...
  • Zaur Ərmuğan - Şeirlər
  • YAZARLAR.AZ
  • RZULARIN GÖZƏLİ

    Bir gözəl arzulamışam.
    Elə gözəl ki,
    sevdiyim qədər sevə məni.
    Təkcə gözləriylə yox,
    qəlbiylə də görə məni.




    DAHA HEÇ NƏ DANIŞMA

    Kirpiklərin
    uzağa uzanan baxışlarının
    sonu bitməz həsrət vadisində
    yanıb qaralan qəm budağı.
    Damcı-damcı süzülən göz yaşların
    qəlbindən bir-bir qırılıb düşən küskün yarpaqlardır elə bil.
    Gözlərinsə,
    içinin güzgüsü.
    İçinin sazağı, bürküsü,
    İçinin yağışı, dumanı,
    Ümidi, gümanı,
    Səsi,
    Sükutu,
    Qəlbinin yanğılarda köz-köz alışan odu --
    Hər şey, hər şey gözlərində.
    Daha mənə heç nə danışma.




    GECƏNİN SƏSSİZLİYİ

    Gecənin səssizliyi
    Bir sükut yağışıdır.
    Gecənin səssizliyi
    Bir yağış naxışıdır.
    * * *
    Gecədə özgəlik yox,
    Gecədə doğmalıq var.
    Sirdaşım olub gecə,
    İçimdə tənhalıq var.
    * * *
    Gecənin səssizliyi
    Qəlbimdə dinən səda.
    Bu gecə bəyaz gecə,
    Bu gecə nurdan ada.
    * * *
    Dünyanın o başına
    Gedən yol burdan keçir.
    Yol uzun, yol kəsədir,
    Genişi dardan keçir.
    * * *
    Sözümü bircə-bircə
    Gecəyə danışıram.
    İçimdən süzülürəm,
    Gecəyə qarışıram.
    * * *
    Gecənin səssizliyi
    Sükutumun oxşarı.
    Könlümə gecə dolub,
    Dolub, yağsam, yaxşıdır.




    XƏYALIN

    Həsrət qaranlığında
    işıq-işıq anıram sevgimizi.
    Bir ürəklik gündüzlükdür qəlbimin otağı.
    Zülməti yarıb keçən
    bəyaz bir dünya hopub ruhuma.
    Sənin əvəzinə
    xəyalın gəlib qapıma.




    XATİRƏLƏRLƏ BİR QALANDA

    Tənhalığın səni xatırladır mənə.
    Narın yağışdan sonrakı torpaq qoxusutək,
    Bir bənövşə yuxusutək
    kövrəkliksən.
    Ümidsizlik ağrısını
    içimdən çıxaran həsrət acısı
    şirinmiş nə qədər...
    Bircə xatirələrdən ayrılmağım olmaya.




    ÖMRÜMDƏSƏN

    Evimdən getmisən,
    ömrümdən ki getməmisən.
    Nə olsun,
    əlyetməzindəsən əllərimin.
    Ötənlərin
    indi də duyum-duyum anılan
    illərimin.
    Sən hələ də özümdəsən,
    Ömrümdəsən.



    BİR GÖRDÜM
    Elə sevdim səni sevgiyə tapınandan.
    Səni də, özümü də bir gördüm
    iki qəlbdə,
    ruhumuzu tanıyandan.
    27 avqust 2018



    KÖNLÜMDƏ SƏN DİNƏNDƏ

    Duyğularımın şeirləşən çağı!
    Səninlə qalmaq istəyirəm
    zamansız zaman boyu.
    Ruhumla yoğrulan ömür tikəsinə
    dad gətirənim.
    Harayıma dünyaları yetirənim.
    Çəkilər gözlərimin gecə yuxusu.
    Hopar içimə
    taleyimin olar-olmazından keçən sevincləri,
    qəm qarışıq
    yer-göy dolusu
    könlümdə sən dinəndə.
    Sən mənə:
    -- Səninəm! -- deyəndə.
    avqust, 2018



    YAYIN SON ÇAĞI

    Başını tovlayıb alır ovcuna
    Bu yayın yerini payızın göyü.
    Qızaqol köynəktək bükülür qat-qat
    Vaxtın dolabında yayın bu günü.
    * * *
    Bol olur yağışdan payız buludu,
    Yayın dalınca mən ağlaya biləm.
    Alır əllərimdən yayımı payız,
    Bu yayı gizlədib saxlaya biləm.
    * * *
    Vida görüşüdür yayın son çağı,
    Kafe qapısıtək bağlanır üzü.
    Bir qonaqevindən ayrılıb gedir,
    Dinir xatirəli köçünün izi.
    * * *
    Vağzal yolundadır, orda gözləyir,
    O həsrət qatarı indicə gələr.
    Kövrək baxışımla ötürüb yayı,
    Əlacsız sükutum: "Hələlik!.." -- deyər.
    * * *
    Geriyə boylanıb baxsam da hərdən,
    Payızın əlləri çəkir çiynimi.
    Kəsişən yollarda ayrılmaq da var,
    Qayıdıb dəyişim daha əynimi.




    QOY OXUSUN GÖZLƏRİNİ GÖZLƏRİM
    Bir görüşün yollarına çən düşüb,
    Bir eşqinmi saçlarına dən düşüb?!
    Məndən özgə de, könlünə kim düşüb?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Ürəyimi göynədəcək yanğısı,
    Telin olsun bu yaramın sarğısı.
    Kimdir, görən, o inamın oğrusu?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Ümid dinir, güman dinir gözündə,
    Sükut dolu ümman dinir gözündə,
    Bir gerçəyi uman dinir gözündə,
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Kirpiyinin kölgəsimi gizlənən?
    Yad baxışla özgəsimi gizlənən?
    Bəlkə, mənəm öz-özüylə izlənən?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Sevgilərdə doğru da var, yalan da,
    Sevgilərdə sayğı da var, talan da.
    Bu ömürdə olmayan var, olan da,
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Hansı vədə, hansı sözdür nəhs düşüb?
    Düz yozulan gərdişimiz tərs düşüb.
    Günah kimdə, qınaq kimdə, bəhs düşüb?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Gülüm, and iç bu sevginin adına,
    Gülüm, yetək biz bu eşqin dadına.
    Ərmuğandır, sevib, düşüb oduna,
    Qoy oxusun gözlərini gözlərim.




    ÜRƏYİMƏ
    Gözümdən axır göz yaşı,
    Nəmi yığdım ürəyimə.
    Dərdin mənə yol yoldaşı,
    Qəmi yığdım ürəyimə.
    * * *
    Ərşə çəkdin sən yuxumu,
    Həm azımı, həm çoxumu.
    Əkdin bircə dərd toxumu,
    Zəmi yığdım ürəyimə.
    * * *
    Bir gileyin min davası,
    Bir talanam, eşq yuvası.
    Köklənmişəm, var havası,
    Dəmi yığdım ürəyimə.
    * * *
    Məni məndən alan aldı,
    Məni məndə oda saldı.
    Kimim getdi, kimim qaldı?
    Kimi yığdım ürəyimə?
    * * *
    Ərmuğan, bil, dərdim çoxdur,
    Başım üstə şimşək çaxdı.
    Vayıma el şərik çıxdı,
    Cəmi yığdım ürəyimə.

    Müəllif, Zaur Ərmuğan

    YAZARLAR.AZ















  • avqust 2021, Yazarlar.az

  • 221
Gəldim Sənə

Dəhnəli Məmməd Hacızadə

Zəl Cəlali Vəl İkram, Yoruldum . Görməkçün Cəlalını , Duruldum . Bir çeşmədən süzülüb, Xırmanlarda çözülüb, Yonqarlanıb, üzülüb, Yol aldım . Xətamla,günahımla......

Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......