• Ağaclar da vətənsiz olmur... (Hekayə)
  • Əzizağa Elsevər
  • Əzizağa Elsevər
    Ağaclar da vətənsiz olmur... Hekayə
    Ad günündə atası Tərlana balaca bir fikus ağacı almışdı. Qucağına götürüb üzündən öpə-öpə: “ Oğlum mənim, bu ağac kimi həyatda həmişə gözəl və işıqlı ol! Boy at, böyü, günəş istəkli, günəş arzulu ol! Heç vaxt kölgəyə sığınma, qoy həmişə öz kölgən olsun, mənim balam!..”- demişdi.
    Ağacı eyvana qoymuşdular. Orda günəş işığı, hava bol, suyu da ki, yerində. Tərlan hər gün ən azı yüz kərə başına dolanır, yorulanda oturub, əlini çənəsinə söykəyib saatlarla ona baxırdı. Kiçik fikus da, elə bil , bu məsum baxışların işığında balaca Tərlanın istəyinə qoşulub onunla birgə yavaş-yavaş boy atırdılar. Tərlan ona mahnı oxuyur, baxçada öyrəndikləri şeirləri asta-asta pıçıldayırdı. Vallah, elə bil, körpə fidan da onun isti nəfəsini duyur, azacıq sərin mehdən yarpaqlarını tərpədib salamlayırdı. Tərlan oyuncaqlarını fikusun əkildiyi dibçəyin ətrafına düzürdü. Düzürdü ki, o, baxçadan gələnə qədər ağac darıxmasın, onlarla oynasın, başını qatsın. O, baxçada da dostlarına bu ağacdan danışır, birgə oynayıb, birgə boy atdıqlarını söyləyirdi. Hətta rəngli karandaşlarla şəklini çəkib dostlarına da göstərirdi.
    Tərlangilin evi köhnə evlərdən idi. Adına “Xruşovka” deyilən bu evlər çoxdan vaxtını keçirib, necə deyərlər, qocalmışdı. Bir gün “yuxarıdan” gəlib, əlləri böyüklərin ətəyində olan “dayılar” təzə ev tikilənə qədər köçüb müvəqqəti kirayədə qalmağı bildirdilər. Evin yerində daha uca, daha yaraşıqlı ev ucaldacaqdılar. Köhnə evlərinə öyrəşmişdi Tərlan. O ev elə isti, elə doğma gəlirdi ki, köçməkləri də heç ürəyincə deyildi. Ancaq köçürtdülər, bir gecənin içində binanı da söküb, o böyüklükdə beşmərtəbəli evi yerlə bir etdilər. Elə bil hansısa müharibədən çıxmışdı bina. Viranəliyi xatırladırdı. Sanki yerlə bir olan o daşların altında qalmışdı insanların arzuları, ümidləri. “Alimlər evi” deyilən o evə belə vəhşilik yaraşmazdı. O ev çox alimlər yetişdirmiş, çox insanları ucaldıb şöhrət mərtəbəsinə qaldırmışdı.
    Müvəqqəti kirayə qaldıqları üçotaqlı mənzil geniş və yaraşıqlı olsa da, eyvanı yox idi. Tərlan bura isinişə, uyuşa bilmirdi. Axşamlar da yuxusu ərşə çəkilir, tez-tez ağlayıb: “ Evimizi, öz evimizi istəyirəm!..”- deyirdi. Anası dilə tutur, atası həyət-bacaya gəzməyə çıxarırdı ki, bəlkə sakitləşə, olanları unudub, aramlıq, rahatlıq tapa. Ancaq heç nə alınmırdı. Onun içindəki sıxıntısı, üzüntüsü ap-aydın üzündən, gözündən oxunurdu. Elə bil şirin gülüşləri dodaqlarından çəkilmiş, həmişə təbəssümlü çöhrəsini süstlük, yorğunluq bürümüşdü. Bütün ailə bu ovqatda idi. Ancaq neyləmək olardı, bu da bir qismət idi, dözüb çətinliyi, ağrı-acını da ötürməli idilər. Yer, yurd itkisi nə olduğunu bilmirdilər. Evləri də onlara yurd idi. Onu itirəndən sonra bu itkinin nə demək olduğunu anladılar. Bu itki hər gün bir ağrı, bir acı idi döyürdü qapılarını. Rahatlıqlarını əllərindən alıb, sığındıqları kirayə evində göyüm-göyüm göynədirdi onları. Yedikləri çörək də, içdikləri su da dadını itirmişdi elə bil. Sanki havaları çatmırdı. Doğmalar içində o doğmalığa isinə bilmir, sanki gözə görünməz hansı bir sədsə onları ayırırdı. Dünya dərdləri ilə başlarına dolanır, hər düşən gecə acı bağırsaq kimi uzanır, ərimək, keçib getmək bilmirdi. Deyirlər, hər səhər bir ümid, bir aydınlıq gətirir. Ancaq onların ümidisə, elə bil daşa dəymiş, ayna kimi çiliklənib tökülmüşdü. O qırıqları bənd edib, ayna işığı tutmaq üçün hələ nə qədər ümidə sığınmalı, boş, yağlı vədlərə aldanmalı idilər. Axı dünya alıb-aldatdı dünyası idi. Fırlanır, çax-çuxu çox başları ağrıdırdı. Durduğun yerdə işə düşmək buna deyirdilər.
    Fikus da bir gün darıxdı.Havasızlıqdan boğuldu. Günəşə boylanmaq, günəş işığını sinəsinə çəkmək istədi. Günəş işığı hardaydı ki?! Qalın, daş divarlar “daş” nağılını “oxumaqda”ydı. Asta-asta, xəfif-xəfif. Fikus daha bu “daş” nağılını dinləməkdən bezikmiş, içinə qapanıb, sanki həyatına, taleyinə göz yummuşdu. İri, enli yaşıl yarpağına xal düçmüş, təravətini itirmişdi. Payız qoxusuna, qış nəfəsinə də bürünüb öz şəkər, bal yuxusunu gözlərinə çəkməmişdi. “Bəlkə göz dəyib, nəzər olub!”- deyə Tərlanın anası fikusun yaxasından nəzər duası da asmışdı. Ancaq bir faydası, bir köməyi olmamışdı.
    Bir gün Tərlan kövrəlib, göz yaşları içərisində solub getməkdə olan fikusa baxa-baxa atasından sordu: - Axı niyə... niyə belə oldu?! Bəlkə xətrinəmi dəydik...küsdümü bizdən?! Olmaya...-daha sözünün dalını gətirə bilmədi, qəhərdən boğuldu, göz yaşları yanaqları boyu süzüldü. Atası da kövrəldi, Tərlanın başını sinəsinə sıxıb ağlamaqdan güclə özünü saxladı. “Mən ağlasam, onlar içəridən sına bilər!..”- deyə düşündü. Oğlunun alnından, gözlərindən dönə-dönə öpdü. Başını dik tutub Tərlanın üzünə baxa-baxa pıçıldadı: - Ağac da canlıdır, oğul! Sən onu duyduğun kimi, o da səni duyur. O da sənin darıxdığını, nə hala düşdüyünü elə bilmə ki, görmür. Sənin ürəyində ev həsrəti, yurd həsrəti varsa, onun da içində ağac olmaq, ağac ömrü yaşamaq həvəsi var. Əfsus ki, günəşsiz həyat yoxdur. Ona görə də, hər şey kainatın bəzəyi, güzgüsü Günəşə sarı boylanır. Elə ağaclar üçün də günəş həyatdır , vətəndir!..
    Bakı şəhəri, 01-03.11.2021.
  • noyabr 2021, Əzizağa E.

  • 42
Murad Məmmədovun şeirləri

زائـــور اوستاج

Yeni Şeirlər Dostuma Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə , o ürək, daşdı, əzizim. Ayrılıq bir dərddi, olmaz gərəyin, Çarəsi gözlərdə yaşdı, əzizim. * * *......

Ümidsizlik nəğməsi

Habil Yaşar

Zibilqabı yanında, zibillik eşələyən, qoca, nurani kişi, Yamanca deyinirdi. O, bəzən gülümsəyir, bəzənsə... Ah, mənim amansız qara taleyim, Məni məhrum etdi işıqlarından. Yoluma daş qoydu......

Azərbaycan Uşaq Şeirində Sərlövhə-Adlar Sistemi

زائـــور اوستاج

Ayətxan Ziyad (İsgəndərov), Azərbaycan Dövlət Pedaqoji Universiteti. Elmi işçi. httrs://orcid.orq/0000-0002-0034-6736 ayetxanziyad@mail.ru +994-70 7303023; (+994 70 7303023 (wp). Elmi mübahisələr: mülahizələr, qənaətlər Iv məqalə Azərbaycan Uşaq......

Sevil Gül Nurun şeirləri

زائـــور اوستاج

Sevil Gül Nur Amneziya Gəlişin bir ağrı gətirmişdi ömrümə, Addım səslərindən artmışdı cismimim sol ağrısı, təzələnmişdi ruhumun köhnəlmiş yaddaşı. Başlamışdı gecələrlə gündüzlərin, "olar"larla "olmaz"ların qanlı......

Ayşən Rəhimin Şeirləri

زائـــور اوستاج

Yazarlar.az Təqdim Edir Salam Gəl, Sən Allah üzürlü say Buralar tör-töküntüdür Gözlə açım pəncərəni Hə Otaq biraz bürküdür. Bu nəhəng təkliyim səni Deyəsən yaman hürküdür.......

Əbülfət Usuboğlunun Şeirləri

زائـــور اوستاج

Əbülfət Usuboğlunun Şeirləri Tanrım, Sən Kömək Ol Bizə Qohumlar çevrilib yada, Dostlarım yetməyir dada, Başı bəlalı dünyada, Tanrım, sən kömək ol bizə! * * *......

Zaur Ustacdan Iki Yeni Şeir

زائـــور اوستاج

Zaur Ustacdan Iki Yeni Şeir Vallah Kəhrizdən Ayıbdı... Turist kimi gəzmişəm, Qarış-qarış Yurdumu! Hələ yada salmıram, Süründüyüm Ordumu! * * * Əlimdə qayçı, dəryaz, Toz-torpaq......

Əli Bəy Azərinin Hekayələri

زائـــور اوستاج

Əli Bəy Azərinin Hekayələri Qonaq (hekayə) May ayının ilk ongünlüyüydü. Cah-cəlallı bir yaz günüydü. Günəşin sarı-qızılı şəfəqləri hər yana nur səpələyirdi. Qızıloba yurdunun təbiəti kimi......

Əbülfəz Əhmədin Şeirləri

زائـــور اوستاج

Yeni Şeirlər Avtoportret (təcnis) Elə söz yazaq ki, Qələm sevinsin, Oxuyan desin ki, ayə bu nədir! Örkəni salmayaq sözün başına, Doğanaq dillənər, ayə bu nədir?......

Leyla Yaşar hekayəlıri

زائـــور اوستاج

I Tabutların "söhbət"i Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları " dinc" qoymurdular. Birinci sagdakı tabut başladı söhbətə. - Bu il bizim......