Yaxşılıq haqq işığıdır (Esse)
Müəllif: Əzizağa Elsevər


13.02.2021


Yaxşılıq haqq işığıdır (Esse)
Yaxşılıq! Ürək genişliyi, könül saflığı. Nəciblik, nəcabət. Haqq işığı hər ürəkdə doğulmaz. Hər gözdən süzülüb könülləri isidə bilməz. O, başımız üstündə dolaşan müqəddəs ruhların işığıdır. Kimdə iynənin ucu boyda o işıqdan pay varsa, açar yaxşılığa qəlbinin qapılarını taybatay, ümidsizin ümid çırağına dönər, inamsızın əlindən tutub haqq yoluna çıxarar. Haqq yolu- əbədiyyət yolu. Bu yola yaxşılar çıxar, nəsillərin əmanət yükünü zamanın körpüsündən keçirib aparar. Zaman sınağa çəkər bəni- adəm övladını. Yaxşılardan yaxşılıq qalar, pislərdən pislik. Yaxşılıq qapını döyər, yaxşılığını qaytarmaq üçün. Yaxşılıq yerdə qalmaz. Yaxşılığı bacarmayan bədbəxtdir. Sabahına göz yuman bədbəxt... Günahlarıyla övladlarına özü boyda dərd qoyan bədbəxt... Pislikdən nə çıxar? Vallah, pislikdən dünya da bezardır, dərdli, vərəmlidir. Bir ömürdə insana yaxşılıq gərəkdir. Hər ömür yaxşılığa, yaxşıya möhtacdır. Yaxşılıq etməyən pislik görər. Yaxşılıq yaxşıların ürəyində döğulub, çiyinlərində gəlir dünyaya. Gözündən, könlündən tökülür cahana.
Yaxşılıq! Əvəzi gözlənilməyən gözəllik. Artdıqca daha da qədirlənib qiymətlənən zinət. Hər şeyi özünə ram edən güc, qüvvət. Ən kəsərli silah, mərdin peşəsi, sevgisi. Xeyirxahlıq toxumu. Səpin, səpin dünyaya! Qoy o toxumlardan cücərib gözəllik boylansın. Gündüzlər Günəşin, gecələr Ayın gözündə yuyunub cilvələnsin. Yaxşılıq bir nəğməyə dönüb, ruhları oxşasın, fikrimizi təzələsin, qanadlarında bizi ənginliyə, ənginliyə aparsın.
Yaxşılıq- yoldur. Ən uzun yol. Nə qədər can atsan da sonuna çata bilməzsən. Yaxşılıq yaxşılığın, yaxşıların içindən keçib gedir. Dünənki əlçatmazlığı bu gün arxada qalır, sabahkı yolları ayaqlarına döşənib sonsuzluğa, ucalığa aparır. Var- dövlət kimi bitib- tükənmir yaxşılıq. Verdikcə, birə-beş olub sahibinə qayıdır. Sanki dünyanın özü boyda yaxşılıq olub qayıdır.
Yaxşılıq pis dilləri kəsər, həmişə xatırlanar. Yaxşılar yaddaşlara köçüb zaman - zaman yaşayar. Doğulan hər təzə körpənin təbəssümündə, saf gülüşündə dünyaya doğulub gələr. Yaxşılıq dil açıb danışar, yaxşılardan danışar. Yaxşı ölərsə- özü dincələr, pis ölərsə- aləm dincələr. Düşməninə qalib gəlmək istəyən ona yaxşılıq etməyi bacarmalıdır. Yaxşılıq düşməndən alınası ən böyük intiqamdır. Çünki sən onu yaxşılığınla vicdanı ( əgər o varsa?!) qarşısında tək-tənha qoyursan. Vicdan əzabı dünyanın ən böyük əzabıdır. Vicdan əzabı çəkənin içində haqq işığı yanar. Haqq işığı pislərin əlindən tutub yaxşıların cərgəsinə qatar. Yaxşı adam öz eybini görüb, özgə eybinə göz yumandır. Dünya və dünyanın malı aradan gedər, yaxşı işlər isə əbədi qalar. Yaxşılığa, yaxşı olmağa çalışın, ay insanlar!..

19 dəfə oxundu

Axtarış