...
  • Murad Məmmədov. Özümün özümə hesabatımdır.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    GECİKMİŞ ETİRAF
    Bu ömür azalmış, keçilmiş yoldu,
    Gəncliyə bənd oldum, aldandım əbəs.
    Dünyaya gəlişim xəbərsiz oldu,
    Qəfil gedişimi kim biləcək bəs?!
    * * *
    Gənc oldum, yüyürdüm, qanım qaynadı,
    İnan, qocalığı heç düşünmədim.
    Od oldum, gözümdə şimşək oynadı,
    O tərs inadımdan heç vaxt dönmədim.
    * * *
    Ağlıma gəlməzdi, sozalar ömür,
    Yalançı gülüşlər pərt edər məni.
    Hər gün işlənməsə, paslanar dəmir,
    Çürüyər, məhv olar, yox olar yəni.
    * * *
    Qocalmış ömür də dəmirə bənzər,
    Gün vurar, qaraldar, yandırar hər an.
    Bir yandan soldurar acı qəm, kədər,
    Bir yandan pozular əhvalım inan.
    * * *
    Naşükür deyiləm öz qismətimdən,
    Ay dostlar, bu mənim öz həyatımdır.
    Səhv başa düşməyin şikayətimdən,
    Özümün özümə hesabatımdır.

    YATIR
    Güvənmə üzünə hər gülən kəsə,
    Bilməzsən, içində nə güman yatır.
    Uçunma duyduğun biqəfil səsə,
    Xain ürəklərdə ah-aman yatır.
    * * *
    İlahi rəngləri çox gözəl seçir,
    Ayırmır, hamıya ağ kəfən biçir.
    Ömrünü dağların qoynunda keçir,
    Dağların başında çən, duman yatır.
    * * *
    Bu yalan dünyada yeriyir insan,
    Döyülür, ağlayır, kiriyir insan.
    Torpağa qarışır, çürüyür insan,
    Yanaşı həm yaxşı, həm yaman yatır.
    * * *
    Hər məzar şahiddi, yatan başlara,
    Şəkildən boylanan lal baxışlara,
    Baxıram sakitcə qara daşlara,
    Hər daşın üstündə bir zaman yatır.
    * * *
    Muradı sən naşı bilmə, əzizim,
    Saxla yaddaşında, silmə, əzizim.
    Ağıldan kəmlərə gülmə, əzizim,
    Neyləsin, ağlında sar-saman yatır.

    İNCƏ DƏRƏSİ.
    Bir ulu diyar var Azərbaycanda,
    Bir görən istəyər, qayıtsın bir də.
    Hər kəsin yeri var, ürəkdə, canda,
    Doğmadı, əzizdi, yad da bu yerdə.
    * * *
    Dərdlərə dərmandı quru havası,
    Bu sakit məkanda ağrımaz canın.
    Şeirdi, qoşmadı dərdə dəvası,
    Ürəyi doludu burda insanın.
    * * *
    Ləhcəsi doğmadı, şirindi mənə,
    Bu dili həmişə laylam sanmışam.
    Nə qədər uzaqda yaşasam yenə,
    Harada eşitsəm, duyğulanmışam.
    * * *
    Bu dilbər guşənin əvəzi yoxdur,
    İnsanı məst edər quşların səsi.
    Yaxından, uzaqdan mehmanı çoxdur,
    Hər kəsi cəlb edər görmək həvəsi.
    * * *
    Sığınıb dağların qoynuna çoxdan,
    Elə bil aləmdən uzaqlaşıbdı.
    Bu üç kənd qohumdu, qonşudu haqdan,
    Sanki bir-biriylə qucaqlaşıbdı.
    * * *
    Üç kəndin cəmidi, İncə dərəsi,
    Kəmərli, Qaymaqlı, Astanbəylidir.
    Adıyla öyünən eldi hərəsi,
    Məclisi, yığnağı səsli-küylüdür.
    * * *
    İncə dərəsidir, bu yurdun adı,
    Mən də doğulmuşam, burda, oxucu.
    Peşiman eyləməz tanışı, yadı,
    Oxu, ziyarət et, baxma göz ucu.
    * * *
    Söz demək istədim onun adına,
    Ağlımdan o qədər fikirlər keçdi.
    Nə bir zəhmət çəkib, yandım oduna,
    Nə də bir doyunca suyundan içdim.
    * * *
    Ancaq ömrü boyu borc bildim yenə,
    Ruhumla, canımla yurda bağlıyam.
    Qorxuram, yapışmaz, yaraşmaz sənə,
    Çünki, mən də bu torpağın oğluyam.
    # # # #
    Tarixin qədimdi, torpağın ulu,
    Ruhumun canısan, İncə dərəsi.
    Qazağın sifəti, imzası, qolu,
    Adısan, sanısan, İncə dərəsi.
    * * *
    Nə qədər gözəldi, incədi adın,
    Cəmi üç kənd olub, qolun-qanadın.
    Görüşünə gələn tanışın, yadın,
    Dərdə dərmanısan, İncə dərəsi.
    * * *
    Zəhmətiylə təmiz, halal çalışan,
    Sevincindən ruha gələn, alışan,
    Qiyasbəylilərin ruhu dolaşan,
    O yurdun xanısan, İncə dərəsi.
    * * *
    Köksündə izi var, neçə illərin,
    Həmişə şen olsun, görüm ellərin.
    Biz gəldi-gedərik, sən nəsillərin,
    Qaynayan qanısan, İncə dərəsi.
    # # # #
    Qismətə, taleyə çox inanmışam,
    Nə gəlib başıma ,qismət, demişəm.
    Olub ki, on mini qəpik sanmışam,
    Olub da, quruca çörək yemişəm.
    * * *
    Ümiddən əlimi üzmədim heç vaxt,
    Nə də ki, Tanrıya asi olmadım.
    İnandım, yazılı bu tale, bu baxt,
    Məni utandırmaz. Darda qalmadım.
    * * *
    Çünki inanmışam Allaha hər an,
    Bu inam, bəlkə də ruhumdan gəlib.
    Tanrı, aramızda cavabsız qalan,
    Nə qədər günah var ,sonlayıb, silib.
    * * *
    Bəxtim gəl-gəl deyib, önümdə durub,
    Gözümü mən bu torpaqda açmışam.
    Bu torpaq önümdə sədd, divar qurub,
    Yaramaz işlərdən hər an * * *qaçmışam.
    * * *
    Bu yerdə gəzmədim şenlik, abadlıq,
    Məni dilləndirən havadı, sudu.
    Quşların səsində ruhi rahatlıq,
    İnsanı cəlb edən gözəllik budu.
    # # # #
    Bu eldə elmiylə dünyalar gəzən,
    Tanrıya tapınan bir bəndə yatır.
    O, elə bir övliyya, elə alimdir,
    Həm mənim ruhumda, həm səndə yatır.
    * * *
    Türbəsi dayaqdı bu el-obaya,
    Onu ziyarətə milyonlar axar.
    Mübarək ruhuyla yetişər hoya,
    Hamıya doğmadı, bir gözlə baxar.
    * * *
    Məkanı kiçikdi, söhbəti böyük,
    Adına sınanmış insanlar gələr.
    Ziyarət eyləsən, nə çaş, nə döyük,
    Səni qucaqlayar, doğması bilər.
    * * *
    Bu yurdda ağıllı insanlar olub,
    Öz sözü, səsiylə bir elə misal.
    O elə bir nəsil ki, yenə də qalıb,
    Həm özü şəxsiyyət, həm ləhcəsi bal.
    * * *
    Nə yaxşı könlünə yaxın yerdədi,
    İlahi, gözündən uzaq olmasın!
    Bu elə tay olan elin hardadı?!
    Saxla pənahında, darda qalmasın!
    * * *
    İnsanı bağlıdı obaya, elə,
    Canıyla, qanıyla yurda dayaqdı.
    Bu dünya durduqca, qalacaq hələ,
    Bu dərə, həmişə sərvaxt, oyaqdı.
    # # # #
    Nə gözəl mənzərədi,
    Ruhumu alıb gedir.
    Bəlkə buna görədi,
    Əhvalım göylərdədir.
    * * *
    Yaradandan bəndəyə,
    Lütf olan gözəllikdi.
    Ruhum dil açır deyə,
    Yarəb, dünya mənlikdi.
    * * *
    Ətrafımda quş səsi,
    Burnumda gül qoxusu.
    Cəzb eləyir hər kəsi,
    Cuşa gəlir çoxusu.
    * * *
    Bura cənnətin özü,
    Laylam oxunan yerdi.
    Azərbaycanın gözü,
    Mənə səcdəgah, pirdi.
    * * *
    Bütün dərdi-sərimi,
    Burda unutmaq olur.
    Könlüm məzar yerimi,
    Sonumda burda bulur.
    * * *
    Bura, arxam, güvənim,
    Mənim qibləgahımdır.
    Yaşadığım dünənim,
    Bu günüm, sabahımdır.
    * * *
    Yurdumun torpağına,
    Daşına qurban olum!
    Gələcəm ayağına,
    İncə dərəm, son yolum!
    # # # #
    Vətənimin sonunda,
    Həmişə yaz donunda.
    Mənim ruhum, ürəyim,
    Canım, İncə dərəsi!
    * * *
    Məkkəmsən, Mədinəmsən,
    Döğma yurdum, binəmsən.
    Məzar yerim, son qibləm,
    Yönüm, İncə dərəsi!
    * * *
    Çox gəzmişəm, hər yeri,
    Səndən ayrı sərsəri.
    Başqa yerə qaynamır,
    Qanım, İncə dərəsi!
    * * *
    Cənnət olsa yan-yörəm,
    İstəmərəm, mən görəm.
    Ancaq səndə xoş keçər,
    Anım, İncə dərəsi!
    * * *
    Bezdim insan köçündən,
    Milyonların içindən,
    Seçilməz mənim adım-
    Sanım, İncə dərəsi!
    * * *
    Dan yeri söküləndə,
    Yollarım büküləndə,
    Çatacaqmı axırım,
    Sonum, İncə dərəsi?!

    ARŞIN
    (Mənim öz arşınım var.)
    Quyu qazma başqasına,
    Yıxılarsan, qəbrin olar!
    Tələs, qonşunun yasına,
    Həmin gündən sənin də var!
    * * *
    Qorxaq olma, ürəkli ol!
    Cəsarətdir işin canı.
    El-obaya gərəkli ol,
    Keçmişini yaxşı tanı!
    * * *
    Böyüyünə hörmət eylə,
    Üzmə onu, qoy sevinsin!
    Gördüyünü doğru söylə,
    Qoy həqiqət səni yensin!
    * * *
    Yaddan çıxart, yaxın getmə,
    Şükür söylə, hər olana.
    Uzaq dolan, hörmət etmə,
    Səni hörmətdən salana.
    * * *
    Yanma hörmət qoyduğuna,
    Səndən gələn səxavətdi.
    İnan, Fələk saydığına,
    Sən saydığın boş söhbətdi.
    * * *
    Üz-göz olma ağılsızla,
    El içində xar olarsan.
    Nə ahmır tök, nə də sızla,
    Öz ağlınla yar olarsan.
    * * *
    Anlamaza qəti dinmə,
    Tərs anlayar, qanar səni.
    Səviyyəndən heç vaxt enmə,
    Rəqib zəif sanar səni.
    * * *
    Yazdıqlarım ağlımdakı,
    Beynimdəki fikirlərdi.
    Bölüşürəm oxuyanla,
    Qəbul etsən, bu qədərdi.
    * * *
    Öz arşınım var həmişə,
    Bazarda qiymət endirər.
    Sən can yandır hər an işə,
    Uca Tanrı sevindirər.

    UYMA XƏYALLARA!
    Xəyallarım yenə pərvaz eylədi,
    Dolandı göyləri, söndü, qayıtdı.
    Qovdu gümanları geri teylədi,
    Peşiman, pəjmürdə, döndü, qayıtdı.
    * * *
    Sönən arzularım daha alışmaz,
    Yüz dəfə qızışdır, yüz ocaq yandır.
    Köhnə gümanlarım daha çalışmaz,
    Nə özünü aldat, nə məni qandır.
    * * *
    Dolaşır beynimdə bomboş xəyallar,
    İnanın, bu günlük, dünənlik deyil.
    Məni yaman yorur bağlı suallar,
    Cavabı indi də, heç mənlik deyil.
    * * *
    Hər kəsi incidər, ağrıdar hər an,
    Vaxtında, ağılla görmədiklərin.
    Sənə qismət olmaz bostanda qalan,
    İş görüb, tər töküb dərmədiklərin.
    * * *
    Heç vaxt aldatmadım, özüm özümü,
    Boyumdan yuxarı addım atmadım.
    Mənə Tanrı verən səbri, dözümü,
    Özümə xərclədim, heç vaxt satmadım.
    * * *
    Xəyalla yaşamaq vərdişim yoxdu,
    Reallıq nədisə, ona gəlirəm.
    Yanan arzularım beynimdə çoxdu,
    Hamısı qismətdi, bunu bilirəm.
    * * *
    Nə xəyal dolandır, nə fikir eylə,
    Yüz fikir bir borcu ödəmir, vallah!
    Dərdini dərd bilən bir kəsə söylə,
    Çarəsi tapılar, böyükdür Allah!

    QƏZƏL
    Nələr çəkdik, nələr gördük, biz, bu yaşa gəlincə,
    Gözümüzlə od götürdük, ömür başa gəlincə.
    * * *
    İnsanlardan kənarlaşdıq, dərdimizlə cüt olduq,
    Gizlənməyə yer gəzərsən, dərdin qoşa gəlincə.
    * * *
    Gözəlliklər bir bəladır, canın alar, öldürməz,
    Gözəl olan ruh oxşayar, hilal qaşa gəlincə.
    * * *
    Ruhum tamam sakit olar, bil, şeytana uymaram,
    Məni məndən alan olmaz, ürək cuşa gəlincə.
    * * *
    Əriyərəm, tər tökərəm, ruhum məni boğanda,
    Necə darda qan ağlayar, düyü aşa gəlincə.
    * * *
    Sən yazmağa gec başladın, səhv elədin, ay Murad,
    Canın çıxar yox olarsan, sözün xoşa gəlincə.

    ÖZƏL DUYĞULARIM
    Şeir yazmaq vərdişdimi? Bilmirəm,
    Ya da ruha qidadımı, sudumu?
    Düşünürəm, bir qərara gəlmirəm,
    Görən, ruhun oyanışı budumu?!
    * * *
    Necə olur o təb, o ruh- möcüzə,
    Dilləndirir, dilə gəlir misralar.
    İçdən gələn duyğulardır, tər, təzə,
    Bir ürəkdən, o birinə yol salar.
    * * *
    Mən o ruhda, biləmmirəm sirdimi,
    Ürəyimdən tikan çıxar bir anlıq.
    Unudaram həmin zaman dərdimi,
    Yada düşməz nə bir pislik, yamanlıq.
    * * *
    Şeir yazmaq yatan ruhu oyadar,
    Ürəyinə təpər verər, güc verər.
    Şair olan eşq şərbətin tez dadar,
    Tez yetişər, eşq gülünü tez dərər.
    * * *
    Azad ruhum cilalanar, parlayar,
    Saf düşünər, qorxmaz heç vaxt qınaqdan.
    Yazan ürək nə usanar, nə doyar,
    Ləzzət alar bu qələmdən, varaqdan.

    A DÜNYA
    Hərif oldum başımı,
    Yaman qatdın, a dünya!
    Topa qoydun daşımı,
    Çox aldatdın, a dünya!
    * * *
    Məndən olsa gəlməzdim,
    Burda qalıb ölməzdim,
    Dar ayaqda, bilməzdim,
    Məni satdın, a dünya!
    * * *
    Nə qeydimə qalmadın,
    Nə bir kömək olmadın.
    Niyə başa salmadın?!
    Gec oyatdın, a dünya!
    * * *
    Gah soyuqda dondurdun,
    Gah istidə yandırdın.
    Məni yaman qandırdın,
    Oda atdın, a dünya!
    * * *
    Allah aldı çaramı,
    Göynətmədi haramı?!
    Qaysaqlanan yaramı,
    Off, qanatdın, a dünya!
    * * *
    Korun bəxti yatanda,
    Dayaq oldun batanda.
    Sıra mənə çatanda,
    Niyə yatdın, a dünya!
    * * *
    Oda düşdün, qaynadın,
    Başlar yedin, doymadın.
    Çirkin oyun oynadın,
    Çirkə batdın, a dünya!
    * * *
    İşi saldın düyünə,
    Murad getdi küyünə.
    Arzuna, istəyinə,
    Deyən çatdın, a dünya!

    VARMI
    Məni məndən alan gözəl,
    De, dərdindən ölən varmı?!
    Cavan ömrü talan gözəl,
    Dərdlərini bölən varmı?!
    * * *
    Artıq ömür oldu yarı,
    Dərd sağalmır, ha da sarı,
    Bir yada sal, indi barı
    Göz yaşını silən varmı?!
    * * *
    Bir baxışla oda yaxan,
    Şimşək kimi alov çaxan,
    Ey üzümə tərs-tərs baxan,
    Bir üzünə gülən varmı?!
    * * *
    Murad səni çox özləyib,
    Yaddaşında əzizləyib,
    Hər gün səhər yol gözləyib,
    Sənə qarşı gələn varmı?!

    MƏNİM BİLDİKLƏRİM.
    Dünyanı yaxşılıq xilas edəcək,
    Pislikdən uzaq dur, şeytana uyma!
    Yaranan bilir ki, bir gün gedəcək,
    Yaxşılıq etməkdən usanma, doyma!
    * * *
    Yaxşılıq ağılda, yaddaşda qalmaz,
    Təkcə Allah görər, amma ki, itməz.
    Yamanlıq öldürməz, canını almaz,
    Ancaq can ağrıdar, ağlından getməz.
    * * *
    Gündəlik incitsən, ağrıyar hər can,
    Bezikər, tablamaz, yanından qaçar.
    Yamanlıq etməkdən yorulsa insan,
    Yaramaz əməllər gül-çiçək açar.
    * * *
    Dünən gördüyündən dərs götür, anla,
    Ağılsız insanı yellər oynadır.
    Nə qədər səhv etsən, özünü danla,
    Bu dünya naşıya gülən dünyadır.
    * * *
    İlahi görk edər, qəti ötürməz,
    Etdiyin pisliyin bədəli səndə.
    Əzizim, pisliyi Tanrı götürməz,
    Ölməmiş, sağıykən ödəyər bəndə.
    * * *
    Yaxşılıq gəlmirsə əlindən, dayan,
    Çəkil, dur qıraqda, yamanlıq etmə!
    Ayıl röyalardan, yuxudan oyan,
    Doğru ol, dürüst ol, sən küyə getmə!

    YALAN DÜNYA.
    Dönüb boylanıram geriyə hərdən,
    Doğru nəyim varsa, aşikardadır.
    Heç nə anlamıram bu bağlı sirdən,
    Dünən gördüklərim bu gün hardadır?!
    * * *
    Xəyallar geriyə boylanar hər an,
    Dünənin ləzzəti yadından çıxmaz.
    Nədənsə, dilbilməz, ağılsız insan,
    Xəyalla yaşayar, irəli baxmaz.
    * * *
    Günlər tez dəyişir, ötür fəsillər,
    Dəyişən tablodan gözün yorulmur.
    Yalan danışmaqdan bezikmir dillər,
    Yalan nəfəs alır, ağlı durulmur.
    * * *
    Beləcə doğruya addım atılmır,
    Nədəndir? Nə üçün? Səbəbi çoxdur.
    Bu yalan dünyada doğru satılmır,
    Nə də ki, doğrunun bazarı yoxdur.
    * * *
    Həyatdı, dünyadı, yola veririk,
    Hər gün aldanırıq, ömrümüz gedir.
    Doymuruq, nə qədər yalan dəririk,
    Yalan, canımızda doğrunu didir.
    * * *
    Dünyanın mayası yalanla olub,
    Bax buna görədir, aldadır bizi.
    Baxıram işimiz Allaha qalıb,
    Doğru da sağaltmır heç dərdimizi.

    HAQQ YOLU
    Tükdən asılıyıq ,sən demə hər an,
    Ruhumuz göylərdə, cismimiz yerdə.
    Ay pulla özünü bəxtəvər sanan,
    O tük üzüldüsə, qapanar pərdə.
    * * *
    Bax onda kiməsə nə əlin çatar,
    Nə də ki, səsinə səs verən olar.
    Gözlərin yumular, qulağın batar,
    Dildə, ağızlarda adın hallanar.
    * * *
    Bu köhnə mərəkə, köhnə mənzərə,
    Nə doğma inciyər, nə yad inciyər.
    Burda növbə yoxdu, sərbəstdi hərə,
    Gələr köynəyini əyninə geyər.
    * * *
    Heç kəs son mənzili seçmir, bəyənmir,
    Döşənmir, bəzənmir gəbə, xalıyla.
    Etiraz eyləyib bir söz deyənmir,
    Çünki yol üstədi cansız halıyla.
    * * *
    Bu bir haqq yoludu, gedirik biz də,
    Dədəmiz, babamız gedib bu yolu.
    Bir azca təlaş var ürəyimizdə,
    Baxma, tanış deyil nə sağı, solu.
    * * *
    Dünyanın sonu var, sən də bir düşün,
    Ağlınla çək- çevir, haqq-hesab eylə.
    Boyundan yuxarı tullanma, kişi,
    Canın yerdədisə, əlləşmə göylə.

    ALDANDIN.
    Bu daşlı, kəsəkli ömür yolunda,
    Özünü çox bilmiş sandın, aldandın.
    Nə olsun qüvvət var, biləyində, qolunda,
    Çox eşitdin ki, az qandın, aldandın.
    * * *
    Başından yel əsdi, oyananmadın,
    On arif dərs keçdi, susdun, qanmadın.
    Tamahın güc gəldi, dayananmadın,
    Sən ki, qul haqqını dandın, aldandın.
    * * *
    Ay Murad, göz yetir, bir diqqət ayır,
    Hörmət et, üz göstər, kim səni sayır,
    Nanəcib insanla nə çöl, nə bayır,
    Qapıdan çıxdınsa, yandın, aldandın.

    QƏZƏL
    Bu dünyada minnətini götürmərəm heç kəsin,
    Düşməniyəm öz nəfsimin,bir duz-çörəkdir bəsim.
    * * *
    Allah verən bir ömürdür, saylı ayı, günü var,
    Boy-buxuna aldanmayın, nə üstündə çox əsin.
    * * *
    Nanəcibin üz-gözündən şər süzülər, şər damar,
    Nə onunla söhbət edin, nə onunla şərt kəsin.
    * * *
    Qədərində pulun olsun, möhtac olma kimsəyə,
    Sonu heç vaxt yaxşı olmur, çox istəyin, həvəsin.
    * * *
    Sakit yerdə baş aparar, baş ağrıdar, incidər,
    Yiyəsinə nə xeyri var, xırıldayan gur səsin?!
    * * *
    Ey cavanlar, qulaq asın , siz, Muradın sozünə,
    Çarəsizə yardım edin, əl tutmağa tələsin!

    ACI REALLIQ
    Ömrü yaşamağın yüz cür yolu var,
    O qədər seçimi olur bizlərin.
    Ömür bitər, bir quruca ad qalar,
    Bir də ki, arxanda ayaq izlərin.
    * * *
    Yaşarıq günbəgün arzular üçün,
    Yaşamaq həvəsi artar ki, ölməz.
    Sonu görünməyən bu sonsuz köçün,
    Sirrini bir kimsə anlaya bilməz.
    * * *
    Ömür əmanətdi, bizlərə, baxın,
    Qədrini bilmərik müftə mal kimi.
    Hər bir yaranışın sonu var axı,
    Fərqinə varmarıq boş xəyal kimi.
    * * *
    Yüz dərdə dözərik, bir an bezmərik,
    Nə əzab bilərik, nə də ki, ağrı.
    Heç zaman rahatlıq, dinclik gəzmərik,
    Qaçarıq sabahkı ümidə doğru.
    * * *
    Yelə verib bu ömürü qaçarıq,
    Neçə təpə, neçə bələn aşarıq.
    Dönüb ağ buluda göyə uçarıq,
    Tarix olub yaddaşlarda yaşarıq.
    * * *
    Bir də ayılarıq tükəndi ömür,
    Geriyə dönməyə gücümüz çatmaz.
    Əksin daş üstündə, nə səs, nə səmir,
    Qurtardı!!! Bir kimsə başını qatmaz!

    YIXILANA GÜLMƏ, QARDAŞ!
    Zaman ömrə bir qənimdi,
    Sızıldayan öz tənimdi,
    Kəsmə, zalım, bədənimdi.
    Can ağrıdar gözdəki yaş,
    Yıxılana gülmə, qardaş!
    * * *
    Dərd mənimdi, dərman səndə,
    Bir yaxın gəl, durma gendə.
    Dar ayaqda neylər bəndə?!
    Ya kömək ol, ya uzaqlaş,
    Yıxılana gülmə, qardaş!
    * * *
    Sarsılana tez həyan ol,
    Dərdi anla, bir duyan ol,
    Ya insan ol, ya o yan ol.
    Salma məni belə çaş-baş,
    Yıxılana gülmə, qardaş!
    * * *
    Heç vaxt uyma yalan sözə,
    Çox şey gördüm gəzə-gəzə.
    Kasıblığı vurma üzə,
    Nə səhv elə, nə də ki, çaş,
    Yıxılana gülmə, qardaş!
    * * *
    Tərs yozular sözün deyə
    Cavab vermə hər kəlməyə.
    Xeyli vaxtdı bilməm niyə
    Harda aş var, sən orda baş?!
    Yıxılana gülmə, qardaş!
    * * *
    Bir nəzər sal dörd yanına,
    Ziyan gələr ad-sanına.
    Yazığın gəlmir canına?!
    Özünə gəl yavaş-yavaş,
    Yıxılana gülmə, qardaş!
    * * *
    Mənim sözüm hamıyadı,
    Sağaldandı, mumiyadı.
    Nə İvana, Tomayadı,
    Türkdü türkə dayaq, sirdaş,
    Yıxılana gülmə, qardaş!

    ÜRƏYİMİ.
    Gah istidən, gah soyuqdan
    Gözləyirəm ürəyimi.
    Söz anlamır,bax, bayaqdan
    Bizləyirəm ürəyimi.
    * * *
    Çox istəyir məni sıxsın,
    Məhvərindən qopsun, çıxsın,
    Ha çalışır tamam yıxsın,
    İzləyirəm ürəyimi.
    * * *
    Olur ki, cana doyuram,
    Əllərimlə hey oyuram,
    Sözə baxmır, şumlayıram,
    Düzləyirəm ürəyimi.
    * * *
    Başa salıb qandırıram,
    Soyuqladıb dondururam,
    Oda salıb yandırıram,
    Közləyirəm ürəyimi.
    * * *
    Dərdə düşür, karıxıram,
    Ağrıyıram, qarıxıram,
    Dalaşanda darıxıram,
    Özləyirəm ürəyimi.
    * * *
    Bax, dilimə o, tam verir,
    Bədənimə o, qan verir,
    Söz ruhuma o, can verir,
    Gizləyirəm ürəyimi.

    Müəllif: Murad Məmmədov

    YAZARLAR.AZ
  • avqust 2023, زائـــور ا.

  • 63
Acı Tale ( Rəvayət

Zahid Şirinli

Qulaq asın qəmlidir rəvayətim Elə özüm haqqımdadı bu söhbətim Bir gözəli mən sevib aşiq oldum Çalışıb həmişə sevgimə sadiq oldum Varıydı ürəydə sevgi həsrətim Gözümü......

Goranboylular (mahnı)

Zahid Şirinli

Nəqarət İgid qəhrəmandi Goranboylular Mehriban insandı Goranboylular Qardaşa qardaşlığ eden her zaman Düşmana dusmandi Goranboylular 1-ci bənd Goranboy haqqında eylə axtarış Bu el torpağı vermiyib......

Gecənin bir aləmi (mahnı)

Zahid Şirinli

Nəqarət (2x) Düşmüsən sən yadıma yar gecenin bir alemi Sənə var ehtiyacim var gecenin bir alemi 1-ci bənd Niye neycun bu sevgime nezerin yoxdu senin.......

Xəyanət

Zahid Şirinli

libası düşmədi dəbdən, Özgənin yanında durduğun kimi. Vurdum aynaları qırdım əsəbdən, Sen mənim ürəyimi qırdığın kimi. Mənim ürəyimdə film çəkilir, Sən hansı roldasan halın......

Ana

Zahid Şirinli

"Agaran saclarin bukulen belin, Mene ogul deyen,o sirin dilin Basima cekdiyin titrek ellerin, Bir gunum olmasin sensiz ay Ne qeder sen varsan,yasayiram men. Saclarin......

Ağı (hekayə)

Firuz Mustafa

Ağı (hekayə) Hələ keçinməyib, deyəsən. Nəfəsi gəlib-gedir… Bacıları indidən ağlaşma qurublar: “Beş bacının tək qardaşı vay…” Ağrım ürəklərinə оlsun sənin о ağı deməyə......

Ümidsizlik nəğməsi və ya Qoca skripkaçı haqqında ballada

Habil Yaşar

Zibilqabı yanında, zibillik eşələyən, qoca, nurani kişi, Yamanca deyinirdi. O, bəzən gülümsəyir, bəzənsə... Ah, mənim amansız qara taleyim, Məni məhrum etdi işıqlarından. Yoluma daş qoydu......

Roman yazmaq dəhşətin ötəsində bir şey...

Habil Yaşar

Hər şeydən öncə hansı mövzu haqqında yazacağını düşünmək nəinki aylar, hətta illərini ala bilər. Zamanının nə zaman gələcəyinin səndən......

Мир Без Границ

Firuz Mustafa

Фиpуз МУСТАФА МИР БЕЗ Граhиц tractatus Пpедисловие "Миp без гpаниц" - в некотоpом pоде пpедваpительный набpосок, эскиз будущего миpа, пpичем эскиз неполный, незавеpшенный. Автоp вовсе......

Yaxşı övlad kimdir?

Hüseynova Şümşəd

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......