YARAŞIR - MAHİRƏ NAĞIQIZI
Müəllif: YAZARLAR.AZ


28.09.2021


Yaraşır
Özü çıxıb müjdə verdi millətə,
Müjdəsinə neçə qurban yaraşır.
Zülm edənin canı düşdü zillətə,
Uca millət, sənə ad-san yaraşır.
* * *
Həyan umduq gələn səsdən-səmirdən,
Tanrı verdi səbrimizi dəmirdən.
O illəri tale çıxsın ömürdən,
Nə cür desən, nə cür yazsan, yaraşır.
* * *
Elə bil ki, dünən burdan köçmüşəm,
Füzulidən, Cəbrayıldan keçmişəm.
Həsrətini zəhər bilib içmişəm,
Muradın al Zəngilandan, yaraşır.
* * *
Dolan yurdu, neçə ki, bu ömr var,
Ziyarətdir, kimdə belə dövr var...
Yanır bağrım, ürəyimdə qövr var,
Keç Laçına Qubadlıdan, yaraşır.
* * *
Toy-düyündür Mahirəyə vaxt, zaman,
Salnaməni özü yazsın anbaan.
Cabbar ilə Xan dayansın yanbayan,
Oxusunlar, olar dərman, yaraşır.
* * *
Türkə qurban, nə cür aldır bayrağı?!
Bədirlənmiş tək hilaldır bayrağı.
Xankəndində özün qaldır bayrağı,
Bayraq Sənə, Baş Komandan, yaraşır!
Müəllif, Mahirə Nağıqızı
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış