...
  • Viktor Hüqo
  • Rəşid Bərgüşadlı
  • Kolxozun işinə yaramayan “dalıağır” kişiləri ayırırdılar ki, çəkilliyin tutunu çırpıb araq çəksinlər. Sonra həmin arağı ev başına əməkgünü kimi bölürdülər. Bir-iki dindar ailə vardı ki, sədrin bu əməlinə görə hökuməti yamanlayırdı, üstəlik, öz araq payını pulsuz-pənasız arpaya, buğdaya dəyişirdi. Amma qalanları vikinqlər kimi məmə deyəndən-pəpə yeyənə az qala tut arağıyla mayalanıb böyümüşdü. O səbəbdən də toylarda başıxamırlı tut arağından başqa içki görməzdin. Sədr Qaraş deyirdi ki, balaca bir kənddən bu qədər ziyalı çıxmağın əsl sirri elə tut arağındadır. Həqiqətən də kəndin oxumuş, ölkəylə bir ad-san qazanan ziyalısı saya gəlmirdi – cihazqayırma, körpü, elektron mühəndisindən tutmuş, ta neyrocərrah, din alimi, tərcüməçiyədək. Bircə, yazıçımız yox idi...
    * * *
    Amma budəfəki tut arağı adamın atasını yandırırdı! Əldə-ovucda qalan keçənilki ehtiyat tükənirdi deyə, Absəməd kişi arağa nəsə qatmışdı. Eləcə normamı içmişdim, amma təpəmdən tüstü çıxırdı, başım bədənimin üstündə durmur, huşum özümü girləmirdi. Mağarın istisi də bir tərəfdən! Dəli şeytan olub-qalan ağlımı dəhmərləyirdi ki, – “Dur get şəlalənin altına gir, özünə gəlincə sərinlə!”... Gördüm ki, dəli olsa da, şeytan düz deyir, bir az da otursam qusub masqara olacağam. Dinməzcə toydan çıxdım, “Jiquli”mə oturub birbaş sürdüm kəndin dərəyuxarı dağlarına sarı. Hərdən yan oturacaqdakı qırmızı şərab şüşəsinə gözüm sataşanda ürəyim bulanırdı, – Məndən sağdış olar? İçib Mürsəlin yoluq itinin gününə düşmüşəm... – şərabı mənə bəyin anası hədiyyə vermişdi, dediyinə görə özünün çəkdiyi göyəm çaxırıdır. Gözüm ensiz yolu iki görürdü. Şüşələri açırdım toz-torpaq göz-başımı çıxarırdı, bağlayırdım, istidən boğulurdum. Maykam islanıb bədənimə yapışmışdı. “Sarı yarğan”a çatanda maşını düzəngahda saxlayıb özümü atdım çölə, girdim əncir ağacının kölgəsinə. Elə bil canımı qır tiyanından qurtarmışdım. Yaxamı-başımı açıb mənbəyini şəlalədən götürən arxda üz-gözümü, boyun-boğazımı yudum.
    – Yaxşı ki, dağlar-dərələr varmış, yoxsa adamın kənddə istidən canı çıxar... – corablarımı çıxarıb ayağımı buz kimi soyuq suya saldım. Özümə gəlirdim, öyüməyim də keçirdi. Amma şəlalədə yuyunmadan tam rahatlanmayacaqdım. Qalırdı şəlaləyədək iki yüz metrəni dikyuxarı piyada dırmanmaq. Qızmar çaxırı götürüb maşının qapılarını kilidlədim və arx boyunca diki aldım əlimə. Göydə bircə lopa da olsun bulud yox idi, gün birbaşa adamın təpəsinə şığayırdı. Yolkənarı qayaların üstündə cızılmış adlara, “G+R=S” kimi kömürlə yazılmış kəmsər sevgi etiraflarına baxdıqca hiss edirdim ki, gözlərim alacalanır, ətrafı hələ də tor görürəm. Köynəyimi, mayakamı çıxarıb atdım çiynimə, addımlarımı bir az da yeyinlətdim ki, azca aralıdan mehi adamı vuran, səsi “gəl-gəl” deyən şəlaləyə özümü bir az tez çatdıram...
    Dikdirin arxası şəlaləydi. Suyun yerə çırpıldığı yerdən qız səsi gəldiyini bilmirəm, qulaqlarım eşitmək istəyirdi, yoxsa doğrudanmı eşidirdim... Həmin şən səs suyun çisinə qarışıb təzədən üzümə dəyəndə durub qulaqlarımı şəklədim.
    – Bura cənnətdir, Erik! – “Qız tək deyilmiş”.., – bu qədər yolu hədər gəldiyimə heyifsiləndim.
    – Bəs nə bilmişdin! Sən də kəndi bəyənmirsən... – səsindən tanıdım oğlanı. Bakıdan toya gəlmişdi, bəyin əmisioğlu Ərəstun idi. Şəhərdə yaşayırdı, o da təzəcə evlənmişdi. “Bu istidə piyada necə gəliblər?” – yerimi başqaları zəbt elədiyinə görə it peşimanı olmuşdum. “Bəlkə tez gedəcəklər”... – dikdiri dolanıb hündürdəki “Xınalı qaya”ya dırmandım. Burdan şəlalənin töküldüyü yer əl içi kimi görünürdü. Üzüstə sərilib yerimi rahatladım, ehmalca sürünüb şəlaləyə sarı boylandım. Qayanın çatlağında bitmiş mərmərik kolu məni gizlədirdi.
    Gödək güllü don geymiş qönçə gəlin əllərini qaldırıb şəlaləni sığallayanda ağ üçkünc tumanı çöldə qalırdı. Tuman altındakı sütül əndamı, budlarının füsunkarlığı, üzünün şahanə gözəlliyi, dərisinin təravəti adamın gözünü deşirdi. Başımı silkələdim, gözlərimi ovdum – yox, bu yuxu deyilmiş. Ərəstun daşın üstündə oturub ayaqlarını suya sallamışdı, siqaret çəkirdi. Qızın gözəlliyi müqabilində əri çox eybəcər idi. Böyük və enli əmgəyi vardı, yastı burnunun pərləri geniş idi. Bircə fındıq boyda gözləri güləndə qəşəng görünürdü. Qız yaxınlaşıb Ərəstunun parıltılı qara saçlarını şanaladı, – Mən lüt çimmək, şəlalənin altında sevişmək istəyirəm... – qızın uzun qara kiprikləri, gündə yanmış, qarabaşaq boyda çilli dərisi, əzələli çiyinləri, enli sinəsi, xumar baxışlarından vurağan öküzə döndüm.
    – Birdən gələn-görən olar... – Ərəstunun səsindəki şəhvət məni də sərsəm edirdi. Bir çubuq tapıb çaxırın tıxacını ehmalca itələyib şüşənin içinə saldım. Şüşəni başıma çəkdim – çaxır kəmturş idi, özü də qapqaynar!.. Qız qara islaq saçlarını çiynindən sinəsinə aşırıb balaca qız məməsinin birini gizləmişdi. Anadangəlmə lüt soyunub oğlanı sürüyə-sürüyə gətirdi şəlalənin yanına, özü su pərisitək uzandı şəlalənin altına. Ərəstun da tələm-tələsik soyunub girdi qızın qoynuna. Bir-birinə sarılmışdılar. Qız gözlərini bərk-bərk yummuş, özünü geniş və ləziz yay süfrəsi kimi Ərəstuna açmışdı. Oğlanın harasından istəsə öpməyinə, əzizləməyinə icazə verirdi. “Yataqda lap yaxşı ağnayar!”, – yanaqlarım alışıb-yanırdı. Bilmirəm, gördüklərimdənmi, isti çaxırdanmı, yoxsa günvurmadanmı – peysərim guppuldayırdı. Bir anlıq Şirini pusan zavallı Xosrov gəldi ağlıma. Kolun dibində yuva qurmuş uzunayaq hörümçəyin toru burnuma toxunanda gözlərimi qayanın arxasında gizlətdim. Arxasıüstə çönüb gözümü zillədim günəşin qanqal tikanına oxşayan şəfəqlərinə, –“Bakirəliyimlə vidalaşmaq, evlənmək vaxtımdır”. Qərara gəldim ki, elə bu axşam yapışacağam anamın yaxasından, qoy mənə qız soraqlasın. Qızın ah-ufundan kükrəyən ürəyimin səsi qulağımı deşirdi. Tez-tez çaxırı başıma çəkib biləyimlə ağzımı silirdim, – “Halal olsun, yaxşı çaxır çəkib” – bəyin anasının haqqını verməsəydim, günah olardı... Qız Ərəstunun qucağında oturub onunla dodaq-dodağa yapışmışdı. Şəlalənin səsi inildəyirdi indi. Bir azdan qızın dərəyuxarı yayılıb daşları əridən “a-ah!..”ından bədənimdəki bütün tüklərim biz-biz durdu... Hörümçəyin əclafcasına baxışlarını təpəmdə hiss edirdim. Bilirdim ki, bu saat mənə nifrət edir. Onun uzun ayaqlarını bu saat elə yolardım... “Məhəbbətdən gözəl nəsə varsa, de, onu axtarıb dadına baxaq! Bu mənzərədən molla da gözünü çəkməz!” – həşaratın domba gözlərinə pıçıldadım. Saatımın tıqqıltılarını elə bil muncuq kimi sapa düzmüsən – saatıma baxdım. Zaman haqqında bütün hisslərim keyimişdi, – “Lənət şeytana, bu saat zorlamağa hazıram zaman deyilən nəsnəni!”...
    Ərəstungil geyinib gedənə qədər üzügöyə uzanıb səsimi içimə qısdım. Səsləri itəndən sonra baxdım ki, bayaqkı hörümçək də torunu yığışdırıb harasa rədd olub. Şüşənin dibində azca qalmışdı, onu da içib şəlaləyə endim. Siqaret yandırıb ard-arda iki qullab vurdum. Sərin meh, isti şərab və bayaqkı mənzərədən əməlli-başlı qudurmuşdum. İz axtaran it kimi sevişənlərin bayaqkı şəhvətindən qalan bir dəlil axtardığım yerdə ayağım mamır bağlamış daşın üstündə qəfildən necə sürüşdüsə, kəllə-mayallaq havaya uçdum...
    * * *

    Gözümə qara-qura şeylər görünürdü. Bircə ağlım onu kəsirdi ki, bayaq sərxoş idim və sürüşüb yıxılmışdım. Dirsəklənib qalxmaq istədim, alınmadı, elə bil yoğun ağaca pərçimlənmişdim. Gözlərimi çippildətdim, sonra qıyıb baxdım ki, bir qıllı bədheybət ayağını qarnıma soxub. Qocaydı. Filinki boyda iri gözlərindən birinin bəbəyi ağarmış, digəri isə çəp idi. Başı qozalarla dolu idi, çənəsində at yalına bənzər beş-altı qıl lopası sallanırdı. Dodaqları su ayğırının dodağına bənzəyirdi. Od tutmuş qamışlıqdan qaçan tülkü kimi devikib ora-bura boylanırdı. Birdən paçasını aralayıb üstümə işədi. Nə kişiydi, nə də qadın – sidiyi dərisindən sızırdı. Gözümün qırağıyla içimdəki məxluğun boyuna baxıb başı kəsilmiş öküz kimi xırıldayırdım. Birdən çis-dumanlı şəlaləyə ildırım elə çaxdı, bir anda suyu yüz özü boyda selləndi, yerdə qaya parçaları kimi ləpələndi, şırıltısından qulaq tutuldu. Səs-küy çəkiləndə isə bu həngamədən zühur edən yaşlı bir kişi şəlalənin altında qəddini dikəltdi. Bığ-saqqalı qar kimi ağappaq idi. Suyu şirin gəlirdi. Amma çox zəhmli biriydi. İçimdəki məxluqu görən kimi üstünə bağırdı:
    – Burax uşağı, məlun! Çək murdar ayağını, rahat burax yazığı! – ha hıqqandım mənə qahmar çıxan bu kişiyə nəsə deyəm, səsim çıxmadı. İçimdəki eybəcər yekəbaş məndən qabaq dilləndi: – Sən!? Aləmlərin rəbbi bir dılğır gədadan ötrü başqa adam tapmadı, səfil Viktoru göndərdi?! – çürük dişlərini qıcadı bədheybət. “Hə, odur, Viktor Hüqo!” – udqunanda içim içimdən keçdi.
    – Boşuna çərənləmə! Səninlə çənə döyməyə gəlməmişəm! Ayağının altındakı oğlanın başından bircə tük əskik olsa özündən küs! – ürəyim fərəhlə doldu ki, yaradanım imdadıma Viktor Hüqonu göndərib. Qarnıma boylandım. Onun bir ayağı bədənimin içindəydi, qalan yeddi ayağı isə dayanmadan çaylaq daşlarının üstündə növbəylə yer dəyişdirirdi. Nəzərimdə bədheybəti kiçildəndə anladım ki, bu yekəbaş məxluq bayaq mən sevişənləri izlərkən gözlərini bəbəyimə zilləyən uzunayaq hörümçəkmiş. Qorxudan öyüdüm. Ancaq qanrılıb qusa bilmədim. Onun ayağı mədəmdə olduğundan tərpənə bilmirdim, damarlarım onun qıllarıyla birləşmişdi. O, qanımı sorurdu, əvəzində isə kirli dırnaqlarından əriyib tökülən üfunətlə qarnımı doldururdu. Şərab çəlləyinə dönmüş cismimin bu qədər iyrənc olduğunu heç təsəvvür etməzdim.
    – Qoy Xaliq əmin olsun ki, nurdan yaratdığı mələkləri sənin kimi murdar insancıqların ayağına vermək nə böyük yanlışdır! – içimdəki bədheybətin İblis olduğunu indi anladım. Əl-ayağımı tərpətdim, ağrıyan yerim yox idi. Tam ayılmışdım. Hörümçək-şeytanın sidiyi quruduqca bədənimin içi kif bağlayır, dərimin üstü torla örtülürdü. “Ölmüşəm” – bunu ağlımdan keçirən kimi gözlərim yaşardı. Axı nə görmüşdüm bu dünyada? Özümdən sonra bir nişanə də qoymadım. Amma iş-işdən keçmişdi, – “Cəhənnəmə ki! Onsuz da bir gün öləcəyəm. Guya qocalıb nə olasıydım ki”. Ölümqabağı maraqlı tamaşa başımı qatırdı, qorxmurdum ölməkdən.
    – Səni lənətə gələsən, burax oğlanı!
    – Nə didirsən özünü, səfil!? Sənə kim ixtiyar verib işimə qarışırsan?!
    – O, Leopoldinamın sevgilisi Şarl Vakerinin ruhunu gəzdirir. Əgər onun ruhunu murdarlasan, hər iki dünyanı başına yıxacam! – Hüqo yumruğunu düyünləyib bizə yaxınlaşırdı. Amma deyəsən qorxurdu İblisdən, çünki addımlarını ehtiyatla və inamsız atırdı.
    – Belə de... Demək qızını və sevgilisi Şarlı hələ unutmamısan... – şeytan üçün şərab və nikotindən nəsə süzüb emal edirdim. Vicdanımın üzünə baxmaqdan qorxdum. Zavallı, ürəyimin içində pərişan halda nəsə eşələyərək gözlərimin içinə baxırdı.
    – Əgər mənimlə hədəylə danışmasan, yalvarsan, bəlkə oğlana rəhm edərəm... Yoxsa bu da yazıçıdır? – mənə ağarmış gözüylə baxdı və deyəsən heç nə görmədi.
    – Deyil, amma bir gün olacaq.
    – Allah gör kimlərə tapşırıb dünya ədalətini – fərsiz yazarlara...
    – Nədir bu inad, qazancın nədir, axı pislikdən necə ləzzət alırsan, heç vicdan yoxdurmu səndə?
    – Mənim qazancım sizin itirdiklərinizdir. Allah olmasaydı, itirdiklərinizlə cənnətin sultanı olardım... – fırfıra kimi hirslə başıma fırlanırdı.
    – Amma insan bir yerdə itirəndə, haradansa yenə qazanır, – Hüqo isə çox təmkinli görünürdü.
    – Elə dərd də orasıdır... Götürək səni.., hər şeyini itirdin – səhhətini, azadlığını, sevdiklərini – amma dünya sayəndə çox şey qazandı. “Dərdli adamlar yol getdikləri zaman heç vaxt dönüb geriyə baxmırlar, çünki onlar öz qara talelərinin dallarınca gəldiklərini çox gözəl bilirlər” – sənin sözlərindir. Sənin dərddən qaçmamağın insanlığın üzünü çox ağartdı, Viktor. Sən insanların dərd-sərini pulsuz-parasız onların özlərinə satdın, səbr, iradə, sevgi payladın, – Hüqonun həqiqətini anladıqca lap hövsələsiz olur, dayanmadan yeddi ayağıyla daş-qayanı oynadırdı. – Sən deyirdin ki, iki bədbəxtlik birləşib bir xoşbəxtlik əmələ gətirir. Haqlıydın. Allah sənin bədbəxtliyindən insanların xoşbəxtliyi üçün istifadə etdi. Katorqada olanda, övladını itirəndə belə səni Allaha dönük çıxara bilmədim. Son vaxtlar sənin kimi tiplərlə tez-tez rastlaşıram. Hər dəfə də məəttəl qalıram, niyə cəngimə keçən insanlar sonradan naxələf çıxır mənə? Mənə insanlığın iç üzünü aç, sən bu işdə pərgarsan.
    – Allahın rəhmli yaratdığı bir insan, başqa birinin təqsiri üzündən kinli ola bilərmi? İnsanın taleyi acı olmuşsa, qəlbi tamamilə dəyişib kinli ola bilərmi? Tavanı həddindən artıq alçaq olan daxmada onurğa əyilər, amma ürək əlacı olmayan xəstəliyə tutula bilməz. Hər insanın qəlbində sarsılmayan, yaxşılığın təsiri altında alovlanıb parlaq bir işığa çevrilən, pisliyin isə qətiyyən söndürə bilmədiyi əzəli bir qığılcım var.
    – Viktor, sən bərk qozsan, səni heç cür sındıra bilmədim. Səbrin həmişə məni valeh edib. Başına çox dərdlər açmışam, ancaq içindəki mərhəməti, insan sevgisini çıxara bilmədim, səni ədalətdən azdırmağı bacarmadım. Hətta, on doqquz yaşlı qızın Sena çayında boğulanda arvadına yazdığın məktub hələ də cızdağımı çıxarır: – “Yazıq qadınım, ağlama! Taleyin hökmünə tabe olmalıyıq... Bir az iradəli olmaq lazımdır. İndi mən də gəlirəm, bədbəxt əzizlərimizi birlikdə ağlayarıq” – bax onda bütün mələklər məni məsxərəyə qoymuşdular.
    – Mən bədbəxtliklər arasındakı xoşbəxtlik işartılarına qane oldum... – mənim yaddaşım özümə qayıdırdı və anlayırdım ki, Hüqonun “Səfillər”ini mən də oxumuşam. – Amma Şarl yaxşı üzgüçüydü, qızımı xilas edə bilərdi...
    – Amma bacarmadı, çünki qızın suya batan qayıqdan elə möhkəm yapışmışdı ki, onu ata qoşub dartsan da qopara bilməzdi. Nəticədə onunla birlikdə Şarl da öldü. Qızın batan qayığın onu xilas edəcəyinə son nəfəsinədək inanmışdı.
    – Bunu sən inandırmışdın, elədir!?
    – Hə, düz tapdın. Səninlə ilk tanışlığım da bu vaxtlar başladı. Onlar bir-birini çox sevirdilər, mənimsə, yaxşı bilirsən, sevənlərə paxıllığım tutur... – İblis şit-şit hırıldayanda anladım ki, möhkəm dava düşəcək və iç-içalatım bu davadan salamat qurtarmayacaq.
    – Zavallı Leopoldinam, əzizim Şarl... Həmin gün, sentyabrın 4-ü bərk külək əsirdi. Şahidlər deyirdi ki, qayığı külək çevirib. Mənim ağlıma hardan gələrdi ki, bu işdə sənin də murdar barmağın varmış... – onun qəmli üzü indi ilhamla nurlanmışdı.
    – Tanrının niyə məhz səni göndərdiyini anladınmı? Öyrəndin həqiqəti, yenə də tükün tərpənmir!..
    – Mənə bu taleyi yaşamağı rəva görən Allah idi, mənsə onun iradəsinə qarşı gələ bilməzdim. Mən yaradan qarşısında ömrümü namusla, səbrlə yaşamağa sərf edəcəyimi vəd etmişdim. Sənin pıçıltılarını hər zaman qulağımın dibində hiss edirdim, fitnəni duyurdum, aldanmırdım xoş görünən sayrışmalara. Bu da sənə od qoyanda qəmdən qırışmış üzüm gülürdü.
    – “Jan Valjan, qardaşım, siz artıq şərə tabe deyilsiniz, xeyirin ixtiyarındasınız. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha tapşırıram” – budur Allahın sənə öyrətdikləri, elədir?
    – Elədir, Jan Valjan kimi... Hər dəfə oğurladığı gümüş şamdanlara baxarkən qulaqlarında keşişin səsi cingildəyir, – “Heç bir zaman unutmayın ki, bu gümüşləri namuslu adam olmaq üçün sərf edəcəyinizi mənə vəd etmisiniz” – əslində, yaradanın pıçıltısını kağıza yazmışdım, bilirdim ki, insanların çoxu vicdanla yaşamağa məcburdur.
    – Amma sən keşiş Mirieldən də imanlı çıxdın. Dilin mənə bir şey vəd edirdi, əməllərinsə tam başqa şey. Hər bədbəxtliyində yanını kəsdirəndə, – “Çıx get buradan, hamı xoşbəxt ola bilməz!” – qapından qovurdun məni, İsa kimi sonsuz əzaba könüllü boyun əyirdin – şeytanın ağlına, nitqinə valeh olmuşdum. Mənim eşitdiyim, beynimə yeridilən şeytan kəndirbaz kosası kimi təlxək, quyruqlu, iribuynuzlu bir şey olmalıydı. İçimə ayağını pərçimləyən məxluq isə əsl filosof kimi danışırdı. Belə bir mələk kimi desən yoldan azdırar. Qurbanlıq quzu kimi gözümü onun ağzına zilləmişdim. İçimdəki maye qətran kimi qatılaşırdı və bir az da söhbət uzansa, məndən adam olmayacaqdı.
    Amma Hüqo da Hüqodur ha.., – Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq edə bilsin. Bəşər alicənablığının ən yüksən nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir. İnsanın cismi onun üçün həm ağır yük, həm də vəsvəsədir. O, bu cismi sürüyür və ona tabe olur, çünki ondan kənarda həyat yoxdur. Tərəddüd səndən, inad isə Allahdandır. İnsan öz cisminin cilovunu çəkməli, arzularını susdurmalı və yalnız əlacsız qaldıqda ona tabe olmalıdır. Bu itaətkarlıqda günah gizlənə bilər, lakin bu cür günah bağışlanacaq günahdır. Bu, yıxılmaqdır, ancaq dizi üstə yıxılmaqdır və ibadətlə yarası sağalar. İndiki şikarın da cismini sənə təslim etmiş zavallının biridir, hələ gəncdir, amma işıqlı gələcəyi var. İmkan vermərəm ki, onun gələcəyini öz murdar qanınla kirlədəsən.
    – Xilaskarlıq iddiasındasan yoxsa?! – indi fırfıra yox, lap bıldı kimi fırlanırdı İblis. Onu izlədikcə başım hərlənir, gözüm qaralırdı.
    – Xilaskar olmaq müstəsna bir şeydir, ədalətli olmaq isə qaydadır. İnsan yolundan çıxa, yıxıla, günah iş görə bilər, ancaq ədaləti bir an da olsa özündən kənar qoymamalıdır. Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Onun işıqlı gələcəyini sən də görürsən və bilirsən ki, xilas olsa, sabah xirtdəyinə çökənlərdən biri olacaq. Cavan ovunun xoşbəxtliyi isə ondadır ki, halını Allah-təala da görür və onun xilas olmağını istəyir. O, sənin hökmranlıq etdiyin cəhalət dünyasının adamı deyil. Burax onu, özünə başqa qurban axtar – səsim çıxsaydı, Viktora bağırardım ki, az çərənlə, qoca səfil, qurtar məni bu gicbəsərin caynağından! Amma bədənimlə birgə dilim də qurumuşdu...
    – Hə, cəhalət mənim yaratdığım cənnətdir – günahkarların cənnəti. Sənin kimi dahiciyəzlərin yazdığına iki-üç adam ancaq inanıb yolunu dəyişər. Mən hələ ölməmişəm ki, sağlam düşüncə dediyin cəfəngiyyat ayaq tutub yerisin! Mən imkan vermərəm ki, varlı ilə kasıb, qurdla quzu birlikdə məsud yaşasın. Heç vaxt cəmiyyətiniz sən arzuladığın cənnətə qovuşa bilməyəcək! Cəhənnəmə gedən daima özünə yoldaş axtaracaq, çünki cəhənnəm bir nəfər üçün çox darıxdırıcı yerdir!.. – hər ikisi bir-birindən iddialıydı. Qalmışdım ikisinin arasında, bilmirdim hansına haqq qazandırım. Key ağlım özümə ağırlıq edirdi. Amma nədənsə belə anlayırdım ki, Viktor şeytanı itələyib içimdən çıxarmağa çəkinir. Asta-asta başımıza fırlanırdı, bir gözünü də məndən çəkmirdi:
    – Haqlısan, cəmiyyət yaydığı cəhalət üçün məsuliyyət daşıyır, amma ədalətdən sapmayan insan hələ haqq yolundadır. Sevən və ədalətli insan bəşəriyyətin naxışıdır. Dilənçiyə bir qəpik verən mərhəmətli insan, əslində, bir qəpiyə cənnəti satın alır. Ancaq sənin cəhənnəmini qazanmaq üçün gərək ömrün boyu rəzillik, xəyanət, riya, paxıllıq yayasan. Bu isə insan üçün olduqca çətin bir işdir, bu xasiyyətlər insana yaddır... – indi anladım Hüqonun fəndini! O, söhbəti uzada-uzada İblisin başını qatır, əslində isə asta dairələrlə çəmbəri daraldırmış. “Yazıq canım, belə getsə, boş fəlsəfənin qurbanı olacaqsan” – xilaskarımın əndişəli gözlərində ümid, təpər sezdim, həsrətlə köks ötürdüm...
    – Ha, ha, ha..! – İblis güləndə ikiqat idbar olurmuş, – vicdan, ədalət və sevgi sözlərini dünyalının lüğətindən çıxaracağam! Səni oğurluğa, harama, günaha sövq edən cəmiyyət, özü səni cəzalandıranda haqq-ədalətdən danışmağın tam yersiz olur, Hüqo! Sən oğurladığın bir tikə çörəyin cəzasını çəkməklə rahatlanmaq istədin, noldu? Bəs saxta pul kəsənin aqibəti?.. Elə bilirsən yepiskop xeyir-dua verməklə onun qəlbini işıqlandırırdı? Ay hay! Dustağın canı çıxanda bilirsən onun kürəyində Allaha necə ismarış yazmışdım? – “Al, bir naxələf bəndəni də qəbul elə!”... Mən gilyotini sevirəm. Bütün eşafotu al qana batıran bu aləti icad edənlər qoy əbədi yaşasın!
    – Dediyin dustağın ruhu həmin anda işıqlanmışdı. Yepiskop onu bağrına basıb: “İnsanlar tərəfindən öldürüləni Allah dirildir, qardaşları tərəfindən qovulan özünə ata tapır. Dua et, inan, əbədi həyata qədəm qoy! Atamız ordadır!” – deyəndə artıq o ölümdən qorxmurdu, ruhu sakit idi, çünki, Allaha ümid bağlamışdı.
    – Yox! Allahı danıb, ölüm anında isə onun ətəklərinə sarmaşan adamı Allah sevmir! Mən onu tanıyıram!.. Sənin dustağın da son nəfəsinədək mənə inanmışdı!
    – Dolanışıq üçün saxta pul kəsməyə məcbur olmuş bir insan dünyalılar üçün cani sayıla bilər, Allah üçünsə bu cani, əl boyda kağız parçaları uğrunda mənasız öldürülən bir günahsızdır. Allah onu əbədi dünyada ehtiramla qarşılayacaq. Sən isə anla ki, Allah onun kürəyindəki ismarışa baxıb bu cür deyir, – “Ey kütbeyin məlun, kaş səni nə cür əzab gözlədiyini biləydin. Sənin cəhənnəm üçün baratlayıb göndərdiyin bu adam öz ailəsini dolandırmaq üçün başqa yol tapa bilməyən, ölümü gözə alan cənnətlikdir”...
    – Kəs səsini, əyyaş kaftar!! – heyvərə hirsindən dabanıyla dalağımı xıncımladı. Ayağını qarnımdan çıxaran kimi Viktor ona güclü pəl vurdu və əlimdən tutub məni ayağa qaldırdı. Tələm-tələsik üst-başımı hörümçək torundan təmizlədi. Uşaq atanın dəyənəyindən qorxub anasının arxasında necə gizlənirsə, mən də o cür Hüqonun enli kürəyinə sığındım.
    – Ver bura, o mənimdir! – şeytan məni tələb edirdi.
    – Cəzalandıracaqsan məni? Sənə ki bu hünər verilməyib... – həmin anda canımı qurban verərdim Hüqoya! – İnsandan bic və hiyləgər ola bilərsən, ancaq kütbeyin olduğun hər halından bəllidir. Çünki ürəyin yoxdur sənin. Ancaq Allah insan yaradanda öncə onun qəlbinə balaca da olsa sevgi payını qoyur. Həmin insan nə qədər vəhşi və zalım biri olsa da, sonda bu sevgi cücərib bar verir, onu işıqlı əbədiyyətə qovuşduracaq çırağa dönür. Bu dünyada da, o biri dünyada da əlləri boş qalan yalnız sən olacaqsan. Hər iki dünyada səni gözləyən bir mükafat var: çiyinlərini əyəcək, Allah qarşısında diz çökdürəcək qədər ağır və sonsuz insan lənətləri... Bir gün sevdiyin eşafot səninçün qurulacaq. Onda səni də qara basacaq, gilyotini görəndə sarsıntın o qədər dəhşətli olacaq ki, özün cəhənnəm odunda yanmağı diz çöküb yalvaracaqsan – bunu Viktor mənim gözümün içinə baxaraq, sanki mənimçün deyirdi. Qəhər, günah hissi məni boğurdu.
    – Cəhənnəmi sizlərlə doldurmuşam, alovunuz məni sərinlədəcək!
    – Bədbəxt, yekəbaş olmaqla deyil, gərək başda ağıl da olsun. Cəhənnəm bomboşdur. Orda yanacaq olanlar bir tək sən və övladlarındır. Hətta sənə qulluq edənlər də son nəfəslərində səndən xəbərsiz Allaha sığınırlar... Şeytan dəli-cinli olmuşdu, ətrafımızda dönüb durur, arada Hüqoya həmlə edirdi. İndi mənim də gözüm yeyirdi şeytanı. Hüqoyla nəzərlərimiz toqquşanda ondan sanki enerji aldım, qollarıma təpər gəldi, dilim açıldı. Əyilib yerdən iri bir daş götürdüm. – Tövbə et, məlun! – Viktorun arxasından çıxıb şeytana çımxırdım.
    – Tövbə mənə haramdır, milçək! – mənə ha.., mənə milçək deyirdi bu qıllı heyvərə! Başını hədəf alıb daşı var gücümlə atdım. Düz təpəsinin ortasında təzə bir qoza da məndən yadigar qaldı. Ufuldayıb yerində qıvrıldı, əvvəlcə yumağa, sonra da ilana dönüb çırpına-çırpına yarpızlıqda gözdən itdi... Hüqo çiyinlərimdən yapışdı, – Əhsən, xoşuma gəldin. Nəsə yazmağa başlamısanmı – şeir, hekayə, roman?
    – Xeyr, yazmıram, amma oxumağı sevirəm. Hələ sizin “Səfillər”inizi də oxumuşam...
    – Yazacaqsan, həm də ən yaxşılarını yazacaqsan... – qəfildən şəlalənin suyu qurudu, suyun səsi kəsildi. Hüqo çönüb şəlaləyə boylandı, – Vaxta az qalıb, mən getməliyəm. Dediklərimi yaxşı-yaxşı yadında saxla. Gördüyümüz hər şey bizə bəlli bir dildə yaradılıb, Tanrı öz sirlərini tam açıq şəkildə ötürüb. Amma biz bu dili unutmuşuq, ən çətin və qondarma dili təbliğ edirik, göydən səda gözləyirik. Bütün yazıçılar insanın öz taleyini seçməkdə aciz olmağından yazır. Təəccüb qalacağın şeylərə sevin, çünki, Allah insanı çaşdırmaq üçün o qədər şey düşünüb yaradıb ki... Bu dünya ağıllıları mat qoymağı sevir. Yazacağın əsərlərdə bunları nəzərə al... Özünə zidd olmaq haqqını itirmə və bundan heç zaman qorxma. İmkan ver ki, kainat səni öz yorğanı altına alsın.
    – Belə çıxır ki, mən yazıçı olacam?.. – əslində, cərrah, ya da inşaat mühəndisi olmaq ürəyimdən keçib, amma yazıçılıq ağlıma batmayan xülyadır.
    – Gələcəyini öyrənsən, onu dəyişmək istəsən bu sənin gələcəyin olmaz. Özünü olacaqlara hazırlamaq maraqsız işdir. Qoy yaxşı şeylər sürpriz olsun, dərdlər isə sənə indidən dərd olmasın, onsuz da dəyişmək iqtidarında deyilsən.
    – Məni İblisin əlindən xilas elədin... Ərk edib bir şey soruşmaq istəyirəm. Allah varmı?
    – Var. İblisi ki özün gördün... Bu dünya bundan da gözəl bir dünyanın olduğunun sübutudur. Qəlbini dinlə, o hər şeyi səndən yaxşı bilir. Ürək heç vaxt xəyanət etməz, ondan gözləmədiyin zərbəni sənə vurmaz. Ruhunu zəhərləyən günahlardan sınma, – “Bu da keçməli olduğum bir pilləydi, keçdim” de. Yetər ki, günahlarından dərs götür, çünki xeyirxahlığımız çəkisi dərk edilən günahlarımızın misli qədərdir... – şəlalənin səsi bir başqa cür çıxmağa başladı. Hüqo bu səsdən sanki səksəndi və geri-geri gedərək son tapşırıqlarını verdi: – Gözüm üstündə olacaq, həyatını insanlığa sərf elə. Sən bunu bacaracaqsan. Hər əzablı yolun bir istirahəti var. Ölümə alnıaçıq ona görə gedirik ki, bu acı dünyanın əzablarından dincələ biləcəyimiz yeganə kölgə ancaq odur. Dedikləmi düşünərək yaz. İnsanların üzündən qış soyuğunu necə qovmağı düşün, bundan yaz. Sağlam düşüncə yalan deyə bilməz, insanın hər halını yaradan səbəbləri yaz... – şəlalə bir anlıq onu qənşərimdən alıb çis dumanında yox elədi. Hüqonun son sözləri üzümə çırpıldı, – Elə şeylərdən yaz ki, şeytanın şəltəsi işləməsin, şər və yalan ayaq açıb yeriməsin...
    Şəlalə yenidən həmişəki sakit səsiylə axmağa başladı. Yaxınlaşdım, su pərdəsindən götürüb üz-gözümə vurdum. Burnuma xoş və tanış bir qoxu gəldi. Qəfildən yarpızlıqda gizlənən şeytan yadıma düşdü. Ayağımla yarpızları aralayıb onu xeyli axtardım. Belində iki yaşıl zolağı olan qurbağadan başqa heç nə tapmadım. Qurbağa başını sudan çıxarıb pəltək fit kimi əcaib bir səs çıxarırdı. Suya əyildim, qurbağanın gözlərinə baxdım, – “Odur! Bu bir cüt gözü öz gözlərimdən daha yaxşı tanıyıram!” – ehmalca yerdən karlı bir çaylaq daşı götürdüm. Elə qurbağanın başını əzmək istəyirdim ki, ağzıma dolmuş qara su ürəyimi bulandırdı – acı suyu udquna-udquna qaldım. Mədəm ağzıma gələndə qurbağanın tullanmağı ilə Ərəstunun səsi bir oldu, – Sizə dedim ki, “Jiquli”sini “Cin kahası”nın qabağında görmüşəm. Budur, burda qusur! – Ərəstun və bəyin soldışı şaqqanaq çəkib mənə gülürdülər. Mən isə dayanmadan qusur, fınxırır, üzümə su çırpır və düşünürdüm ki, bu saat həqiqətən Mürsəlin yoluq itindən betər gündəyəm...

    05 oktyabr 2016
  • iyul 2022, Rəşid B.

  • 106
Gəldim Sənə

Dəhnəli Məmməd Hacızadə

Zəl Cəlali Vəl İkram, Yoruldum . Görməkçün Cəlalını , Duruldum . Bir çeşmədən süzülüb, Xırmanlarda çözülüb, Yonqarlanıb, üzülüb, Yol aldım . Xətamla,günahımla......

Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......