...
  • Azadlıq fəlsəfəsinin və azad vicdanın mübəlliği
  • Firuz Mustafa
  • Azadlıq fəlsəfəsinin mübəlliği

    Berdyayev Nikolay Aleksandroviç (18mart 1874- 24 mart 1948) – rus ilihiyyatçı filosofu, rus ekzistensializmi və personalizminin nümayəndəsi. Berdyayevin atası Aleksandr Mixayloviç, general M.N. Berdyayevin oğlu idi. Berdyayevlər tatar knyazı Baxmetlərin şəcərəsinə aiddir. Berdyayevin ana tərəfdən əcdadları da məşhur tatarlar olmuş, Moskva knyazlarına xidmət etmək üçün Rusiyaya gəlmişdilər.
    Berdyayev ilk təhsilini evdə almış, sonra Kiyev Kadet korpusunda oxumuşdur. Altıncı sinifdə oxuyarkən hərbçi olmaq arzusundan daşınaraq, əvvəlcə Kiyev Universitetinin təbiət fakültəsinə, bir il sonra isə hüquq fakültəsinə daxil olmuşdur.
    O, 1897-ci ildə tələbə iğtişaşlarında iştirak etdiyi üçün həbs olunmuş, 1898-ci ildə qanunsuz ədəbiyyatı saxladığı və yaydığı üçün yenidən həbs edilmiş və universitetdən xaric olunmuşdur. 1899-cu ildə onun ilk məqaləsi — “F.A. Lange və sosializmə münasibətdə tənqidi fəlsəfə” adlı əsəri dərc olunmuşdur. Gələcək filosof 1900-cü ildə üç ilə yaxın sürgün həyatı yaşamışdır.
    1901-ci ildə Berdyayevin pozitivizmdən metafiziki idealizmə keçidini təsdiq edən “İdealizm uğrunda mübarizə” məqaləsi nəşr olunmuşdur. Bu istiqamət ilk dəfə “İdealizm problemləri” (1902), daha sonra “Nöqtələr” (1909) və “Dərinlikdən” (1918) məqalələr toplusu ilə tanınmışdır. Bu əsərlərdə 1905 və 1917-ci illər rus inqilablarında radikalların rolu kəskin şəkildə tənqid olunurdu.
    Berdyayev 1905–1907-ci illərdə Sankt-Peterburqda yaşayıb. O, həmin dövrdə əvvəlcə Sankt-Peterburqun ədəbi dairələrində, daha sonra Moskvada Dini-Fəlsəfi Cəmiyyətin fəaliyyətində iştirak etmişdir.
    Fevral inqilabını Berdyayev ruh yüksəkliyi ilə qarşılamışdır. Lakin Oktyabr inqilabına və bolşeviklərə çox mənfi münasibət bəsləmişdir. 1919–1922-ci illərdə Berdyayev “Azad Ruhani Mədəniyyət Akademiyası”nı yaratmış və onun üç il fəaliyyət göstərməsini təmin etmişdir.
    Berdayev 1918-ci ildə Ümumrusiya Yazıçılar İttifaqının sədr müavini, 1920-ci ildə isə Moskva Universitetinin Tarix və Filologiya fakültəsi Berdayevi professor seçdi.
    Dili və qələmi “dinc durmayan” Berdayev 1920-1922-ci illərdə iki dəfə həbs edildi. Berdayev xatirələrində bu həbsi zamanı onu şəxsən Feliks Dzerjinski və Vatslav Menjinski tərəfindən dindirildiyini qeyd edirdi. 29 sentyabr 1922-ci il tarixdə ölkəni tərk edən Berdayev bir müddət Berlində yaşadı. Burada o, bir sıra alman filosofları ilə yaxından tanış oldu, burada 1922-ci ildə Dini-Fəlsəfi Akademiyanı yaratdı və rəhbərlik etdi.
    Berdayev 1924-cü ildə Parisə köçdü. Emiqrasiyada onun "Yeni orta əsr" "İnsanın təyinatı haqqında. Paradoksal etikanın təcrübəsi", "Rus ideyası", "Eshatoloji metafizikanın təcrübəsi” kitabları nəşr edildi.
    Nikolay Berdayev 1942-1948-ci illərdə yeddi dəfə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. Filosof 1948-ci ildə Fransada Klamardakı evində, iş otağında yazı masasının arxasında vəfat etdi. Ölümündən iki həftə əvvəl "Ruhun krallığı və Sezarın krallığı" kitabını tamamlamağa nail olmuşdur.
    Nikolay Berdayev fəlsəfi fəaliyyətə marksist kimi başlasa da, sonra tədricən ekzsistensializm fəlsəfəsinə meyl göstərməyə başladı.
    Berdayev fəlsəfəsini ifadə edərkən esse üslubuna üstünlük verirdi və fəlsəfəni elmlə eyniləşdirməyə qarşı çıxırdı. Elmi yanaşmanı “ruhun aşağı varlıq sahələrində əsarəti” adlandırırdı. Berdayevə görə, fəlsəfə yaradıcılıq və şəxsiyyətlə daha çox bağlı olan bir sənət növüdür. Onun fəlsəfəsinin əsas anlayışları azadlıq (zərurətə qarşı antitezis kimi) və yaradıcılıq yolu ilə yadlaşma üzərində qələbədir. Berdayev hesab edirdi ki, məhz xristianlıq azadlıq dinidir, çünki məhz bu din vasitəsilə azad subyektin fəaliyyəti ilə xarici şəraitin öhdəsindən gəlmək mümkündür.
    Bəli, Nikolay Berdyayev öz həmkarları Vladimir Solovyov və Florenski kimi xristianlığın mübəlliği idi.
    Haşiyə.Yeri gəlmişkən, bu günün özündə belə rus fəlsəfi mühitində “təmiz fəlsəfi yaradıcılıqdan” söhbət gedərkən yenə bu üç filosofun adı çəkilir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu “üçlükdən” biri- Nikolay Berdyayev türk kökənli idi. Pavel Florenski Azərbaycanda Yevlax stansiyasında doğulmuşdu. Vladimir Solovyov isə özünü filosofdan çox, şair hesab edirdi. Ümumiyyətlə, Rusiyada yaradıcı filosof olmayıb. Amma rus filosofları arasında güclü fəlsəfə tarixçiləri olmuşdur.
    Nikolay Berdyayev mühacirətdə olduğu dövrdə-1937-ci ildə Rusiyada kommunist dünyagörüşünün inkişaf tarixi haqqında “Rus kommunizminin mənbəyi və mənası” adlı maraqlı əsər nəşr etdirmişdir. Bu əsərində rus kommunizmi və inqilabla yanaşı Lenin haqqında da maraqlı məlumat verilir. Berdyayev yazırdı: “Lenin tipik rus insanı idi. Onun xarakterik, ifadəli simasında bir az rus-monqol cizgiləri vardı. Leninin xarakterində yalnız rus ziyalısı üçün deyil, ümumilikdə rus xalqı üçün xarakterik xüsusiyyətlər vardı: sadəlik, bütövlük, kobudluq, bəzəklərə və ritorikaya sevgisizlik, praktik düşüncə, əxlaqi əsaslı nihilizmə meyl… Onun simasında rus ziyalısının cizgiləri rus dövlətini qurmuş və qorumuş insanların xüsusiyyətləri ilə birləşirdi… O, inqilabi ideyanın maksimalizmini, totalitar inqilabi dünyagörüşünü mübarizə vasitələrində, praktiki siyasətdə çeviklik və opportunizmlə birləşdirirdi. Yalnız belə insanlar uğur qazanır və qalib gəlirlər”.
    Kitabında Nikolay Berdyayev inqilab lideri haqqında həmçinin bunları yazır:
    “Lenin antihümanist olduğu kimi, antidemokratdır. Bu baxımdan o, təkcə kommunist deyil, həm də faşist çevrilişlərinin dövrü olan yeni bir epoxanın adamıdır… Leninizm, əlbəttə, faşizm deyil, lakin stalinizm artıq faşizmə çox bənzəyir.” Stalindən söhbət açan filosof daha dərinə gedərək belə nəticəyə gəlir ki, “Stalin Şərq tipli, Asiya tipli dövlətçidir… Ona faşizmin bütün xüsusiyyətləri xasdır: totalitar dövlət, dövlət kapitalizmi, millətçilik, liderçilik və əsas olaraq hərbiləşdirilmiş gənclik. Lenin müasir mənada diktator deyildi. Stalin isə müasir, faşist mənasında lider-diktatordur”.
    Berdyayev Marksla Leninin arasında olan əsas ziddiyyəti də açıb göstərir və belə hesab edir ki, Marks dövlətin rolunun azalacağı, ümumiyyətlə yox olacağını proqnozlaşdırırdısa, Lenin marksizmi dövlətin rolunun gücləndirilməsi istiqamətində dəyişdirdi, cəmiyyətdən üstün olan dövlət diktaturasını yaratdı.
    Nikolay Berdyayev iddia edir ki, insan azadlığı — bu, hətta Tanrının belə güc gələ bilmədiyi bir qüvvədir. İlahiyyatçı alim, insanda mahiyyəti deyil, mövcudluğu görür və əslində insanı azadlıqla eyniləşdirir.
    Azadlıq və yaradıcılıq — insanda Allahın təcəlləsi və bənzərliyidir. Allahın surəti azadlıqdır, insan isə Allahın yaratdığı azadlığı özündə daşıyır və buna görə də bu yaradıcı prosesin davamçısıdır. Yaradıcılıq isə bənzərlikdir, yəni insan tamamilə yeni bir şey yarada bilir.
    Berdyayev göstərir ki, həyatın mənasını həyatın qüvvəsi kimi anlamaq yanaşması estetik dünyagörüşü şəklini alır. Bu mövqe Nitşenin fikirlərində parlaq şəkildə ifadə olunub. Nitşenin nəzərində dünya mənəvi deyil, estetik fenomen kimi özünü doğruldur. Dünya estetik mənaya malikdir və bu, həyatın instinktlərinin qüvvəsi ilə təmin olunur.
    Həyatın mahiyyəti bir neçə əsas elementi əhatə edir: özünüreallaşdırma, maariflənmə və özünütəsdiq: insanın özünü anlamağa, maariflənməyə və potensialını tam açmağa gedən yolu.
    Berdyayev “İnsanın missiyası” kitabında yazır: “Mədəniyyət insanın Tanrıya qayıdış yoludur”.
    Berdyayevin ekzistensial düşüncəsinin əsas problemi — insan varlığının və onunla bağlı ümumi mövcudluğun mənasıdır. Berdyayevin fəlsəfəsində insan baxışının zəruriliyi vurğulanır və burada həqiqət mövcuddur.
    Berdyayevə görə, yaradıcılıq — Allahın insandan gözlədiyi şeydir: dünyanı yaratmış Yaradan, insana yaradıcılıqla və yaradıcı fəaliyyətlə, itaətkarlıq və təvazökarlıqla deyil, mütləq xilas olmaq və yaradıcılıqda iştirak etmək imkanı verib.
    Berdyayev rus dini fikrinin əsas ideyası kimi Allah-insanlıq ideyasını, tandemini görürdü, lakin onun üçün başlanğıc nöqtəsi şəxsiyyət ideyası idi, yəni “cismləşmiş ilahi ruh”dur.
    Berdyayev tez-tez özünü “azadlıq filosofu” adlandırırdı. O, azadlığı əsas ontoloji reallıq kimi anlayırdı. Yəni insan real dünyadan, “gerçəkliklər dünyasından” azadlığa çıxmaq üçün çalışmalıdır.
    Berdyayevin fikrincə, insan probleminin əsası azadlıq, yaradıcılıq və insan idrakının müəmmasıdır. İnsan idrakının və mövcudluğun sirri məhz insanda gizlidir. İnsan bu dünyada izaholunmaz olan, varlığın özünə doğru sıçrayışın yalnız onun vasitəsilə mümkün olduğu müəmmalı varlıqdır.
    Berdyayev realığılı dualist şəkildə təqdim edir: bir tərəfdə ruh (Allah), azadlıq, subyekt (şəxsiyyət, “Mən”), noumen, digər tərəfdə isə empirik dünya, zərurət, fenomen və obyekt qarşı-qarşıya qoyulur. Hər iki dünya bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil, bir-biri ilə qarşılıqlı əlaqədədir: ruh və azadlıq noumenal dünyadan çıxaraq, fenomenal dünyaya təsir edir. Ruhun bu dünyadakı fəaliyyətinin nəticələri subyektdən qoparaq empiriyanın məhdudluqlarına – qanunlara tabe olur. Azadlığın bu cür şəkildə zərurətə düşməsini Berdyayev obyektivləşmə adlandırır və iztirab, köləlik, şərin ontoloji əsasında onun dayandığını iddia edir. Filosofun fikrincə, bu dünyada obyektivləşməyə qarşı duran yaradıcılıqdır. Yaradıcı subyekt bu dünyanı öz içinə alır, azadlıq və ruh üçün açıq olan daxili dünyasını ora əlavə edir. Beləliklə, bu dünyanı (empiriyanı) dəyişdirməklə onu obyektivləşmədən azad edir. Yaradıcı aktın nəticələri yenidən obyektivləşməyə məruz qalsa da, ruhun özü daim azaddır. Berdyayev yaradıcılığı (obyektivləşmənin qarşısını almağın yolunu)eyni zamanda dünya tarixinin məna və təyinatı kimi də müəyyən edir. Filosofun şəxsiyyətlə bağlı fikirləri də maraqlıdır. Onun fikrincə, şəxsiyyət empirik fərd deyil, obyektivləşməyə tabe olmayan, yaradıcı və azad insandır. Cəmiyyət isə şəxsiyyətin bir hissəsidir. Şəxsiyyətin başqaları ilə ünsiyyəti və onlarla birliyi onun daxili dünyasının ayrılmaz hissəsidir, lakin Berdyayev şəxsiyyəti arxa plana çəkən və ona şəxssiz-universal kollektivin strukturlarını calayan məcburi sosiallaşmanın əleyhinədir. Berdyayevə görə, şəxsiyyətin azadlıq və ləyaqəti dövlətdən üstündür.
    Haşiyə. Qeyd etdiyim kimi, Nikolay Berdayevin “Rus kommunizminin mənbəyi və mənası”adlı əsəri daha məşhurdur. Bu əsərin Sovetlər dönəmində nəşri uzun müddət qadağan edilmişdi. Həmin əsər yalnız totalitar sistemin dağıldığı ərəfədə kitab dükanlarında görünməyə başladı. Mən həmin kitabı ötən əsrdə 90-ların əvvəlində əldə etdim. Bir dəfə söhbət əsnasında o zaman “Xəzər” jurnalının baş redaktoru olan hörmətli şairimiz Vaqif Cəbrayılzadə həmin əsəri tərcümə etməyimi təklif etdi. Mən tezliklə əsəri dilimizə çevirib redaksiyaya təqdim etdim. “Rus kommunizminin mənbəyi və mənası”nın böyük bir parçası tezliklə, səhv etmirəmsə, 90-cı il saylarından birində nəşr edildi. Dediyim kimi, jurnalda əsərin bir parçası oxuculara təqdim edilmişdi. Sonralar bir sıra nəşrlərdə Berdyayevin məşhur əsərinin digər hissələri də dərc olundu... Maraqlı burasıdır ki, aradan təxminən iyirmi beş il keçəndən sonra yaxın dostum, mərhum professor Babək Qurbanov günlərin bir günü Türkiyədə türkcə nəşr etdirdiyi “Rus kommunizminin qaynağı və mənası” kitabını mənə təqdim etdi. Kitab yüksək səviyyədə tərcümə edilmiş, elə yüksək poliqrafik biçimdə nəşr olunmuşdu. Təbii ki, Babək müəllim vaxtilə mənin etdiyim tərcümədən bixəbər idi. Mən mərhum dostumun kitabı haqqında mextəsər bir rəy də yazdım.
    İkinci Cahan müharibəsini Berdyayev kədərlə qarşıladı. O, Rusiyadan nigaran idi. Filosof faşizmə dərin nifrət bəsləyirdi. O, Hitlerin qələbəsinə qarşı çıxırdı, lakin Stalini Hitlərdən çox da fərqləndirmirdi.
    Həmin dövrdə Berdyayev rus ədəbiyyatının rus təfəkkürünün formalaşmasında xüsusi rolunu qabardaraq vurğulayırdı ki, bu ədəbiyyat öncəgörmələrlə və proqnozlarla doludur. Belə ki, 19-cu əsr rus şair və yazşçılarının çoxu Rusiyanın uçurum qarşısında olduğunu hiss edirdi. Onların bir çoxu, Rusiyanın uçurum qarşısında olduğunu yazırdılar.
    Berdyayevə görə, yaradıcılıq ən çox romantizmdə təzahür edir, burada “transsendent sıçrayış” və “xristian mənəviyyatı” mövcuddur. Berdyayev mədəniyyəti obyektivləşmə və yaradıcılığın yan nəticəsi kimi görür ki, bu da dünyanın dəyişdirilməsinə yönəlmişdir. Buna görə də, “həqiqi yaradıcılıq teurqiyadır”. Yaradıcılıq haqqında düşünərkən, Berdyayev onu “mistik-panteistik” emanasiya və “materialist-naturialist” təkamüllə müqayisədə fərqləndirir. Yaradıcılıq sadəcə yenidən bölüşdürmə deyil, “orijinal bir aktdır”. Berdyayev yaradıcılığı yalnız bir Tanrı ilə məhdudlaşdırmır, əksinə “yaradılışın səkkizinci günü” haqqında, yəni insanın da iştirak etdiyi davam edən yaradılış haqqında təlim irəli sürür. Bəzən Yaradan kimi olmaq cəhdi “ölü mexanizmlər” yaratsa da, yaradıcı dahi olmaq müqəddəsliklə bərabər tutulur. Berdyayev dahiliyi “cəsarətin müqəddəsliyi” adlandırır.
    Berdyayev azadlıq mübəlliği idi. O, belə hesab edirdi ki, azadlıq toxluq, razılıq, asanlıq və həzz deyil, o, ağırlıq, çətinlik və əzab deməkdir. İnsan həyatında elə bir vaxt gəlməlidir ki, o, bu ağırlığı, çətinliyi və əzabı üzərinə götürsün... Azadlıqda həyat daha çətin, məsuliyyətli və faciəvidir. Azadlıq etikası sərtdir və qəhrəmanlıq tələb edir.
    Berdyayev deyirdi ki, həqiqət azadlıqda və azadlıq vasitəsilə dərk edilir. “Mənə zorla qəbul etdirilən, azadlıqdan imtina etməyi tələb edən həqiqət – həqiqət deyil, şeytani cazibədir. Həqiqəti dərk etmək məni azad edəcək. Ancaq burada bir azadlıq əvvəlində, bir azadlıq isə sonunda var. Mən azad şəkildə məni azad edən həqiqəti dərk edirəm. Dünyada heç bir avtoritet bu həqiqəti mənə zorla qəbul etdirə bilməz”.
    Berdyayevə görə, Allah azadlıq deməkdir və azadlıq verir. O, hökmdar deyil, xilas edəndir- dünyanın köləliyindən qurtuluş bəxş edir. Allah zərurət vasitəsilə deyil, azadlıq vasitəsilə hərəkət edir və azadlıq naminə fəaliyyət göstərir. O, özünü qəbul etməyi məcbur etmir. Habelə, “azadlığın ən böyük düşməni – tox və məmnun kölədir”. Bu fikir də Berdyayevə aiddir.
    Söz yox ki, azadlıqdan söhbət açan şəxs vicdan məfhumundan kənar qala bilməzdi. Berdyayevə görə, vicdan – insan təbiətinin Tanrı ilə təmasda olduğu, Allahdan xəbər aldığı və Tanrının səsini eşitdiyi dərinlikdir. Vicdan insanın içindəki ruhani, fövqəl-təbii başlanğıcdır… Habelə, vicdan – insan təbiətinin Allahdan tamamilə uzaqlaşmadığı, ilahi aləmlə əlaqəsini qoruduğu dərinlikdir. Berdyayevin subyektiv qənaəti belədir: “Ruhani-dini həyatda mən vicdanımdan kənarda və ya ona qarşı heç nəyi qəbul edə bilmərəm. Belə olsaydı, b, ruhani hadisə olmazdı, çünki ruh azadlıqdır”.
    Filosofun vicdanla bağlı bir çox fikirləri bu gün də maraq doğurur və bir çox reallıqları özündə əks etdirir: “Vicdanımız yalnız ilkin günah səbəbilə deyil, həm də müxtəlif sosial quruluşlara məxsus olduğumuz üçün çirklənmiş və bulanmışdır. Bu quruluşlar özlərini qorumaq məqsədilə yalanı həqiqətdən daha faydalı hesab edir”.
    Berdyayev belə hesab edirdi ki, ateizm – Tanrıya olan kölə münasibətimiz üçün bizə verilən cəza, dialektik materializm – bir-birinə uyğun gəlməyən şeylərin absurd şəkildə birləşdirilməsi, marksizm-leninizm isə daim dialektikadan vulqar materializmə, nəticədə isə nifrət etdiyi mexanizmə yuvarlanan bir baxışdır.
    Berdyayevın inqilab və inqilabçılarla bağlı fikirləri də diqqəti çəkir. O, deyirdi ki, ruslar Rusiyanı inqilabdan və bolşeviklərdən nifrət etməyimizdən daha çox sevməliyik. “İnqilabçılar gələcəyə sitayiş edirlər, lakin keçmişdə yaşayırlar.
    İnqilab – köhnə həyatın sonu, yeni həyatın başlanğıcı deyil, uzun bir yolun əvəzi, keçmişin günahlarının ödənilməsidir. İnqilab həmişə hakimiyyət sahiblərinin öz vəzifələrini yerinə yetirə bilmədiyini göstərir… Rus xalqı olduqca qütbləşmiş bir xalqdır, yəni özündə əkslikləri birləşdirir. Ona həm valeh olmaq, həm də məyus olmaq mümkündür. Ondan həmişə gözlənilməzliklər gözləmək olar; o, həm böyük sevgi, həm də böyük nifrət hissi yaratmağa qadirdir”.
    Berdyayev insanlar arasında onları bir-birinə bağlayan tellərin vacibliyini qeyd edirdi. Bu, məhəbbət, ehtiram, hörmət hissləridir. O, deyirdi ki, məhəbbət – başqasını Allahda görməkdir... Məhəbbət öz təbiəti etibarilə faciəvidir, çünki onun ehtirası empirik olaraq doyumsuzdur. O, insanı həmişə mövcud dünyadan çıxarır, sonsuzluğun sərhədinə aparır və digər dünyaların mövcudluğunu üzə çıxarır... Vəzifə, qanun, cəmiyyətin fikirləri və normaları naminə məhəbbətdən, məhəbbət hüququndan və azadlığından imtina etmək olmaz, amma mərhəmət və azadlıq naminə imtina etmək olar. Məhəbbət ruhun və canın birləşməsindən doğulur. Məhəbbət – həyatın universal enerjisi kimi, pis ehtirasları yaradıcılıq ehtiraslarına çevirə bilən bir qabiliyyətə malikdir. Sevgi həmişə qanunsuzdur. Qanuni sevgi ölü sevgidir. Qanunilik yalnız adi hallar üçün mövcuddur, sevgi isə adilikdən kənardır. Sevgi həyatın şəxsi-intim sahəsidir və cəmiyyət bu sahəyə müdaxilə etməməlidir. Məhəbbətimiz həmişə nifrətimizdən güclü olmalıdır.
    Berdyayevin bir çox hadisə və proseslər haqqında dediyi fikirlər bəzən aforizm kimi səslənir. O, yazırdı:
    “Fanatizm – həqiqətin tamlığını dərk etməkdəki acizlikdən doğan bir növ ağılsızlıqdır.
    Fəlsəfə – həqiqətə olan məhəbbət məktəbidir.
    Xristianın həyatı – özünü çarmıxa çəkməkdir.
    Yaradıcılığın sirri – azadlıq sirridir.
    Dövlətin mövcudluğu yer üzündəki həyatı cənnətə çevirmək üçün deyil, onu tamamilə cəhənnəmə çevirməkdən qorumaq üçündür...”
    Berdyayevin təkcə həyat və ya məhəbbət haqqında söylədiyi fikirlər deyil, elə ölüm ilə bağlı düşüncələri də maraq kəsb edir. O, deyirdi:
    “Həyat zəifliyində deyil, gücündə, gərginliyində və hədsizliyində ölümə sıx bağlıdır... Məhəbbəti hədsiz gücü və faciəsiylə qəbul edən insan ölümü də qəbul edir...
    Yaxın bir insanın xəstəliyi və ölümü təhlükəsi ilə bağlı narahatlıq və qorxu yaşamaq olar. Amma ölüm anı gəldikdə, artıq narahatlıq və adi qorxu yox olur, bunun yerini ölümün sirri qarşısında mistik qorxu və ölümün olmadığı bir dünyaya həsrət tutur...
    Ruhun ölməzliyi məsələsi tamamilə köhnəlmiş metafizikaya aiddir. Ölüm həyatın ən dərin və ən əhəmiyyətli faktıdır... Yalnız ölüm faktı həyatın mənası haqqında sualı dərinliklərdə ortaya qoyur. …Ölüm – ən son qorxu və… əbədiyyətə yeganə çıxış yoludur. Bənzərsiz həyat və əbədiyyət yalnız ölüm vasitəsilə əldə edilə bilər. İnsan ümidlərinin sonu ölümə bağlıdır, çünki ölüm bu dünyadakı pisliyin hökmünü açıq şəkildə göstərir. ..
    Ölümün mənası ondadır ki, zamandan kənarda əbədiyyət mümkün deyil, zamanın sonu olmayan şey mənasızdır.
    Ölümü yalnız həyatın son anı kimi başa düşmək olmaz, bu anın ardından ya yoxluq, ya da axirət həyatı gəlir. Ölüm bütün həyata yayılan bir fenomen olaraq dərk edilməlidir. Həyat ölüm və ölməklə doludur. Həyat daimi bir ölmə, hər şeydə sonun başa çatması və əbədiyyətin zaman üzərində hökmranlığıdır.
    İnsanın və dünyanın ölümü yalnız mənasızlığın zəfəri, günahın nəticəsi və qaranlıq qüvvələrin üstünlüyü deyil, həm də mənanın zəfəridir; o, ilahi həqiqəti xatırladır və yalanın əbədi olmasına mane olur…”
    Berdyayev rus vətənpərvədi idi. O, bəzən ifratçılığa da varır, “rus ruhunu” idealizə edirdi. O, hesab edirdi ki, rus torpağının və rus ruhunun genişliyi, sərhədsizliyi və sonsuzluğu arasında, fiziki coğrafiya ilə mənəvi coğrafiya arasında bir uyğunluq var. Rus xalqının ruhunda rus çölündə olduğu kimi genişlik, sərhədsizlik və sonsuzluğa canatma mövcuddur.
    Amma filosof onu da anlayırdı ki, ruslar yalnız öz geniş əraziləri ilə fəxr etməməli, dünyaya inteqrasiya olunmalıdır. Berdyayev yazırdı: “Rus xalqının missiyası insan cəmiyyətində, təkcə Rusiyada deyil, bütün dünyada sosial ədalətin həyata keçirilməsindən ibarətdir”. O, bu məsələdə tamamilə haqlı idi.
    Və nəhayət. Azadlıq mübəlliği Berdyayevin onillər öncə dediyi bir fikir onun bütün fikirlərinə bu gün də epiqraf kimi qəbul edilə bilər. Filosofun ruhuna ehtiram hissi ilə yazını həmin fikirlə bitirirəm: “Azad vicdan ən böyük mənəvi nemət və mənəvi həyatın mümkünlüyünün ən əsas şərtidir“.

    Firuz Mustafa





  • oktyabr 2025, Firuz M.

  • 46
Zəfər Çaldı Azərbaycan

Dəhnəli Məmməd Hacızadə

Haray saldı bir qərinə, Dünya susdu dərd-sərinə. Sığınaraq ərəninə, Ümid dolu bağrı şan-şan, ! Şimşək kimi çaxa çaxa, Yol aldılar Qarabağa, Vuruşaraq əlbəyaxa,......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Ölsəm də sevgim ölməz

Dəhnəli Məmməd Hacızadə

İllərdir oğrun-oğrun, gizli-gizli baxışdıq. Baxışlarla dərdləşib, baxışlarla danışdıq. Beləcə baxışmaqla ömür keçir,gün keçir. Dünyadan tay-tuşumuz, yaşıdlarımız köçür. Birdən ölüb eləsəm gələndə məzarlığa, ölülər hiss etməsin......

Ulduzlar içində (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Ruhumuz şaddı gülüm hər gecə ulduzlar içində. Mənəm ən yalqızı gündüzləri yalqızlar içində. Üşüyür sənsiz bu payız alıbdır soyuq canımı, Ürəyim tir-tir əsir sanki qalıb......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

"Get"

Zahid Şirinli

Get Hisslərinin coşqun çağlarında duyduğun bir “get” sözü: yüz cümlədən ağır gəlir insana. Hərdən elə olur ki, bir baxışla başa düşürsən buradan sonrası yoxdur. Nə......

Dünya

Zahid Şirinli

Hamını dərdə salır, Körpələr yetim qalır, Cavan-cavan can alır, Başın batsın a . Şəhid anası qəmli, Hər gün gözləri nəmli, Necə verək təsəlli? Başın batsın......

“Beşinci mərtəbədəki qapı”

Ceyhun Fikrət

O, hara gedəcəyini bilmirdi. Bir anlıq keçmiş duyğular onu özünə çəkirdi. Geri dönüb özünə, uşaqlığına baxmaq istəyirdi. Amma necə? İllər çox keçmişdi. O böyümüş, artıq......

İsminə(qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Düşdü şö'lən qəlbimə gətirdim iman isminə, Qavradıqca səni mən sığındı bu can isminə. Oldu zikrim dilimdə "Ləə ilahə illəllah, Duam Əlhəmdülillah,sarıldım Rəhman isminə. Sureyi Hicrdə......

Sındım — O Hələ də Yazırdı

Ceyhun Fikrət

Müəllif : Qəribədir... Hər gün mənimlədir. Məni demək olar ki, əlindən yerə qoymurdu. Bəzən mənə elə gəlir ki, mən onun üçün çox əzizəm. Bəlkə......