YARANA- YUSİF NƏĞMƏKAR
Müəllif: YAZARLAR.AZ


02.11.2021


YARANA
Yar əlindən qanlar axdı saraya,
Daşqın sellər nələr etdi Saraya!..
İki istək sinələri sara, ya
Hey daşdana diləklərdə yar, ana.
* * *
Dəriləndə dərələrdə çiçəklər,
Atar aşiq qızılcalar, çiçəklər...
Yaş yalayan yanaqların çiçəklər,
Çiçəklərin əlac edər yarana.
* * *
Əsirlərin yatar gecəyarıdan;
Yetişincə yarı gecə, yarı dan.
Sınaq elə, eşqi yalan yarı dan,
Ax, nə hacət, yanan sənə yarana?!
* * *
Aralıqda ara yaxan ara çağ...
Arananı arayaq, ara açaq.
Yar-yaxın da sədaqətlə aracaq,
Yaxşı yarı yaddaşında yar ana!..
* * *
Qara qaşın qaranlıqdan qaradı,
Yaza yaddir qara qışın qar adı.
Əllərinin hərarəti qaradı...
Əllərini qaytar yara yarana!...
Müəllif, Yusif NƏĞMƏKAR

YAZARLAR.AZ və BİTİK.AZ

3 dəfə oxundu

Axtarış