Xıyal Taciyeva Murasker (Qırğızıstan)
Müəllif: Firuz Mustafa


13.05.2021



Yaxşılıq

Könlümdə cücərir şirin arzular,
Gözümdən getməyir sənin xəyalın.
Çöküb ürəyimə ürək sözlərin,
Bir sərhəd tanımır sorğu-sualın.

Duyuram könlündən gəlib keçəni,
Orada bayramdır, bilirəm bunu.
Heç kəs bilməyir ki, bu yer üzündə
Nə ilə bitəcək əzəlin sonu.

Olsun ki, dünyada sənin dünyana
Kimsə bələd deyil məndən savayı.
Hələ körpəlikdən düşünmüşük ki,
Günlər əkiz olur adamsayağı.

Mənim aydın günüm, solmaz baharım,
Mən sənə yaxınam, sən mənə uzaq.
Sənə əlim çatmır, eşidirsənmi,
Sənə ünüm yetmir, dön geriyə bax.

Elə bil sən mənə saray tikmisən,
Orada hamıdan xoşbəxtəm, şadam.
Bəzən xoşbəxtliyin düz qənşərində
Xoşbəxt olduğunu dərk etmir adam.

Bilinmir hardadır əvvəl ya axır,
Bir an bir ömür tək uzundur hərdən.
Bax indi uçuram sonsuzluqlara,
Uçuram, Aya da əl edirəm mən.

Səndən güc almışam, ilham almışam,
Daim dayaq oldun, mənim əzizim.
Sənin yaxşılığın, xeyirxahlığın
Önündə bir daha edirəm təzim.


Sən gələndə...

Bu dünya necəsə qoy elə qalsın,
Sanki ruhumdadır bütün kainat.
Günlərim gümüş tək alışıb yanır,
Ürəyim qapqaynar bir yaya həsrət.

Sənin təbəssümün Günəş yaradar,
Necə də gözəldir gülüşün sənin.
Bir ömür lazımdır bu təbəssümü
Duymaqçün, sevməkçün, əzizim, yəqin.

Min dəfə olmuşam sən olan yerdə
Könlümü üzübdür dərdlər, ələmlər.
İşıqla qaranlıq üz-üzə gəlib,
Bu yay da bu yandan bir işıq ələr.

Sən olmayan yerdə heç mən də yoxam,
Bu günəşli yay da yoxdur orada.
Elə yay özü də sevgi kimidir-
Sənsən, bir də mənəm bax bu arada.

Getmə, qınayarlar sən getsən məni,
Onsuz da bu ömür qısadır, qısa.
Düzdür, mən ölümdən qorxmuram qəti,
Məni sənsizliyim batırır yasa.

Sən olan yer mənə sonsuz kainar,
Sənsiz çox qorxuncdur mənə bu həyat.


Coşqu

Nədənsə ürəyim sığmır köksümə,
Boranlı qış belə gözəldir indi.
Mənə elə gəlir bütün kainat
Elə bizə görə bəyaz geyindi.

Sənin sevgi dolu baxışlarınmı
Məni də durultmuş təbiət təkin?
Elə təbiət də bizə baxaraq
Ağappaq paltara bürünüb sanki.

Mən içimdə doğan işığı gördüm,
Gözlədim göylərdən gələn mələyi.
Həmin an düşündüm: dünya mənimdir,
Və bildim: dünyaya gəlmişəm niyə.

-Qış gəldi!-deyirsən, üşünərək sən,
-Amma məndə yazdır!-demək istədim.
Mən bütün bunları bilmirəm düzü,
Necə izah edim sənə, qismətim.


Adsız şeir
Mən ağladım, mən ağladım, göz yaşımı saxlamadım,
Sənlə bağlı öz hissimi, öz duyğumu boğammadım.
Ayaq üstə durammadım sinən üstə diz çökərək,
Sarıldım mən sənə bir söyüd budağı tək.
Ağladım, ağladım,
Düşdüm ayağına.
Mən o zaman hiss elədim göz yaşının sevincini.
“Bəs şərəfin hanı?” –deyə, sorarlar zatən.
Amma bu diz çöküşümdə,
Bu hıçqıqıqda, bu dərddə
Bir rahatlıq qazandım mən.
Bütün vücudumla ağladım,
Birdən ürək qışqırmaq istədi,
Başladı çırpınmağa.
O zaman bilmədin sən nə edəsən,
Hətta saçıma da sığal çəkmədin.
İlk dəfə göz yaşı görən uşaq tək,
Baxdın üzümə.
Yanağına toxunub
Sağ əlinin ovcuyla.
Mənə elə gəldi ki,
İlk dəfədir görürəm səmanı.
Göy gərilib var gücüylə.
Başqasının mənə acımasına nifrət edirəm,
Amma sənin mənə acımağınçün
Xiffət edirəm.
Sinəmdə daşa dönmüş əzablı hikkəm
Axaraq göz yaşımla
Sənin qoynuna axdı.
Bax mən onda rahat oldum,,
Hirsim-hikkəm səngidi.
Bəs sən mənim göz yaşımla,
Sevgimlə necə davrandın?
Sənin qucağında mənim isti göz yaşım
Qalırmı bax eləcə-qaynar, isti, od kimi....
Yenə də qalıbdır isti göz yaşım.
Mən inanmıram, içimdə bir kəlmə var:
“Bunu kim bilir?”

Tərcümə edəni: Firuz Mustafa




149 dəfə oxundu

Axtarış