqəddəs məzarın.
* * *
Analar oğlum deyir,
Gəlinlər deyir qardaş
Sənə tuşlanan güllə
Kaş, mənə dəyərdi kaş.
* * *
Azad olsun bu vətən,
Azad olsun Qarabağ.
Köçkünlərim yaşasın
Alnıaçıq, üzü ağ.
Kimsə qaçqın deməsin
Mənim ana - bacıma.
Gülərüzlə qayıtsın
Xocalıya, Laçına....
* * *
... Bunu o istəmişdi,
onun arzularıdır.
Bu məzar o qəhraman
Şəhidin məzarıdır.

Müəllif, Əsgər Ordubadlı
YAZARLAR.AZ

8 dəfə oxundu

Axtarış