Yazarlıq sənəti. Nə yazaq, nə haqda yazaq?
Müəllif: Sima Ənnağı


09.01.2022


İçindən gələn coşquyla qələmi ya noutbuku əlinə alıb tez-bazar bir roman yazmaq arzusu ilə işə başlamazdan əvvəl bir nəfəsini dər, sakitləş :).

Sonra fikirləş - insanlara nəyi nəql etmək istəyirsən, hansı hadısəni onlara çatdırmağı vacib bilirsən? Bu an içindəki mənfur tənqidçi başını qaldırıb, səsini ucaldıb, sənin xəyal qanadlarını qırmaq üçün deyəcək ki, bu mövzuda minlərlə kitab yazılıb, milyonlarla söz deyilib. O boyda sənətkarların yanında sənin kitabını kim oxuyacaq? Sən kimə hansı yeni sözü deyə bilərsən? Kimi nə ilə maraqlandırarsan?

Daxili tənqidçi mütəmadi olaraq səni əzməyə, mətn yazmaqdan yayındırmağa çalışacaq. Fikir vermə. Əzmlə işinə davam et, kitab yazmaq xəyalını daxilindəki neqativlik kələfinə qurban vermə, sən yazarlıqda irəlilədikcə, sənə pəl vuran daxili səs də yavaşlayacaq...

Öncə qulaqda sırğa etmək lazımdır - hər kəsin deməyə sözü var! Hər kəsin bir həyat tarixçəsi var! Və bu tarixçə ilə bölüşmək haqqı var. Amma sənin tarixçənin minlərlə insana maraqlı olması üçün bilməlisən - nə yazırsan, necə yazırsan.

Yazı mövzusuna gəlincə, bəzən sən siyasətdən yazmaq istəyirsən, amma sənin uşaqlıq travmaların, ailə tarixçən daha dəyərli olur. Hansını seçəsən - məhz sənə maraqlı olanı, ya minlərlə insanın ürəyində səslənə biləcək daha şəxsi, intim mövzunu? Ya da gərək hər iki mövzunu necəsə uzlaşdıra, bir-biri ilə əlaqələndirə biləsən. Burda bir məqam var ki, hər yazdığın mətn - sırf sənin həyat təcrübəndən qaynaqlanmır, amma sənin yaşadıqların, gördüklərin mətndə ola bilir. Məsələn, müharibədən yazmaq üçün döyüşlərdə iştirak etmək, və ya fantastika yazmaq üçün kosmosa üçmaq gərək deyil - müharibəyə, və ya kosmosa aid topladığın materialı öz həyat pəncərəndən baxaraq, təhlil edib, bədiiləşdirib özününküləşdirə bilərsən.

Yaxşı bildiyin, yaxşı bələd olduğun tarixçələrdən yazmaq lazımdır. Bu o tarixçələrdir ki, sənin içində səslənir, sənə yaxındır, sən nə baş verdiyini, niyə baş verdiyini anlaya bilirsən və bunları oxuculara çatdırmaq istəyirsən. Soruşa bilərsən, axı bu kimə maraqlı ola bilər? Təkrar etməyə məcburam - hər kəsin deməyə sözü vardır!

Parlaq, orijinal qəhrəman, qeyri-adi hadisələr həmişə maraq döğurur.

Yazdığın mətn (kitab) kimə ünvanlanır, yəni oxucuların kimdir? Aydındır ki, əgər sən yeniyetmələr üçün yazırsansa, onlara tanış və əhəmiyyətli olan mövzulardan bəhs etmək lazımdır. Azyaşlı uşaqlar və gənclərin, eləcə də yetkin insanların maraq dairəsi fərqlidir - kitab yazarkən, auditoriyanı nəzərə almaq vacibdir.

Tutaq ki, mövzu təyin edildi. Mövzu süjetə təkan verir, istiqamətləndirir. Burada əsərin janrı da əhəmiyyət kəsb edir - eyni tarixçəni komik janrda, ya da dram janrında yaza bilərsən, təbii ki, sonda yaranan kitab da fərqli "yüklü" olacaqdır.

Mətnin meyarları:
- nəyə yaxşı bələdsənsə, onun haqqında yaz.
- mövzu oxuculara maraqlı və əhəmiyyətli olmalıdır.
- oxucu auditoriyası və yazının janrı təyin edilməlidir.
- həyat tarixçələri ətrafımızdadır. Onları bədiiləşdirib mətn şəklinə salmaq yazarlıq sənətidir.

sima-simacan.blogspot.com

1 dəfə oxundu

Axtarış