...
  • Bolqar bibəri
  • Rəşid Bərgüşadlı
  • Şahid hələ axsam saat doqquzda yerinə girəndə telefonu səssizə qoyub niyyətlənmişdi ki, sabah günortayadək rahat yatsın və gərgin keçən həftənin yorğunluğunu canından çıxarsın. Amma mərdimazar axtarmaqla deyil ki... Sübh ertədən telefonun titrəyişinə yuxudan ayıldı. Zəng vuran “makler Nizami” idi. Düyməni basıb yuxulu-yuxulu, – Eşidirəm – dedi.
    – Sabahın xeyir. Bağışla, narahat edirəm, amma çox vacib məsələdir. Yanımda Bolqariyadan bir biznesmen var, mebel sexi açmaq üçün anbar axtarır, dost-tanışlardan belə adamın yoxdur?
    – Yox, yoxdur... – əlacı olsaydı söyüb batırardı Nizamini.
    – Onda sağ ol, bağışla, narahat elədim – divar saatına baxdı. Hələ 7 tamam olmamışdı. Telefonu döşəyin ayağına tullayıb yenidən yuxuya getməyə çalışdı. Elə yuxunun nəfəsini yanaqlarında təzəcə hiss eləmişdi ki, dostu Adil yadına düşdü. Adilin də mebel sexi vardı, amma düz-əməlli işlədə bilmirdi, əlində əsir-yesir qalmışdı. Ərincək telefonu yenidən götürüb dostunu yığdı. Adil telefona bir az gec cavab verdi, o da yuxudan kal oyanırdı.
    – Qağa, bağışla narahat edirəm, amma bir az vacibdir. Mebel sexini icarəyə vermək fikrin varsa Bolqariyadan bir iş adamı gəlib, sex istəyir...
    – Hardadır? – Adilin səsindəki yuxu dərhal çəkildi elə bil.
    – Qəsəbədədir, makler Nizami indi zəng vurmuşdu...
    – Əldən buraxma, geyinib siz tərəfə gəlirəm indi, – açıqca hiss olunurdu ki, xəbər ürəyincədir. Yenidən Nizamini yığdı, – O bolqar dediyin indi hardadır?
    – Burda, yanımdadır. Ala, verim özün danış...
    – Salam, qardaş, mebel sexi açmaq istəyirik, bizə kömək edə bilərsinizmi? – telefonun o biri ucunda yonulmamış bir səs rusca danışırdı, elə bil boğazını gavahanla deşmişdin.
    – Edərəm. Nizami bizim evi tanıyır, gəlin biz tərəfə. Sexin müdirini də çağırmışam, beş-üç dəqiqəyə yanımda olacaq, özünüz danışıb razılaşın... – başqa çarə yox idi, dostunun xatirinə bazar gününün şirin yuxusuna haram qatmalıydı...
    Dostu “Prado”da oturub siqaret sümürürdü. Üç-dörd dəqiqə keçməmiş, yaşıl “Opel” yanlarında saxladı. Makler Nazim düşüb onlarla hal-əhval tutandan sonra gözünü gəldikləri maşına zillədi, – Qardaş, bu bolqarlar nə boyda olurmuş... Xəşəlqarının beləsini hələ heç biriniz görməmisiniz, – bir nəfər hələ də maşından düşməyin həşirindəydi. Həqiqətən azman biriydi. Sən demə ətli buxaqlarıymış onun səsinə gurultu verən. Salam verəndə qarnını dala verdi, amma yenə də əli göbəyindən qabağa çıxmırdı. Şən adama oxşayırdı, – Köklük də bir şey deyil, qardaşlar, belə “balkon”u lənətə gəlsin... Adım Qriqoridir, – məqsədini yenə xatırlatdı, – Sexinizə baxa bilərikmi?
    – Əlbəttə. Oturun mənim maşınıma, gedək, – Adil qapını açıb qabaq oturacağı tam arxaya sürüşdürdü. Qriqori gəldikləri maşının sürücüsünə işarə elədi ki, arxalarınca sürsün və hıqqıltıyla özünü güc-bəla Adilin maşınına pərçimlədi. “Prado”nun bir tərəfi əməlli-başlı çökdü.
    Dəmir darvazanın qabağında Adil maşından düşdü. Xeyli döyəclədikdən sonra yuxulu işçi darvazanı açdı. Adilin işçiləri sexə bitişik balaca bir otağı qaralayıb orda yaşayırdılar. Maşınların ikisi də həyətə girəndən sonra Qriqori maşından düşənədək Adil işçisinə tapşırdı ki, sexin qapısını açsın və tez çay dəmləsinlər. Qriqori lal ördək kimi böyrünü basa-basa sexə girib döşəməyə, divarlara, dam örtüyünə baxıb dedi ki, tam mən axtaran sexdir. – Neçə kvadratdır? – soruşanda Adil də çiçəyi burnunda sevincək dedi ki, dörd yüz kvadrat.
    – Bir az balacadır, amma eyb etməz. Yanında yenisini tikmək olarmı?
    – Əlbəttə. Hələ istəsəniz bunu söküb yerində yenisini tikərik. Özünüz bilirsiniz, hər şey pulun başındadır – barmaqlarını bir-birinə sürtüşdürüb Qriqoriyə irişdi. Qriqori ayaqüstə ləhləyirdi. Şahid dülgərə dedi ki, oturmağa bir stul gətirsin. Dülgər qonağın ölçüsünə baxıb sual dolu ədayla kətil dalınca getdi. Qriqori dəzgahlara, ustaların əl qabiliyyətlərinə baxıb yeni texnologiyalardan üyüdüb tökürdü, – Dəzgahların çox köhnədi, indi bu cür dəzgahlarla heç kim işləmir. Sifarişiniz-zadınız varmı?
    – Olanda olur, Allah bərəkət versin. Qapı-pəncərə düzəldirik, hərdən sifariş olanda pilləkən yığırıq. Kasıb qəsəbədir, başımızı birtəhər girləyirik... Qriqori özünü cəmləyib yanını ehtiyatla dülgərin gətirdiyi kətilə qoydu: – Üç gündür yollarda it əzabı çəkirik. Təyyarə ilə Tiflisə gəl, Potidə mebel dəzgahlarını boşalt, sonra da maşınla Bakıya gəl, lap əldən düşmüşəm... Hə, Adil qardaş, keçək mətləbə. Sexini götürürəm. Amma bir şərtlə ki, gələcəkdə bunun yanında daha iri və müasir bir sex tikməliyəm. Çünki, mənim dəzgahlarımı sənin sexin tutmaz.
    – Qurbandır bütün bu ərazi sizə, ürəyiniz nə istəyir canla-başla qulluğunuzdayıq – Adilin sevincdən yanaqları səyridi
    – Mənə hələ ki, sexin icarə qiymətini deyin. Bu sexi öz istədiyim kimi yenidən quracağam, təzə sexi isə öz hesabıma tikəcəyəm, xeyrinə də tam şərikik. Razısan?
    Adilin bu səfər təkcə yanaqları səyrimirdi, həm də ürəyinin döyüntüsü qulağında guppuldayırdı. Hələ indiyədək Allah onun işini belə rast salmamışdı. Bir dostu Şahidə baxdı, bir makler Nizamiyə baxdı, bir də hələ də bayaqdan üzünü görmədikləri sürücüyə. Xoş xəbərdən devikmişdi, – O qardaş niyə düşmür? – sürücüyə işarə elədi.
    – Oğlumdur – Valdis. Yol yorğunudu, qoy bir az gözünün acısını alsın. Hə, nə deyirsən?
    Adil təzədən Şahidə baxdı, Qriqoriyə baxdı, dülgərə baxdı – Noldu sənin çayın?!
    – Qoy dəm alsın, gətirirəm... – oğlan bildi ki, o burda artıqdır.
    – Vallah, bilmirəm nə qiymət deyim... Elə qəfil oldu ki... – Şahiddən azərbaycanca soruşdu, – Qardaş, nə deyirsən, nə qiymət deyək bu xəşəlqarına?
    – Sex sənindir, özün bilərsən, mənim belə şeylərdən başım çıxmaz – Şahid yaxasını qırağa çəkdi. Yaxşı ki, Nizami dadına çatdı: – Örtülü anbarın kvadratı on-on bir manatadır. Bu standart qiymətdir... Adil də olduğu kimi Qriqoriyə izah elədi ki, Nizaminin işi-gücü anbar, sex, ev alqı-satqısıdır. Hamımızdan da dəqiq bilir bütün qiymətləri, – Deyir ki, ən normal qiymət on bir-on iki manatdır. Biz də güzəşt edərik, lap verərik on manata...
    Qriqori əllərini qarnında cütləməyə çalışıb dodaqlarıyla nəsə vurdu-böldü, buxağını qaşıdı və həyacanlı saniyələrə nöqtə qoydu, – Mən razı! Götürürəm!
    Adil az qala kişinin ağzına girdi, – Neçəyə?!
    Qriqori, – On manat demirsiniz? Mənə sərf edir. Əsas odur ki, sifarişlərimi vaxtında çatdırım. Bir-iki sexə baxmışam, xoşuma gəlməyib. Sizinki isə magistral yolun, sifarişçi təşkilatın yaxınlığındadır.
    Adil elə sevindi ki, az qala çay gətirən dülgərin məcməyisini aşırsın. Utanmasaydı Qriqorini bağrına basardı.
    – Deməli belə, qardaş, planımız belədir... Oğlum bu gecə Bolqariyaya uçmalıdır, yoldaşı xəstəxanadadır. Bu günə-sabaha ilk nəvəm dünyaya gəlməlidir. Mən iki günə Gürcüstandan dəzgahları gətirənədək sən döşəməni metlaxla üzləyib qurtarmalısan. Təcili materialın qiymətini, ustaların əmək haqqını öyrən gör neçəyədir, pulunu indi verim. Sexin üç aylıq icarə haqqını da bəribaşdan verim ki, üstümdə pulum varkən yükdən bir az yüngülləşim. Müqavilə-zad bağlamağa müəssisən varmı? Mən bir şeydə güzəştə getməyəcəyəm – kağız-kuğuzssuz iş görməyəcəyik, aramızdakı hər şey rəsmi olacaq. Mənim hökumətlə çənə döyməyə nə həvəsim var, nə də səbrim.
    – Qrişa... – birdən tutuldu, – Olar sizə Qrişa deyim?
    – Əlbəttə! Biz artıq şərik sayılırıq.
    – Sənəd-sünəd, dövlət işlərindən narahat olma, hər şeyimiz yerli-yerindədir. Hökumətdə yaxın adamlarımız nə qədər istəsən... – Qrişanın oğlu maşından düşüb başıyla səssizcə salam verəndə Adil sözünə ara verdi. Valdis siqaretini yandırıb gərnəşdi. Qriqori oğluna, – Acmamısan ki?
    – Çox da yox... – Valdis atasının əksinə, çox arıq idi. Adil elə bil yuxudan ayıldı, – Nə yox, a kişi, neçə gündü soyuqda-sazaqda yollardasınız... Gedək dəniz qırağına, dostumuzun yaxşı bir restoranı var. Həm yemək yeyərik, həm də rahat oturub söhbətimizi edərik – razılaşdılar. Çaylarını tələm-tələsik içib maşına minəndə Adilin dülgəri onu yanladı ki, – Dayı, kimdi bu kişi, nə istəyir?
    – Sexi bu kişiyə icarəyə verirəm.
    Usta yazıq-yazıq soruşdu, – “Bəs biz?
    – Özünüzə başqa iş tapın. Ya da, görüm razılaşsa, sizi də yanında işə götürər, yəqin ona usta lazım olacaq.
    Onlar sexin həyətindən çıxanda dülgər dodağındakı siqaretin kötüyünü gəmirə-gəmirə darvazanı danqıltıyla arxalarınca bağladı.
    Restorana gələndə saat 9-a ancaq işləyərdi. Qabaqlarına gözətçi çıxdı.
    – Dayıcan, yeməyə bir şey olarmı, kababçıdan-ofisiantdan kim var?
    – Bu vaxtı xaşdan başqa çətin yemək taparsınız. Uşaqlar burdadır, mətbəxə yaxınlaşın, yer göstərsinlər.
    Qriqori, – Sevirəm sizin xaşınızı, lap əla olar – deyəndən sonra xidmətçi onlara bir kabinet ayırdı, salat-sirkəni stola düzüb hərəsinə bir kasa xaş gətirdi...
    Qriqori tərifləyə-tərifləyə düz üç kasa xaş yedi. İçdiyi tut arağından buxağı da qızarmışdı. Hər gəyirib ətrafa sarımsaq tutmasının qoxusunu yayanda dostlarından dilucu üzr istəyirdi. Danışmağa bir şey qalmayanda gün günorta olmuşdu. Bir-birinin telefon nömrələrini götürdülər, hər şeyi xırda detalınadək razılaşdılar. Adil elə bu gün dəzgahları söküb çıxaracaq, metlax alıb döşəməni üzləyəcəkdi. Qriqori usta-material haqqı olaraq axşam üç min manat beh verəcək, gecə Valdisi Bolqarıstana yola saldıqdan sonra qayıdıb Şıxovdakı mehmanxanalardan birində gecələyəcəkdi. Elə oradaca bütün müqavilə işləri həll ediləcək, üç aylıq icarə haqqını qabaqcadan ödəyəcək və sabah sübhdən isə dəzgahları gətirmək üçün Gürcüstana yollanacaqdı...
    Restorandan çıxanda hamının üzü gülürdü, işlər tam istədikləri kimi alınmışdı. Ayrılmaq vaxtıydı. Valdis hamıyla görüşüb öz yerini tutmuş və maşının mühərrikini qızdırırdı. Qriqori bir-bir onları qarnına basdı. Adilgil də qollarının çatdığı qədər Qriqorinin qarnına sarılıb xaş qoxan buxağından öpdülər. Qriqori əlini maşının qapısına atanda telefonla danışan Valdis sevincək özünü maşından atdı. Öz dillərində atasına nəsə demişdi ki, Qriqori yarıaçıq qapını təzədən çırpıb ən yaxında dayanmış Nazimini bağrına basdı, – Nəvəm olub, özü də oğlan! – təngnəfəs olanadək atılıb-düşdü. Dostlar dayanmadan ona gözaydınlığı verib maşına oturmağına kömək edirdilər ki, Qrişanın gözü arxa oturacaqda nəyəsə sataşdı. Baqajı açdı, iki mebel üzlü çemodanı götürüb maşının kapotunun üstünə qoydu. Taxta qutudakıların biri çəngəl-bıçaq, digəri isə qazan-qablama dəsti idi.
    – Bu gün dünyanın ən xoşbəxt adamı mənəm! Heyif ki, iki yeşikdir, birinizə çatmayacaq. Amma söz verirəm, gələn dəfə hərənizə bundan da yaxşı hədiyyə məndən – yeşiklərin birini Adilə, birini də Şahidə verdi. Valdis nəsə mızıldayanda Qriqori öz dillərində nəsə söydü. Cibindən bir-iki gürcü larisi, bir də yüz dollarlıq əskinası göstərib izah elədi, – Maşının benzini qurtarıb. Burda yaxınlıqda dollar xırdalamağa yer varmı?
    – O nə deməkdir, qardaş, biz ölməmişik ki... – Adil əlini cibinə atdı, iki yüzlüyü Qriqoriyə uzatdı. Qriqori əvvəlcə inad elədi, – Nə danışırsan, qardaş, pulumuz var, sadəcə xırdalamağa kömək etsəydiniz... Onsuz da bilet almalıyıq, manat çox lazım olacaq... – pulu geri itələdi. Adil dinc durmadı, Şahiddən soruşdu ki, – Cibində nə qədər pulun var?.. Şahid cibindəki bütün pulları sayıb Adilə uzatdı – 357 manat idi. Adil pulun hamısını Qriqorinin cibinə dürtdü, – Narahat olma, bu da bizdən nəvənin doğum günü olaraq yol xərcin olsun. Sənə pul hələ lazım olacaq... Onsuz da axşam mehmanxanada görüşəcəyik...
    Qriqori bu canıyananlıqdan az qalırdı ağlasın, – Sizin kimi insanları dünyanın heç yerində görməmişəm. İnşallah, yaxşılığınızın əvəzini minqat çıxaram – axır ki özünü maşına pərçimləyib yerini rahaladı. “Opel” restoranın həyətindən çıxanadək bir-birinə əl elədilər. Adil öz hədiyyə payını bu xeyirli işi düzüb-qoşduğuna görə Nizamiyə verdi...
    Axşamüstüydü. Razılaşmışdılar ki, mehmanxanaya birlikdə getsinlər. Adil Qriqorinin telefonunu yığa-yığa qalmışdı. Operator eyni sözü üç dildə tutuquşu kimi təkrarlayıb dururdu, – Bu nömrə təyin olunmayıb...
    Şahidin içini sancı doğradı, – Bizi aldatmış olmasın?..
    Adilin üzünə qara bulud çökdü, – Nə sərəkliyirsən, nə aldatmaq?! Yox.., yox, ola bilməz, bunu eləməz...
    – O günləri bu qaraçılardan biri 25 manata “naturalnı kurtka” satırdı. Deyəsən bizə qalan bu qazan-qablama oldu, qardaş... – Şahidin səsi göynədi,
    – Kəs səsini! Yəqin ki, telefonun üstündə oturub, telefon da sönüb...
    – İnanmıram... – Şahid inildədi.
    – Cəhənnəmə inan, sənin zibillərindir hamısı!
    – Mən nə bilim ki... Nazimin işidir...
    – Öldürəcəyəm o cüvəllağını, gör bizi kimə calayıb, nadürüst! Amma yox, Qrişa gələcək!
    – Allah eləsin...
    Axşam Şahid evə girəndə çırtma vursaydın qanı fışqırardı. Çəngəl-qaşıq yeşiyini dəhlizin bir küncünə atdı. Mətbəxtdən dolma qoxusu gəlirdi. Arvadına, – Mənə də yemək ver – deyib əl-üzünü yudu, stol arxasına keçdi. “Üçbacı” dolmasını qabağına çəkdi. Yarıya qədər yemişdi ki, arvadı qapının arxasındakı yeşiyi götürüb mətbəxə keçdi, – Bu nədir, sən almısan?
    Şahid: – Hə. Hədiyyədir, bahalı şeydir.
    – Nəyi bahadır, “Sədərəkdə”, “Binədə” bunun birini 20-25 manata yalvarırlar, alan da yoxdur. İki dəfə işlədən kimi qaralır. Qaraçılar hər gün bundan da yaxşısını 10-12 manata məhləyə gətirir...
    Şahidin loxması boğazında qaldı, çeçədi, öskürdü, boğuldu, lap nəfəsi kəsilib göyərəndə arvadı kürəyinə bir-iki şapalaq çəkdi. Tikəni tüpürdü, boğazında qalanı hayxıranda bibərin qabığını dodağı ilə tutdu. Qabığı arvadına göstərəndə, arvadı deyindi, – Bu qırılmışlar da bolqar bibərinin qabığını elə qalın ediblər ki, adam çeynəyib uda da bilmir!.. – qabığı alıb zibil qabına qoymaq istəyirdi ki, Şahidin gözünü qan aldı. Yumruğu qabağındakı yemək çinisinə endirdi, – Sənin bolqar bibərinin içini...
    Aradan iki gün ötdü. Adillə Şahid gündə bəlkə də on dəfə bir-birinə zəng vururdu, – Sənə zəng vurmayıb ki?.. Cavab da eyniydi, – Yox hələ...

    30 dekabr 2016-cı il

  • iyul 2022, Rəşid B.

  • 71
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......