Yandırılmış kitablar...
Müəllif: Meyxoş Abdullah


22.01.2021


(hekayə)

(Bu hekayə, Cəlil Məmmədquluzadə mükafatı laureatı
satirik yazıçı, mərhum Hacıbala Əmirə ithaf olunur)

Nəşriyyatın direktoru zəng vurmuşdu. “Ərəsey cöngəsi” adlı kitabımın nəşr olunduğu xəbərini mənə deyirdi.
Çox sevindim və elə səhəri günü Bakıya yola düşdüm. Kitabım 500 nüsxə ilə nəşr olunmuşdu.
Nəşriyyatın direktoru ilə qabaqcadan razılaşmışdıq. Kitabların qiymətinin yarı pulunu ödədim. Yarısının isə, kitablar satılandan sonra, bir ay müddətinə ödəyəcəyimi söylədim.
Kişi mənimlə razılaşıb: - Müəllim, Allah xeyrini versin! – dedi.
Ürəyimdə gülümsədim; - “Pa... kitablar satılandan sonra”. Guya, kitaba pul verən var idı. O da ola, mənim yazdığım kitablara. Mən qanamayan yerdən qan çıxaran adam idim. Əslində, həqiqəti yazırdım. Toyuq oğurusundan tutmuş, rüşvət alan həkimdən, polisdən, icra başçısından, ta nazirə kimi hər kəsdən yazırdım. Ona görə də, adım hər yerdə vayqanlıydı. Hamı məndən uzaq qaçırdı. Evdə arvad uşaqdan tutmuş, qohum-əqrabaya kimi, hamı mənim yazmağımın əleyhinə idi.
Amma mən də mən idim a, tutduğum yoldan əl çəkən adam deyildim. Başım nə qədər müsibətlər çəksə də, yenə də yazırdım. Yazmasaydım rahat ola bilmirdim. Özümə söz vermişdim ki, ta ölən günümə kimi bu hoqqabazlardan əl çəkməyəcəyəm.
... Hə, bir taksi danışıb, kitabları 40 manata Bakıdan Cəlilabad rayonunun Alar kəndinə aparmağı sürücüylə razılaşdıq.
Səliqə ilə bükülmüş on bağlamadan ibarət kitabları sürücünün köməkliyiylə maşının yük yerinə yığdıq. Sonra isə rayoma yola düşdük.
Çox sevinirdim. Yazı-pozu adamı belədir də, kitabı çıxanda, elə bil övladı dünyay gəlir. Bəs necə, yuxusuz gecələr keçirirsən, o qədər əziyyət çəkirsən ki, canın düşür, gözünün nuru çəkilir. Kitab da sənin övladın kimi bir şeydir də...
Budəfəki kitabım o birilərindən də kəskin yazılmışdı. Qonşu kənddə biri vardı, ona Mayılov deyirdilər, böyük vəzifə sahibi idi. Çamaata qan uddururdu. Kitabımda onu yıxıb, sürümüşdüm. Mayılovu elə günə salmışdım ki, bu xəbər ona çatanda, onun adam içinə çıxmağa üzü olmayacaqdı. Kişinin belini əməlli-başlı sındırmışdım.
Kefim kök olduğuna görə, maşını Səlyanda yeməkxanaların birinin həyətinə sürdürüb yaxşıca nahar da etdik. Sürücünün könülsüz yemək yediyini görüb, onu sakitləşdirərək dedim:
- Bacıoğlu, narahat olub-eləmə, pul dayılığdır. Kitabım çıxıb, sənə qonaqlıq verirəm. Bunun yolpuluna heç bir dəxili yoxdur, danışığımız danışıqdır.
Sürücü mənim bu sözlərimdən sonra rahatlıqla yeməyini yeyib ayağa qalxdı.
Yolboyu öz-özümə haqq-hesab edirdim. Əcaba, görəsən bu kitabım camaat tərəfindən necə qarşılanacaqdır? O biri kitablarım çıxanda bizim evdə müsibət qopardı. Qızım dərsdən gələn kimi düşərdi anasının üstünə ki, bəs, sinifdə müəllim məni danlayır. Deyir ki, sənin atanın iş-gücü qurtarıb məgər, məktəbin direktorunu məsxərəyə qoyur? Yazır ki, direktor hər bir müəllimdən ayda əlli manat pul yığıb, təhsil şəbəsinin müdirinə verir.
Oğlum isə hirslə anasının üstünə qışqırıb deyir: - Ay ana, məşğələ müəllimimiz mənə deyir ki, bir də mənim yanıma məşğələyə gəlmə. Sənin atan bizdən yazıb çörəyimizə bais olur. Guya, biz dərsin yarısını şagirdlərə sinifdə, yarısını isə evimizdə keçirik. – Nə olar, atama de ki, bizim müəllimlərimizdən yazmasın da...
Bunları birtəhər yola verirdim. Qorxum, təkcə həyat yoldaşımdan idi. Kitabım yox a, lap cilid-çilid külliyyatım çıxsaydı da belə, zalım qızının bir dəfə də olsun üzü gülməzdi. Bilirdim, kənd-kəsəkdə mənim adımın demoqoq kimi çıxması, arvadıma pis təsir edirdi. O, dükan-bazara gedib qayıdanda sonra, odunu, suyunu götürüb düşürdü mənim canıma ki, bəs filankəsin arvadı camaatın içində mənim abrımı ətəyimə bükdü. Dedi ki, ərin niyə görə mənim ərimin var-dövlətindən yazır. Nə olsun ki, ərim kənddə bələdiyyə sədri işləyir. Onsuz da, hamı bilir ki, bələdiyyə üçün ayrılan pulun hamısını, dəc olaraq icra başçısı götürür də. Atasına lənət olsun ki, əgər ondan bir qara köpük ərimin əlinə dəyirsə.
Nə bilim, filan mollanın arvadı mənə ağzına gələni dedi. Dedi ki, sən nə vaxtsa onun əri barədə qəzetdə “Tülkü həccə gedir” yazısı yazmısan. Sonra yol idarəsinin müdirinin arvadı ağzını açıb gözünü yumur ki, bəs, sənin ərin mənim ərim haqqında yazı yazıb. Yazının adını da “Qıroğrusu Qəzənfər” qoyub.
Arada arvadıma yazığım gəlirdi. O yazıq neyləsin ki... O da kəndin arvadları kimi qulağıdinc yaşamaq istəyirdi.
Bunları beynimdə götür-qoy edə-edə, onda gördüm ki, kəndimizə çatmışıq. Sürücüyə yolu göstərdim. Əyri-üyrü küçələrlə gəlib həyətimizə çatdıq. Darvaza açıq idi. Maşını darvazadan içəri sürdürdüm.
Həyətə girəndə gözlərimə inanmadm. Həyətin düz ortasında üç nəfər dayanmışdı. Ortada dayanan kişini o dəqiqə tanıdım, qonşu kəndçimiz Mayılov idi. Maşının yük yerindəki “Ərəsey cöngəsi” kitabımın qəhrəmanı Mayılov.
O dəqiqə dalağım sancdı. Amma sürücünün yanında özümü yerə vurmamaq üçün, maşından düşdüm və həyətin ortasında, ələm ağacı kimi qacımış Mayılova yaxınlaşdım. Əlimi ona uzadıb:
- Xoş gördük, Mayılov, sizdən nə əcəb bizə təşrif buyurmusunuz? – dedim.
Mayılov əlinin arxsıyla ona uzanan əlimi kənara itələyib rişxənd ilə:
- Eşitdim qəttəzə kitab yazmısan, şair. O kitabını oxumağa gəlmişəm..
Barmağımı dişlədim və işin nə yerdə olduğunu anladım. Odur ki, onun fikrini azdırmaq üçün dedim:
- Nə kitab, Mayılov?
- Ə, nə bilim, nə kitab? Ərəsey cöngəsidi, nə bilim ərəsey düyəsidi nədi adı? Səndən baş açmalıdı ki... Mənə bu gün xəbər verdilər ki, bəs, kitabları gətirirsən. Dedim, əziyyət çəkib ona-buna paylayınca, elə hamısını özüm götürüm oxuyum da...
Sonra Mayılov yanındakılara əmr etdi:
- Götürün, maşının bagajından o zibilləri!
Yanındakılar həmən anda maşına tərəf cumdular və maşının yük yerinin qapağını qaldırıb səliqə ilə kağıza bükülmüş on bağlama kitabı həyətin ortasına boşaltdılar.
- Yandırın o kitabları! – deyə Mayılov bağırdı.
Yanındakılardan biri cibindən şüşə bir butulka çıxarıb, içindəki benzini kitabların üstünə tökdü. Sonra o, çönüb Mayılovun üzünə baxdı. Mayılov cibindən alışqan, papiros çıxartdı. Əvvəlcə bir papiros yandırıb, damağına qoydu, sonra alışqanı yana-yana benzin tökülmüş kitabların üstünə atdı. Kitabları alov bürüdü.
Dəhşətə gəldim. Özümü tez odun içinə atıb kitabları xilas etmək istədim. Mayılovun yanındakı adamların hərəsi bir qolumdan tutub, məni kənara çəkdi və bərk-bərk məndən yapışdılar.
Kitabların yanıb kül olması yarım saata qədər çəkdi. Əslində, od tutub yanan kitablar yox, elə bil, od vurulub yandırılan özüm idim.
Mayılov üzümə baxıb paxla qazanı kimi pıqqıldayırdı:
- Necədi, şair, xoşuna gəldimi? Sənə neçə dəfə deməmişdimmi mənə sataşma?
Hirsimdən bütün bədənim tir-tir əsirdi. Özümü saxlaya bilməyib qışqırdım:
- Yazacağam!.. Bundan sonra daha betədini yazacağam. Sən mənim kitablarımı yandırdın, mən də yazıb sənin, lap, atovu yandıracağam, baxarsan! - dedim.
Mayılov sakit tərzdə:
- Yaz, yaz... Nə qədər kefin istəyir yaz. Yazacaqsan, gəlib yenə yandıracağam.
- Baxarsan, yazacağam! - dedim.
- Yazacaqsan, bu dəfə özünə od vurub yandıracağam.
- Onsuz da, özümü yandırdın da... Neçə illik zəhmətimi kül etdin, əclaf. – deyə özümü saxlaya bilməyib hönkürdüm.
- Belə olarsan ha, adam-zad saymırdın. Özünü hamıdan ağıllı bilirdin. Elə bil, səndən başqa bu məmləkətdə yazı yazan yoxdu. Sən şüt törəmisən?! Odur e, filankəslər başlarını aşağı salıb, güldən-çiçəkdən yazırlar, kitablarını çıxarırlar. Sonra da gətirib bir neçəsini mənə hədiyyə verirlər. Mən də özümə görə bir kişiyəm də, çıxarıb onların xalatını verib yola salıram. Ə, şairlik belə olar da. Yoxsa, sənin kimi? Sən; - dədəm mənə kor dedi, hər yetəni vur dedi, - deyib hardan gəldi, kimdən gəldi yazırsan Belə olmaz axı, biz də adamıq, ailə-uşaq sahibiyik. Daha, biabır olmuşuq, sənin əlindən. Evdən bayıra da çıxa bilmirik. Qohum bilmirsən, hampa bilmirsən kimdən gəldi yazırsan. Nə oldu, bəs?! Al, bu da yazdıqlarının cavabı.
Mayılov sözünü deyəndən sonra yanındakılarla birlikdə maşınlarına oturub getdilər.
Əsəbimdən hönkür-hönkür ağlamağa başladım. - Bu nə iş idi başıma gəldi, ilahi?! – deyə taleyimə acıdım.
Birdən kim isə qoluma toxundu. Baxanda görüm ki, məni gətirən sürücüdür.Yazıq maddım-maddım üzümə baxaraq:
- Şair, pulumu ver, məni yola sal gedim də, gecdir axı, Bakıya qayıtmalıyam! - dedi.
Onun bu sözlərindən diksindim.
- Nə pul?!..
Birdən yadıma düşdü ki, sürücüylə söz danışmışıq. Odur ki, əlimi cibimə salıb, qırx manat pul çıxartdım və sürücüyə verdim.
Sürücü pulu alıb ondan on manatını mənə qaytardı və:
- Şair, yolda qonaqlıq vermişdin. Baxıram, qonalıq düşmədi mənə. Xahiş edirəm, bu pulu götürəsiniz. Qismət olar gələn dəfə oturarıq.
Kitablar, artıq yanıb qurtarmışdı. Həyətin ortasında bir yığın kül qalaqlanıb qalmışdı. Əlimi cibimə salıb dəsmalımı çıxartdım və küldən bir ovuc götürüb dəsmalın arasına qoydum. Sonra dəsmalı düyünləyib cibimə basdım. Dedim, heç olmasa bu yandırılmış kitablarımın külünü arxivimə qoyum, gələcək nəsillər bilsinlər ki, başım nələr çəkibdir...
...Bir neçə gündən sonra maaşımı alıb nəşriyyata 250 manat borcumu göndərdim. Nəşriyyatın direktoru pula görə mənə zəng vurub, razılığını bildirdi:
- Hacıbala müəllim, maşallah, kitablarını nə tez satıb yerbəyer etdin. Demək, siz tərəflərdə hələ də, kitaba qiymət verən adamlar varmiş, ha. Halal olsun onlara! - dedi.
- Hə, - dedim, - müəllim, bizlərdə elə oxucular var ki, kitabı “obtavoy” oxuyurlar, birnəfəsə...
Nəşriyyatın direktoru sözlərimdən bir şey anlamadığından:
- Nə yaxşı... Təki, belə oxucuların çox olsun, müəllim.


15 dəfə oxundu

Axtarış