...
  • Üç fədakar
  • Sabir Etibarlı
  • Dünyanın üç müxtəlif yerindən, üç fərqli zamandan üç insan bir araya gətirilmişdi. Antik Çindən sərkərdə Konqzi, orta əsr Avropasından gənc qadın İzabella və müasir dövrdən mardinli Yusif seçilmişdi. Hamısının əyinlərində aid olduqları dövrün geyimləri var idi. Onlar böyük təəccüb içində bir-birlərinə baxırdılar. Çünki özlərinin sorğu-sual vaxtlarını gözlədikləri bir anda anidən buraya gətirilmişdilər. Ətraflarında nələrsə hərəkət edirdi. Bunlar mələklər və ya keçikçilər ola bilərdi. Bu zaman Konqzi müharibədəki mühasirə situasiyasını, İzabella borclu olduğu adamları, Yusif isə öz problemlərini xatırlamışdı. Nə fikirləşdiklərindən asılı olmayaraq vəziyyətlərindən dolayı onlar kolizeydəki qladiyatorlara bənzəyirdilər.
    Göylərdən, əgər burada bir göy var idisə, nida gəldi:
    Konqzi, ən böyük fədakarlığını danış:
    Konqzi əsl sərkərdə inamı və hazırlığı ilə qabağa çıxıb başladı:
    Mən müqəddəs Çin ordusunun başçısı, müqəddəs Çin imperatorunun sadiq xidmətçisi sərkərdə Konqziyəm. O vaxtlar mənim məmləkətim, dövlətin paytaxtı, müqəddəs Yin şəhəri vəhşilər tərəfindən mühasirəyə alınmışdı. Say üstünlüyümüz bizə fayda vermirdi, strategiyamızı başdan səhv qurmuşduq. Hər hücum minlərlə itki və sıfır irəliləmə ilə nəticələnirdi. Nə edəcəyimizi bilmirdik. Müqəddəs imperator məndən tədbir istədi. Mən isə artıq nə edəcəyimə qərar vermişdim. Yeddi qızım var idi. Onların canı ilə göylərlə müqavilə bağladım. Biz qədim və müqəddəs bir nəsildənik. Yeddi müqəddəs qan müqavilində ölülərimizi geri istədim. Qarşılığı gözlədiyimdən daha böyük oldu, razılaşma bütün Çini əhatə etdi. Bütün ölkə dirilib Yinə axışdı. Bizi mühasirəyə almış düşmənin özü mühasirəyə alınaraq dəhşətə gəlmişdi Ölü olan birini necə təzədən öldürmək olardı? Düşmən tezliklə darmadağın olub tarix səhnəsindən silindi. Biz tərəfdən heç kəsə mərhəmət olunmadı.
    Konqzi susub yumruğunu sıxdı. Davam edib etməcəyini fikirləşirdi. Saniyələr içində burada bir şey gizlətmənin mənasız olduğuna qərar verib davam etdi:
    Sonra daha böyük fəlakətlər üz verdi. İndi ölülər bizə qənim kəsilmişdi. Daha öldürülə bilməyəcəklərinə arxayın olduqları üçün qiyam başlatdılar. Bəziləri 200 il əvvəlki keşmiş evlərini tələb edib camaatı oradan qovurdu, bəziləri keçmiş qisaslarını almaq üçün düşmənlərini axtarıb tapırdı, bəziləri isə hakimiyyət tələb edirdi. Çin xaosa bürünmüşdü. Hər yerdə ah-nalə, ölüm, yanğınlar, dəhşət və vəhşət var idi. Bunu mən etmişdim.
    Bunları deyim hələ tanımadığı İzabellaya və Yusifə baxdı. Onların gözləri bərəlmişdi. Qarşılarındakı adamın böyüklüyündən, nələr etdiyindən xəbər alıb duruxub qalmışdılar. Konqzi davam edirdi:
    Göylər yenidən qurban tələb edirdi. Mən – imperator əla-həzrətin sadiq xidmətkarı, toxunulmaz Çin imperatorluğun qulu və böyük Çin ordusunun başçısı Konqzi nə edəcəyimi bilirdim.
    Əllərini qaldırıb göstərərək bağırırdı:
    Bax bu əllərimlə doğma 13 oğlumun başını kəsdim. Onlardan razılaşma girovu kimi istifadə etdim. Göylər həmişə qazanır. Həmişə ən dəyərli olanları alır. Bu dəfə də istəyim qəbul olunmuşdu. Bütün ölüləri lənətlədim və yeraltı dünyaya geri göndərdim. Müqəddəs Çin imperatorluğunun şərəfini qorumaq üçün 20 övladımı qurban verdim. Onlar isə məni ölülərin dağıntılarından məsul bilib həbs etdilər. Yerim imperatorun yanında olmalı idi, amam qara zindan oldu.
    Konqzi başını çevirib yenidən İzabellaya və Yusifə baxdı. Bayaq gözlərində qibtə, hörmət işartıları olan ikilinin gözlərindən indi acıma və təəssüf yağırdı.
    Sonra səssizlik yarandı. Başda Konqzi olmaqla üçlü nəsə bir cavab, ya da bir əmr gözləyirdilər. Əmr çox gecikmədi:
    İzabella, danış. Ən böyük fədakarlığını danış.
    İzabella bir addım qabağa çıxıb udqundu, sonra başladı:
    Mən, mən İzabellayam. Dəmirçi Henrinin ən böyük qızı. Atam hörmət görən biri idi. Əsilzadə deyildi, amma çalışqan, mərd adam idi. Mən 14 yaşımda Robert ilə evləndim. Əvvəl çox xoşbəxt idik. Robert atam kimi həm dəmirçi, həm də dülgər idi. Amma dəhşət çox içirdi. Evlənəndən bir neçə il sonra daha çox içməyə başladı. Arxasınca da qumara başladı. 5-6 ildən sonra 3 azyaşlı uşaq ilə soyuq evdə ac-yalavac qalmışdım. Borclular hər gün qapıya gəlir, uşaqları qorxudur, Roberti qabağımızda sözləri ilə təhrik edirdilər. Robertin cəsarəti, gücü nəsə etməyə çatmırdı. Get-gedə ona əl qaldırmağa başladılar. Neçə dəfə elə evin qabağında döydülər. Get-gedə daha çox adam qapıda yığılır, daha pis döyürdülər. Onu güclə sürüyə-sürəyə evə gətirir, soyuq evdə əsə-əsə yaralarını sarıyırdım. Uşaqlar durmadan ağlayırdılar. Mən bezmişdim. Özümü ana, ya da qadın, ümumiyyətlə insan kimi hiss eləmirdim. Beynimdə fikirlər keçirdi. Bir dəfə alacaqlı kişi mənə yaxınlaşanda kimin qızı olduğumu tanıyıb mənə toxunmadı. Onsuzda mən onun niyyətini bilib ondan aralaşmışdım. Bəs ondan uzaqlaşmasaydım necə? Bəlkə də çıxış yolu bu idi. Hə, tək çıxış yolu elə bu idi. Mən – İzabella gedib Robertin borclu olduğu adamla yatdım. Həm də dəfələrlə. Sonra o biriləri ilə növbə ilə yatdım. Artıq fahişə idim. Həm də tanınan, arzuolunan fahişə. Robert... Robert isə məni satmağa başladı. O necə də gözümdən düşmüşdü. Onsuzda lap çoxdan onu nəinki ərim, heç kişi kimi də, insan kimi də görmürdüm. Əgər o məni qısqanmırdısa və mən də onu istəmirdimsə, üstəlik o mənə daha varlı müştərilər tapa bilirdisə, niyə də bu olmayaydı? Mən – İzabella illər ərzində fahişəlik ilə 10-a yaxın uşağımı böyütdüm. Düzü, qızlarım da mənim kimi fahişə, oğullarım isə oğru oldular. Amma hər halda mən analıq borcumu yerinə yetirdim.
    İzabella Konqziyə və Yusifə baxanda ona baxan iyrənti dolu gözlərin, əyilmiş üzlərin şahidi oldu. Amma artıq bunlara öyrəşmişdi. Başqa vaxt özünü tamam fərqli cür müdafiə edərdi. Amma burada daha fərqli şeylər deyə biləcəyini düşündü:
    Mən heç vaxt pis qadın, pis insan olmamışam. Sadəcə mənim bəxtim, taleyim belə gətirdi. Tanrı özü məni bədbəxt yaratdı.
    Elə bu anda göylər, əgər göylər demək mümkündürsə, - hər yan titrədi. İzabella dizi üstə çöküb başını tuturaq bağışlanma dilədi. Cəza gözlədiyi vaxtda yenidən nida gəldi:
    Yusif, sən başla. Ən böyük fədakarlığını danış.
    Yusif bir addım qabağa çıxdı. Üzündən narazılıq yağan Konqziyə, sir-sifətindən yazıqlıq, qorxaqlıq və əxlaqsızlıq olan İzabellaya qısaca baxıb sözə başladı:
    Mən Yusif, mardinli yekə Yusif. Hamı məni yekə kimi tanıyır. İki qardaş olmuşuq. Bir yerdə ciyərxana işlədirdik. Elə ağlım kəsəndən qonşumuz Əlifi sevmişəm. Qarayanız, arıq qız idi. Dodağının üstündə balaca xalı var idi. Qaşları mahnılardakı kimi kaman, gözləri şeirlərdəki kimi ala idi. Bir incə beli var idi ki. Hələ saçları... Saçlarından az qala qamçı düzəltmək olardı. Yeriyəndə bədəni nazlı-nazlı elə əsərdi ki, mən ondan gözümü çəkə bilməzdim. Mənim qorxumdan heç kəs ona nəinki yaxınlaşmaq, heç gözucu baxmağa da cürət edə bilməzdilər. Onun həsrətinə əskərlik boyu necə dözdüm bir Allah bilir. Bir baxışına dünyanı yandırardım, bir gülüşünə dəvəni belimə alıb aparardım, bir göz yaşına qiyaməti qoparardım.
    Bu yerdə qiyaməti qoparacağını demək öz qulağına bir az qəribə, bir az da axmaqlıq kimi səsləndi. Amma artıq demişdi. Onları dinləyən, ya da dinləyənlər isə olduqca anlayışlı, başadüşən görünürdülər. Yəni birbaşa görünməsələr də, elə təəssürat yaranırdı. Odur ki, Yusif davam etdi:
    Əlifə, yüzlərlə dəfə evlənmə təklif eləmişəm. Çirkin deyildim, güclü idim, hündür idim, pulum da var idi. Mən bilirdim ki, biz bir-birimizi sevirik. Bəs nə idi problem? Bunu heç vaxt tapa bilmədim. Amma özümə söz vermişdim ki, o hazır hiss edənə qədər gözləyəcəm, - Yusif çox dərin ah çəkib köks ötürdü.
    Gördü ki, Konqzi ona olduqca soyuq, etinasız baxır. İzabellanın isə gözləri dolmuş, bütün diqqəti ilə Yusifin üzünə zillənmişdi. Yusif qaldığı yerdən davam etdi:
    Bir də bildim ki, qanında pis xəstəlikdən tapılıb. Başımdan güllə ilə vurulmuşa döndüm. Elə bağırdım ki, çətin ki, tarixdə kimsə mənim kimi belə bağırsın. Çox isyan elədim, çox əsəbləşdim, çox ağladım. Axırda sakitləşdikdən sonra yollar axtarmağa başladım. Məlum oldu ki, iliyim ona uyur. Çox düşünmədən verdim. Cananıma canımdan bir parça vermək qədər böyük xoşbəxtlik idi! Bəs o pozğun nə elədi? Əməliyyatdan təxmini 8-9 aydan sonra onu yataqda başqası ilə basdım. Bədənində mənim bir hissəmlə mənə xəyanət etmişdi...
    Elə bu dəm İzabellanın hönkürtüsü eşidildi. O, iliyin nə olduğunu tam anlamamışdı. Amma məğzi qavramışdı. Robert ilə müqayisədə Yusif ona mələkdən fərqsiz görünürdü. Amma onları minlərlə kilometr, yüzilliklər, indi isə ilahi qaydalar ayırırdı. Artıq Yusif əhvalatı sonlandırmağa doğru gedirdi:
    Mən onun müalicəsi üçün ciyərxananı satmaq üstündə doğmaca qardaşım ilə qanlı-bıcaqlı oldum, ailəmlə aram dəydi, o gün ikisini də güllələdiyim üçün 25 il yatdım. Həyatım puç oldu. Mən ona illərimi, sevgimi, iliyimi vediyim üçün peşman deyiləm. Əsəbimi cilovlaya bilməyib onun canına qıydığım üçün peşmanam.
    Göylərdən səs eşidildi:
    Sizin hər üçünüz dinlənildiniz. İndi isə qərar verin, üçünüzdən biri öz zamanına geri qayıdacaq. Ona etdiyi böyük fədakarlıq müqabilində səhvini düzəltmək şansı veriləcək... Seçin, hansınız gedəcək?

    Konqzi, İzabella ve Yusif bir-birilərinə baxdılar. Konqzi qalın səsi ilə diqqətləri üzərinə çəkdi:
    - Mən getməyəcəm.
    İkili təəccüblənmişdi. Konqzi isə halını pozmadan qərarlılıq ilə izah etdi:
    - Mən artıq bilirəm ki övladlarımı qurban etsəm, nə olacaq. Əgər qurban etməsəm də, nə olacağını təxmin edə bilirəm. Düşmən müqəddəs Yin şəhərini işğal edəcək. Bütün səhv isə mənim - ali imperatorun aciz xidmətçisi Konqzinin olacaq. İmperator məni və övladlarımı yandıracaq, bir az mərhəmətli olsa, doğratdıracaq. Əgər ali-həzrət bütün mərhəmətindən istifadə etmək lütfində olsa, hamımızı asdıracaq. İşdir əgər mən böyük imperatorun qəzəbindən və cəzasından qaça bilsəm, onda bu dəfə də düşmən məni və ailəmi məhv edəcək. Deməli Konqzi və övladları üçün qaçış yeri yoxdur. Mən lənətlənmişəm.

    İzabella Konqzinin sözlərindən ürəkləndi. Özündə cəsarət tapıb o da təklifdən imtina etdi:
    - Tutalım mən öz istəyim ilə fahişə olmadım. Onsuzda Robert məni bir gün qumarda uduzacaqdı. Artur, ya da Riçard, ya da bir başqası bir gün mütləq mənə sahib olacaqdı. Mən sadəcə vaxtı qabaqladım. Düzü, əlbəttə, şərəfimi və qadınlıq ləyaqətini qurban verdim. Amma indi anlayıram ki, bunun bir əhəmiyyəti yoxmuş. Sadəcə zaman məsələsi... Amma sən - Yusif, sənin hələ şansın var. Sən get.
    Konqzi sadəcə, - hə, bununla mən də razıyam, - deməklə kifayətləndi. Qısa danışıqdan sonra məhz Yusifin geri qayıtmasına qərar verildi. Zamanın olmadığı bir yerdə üçlünün təxmin etdiyi üzrə qısa zaman ərzində Yusifin cismi çəkilib boşluğa, oradan da Dünyaya aparıldı. Həbsxanada şişlənib öldürülməmişdən əvvəlki həyatına qayıtmışdı. Telefonuna baxdı, tarix o günü - xəyanət gününü göstərirdi. Aha budur, qara xəbər carçısı Mahmud o bəd xəbəri vermək üçün Yusifə yaxınlaşır. Qısa salamlaşmadan sonra:
    - Abi, Osmanı yengənin evinə girəndə gördüm, - dedi. Arxasına da daha başqa detallar, xırdalıqlar, qıcıqlandırıcı təfərrüatlar əlavə etdi. Yusif özündən asılı olmadan oradan uzaqlaşmağa, Əlifin evinə doğru getməyə başladı. Ayaqları sözünə baxmırdı. Yox, bu, düz ola bilməzdi. Bədənini o idarə etmirdi. Hər şey elə o gün olduğu kimi irəliləyirdi. Evə yaxınlaşdıqca belindəki tapancanı çıxarıb sazlığını yoxladı. Amma Yusif and içə bilərdi ki, bayaq tapanca onda yox idi. Demək göylər mərhələ-mərhələ düzəlişlər edir.
    Yusif evə çatanda həyətdəki 4-cü dibçəyin altındakı açarı götürüb qapıya saldı. Qapı etiraz etmədən açıldı. Bir anın içində artıq Yusif pillələri qalxırdı. Daha sonraki saniyələr içində isə artıq o, yataq otağının qapısının ağzında idi. Qapını açmaq istəyirdi ki, qulağına səs gəldi:
    - İndidən iradən sənə verildi. Nə edəcəyinə sən qərar ver!
    Yusif donub qalmışdı. Ona yeni bir şans verilmişdi. O, qapını heç açmaya bilərdi, həyatını yenidən Əlifdən ayrı qura bilərdi. Gənclik illərini həbsxanada keçirtməyə, şişlənib öldürülməyə bilərdi. Bunlar ağlında tüğyan edəndə beyninin bir tərəfində Əlifin lüt halda başqasının qoynunda görüntüsü fırlanırdı. Əlif bədənində Yusifdən bir parça ilə necə Yusifə xəyanət edə bilərdi? İkinci şans bağışlanmış Yusif qərarını verdi. Hər şey əvvəl olduğu kimi təkrarlandı....
  • avqust 2024, Sabir E.

  • 219
Düşüncələrin Qapıları

Şümşəd Hüseynova

Mən kiməm? Bu sualı çox zaman özümə verirəm və aldığım cavab bir "heç" olur. Dünyamızın qarışıqlığı və insanların səsləri arasında insan özünü necə tapa bilər?......

Ailə yükü 2-ci hissə (yaşadıqlarım)

Ceyhun Fikrət

O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Müəlliməmiz çox sadə bir müəllim idi. Hər gün sübh oyanıb dərsə getməyim......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Zəfər Günü

Şümşəd Hüseynova

Qarabağım... Vətənimin hər yanı gözəldir, fəqət Qarabağım gülüstandır. Məmləkətimin döyünən qəlbi - Qarabağım. Səni bizdən illər əvvəl aldılar, gözlərini bir an belə olsun, səndən çəkmədilər.......

Görəsən, mən ş*?

Sabir Etibarlı

Metrodan çıxıb avtobus dayanacağına qədər yeridi. İşdən sonra çox yorğun idi, amma yenə də yerində dayana bilmirdi. Saatına baxdı, saat 21:32 idi. Dayanacaqda səbirsizlənib irəli-geri......

Gedək

Şümşəd Hüseynova

Götür dərd sərini bu axşam, , biz olmayan yerə. Götür sözləri bu axşam, , söz olmayan yerə. Kim deyər həyatın dərdin? Kim bilər ürəyin fikrin?......

Bioqrafiya. Biblioqrafiya

Firuz Mustafa

(Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahısı) (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bioqrafiyası......

Avqust

Sima Ənnağı

dodaqlarda Qaymaqlı dondurma kimi Xəfifcə əriyir, Havanın istisini Çiyimlərimdə daşıyıram Yapıncı kimi. Nə qədər görülməmiş yuxular, Nə qədər oyanmamış ürəklər var da. Nə qədər......

Üç fədakar

Sabir Etibarlı

Dünyanın üç müxtəlif yerindən, üç fərqli zamandan üç insan bir araya gətirilmişdi. Antik Çindən sərkərdə Konqzi, orta əsr Avropasından gənc qadın İzabella və müasir dövrdən......

Sevimli bir eşq hekayəsindən

Aqşin Mustafa

Ətrafı mühafizəçilərlə dolu olan Amerika Birləşmiş Ştatlarının prezidenti maşınına mindi və alxa qoltuqda oturdu. Qaranlıq bir səhər idi. Heç kim bir kəlimə də danışmamışdı. Bir......