...
  • Saçaqlı konfet...
  • Meyxoş Abdullah
  • (hekayə)

    Balaca Nurtacın atası zabit idi, orduda xidmət edirdi. Onlar hərbi hissənin həyətindəki beşmərtəbəli binada yaşayırdılar. Nurtac evin tək övladı idi. Ağıllı və şirin bir qız olduğuna görə, ata-anası onu çox istəyirdi.
    Hər gün atası işdən evə dönəndə qızı Nurtac üçün hədiyyə alıb gətirərdi. Hədiyyələr müxtəlif cür olurdu; - gəlincik, şar, kiçik əl dəsmalı, çox vaxt da şirniyyat. Nurtac şirniyyatı çox sevirdi. İllah ki, atasının ona alıb gətirdiyi saçaqlı konfetlər ola. Qızcığaz, bu şip-şirin saçaqlı konfetləri o qədər çox xoşlayırdı ki...
    Atası evə dönəndə, qapının zənginin çalınmasından Nurtac onun gəldiyini o dəqiqə bilirdi. Çünki atası qapının zəngini iki dəfə astaca basaraq, sanki zəngin musiqili dili ilə: - “Nur-tac” – deyə onu səslərdi.
    Qapının zəngi bu sayaq çalınan kimi, balaca qızcığaz tələsik qapıya qaçar və anasını tələsdirərdi ki, qapını açsın, axı atası gəlibdir.
    Atası qızıyla qapının ağzında bir xeyli zarafatlaşar, onu köksünə sıxıb, öpüb, əzizləyirdi. Sonra isə, arxasında gizlətdiyi əlinə işarə edib deyərdi:
    - Ağıllı qızım tap görək atan sənə nə alıbdır?!
    Balaca Nurtac da, barmağını dodağının üstə qoyub gözlərini yumar və guya dərindən fikirləşirmiş kimi, bir neçə dəqiqə susub qalardı. Bir az keçəndən sonra ağlına gələn hədiyyənin adını atasına söylərdi.
    Atası bərkdən gülər və:
    - Yoox!.. Düz tapmadın, oyuncaq deyil! – deyərək, qızını yenidən fikirləşməyə məcbur edərdi.
    Qızcığaz isə, bu dəfə toppuş əllərini bir-birinə sürtərək, ağlından keçirtdiyi hədiyyələrin adını bir-bir yenidən saymağa başlardı. O vaxta qədər ki, artıq, atasının aldığı və arxasında gizlətdiyi hədiyyənin adı tapılana kimi.
    Belə vaxtlarda kənarda sakitcə dayanıb, ata ilə balanın hərəkətlərinə gülən ana deyərdi:
    - Gəlin, keçin evə. Bu, tap-tapmaca oyununuzu evdə davam edin. Səs-küyünüz qonşuları narahat edir, axı.
    Bu sözə bəndimiş kimi ata qızının da əlindən tutub otağa keçərdilər.
    Son günlər Nurtacın atası Nurlan evə gec-gec gəlirdi. Bəzən evə gəlməyən günləri də olurdu. Anasının narahatçılığından balaca Nurtac bir şey anlamasa da, amma müharibə deyilən xoşagəlməz bir hadisənin baş verdiyini televizordan tez-tez eşidirdi.
    Balaca qızçığaz müharibənin nə olduğunu anlamırdı. Başa düşmürdü ki, hamını vahiməyə salan bu müharibə nə deməkdir? Bircə onu anlayırdı ki, müharibə başlayandan sonra, atası ona hədiyyə alıb gətirmirdi. O, bu barədə atasından soruşsa da, atası könülsüz olaraq: - Bağışla qızım, bu dəfə sənə hədiyyə almağı unutmuşam! - deyərək qızının fikrini yayındırardı.
    Artıq bir həftəyə yaxın idi ki, Nurtacın atası Nurlan evə gəlmirdi. Ana-bala çox narahat idilər. Anası, həyat yoldaşı Nurlanın harada olduğunu bilsə də, bu barədə qızına bir söz demirdi. Istəmirdi ki, qızı narahat olub, atası üçün darıxsın.
    Bir gün gecə televizora baxarkən Nurtac atasını televizorda gördü. Döyüşlər gedirdi. Nurtacın atası Nurlan əlində silah od-alovun içində döyüşçülərdən öndə irəliləyirdi. Hər yan qatı tüstü-dumana bürümüşdü. Atılan bombaların səsindən yer-göy lərzəyə gəlirdi. Tanklar, toplar dayanmadan gurultuyla atəş açırdılar. Ətrafda yaralı əsgərlər gözə dəyirdi.
    Nurtac bu mənzərəni görəndə qorxaraq anasına sığındı və:
    - Ana, atam orada nə edir?! – soruşdu.
    Anası qızını onun başa düşəcəyi şəkildə anlatmağa çalışdı:
    - Qızım, düşmənlər torpaqlarımızı işğal etmişdilər. Qocaları, uşaqları öldürmüşdülər. Neçə illərdi ki, biz torpaq həsrətiylə yaşayırdıq. İndi atangil o torpaqları düşməndən azad edirlər. Öldürülmüş uşaqların, əsir götürülmüş qız, gəlinlərin intiqamını onlardan alırlar. Sənin atan igid döyüşçüdür, qorxmazdır, mərddir. Onun kimi, gör nə qədər vətən oğlu bu döyüşlərdə qəhrəmanlıqlar göstərirlər?
    Anası hər gün qızına atasının igidliyindən danışar, onu darıxmağa qoymazdı.
    Amma bunlara baxmayaraq, balaca Nurtac atası üçün bərk darıxırdı. Atası hər gün onun yuxusuna gəlirdi. Bir dəfə atası ona yuxuda saçaqlı konfet də gətirmişdi. Onda Nurtac bərk sevinmişdi.
    Bir müddət ötdü. Müharibə, artıq qurtarmışdı. İnsanlar qələbəni bayram edirdilər. Hamı sevincindən deyib, gülür, şənlənirdilər. Döyüşdə qələbə qazanmış igid əsgərlərimiz evə, ailələrinin yanına dönürdülər.
    Nurtacın atasından isə hələ bir xəbər yox idi. Anası bərk narahat idi. Nurtac atasının niyə gəlmədiyinin səbəbini soruşanda, anası gözyaşlarını qızından gizlədərək:
    - Atamız tezliklə qayıdacaq, ağıllı qızım. Bir az gözləyək, səbr edək.
    Nurtac anasının bu sözlərindən sevinərək, tez də əlavə edərdi:
    - Anacan, atam mənə hədiyyə də alıb gətirəcək?!
    - Əlbəttə, qızım... Heç elə iş olar ki, atan sənə hədiyyə almasın? Mütləq alacaq.
    Günlərin bir günü qapının zəngi çalındı. Özü də iki dəfə, əvvəllər olduğu kimi. Elə bil, qapının zəngi oxuyurdu: - “Nur-tac”.
    Ana ilə bala ikisi də, tələsik yerlərindən qalxaraq, qapıya tərəf qaçdılar.
    Anası qapını açan kimi Nurtac özünü eşiyə atdı.
    Qapıda hərbi geyimli, əzəmətli duruşu olan, ucaboylu bir zabit dayanmışdı.
    Nurtac əvvəlcə onu tanımadı. Zabitin sir-sifəti, sanki hisə bulaşmış kimi qap-qara idi. Üzündə, bir neçə yerdə çalın-çarpaz çapıq yerləri gözə dəyirdi.
    Qapıda dayanan zabit qızcığaza baxıb gülümsəyirdi.
    Birdən Nurtac qışqırdı:
    - Atacan... Sənsən?!.. Gəldin?!..
    - Canım qızım, mənəm. Sənin atan! – deyə zabit kövrəldi.
    Atası həmişəki kimi bir əlini arxasında gizlətmişdi.
    Nurtac sevindi:
    - Ata, hədiyyə almısan mənə?!
    Ata bir qədər susdu...
    - Onsuz da, bilirəm də, mənə nə almısan. Deyimmi, ata? – deyə qızı, sevinclə dilləndi.
    Ata xəfifcə gülümsədi.
    - Sən mənə saçaqlı konfet almısan. Düzdür?!..
    Ata dərindən köks ötürdü. Sonra əyilərək, qızını bağrına basdı.
    Birdən, Nurtacın gözləri atasının sarğılı qoluna sataşdı.
    Atasının, bayaqdan, arxasında gizlətdiyi qolunun biri dirsəkdən aşağı yox idi...

  • fevral 2021, Meyxoş A.

  • 100
Eləyir rədifli qəzəl Tarzən Zamiq Əliyəvə

Dəhnəli Məmməd Hacızadə

Zamiqin müşayəti ruhumuzu şad eləyir, O gözəl tarzənimiz qaməti şümşad eləyir. Ruhumuz huzur tapır dinləyib Zamiq tarını, Dolanır çöl- çəməni,dağ-dərəni yad eləyir. Zamiq çox da......

Qaranlığıma xoş gəldin...

Şümşəd Hüseynova

Hələ kiçik qızkən bu dünyanın yollarında qaçan zaman hiss etmişdim içimdə nələrinsə tərs getdiyini. Hələ körpəykən arzularımı deyərkən qorxardım. Ona görə yox ki, edilmirdi. Sanki......

Darıxıram (Dedim-dedi)

Dəhnəli Məmməd Hacızadə

Dedim: -- Bir səsini eşidim barı, Deyim bircə kəlmə söz, darıxıram. Unudum bir anlıq dərdi, qubarı, Hərdən insaf eylə qız, darıxıram. Dedi: -- Sənli anlar......

Bir gözüm ölüm, bir gözüm yaşam

Şümşəd Hüseynova

Bəxtim qara gəlib ilk andan, İnsafsız həyata gözlər açandan. Bir gözüm ölümdür, bir gözüm yaşam… Yaşamı aldılar — ölüyəm indi. İnsanlar görürlər, elə bilirlər diriyəm......

Gədadadır (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Dəyişib çərxi fələk müşkili-dövran gədadadır, Yumubdu gözlərini verdiyi fərman gədadadır. Sehrdir,sirdir gətirib bəxti, düşüb şans əlinə, Şərəfi yoxsa da, şöhrət gədada, şan gədadadır. Elə bil,......

Səssiz Çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......

Olasan (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Yazmadı bəxt yazanım sən də mənə yar olasan, Eyləyə könlümü şad ömrümə dildar olasan. Üzərək əllərini məndən unutdun sandım, Bilməz idim bu qədər əhdə vəfadar......

Rənglər Pandemiyası

Habil Yaşar

“Rənglər Pandemiyası” romanı 2026-cı ildə nəşr ediləcək Bu tamamilə fərqli bir kitab olacaq... Pandemiya başda olmaqla, həm tarixin qaranlıq dövrlərinə səyahət edəcək, həm......

Həyatın Şirinliyi

Dəhnəli Məmməd Hacızadə

Köçürük şəhərə çamurdan qaçıb, Sonra dörd divarda kənd axtarırıq. Duymuruq ni Şəkər axtarırıq,qənd axtarırıq. Səhər iş,axşam ev,çırpınır ürək, Sayır bircə- bircə günləri fələk. Bahar-yaz......

Ağlayan Foto-Şəkil (“Qısa hekayələr” silsiləsindən)

Firuz Mustafa

Ağlayan Foto-Şəkil (“Qısa hekayələr” silsiləsindən) (Bu hekayıni 1-ci Cahan müharibəsindən geri dönməyən əmim Sehbalı Mustafayevin xatirəsinə həsr edirəm. Qardaş və bacıları onun yolunu gözləyə- gözləyə......