Yad qızı-Hekayə
Müəllif: Vüsalə Qələndərli


09.10.2017


Mağazaya yanında soyuqdan tir-tir əsən iki qız uşağı ilə daxil olan ana oğurluq edibmiş kimi sağa-sola döyükür, sanki qızlarının yanında günahkar biriymiş kimi gah onlardan üzr istəyir, gah da əlindəki pul kisəsinə dəfələrlə baxır, beynində nəsə hesablayır, başını yelləyir. Satıcı qız onlara yaxınlaşıb:

-Xanım, nə almaq istəyirsiniz?- deyə soruşdu.

- Baxıram bacı.

Uşaqların simasında bir təbəssüm yarandı

-Qızlar siz nəyə gülürsüz hə, mən ananıza nə dedim ki, güldünüz deyin görüm?

-Xala, anama xanım dediz, bu günə kimi evimizdə ona xanım deyən olmamışdı.

-Necə yəni?

-Hə xala, nənəm ona yad qızı, ifritə deyir, bibilərim ona yetim deyir, atam isə, arvad, ay arvad deyir.Amma siz xanım dediz. Qaraca qızın kinosundakı kimi, Xanım.. .

Satıcı gözlərini uşaqların sevinc dolu baxışlarından çəkə bilmir. Onlarla daha yaxından tanış olmaq istəyir. Amma alıcılar imkan vermir,

-Növbədə kimdir, kassaya yaxınlaşsın xahiş edirəm..

Bayaqdan seyr etdiyim bu mənzərə ürəyimi parçaladı, necə yəni, yetim, yad qızı, arvad... Axı o anadır, xanımdır.. Xanımlıq məyər var dövləti, yaxşı qohum-əqrabası olanamı deyilir.

Əyin başlarından görünürdü kasıbdırlar, çox kasıb.Ananın aldığı bazarlıqdan bəlli idi ki, ayağını yorğanına görə uzatmağa çalışır.

-Yarım kilo soğan, 1 kilo kartof, varsa ətin sür-sümüyündən mənə yığın xahiş edirəm.

-Ətindən heçmi qoymayım xanım?

-Yox, pulum azdır.

-Buyurun, xanım bizdə sümüyə pul almırlar.

Qadın elə sevindi ki, elə bil ona dünyanı verdilər.

Bu arada deyim ki, bayram ərəfəsindəydik. Camaat bayram bazarlığı edirdi. Elə uşaqlar bir ağızdan dedi:

-Ana, bax onlar nə çox şey alır, ana bax onlar şirniyyatlar, çoxlu meyvələr alır, ana, uşaqlara hədiyyə də alırlar bax...(dodaqları büzülmüş halda bayram hədiyyələrinə, alış-veriş edənlərə baxırlar, bir də öz bazarlıqlarına)

-Ana, sən bizə demişdin bu il bayram olmayacaq, axı hamı bayrama hazırlaşır..

Suçluymuş kimi yönünü o tərəfə çevirən ana "Bizim də bayram fələcək, qızlar, gedək kassaya"- dedi.

-Hesablayın, görün nə qədər edər.

-12manat xanım.

-Siz onun üstündən kanfeti götürün ki pulum çatsın.

-Ana yox, konfet qalsın!

-Onda almanı götürək.

-Yox ana, alma da qalsın!

-Qızlar söz vermişdiz ki heç nə istəməyəcəksiz, yalvarıram qızlar etmiyin belə..

-Onda..

Artıq olanlara tab gətirə bilmədim, "Xanım xahiş edirəm bura yaxınlaşın"- dedim.

Qorxaq baxılşarını gizlətməyə çalışaraq qızlarının əllərini bir ovcuna. aldığı bazarlığı isə digər ovcunda sıxmışdı.

-Xanım hesabınızı ödədim mən, götürün gedin.

Bir xeyli də özüm bazarlıq edib verdim. Ana yaxın durmaq bilmir.

- Yox nə danışırsız, elə şey olar. Olmaz, olmaz...

"Olar xanım götürün"- dedim, yenə razılaşmadı. Onda borc olaraq götürün dedim. Uşalara bayram keçirin. Bayram bütün uşaqların haqqıdır.

Ana uşaqlarının üzündəki sevincə baxdı, bir də bazarlığa. Utanırdı amma, uşaqların da xətrinə dəymək istəmirdi.

Çəkinə-çəkinə "Bir iş tapım mütləq ödəyəcəm"- dedi.

Xanım siz işə götürüldüz, sabahdan bizim işçimizsiz. Gəlib bayramdan sonra işləyə bilərsiz dedim. O an iki qız uşağının yaşadığı sevinci ifadə edə bilmərəm.

-Bundan sonra anamız həm işçi olacaq, həm də xanım olacaq. Ona hamı xanım deyir burda, uraa...

Bəli ana hələ də bizim marketdə işləyir. Qızları da böyüyüb. İndi o evdə çox şey dəyişib. Onların evlərində bayram hər il olur, amma dəyişməyən bir şey var, gənc ana işdə xanım, evdə yad qızı, yetim, arvaddır. Ona evində isti münasibət hörmət yoxdur. Məni də üzən bax budur...

Vüsalə Qələndərli

11 dəfə oxundu

Axtarış