...
  • Şəlalə Camal. Ayrılığın Üz Dönsün...
  • زائـــور اوستاج
  • ŞEİRLƏR
    SEVGİ ŞEİRLƏRİ
    YENİ ŞEİRLƏR
    ŞƏLALƏ CAMALIN ŞEİRLƏRİ

    AYRILIQ…
    (Cabir Novruz “Üzü dönsün ayrılığın” şeirindən ilhamlanaraq)
    Yavaş- yavaş gecə keçmir,
    Keçsə belə gün bitməzdi…
    Ay dolanıb il çatmazdı,
    Ahım Allaha yetməzdi…
    * * *
    Şirin günlər, şirin aylar,
    Göz qırpımında olmazdı…
    Bu eşq ilə nəfəs alıb,
    Həsrətindən qocalmazdım…
    * * *
    Ay çəkilər, günəş gələr,
    Başımıza min iş gələr…
    Qızıl gedər, gümüş gələr,
    Mən gəlmərəm gümüş kimi….
    * * *
    Şirin günlər, şirin aylar,
    Göz qırpımında olmazdı.
    Bu eşq ilə nəfəs alıb,
    Həsrətindən qocalmazdım.
    * * *
    Çöldə ildırımlar çaxar,
    Donan çaylar, sular axar,
    Həsrət ilə mən baxaram,
    Ürəyin yanıb yaxılar.
    * * *
    Şirin günlər, şirin aylar,
    Göz qırpımında olmazdı.
    Bu eşq ilə nəfəs alıb,
    Həsrətindən qocalmazdım.

    SEVGİ
    Mən sevginin özüyəm.
    Sən sevməyi bilməmisən…
    Bircə dəfə yanağımdan ürəyimə süzüb gələn göz yaşımı silməmisən…
    Sevgi mənəm…
    Cırmaq – cırmaq,
    Addım – addım,
    Aşa – aşa,
    Çaşa – çaşa
    məhəbbətdən dönməmişəm…
    Sevgi mənəm,
    Sən ölsən də…
    Yaşayacam kainatda, bil ki, hələ ölməmişəm.


    GETMƏ
    Gücüm çatmır ayrılmağa,
    Gəl yaramı özün bağla…
    Bəlkə fürsət yaranardı, sonuncu kəz danışmağa…
    Bu son vida…
    Əmin ol ki, sovurulacaq bundan belə, gəlib – gedən bəla – qada…
    Nəfəsimdə iniltini,
    içimdəki qımıltını,
    evimdəki hənirtini
    yox edəcəm…
    Darıxma, tez gedəcəm…
    Qalmayacam….
    Bu ölkədə, bu həyatda, kainatda olmayacam…
    Sağlığında qiymət verin insanlara demişdilər…
    Nə olsun ki?
    Demişdilər…
    Mən sağ ikən görməmişdim o qiyməti, o dəyəri….
    İçim nisgil, çölüm nisgil…
    Dərd içində qıvrılıram…
    Yanıb göyə sovuruluram…
    Gəl yaramı bağlamağa….
    Tut əlimdən danış görüm.
    Mən beləyəm. Sən necəsən?

    YADIQ
    Ruhunla tanış deyiləm…
    Daha danışan deyiləm…
    İçimdəki o qığılcım sönüb artıq…
    Sənə qarşı ruhumdakı o şəfqət də dönüb artıq…
    Üzü dönsün ayrılığın deyirdilər…
    Dönməz olsun.
    Ayrılıqdan betəri var…
    Dözə – dözə inləyərsən…
    Sakitliyin içində sən göz yaşını dinləyərsən…
    Ruhuma bələd bir qadın,
    Yadımdan da çıxıb adın.
    Allaha yetir fəryadım,
    Daha danışan deyiləm.

    SEVGİ GƏTİRDİM...
    Sənə bir çamadan sevgi gətirdim
    Qarışıb içində köhnə – külüşə
    Sən Allah bağışla, özüm qalmadım
    Qalsaydım, çatmazdım indi görüşə.
    * * *
    Üzünə baxmağa gücüm çatmadı,
    Məni dar ayaqda gözləyənim var.
    Qapının ağzına qoyub çıxmışam,
    Qorxuram, kölgətək izləyənim var…
    * * *
    Sənə bir çamadan sevgi gətirdim,
    Mən özüm olmaram, qoy sevgim olsun
    Sənə bir çamadan sevgi gətirdim.
    Eşələ o sevgi qoy təmiz qalsın.
    * * *
    Köhnələr içində itib – batmasın,
    Heyifdi, sevgimiz viran qalmasın
    Sənə bir çamadan sevgi gətirdim…
    Sevgisiz həyatın bir an olmasın…

    YOX
    De hansı dövrdür indi?
    Ala qarğada bala yox…
    De hava niyə sərindi?
    Mıxa vurur, nala yox…
    * * *
    Əcayib zamana düşdük,
    İllər keçdi, gün ötüşdü…
    Daşı daş üstə gətirdim,
    Fiqur oldu, qala yox….

    EŞİTDİM...
    Eşitdim ki, darıxmısan,
    Haqqımda danışırsan…
    Mən bilirəm, hiss edirəm…
    Qulaqlarım cingildəyir…
    Orda – burda danışınca
    Zəng etsəydin…
    Ondan – bundan soruşunca
    Kaş gəlsəydin…
    Söz göndərən yaşını da keçmisən….
    Sən ki, uşaq deyilsən.
    Mən ki, oyuncaq oynayan yaşda belə deyiləm.
    Amma dayan,
    Yoxdu indi saçlarıma sığal çəkib oxşayan…
    Ağlamıram, tozmu qaçdı gözlərimə bilmirəm….
    Narahat olma, yaxşıyam.
    Gözlərimdə kədər deyil,
    Bu ki tale, qədər deyil.
    Özün seçdin ayrılmağı….
    Məndən ayrılmaq olardı?
    Mən ki, sənə can deyirdim…
    Canına qurban deyirdim…
    Qollarımın arasında itib batdın….
    Dişlərimin arasında dodağımı sıxa – sıxa ağlayırdım…
    Hə, yoluna gözlərimi dikib baxdım….
    Bəlkə gələrsən deyə
    Qapını açıq buraxdım.
    Toz – tozanaq oldu evim,
    Daxmalığa döndü yuvam.
    Sənin mənimlədir bilirəm,
    Mənim özümlədi davam.
    O möhtəşəm gedişinə
    Səbəb məndim…
    İndi dinlə,
    Mən xoşbəxt idim səninlə
    Geri dönsən
    Xəbər etmə
    Qapım açıq
    Çay istəsən
    Qalan qablarım bulaşıq,
    Sən gedəndən yumamışam…
    Uzanmışam.
    Saçlarıma sığal çəkmək istəsəsən bil
    O vaxtdan dolam dolaşıq.
    Sən gedəndən hal olmayıb daramağa
    Yorulmuşam.
    Külək darayıb saçımı,
    Yağış yuyub üz – gözümü…
    Çox başını ağrıtmayım,
    Gəlsən dinməz – söyləməz gəl…

    BU GÜN...
    Bu gün yenə bəzənmişəm,
    Ən bahalı ətirləri üzərimə səpmişəm.
    Gül çiçəkər içində mən
    Görüşünə gəlmişəm.
    Görüş yerimiz həminki
    Dəyişən təkcə yoxluğun…
    O görüşə tək gəlmişəm.
    İçimdəki məhəbbəti, səadəti
    Sənin üçün gətirmişəm.
    Niyə yoxsan?
    Yoxsa sən də itib batdın tənhalığın arasında?
    Yoxsa sən də çəkib getdin, qoydun yolun ortasında?
    Yoxsa sən də boğazımda düyünlənən kəlmələrin sahibisən?
    Yoxsa sən də uzun – uzun dərələrdən ayrılığı gətirmisən?
    Məhəbbətdən üz döndərib,
    Ayrılığa hə demisən…
    Olsun…. Neynək…
    Bu bəzəyi, bu düzəyi silim gərək.
    Belə betər ayrılığa dözüm gərək…
    Betərin də betəri var…
    Ömür qısa, ömür gödək.
    Vədə yetməz görüşməyə
    Çalış ki, sözündə düz ol
    Özünə yaxşı bax bir də…

    DÜŞÜNÜRƏM
    Asmağı düşünürəm…
    Özümü…
    Arzularımdan…
    Ümidlərimdən…
    İçimdə böyüyən sevgimdən…
    Təzəcə boy atan məhəbbətimdən…
    Söndürdüyün eşqimdən…
    Bəlkə dənizlərdə çırpınan qağayının ayağından…
    Ya da kənara qatlayıb qoyduğum bəyaz kəlağayımdan…
    Asmağı düşünürəm…
    Özümü…
    Titrək səsimdən,
    Boğazımda düyünlənən hər kəlməmdən, sözümdən
    Mən küsmüşəm özümdən.
    Kimə deyim dərdimi ki,
    İnciməsin sözümdən…
    İlmə – ilmə yaş axırdı gözümdən.
    Beləcə atdım həyatın ağuşuna taleyimi…

    MƏN...
    Mənə gözəlim demə
    Mən ki, gözəl deyiləm…
    Nitqim susub qalıbdı
    Nə danışam, nə deyəm?
    Sən ayrılıb gedəndən
    Göz yaşım dayanmadı
    Yanağımda donub qaldı
    Dodağıma süzülən
    Göz yaşımdı – əriyən.
    Mənə gözəlim demə
    Mən ki, gözəl deyiləm
    Uşaqlaşmışam sanki
    Onlar kimi ağlayan,
    Onlar kimi kiriyən….
    Bəlkə yaşım da çatmaz
    Elə uşaq kimiyəm.
    Seviləcək yanım yox
    Mən ərköyün biriyəm.
    Mənə gözəlim demə,
    Mən ki, gözəl deyiləm.

    BİR GÜN
    Bir gün gələcək ömrünə
    Hüsnündən doymadığın,
    Gülüşündən həzz aldığın
    Camalı pərişan qadın…
    Sevib səni istəyəcək
    Fəqət onun ürəyində
    Keçmişindən silinməyən
    Qalacaq bir nişan adı…
    Görəsən kim yaralayıb ürəyini?
    Görəsən kim paralayıb arzsusunu, amalını, diləyini?..
    Kimə arxalanıb, söykəyibdi kürəyini?
    Dik durmağa çalışarkən, aşan qadın…
    Gülə – gülə gözləri yaşaran qadın…
    Gəlib girəcək ömrünə…
    Hər sözünə hay can deyər,
    Saçlarına sığal çəkib oxşayar qadın…
    Bir az günəşə oxşayar.
    Səhərləri şəfəq saçar,
    Səhərlər nura boyanar.
    Elə ki, axşam olunca günəş batar,
    Göz yaşıyla qalar qadın.
    Səhərə kimi ağlayar,
    Səhərə kimi yas tutar.
    Kim bilər ki, dərd – sərini?
    Kim sevər belə birini?
    Uçurumun kənarında oturmuştək
    Gecələri ulduzları sayar qadın…
    Bir gün yaşamaq eşqinə düşsə
    Bir gün bu sevdadan üz döndərib, doyar qadın…

    DƏRDİM
    Dərdim özümdən böyükdü,
    Taleyim çiyinimə yükdü.
    Ürəyim qəfil döyükdü,
    Gülürəm, çək şəklimi….
    * * *
    Göz yaşımı gizlətmişəm,
    Ürəyimi sızlatmışam,
    Ağrımı da azaltmışam,
    Gülürəm, çək şəklimi.
    * * *
    Sığal telimə çəkmədin,
    Alıb dərdimi çəkmədin,
    Barı fikrimi çəkmədin,
    Gülürəm, çək şəklimi…

    SƏNİ
    Özümdən çox sevdim səni…
    Amma qaçdım bu sevgidən…
    Qorxdum… Qaçdım…
    Payız gələndə uçub gedən quşlar kimi…
    Ürkdüm bir az…
    Çox həssasam…
    Bəlkə bir az ağlasam
    Rahatlaram
    Bilirsənmi,
    Özümdən çox sevdim səni
    Duruşunu, yerişini…
    Oğrun – oğrun baxışını…
    Yorğun – yorğun gülüşünü…
    O qədər doğma oldun ki,
    Əzbərlədim gəlişini…
    Bu gəlmək handa bir sayılır
    Məhəbbət qanda bir sayılır
    Qanımdan çox sevdim səni,
    Canımdan çox sevdim səni.
    Ha istədim yaxınlaşım,
    Ha danışım, soraqlaşım,
    Bəxti qara taleyim var
    Səni görüb yaxşılaşım…
    Mən əslində pis deyiləm,
    İnan ki, qəliz deyiləm
    Dinlə, sənə söz deyirəm,
    Özümdən çox sevdim səni…

    YOLLAR
    Sən gedəni yol gözümdə uzandı…
    Sən gedəni eşq sözümdə azandı…
    Ayrılıqdan kim uddu, kim qazandı?
    Dözmür ürək, parçalanıb, qayıt gəl…
    * * *
    Gedişinə nə ad qoyum görəsən?
    Yalanına necə uyum deyəsən…
    Canımdan da inan doydum, biləsən,
    Dözmür ürək, parçalanıb, qayıt gəl…

    TƏNHA QADINLAR
    Elə bilmə qadınlar güclü olur,
    Gücsüzü də var.
    Elə bilirsən çox danışırlar,
    Sözsüzü də var.
    Tənha qadınlar da olur,
    Saçlarına küləklər sığal çəkər,
    Dodaqları yağışdan islanar.
    Onları qucaqlayan öz qolları olar
    O da ki, ya darıxanda, ya da üşüyəndə.
    Xəfif bir adyala qısılarlar,
    Kitaba, dəftərə sarılarlar.
    Vallah özümdən bilirəm kitab bəhanədir,
    Dünyadan qopub ağlayarlar,
    Şəkillərdə gülərlər.
    Şəkillər… Ah şəkillər…
    Taleyə vəkildirlər…
    Gücsüz qadınlara hakim kəsilər.
    Hə… Axı bir şey daha var,
    Yıxılana balta vuran çox olar.
    Yıxılan qadınlar…
    Onları kimsə yıxmaz ki,
    İçindən yıxılı qalarlar.
    Ürəyindən,
    Kürəyindən…
    Gərəyindən çox sevərlər.
    Eşqindən yıxılı qalarlar…
    Yıxılsa da dik durmağa çalışarlar.
    Özü yıxılanlar ağlamaz
    Amma ağlayanı da olur,
    Sən elə bilmə qadınlar güclü olur,
    Gücsüzü də var.
    Tənha qadınlar da olur…
    Heç kimə bel bağlamayan,
    Heç kimdən sevgi ummayan,
    Eşq, məhəbbəti duymayan
    Yorğun qadınlar da olur.

    GƏL
    Çarpayının kənarına
    Göz yaşımı buraxmışam…
    Darıxanda yastığını qucaqlayıb
    İçin – için ağlamışam…
    Nəfəsim var çarpayında
    Oturub şəkillərinə baxmışam
    Saatlarla…
    Xatirələri unutmamışam…
    Birlikdə…
    Əl – ələ…
    Qol – qola…
    Tay var idi bizə bu məmləkətdə?
    Bəs o gecə?
    Nə oldu de?
    Belə gediş de olardı?
    Qapımı külək döyürdü,
    Mənim canım üşüyürdü.
    İçimdəki məhəbbətim cücərirdi,
    Böyüyürdü…
    Yarım qoydun.
    Bu sevdadan necə doydun?
    Necə oldu amansızca, birdən – birə məhəbbətdən soyudun?
    Canımda daha can qalmadı…
    Bacarmıram , qurban olum…
    Mən ki, sənə yad olmadım,
    Mən ki, sənə od olmadım.
    Qollarımı qırdın mənim
    Sən mənə qanad olmadın.
    İndi o ev mənsiz qalıb
    Uçuq – sökük divarların arasında mən idim mən
    Deyib – gülən,
    Uşaq kimi şənlənən,
    Üzünü güldürən…
    Yanağına kəpənəktək öpüşümü qonduran.
    Bilirsən də…
    Neçə – neçə şeylər oldu demirəm…
    Desəm tükün biz -biz olar
    Yaşananlar qan donduran.
    Sevgi deyib keçmə daha
    Eşq belə olmaz, qadası…
    Məni candan usandırdı,
    Cəfadan yar usanmazmı?…

    DE
    Gülüşümdə həyat vardı…
    Deyərsən ki, güldü getdi.
    Həyatımda nə oldusa
    Deyərsən ki, öldü getdi….
    * * *
    Bədbəxt etdim denən onu,
    Denən ki, heç sevməmişəm.
    Soruşsalar açıq danış,
    Deyərsən ki, bildi getdi…
    * * *
    Danışarsan sevdiyimi,
    Uğruna can verdiyimi,
    Kainatda bir qüvvəydi,
    Deyərsən ki, gəldi getdi…
    * * *
    Olmayacam bu həyatda,
    Görməyəcəksən day məni.
    Yadına düşsəm ağlama,
    Deyərsən ki, keçdi getdi…
    * * *
    Günah nədi bilməmişdim,
    Sənə qədər sevməmişdim.
    Soruşsalar məni, denən,
    O, günaha batdı getdi…
    * * *
    Mən burda qalan deyiləm,
    Doğruyam, yalan deyiləm.
    Könlünü alan deyiləm,
    Deyərsən ki, atdı getdi…
    * * *
    Gəl özünə öymə belə,
    Dizlərinə döymə belə.
    Qamətini əymə belə,
    Deyərsən ki, əydi getdi.
    * * *
    Olmaz iynə, düymə belə,
    Məni sancıb söymə belə.
    Gəl xətrimə dəymə belə,
    Deyərsən ki, dəydi getdi…

    SEVGİLİ
    Deyirlər ki,
    Sevgilər var ucuz olur…
    De neçəyə?
    Alım yığım.
    Bilirsən də…
    Zamanı gələndə bahalaşır
    Hər şey kimi.
    Yadındadı?
    Vaxt var idi dollar ucuz
    Su qiyməti
    İndi isə valyutada at oynadır.
    Əvvəllər ucuz alardıq
    Çayı, yağı, əti, suyu
    İndi hər şey bahalaşıb
    Od bahası
    Pul qalmayıb alınası.
    Sən sevginin yerini de,
    Ac qalıb susuz dolanım
    Eybi yoxdu.
    Heç kim bilmir nə yeyirəm, nə içirəm…
    Barı sevgidən bol olum.
    Yoxsulluğun arasında
    Sevgi axtaran kiməsə
    Arxa olum, qoy yol olum.

    FƏLƏK
    Fələk səni məndən aldı,
    Nə oldusa birdən oldu.
    Fəqət eşqin alovunda
    Nə mən yandım, nə sən yandın…
    * * *
    Bu sevdaya bel bağlama,
    İndi uşaqtək ağlama.
    Danış, içində saxlama,
    Nə mən dindim, nə sən dindin…
    * * *
    Fəqət eşq deyib uçardıq,
    Məsuliyyətdən qaçardıq.
    Biz ayrılmağa düçardıq,
    Nə mən döndüm, nə sən döndün…

    YUXU
    Səsin qulağımdan getmir,
    Baxışın da yadımdadı,
    Deyəsən gecə gəlmisən,
    Bəlkə yuxumda görmüşəm…
    * * *
    Sanki örtdün üst – başımı,
    Sonra sildin göz yaşımı,
    Mən belə bir tanışımı
    Bəlkə yuxumda görmüşəm…
    * * *
    Oğrun oğrun mənə sarı,
    Baxdın güldün belə barı.
    Laylay dedin gecə yarı,
    Bəlkə yuxumda görmüşəm….
    * * *
    Bağımda gülüm açmışdı,
    Günəş şəfəqin saçmışdı,
    Sanki gecədən qaçmışdın,
    Bəlkə yuxumda görmüşəm…
    * * *
    Görən doğru, yalandımı?
    Xatirimdə qalandımı?
    Məni məndən alanımı,
    Bəlkə yuxumda görmüşəm…

    BU NƏ ZARAFATDIR!?
    Nə qədər darıxar insan
    Bir insanın yoxluğuna?..
    Necə öyrəşər?
    Təsəvvür et
    Dünən danışdığın, güldüyün adam
    Bu gün başqalaşır, tanımır səni…
    Bu nə zarafatdır, ay qadan alım?!…
    Mən ki, məhəbbətə son qoy demədim,
    Qəfil gedişini heç gözləməzdim…
    Daha doğmam deyib öyünmərəm mən….
    Doğmalar köçəri quşlar kimidir…
    Vallah ən yaxşısı yad olmaq elə
    Bilirsən, nə gələr, nə atıb gedər.
    Söylə, bu sevgidən dönmək olardı?
    İndi hayqırtımı eşidirsənmi?
    Səsini səsimə söykəyərsənmi?
    Daha darıxmaqdan betər olmuşam
    Görsən vəziyyətimi nə təhər olmuşam
    Üz gözüm qırışıb yumaq kimiyəm…
    Başqa bir ocağa yamaq kimiyəm…
    Məni sən gətirdin belə bir hala
    Bu nə zarafatdır, ay qadan alım?
    Qayıt gəl, dön daha, yuvan ki, mənəm
    Bəlkə nə zamansa özünə gəlsən
    Onda sənə qalan peşmanlıq olar
    Qorxma, taledir də, ölüb gedərəm…
    Əbədi deyilən həyat varmı ki?
    Sadəcə dönsəydin son dönəmimdə
    Daha darıxmaqdan bezar olmazdım.
    Sözlər də dadıma yetməyir artıq
    Susuram, başa düş, artıq dön geri
    İndi danışmağa gücüm də yoxdur.
    İşdi, dönsən
    Bir xahişim
    Bircə dəstə çiçək al
    Görsəm ürəyim sevinər
    Görməsəm, ruhum şad olar…

    DEMƏ
    Anama deməyin nə çəkdiyimi,
    Qoy anam bilməsin, anam duymasın.
    Bilsə yaşamaqdan əl çəkdiyimi
    Ürəyi tab etməz, canı yanmasın.
    Deməyin ki, öldü, rəhmətə getdi,
    Deyərsiz könüllü əsgər gedibdi.
    Ya da ki, ən böyük arzusu idi mən gəlin olum
    Deyərsiz sevdiyi oğlana getdi.
    Əşşi… Onsuz toy gah var, gah da ki, yoxdu…
    Görsəniz narahatdı deyin ki, qaçdı…
    Ya da deyərsiniz xaricə getdi –
    Orda təhsil alıb, iş quracaq de…
    Bilirəm inanmaz onsuz bunlara…
    Amma siz yenə də düzün deməyin.
    Nə qədər gec bilsə elə yaxşıdı…
    Mən də son günümü yaxşı keçirim,
    Gedib deyib -gülüb şənlik eləyim.
    Bir şeydən rahatam getdiyim yerdə
    Məni təm-təraqla Allah gözləyir
    Məgər bu boyda gözləntini mən,
    Geri çevirməyim de necə olar?!
    Barı o dünyada yatım dincəlim
    Burdakı yuxuma haram qatdılar…

    OL
    Uzaqlardan baxırsan
    Gəl, gendən baxan olma.
    Güclə bir yuva qurduq
    Yuvamı yıxan olma…
    * * *
    Gecələr daş sallanır
    Gözlərimdən elə bil.
    Yuxularım yol alır
    Daha saçını yolma…
    * * *
    Mən qıvrılıb içimdə
    Ağrı – sızı çəkmişəm.
    Saraldım bu biçimdə
    Sən də saralıb solma…

    GECƏLƏR
    İndi gecələr belə
    Mənə haram olubdu…
    Nə uzana bilirəm,
    Nə də yata bilirəm…
    Qalxıdığım pillələri
    Gülə – gülə enirəm.
    Mənə yolu göstərdin,
    Susub dinməz gedirəm.
    Ay bədbəxt, nə deyəydim?!.
    Dalaşıb vuruşaydım?..
    Mən elə qadınam ki,
    Sakit çıxıb gedirəm.
    Gör danışıb dinirəm?
    Sənə də yaraşan odur,
    Xəcalətdən ölürəm…
    Heyif sədaqətimə,
    Heyif məhəbbətimə.
    Kaş bu eşqi istəyi,
    Kimsəsizlə böləydim,
    Ya bir it saxlayaydım…
    İtlər çox vəfalıdır,
    Ən az sən qədər deyil,
    Sən itdən də betərsən…
    İtə bir sümük atsan,
    Sahibi bilər səni.
    Sənə isə nə istək,
    Nə də kar edir sevgi.
    Səninki yeyib, yatmaq,
    Bacardığın nədir ki?
    Bir də elə ağlatmaq.
    Daha yolum kəsişməz
    Səninlə bundan belə.
    Bir də məni axtarma,
    Bir də yığıb eləmə.

    KAŞ...
    Kaş ki, gedə biləydim…
    Bu ölkədən, bu yurddan
    Elə bir yerə ki,
    Elə bir ünvana ki…
    Orda özüm olmayım…
    Müəllif: Şəlalə CAMAL,
    YAZARLAR.AZ
  • oktyabr 2022, زائـــور ا.

  • 113
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......