...
  • Gündəliklər. 3-cü cild
  • Firuz Mustafa


  • Firuz Mustafa



    GÜNDƏ BİR KƏRPİC DÜŞƏR...

    (Gündəliklər.Etüdlər)



    3-cü cild














    Bakı-2026


    Fi¬ruz Mustafa

    Gündə bir kərpic düşər...
    (gündəliklərdən sətirlər)

    3-cü cild

    Sizə təqdim olunan
    “Gündə bir kərpic düşər”
    adlı kitabın 3-cü cildində
    Firuz Mustafanın uzun illərdən bəri
    qələmə aldığı
    “gündəliklər”dən
    parçalar, düşüncələr, etüdlər,
    ədəbi fraqmentlər toplanmışdır.
    Müəllifin çaparaq notlarında
    ədəbiyyat və sənətlə bağlı olaylara
    daha çox diqqət yetirilmişir.





    © Firuz Mustafa.2026.səh.,334
    ISBN 978-9952-37-245-8

    Bakı.2026.





    Gündəliklər. Etüdlər. Eskizlər



    2013



    13.03.2013
    İndi bir “ağıllı” mənə yazdı ki, bizdən başqa bütün SSRİ-də Nobel mükafatı alan yazarlar (?) olub. Bərəkallah. İndi burada yazıram, ay Nobel almaq istəyənlər, eşidin, bilin: keçmiç Sovet ölkəsindəki 15 respublikada və postsovet məkanında (bəziləri bunun "sovetdənsonrakı" anlam olduğunu bilmir) yalnız Mixail Şoloxov Nobel mükafatını alıb (o da Xruşşovun razılığı ilə). Qalan rus yazıçıları (Bunuin, Soljınitsin, Brodski) bu mükafata xaricdə (mühacirətdə) olarkən layiq görülüb, Pasternak isə rejimin təhriki ilə mükafatdan imtina edib. İnşallah, özünüzü ədəbli aparsanız siz də "bu mükafatı" alacaqsınız.
    Bəziləri isə deyir ki, Nobel mükafatı bizim neftimizin hesabına “yaranıb”. Bir-iki dəfə demişəm, yenə yada salım: əvvəla, mükafatlar neftə-qaza görə verilmir, başa- yəni əsərlərə görə verilir. İkincisi, Novelə ayrılan pulun mənbəyi neft deyil, dinamitin, yəni partlayıcı maddələrin istehsalından qazanılıb.
    Sonra. Belə də deyirlər ki, bu mükafat “”ərb klubunun” üzvləri üçündür və onu yəhudilərə verirlər. Mən də deyirəm ki, qoy “Şərq” də belə bir mükafat təsis etsin və müsəlmanları təlfif etsin. Yox, amma indi düşünürəm ki, Şərq belə ödül yaratmasa yaxşıdır. Çünki, qorxuram, həmin bir milyonluq mükafatın on misli qədər rüşvət verib əldə edənlər tapılacaq.

    14.10.2013
    Məni TV-lərə (bir dramaturq kimi) çağıranda arabir tərəf-müqabilim aktyorlar olur. Müşahidə etmişəm əksəriyyəti eyni xasiyyətdə olur: işdən çıxan rəhbərliyi pisləyir, yeni gələni tərifləyirlər. Klassiklər düz deyib: incəsənət həyatın güzgüsü, inikasıdır. Təbii ki, stabil, sabit fikirli aktyorlar da olur...

    19.10.2013
    Mikayıl Müşfiqin təhqir olunması cəmiyyətdə böyük narazılıq doğurub. Gənc yazarlardan biri Mikayıl Müşfiqi "qıjı düşüncəli adam" adlandırması söz sahiblərini hövsələdən çıxarıb. Hətta xalq artistləri belə, ona təhqirlə cavab verib.
    Tanınmış şəxslərin mövzu ilə bağlı fikirlərini təqdim edir:
    Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa:
    "Əvvəla, dahi şairin adını düzgün yazın. "Müşviq" yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın. Bu məsələyə münasibətim birmənalı pisdir. Müşfiqin heç qəbrinin yeri də məlum deyil. Amma o, öz şeirləri ilə ürəklərdə yuva qurub. Elə onun məzarı da ürəklərdədir. Bizim bəzi gənclər tarixə bu günün gözü ilə baxdıqlarına görə səhvə yol verirlər. Tarixə və yaxud tarixi hadisələrə konkret tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər söhbət ədəbi əsərdən gedirsə, ona da yarandığı tarixi şəraitin baxış bucağından yanaşmaq lazımdır. Fikrimi konkretləşdirmək üçün bir misal çəkim. Bizim dilimizdə ilk poetik nümunə kimi Həsənoğlunun bizə gəlib çatmış bir şeiri götürülür. Əlbəttə, o şeirdə müasir ədəbi-poetik tələblərə cavab verməyən çox şey tapmaq olar. Amma bu, o demək deyil ki, biz Həsənoğlunu və onun bizə gəlib çatan şeirini ələ salmalı, şəbədə qoşmalı, lağlağı etməliyik. Əksinə, həmin şeiri öpüb gözümüzün üstünə qoymalı, onu təhqir edənlərə təpki göstərməliyik. Eləcə də bütün klassiklərimizə böyük sayğı və hörmətlə yanaşmalıyıq. Qonşu Gürcüstanra repressiyaya məruz qalmış Nikolo Misişvili, eləcə də Ermənistanda həmin taleni yaşamış Yeğişe Çarens adlı şair var. Onların heç birinin yaradıcılığı Müşfiqdən zəngin deyil. Amma xatirələri öz ölkələrində çox əziz tutulur. Müşfiq nə qədər ömür sürüb ki? Cəmi 28 il. İndi bu yaşda olanların çoxu əlinə təzə qələm alır. Gənclərin iddialı olmasına pis baxmıram. Amma bu iddianın arxasında bir yaradıcılıq da olmalıdır. Və bu iddia heç də kiminsə, hansı klassikinsə təhqir olunması hesabına "reallaşmamalıdır". Yaradıcılıq Sizif əməyidir. Fəqət təəssüf ki, gənclərin bir çoxu, hətta, onların arasında istedadlılar da var, əsər yazmaq əvəzinə Herostrat kimi kitabxanadakı əsərləri yandırıb məşhur olmaq istəyirlər".

    25.10.2013
    Xəstələyimlə bağlı verdiyim mesajdan sonra...
    ...iki dibçəkdə eyni növdən və eyni boyda olan güllər üzərində aparılan əcaib bir təcrübəni xatırladım.
    Məsələ burasındadır ki, hər iki dibçəkdəki güllərə eyni dərəcədə qulluq edilir...
    Amma... birinci dibçəkdəki gülə qulluq edənlər hər gün həmin gülün “ünvanına” xoş sözlər söyləyir, onun “qulağına” ürəkoxşayan ifadələr deyir, bu gülün boy-buxunu, ətrini, rayihəsini tərifləyirlər.
    İkinci dibçəkdəki gülə qulluq edənlərsə hər gün onu pisləyir, təhqir edir, ətrinin ürəkbulandıran olduğunu söyləyirlər...
    Bu təcrübə dəfələrlə bir neçə gül üzərində sınaqdan keçirilir.
    İndiki ifadələrlə desək, hər dəfə şok nəticə alınir. Belə ki, birinci dibçəkdəki gül günü-gündən daha da pardaqlanır, gözəlləşir. İkinci dibçəkdəki gülsə solmağa, öləziməyə başlayır.
    Məncə, bu ibrətamiz misaldan sonra sözümün canı hamıya məlum oldu.
    Dostların xoş sözlərindən sonra özümə inamım artmaqdadır.
    Hələ keçən əsrdə, gənclik dövründə yazdığım sətirləri xatırlayıram:

    Mən hələ ölməyə hаzırlаşmırаm,
    Əcəlin əmriylə rаzılаşmırаm.

    Hələ tələsməyin kədərlənməyə,
    Hələ yеtişməyib bu ömrün sоnu.
    Mən ölümqаbаğı üz tutub göyə
    Özüm yаzаcаğаm nеkrоlоqumu.

    Bаşsаğlığı vеrib, özüm özümə
    Fаtihə surəsi охuyаcаğаm.
    Günəşin nurunu təpib gözümə,
    Kipriyimlə kəfən tохuyаcаğаm.


    01.11.2013
    ...tarixdə saat 16-00-da Firuz MUSTAFAnın “QADIN HƏSRƏTİ” (“Musiqili məktublar” pyesi əsasında) əsərinin tamaşası olacaq
    (Ünvan: Xaqani, 16 Aktyor evi)
    Quruluşçü rejissor: Loğman Kərimov
    İştirakçılar: Şükufə Musayeva, Azad Məmmədov, Dürdanə Dünyamalıyeva
    (Xronometraj 50 dəqiqə).
    Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının “2+1” II Eksperimental Teatr Festivallının proqramı çərçivəsində hazırlanıb.
    Giriş pulsuzdur.
    Teatrı (və müəllifi) sevən bütün dostlar dəvət olunur
    Buyurun gəlin.

    04.11.2013
    “Parakəndə qeydlər”dən
    Bir müddət öncə Türkmənçay şəhərində səfərdə olmuşam...
    Bizi orada bu şəhərin, əslində ona qəsəbə demək daha doğru olardı, bələdiyyə sədri Sasani adlı mehriban bir adam qarşıladı. Onu da deyim ki, İrandakı soydaşlarımızın əksəriyyəti bizə çox isti münasibət göstərir, ehtiramımızı saxlayırlar...
    Türkmənçay dərd içində boğulan adama bənzəyirdi. Yaçıllığı azdır. Şəhər bombozdur.
    Abbas Mirzə ilə Paşkeviç arasında bağlanan “uğurlu” müqavilənin ünvanı buradır...
    Bəli, bura adını çox eşitdiyim və hər eşidəndə də izahı çətin olan, hər halda ağır hisslər keçirdiyim şəhər idi.
    Azərbaycanı ikiyə bölən məlum və məşhur Türkmənçay müqaviləsi gecə yarı, yəni saat 24.00-da burada imzalanıb.
    Bəili, Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən Türkmənçay müqaviləsini tərəflər 1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24.00-da imzalayıblar.
    Bəs niyə gecə yarı?
    Məlum olduğu kimi, sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...
    Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlərin hansı “uğuru” nəzərdə tutduğunu yəqin ki, yalnız o münəccimlərin özləri bilirmiş, bunu “adi adamların” bilməsi bu gün də çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.
    Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
    Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...
    Bu da məlum və məşum gecənin gətirdiyi 200 illik bir “uğurun” nəticəsi.
    Rusların bütün qonşu dövlətlərin totpağına göz dikməsi, yad əraziləri ələ keçirmək üçün qan tökməsi təzə məsələ deyil ki. Bu, tarixi uzun olan bir “rus xəstəliyidir”.
    p.s. Türkmənçayda olarkən Müqavilənin bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli şəhərin üzü gülməyən yaşlı bir sakinindən soruşdum ki, əcaba, bəs görəsən vaxtilə bu divara vurulmuş müqavilənin bağlandığı sənədi əks etdirən lövhə hanı? Adam başını yerə dikib dedi ki, bir müddət əvvəl həmin lövhə gecə ikən oğurlanıb. Sanki o məşhur Müqavilənin bağlanmasının günahkarı və o lövhənin oğurlanmasının səbəbkarı bu qəmli görünüşlü adam özü idi... Bu anlarda mənə elə gəldi ki, həmin adamın məhzun sir-sifəti elə Türkmənçayın özünə bənzəyir...
    Bəs görəsən, xatirə lövhəsini nə məqsədlə oğurlamışdılar? Belə çıxmırmı ki, Paskeviçin əli hələ də o tərəflərə çatır?.. Hətta, 200 ildən sonra belə...

    19.12.2013
    Firuz Mustafa: “... düz-əməlli tamaşa görsəniz mənə də xəbər verin”
    - Firuz müəllim, siz özünüzü necə təqdim edərdiniz? Yazıçı, dramaturq, yoxsa filosof?

    - Adətən, elmi toplantılarda məni filosof, ədəbiyyatla bağlı məclislərdə yazıçı kimi təqdim edirlər. Teatrlarda isə təbii ki, mən dramaturq kimi tanınıram. İndiki halda mənim necə təqdim edilməyim sizin verəcəyiniz sualların mahiyyətindən, xarakterindən asılı olacaq. Əgər söhbət fəlsəfə ilə bağlı olacaqsa, filosof kimi, ədəbiyyatla bağlı olacaqsa, yazıçı kimi danışmaq imkanı var.

    - Son vaxtlar əvvəlki illərə nisbətən daha məhsuldarsınız. Bir-birinin ardınca hekayə, roman və pyesləriniz dərc olunur. Bu məhsuldarlıq nəylə bağlıdır?

    - Belə görürəm ki, söhbət daha çox ədəbiyyatla bağlı olacaq. Suala cavab olaraq deməzdim ki, xüsusən son illərdə mən daha məhsuldar işləmişəm. Elə əvvəllər də elmi və bədii yaradıcılıqla intensiv məşğul olmuşam. Mən artıq altmış yaşı keçirəm. İndi xatırlayıram, qırx yaşınacan mən namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişəm, o vaxtacan iki monoqrafiyam, iki bədii əsərim nəşr edilib. Yəqin ki, bilirsiniz, o vaxt çap olunmaq indikindən qat-qat çətin idi. Ona görə də bir neçə iri həcmli əsərim qalın ədəbi jurnallarda və nəşriyyatlarda uzun müddət çapa məsləhət görülmədi. Məsələn, ötən əsrin 1988-ci ilində nəsr şöbəsində Mövlud Süleymanlıya təqdim edilən “Qapı” romanım “Azərbaycan” jurnalının qovluğunda səkkiz il “yatıb” qaldı; nəhayət, 1996-cı ildə həmin şöbədə müdir olan Məmməd Oruc mənə zəng vurub dedi ki, bir romanını tapmışam, icazə ver, çap edək. Onda biz artıq yeni bir ölkədə, həm də yeni bir siyasi quruluşda yaşayırdıq. İlk hekayələr kitabımın taleyi də təxminən elə bu cür olub. İlk hekayələr kitabımı 75-ci ildə “Gənclik” nəşriyyatına təqdim etmişdim. O vaxt İlyas Tapdıq orada baş redaktor idi. Yalnız on il keçəndən sonra, 1985-ci ildə “Gənclik” nəşriyyatında “Göyəm kolları” adlı ilk kitabım çıxdı. Kitabın redaktoru Musa Ələkbərli idi. Madam ki, sual verirsiniz, qoy bir məsələyə də aydınlıq gətirim. Bilirsiz ki, ədəbi aləmdə tanınmağın bir yolu da, necə deyərlər, televiziyalarda görünməkdir. Uzun illər bizdə cəmi bir televiziya fəaliyyət göstərib, orada ədəbiyyatla bağlı redaksiyanın, “ədəbi-dramın” baş redaktoru Nahid Hacızadə olub. Bu adam mənim dayımdır. Amma o, mənə indiyəcən indiki anlamda heç bir “dayılıq” etməyib. Əksinə, rəhbərlik etdiyi baş redaksiyada mənim yazı-pozumla bağlı bir cümlənin belə getməsinə imkan verməyib. Məni düzgün başa düşün. Bu gün dayımdan bir şikayətim, narazılığım yoxdur. O, çox humanist, doğru, düzgün adamdır. Yəqin hamı belə bir fikri təsdiq edər ki, bu adam çox ehtiyatlı, suyu üfürə-üfürə içən, təmənnasız, vicdanlı adamdır. Mən indi onunla tez-tez görüşürəm. O, özü də etiraf edir ki, sənə vaxtında köməyim dəyməyib, əksinə, maneçiliyim olub. Mən isə zarafatla deyirəm ki, düz etmisən, axı sən mənim dayım yox, anamın qardaşı olmusan. Səmimi etiraf edirəm ki, mən ləyaqətli adamları çox sevirəm və həmin adamlardan biri də mənim anamın qardaşı Nahid bəydir. Elə İlyas Tapdıq haqda da həmin rəydəyəm. Mən tələbkar redaktorlarla üz-üzə gəlmişəm. Yalnız püxtələşəndən sonra nəşr olunmuşam. Bu fikirdəyəm ki, yazıçı öz ilk və ya ilkin eksperimentlərini oxuculara təqdim etdiyi kitablarında deyil, şəxsi fəaliyyətində, başqa sözlə, şəxsi arxivində qalacaq əlyazmalarında etməlidir. Ciddi ədəbiyyat ərköyünlərin dincəldiyi yer olmamalıdır.
    - Bir ara “Tac” adlı ədəbi qəzet də buraxırdınız. Amma nədənsə həmin qəzetin fəaliyyəti çox qısa oldu. Qəzeti yaratmaqda məqsədiniz nə idi?
    - Qəzetin yaranmasında məqsədim ədəbiyyata xidmət etmək idi. Ədəbiyyata rəğbəti olan bir neçə dostum söz vermişdi ki, qəzetin çıxması üçün əllərindən gələni əsirgəməyəcəklər, təki mən səviyyəli yazılar təqdim edim. Bilirsizmi, adamların çoxu öz zəmanəsinə bənzəyir. Mən öz dediyimə əməl etdim, amma dostlar bu və ya digər səbəbdən öz əhdlərinə sadiq ola bilmədilər. Mən yenə də o qəzeti nəşr etmək niyyətindəyəm. Axı bizdə sırf ədəbiyyat qəzeti yox səviyyəsindədir. Düzdür, bizdə adı ədəbiyyata karikatura olan belə bir qəzet var, özü də Yazıçılar Birliyinin orqanıdır. Mən on ilə yaxındır ki, oraya yazı vermirəm. Baş redaktora da demişəm ki, ümumiyyətlə, mənim adımı orada çəkməyin. Mənə elə gəlir ki, bu qəzeti ağ buraxmaq daha yaxşı olardı, çünki ağ kağız heç olmasa məişətdə çirkli kağıza nisbətən gərəklidir.
    - Ədəbi tənqidin indiki durumuna münasibətiniz necədir? Ümumiyyətlə, ədəbi tənqidin sizin yaradıcılığınıza münasibəti sizi qane edirmi?

    - Mən bu suala hökm qaydasında “hə” və yaxud “yox” deyə cavab verə bilmərəm. Bizdə ədəbi tənqidin səviyyəsi məni o qədər də təmin etmir. Yəqin ki, siz də mənimlə razı olacaqsız. Bizdə bir çox yazılar proteksiya ilə, yəni şəxsi münasibət zəminində, hətta, eşitdiyimə görə, bəzən müəllifin müəyyən muzdu müqabilində yazılır. Bir qonaqlığa difiramba yazanlar da var. Amma mən bu cür tənqidçiləri əvvəlki vaxtlarımdan fərqli olaraq indi çox da qınamıram. Axı onların əksəriyyətinin vəziyyəti acınacaqlıdır. Gərək yaradıcı adamın həyatı, bəyənmədiyimiz Leninin təbirincə “kapitalistin pul kisəsindən asılılığı olmasın”. Deyə bilərsiz ki, bu sözlər vaxtilə jurnalistlər barədə deyilib. Kənan bəy, indi bizdə hətta, kapitalist yazıçılar da yetişib. Onların öz tənqidçiləri, daha doğrusu, məddah tərifçiləri var. Mən bu gün ədəbi tənqiddə yalnız bir-iki nəfərin ədəbiyyatla bağlı fikirlərinin obyektivliyinə etibar edirəm. Mən tam səmimiyyətlə demək istəyirəm ki, onlardan biri, bəlkə də birincisi xalq yazıçısı Elçindir. Onun tənqidi fikirləri obyektiv, qərəzsiz və təmənnasızdır. Bu, mənim şəxsi fikrimdir. Ortada olan tənqidi yazıların obyektivliyi həm də onunla bağlıdır ki, Elçinin kimsədən asılılığı yoxdur və o, kifayət qədər müstəqil düşüncə sahibidir. Bizdə istedadlı tənqidçilər çoxdur. Təbii ki, məndən də yazıblar və təbii ki, müqabilində nə muzd olub, nə də digər amillər. Yenə təkrar edirəm, gərək tənqidçi öz yazıları ilə öz maddi vəziyyətini təmin edə bilsin.
    - Gənclərdən kimləri oxuyursunuz? Bugünkü gənc ədəbi nəsil haqqında fikriniz necədir?
    - Mən ədəbiyyatda yazıçıları yaşına görə yox, əsərlərinin siqlətinə görə təsnif etməyin tərəfdarıyam, yəni biri var yazıçı, bir də var qeyri-yazıçı. Əgər sizi yazıçıların yaş senzinə görə təsnifat çox maraqlandırırsa, bir neçə cavan adamın adını çəkə bilərəm. Qismət, Zümrüd Yağmur, Aysel Əlizadə, Natiq Məmmədli, Aqşin Yenisey, Günel Mövlud, Qan Turalı, Şərif Ağayar, Mövlud Mövlud, Sayman Aruz, Arzu Hüseyn, Emin Piri, Kəramət Böyükçöl, Ayxan Ayvaz... O cümlədən Kənan Hacı. Əlbəttə, bu siyahını bir qədər korrektə etmək və ya genişləndirmək də olardı.
    - Firuz müəllim, xeyli kitablarınız çıxıb. Bu kitablar öz oxucusunu tapırmı?
    - Əvvəllər, adətən, yazıçılar ənənəvi bir qaydada deyərdilər ki, mən tez-tez oxucu məktubları alıram. Doğrusu, bu sözlərin nə qədər doğru-dürüst olduğunu yalnız poçt şöbələri və ya poçtalyonlar vasitəsi ilə dəqiqləşdirmək olardı. Bu gün isə məncə, belə dəqiqləşdirməyə ehtiyac yoxdur. Saytlarda nəşr olunan əsərlərin altındakı şərhləri və ya Facebook səhifəsindəki məktubları oxumaq kifayətdir. Dediyim odur ki, yüzlərlə adam, yəni oxucu məndən kitab istəyir. Təbii ki, mən onların bu istəyini əsasən vizual yox, virtual qaydada yerinə yetirə bilərəm və belə də edirəm: Azərbaycan dillilərə oxumaq üçün daha çox “Azadlıq” radiosunun “Oxu zalı” kitabxanasına, rusdilli oxuculara isə Rusiyanın “Proza.ru” və “Stixi.ru”, eləcə də bizdə tərtib olunmuş “”Translit.az” saytına daxil olmağı tövsiyə edirəm. Təbii ki, nəşr olunan kitablarmı əldə edən oxucular da var. O ki, qaldı tamaşaya qoyulan pyeslərə, oradakı tamaşaçıların sayı teatrlara və statistika idarələrinə dəqiq məlumdur.
    - Ədəbiyyatımızda sizi ən çox narahat edən problem hansıdır?
    - Mən ədəbiyyata, bədii sözə, onun gücünə çox inanan adamam. Məqalələrimdən birinin sərlövhəsi belədir: “Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək”. Amma məni yandıran odur ki, çörəyi sözdən çıxan bir çox adamlar ona, yəni sözə barmaqarası baxır, onu məişət səviyyəsində dəyərləndirməyə çalışırlar. Bu, nadanlıqdır. Ciddi ədəbiyyat məişət hadisəsi deyil, bu, dünyanı, onun mənzərəsini, nizamını dəyişən böyük, qlobal bir hadisədir. İnsanların mənəviyyatını, əxlaqını bədii söz dəyişib həmişə. Şekspir ingilis, Molyer fransız, Şiller alman, Çexov rus, Mirzə Fətəli azərbaycanlı xarakterinin ədəbiyyatda açılmasında və həyatda formalaşmasında misilsiz xidmətlər göstərib. Sizin sualınızdan çıxış edərək bunu da əlavə edə bilərəm ki, məni ədəbiyyatın təkcə özünün taleyi deyil, habelə onun obyekt və subyektinin də taleyi narahat edir. Zahirən sadəlövh görünə biləcək bir fikir deyim; mən Sovetlər dönəminin xiffətini çəkmirəm. Amma o zaman adamları yüksək postlara təyin edərkən onların intellektual səviyyəsi ilə də maraqlanırdılar. Hətta yeri gələndə gələcək məmurdan son vaxtlar hansı əsərləri oxuduğunu soruşurdular. Bəs indiki məmurlar? Aman Allah, onların əksəriyyəti hansı səviyyədədir? Bunu bilmək üçün əksər məmurlarımızın ekran və efirdə verdikləri 3-4 cümləlik müsahibəni dinləmək yetərlidir.
    - Bəs şəxsi yaradıcılıq fəaliyyətində necə, bu cür problemlər varmı?
    - Bu gün yaradıcılıq aləmində təzə yol açmaq çətin məsələdir. Bilirsizmi, bəlkə də həyatda bir anlıq qəhrəmanlıqla qəfil şöhrət qazanmaq olar. Eləcə də incəsənətin digər bir sahəsində görünüb qeyri-adi bir mahnının ifası ilə geniş auditoriyada meteor kimi parlamaq olar. Amma ədəbiyyatda bu, çətin bir məsələdir. Mən öz yolumla gedirəm. Bu işdə kiməsə güvənmirəm. İsnad və istinad nöqtəm öz zəhmətimdir. Bildiyiniz kimi, bu gün yaradıcılıqda elə bir maddi və mənəvi stimul yoxdur. Məni yazmağa təhrik edən ürəyim və ağlımdır. Amma təbii ki, problemlərim də kifayət qədərdir. Həm məişət, həm də əsərlərimin nəşri və tamaşaya qoyulması sahəsində problemlər kifayət qədərdir. Tək bir faktı demək istəyirəm. İyirmidən çox əsərimə otuzdan çox quruluş verilib. Mühüm postu, iri vəzifəsi, pulu-parası, adamı-dayısı olmayan bir adamın onlarla maneəni dəf edib bu qədər pyesin səhnəyə çıxmasına nail olmağın çətinliyini siz ədəbiyyatla bağlı olan bir adam kimi təsəvvür edə bilərsiz. Digər janrlardan fərqli olaraq dram əsərlərinin səhnəyə yol tapması fərqli səciyyə daşıyır. Məsələn, bu gün hansısa nəsr və ya poeziya nümunəsinin nəşr olunması üçün maddi vəsaitin olması yetərlidir. Başqa sözlə, pulunu mətbəəyə ödə, qoy sənin yazdıqların ən yaxşı cildlərlə nəşr olunsun. Amma dram əsərləri bir az ayrı tale yaşayır. Sözümün canı var. Mən neyləyim ki, indiyəcən bu qədər əsərdən cəmi bir ya ikisi lentə alınıb, televiziya ekranında nümayiş olunub? Kimə şikayət edəsən, dərdini kimə deyəsən? Ümumiyyətlə, belə bir qurum varmı? Adam var ki, bir mənasız səhnəciyini bütün televiziyalar fasiləsiz “fırladır”. İndi təəssüf ki, hər şeyi olmasa da, çox şeyi pul həll edir. Pulun hökmranlıq etdiyi cəmiyyətdə bədii sözün səsi bir az aşağıdan çıxır. Amma əslində hər şey əksinə olmalıdır. Dediyim odur ki, mənim pyeslərim teatr zallarından çıxıb böyük tamaşaçı auditoriyasına addımlaya bilmir.
    - Sizin sevimli yazıçınız kimdir?
    - Onlarca bu cür yazıçı var.
    - Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz əsər hansıdır?
    - Belə əsərlərin sayı çoxdur. Yeri gəlmişkən, sizə bir şey deyim. Adətən, mənə çox yazdığımı xatırladırlar. Əksinə, mən yazmaqdan daha çox mütaliə edirəm. Ümumiyyətlə, mütaliədə və yazı prosesində bir janrdan digərinə keçmək mənim üçün heç vaxt çətin olmayıb. Hətta, son dövrlərdə qələmə aldığım bir əsərdə, “Cənnət çiçəyi” adlı romanda az qala ədəbiyyatda mövcud olan bütün janrlardan istifadə etmişəm. Bu əsərdə hətta əsər qəhrəmanının üzərində işlədiyi elmi monoqrafiyadan parçalar da daxil edilib.
    /Kənan Hacı, kulis.az/








    2014



    31 mart 2014-cü il tarixdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olundu.

    02.04.2014
    İsa Hüseynovun dəfni...
    Yazıçı –martın 31-dən aprelin 1-nə keçən gecə rəhmətə gedib. Əvvəlcə, günün birinci yarısı onun harada dəfn olunacağı barədə məlumat verilməmişdi. Sonra məlum oldu ki, Fəxri xiyabanda tarpağa tapşırılacaq...
    Yazıçını “Azdrama”dan götürürdülər. Dəfndə daha çox, ziyalılar iştirak edirdi.
    İsa Hüseynov ilə mənim yalnız epizodik görüşlərim olub. Doğrusu, özüm istəməmişəm ki, yaradıcılığına böyük hörmətim olan yazıçı haqqında yüksək “ideal” (bu, həm də İsa Hüseynov (Muğannanın) məşhur romanlarından birinin adıdır) təsəvvürüm çılpaq praqmatizmlə əvəz olunsun. Əslində mən onun sonralar qəbul etdiyi “Muğanna” təxəllüsünü də nədənsə “sinirə” bilmirəm.
    ... İndi xatırladım ki, bir neçə müddət qabaq dayım, yazıçı Nahid Hacızadənin iş otağında söhbət edirdik. Telefon zəng çaldı. Dəstəkdə Nahid müəllimin əmisi oğlu Akif Hacıyev idi. Ordan-burdan söhbət etdilər. Belə məlum oldu ki, A.Hacıyev “Leçkomissiyada” müalicə olunur və onun palata qonşusu İsa Hüseynovdur. Sonra o, dəstəyi İsa müəllimə verdi. Bir xeyli söhbət etdilər. Sonda Nahid müəllim ona dedi ki, “İsa müəllim, Firuz Mustafa da sənə salam göndərir”. İsa Hüseynov cavabında: “Bütün Mustafalara salam olsun”- dedi və xatırlatdı ki, onun atasının adı da Mustafadır, hətta, məni tanıdığını da bildirdi... Olsun ki, imzamı nəzərdə tuturdu... Anar düz deyir, “O, qəribə dünyada yaşayan bənzərsiz yazıçıdır...” Zənnimcə onu da düz deyib ki, “İsa Hüseynovu İsa Muğannadan qorumaq lazımdır”.
    ...“Azdramanın” balkonunda (eyvanda) Zəlimxan Yaqubla bir xeyli söhbət etdik. Yüngül yaz paltosunun yaxasını bərk-bətk düymələmiş şair qəddini şax saxlasa da özü yorğun, bənizi solğun görünürdü. Xəstə olduğunu bilirəm. Bilirəm ki, İsa müəllim Zəlimxan bəyin xətrini çox istəyirdi, hərdən telefon açıb ondan “saz pıçıltıları” istəyirdi... Şairə ürək-dürək verdim, dedim ki, maşallah, həmişəkindən yaxşısan və zarafatla əlavə etdim: “siz gəncləşirsiniz tarix qocalır”... Güldü. Dedi ki, yeni əsərin oynanılsa xəbər verərsən...
    ... Xatırladım ki, mən İsa Hüseynovun yaradıcılığı ilə hələ uşaq vaxtlarımdan tanışam. Atam ədəbiyyat müəllimi idi, onun kitab rəfindəki “Bizim qızlar”, “Dan ulduzu”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, Tütək səsi” əsərlərini hələ orta məktəbdə ikən oxumuşdum. Sonralar yazıçı bu əsərlərin əksəriyyətini yenidən “işlədi”, onların bir çoxunun adını dəyişdi. (Məndə onun əsərlərinin 6 cildliyi var, baxmışam, yazıçı bütün əsərlərindəki “amma” sözünü ərinmədən bir-bir dəyişərək “əmbə” edib. Ay rəhmətlik, bəyəm buna ehtiyac var idi?) Və yeri gəlmişkən, romanları, povestləri öz yerində, İsa Hüseynov həm də gözəl hekayələr müəllifi idi. Xüsusilə, onun “Bir az romantika” adlı hekayəsi əslində ədəbiyyatımızda yeni bir ədəbi çəhlim idi. Təəssüflər ki, bu hekayə ədəbi tənqidin diqqətini o qədər də cəlb etməyib...
    ...Dəfndə hökumət nümayəndələri də iştirak edirdi. Xalq yazıçısı Elçinin çıxıçı oldu...
    Böyük bir yazıçını itirdik. Onun yaradıcılığı kifayət qədər təbliğ olunmayıb. Halbuki daha geniş arenaya çıxa, daha böyük mükafatlar ala bilərdi.
    Mən “Nobel”ə layiq görülmüş yazıçıların əksəriyyətinin (demək olar ki, nasirlərin hamısının) əsərləri ilə tanışam. Təbii ki, bu əsərlərin içində şedevrlər də var. Amma mənə elə gəlir ki, bizim bir çox qələm adamları, məsələn elə rəhmətlik İsa Hüseynov, o cümlədən Anar, Elçin bu mükafata layiq olan sənətkarlardır.
    ...”Azdramanın” eyvanında bir tip mənə yaxınlaşıb üzrxahlıq etdi. Bu, bir neçə gün əvvəl içib sərxoş halda mənimlə öz tərbiyəsinə uyğun şəkildə danışan “gənc yazarlardan” birisi idi. İndi belə müştəbehlər çoxdur...
    ...İsa Hüseynov öz həmkarlarının-ustad və dostlarının yanında, Fəxri xiyabanda, saz sədaları altında (“Ruhani” havası üstündə) torpağa tapşırıldı.

    04.08.2014
    Dramaturq Firuz Mustafa Vaqif Nəsibə etiraz etdi
    “Bu təqaüdü ədəbiyyata dəxli olmayan adamlar alır. Təsəvvür edin, boynundan xaç asmış Rusiya vətəndaşı Alla Axundova bu təqaüdü alır. Xeyrəddin Qoca, Ramiq Muxtar kimi ədəbiyyatda heç bir xidməti olmayan təsadüfi adamlar təqaüd alır. Bu, bilirsinizmi nə deməkdir? Əgər torpaqlarımızın iyirmi faizi işğal olunubsa, ədəbi torpaqlarımızın səksən faizi işğal olunub”.
    Bu fikirləri tanınmış yazıçı Vaqif Nəsib Publika.az-a müsahibəsində deyib. Yazıçı-dramaturq Firuz Mustafa V. Nəsibin bu fikirləriylə razılaşmadığını, müsahibədə adı çəkilən Alla Axundovanın Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olduğunu bildirib. Firuz Mustafa Vaqif Nəsibin ittihamlarıyla bağlı bunları deyib:
    “Mən Alla Axundova ilə çoxdan tanışam. Bəlkə də, çoxları, o cümlədən dostum Vaqif Nəsib bilmir ki, bu xanım ən azı, rus dilinin geniş yayıldığı ərazidə Azərbaycan ədəbiyyatının təbliği, nəşri və tərcüməsi üçün əlindən gələni əsirgəməyib. "Dədə Qorqud" kimi mürəkkəb sintaksis, dil və üslubi xüsusiyyətə malik bir əsərin tərcüməsi də ona məxsusdur. "Alma almaya bənzər", "Şərikli çörək", "Şir evdən getdi" kimi filmlərin ssenari müəllifidir. O, hər cür təltif və mükafata layiq bir insandır, şairədir, tərcüməçidir, ssenaristdir. Allanın qızı Məryəm Azərbaycan diasporunda çalışırdı, bu yaxınlarda vəfat edib. Çoxları onu da bilmir ki, Alla onlarla dilin qarşılıqlı və müqayisəli tədqiqi ilə ciddi məşgul olan, amma bu sahədə özünü təvazökarcasına "həvəskar" adlandıran dilçidir. 75 yaşlı yaradıcı bir xanım haqqında bu cür haqsız fikirlər səslənməsi xoşagəlməz bir haldır”.
    Kənan
    Publika.az

    13.09. 2014.
    Bir çox titullu, çinli, orden-medallı müğənnilərimiz (onların arasında gənclərlə yanaşı, ağbirçək və ağsaqqllar da var) mətbuatda bir-birlərini ən iyrənc ifadələrlə təhqir etməkdədirlər. Onlar bu minvalla təkcə özlərini və ətrafdakıları deyil, həm də dövlətimiz adından verilən fəxri adları təhqir edirlər.
    Bilmirəm belə bir təklifə münasibətiniz necə olacaq?:
    Bəlkə bu fəxri adların, təltiflərin verilməsi dayandırılsın?
    Axı nə Yaponiyada "xalq artisti" var, nə İtaliyada, nə İslandiyada, nə də onlarla digər ölkədə...

    14.09.2014
    Mən dəfələrlə demişəm, yenə də deyirəm: bütün dünyada savadsız adamlar savadlılardan, zövqsüz adamlar zövqlülərdən, maraqsız adamlar maraqlılardan, pis yazıçılar yaxşı yazıçılardan daha çoxdur. Eləcə də zəif oxucular ağıllı oxuculardan çoxdur. Təbii ki, zəif, aşağı səviyyəli oxucu istər-isrəməz zəif əsərləri oxuyacaq...
    Necə ki, oxuyurlar da... İndi Pelevini, Dantsovanı oxuyanların sayı Hüqonu və Tolstoyu oxuyanlardan daha çoxdur...

    15.09.2014.
    Biri yazıb ki, rus dilində danışmayın, bu düşmənin dilidir.
    Mən də yazdım ki, bu, həm də Tolstoyun, Puşkinin, Şoloxovun, Berdyayevin dilidir... Onda gərək heç Azərbaycan dilini də öyrənməyəsiz, çünki bu dildə də bir xeyli yaramaz yazır və danışır...))

    25.09. 2014
    Mən dəfələrlə demişəm, yenə də deyirəm: bütün dünyada savadsız adamlar savadlılardan, zövqsüz adamlar zövqlülərdən, maraqsız adamlar maraqlılardan, pis yazıçılar yaxşı yazıçılardan daha çoxdur. Eləcə də zəif oxucular ağıllı oxuculardan çoxdur. Təbii ki, zəif, aşağı səviyyəli oxucu istər-isrəməz zəif əsərləri oxuyacaq...
    Necə ki, oxuyurlar da... İndi Pelevini, Dantsovanı oxuyanların sayı Hüqonu və Tolstoyu oxuyanlardan çoxdur...
    Məhz bu səbəbdən də zəif əsərlərin sayı günbəgün çoxalmaqdadır.

    26.09.2014
    Tv-lərə çox vaxt savaddan kəm müğənniləri dəvət edirlər. ("Manıs" demirəm ki, xətirlərinə dəyər). İndi "Speys"ə baxıram. Aparıcı soruşdu ki, Eynşteyn kimdir? Müğənnilər, təbbi ki, cavab verə bilməyib başladılar yazıq Eynşteyni(n soyadını) ələ salamağa. Onların səhvini aparıcı "düzəltdi"; dedi ki, Eynşteyn kimyaçıdır.
    Yaxşı ki, TV-lərə nadir hallarda baxıram.
    Bəs Siz necə, baxırsızmı?

    27.10.2014
    Rusiyanın Dövlət Duması mesenatlıq (xeyriyyəçilik) haqda qanun qəbul edib. Dünyanın əksər ölkələrində belə bir qanun işləməkdədir. Heç kəsə sirr deyil ki, bizdə bir çox imkanlı adamlar xeyriyyəçilik etməkdən çəkinirlər.
    Müraciətim sosial şəbəkədə fəal olan millət vəkillərinədir: məncə bizdə də belə bir qanunun qəbul edilməsinə ehtiyac var.
    Bəs siz necə düşünürsüz, dostlar?

    28.10.2014
    Bu gün Babəkə, Şah İsmayıla, Cahan şaha... və sair görkəmli dövlət xadimlərinə və milli qəhrəmanlara hücum etməyin heç bir əsası yoxdur.
    Düzdür, onların hər birinin kifayət qədər səhvi olub.
    Amma, ancaq, lakin və fəqət...
    Bir çox tarixçilər və tarixi öyrənmək istəyən həvəskarlar şəxsiyyətləri tarixi kontekstdən kənarda səciyyələndirirlər.
    Sanki məsələn, Şah İsmayıl Xətai Səfəvilər dövlətinə 1516-cı ildə deyil, 2016-cı ildə rəhbərlik edib.
    Sanki məsələn, Çaldıran döyüşü 1514-cü ildə yox, 2014-cü ildə baş verib.
    Elə deyil axı.
    Tarix də insan kimi canlı bir fenomendir.
    Dörd yüz və ya beş yüz il öncəyə bu günün gözüylə baxmaq bəlkə də lazımdır. Amma hadisə və proseslərə həmin dövrün öz tarixi maraq dairəsi çərçivəsində yanaşmaq daha düzgün olardı.

    15.11. 2014
    Tv-lər reytinq axtara-axtara bayağılığa, yazarlar məşhurluq axtara-axtara dayazlığa, alimlər sponsor axtara-axtara cahilliyə gedib çıxdılar...

    17.11.14
    Çoxdan belə bir fikir, daha doğrusu, müraciətəbənzər bir qaç cümlə yazmışdım: “Tərbiyəsiz mülahizələrin, nadan düşüncələrin, mənasız fikirlərin müəlliflərini imkan olduqca dostluq sıralarından çıxarıram. Sizə də bunu tövsiyyə edirəm. Qoy real həyarda çoxluq təşkil edən bu tiplər, heç olmasa bu virtual aləmdə azlıqda qalsınlar”.
    Çox alicənab, dünyagörmüş bir xanim əfəndi mənə belə bir müraciət yazdı: “Müəllim, bəs o dediyiniz adamların tərbiyəsi ilə kim məşğul olmalıdır?”
    Əl saxladım. Düz sözə nə deyəsən? Arada yenə, imkan olduqca həyatda olduğu kimi, sosial çəbəkələrdə də maarifçiliklə məşğul oluram.

    10.12.2014
    Baxıb görürsən ki, bu adamların bir çoxunun 60-70 yaşı var.
    Və onu da görürsən ki, bu adamlar yalnız son illərdə (yəni son 20-25 ildə) alim olub, şair olub, yazıçı olub, bəstəkar olub. Kitab-dəftərləri çıxır, əsərləri çalınır, oxunur, oynanılır..
    Adam belələrinə üz tutub soruşmaq istəyir: ay adam, Sovetlərin “dağılan” vaxtı sənin ən azı 40-50 yaşın vardı. Bəs o zaman harada idin? Niyə o vaxtacan adın “it dəftəri”ndə belə yox idi? Yoxsa birdən-birə sənə istedad vergisi verildi?
    Buna nə ad vermək olar? Birini mən deyim: pulun qüdrəti və ya qüdrətin pulu...
    Qalanını özünüz deyə bilərsiz.

    27.12.2014
    Şairdən “məktub” gəlib:
    “Firuz Mustafa 70-ə qədər dram əsəri yazmış yeganə Azərbaycan dramaturqudur. Onların yarısı teatrlarda tamaşaya qoyulub. Klmin istəyib istəməyindən asılı olmayaraq bizdə ikinci Firuz Mustafa fenonini olmayıb. Xalq pullu adamların tamaşlarına yox, sadəcə tamaşaya baxmaq istəyir...”
    E.Zal

    27.12.2014
    Tənqidin tənqidi
    Firuz Mustafa:
    “Dövlətin teatrlara qayğısını hər zaman təqdir edirəm”


    “İnsanlar haqqında yalnız yaxşı şeylər düşünün”
    Müsahibimiz yazıçı-dramaturq Firuz Mustafadır

    -Bu yaxınlarda “Azərbaycan” qəzetində çıxan məqaləniz teatr xadimləri və oxucular tərəfindən birmənalı qarşılanmadı. Firuz müəllim, tanınmış dramaturq olaraq Azərbaycan teatrının hazırkı panoramik mənzərəsini necə təsvir edərdiniz? Ötən illər ərzində nə dəyişib? Teatrlarımızın müasir durumunu (bütün aspektlərdə) necə qiymətləndirirsiniz?

    -Əvvəla onu deyim ki, həmin məqalə bir növ elmi və nəzəri doktrina səciyyəsi daşıyır. Yəni məqalədə qoyulan məsələləri qəzet və jurnallarda (habelə “Mədəniyyət” qəzetində) zaman-zaman demişəm, səsləndirmişəm. İkincisi də, teatr öz mahiyyəti etibarilə ənənələrə söykənir. Təbii ki, burada varislik prinsipi də mühüm rol oynayır. Azərbaycan teatrı və dramaturgiyası öz tarixi etibarilə nisbətən gəncdir. Nəzərə alın ki, Yunanıstanda eramızdan əvvəl 6-5-ci əsrlərdə möhtəşəm teatr binaları tikilmişdi və təbii ki, həmin teatrlarda tamaşalar nümayiş olunurdu. Azərbaycan ədəbiyyatı tarixində ilk dram əsəri M.F.Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" əsəridir. Professional teatr 1873-cü ildə fəaliyyətə başlayıb. O ki qaldı Azərbaycan dramaturgiyasının hazırki mənzərəsinə... Mən dəfələrlə bu barədə ətraflı danışmışam. İndiki halda qısaca olaraq onu deyə bilərəm ki, bu, əsasən, keçmiş ənənələr üzərində yaranıb formalaşan bir dramaturgiyadır. Amma burası var ki, artıq dramaturgiya özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Bir ictimai-siyasi-sosial sistem digəri ilə əvəz olunub. Tarixə gömülməkdə olan sistemlə özünü təsdiq etməkdə olan sistemin gizli və aşkar mübarizəsi gedir. Əslində bu mübarizə həm də insanların düşüncəsində, təfəkküründə, əxlaqında getməkdədir. Miqyaslı əsərlərin meydana çıxması üçün həm də müəyyən zaman miqyası lazımdır. Hazırda ədəbi təsərrüfatımızda və dramaturgiyamızda ciddi mövzu və janr axtarışları gedir. Son illərdə modernist və postmodernist meyllər özünü daha qabarıq şəkildə göstərməkdədir ki, biz bunu da təbii hal kimi qəbul edirik. Bir sözlə, mən teatr və dramaturgiyamızın müasir durumunu məqbul hesab edirəm. Ddramaturqlarımızdan Elçinin, Əli Əmirlinin, Kamal Abdullanın əsərlərinin sorağı yaxın-uzaq xarici ölkələrdən gəlir. Afaq Məsud, Elçin Hüseynbəyli, İlqar Fəhmi və başqaları öz əsərləri ilə tamaşaçıların diqqətini çəkməkdədir. Bunlar sevindirici fakt və hadisələrdir.

    -Teatrların tamaşaçı problemi haqqında fikirlərinizi bilmək istərdik. Vəziyyəti teatrın xeyrinə necə dəyişdirmək olar, teatrlara tamaşaçı cəlb etmək üçün nə etmək olar?

    -Teatrlarla bağlı reklam və təbliğat işi gücləndirilməlidir. Niyə gizlədək, bu gün əksər telekanllarda daha çox bayağı, mənasız, məzmunsuz əsərlərin təbliği gedir. Nəticədə, səviyyəli tamaşaçılar öz istəklərini başqa ölkələrin ekran və efirlərində axtarmalı olurlar. Bir də dəfələrlə dediyim kimi, tamaşaçıları hələ körpəlikdən, uşaq vaxtlarından yetişdirmək lazımdır.

    -Teatrla bağlı söhbətlərdə daha çox dram əsərləri, ssenari qıtlığı məsələsi qabardılır. Hərdən də əksər teatrlarda eyni dramturqların əsərlərinin tamaşaya qoyulması haqqında iradlar da səslənir. Bu barədə fikrinizi bilmək maraqlı olardı.
    -Əksəriyyəti doğru iradlardır. Qeyd olunan sahələrdə nə qədər “bolluq” olsa o qədər geniş çeşid və seçim olar. Niyə gizlədək, bəzən tamaşası özfəaliyyət dərnəkləri və ya eksperimantal teatrlar üçün nəzərdə tutula biləcək əsərlər professional sənət ocaqlarına yol tapır. Rejissorların seçim etmək imkanı daha geniş olmalıdır. Bunun üçün kifayər qədər imkan var.

    - Dövlət səviyyəsində –Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vaxtaşırı dram əsərlərinin müsabiqəsi elan edilir, bu sahə ilə bağlı müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Sizcə, bütün bu tədbirlərə baxmayaraq gənclərin dramaturgiya sahəsinə marağının az olması nədən qaynaqlanır? Həm yazıçı-dramaturq, həm də ziyalı kimi düşüncələrinizi eşitmək istərdik.
    -Bəli, belə tədbirlərə yer verilir. Bunu inkar etmək olmaz. Amma açığını deyim ki, bu sahədə fəaliyyət göstərən bir çox gənc yazarların ya imkanları ilə iddiaları üst-üstə düşmür, ya da iradələri zəif olur. Başqa amillər də var. Məsələn, kinonun, kompyüterin, televiziyanın sürəkli inkişafı dominantlıq təşkil edir. Bütün bunlarsa teatr və dramaturgiyaya marağın qismən səngiməsinə, azalmasına səbəb olur.

    -Bölgələrdə teatrlarda olmusunuzmu? Region teatrlarının vəziyyətini qənaətbəxş hesab etmək olarmı?

    -Bəli, vaxtaşırı bölgə teatrlarında oluram. Mövcüd vəziyyəti bir kəlmə ilə xarakterizə etmək olmaz. Bu teatrların əksəriyyətində axtarışlar gedir. Bölgə teatrları müəyyən mənada “ucqarlarda” mədəniyyətin etibarlı qarantıdır.

    -Teatrla bağlı yazınızda bu sahənin inkişafının hamıdan, bütün cəmiyyətdən asılı olduğunu haqlı olaraq vurğulamısınız. Sizin bu istiqamətdə hansı təklifləriniz ola bilər?
    -Cəmiyyətdən, onun inkişafından kənarda heç bir hadisə, o cümlədən teatr hadisəsi baş verə bilməz. Teatr nəsə vaakumda yaranan bir fenomen, bir hadisə deyil ki. Cəmiyyətin digər sahələri necədirsə, teatr də elə o cürdür. Burada bir səbəb və nəticə əlaqəsi, qarşılıqlı rabitə zənciri vardır. Mövcud faktları və fikirləri konstatasiya edərək belə bir qənaətə gələ bilərik ki, bizim teatr və dramaturgiya ümumbəşəri sənət estetikasından kənarda mövcud deyildir və mövcud ola da bilməz. Mən indiyəcən bir çox yazılarımda vurğulamışdım, yenə də təkrar edirəm: özəl teatrların yaranmasına və yaşamasına diqqət və qayğı göstərmək lazımdır. Azad rəqabət şəraitində inkişaf daha güclü ola bilər.

    - Məlum yazınıza cavab olaraq Əliqismət Lalayev bir çox məsələlərlə bağlı fikir bildirib. Firuz müəllim, qarşı tərəf olaraq Ə. Lalayevin- “Firuz Mustafanın yazdığı dram əsərləri vaxtilə Gənclər Teatrında, Şuşa, Lənkəran, Ağdam, Mingəçevir, Sumqayıt, İrəvan, Qusar Dövlət Teatrlarında tamaşaya qoyulsa da, onların heç biri teatral hadisə kimi qarşılanmayıb, bir neçə dəfə oynanıldıqdan sonra, tamaşaçı yığa bilmədiyi üçün repertuardan çıxarılıb. Əslində, ilk baxışdan bu qədər əsəri oynanılan bir qələm sahibi, özünün idda etdiyi kimi "yüksək səhnə parametrlərinə uyğun yazılmış" əsərlərin müəllifi, hər halda indiyədək dramaturq kimi məşhurlaşmalı və yaradıcılığına ehtiyac duyulan birisi olmalı idi. Təəssüf ki, çoxlu sayda (30-a yaxın) əsəri tamaşaya qoyulan müəllif teatrın işini, daxili strukturunu yetərincə bilmədiyindən nəzəri cəhətdən kitablardan oxuduqlarını hansısa tanınmışların sitatlarının köməyi ilə möhkəmləndirmək istəyir və bu gün inkişaf edən, yenilənən (həm fiziki, həm də mənəvi) Azərbaycan teatrı haqqında absurd fikirlər söyləməkdən çəkinmir. Firuz müəllim etiraz edib deyə bilər ki, əgər mənim əsərlərim zəif idisə, onda teatrlar bu pyeslərə niyə o qədər zəhmət və xərc çəkib tamaşaya qoyurdu? Cavabını açıqlayım: sadəcə sizin və siz qəbildən olan bəzi “dramaturqların” bəxti onda gətirdi ki, o dövrdə teatrlara yenicə sərbəstlik verilmişdi, bütün sənət ocaqları repertuar seçimində sərbəst idilər və siz də bu fürsətdən yararlanırdınız… "-bu fikirlərinə münasibətinizi bilmək istərdik.

    -Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma bu fikirlərdə bir çox ziddiyyətli məqamlar var. Necə yəni, “o dövrdə teatrlara yenicə sərbəstlik verilmişdi, bütün sənət ocaqları repertuar seçimində sərbəst idilər”? Əvvəla, mən belə hesab edirəm ki, teatrlar sərbəstdir və sərbəst olmalıdır. İkincisi, Firuz Mustafanın pyesləri təkcə “o vaxt” yox, bu vaxt da da səhnəyə qoyulmaqdadır. Üçüncüsü, bir pyesin səhnəyə qoyulması “təsadüf” ola bilər, otuz-qırx pyesin oynanılmasını bu cür “qiymətləndirmək” isə istər-istəməz adamda bir az təbəssüm doğurur. Dördüncüsü, “hadisə” üzdə zahirdə olmur, mahiyyətdə, kvintessensiyada olur. Və nəhayət, mən özüm dəfələrlə demişəm ki, bizdə “hadisəyə” çevrilən tamaşalar az qala yoxd ur. Həmin yazıda bu suala da cavab var: Bəyəm Şekspirin, Molyerin, Çexovun əsərləri əsasında qoyulan tamaşaları hadisəyə çevrilir?
    -Siz öz yazılarınızda tez-tez teatrlarda rejissor probleminə də toxunursuz.
    -Bizdə istedadlı rejissorlar çoxdur. Amma, təəssüf ki, məhz ən yaxı əsəri belə “hadisəyə” çevirənlər azdır. Mən yazılarımın bir çoxunda “rejissor şəxsiyyəti” barədə söhbət açıram. Bəziləri bu anlayışı “şəxsiyyətli rejissot” anlayışı ilə qarışdırırlar. Düzünü deyim ki, mənim əksər yazılarım, o cümlədən haqqında söhbət açdığınız məqaləm dərc olunduqdan sonra ünvanıma çoxlu sayda mülahizə, fikir və rəylər gəlib. Hətta, mənimlə bir qədər “soyuq münasibəti” olan teatr direktorları və rejissorların da müsbət mülahizələrini eşitmişəm. Bəyəm bu və ya digər məsələ barədə mülahizə söyləmək belə “zərərlidir”?

    -Ə.Lalayev müsahibəsində sizə belə bir sual ünvanlayır: “Mənim anlamadığım bir məqam da budur ki, Firuz Mustafa teatrlara dövlətin bu qayğısından niyə belə qıcıqlanır ki? Və ya əgər hər hansı bir teatr tamaşa hazırlamaq məqsədi ilə xaricdən bir rejissor dəvət edirsə, bunun ona nə ziyanı var ki?”Sizin bu suala cavabınız nə olardı?

    -Görünür, burada nəsə bir anlaşılmazlıq var. Əksinə, mən dövlətin teatrlara qayğısını hər zaman xüsusi olaraq təqdir edirəm. Kiminsə qayğıdan inciməsi, “qıcıqlanması”, “narahat olması”-bu, lap absurd teatrın paradiqmalarını xatırladır. Bu qayğı nə qədər çox olarsa teatr və aktyorların maddi və mənəvi stimulu o qədər möhkəm olar. O ki qaldı xaricdən rejissor dəvət olunmasına... Məqalədə belə deyilir: “Biz hansısa istedadlı əcnəbi rejissorun dəvətinin əleyhinə deyilik. Qloballaşan dünyada hər bir sahədə qarşılıqlı əlaqələr mövcud olmalıdır. Amma, ilk növbədə, milli kadrlarımıza qayğı və diqqət göstərilməlidir”. Məncə burada mübahisə doğuracaq bir şey yoxdur.

    -Firuz müəllim, teatrla bağlı belə polemikaların təşkili bu sahənin inkişafına hansı formada xeyir verə bilər?
    -Bütün polemikalar sənətin inkişafına xidmət edir. Əlbəttə, müvafiq strukturların, eləcə də hər bir teatrın rəhbəri öz fəaliiyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bu, adi bir məntiqdir: kim istər ki, rəhbərlik etdiyi sahədə uğur qazanmasın? Amma daim hər bir uğuru təbii olaraq bir problem də təqib edir. Və bu problemlər elə uğurun öz mahiyyətindən doğur. Nədənsə, bizdə bir çoxları bu sözü, “problem” sözünü qətiyyən xoşlamır. Bəzən deyirlər ki, nə bizim ölkəmizin, nə incəsənətimizin, nə ədəbiyyatımızın (o cümlədən dramaturgiyamızın), nə də təhsilimizin problemi var. Gəlin unutmayaq ki, ölkəmiz problemsiz deyil. Bizim ən azı Qarabağ boyda problemimiz var. Əgər təhsilimizdə problem olmasaydı Təhsil Problemləri institutu fəaliyyət göstərməzdi. Əgər ədəbiyyatımız problemlərdən xali olsaydı ədəbi problemləri öyrənən dərgilərə ehtiyac duyulmazdı. Bir çox ölkələrdə teatr problemlərini tədqiq edən elmi mərkəz və institutlar mövcuddur. Əminəm ki, lap yaxın gələcəkdə bizim ölkədə də belə qurumlar yaranacaq. Problem zəiflik əlaməti deyil, əksinə, inkişafın təzahürüdür. Yalnız ölülərin problemi olmur.

    -Sonda Sizin yaradıcılığınızla bağlı yenilikləri bilmək istərdik. Yeni nə yazırsınız, yaradıcılıq planlarınız nədən ibarətdir?
    - Əvvəla onu deyim ki, Mədəniyyət və Turizm Nazirliyi yaradıcılığıma həmişə diqqət yetirib, həssaslıqla yanaşıb. Mən əməli və yaradıcılıq fəaliyyətimlə ölkə rəhbərliyinin müvafiq nazirliyimizin mədəniyyət siyasətini daim dəstəkləmişəm.
    O ki qaldı yaradıcılıq planlarıma... Düzü, mən yaradıcılıqda bu “plan” sözünü xoşlamıram və adətən yaradıcılığımda “keçmiş” zaman haqda danışmağı xoşlayıram. Çünki gələcək bir az dumanlı, mücərrəd, irrealdır. Sualla bağlı qısaca onu deyə bilərəm ki, ölkəmizdə mövcüd olan bütün teatrlara pyeslərimi təqdim etmişəm. Əminəm ki, həmin əsərlər öz səhnə həllini tapacaq. Bir sıra qonşu ölkələrin teatrları ilə əlaqələrim var. Hesab edirəm ki, həmin teatrlarda da əsərlərim tamaşaya qoyulacaq.
    Bildiyiniz kimi, mən uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam. Üzümüzə gələn il yeni monoqrafiyam işıq üzü görəcək. Arada nəsrə də müraciət edirəm. “Dəniz köçü” povestimin onuncu nəşrini gözləyirəm. Bu əsər artıq bir neçə dilə çevrilib. “Cənnət çiçəyi” adlı romanım rus və Azərbaycan dilində nəşr olunacaq. Bu əsərdə, insan beyninin yaddaş kartına köçürülməsi problemi (yenə də problem!) üzərində işləyən bir alimin həyat və fəaliyyətindən bəhs edilir. Romanın qəhrəmanı öz kəşfinin gətirəcəyi faciələrdən xofa düşür, əzab çəkir. Axı bu kəşfin nəticəsi elə də yaxşı şeylər vəd etmir. Çünki bir çox insanların beynində qorxunc fikirlər, ideyalar yaşayır, “ilan-çayanlar” oynaşır. Elə ona görə də tərəddüdlər içində yaşayan alimin və əsərin ideyası belədir: “İnsanlar haqqında yalnız yaxşı şeylər düşünün”. Zira günlərin bir günü beyindəki qaranlıqlar işığa çıxa bilər. Açığı, bu elə mənim də həyat kredom, ömür manifestimdir.
    Sözümün sonunda deməyi özümə borc bilirəm ki, “525-ci qəzet”in daimi müəllif və oxucularından biriyəm. Vaxtilə bu qəzet populyar “Teatr Meydanı” romanımı, habelə elmi, publisistik və bədii yazılarımı dərc edib. Elə haqqında söhbət açdığım “Cənnət çiçəyi” romanından parçalar da ilk dəfə sizin qəzetdə çap olunub.
    Fürsətdən istifadə edib qəzetinizin bütün əməkdaşlarını və oxucularını yeni il münasibəti ilə təbrik edirəm.
    -Müsahibəyə görə sağ olun.

    Söhbətləşdi: Sevinc Abdullayeva
    “525-ci qəzet”
    27.12. 2014
    http://www.525.az/site/?name=xeber&news_id=30142

    29.12.2014
    Yeni il gəlir. Biz isə gedirik naməlum gələcəyə.
    ...Bazarlıq etdim.
    ...Yuxusuzluq...
    ...Yeni pyesin ilk səhifəsini yazdım. Əsərin adı həllə bəlli deyil.












    2015




    01.02.2015
    "Azərbaycan" jurnalınin bu ilki (2015-ci il) ikinci sayında Yadigar Əsgərovanın "Mən həqiqəti deyirəm-Firuz Mustafanın dramaturgiyasında janr xüsusiyyətləri" adlı məqaləsi çap olunub. Dramaturgiya ilə maraqlanan qarelər (oxucular) tapıb oxuya bilərlər...
    ... Gələcəyimizlə bağlı hərdən ağlıma fantastik və yarıfantastik səciyyəli əcaib-qəraib fikirlər gəlir. Bu fikirlərin bəziləri sırf elmi mahiyyət daşıyır və mən həmin fikirləri zaman-zaman öz bədii (və bəzən də elmi) yazılarımda əks etdirməyə çalışmışam. Məsələn, “Cənnər çiçəyi” romanınma insan düşüncələrinin gələcək zamanda (ola bilsin ki, lap yaxın vaxtlarda) diskə köçürüləcəyi məsələsi qabardılıb. İndi isə digər bir yazı üzərində işləyirəm. Yazının məğzi belədir: vaxt gələcək insanları da telefonlar kimi xüsusi “terminallarda” yükləyib çalışmağa (yəni yaşamağa, fəaliyyət göstərməyə) vadar edəcəklər.
    Yaxşıdır, yoxsa pis?

    16.03.2015
    İntihar... Suisid...
    Tanınmış aktyorun intiharının səbəbi nə idi?
    ... Zavodda fəhlə işləyərkən, Universitetdə tələbə olarkən, Uzaq Şərqdə əsgəri xidmət zamanı, EA-nın aspiranturasında təhsil alarkən və çalışarkən, habelə orta və ali məktəblərdə dərs deyərkən ... şəxsən tanıdığım bir çox adamın intihar etdiyini görmüşəm. Yəni bu məsələ barədə qismən də olsa məlumatlıyam. Əvvəllər, yəni Sovetlər dönəmində çox vaxt “gizli” saxlanılan bu informasiyalar indi daha çox sosiallaşıb.
    İntiharı (buna suisid də deyirlər) doğuran əsas səbəb nədir? Səbəblər N qədərdir.
    İnsanlar əsasən neçə yaşda intihar edirlər? Körpəlik illərini çıxmaqla, az qala bütün yaş dövrlərində.
    Vaxtilə işlədiyim elmi-tədqiqat institutunda (Fəlsəfə və Hüquq institunda) birgə çalışdığımız şən, nikbin, zarafatcıl dostumuz Çingiz Şərifovun ölümünü yaxşı xatırlayıram. Geniş auditoriya onu aktyor kimi daha yaxşı tanıyır. Çingiz bir zamanlar kinosevərlər arasında "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki maraqlı rolları ilə məşhurlaşməşdı. O, 1990-cı ilin son günü- dekabrın 31 intihar etmişdi.
    İntiharlar ən çox depressiyalardan doğur.
    Bəs depressiyalara aparan yol haradan başlayır? Yenə silsilə arqumentlər üzə çıxır.
    Amma orası məlumdur ki, depressiyalara daha çox narkotika və alkol qəbulu səbəb olur.
    Bu barədə düşünmək lazımdır.
    Son illərdə yaradıcı adamlar arasında intihar edənlərin sayı daha çoxdur. Bunun da səbəbini araşdırmaq gərəkdir. Bəzən deyirlər ki, yalnız kasıblar intihar edir. Zənnimcə düz demirlər. Axı öz həyatına əl qaldıran insanlar arasında kasıblar da olub, zənginlər də.
    Bəzən onu da deyirlər ki, yalnız iradəsiz adamlar öz həyatlarına qıyia bilər. Bu da düz qənaət deyil. Zira intihar edənlər arasında çox iradəli isimlər də olub.
    Ədəbiyyata gələn və ya gəlməkdə olan bir çox gənc yazarların özlərini bənzətmək istədikləri Sergey Yesenin, Mayakovski, Cek London, Heminquey, Xanter Tompson... və digərləri də intihar ediblər.
    Yeri gəlmişkən, Qriqori Çxartişvili (hamımızın məşhur yazıçı kimi tanıdığımız Boris Akunin) özünün ikicildlik “Yazıçı və intihar” əsərində suisid ilə bir sıra məsələlərə işıq salmışdır. (Bax: Писатель и самоубийство. - М.: Новое литературное обозрение, 2000. - 576 с.)
    İntihar fərdi hal deyil, bu, sosial məsələdir.

    04.02.2015
    “Yazdığı kitabdan xəbəri olmayan yazıçı çoxdur”
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür.
    Bu sözləri dramaturq Firuz Mustafa yeni çıxan "Hekayələr" kitabı haqqında Axar.az-a məlumat verərkən dilə gətirib:
    "Deyə bilmərəm yeni kitabım uğurlu alınıb, ya yox. Bu kitabda toplanan hekayələrin çoxu oxuculara tanışdır. Axı yeni kitabda son 30 ildə dərc olunmuş beş hekayə kitabımda toplanan yazılar yer alıb. Nəzərə alın ki, ilk hekayələr kitabım 1985-ci ildə nəşr olunub. Oxucuların xahişi və öz təşəbbüsümlə çıxan son kitabıma "Sözardı"nı tənqidçi Vaqif Yusifli yazıb.
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür. Amma əsl yazıçıdan və oxucudan söhbət gedirsə, burada zövqlər məsələsini, xüsusilə, qeyd etmək lazımdır. Doğrusunu deyim ki, mən, zövqündən asılı olmayaraq, bütün oxucularımdan razıyam. Hətta, mənim yazdıqlarımı oxuyub bəyənməyənlərdən belə..."

    16.03.2015
    Vaqif Mustafazadənin öldüyü gün. Həmin günü yaxşı xatırlayıram. Bu barədə vaxtilə yazmışam. Yaşasaydı bu gün 75 yaşı olacaqdı.
    ...Bahar bütün rəngləri ilə görünməkdədir.

    20.03.2015
    Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
    Maddi nemətlərin acı olanlar mənəviyyatı əla salar.
    Son zamanlar mənim qələmə aldığım əsərlərin əksəriyyəti bir cümlədən ibarət olur; axı iri həcmli əsərlərin çapı üçün həm də iri həcmli vəsait tələb olunur.
    İndi özü əsər yazanları özünə əsər yazdıranlar əvəz etməkdədir.
    Fahişələr əxlaq dərsi, alçaqlar ucalıq dərsi verəndə adam özünü buludlardan asmaq istəyir; tərs kimi buludlar da kəndiri möhkəm saxlamır.
    Susmaq faydalıdır, ya danışmaq? Heç biri. Eşitməmək daha yaxşıdır.
    Görəsən nartsizm xəstəliyini cüzəm əvəz edəndə komediya yazmaq lazımdır, ya faciə?
    Həmişə üzdə olmaq istəyir, amma üzü üzlər görüb.
    Əmin ola bilərsiniz: eşitmədiyimiz fikirlər eşitdiklərimizdən daha gərəkli, faydalı, qiymətli və uzunömürlüdür; əlyazmalar az yaşayır. Bəlkə də elə buna görə, rəhmətlik Platon şifahi nitqin yaziya köçürülməsini, müəyyən kanonlara tabe olunmasını, az qala insanın qəfəsə salınması qədər faciəvi hesab edirdi. Yazı söhbəti öldürür, bəlkə də əksinə.
    “Yazı” sözü mənə bir az da “yazıq” sözünü xatırladır. Amma orası da var ki, “yazı” həm də özündə genişliyi, çöli-biyabanı ehtiva edir. Məsələn: “Qarayazı”, yəni böyük yazı.
    Düşünə bilməyənlər danışanda, danışa bilməyənlərsə düşünəndə həyat ölümdən kredit istəyir.
    Yuxun gəlməyəndə dərdini həb kimi iç.
    Adam tullantılarının sayı həndəsi silsilə ilə artmaqdadır.
    Mən buz kimi soyuq adamların arasında yaşayıram; bu adamlar günlərin bir günü bu dünyada buz kimi əriyib yox olacaqlar.
    Mən son vaxtlar öz yazılarımı buz üstə həkk edirəm; bu, bəlkə də əbədi buzlaqlardır, Antarktidadır. Deyirlər, orada buz(laq)lar ərimir.
    Hə, yadıma düşdü, mən öz yazılarımı sklerozlar üçün qələmə alıram; axı sözümün əvvəlində dedim: yaddaş bizə həm də unutqanlıq üçün lazımdır.
    "Buz üstə yazılmış sətirlər" kitabından

    ...Kitab yaz, bu bir dərd.
    Pul tapıb onu çap etdir, bu ikinci dərd.
    Çap etdirdiyin kitabı pulsuz payla, bu üçüncü dərd.
    Pulsuz payladığın kitabı oxumadan öz -özünə deyinib:"Hələ kitab yazanlardan sağ qalanı da var"-deyənın mızıltısını eşitmək, bu da dördüncü dərd.
    İndi kitabla bağlı qalan dərdləri də siz deyin...))))

    02.04.2015
    Ötən əsrin 80-90-cı illərində Az.Tv-də hər ay iki veriliş aparırdım: "İdrak" və "İlğım".
    O vaxtın ən populyar intellektual verilişlərindən sayılırdı.
    "Köhnə" adamlardan biri bu gün məndən soruşdu: "İndi niyə veriliş aparmırsan?
    Susdum. Nə deyim ki?
    Hərdən öz-özümə düşünürəm: "Bəlkə heç intellektə ehtiyac yoxdur?"

    02.04.2015
    “Yazdığı kitabdan xəbəri olmayan yazıçı çoxdur”
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür.
    Bu sözləri dramaturq Firuz Mustafa yeni çıxan "Hekayələr" kitabı haqqında Axar.az-a məlumat verərkən dilə gətirib:
    "Deyə bilmərəm yeni kitabım uğurlu alınıb, ya yox. Bu kitabda toplanan hekayələrin çoxu oxuculara tanışdır. Axı yeni kitabda son 30 ildə dərc olunmuş beş hekayə kitabımda toplanan yazılar yer alıb. Nəzərə alın ki, ilk hekayələr kitabım 1985-ci ildə nəşr olunub. Oxucuların və öz təşəbbüsümlə çıxan son kitabıma "Sözardı"nı tənqidçi Vaqif Yusifli yazıb.
    İndi oxucusuz yazıçılar da var. Hətta öz "yazdığı" (yəni yazdırdığı) kitabdan xəbəri olmayan "yazıçı" da tapmaq mümkündür. Amma əsl yazıçıdan və oxucudan söhbət gedirsə, burada zövqlər məsələsini, xüsusilə, qeyd etmək lazımdır. Doğrusunu deyim ki, mən, zövqündən asılı olmayaraq, bütün oxucularımdan razıyam. Hətta, mənim yazdıqlarımı oxuyub bəyənməyənlərdən belə..."
    “Axar.az”

    04.04.2015
    Hiss olunur ki, Rusiyada vəziyyət get-gedə üzü ruscaya doğru gedir...
    Rusiya Federasiyasının tərkibində 22 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, həmçinin 46 vilayət, 2 federal əhəmiyyətli şəhər mövcuddur. Gör bir “Rusiya” adlı ölkədni yenidən “dizayn” və ya “redaktə” etsələr nə qədər yeni ölkə, yeni məmləkət meydana çıxar... Rusiya-bir bayraq altında zorla birləşdirilmiş xalqların qondarma vətənidir.
    Qəribədir, rusdan söz düçmüçkən, Lev Tolstoyun “Hərb və sülh” romanını təzədən oxuyuram. Yəqin çox adam bilmir ki, bu məşhur əsərin son (4-cü) cildində demək olar ki, əsərin heç bir personajı iştirak etmir, yazıçı yalnız öz düşüncə, fikir və mülahizələrini təqdim edir. Əlbəttə, Tolstoy rus ədəbiyyatının flaqmanıdır.
    ...Az qala bütün dünyanın bəh-bəhlə qarşıladığı F.Dostoyevskinin əsərlərindən daha çox oçerk “qoxusu” gəlir.

    07.04.2015
    Eşitdim akademik Əfrand Daşdəmirov Moskvada vəfat edib.
    Məm onu tanıyırdım. Lap cavan ikən parlamışdı. Otuz neçə yaşındasa professor, qırx neçə yaşındasa akademik olmuşdu. Həm filosof idi, həm də jurnalist. Rusdilli idi, azərbaycanca zəif bilirdi. Bir müddət “Azərbaycan kommunisti” jurnalının redaktoru olmuşdu. O vaxt dedilər ki, jurnala Azərbaycan dilini yaxşı bilən adam lazımdır, getdim, redaktorun qəbulunda oldum, nəsə söhbətimiz və işimiz alınmadı. MK-da işləyəndə yenidən “qarılaşmalı” olduq. Məsələ belə olmuşdu. 80-lərin ortasında namizədlik dissertasiyamın avtorefaratını müdafiə şurasının üzvü Əfrand Firudinoviçə (ona belə müraciət edirdilər) təqdim etdim. Bir də gördüm məni direktor müavini mərhum Tofiq Qafarov axtarır. O, alicənab, aristokrat bir ziyalı bir adamdı. Spiker Elmira Qafatovanın qardaşı idi.
    Nə isə. Tofiq Mikayıloviç (ona da belə müraciət olunurdu) dedi ki, bəs işlər xarabdır, Əfrand zəng edib deyib ki, dissertasiyada sosializmi tənqid edən yerlər var. Əfrand Daşdəmirov rəpədən-dırnağa “partnomenklatura” adamı idi, “sovet adamı” konsepsiyasının müəllifi idi. Sovet quruluşunun zərrəcə tənqidinə belə, biganə qala bilmirdi.
    Əslində mənim “tənqidim” elə də ciddi səciyyə daşımırdı, mənəvi tələbatın ödənilməsinə, mədəniyyətin yüksəldilməsinə mane olan hallar yüngülvarı tənqid olunurdu. Sən demə, Əfrand deyibmiş ki, avtoreferat təzədən işlənib nəşr olunmalıdır. Mənimsə avtoreferatı nəşr etmək üçün və poçt vasitəsi ilə “lazım olan idarələrə” paylanmaq üçün nə imkanım, nə vaxtım, nə də pulum var idi. Tofiq müəllim halımı görüb çıxış yolunu göstərdi: “Sən yalnız o tənqid olan səhifələri aradan götür, yüngül düzəliş elə, özü də bu “əməliyyatı” yalnız bir nüsxədə edərsən”. Elə də etdim... Və necə deyərlər, xətadan ötüşdüm.
    Hə, yadıma bir məsələ də düşdü. Bir gün dedilər ki, Əfrandın arvadı (Həsənbəyova soyadlı xanım) jurnal açır, əri kimi o da dilimidə yazıb-pozan adam axtarıb və məni nişan veriblər. Bir neçə dəfə telefonda danışdıq, onun istəyi ilə nəşr olunan yazılarımı işlədiyi kavedraya verdim, sonralar nə iş alındı, nə də qəzet-jurnallarda dərc olunmuş yazılar geri qayıtdı...
    Sovetin dağılması Əfrand Firudinoviçə pis təsir etmişdi. Tez-tez o illərdə (91-92- ci illərdə) öz həmkarı Ramiz Mehdiyevlə bizim İnstitutun iclaslarında iştirak edirdilər. Söhbətlərindən, çıxışlarından hiss olunurdu ki, imperiyanın dağılmasının obyektiv qanunauyğunluqlarını qiymətləndirə bilmirlər. “Dövlətin onbeş yerə parçalanmasının iki səbəbkarı var- Yeltsin və Qorbaçov”- deyə iddia edirdilər.
    Yadımdadır ki, cəbhə hakimiyyəti vaxtı akademik Əfrand Daşdəmirovun mənzilindən bir xeyli silah tapıldı. Əməliyyata nazir İsgəndər Həmidov başçılıq edirdi. Zənnimcə o silahların əksəriyyəti idman (sportivni) xarakterli yaraqlar idi.
    Sonralar Əfrand Daşdəmirovun sorağı Moskvadan gəlməyə başladı. Adamın üstündə Allahı var, o son illərdə Rusiyada ölkəmizin marağını müdafiə edirdi. Belə ki, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru idi.
    ...Eşitdim ki, Əfrand Firudinoviç rəhmətə gedib. Elə bu yüngül xatıratı da ona görə yazdım. Yəqin ki, Moskvada dəfn olunub. Ölənə rəhmət düşür.
    Yuxarıda adını çəkdiyim professor, hüquqşünas Tofiq Qafarov isə 1995-ci ildə avtomobil qəzasında həlak olub. Ruhuna ehtiram.
    p.s.
    Qəribədir ki, Tofiq Qafarov fotosunu tapa bilmədim.

    08.04.2015
    "Ədalət"in vaxtı: Firuz Mustafa ilə
    “Nə keçmişi, nə də gələcəyi redaktə etmək mümkündür”
    İnsan və zaman – yaranışından bu yana bir-birinə hökm etməyə can atan iki qüvvə... Həmsöhbətimin dediyi kimi "tarixi və zamanı insan yaradır. Əgər insan yoxsa tarix də, zaman da yoxdur”. Amma o da var ki özünə lazım olan insanı elə zaman yetişdirir, "zaman özü öz qəhrəmanlarını səhnənin önünə çıxarır”. Bu dəfə zamana sırf fəlsəfi prizmadan yanaşdıq. Amma əvvəlcə qonağımızı tanıyaq:
    Yazıçı, filosof Firuz Mustafa – 1952-ci ildə Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlub. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirib, 1978-80-ci illərdə АzTv-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, «Аzərbаycаn gəncləri» qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib. Uzun illər Az.Tv-də "İlğım” və "İdrak” verilişlərinin müəllifi və aparıcısı olub.1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, müхtəlif illərdə «Mааrifçi» və «Mədəniyyət» qəzеtlərinin Bаş rеdакtоru vəzifəsində çаlışıb. Fəlsəfə üzrə еlmlər dокtоrudur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm” nəşriyyatında işıq üzü görüb. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilib, ssеnаriləri əsаsındа bir çox filimlər çəkilib. Əsərləri хаrici dillərə tərcümə еdilib. Firuz Mustаfа 40-dan çox kitabin müəllifidir. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyiblər. Cəfər Cаbbаrlı, "Humay”, habelə, Bеynəlхаlq Аvrаsiyа Fоndunun və Tеаtr Хаdimləri İttifаqının müкаfаtlаrı lаurеаtıdır. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür.

    ...Və Firuz Mustafa ilə zaman yolçuluğu:

    – Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

    – Zaman mənim üçün hər şeydir, eləcə də hər şey zamandır. Zaman haqqında fiziklərin, filosofların, ədəbiyyatçıların, bioloqların özünəməxsus baxışları var. Hərə özünə münasib şəkildə belə deyək, zamanı tənzimləyir. Mənim, dolayısı şəkildə zamanla bağlı bir kitabım var: "Mədəniyyət və qloballaşma”. Burada zaman anlayışı adi adamların təsəvvür elədiyindən tamamilə başqa bir formada – fəlsəfi aspektdə nəzərdən keçirilir. Çoxları bilmir, fəlsəfədə "sosial zaman” deyilən bir anlayış var. Sosial zamanın digər zamandan fərqi odur ki, burada baxış fərqlidir. Adi adamın təsəvvüründə dahi ilə cahilin eyni məkanda yaşayır. Amma əslində onların eyni zamanda yaşaması qeyri-mümkündür. Onların hərəsinin "öz” tarixi”, "öz zamanı” , "öz vaxtı” var. Yəni mahiyyətcə, insanlar eyni zamanda yaşayır, amma müxtəlif zamanların daxilində mövcuddurlar.

    – Paralel zamanların?

    – Bu elə paralel zamana yaxındır, amma bir az fərqlidir. Hərdən soruşurlar ki, məsələn, hansısa ailə niyə yola gedə bilmədi, ayrıldı? Cavab verirəm ki, onlar ayrı-ayrı zamanlarda yaşayırdılar. Onların təfəkkür tərzi tamamilə fərqlidir: biri qalıb, məsələn, 12-ci əsrdə, digəri isə 22-ci əsrə keçib – daha irəli gedib. Yəni zamanın özü bu mənada nisbi səciyyə daşıyır. Zaman, əslinə baxanda zahirən sırf təbiətlə bağlıdır. Amma, düşünürəm ki, biz zaman məfhumunu bu qədər işləyib dərk etməsəydik, yəqin ki, ona başqa cür yanaşardıq. Hər halda ibtidai icma cəmiyyətində zamana bu qədər dəqiqliklə yanaşmamışdılar, bu şəkildə qavranılmamışdı. Zaman anlayışı təkcə təbiətlə yox, həm də cəmiyyətlə bağlıdır, lap elə insan təfəkkürü ilə əlaqədardır. Son vaxtlar belə qənaətə gəlmişəm ki, təbiətdə mövcud olan relyeflər cəmiyyətdə də mövcuddur. Hətta təfəkkürümüzdə də belə relyeflər var, təbii ki, məcazi mənada. Bizim beynimizdə də uçurumlar, eniş-yoxuşlar, dağlar, dərələr var. Bəzən insan öz beynindəki uçurumdan yıxılır və özünə gələ bilmir.

    "Tarixi və zamanı da insan yaradır”

    – Belə çıxır ki, insan zamanı özü qurandırsa, onu həm də idarə edəndir...

    – Zaman obyektiv gerçəklikdir. Bizim iradəmizdən asılı deyil. Az öncə qeyd etdiyim kimi, hərə öz zamanını qurur, yəni əslində zamanın içində də bir zaman mövcuddur. Başqa sözlə, qlobal zamanın içində bir lokal zaman da var. İnsanın seçdiyi yol birbaşa tarixdən keçir. Tarixi və zamanı da insan yaradır. İnsan yoxsa tarix də, zaman da yoxdur. Və onu da qeyd etmək lazımdır ki, bizə məlum olan "rəsmi” tarixdən başqa, yazılması mümkün olmayan bir tarix də var. O tarix ... hər kəsin içində yaşayır. Və yaxud, belə deyək, hər bir fərdin öz təfəkkürü ilə bağlı bir tarix də mövcuddur. Bu mənada yer üzündə yaşayan insan nəslinin hər bir üzvü "tarixçilərin” qərarlaşdığı "ümumi” tarixdən başqa, həm də "xüsusi” bir tarixi zonada yaşayırlar. Hər iki "tarix” paralel yaşayır. Amma bu "tarixlər” heç vaxt kəsişmir.

    – Amma zamana təsir edən, hətta onu yönləndirən insanlar da var...

    – Adi şüurla yanaşanda bəli, zamanın axarını dəyişən insanlar var. Ümumiyyətlə, insansız zaman ola bilməz. Zamanın ölçülərindən biri də elə insanın özüdür. Bəli, zamana, eləcə də insanların həyatına, təfəkkürünə təsir edən insanlar olub və əlbəttə ki, yenə də olacaq.

    "Zaman özü öz qəhrəmanlarını tarixin önünə doğru irəli itələyir”

    – O insanları zaman özü seçir?
    – Burda obyektiv və subyektiv amillər var. Bəzən zaman özünün insanlarını yetişdirir. Məşhur alman filosofu Heygel yazırdı ki, Yuli Sezarı, Makedoniyalı İskəndəri onların içində yaşadığı zaman və cəmiyyəti yetişdirdi, eləcə də bu şəxsiyyətlər özləri yeni zamanı və cəmiyyəti yetişdirə bildilər. Gördüyünüz kimi, insan və zaman, insan və cəmiyyət bir-biri ilə sıx bağlıdır. Ona görə də nəhəng simaları, elmin və ədəbiyyatın bütün sahələrində qeyri-adi istedad sahiblərini zaman və cəmiyyət yetişdirir. Zamanın müəyyən situasiyalarında, kəsiyində bu cür adamların cəmiyyətə təsir etmək imkanı yaranır və elə həmin an həmin şəxslər üzə çıxa bilirlər. Zaman özü öz qəhrəmanlarını irəli itələyir, səhnənin önünə çıxarır. Zamanın və tarixin hökmü belə dahi şəxsiyyətləri yetişdirir, onlar da məhz zamanın yönünü dəyişə bilirlər. Cəmiyyətdə olduğu kimi, zamanın da öz istiqamət göstərənləri olur – mən buna "durna yolu” deyirəm. Nəzəri biologiya elmi artıq çoxdan sübut edib ki, durna köçünün sonunda uçan hər bir durna, öndə uçan durnanın uçuş dalğasından yaranan ən az müqavimət zonasında, əgər obrazlı deməyə çalışsaq, "azad zonada” uçur. Yəni yaranan müqaviməti həmişə köçün önündə uçan durna qırır və ya zəiflədir. Bu, təbiətdə də belədir, cəmiyyətdə də. Yəni böyük köçlərin önündə uçan durna yol göstərir. Əslində bu "durna yolu” tarixin düz içindən keçir. Bu "marşrutu” seçmək və keçmək çox çətin olur. Bu, həm də elmin məşəqqətli yoludur.
    Amma bir məsələ də var ki, tarix boyu – zamanın bütün dönəmlərində qeyri-adi düşüncə sahibləri, fərqli insanlar öz cəmiyyətləri tərəfindən başa düşülməyib, qəbul edilməyib. Məsələn "Ölülər”dəki Kefli İskəndəri götürək: bu adamı yaşadığı cəmiyyət ona görə "kefli” adlandırırdı ki, onun irəli baxışlarını qavraya, qəbul edə bilmirdi. Bu təkcə əsərdə deyil, adi, konkret həyatda da belədir. Belə adamlar mühitin gülüş hədəfinə çevrilirlər. Bir az qeyri-təvazökarlıq olsa da deyim ki, mənim dram və nəsr əsərlərimin əksər qəhrəmanlarını da cəmiyyət "həzm edə” bilmir. Onlar yaşadıqları mühitdə mariginal tiplər kimi özlərinə yer tapmaqda çətinlik çəkirlər.

    – Bəlkə də onlar öz zamanlarında doğulmamış insanlardılar. Belə insanlara tez-tez rast gəlirik: ya özləri dərk edirlər ki, yaşadıqları zamana aid deyillər, ya da kənardan açıq-aydın hiss olunur ki, onlar başqa zamanın insanlarıdırlar. Bu nədən qaynaqlanır?

    – Əlbəttə belə insanlar həmişə olub. Amma bu təkcə zamanla əlaqədar deyil, burda həm də məkan anlayışı var. Bəzən kiminsə haqqında deyirik ki, "bu adam Avropada doğulub yaşasaydı, tamam başqa cür olardı, heç buranın adamı deyil”. Təbii ki, orda zaman anlayışı da, şəxsiyyətə münasibət də ayrı cürdür. Mənim belə bir kitabım, elmi-fəlsəfi traktatım var: "Sərhədsiz dünya”. Orada mən Şərq-Qərb məsələsini qabardıram. Təbii ki Qərbin zamana yanaşması başqadır. Qərbin və Şərqin özünəməxsus sakrallaşmış qayda-qanunları, əxlaq normaları var. Bununla belə, Şərq və Qərb arasında əvvəlki dərin fərq artıq tədricən götürülməkdədir. Çünki informasiya-texnologiya dövründə yaşayırıq, kitablarını oxuyur, filmlərinə baxırıq, getdikcə mədəniyyətlərin bir-birinə qarşılıqlı inteqrasiyası artır. Yəni azərbaycanlı ilə ingilisin təfəkkürü arasında yüz il bundan qabaqkı fərq artıq götürülməkdədir. Mövcud prinsiplər təfəkkürə də öz təsini göstərir.

    – Siz hansısa başqa bir zamanda yaşamaq istəmisiniz?
    – Mənə elə gəlir ki, mən elə məhz bu zamanın insanıyam. Bəlkə də, bir az da qabağa getmişəm. Ətraf mühitdə, lap elə zamanın özündə çox şeylər məni təmin eləmir.

    "Zaman təkcə «köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» gətirir”

    – İki ayrı-ayrı zamanda, daha doğrusu, iki epoxada yaşamısınız. Bu zamanlar bir-birindən xeyli fərqlənir, hərəsinin öz qayda-qanunu, tələbləri var idi. Hansında yaşamaq daha rahatdı?
    – Buna əlbəttə ki, subyektiv cavab verə bilərəm. Mənə elə gəlir ki, bütün dünyada inkişaf həmişə yaxşılığa, irəliyə doğru gedir. Təkcə bizdə yox, ümumiyyətlə dünyanın istiqaməti xilasa doğru dəyişməlidir. Dünya statik deyil, dinamikdir. Dünyada hər şey hər an dəyişmədədir. Qlоbаllаşаn dünyаdа insаnın özü və həyаtı ilə bаğlı olan bütün nəsnələr, dəyərlər və münаsibətlər də anbaan dəyişir. Qlоbаllаşmаnın ağır dаlğaları çох şеyin üstündən ötüb kеçir, Ammа zaman təkcə «köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» də gətirir. Düzdür, insanların çoxu indi pessimistdilər. Bəzən bu cür hallar məndə də olur. Fikir vermisinizsə, adamlar tez-tez bu ifadəni işlədirlər: "Ötən günə gün çatmaz, calasan günü-günə”. Hətta indi yaxşı vəzifədə olan birisi də keçmişin çətin, şəraitsiz vaxtlarını arzulayır. Əslində, insanlar keçmiş zaman üçün ona görə xiffət edirlər ki, orada onların gəncliyi qalıb. Gəncliyin nostalgiyası onlara ötənləri yada saldırır. Hərdən mənə deyirlər ki, "Yataqxanada yenə yaşamaq istəyərsənmi?” Cavab verirəm ki, "18 yaşımı qaytarın, gedim yaşayım”.

    – Siz necə, zamandan şikayətlənirsiz?
    – Zamandan şikayətlənməyə nə ehtiyac var? O gəlir-gedir, öz axarındadır. Biz böyük zaman içində öz "kiçik” zamanımızı yaşayırıq. Mənim əlimdə olsaydı, zamanı saxlayardım, onun qapısının ağzını qıfıllayardım. Amma əldən nə gəlir?! Zaman geriyə dönməzdir, düzxətlidir, bir istiqamətlidir.

    – Zamanla bağlı təəssüfləriniz olubmu, məsələn deyək ki, vaxt itkisi ilə bağlı?
    – Nə keçmişi, nə də gələcəyi redaktə etmək mümkündür. İnsan keçmiş səhvlərindən nəticə çıxarda bilər, amma yenidən səhv etməyə bilməz. Yalnız ölülər və dəlilər səhv etməzlər. İnsan öz səhvləri ilə həyatı öyrənir. Uşaqlıqdan anlayır ki, əlini oda vursan yandırar, bıçaq kəsər. Yəni hər kəs bununla ağrını, pisi dərk edir. Heç olmasa, şəxsi təcrübəsini görməsə də, oxuduğu kitablarda, baxdığı filmlərdə o, səhv qorxusunu anlamalıdır. Adi insan çalışır ki, öz səhvlərindən, aqil insan isə başqalarının səhvlərindən nəticə çıxarsın.

    – Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

    – Məncə, hesab bərabərdir.

    – Kimdən soruşsan, vaxt azlığından gileylənir. Vaxtınızı necə bölürsüz, necə çatdırırsız?
    – İstirahətdəki və iş prosesindəki zaman arasında böyük fərq var. Əlbəttə, zahirən nəzərdə tuturam, belə baxanda eyni sutka, eyni saatlardır. Amma gərgin işdə adamın başı qarışır deyə, vaxt sürətlə, həm də ildırım sürəti ilə uçur. Həyatın ritmi o qədər sürətlə keçir ki, necə gəlib-getdiyini hiss etmirsən. Yeri gəlmişkən, bir bioloji zaman anlayışı da var. Yəni içimizdəki vaxt – zaman saatı. Daxilimizdəki o saat əqrəbi işləkdir: bizi səhər oyandırır, işə tələsdirir, gün ərzində işimizi vaxt içində ölçüb-biçir və s.

    – Əsasən, nəyə gedir vaxtınız?
    – Düzünü deyim ki, əsas boş vaxtım düşüncəyə gedir. Daha sonra mütaliəyə, nəhayət yazı-pozuya çox vaxt ayırıram. Bundan başqa, bütün insanlar kimi, həyati qayğılar, iş-güc, tədbirlər... Bunlar da zaman tələb edir...

    – Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?
    – Hər kəs çalışsın öz vaxtını yaşasın.
    Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

    Söhbətləşdi: Şəfiqə Şəfa

    20.08.2015
    Bəyəm kişilər də siqaret çəkir?
    Gürcü tanışım Saşa və onun arvadı məşhur rəqqasdır. Hər ikisi öz ölkələrinin rəqs ansamblı ilə bütün dünyanı gəzib –dolaşıblar. İndi yaşlaşıblar, təqaüdə çıxıblar.
    Bir neçə il öncə Saşanın qonağı idim. Arvadı siqaret tüsdülədirdi. Elə söhbətimiz də siqaretin zərərli və “xeyirli” tərəfindən gedirdi.
    Təbiətən çox zarafatcıl olan Saşa dedi ki, istəyirsən gəl sənə siqaretlə bağlı bir maraqlı əhvalat danışım?..
    Dedim ki, buyur.
    Saşa dedi:
    -Bilirsən ki, mən siqaret çəkən deyiləm. Amma arvadım siqaret həvəskarıdır. Əslində balerinaların, rəqqasələrin çoxu siqaret çəkir ki, artıq çəki yığmasınlar. Nə isə... Bir dəfə nəvəm qonaq gəlmişdi. Bizə tez-tez arvadımın rəfiqələri toplaşırdılar. Həmin gün qadınlar baş-başa verib söhbət edə-edə bax elə indiki kimi yenə siqaret tüstülədirdilər. Nəvəm kə kənarda oyuncaqlarla oynayırdı. Dişim ağrıyırdı. Mən qadınların “məclisinə” yaxınlaşıb qutudan bir siqaret götürdüm. Eyvana çıxaraq siqareti yandırıb damağıma qoydum. Bu əsnada nənəsinin üstünə yüyürən nəvəmin heyrət dolu səsini eşitdim: “Nənə, nənə, bir babaya bax, o da siqaret çəkir ey”. Arvadım və onun rəfiqələri təəccübləndilər: “Hə, nə olsun ki? Çəkir çəksin də...” Nəvəm incik halda dilləndi: “Bəyəm kişilər də siqaret çəkirlər?” Hamı qəhqəhə çəkib güldü. Əslində gülməli bir şey yox idi. Axı bu uşaq evimizdə indiyəcən yalnız qadınların siqaret çəkməyini görmüşdü.

    07.09.15
    Şahlara şəbədə qoşmaq və ya tarixi “redaktə” etmək xəstəliyi...
    Əslində belələlərinin bir çoxu xəstədir...
    Bu gün Babəkə, Şah İsmayıla, Cahan şaha... və sair görkəmli dövlət xadimlərinə və milli qəhrəmanlara hücum etməyin heç bir əsası yoxdur.
    Düzdür, onların hər birinin kifayət qədər səhvi olub.
    Amma, ancaq, lakin və fəqət...
    Bir çox tarixçilər və tarixi öyrənmək istəyən həvəskarlar şəxsiyyətləri tarixi kontekstdən kənarda səciyyələndirirlər. Tarixi şəxsiyyətlərin əməllərini bu gün “redaktə etməyə” nə var ki? Elə bil aradan əsrlər ötüb keçəndən sonra təzə, yeni, ağıllı məsləhətçi-müşavirlər meydana gəlib...
    Sanki məsələn, Şah İsmayıl Xətai Səfəvilər dövlətinə 1516-cı ildə deyil, 2016-cı ildə rəhbərlik edib.
    Sanki məsələn, Çaldıran döyüşü 1514-cü ildə yox, 2014-cü ildə baş verib.
    Elə deyil axı.
    Tarix də insan kimi canlı bir fenomendir.
    Dörd yüz və ya beş yüz il öncəyə bu günün gözüylə baxmaq bəlkə də lazımdır. Amma hadisə və proseslərə həmin dövrün öz tarixi maraq dairəsi çərçivəsində yanaşmaq daha düzgün olardı.

    10.09.2015
    -Müəllim, sən niyə işini deputatlığa vermirsən?
    Olanlar səndən atrıqdır bəyəm?
    Bildiyimə görə, 50-dən çox elmi və bəddi kitabın var. 30-dan çox pyesin tamaşaya qoyulub. Tv-lərdə verilişlər aparmısan. Az qala bütün ali məktəblərdə fəlsəfə və dünya ədəbiyyatından dərs demisən. Dərs dediklərinin arasında dedputatlar da var. Varın-dövlətin də ki, yox... Görünür ömründə rüşvət də almamısan... Mənim də müəllimim olmusan ey, müəllim... Tanıdın məni?
    Mən ölüm, niyə işini depuatatlığa vermirsən?
    Mən sənə ürəkdən səs verərəm...
    ("Seçicimin" dediklərindən))

    11.09.2015
    ...onların kitab oxumaqdan çox, şəkil çəkdirməyə önəm vermələri elə fb-dən də görünür... mətnlərdən daha çox şəkilləri "bəyənmələri" bir daha təsdiq edir ki, ağılpərəst yox, surətpərəstdirlər... hələ üstəlik qaş-daş və pul-para təsvir olunan şəkillərin altındakı həyəcan və nida dolu qeydlərdən o da görünür ki, çox sərvətpərəstdirlər...

    15.09.2015
    Bir vaxtlar Avropanı tərifləyənlərin çoxu indi onu söyür. Olsun. Amma deyilənə və yazılana görə, imkanlı adamların bir çoxunun Avropada mənzili, evi, villası var. Məncə zamanı çatıb: Avropada çirkli pullarla ev alıb bunu ölkəmizdə sənədləşdirməyən, dövlətdən gizlədən dövlət məmurlarımız haqda ölçü götürülməlidir. Heç olmasa həmin evləri avropalılara satıb pulunu bizim büdcəyə keçirmək lazımdır.
    p.s. məncə pis təklif deyil.

    27.09.2015
    20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin Az. Tv qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim:"Bəxtiyar müəllim, görünür bu "Dubinyak" adı "Dubinka" sözünə oxşadığına görə daha yaddaqalandır". O, gülərək: "Yəqin ki, elədir"-dedi.

    27.09.2014.
    Tv-lərə çox vaxt savaddan kəm müğənniləri dəvət edirlər. ("Manıs" demirəm ki, xətirlərinə dəyər). İndi "Speys"ə baxıram. Aparıcı soruşdu ki, Eynşteyn kimdir? Müğənnilər, təbbi ki, cavab verə bilməyib başladılar yazıq Eynşteyni(n soyadını) ələ salamağa. Onların səhvini aparıcı "düzəltdi"; dedi ki, Eynşteyn kimyaçıdır.
    Yaxşı ki, TV-lərə nadir hallarda baxıram.
    Bəs Siz necə, baxırsızmı?

    18.10.2015
    Guya Putin azərbaycanlı (tovuzlu) qızla evlənmək istəyibmiş...
    və yenə də guya ki, evlənsə Qarabağ problemini xeyrimizə həll edəcəkmiş...
    Amma çoxları bilımir ki, Zori Balayanın birinci arvadı azərbaycanlı olub və "Qarabağ problemini" də yaradanlardan biri odur, yəni Balayan.
    P.S. Zori Balayanın birinci arvadının azərbaycanlı olması mənim "kəşfim" deyil və xahiş edirəm buna görə qəzəblənməyin. Mən həmin faktı bir neçə il öncə Novella Cəfəroğlunun "Yeni Müsavat"dakı xatirələrində oxumuşam. Maraqlı bir yazı idi. Novella xanım həmin toyda gəlinin rəfiqəsi kimi iştirak edib.
    P.P.S. Burada söhbət nə Putindən gedir, nə də Balayandan gedir. Söhbət ondan gedir ki, hər iki dövlətin öz tarixi "taktikası", "planı" var...

    29.09.2015
    İndi baxıb görürəm ki,DAHİ və HADİ sözləri eyni hərflərdən ibarətdir.
    Hadilər azalıb. "Dahilər" çoxalıb.
    Biri dırnaqda, o biri dırnaqsız.

    30.09.2015
    Kəndimizdən sonuncu mən çıxdım...
    Bu, mənim müharibə və ya savaş haqda qeydlərim deyil.
    Həqiqətən, bu il yayın sonunda, payızın əvvəlində kəndimizi sonuncu mən tərk etdim.
    Məsələ burasındadır ki, bizim Ermənistanla üzbəüz olan kəndimizə, ermənilərə divan tutan kəndimizə, ermənidən Başkənd adlı bir yaşayış zonası alan kəndimizə hələ qaz çəkilməyib. Soyuqdan donan dağ kəndinin adamları məcburən paytaxta və ya xarici ölkələrə axışıb gedir. Halbuki ölkə Prezidentinin sərhədyanı kəndlərə qaz çəkilməsi barədə göstərişi var.
    Bu məmurlar niyə, nə üçün, nəyə görə bu xalqa bu qədər qan uddurur görəsən?
    Nədir onların istəyi?
    p.s. Bizdən cəmi 200 metr aralıda ermənilər qazdan istifadə edir.

    31.09.2015
    İnsanlar yerdə bir möhkəm, etibarlı is(ti)nad nöqtəsi tapmayanda göyə üz tuturlar... Bunun da sonu bəlli-cahillik, radikalizm, uzun saqqallar, ifadəsiz gözlər.
    Öz vətəndaşlarına cənnəti bu dünyada yox, o biri dünyada vəd edən dövlətlərin sonu, aqibəti acınacaqlı olur.
    Məncə cənnəti bu dünyada yaratmaq lazımdır, “o dünyada” yox...

    28.10.2015
    Məmləkətdə möhtəşəm "qudalıq" və
    "kirvəlik institutları" fəaliyyət göstərir.)
    Bunun yaxşı cəhətləri çoxdur.
    Amma pis cəhəti birdir: gedəndə hamısı birdən gedir, axı bir-biri ilə calaq-culaqdılar...

    31.09.2015
    Hamıya yaxşı olmaq üçün dəridən-qabıqdan çıxan adam bədbəxtdir. Adamın bir üzü, bir sifəti olar. Adamın içi-ruhu təmiz olar. Pislərin, naqislərin, yaramazların yaxşı hesab etdiyi adam kimə lazım?

    ... Mən hər cür siyasi ambisiyadan uzaq bir adamam. Heç vaxt karyera “xəstəliyim” də olmayıb.
    Bütün həyatım boyu elmi və prdaqoji fəaliyyətlə məşğul olmuşam.
    Bütün həyatım boyu maaş və qonorarla dolanmışam. Minlərlə məqaləm, yüzlərlə hekayəm nəşr olunub, onlarla pyesim tamaşaya qoyulub.
    Amma ... Qısası, əsasən elmi-bədii-pedaqoji fəaliyyətlə məşğul olsam da dünyamızda və cəmiyyətimizdə baş verən hadisələrə heç vaxt biganə olmamışam.
    Gəldiyim qənaət budur: hər bir sahədə qabiliyyətli insanların, passionar güclərin yolunda daim yaşıl işıq yandırmaq lazımdır. Bu, bəlkə də ilk baxışda çox adi səslənən sözlərdir. Amma düşünsək ki, bütün dünyada və bütün sahələrdə adamların yalnız 3-4 faizi passionar güçə malikdir, dediyim sözlərin mahiyyəti aydın olar. Yəni hamımız o “kiçik” faizlərə minnətdarıq. Çünki o “kiçik” faizlər dünyanı hərəkətə gətirir. O “kiçik” faizlər olmasa hər bir cəmiyyətin çöküşü labüddür...

    02.11.2015
    ..əvvəlcə evin içi, sonra çölü-deyiblər.
    Bakının qulağının dibində cahillik baş alıb gedir.
    Hesab edirəm ki, o kəndlərdə fəaliyyət göstərən məktəb, litsey və kolleclərə- bir sözlə təhsil müəssisələrinə, ən güclü pedaqoqları, müəllimləri göndərmək lazımdır...
    Bakı həmişə işıqlı şəhər olub....

    03.11.2015
    Ötən əsrin 80-90-cı illərində Az.Tv-də hər ay iki veriliş aparırdım: "İdrak" və "İlğım".
    O vaxtın ən populyar intellektual verilişlərindən sayılırdı.
    "Köhnə" adamlar məndən yenə hərdən soruşurlar: "İndi niyə veriliş aparmırsan?"
    Çox vaxt susuram.
    Və hərdən öz-özümə düşünürəm: "Bəlkə heç intellektə ehtiyac yoxdur?"

    04.11.2015
    Oqtay Rza: “Sağ ol, bankomat...”
    Bu gün AYB-yə getmişdim. Mənim orada maaşsız bir vəzifəm var, dramaturgiya bölməsinin rəhbəriyəm. Mətbuatda daim bu təşkilatı söyənlərin bir çoxunu orada gördüm. Sözüm bunda deyil. Bir neçə gün öncə-noyabrın ilk günündə 81 yaşa qədəm qoymuş şair Oqtay Rza ilə rastlaşdım. Sənətkarı təbrik etdim. Şair təbrikdən məmnun olub dedi:
    -Ustad, istəyirəm bu mühüm günü, yəni üç gün əvvəl tamam olmuş ad günümü qeyd edək.
    Razılaşdım. AYB-nin lap yaxınlığında, M.F. Axundov kitabxanasının qarşısından keçəndə şairin gözü bankomata sataşdı.
    -Bəy, axı mənim pulum azdır. Bəlkə bu aparata yaxınlaşım... Maaşımı almamışam hələ. Amma aparata yaxınlaşmağa da qorxuram.
    -Niyə ki?
    -Əziz dost, birdən aparatda pul olmaz. Axı deyirlər büdcəmiz bir az zəifləyib.
    -Aparat şairə pul saxlamış olar,-deyə, ona ürək-dirək verdim.
    Oqtay Rza ürəklənib bankomata yaxınlaşdı. Məlum oldu ki, şairin maaşı artıq “aparat”a daxil olub. Sənətkar sevincək maaşını alıb bir neçə addım geri çəkildi, sonra təzədən bankomata sarı gəlib əllərini döşündə çarpazlaşdıraraq bankomatın qarşısında kəmali-ədəblə baş əydi:
    -Sağ ol, aparat. Qoy sənin için həmişə pulla, milli manatla dolu olsun.
    Deyəsən, bankomatın sonuncu müştərisi şair oldu. Çünki ondan sonra növbədə duranlar dedilər ki, artıq pul qurtarıb.

    05.11.15
    Mən hər cür siyasi ambisiyadan uzaq bir adamam. Heç vaxt karyera “xəstəliyim” də olmayıb.
    Bütün həyatım boyu elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşam.
    Bütün həyatım boyu maaş və qonorarla dolanmışam. Minlərlə məqaləm, yüzlərlə hekayəm nəşr olunub, onlarla pyesim tamaşaya qoyulub.
    Amma ... Qısası, əsasən elmi-bədii-pedaqoji fəaliyyətlə məşğul olsam da dünyamızda və cəmiyyətimizdə baş verən hadisələrə heç vaxt biganə olmamışam.
    Gəldiyim qənaət budur: hər bir sahədə qabiliyyətli insanların, passionar güclərin yolunda daim yaşıl işıq yandırmaq lazımdır. Bu, bəlkə də ilk baxışda çox adi səslənən sözlərdir. Amma düşünsək ki, bütün dünyada və bütün sahələrdə adamların yalnız 3-4 faizi passionar güçə malikdir, dediyim sözlərin mahiyyəti aydın olar. Yəni hamımız o “kiçik” faizlərə minnətdarıq. Çünki o “kiçik” faizlər dünyanı hərəkətə gətirir. O “kiçik” faizlər olmasa, hər bir cəmiyyətin çöküşü labüddür...

    06.11. 2015
    Hər günün sonunda öz etdiklərini təhlil etməyən, öz-özü ilə "iclas" keçirməyən adamın vicdan sahibi olduğuna inanmaq bir az çətindir...
    Elə deyilmi?

    07.11.2015
    ... görəsən küçə boyu bu mələyən, böyürən, anqıran, hürən, banlayan, nəhayət ucadan "mahnı oxuyan" maşınların, daha doğrusu onların sahiblərinin, biir düz-əməlli cərimələnməsi haqda qanun nə vaxt çıxacaq və ya qüvvəyə minəcək?
    ...ən azı bundan büdcəmiz udar.
    Elə deyilmi?

    08.11.2015
    Biz deyəsən çox praqmatikik.
    Yalnız təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən uzağəq.
    Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.
    Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.
    Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.
    Mədəmiz haqda düşünürük, məsləkimiz haqda yox.
    Qabırğamız haqda düşünürük, məramımız haqda yox.
    Qulağımız haqda düşünürük, insafımız haqda yox.
    Burnumuz haqda düşünürük, imanımız haqda yox.
    Amma əslində hər şey bir azca başqa cür olmalıdır.
    Yəni, dediyim odur ki, bu “görünməyən” nəsnələri daha çox görməyimiz lazım.

    09.11. 2015
    Oxudum ki, Bakıda bir imkanlı adam öz villasını sahibsiz uşaqların yaşaması üçün ayırıb.
    İnanıram.
    Bizim xalqımızda ta əzəldən vicdanlı, həssas, əliaçıq, xeyirxah, habelə xeyriyyəçi insanlar çox olub.
    Amma nə yazıqlar ki, xeyriyyəçilik etmək iştəyən iş adamının üstünə (bu barədə informasiya alan) məlum "əlaqədar təşkilatların" nümayəndələri qarğa-quzğun kimi tökülüşüb "haqq" tələb edirlər.
    İndi doğrusu o xeyirxah adamın vəziyyəti məni düşündürür. Arxasında "adam" yoxsa onu “didəcəklər...”

    10.11.2015
    Şübhəsiz ki, Babək qəhrəmandır. Amma etiraf edək ki, o, həm də mübahisəli qəhrəmandır. Əsas “mübahisə” də onun guya islama qarşı mübarizə etməsi ilə bağlıdır.
    Əvvəla, onu demək lazımdır ki, Babək ərəb qövmünə yox, ərəb xilafətinə, ərəb istilasına, lap dəqiq desək Abbasilər xilafətinə qarşı (9-cu əsrdə) düz 22 il vuruşub. Amma xilafət onu “din” düşməni” elan etmişdi. Çünki belə bir “təqdimat” kütlə tərəfindən daha asan həzm olunurdu.
    Gəlin bir anlığa təsəvvür edək: Əgər Azərbaycanda islam yox idisə, Babək ona qarşı necə vuruşa bilərdi? Bəyəm ərəblər islamı özləri gəlməmişdən əvvəl gələcəkdə istila edəcəkləri dövlətə və ya əhaliyə “poçtla” göndərmişdilər?
    Babək xürrəmi idi. Burada tənqid olunmalı nə var ki?
    Çuvaşlar, qaqauzlar, xakaslar, tatarların mühüm bir hissəsi xristiandır. Burada nə qəbahət var ki?
    Sibirdə və Mərkəzi Asiyada buddist türklər var. Bəyəm bu cinayətdir?
    Mən hələ digər dinləri qəbul edən türkləri demirəm.
    Hətta, satanist türklər də vardır.
    Dediyim budur ki, hansısa dinə mənsub olub-olmamasından asılı olmayaraq xalq xalq olmalı, insan isə insan olmalıdır. Hətta, ateist də olsa belə. Vaxtilə yazmışdım ki, ateizm özü də vaxtilə bir dinə çevrilmişdi.

    13.11.2015
    Söz yox ki, Fransada baş verən faciə bəşəriyyətə qarşı yönəlmiş vəhşətli, amansız, müdhiş bir terrorun nəticəsidir.
    Bu terror aktını ağlı başında olan hər kəs pisləyir.
    Amma bir soruşan yoxdur ki, bu silahları o vəhşilərə kim verib?
    Əlbəttə, Avropa özü. Təbii ki, başqa məqsədlə.
    p.s.
    Terror nəticəsində həlak olanlara Allah rəhmət etsin.

    15.11.2015
    Sosial şəbəkəyə yalnız öz eqonuzun və ya hikkənizin "divar qəzeti" kimi baxmayın, həm də öz maarifçiliyinizin "jurnalı" kimi baxın...
    ... Pəncərəmdən payız asılıb...
    Başımın üstündən uçan durna köçünə qoşulub uzaq, isti ölkələrdən birinə getmək istəyirəm.
    Birdəfəlik yox, səyahətə.
    Bu, qətiyyən bədii yazıdan lirik parça deyil.
    Ovqatımın payız inikasıdır...

    17.11.2015
    ...ay şəkilpərəst, surətpərəst millətin nümayəndələri...
    çalışın mahiyyətə varın, yazılanı oxuyun, şəklə tamaşa etməyin...

    21.11.2015
    ...bizim insanlara maliyyə yardımı lazım deyil.
    Nə üçün belə deyirəm?
    Ötən ilin yayında ölkəmizin qərb rayonlarında, əsasən ucqar kəndlərdə, oldum. Adamların gün-güzəranı məni həmişə düşündürür. Buna görə də kənd adamları ilə söhbət etmək zərurətə çevrilib.
    Ünsiyyətdə olduğum əliqabarlı torpaq adamlarının az qala hamısı qorxa-qorxa ətraflarına boylanıb asta səslə təxminən eyni sözü deyirdilər:
    - Hamısı gəlib haqq tələb edirlər. Bizə bunların köməyi, yarımı-filanı lazım deyil. Təki bunlar bizə mane olmasınlar...
    Düzü bilmirdim ki, o adamlar "bunlar" deyərkən kimləri nəzərdə tuturdular?

    22.11.2015
    Tanınmış rus rejissoru Vitali Manski deyir:
    “Pxenyanda 800 nəfər işçisi olan sənədli kino studiyasının baş ssenaristinin maaşı nə qədərdi? Onun maaşı ayda 75 sentə bərabərdi.
    Dəhşət bax budur...”

    23.11.2015
    Dünən dostluğumda olan birisi yazmışdı ki, Türkiyə Rusiyaya heç nə edə bilməz.
    Guya Rusiyanın silahı çox, Türkiyənin heç nəyi yox...
    Əlbəttə, biz bu dövlətlərin savaşa girməsini istəmirik.
    Amma fakt budur:
    Türkiyə əsgəri sayına görə dünyada 6-cı yerdədir.
    Türkiyə hərbi gücünə görə NOTO-da ikinci yerdədir.
    NATO hərbi gücünə görə dünyada birinci yerdədir.
    Deməli, Türkiyə hərbi gücünə görə dünyada 2-ci yerdədir.
    Bunu mən demirəm, Rusiya özü deyir.. Özü də rusca:
    Общая численность турецких вооруженных сил — более 700 тысяч человек, шестое место в мире по численности. Большей армией в блоке НАТО обладают лишь США. Турецкая армия не является контрактной, она формируется на призывной основе.

    25.11.2015
    Bu gün bizim ən sinirli yerimiz Türkiyə sınırlarından keçir.
    Rəylər müxtəlifdir və bütün rəyçiləri anlamaq olar. Belə ki, Ərdoğanı öyənlər də var, söyənlər də.
    İndiki situasiyada Ərdoğan dilemma qarşısındadır: "irəli" ya "geri". Burada orta yol yoxdur.
    Təbii ki, biz bir millət olaraq daim Türkiyənin yanındayıq.
    Amma reallıq hissini itirmək də düzgün deyil.
    Mən qorxuram ki, Türkiyəni həm Şərq, həm də Qərb gözləmədiyimiz və arzu etmədiyimiz qorxulu "oyuna" salsın...

    26.11 2015
    Sözün müəyyən (bəlkə də mütləq) mənasında bu gün dünyanın taleyi iki ölkənin qarşılıqlı münasibətləri fonunda həll olunur. Bu ölkələrdən biri keçmiş Osmanlı impariyasının qalıqları üzərində öz halal dövlətçilik kuralını qurmuş Türkiyə, digəri imperiya xislərindən heç cür əl çəkmək istəməyən Rusiyadır. Birinci gələcəyə üz tutan, digəri keçmişlə, imperiya ambisiyası ilə yaşayan bir məmləkətdir. Əslində ikinci birincinin azmış, yadlaçmış balasıdır. Maləsəf, indi bu yadlaşmış balanın özü bir bəlaya çevrilib.
    Bu iki nəhəng dövlət -pələng və ayı arasında quyruq bulayan bir tülkü də var ki, bu da tülkünü də dər kəs tanıyır:bu, ermənistandır.
    Mən belə bir qənaətdəyəm ki, bu iki millət və iki dövlət bir-biri ilə dil tapıb sülh şəraitində yaşayaca
    p.s.
    Əslində bu günkü rusiya rus-slavyan birliyindən ibarətdir. Orada 50 milyon türk-müsəlman, 50 milyon slavyan, 50 milyon da digər etnoslar yaşayır.

    27.11. 2015
    İndi görürəm... Ruslar "Böyük filosoflar" adlı elektron dərgi yaradıblar. Orada mənim də adım var... Təbii ki, mən bu "böyük" olmaq xəstəliyindən çox uzağam.
    Sözüm onda deyil. Qəribə burasıdır ki, orada mənim "Filosof" adlı bir hekayəm də dərc olunub.
    Sağolmuşlar, ta hekayə niyə, yaxşısı budur bir fəlsəfi yazımı nəşr edin...

    28.11.2015
    Kişi dedi:
    -Sənin emosiyan çoxdur.
    Qadın dedi:
    -Sənin emosiyan yoxdur.
    Zamanın tərs mütənasibliyi bumu?
    ...ki yəni hər kəsin öz zamanı var.

    29.11.2015
    Bu gün mətbuatda oxudum ki, Qətər Əmirliyinin əmirinin ayağı sınıb. 9 təyyarəyə doluşan kral (əmir) ailəsi dekabrın 25-dən 26-na keçən gecə özünü tez-tələsik İsveçrəyə çatdırıb. Bu barədə ilk dəfə “The Guardian” xəbər yayıb.
    ...tutaq ki, pulun var, İsveçrəyə gedirsən. Lap yaxşı.
    Ay bədbəxt … kral oğlu kral, olmaz ki, öz ölkənin səhiyyəsini yüksəldəsən? Pulunu niyə başqa ölkəyə "dağıdırsan"?
    ... Xalqların, daha doğrusu, xalqı təmsil edən adi adamların bir-biri ilə dil tapması çətin iş deyil...
    Ən çətin məsələ siyasətçilərin bir-biri ilə dil tapmasıdır...
    Düz deyiblər ki, dil insana susmaq üçün verilib...

    30.11.2015
    Bir zamanlar dahi rus rejissoru Eldar Ryazanovun filmləri gündəmi zəbt edərdi. O vaxt dünya sənət üstündə köklənmişdi.
    İndi rus dövlətinin "qorxulu filmləri" gündəmi işğal edib. Hazırda dünya, siyasət və cinayət üstə köklənib...
    p.s. Eldar Ryazanov vəfat edib. Böyük sənətkar idi. Allah rəhmət eləsin.

    01.12.2015
    Kimisə tənqid edə bilərik...
    Hətta, kiməsə hörmət etməyə də bilərik.
    Amma gəlin hər kəsin söz demək hüququna hörmətlə yanşaq...
    Bu, həm də söz azadlığına hörmətdir...

    02.12.2015
    ...əvvəlcə evin içi, sonra çölü-deyiblər.
    Bakının qulağının dibində cahillik baş alıb gedir.
    Hesab edirəm ki, o kəndlərdə fəaliyyət göstərən məktəb, litsey və kolleclərə- bir sözlə təhsil müəssisələrinə, ən güclü pedaqoqları, müəllimləri göndərmək lazımdır...
    Bakı həmişə işıqlı şəhər olub....

    21.12.2015
    Çalış öz dəyərini itirmə, adam...
    Axı sən pul deyilsən və heç bir infilyasisiyanın sənə dəxli olmamamalıdır.
    Uzun illər mənəvi tələbat və mənəvi dəyərlərdən yazan, bu barədə bir neçə kitabın müəllifi olan bir adam kimi deyə bilərəm ki, bu dünyada hər şeyin dəyəri dəyişə bilər-enər və yüksələr... Amma insanlığın dəyəri enəndə, onun bir daha yüksəldiyini görən olmayıb.
    Mən bu sözləri pafos dolu bir şüar kimi yox, çox sakit bir tonda deyirəm...

    22.12.2015
    Şərq ölkələrinin adi vətəndaşları və ya başbilənləri tez-tez haray qoparırlar ki, müsəlman (Şərq) ölkələrindən gedən qaçqınları Qərb ölkələrindən deportasiya edirlər.
    Və niyə edirlər?
    Sənin gözünə dönüm, ay Şərq, niyə özün öz vətəndaşların üçün şərait yaratmırsan ki, onlar nə səni tərk edib başqa məmləkətlərə, məsələn Qərb ölkələrinə getsin, nə də oradan deportasiya edilsin?

    27.12.2015
    Bir də görürsən ki, bir qrup və ya bir dəstə yaşlı, ortadan aşağı səviyyəli adam (məsələn, müğənni, “alim” və ya aşıq) bir yedə yığışıb bir-birini “dahi” adlandırır... Bax, təkcə sənətdə yox, elə həyatda da səfehlik məhz oradan başlayır. Yenə gəncləri başa düşmək olar- onlar hələ formalaşmayıblar. Bu yaşı keçmiş ahıllara nə deyəsən?

    30.12.2015
    Bütün dostlara (xüsusən iqtisadçılara) bir müraciətim var. Bildiyiniz kimi, rus dilində "rınoçnaya ekonomika" anlayışı (ifadəsi) var. Bu söz dilimizə "bazar iqtisadiyyatı" kimi tərcümə olunur. Doğrudur, ruslar "bazar"a bəzən "rınok" deyirlər və düz də edirlər. Məsələ belədir ki, bir naşı adamdan soruşsan ki, bu "bazar iqtisadiyyatı" ifadəsini rusca necə işlətmək olar, güman ki, belə deyər: "bazarnaya ekonomika".
    Yəqin ki, sözümün canı sizə çatdı: "rınoçnaya ekonomika" ifadəsinin hansı uğurlu qarışığını tapmaq olar?
    Bu "axtarışda" dilimizi yaxşı bilən iqtisadçıların fikri daha önəmli, daha əsaslı ola bilər.

    31.12.2015
    Bayramdır.
    Hamı (haqlı olaraq) həmrəylikdən danışır.
    Gəlin etiraf edək ki, intellektual, dərrakəli, azad ruhlu adamlar daha çox özünə qapanan, tənha, tək olurlar.
    ...amma bu dünyada yırtıcılar çox qısa bir zamanda bir-birini tapıb həmrəy olmağı bacarırlar.
    Bu cür "həmrəyliklərin" sonrası da ki, məlum...




















    2016


    03.01.2016
    İnsanlar təbiətin səhvini düzəldə bilməzlər...
    (Bir az mübahisə doğura biləcək iki nümunə haqda kiçik bir nüans)
    Məni həmişə bir şey təəccübləndirir və narahat edir...
    İzahı çətin olsa da çox qısaca izah etməyə çalışım.
    Bir də görürsən ki, o qədər də intellekti olmayan, nadan, gerizəkalı bir cütlük ailə qurur və bir-iki düjün də uşaq dünyaya gətirir.
    Amma çox vaxt bunun əksi olur: yəni yüksək intellekti olan adamların əksərəyyətinin ya bir övladı olur, ya da ki, dünyaya heç övlad gətirmirlər.
    Beləliklə də cəmiyyəti dünyaya gələn gerizehinlilər, aşağı səviyyəlilər "zəbt edirlər"... Bu, az qala bütün dünya etno-demoqrafiyasına aid bir problemdir.
    Bizim cəmiyyətdə isə hətta belə bir xoşagəlməyən adət də mövcuddur: bir çox hallarda ağıldankəm oğlan və qız uşaqlarınə evləndirirlər ki, bəlkə onlar ağıllana və ya onların ağıllı övladları dünyaya gələ .
    Bu, səhv yanaşmadır. Axı hər halda bir irsiyyət qanunu da var ...
    İnsanlar təbiətin səhvini düzəldə bilməzlər.
    p.s.
    Sosial şəbəkələr də bir növ belədir. ən gözəl adamlar (xüsusən, xanımlar) burada öz fotolarını yaymağa cəsarət etmir, əvəzində ... çox vaxt buranı zövqsüz şəkillər "bəzəyir"...
    p.p.s.
    Əlbəttə, mən konkret olaraq kimisə nəzərdə tutmuram. Hətta, dediklərimdə düzgün olmayan nələrsə ola da bilər.
    Qüsura baxmayın...

    04.01.2016
    Bəzən bir fikir yazırsan, baxıb görürsən ki, neçə yerdən "mız" qoyurlar...
    Məsələn, mən həmişə belə hesab etmişəm ki, biz ölkəmizə turist cəlb etmək istəyiriksə gecəsi 150-200 dollara başa gələn hotel və servisə ehtiyac yoxdur.
    Turistə nə lazımdır?
    Ucuz yer, gözəl təbiət mənzərəsi, milli yemək, xoş sifət...
    Amma yenə deyirlər ki, bizdə bahalı (.......) neçə ulduzlu mehmanxana, bahalı xidmət var.
    ...və turist də axıb gedir Gürcüstana...
    vallah, mən patriotam və istəyirəm ki, pullular öz pullarını yad yerlərdə xərcləməsinlər.
    Ta buna nə "miz"?
    p.s.
    biz niyə turistləri ölkəmizdən qaçaq salırıq?...

    05.01.2016
    O günləri (bir toyda) bi tanış (şair Ə. Qoşalı) məndən soruşdu ki, elmi və bədii yaradıcılıqda sənin ustadın kim olub? Dedim ki, kitablar. Mən həqiqətən Axundov kitabxanasını ilk gəncliyimdən özümə “ustad” seçmişəm. (Təbii ki, sırada ayrı kitabxanalar da var). Bu fikri xeyli dərinləşdirə də bilərəm. Amma indiki halda buna ehtiyac duymuram.
    İndi ağlıma gəldi ki, o gün toyda bir az "vursam" da əsasən suala düz cavab vermişəm.
    p.s.
    ...və ustadım kitablarla yanaşı bir də HƏYAT olub.

    06.01.2016
    Azərbaycanda da Suriyada olduğu kimi Mosul (Zaqatala) və Qarabucaq (Kürdəmir) kəndləri var.
    Demək, Suriya bizə o qədər də uzaq olmayıb.
    Orada bizim Nəsimimiz yaşayıb.
    Bu, heç də təsadüfi deyil...

    06.01.2016
    Bəzən bir fikir yazırsan, baxıb görürsən ki, neçə yerdən "mız" qoyurlar...
    Məsələn, mən həmişə belə hesab etmişəm ki, biz ölkəmizə turist cəlb etmək istəyiriksə gecəsi 150-200 dollara başa gələn hotel və servisə ehtiyac yoxdur.
    Turistə nə lazımdır?
    Ucuz yer, gözəl təbiət mənzərəsi, milli yemək, xoş sifət...
    Amma yenə deyirlər ki, bizdə bahalı (.......) neçə ulduzlu mehmanxana, bahalı xidmət var.
    ...və turist də axıb gedir Gürcüstana...
    vallah, mən patriotam və istəyirəm ki, pullular öz pullarını yad yerlərdə xərcləməsinlər.
    Ta buna nə "miz"?
    p.s.
    biz niyə turistləri ölkəmizdən qaçaq salırıq?...

    06.01.2016
    Gözünüz aydın, teatrsevər dostlar... Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına yeni direktor təyin edilib. Keçmiş direktor İsrafil İsrafilovun yerinə teatrın baş rejissoru və bəddi rəhbəri Azərpaşa Nemət təyin edilib...
    Bu İsrafil İsrafilov adlı və soyadlı şəxs beş il ərzində teatrın tənəzzülü üçün əlindən gələni əsirgəmədi, bu mədəniyyət məbədinə və aktyorlara divan tutmaqla məşğul oldu.
    "Şanlı müdirin" ilk "əməliyyatı" mənim pyesimi teatrın rapertuar planından çıxarmaq oldu.
    Sonra teatrda rejissorluq institunu bir sinif kimi ləğv etdi.
    Daha sonra aktyorlar arasında nifaq saldı.
    Düzdür, arada bir dəfə mənə zəng vurub üzrxahlıq etdi, əməkdaşlığa dəvət etdi...
    Mən dedim ki, teatrla əməkdaşlığım qalsın səndən sonraya...
    Qəribə xarakterli insanlar olurmuş bu dünyada. Adətən vicdanlı, xeyirxah, istedadlı adamlar öz fəaliyyətlərində elə bu kateqoriyaya uyğun adamlar (vicdanlı, xeyirxah, istedadlı) arayıb tapmağa çalışır. Nə yazıqlar ki, özlərindən sonra xoş olmayan xatirələr qoyub getməyə çalışanlar da olur.
    Köhnə partiya işçisi, məmur İsrafilov məhz ikincilərdən idi.
    O, deyəsən hələ özünü lazımi yerdə axtarıb tapmayıb. Arzu edək ki, İsrafilov elə bir yerdə çalışsın ki, orada bu adama da ehtiyac duyulsun.

    07.01.16
    Stalinin yashina bax,
    Kaqanoviçin bashina bax,
    Mikoyanin saçina bax...
    (30- cu illerde oxunan ashiq mahnisinin texmini metni. Deqiqini folklorçular biler..))

    12.01.2016
    Jurnalist Rasim Əliyevi döyən kəs deyir ki, onun beş-altı təpiklə öləcəyini bilmədim...
    Yadıma olmuş bir hadisə düşdü.
    Bıçaqlayıb adam öldürmüş bir oğlana məhkəmə ış kəsir. Oğlanın atası durub deyir: "Alə, mən sənə demişdim ki, onu bıçaqnan vurub azca yaralayarsan. Ta deməmişdim ki, vur o uşağı öldür. Nöş ölümcül bıçaq vurmusan? Elə sənə yaxşı oldu..."

    16.03.2016
    YENİ TAMAŞA
    Dağıstanda “Neytral zona” tamaşasına ictimai baxış keçirilmişdir.
    Rusiya Federasiyasi Dagıstan Respublikasının Dərbənd şəhərinde yerləşən Azərbaycan Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Firuz Mustafanın pyesi əsasında hazırlamış “Neytral zona” tamaşasına ictimai baxış keçirilmişdir.
    Teatrın Baş rejissoru Ər-Toğrul Kamalovun verdiyi məlumata görə, tamaşaya baxışda Dağıstan Mədəniyyət nazirinin müavini Murad Xabbiboviç, nazirliyin teatrlar üzrə kuratoru Mavled Danialoviç, həmçinin Dərbənd şəhərində yerləşən dövlət teatrlarının direktor və baş rejissorları iştirak etmişlər. Bununla yanaşı, Azərbaycan Respublikası YUĞ Dövlət teatrının rejissoru Mir Sahib Ağazadə və digər teatr xadimləri də tamaşanın ictimai baxışına qatılmışlar.
    Daha sonra tamaşa geniş təhlil edilmişdir. “Neytral zona” bəyənilmiş və teatrın repertuar tamaşası kimi təsdiq edilmişdir.
    Yeni tamaşanın rejissoru Ər-Toğrul Kamalov, musiqi tərtibatçısı İlqar Kərimov, rəssamı Niade Elimetova, rejissor köməkçisi Hörmət Aslanovdur.
    Tamaşada rolları aktyorlardan Hörmət Aslanov, Mahir Məlikov, Cum-Cum Mirzə, Şükufə Məlikova, Zemfira Ağabəyova, Eduard Arazov və İzabella Ağayeva ifa etmişlər.

    03.04.2016
    Bu gün Azərbaycan əsgərinin apardığı mübarizə təkcə torpaq uğrunda, ərazi uğrunda aparılan bir mübarizə deyil. Bu, bizim namusumuz, qeyrətimiz. varlığımız, özümüzü təsdiqimiz uğrunda bir savaşdır. Bu, milliətimizin müqəddəs bir cihadıdır. Allah bu işdə bizə yar olsun. Bu, bəzilərinin ehtimal və ya iddia etdiyi kimi, iki dinin müharibəsi deyildir.

    22.04. 2016
    Bu gün rastıma çıxdı. "CƏNNƏT ÇİÇƏYİ" romanı 30.06.2014 tarixdə AYB saytında yerləşdirilib.

    Firuz Mustafanın “Cənnət çiçəyi” adlı çoxqatlı və gərgin süjetə malik əsərinin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual-sürreal bir aləmə çəkilməyi qərara alır. Amma öz fantaziya və təsəvvüründə yaratdığı dünyada da onu itki və faciələr təqib edir. Cavad Əmirxanlının “əbədi ömür” barədə irəli sürdüyü elmi layihə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olunmur. Çoxları onun ağlının çaşdığını zənn edir. “Cənnət çiçəyi”nin qəhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda mübarizə aparmaq qərarında israrlıdır.
    Əsərdə təkcə nəsrin deyil, digər ədəbi janrların imkanlarından da istifadə edilmiş, yeri gəldikcə poetik və dramatik nüanslara, habelə roman qəhrəmanının apardığı elmi araşdırmaya geniş yer verilmişdir.
    Çünki bir torpaqda dini inancı olan bir çox millətlər yaşaya bilər.
    Bu, iki qütbün-Xeyir və şərin müharibəsidir.
    Tanrı daim Xeyirin tərəfindədir. Amin.
    p.s.
    Aradan keçən müddət ərzində 40.000 (40 min oxucu) olub.

    16.06.16
    Həmişə olduğu kimi, yenə də belə hesab edirəm ki, tarix nisbi və şərti səciyyə daşıyır. Biz hal-hazırda ərəb təqvimi ilə 1438-cü ildə, Avropa təqvimi ilə 2016-cı ildə, yəhudi təqvimi ilə 5777-ci ildə yaşayırıq. Deməli, konkret zamanı müəyyən etmək müşkül bir işdir.
    Əslində zaman saatı insanın içində, daha doğrusu, şüurundadır.
    05.07.2016
    İsrafil İsrafilova sərt cavab gəldi –
    “Klas-klas” oyunu
    Görəsən yoldaş İsrafilov özünün nə yazdığını özü anlayırmı?
    Firuz Mustafa:
    Sənətşünas İsrafil İsrafilovun "O bizi deyib gəlmişdi…" sərlövhəli məqaləsinin cəmi iki abzasına təhlil edirəm

    İsrafil İsrafilovun Akademik Milli Dram Teatrında hazırlanmış "Ölülər" tamaşası haqda yazısının adı belədir: "O bizi deyib gəlmişdi…"

    Düzü, məqaləni bütövlükdə oxumamışam. Amma, ancaq, lakin və fəqət əvvəlinci ilə sonuncu abzasa nəzər salarkən belə başa düşdüm ki, hörmətli İsrafilov bu yazıda yeni tamaşanı tənqid edib.

    Əlbəttə, hər hansı bir əsəri tənqid də etmək olar, tərif də...
    Məni indiki halda həmin məqalədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirib- etdirməmsi deyil, İsrafilovun məqaləsindən oxuduğum o iki abzasda nəyin necə, nə cür ifadə olunmasıdır.
    Vaxt itirmədən faktlara üz tutaq. Birinci abzasda oxuyuruq: “Kassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir. Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri" (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir. Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfını amansızlıqla çıxır. Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır".
    Əvvəlcə cümlənin birinci hissəsinə fikir verək: "Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün..." Görünür, müəllif bilmir ki, "klassika"nın "ədəbi-bədii bətnində" heç də hər zaman "əbədi mənalar" qərar tutmur və ya heç qərar tutmalı da deyil. Çünki klassika təkcə ədəbi və bədii mətnlərdən ibarət olmur axı. Musiqi və rənglərdən yaranan klassika da var, hələ üstəlik səslərdən və daşlardan yaranan klassika da . Müəllif deyə bilər ki, o, burada dramaturgiyanı və ya klassik dramaturgiyanı nəzərdə tutub. Ola bilər. Amma güman ki, o, bunu ürəyində tutubmuş. Çünki təqdim olunan cümlədən heç də belə bir fikir (ümumiyyətlə, hansısa bir fikir) hasil olmur.

    İndi isə gəlin həmin cümləni bütövlükdə nəzərdən keçirək: "Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir". Bu cümlədən hansı fikir hasil olur? Necə yəni, "o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir". "O" yəni kim, nə? Yəqin ki, müəllif burada da hansısa "klassikanı" nəzərdə tutur. Bir də ki, klassika təkcə zamanın fövqündə yaşamır axı. Hələ bir cümlənin pafosuna fikir verin: "O, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir".
    ...Həmin abzasdakı ikinci cümləyə nəzər salaq: "Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri" (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir".
    Görəsən, "klassikanın cazibəsinə dayanmaq" nə deməkdir? Görəsən, böyük şairimiz Bəxtiyar Vahabzadənin dilindən təhrif olunmuş şəkildə verilən "ondakı tilsimləri" qırmaq avantürası" ifadəsinin dilimizdə açması nədir?
    Klassika və avantüra... Belə yerdə dramaturgiyanın atası hesab olunan qoca Esxili ağlamaq... bağışlayın, gülmək tutar ya turmaz?
    Hələ bu bir abzasda "klassika" sözünün aşırı dərəcədə işlədilməsindən dolayı yaranan ədəbi-estetik-qrammatik "diskomfortu" demirik.
    Növbəti cümlədə oxuyuruq: "Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfını amansızlıqla çıxır".
    Tərkiblərə fikir verin bir: "öz zənginliyini təmkinlə qoruyan klassika", "özünə qarşı naşı kobudluğun"... Görün, nə qədər orijinaldır: "naşı kobudluq". Və nəhayət, dilimizin inkişafına əsl töhfə ola biləcək ifadə: "hayıfını amansızlıqla çıxır" ... "Hayıfını çıxır" ha... Görəsən o "hayıfını" deyilən nəsnə kimdən, nədən çıxılır"? Bu yerdə adamın yadına istər-istəməz Fridrix Engelsin məlum-məşhur bir ifadəsi düşür: "Təbiət ona qarşı edilən qəsdin hayıfını insanlardan çıxır". Çox hörmətli İsrafilovun fikri Engelsi mat qoya bilər.
    Buyurun, bu da birinci abzasın son cümləsi: "Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır".
    Necə yəni "klassika sənətkara öz sirlərini açmağa imkan versə də.."? Bəlkə müəllif burada "sənətkar" sözünün əvvəlində hansısa epiteti, istiarəni yazmağı unudub? Yəqin ki, bu elə-belə sənətkar ola bilməz, axı, o sirləri açmaqla məşğuldur. Bəd ayaqda həmin "sənətkarın" yanına bir "dahi" təyinini də artırmaq pis olmazdı. Eləcə də "diletantı rüsvay etməklə cəzalandırır" nə deməkdir görəsən? Yəni diletantın şəxsi işinə yazılmaqla töhmət verilir, yoxsa o, işdən uzaqlaşdırılır? Hələ onu demirik ki, ta o yazıq diletantı "rüsvay edəndən" sonra cəzalandırmağa nə ehtiyac qalır? Zira ikinci cəza birincinin yanında toya getməlidir.
    Hə, lap əvvəldə demişdim axı: çox-çox hörmətli İsrafilovun yazısından cəmi-cümlətanı iki abzas oxumuşdum və amacım da həmin iki cümlədəki fikirlərin mənasını özümçün (və əgər mümkün olarsa, oxucular üçün) çözməkdən ibarətdir.
    İndi keçirəm ikinci abzasa: "2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır. Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir. Axı, o, bizi deyib gəlmişdi!.."
    Əvvəlcə abzasın birinci cümləsinə nəzər salaq: "2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır".

    Əslində bu cümlədəki ifadələrin, söz birləşmələrinin və tərkiblərin hər birini ayrılıqda təhlilə və tənqidə cəlb etsəydik, bu "şərh" müəllifin bütöv yazısından çox yer ala bilərdi. Elə bu səbəbdən də təkcə həmin cümlənin özündən, lap "orijinaldan", ilk mənbədən iqtibaslar verməklə kifayətlənirik: "teatr mövsümü ərzində", "heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən", "yaradıcılıq məqsədi cılız olduğu üçün", "sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır". Bəh-bəh... "Niyə bəs böylə bərəldirsən, a qare gözünü?" (M.Ə.Sabir). Sabirin yerinə kim olsaydı "qare" əvəzinə" bir "qara" sözü də yazardı, rəngləri tündləşdirmək üçün. Amma məqsədimiz zatən tünd olanı bir az aydınlaşdırmaqdan ibarətdir.
    Və nəhayət: "Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir. Axı, o, bizi deyib gəlmişdi!.."
    Yəqin müəllif bu cümlə vasitəsi ilə fikrini ya belə ifadə etmək istəyib: "Bu gün Mirzə Cəlilə və Azərbaycan tamaşaçısına belə münasibət təəssüf doğurur", ya da ki belə: "Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir".
    Amma əvəzində görün nə alınıb? : "Amma təəssüflər olsun" cümləsində artıq fikir ala-yarımçıq da olsa bitib. Yəni bundan sonra ya "çünki" bağlayıcısına ehtiyac duyulmur, ya da ki, qrammatik qanun yeni cümlənin başlanılmasını tələb edir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfisə ondan ibarətdir ki, cümlədə "nə" inkar əvəzliyindən (gərək ki, dilçilikdə belə deyilir) istifadə olunursa, ikinci bir inkara ehtiyac qalmır. Yəni məlum ifadə "layiq görülməməlidir" yox, "layiq görülməlidir" olmalıdır.
    Hələ bunu da qoyaq bir kənara. İsrafilov bu məntiqsiz, müxtəlif qrammatik səhvlərlə dolu mətni bu sözlərlə bitirib: "Axı, o, bizi deyib gəlmişdi!.."
    Kim? Kim bizi deyib gəlmişdi? Məqalə müəllifi müdrikcəsinə gülümsəyib deyə bilər ki, bəyəm bu cümlənin (daha doğrusu, "sizi deyib gəlmişəm" ifadəsinin) kimə məxsus olduğu sizə məlum deyil?
    O məşhur cümlənin müəllifi hamıya məlumdur. Amma görək İsrafilov ondan əvvəlki cümlədə nə deyir? Məcburuq həmin cümləyə bir də qayıdaq: "Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir". Gördüyünüz kimi, bu cümlədə iki komponentə (və ya iki fenomenə) isnad olunur. Onlardan biri Mirzə Cəlil, digəri Azərbaycan tamaşaçısıdır. Bundan sonra "Axı, o, bizi deyib gəlmişdi!.." cümləsini oxuyan sıravı oxucu düşünməli olur: görəsən, "bizi deyib gələn" kim idi elə? Mirzə Cəlil, Azərbaycan tamaşaçısı, yoxsa...
    Yoxsa "bizi deyib gələn" elə İsrafilovun özü imiş?
    Hə, indi yadıma düşdü ki, "Ölülər" tamaşası haqqında yazan İsrafilovun özü bu son zamanlaracan Akademik Milli Dram Teatrın müdiri idi. Yəni, belə baxanda, o da kimisə deyib gəlmişdi.
    ...Mən indi iki (1-ci və sonuncu) abzasını yüngülvari təhlilə cəlb etdiyim məqalədə, deyəsən, teatrın yeni tamaşası tənqid olunub. Mən məqalənin cəmi-cümlətanı iki cümləsini oxuduğum üçün o tənqidin nədən ibarət olması barədə heç bir fikir yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər bir tamaşada qüsur ola bilər. Və yenə əlbəttə ki, hər tamaşa tənqid oluna bilər. Hətta, tamaşanın ortasında zalı tərk etmək də olar. Axı okean suyunun tamını bilmək üçün ondan bir-iki qurtum içmək kifayətdir. Elə zəif söz yığımından ibarət bir yazını da sonacan oxumağa ehtiyac qalmır. Bəzən bu və ya digər sicilləmənin kvintessensiyasını (mahiyyətini, cövhərini) duymaq üçün təkcə əvvəlinci və sonuncu abzası oxumaq yetərli olur.
    Hə, onu deyirdim axı. İsrafilov bir müddət indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.
    Yaxşı ki, indi teatr "Ölülər"i dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və ... hətta, bir az klassik təsir bağışlaya bilər.

    P.S. Uşaqların "klas-klas" oyununu yəqin ki, çoxunuz yaxşı xatırlayır. Zahirən bəsit, sadə görünən bu uşaq oyunu, bəzən klassika haqda yazılan pafos dolu cümlələrdən (əgər bunları cümlə kimi qəbul ediriksə) daha mənalı və düşündürücü təsir bağışlayır.
    08.09.16
    Bu gün mətbuatda oxudum:
    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi 9 il müddətinə azadlıqdan məhrum edilib.
    Rüfət Səfərov məhkəmə zalında həbs edilib. Bundan əvvəl prokurorluq müttəhimə 10 illik həbs cəzasını tələb etmişdi.
    Səfərov prosesdə müdafiə nitqini effektiv qurmaq üçün imkan verilmədiyini bildirib.
    ... Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib. Lakin hakim bunu prosesi qəsdən uzatmaq istəyi kimi qiymətləndirərək təklifi qəbul etməyib.
    Müdafiə Nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov Zərdab rayon Prokurorluğunda 2011-ci ilin oktyabrından müstəntiq kimi işləməyə başlayıb.
    O, ötən ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb.
    2016-ci ilin əvvəlində Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Sabiq müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.
    "Mənə qarşı olanlar bir repressiyadır. Sadəcə, çalışırlar ki, repressiya maşınının təkərləri altında məni əzsinlər. Amma kimin kimi əzəcəyini zaman göstərəcək", Rüfət Səfərovun proses barədə dediklərindən Turan agentliyində iqtibas gətilir.

    10.08.16
    Alçaq adamlara görə doğma kəndi, bölgəni, şəhəri, ölkəni tərk edib özgə yerlərə getmək olar... Bəs sonra? Axı bu dünyada alçaqların sayı-hesabı yoxdur. Bəlkə onlara görə bu dünyanı da tərk etmək lazımdır? Amma nə edəsən ki, insanların yaşadığı başqa bir dünya yoxdur...

    10.08.16
    “Düşmənə” qoyulmuş büst
    Ern(e)st Neizvestnıy ötən gün (92 yaşında) öldü.
    İncəsənətlə maraqlananlara bu ad yaxşı tanışdır. O, böyük rəssam və heykəltəraş idi. 1976-cı ildən Avropada və Amerikada yaşayırdı.
    Bilirsiz mən bu böyük sənətkarın ölümünü niyə xatırlatdım?..
    Ernst Neizvestnıy yenilikçi, modernist sənətkar idi. 1962-ci ildə Moskva Manejində onun əsərlərinin sərgisi açılmışdı. Sərgiyə gələn o vaxtkı dövlət başçısı Nikita Xruşşov elə oradaca o vaxtkı gənc sənətkarı kəskin tənqid etmiş, “yıxıb-sürümüşdü”...
    Xruşşov öləndə onun qəbrüstü abidəsini təmənnasız düzəltmək istəyən bir heykəltəraş belə cəsarət edib irəli çıxmadı. Və bu işi Xruşşovun “düşməni” öz boynuna götürdü. Qısası, Nikita Xruşşovun qəbinin üstündəki abidənin müəllifi Ernst Neizvestnıydır... Bəzən belə də olur...

    11.08.16
    Хозяин.
    İlk baxışdan tərtəmiz rus sözü olduğu təsəvvürü yaradır.
    Əslində idə bu söz, yəni “xozyain”, “Xoca” (xocam) sözündən götürülüb. Doğrudur, leksemin əsası fars təmayüllüdür, amma türkizm hesab olunur.

    21.11.2016
    Dünən öz səhifəmdə belə bir status yazmışdım: “...və beləliklə müalicəyə hazırlaşıram...”
    Onlarla təsəlliverici, xoşməramlı, xoşniyyətli, duyğulu, təskinliklə dolu əks-səda mesajları aldım.
    Hamınıza təşəkkür edirəm. Amma qeyd edim ki, bu, mənim səhhətimdə təzəliklə baş verən bir problem deyil. Uzun illərdir ki, beyin qan dövranının pozulması ilə əlaqədar fasiləsiz yuxusuzluq mərəzinə düçar olmuşam. Bir sıra başqa xəstəliklər də mənim daimi “mehmanıma” çevrilib. Görünür, bu xəstəlik həm də onunla bağlıdır ki, mən son 35 ildə gündüzlər işləmiş, gecələrsə yaradıcılıqla məşğul olmuşam. İndiki dövrdə bu cür xəstəliklərin müalicəsi baha başa gəlir. Di gəl ki, bizim səhiyyəmizdə sığorta sistemi mövcud deyil. Deməli, məntiqlə belə çıxır ki, mənim xəstəliyimin müalicəsi də bizdə hələ qeyri-mümkündür. Çünki sadəcə olaraq, istənilən vəsaiti ödəməyə mənim heç vaxt imkanım olmayacaq.
    Amma tam səmimiyyətlə deyirəm: mən nə öz dostlarımdan, nə də dövlətimizdən heç bir yardım-filan ummuram. İndiki halda kiməsə ağız açmaqdan da söhbət gedə bilməz. Media nümayəndələrindənsə bu məsələni şişirtməməyi xahiş və tələb edirəm. Mən Tanrının verdiyi bir ömrü yaşayıram. Bu ömrü uzatmaq üçün hansı qurumdansa “yardım”, kimdənsə sədəqə ummaq niyyətində deyiləm. Tanıyanlar tanıyır: hələ ilk gəncliyimdən bir az “təkəbbürlü”, bir az “tərs”, bir az da “mühafizəkar” olmuşam. Yəni qapılar arxasında boyun bükmək, əl açmaq, göz yaşı tökmək mənim psixologiyama yad olub. Bu səbəbdən çox şey itirmişəm. Amma güman edirəm ki, qazancım da olub.
    Necə deyərlər, hələ həyat davam edir.
    .. və hələ Əzrayılla görüşə də hazırlaşmıram.
    Biz nə dünyaya öz istəyimizlə gəlirik, nə də dünyadan öz xahişimizlə gedirik.

    25.-26.12.16
    İlyas Tapdıq vəfat etdi. Bu barədə mənə axşamdan xeyli keçmiş şairin kürəkəni Kamandar Eyvazlı xəbər verdi. Mən də onun bir sıra “dostlarına” zəng etdim. Səsimə səs verən az oldu. Belə çıxır ki, onların əksəriyyəti, şair özü demişkən “çörək” və ya “çörəyi dizinin üstə olan” dostlar imiş.
    Təcili evlərinə getdim...
    ...İ.Tapdığın dəfn mərasimini aparmaq, idarə etmək qohumları, yaxınları tərəfdən mənə həvalə olundu.
    Yaxın dostu N.H. ağır xəstə olduğuna görə dəfnə gələ bilməmişdi. AYB-ni Anar və İlqar Fəhmi təmsil edirdi.
    ...Şair Badamdar istiqamətindəki qəbristanlıqda- həyat yoldaşı Münəvvərin yanında dəfn olundu.
    Mediada şairin vəfatı ilə bağlı informasiyalar paylaşılıb.
    Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi keçirilib.
    Vida mərasimində şair-yazıçılar, mərhumun qohumları, ailə üzvləri iştirak edir.
    Vida mərasimində çıxış edən dramaturq Firuz Mustafa bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının ağırlığı İlyas Tapdığın çiyinlərinə düşdü. İlyas Tapdıq Azərbaycan poeziyasının görkəmli nümayəndəsi idi”.
    Yazıçı Əfqan İlyas Tapdığın ölümünə inana bilmədiyini söyləyib: “İlyas böyük ürək sahibi, qohumcanlı, vətəncanlı, dostcanlı bir insan idi. İlyas çoxdan əbədilik qazanıb”.
    Şair Dəmir Gədəbəyli deyib ki, İ. Tapdıq dünya uşaq ensiklopediyasına düşən yeganə azərbaycanlı şair olub.
    Mərhumun digər qələm yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər.
    Vida mərasimindən sonra İ. Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunub.
    Etikxeber.az
    Bu da son...

    26.11.2016
    Fidel Kastro vəfat etdi...
    Bu miqyasda olan adamları həm tənqid, həm tərif, həm də təqdir etmək üçün kifayət qədər bəhanə, vəsilə və fakt tapmaq mümkündür.
    Bütün bunlar öz yerində.
    Amma düşünürəm ki, Kuba liderinin toprağa gömülməsi o deməkdir ki, biz 20-ci yüzillikdən və onun yetirdiyi “inqilabçı” şəxsiyyətlərdən birdəfəlik ayrılırıq.

    29.11.2016
    ...ağlınıza ayrı şey gəlməsin.
    Bu gün həm Tarif Şurasının rəsmi sənədlərində, həm də sosial şəbəkələrdə gedən yazılarda ən çox belə bir ifadə təkrarlanır: "Qazın və işığın qiyməti qalxıb" və ya "Qazın və işığın qiymətini qaldırıblar"... Nə üçün “qalxıb” və ya “qaldırılıb”? Bu cür ifadə tərzi kökündən yanlışdır. Dilimizi qaza görə korlamayaq.
    Əslində cümlə belə olmalıdır: "Qazın və işığın qiyməti artırılıb".
    Bir az diqqətli olaq. Qrammatik və məntiqi baxımdan deyirəm.
    Ta olan olub. Dilimizi korlamayaq.

    30.11.2016
    Qardaşım Fasadın yanında oldum.
    Yaxşıdır.
    Payızın üzü bozdur.

    29.12.16.
    Günlər boz keçir. Yeni ilə az qalıb.































    2017

    01.02.2017
    Deyilənə görə bu gün- 1 Mart Ümumdünya yuxu günüdür.
    Heç bilmirəm belə bir günə ehtiyac var ya yox?
    Bilənlər bilir, 30 ildən çoxdur ki, mən gecələr, demək olar ki, yatmıram.
    Adətən, səhərlər qısa, qırıq-qırıq, qısa fasilələrlə yatıram. Gündəlik yuxumu kino lenti kimi montaj etsələr, həcmi qısametrajlı bir sənədli film qədər ola ya olmaya.
    Səbəblər mənə və təbabətə qismən bəllidir: zehni, beyni çox məşğul etmək.
    Amma xoşbəxtlikdən, gümrahlığım üçün kiçicik bir çimir də kifayət eləyir.
    Hesab edirəm ki, mən bu dünyada tək deyiləm. Yəqin ki, bu cür “yuxu soyqırımına” məruz qalan digər dostlar da var.
    ...Amma, gəlin etiraf edək ki, yuxu çox şirin şeydir.
    Yuxunuz şirin olsun.

    02.02.2017
    Bir az mübahisəli mövzu olsa da deyəcəyəm.
    Bir də görürsən ki, birisi hansısa bir xoşagəlməz iş tutur. Və özü də etiraf edir ki, savadı azdır, yaxşı təhsil almayıb və sair. Bu dəm hamı başlayır, həmin adamın müəllimini, məktəbini, hətta əlaqədar nazirlikləri söyməyə. Beləliklə, o axmaq iş tutan adam qalır bir kənarda.
    Bəli, mən də belə hesab edirəm ki, hər bir kəsin formalaşmasında təhsilin rolu böyükdür.
    Amma hər şey üçün müəllimmi günahkardır?
    Əgər sən ömür böyu əlinə bir kitab götürüb oxumamısansa müəllim neyləsin?

    28.02.2017
    Sevgi sosializmin qalığıdır
    -Övladım, indi kapitalizm dövrüdür. Bax, görürsənmi bu sözün kökündə “kapital” dayanır, ka-pi-tal... İndi adamlar bir-biri üçün oğul alıb oğul verəndə, eee, bağışla, qız alıb qız verəndə, hər şeydən əvvəlqarşı tərəfin kapitalı ilə maraqlanırlar. Görürsən birinin var-dövləti aşıb-daşır, amma gözü yenə də doymur, deyir ki, oğlumu, eee, bağışla, qızımı kasıba vermərəm. Övlad deyəndə ki, axı biz bir-birimizi ürəkdən, cani-dildən sevirik, valideyn haqlı olaraq yenə yaşadığımız cəmiyyətin adını xatırladır və üstəlik bu yeni atalar sözünü də öz gözəl nəsihətinə əlavə edir: “A bala, sevgi sosializmin qalığıdır. Kapitalizmdə nə sevgi?”...
    (Çoxdan yazılmış bir satirik monohekayəmin qəhrəmanı belə deyir))
    Ta orasını deyə bilmərəm ki, düz deyib, ya əyri...)

    21.03.2017
    Uzun ömrün son akkordu... Medianın məlumatına görə, amerikalı milyarder David Rokfeller 101 yaşında vəfat edib. Bu adam dünyanın axar-baxarını dəyişdirən insanlardan biri idi. Əlbəttə, təkcə pulu ilə yox...
    Sizi bilmirəm, şəxsən mən bu qədər yaşamaq istəməzdim. Elə yüz bəsdir…Ta yüz bir nədir?
    … Mətbuata göz gəzdirirəm. Ədəbi goreşənlər” yaxın və uzaq tarixin müstəvisində yenə “qazıntı işləri” aparırlar. Yaxşı, gəlin bir anlığa təsəvvür edək ki, bu “goreşənlərin” öz aləmlərində sevmədiyi bir çox şəxsiyyətləri (məsələn, Mirzə Fətəlini, Mirzə Cəlili, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni və digərlərini) ədəbiyyat tarixindən çıxaraq. İndi təsəvvür edin, mədəniyyətimiz nə gündə olar?
    Amma öz aramızdır, istedadın miqyasını və böyüklüyünü bu “goreşənlər” də “düzgün” qiymətləndirir.

    21.03.2017
    Bax elə indicə yeni hekayəmi tamamlayıb son nöqtəni qoydum. Adı belədir: "FANTAST YAZIÇININ MARSDA DƏFNİ".
    Bu hekayə əslində "fantastik əsər haqda realist yazı" hesab oluna bilər.
    Bəzən dostlarla da məsləhətləşmək lazım gəlir:
    Sizcə hekayəni əvvəlcə harada- saytda, qəzetdə, yoxsa jurnalda dərc etdirmək daha münasibdir.

    22.03.2017
    Dostluğumda olan intellektual bir xanım maraqlı bir informasiya yazıb: Hitler, Stalin, Trotski, Frans İosif, Freyd... Bu adamlar hamısı 1913-cü ildə eyni şəhərdə yaşayıb.
    Hansı şəhərin olduğunu dostum yazmasa da, mən arayıb tapdım. Sən demə, bu, şəhər Vena imiş. Amma zənnimcə Stalin orada olmayıb..
    Hər halda əsl detektiv əsər mövzusudur.
    Elə deyilmi?

    22.03.2017
    Vəzifəli adamların, xüsusən, az qala bütün şanlı deputatların kütləvi qaydada “professor” olmağa başladığı bir dönəmdən sonra, otuz ildən artıq çalışdığım elmi-tədqiqat institutuna “əlvida” demək qərarına gəldim.
    Yox, söhbət təkcə deputatlardan getmir, təbii...
    Söhbət ondan gedir ki, bu “professorluq” adlı “yarlık”ı onlar özləri yox, adətən “dublikatları” ortaya qoyur... Və buna görə də adətən son illərdə dissertasiya müdafiəsi qabağı az-çox istedadı olan şəxs müdafiə şurasına belə təqdim edilir: “Bu işi bu adamın özü yazıb”.
    Bu da ola bilər.
    Amma həmişə ürəyimdən keçib ki, bu gələcək alimlərə bir sual verim:
    -Əcaba, bəlkə səni bir otağa salıb deyək ki, öz tərcümeyi halını yazasan, əgər yaza bilsən professor nədir, lap akademik də ola bilərsən..)

    26.03.2018
    Böyük pullar haqda kiçik müşahidə
    BÖYÜK PULLAR:
    Şərqdə:
    Böyük vəzifə+böyük pul= (əsasən) böyük faciə.
    Qərbdə:
    Böyük pul+böyük vəzifə= (əsasən) böyük xeyriyyəçilik.
    Ki yəni, Şərqdə böyük pulun arxasınca çox vaxt məlakə cildində fəlakətlər sürünür. Və Qərbdə böyük pulun arxasınca kabus kimi reklam addımlayır.

    30.03.2017
    Ədəbiyyatı sevən dostlar müzakirədə və sosial sorğuda iştirak edə bilərlər.
    Ədəbi əsəri hansı meyarla qiymətləndirmək olar?
    Zatən siz də öz rəyinizi əlavə edə bilərsiz
    Ədəbiyyatda hökm vermirlər, fikir bildirirlər. İndi bu cümləni yazanda baxıb gördüm ki, az qala elə özüm də hökm vermişəm. Ona görə də cümləmin əvvəlinə bir “mənə elə gəlir ki”, ifadəsi də artırmalı oldum.
    Bəli, məncə, ədəbiyyatda hökm verilmir, fikir, rəy bildirilir.
    Niyə bu qərardayam?
    Bir də görürsən ki, məsələn, ədəbiyyatçı olmaq istəyən birisi (bu, daha çox gənclik dövründə olur) cığal uşaq kimi qara-qışqırıq qoparıb, az qala özünü yerə çırpa-çırpa deyir: “Bu,şeir gözəldir, bu isə pisdir”. Və yaxud: “Filan roman əladır, filan romansa zəif”. “Mən deyən düzdür, siz deyən səhvdir”.
    Mən belə hesab edirəm ki, hər hansı bir əsərin səviyyəsini bu və ya digər hökmlə dəqiqləşdirmək olmaz. Bunun üçün bir yox, bir neçə arqument, lap elə bir neçə paradiqma lazımdır. “Hökmverənlərdən” yan keçərək vacib bildiyim səbəblərdən on dənəsini mən deyim, qalanını kim istəsə əlavə edə bilər.
    1. Dünya dillərinə ən çox tərcümə edilən əsər.
    (Amma bu da tam dəqiq qiymət deyil. Çünki hansısa kapitalist yazıçı öz əsərini asanlıqla bir neçə dilə tərcümə elətdirə bilər).
    2. Milli ədəbiyyatda ən çox rezonans yaradan əsər.
    (Bu da natamam fikirdir).
    3. Ən çox tirajı olan əsər.
    (Tiraj da vəsaitə bağlıdır).
    4. Ən çox oxunan əsər.
    (Düma da çox oxunur, amma ciddi ədəbiyyat nümunəsi hesab olunmur).
    5.Ədəbiyyatşünasların daha çox təqdir etdiyi əsər.
    (Bəzən bu da əsas şərt kimi qəbul edilmir).
    6. Ən çox satılan əsər.
    (Bu, bir fakt və faktor olsa da, qiymətləndirməni tam ehtiva etmir).
    7. Yaşlıların (və ya gənclərin daha) çox oxuduğu əsər.
    (Hesab edirəm ki, bu məsələdə yaşın rolu azdır).
    8. Yazıçıların daha çox təqdir etdiyi əsər.
    (Bu arqumant də yarımçıq təsir bağışlayır).
    9. Ən çox mükafat alan əsər.
    (Bəzən zəif əsərlər daha çox ödül alır).
    10. Ən çox tənqid olunan əsər.
    Bu cür hallar da əsas amil hesab oluna bilməz.
    Qoy digər səbəbləri və arqumantləri professional söz sahibləri və oxucular özləri əlavə etsinlər…

    03.04.2017
    Bilmirəm siz tərəfdə vəziyyət necədir. Son zamanlar bizim ərazidə dilənçilər dəstə halında gəzirlər. Halbuki əvvəllər onlara az hallarda rast gəlmək olurdu, özləri də tək-kək gəzir, fərdi -subyektiv qaydada dilənirdilər.
    Son zamanlar bir məsələ də diqqəti çəkməkdədir. Bilmirəm bunu siz də fb-də müşadidə edirsiz ya yox? Məsələ də bundan ibarətdir ki, profillərin çoxunda yarıçılpaq qadan şəkillərinin sayı artmaqdadır.
    Görəsən bu iki hal arasında bir əlaqə varmı?

    04.04.2017
    Bir məclisdə tanış olduq. Yanımdakı adam onu mənə təqdim etdikdən az sonra qulağıma pıçıldayıb dedi ki, bəs filan yerdə işləyir. Xub. Bildim ki, “iri” adamdır. Əksər məmurlar kimi o da az qala məclisin sonunacan “müdrikanə” bir qaydada susmaqda idi. Amma lap sona yaxın bir-iki kəlmə danışdı. Kaş heç danışmayaydı. Belələri elə öz ayıbına kor olub daim sussalar daha yaxşıdır. Elə düz də eləyib susurlar.

    09.04.2017
    Bu gün 9 aprel 1989-cu il tarixdə Tiflisdə törədilən faciəni xatırladım....
    Biz onu da unutmamalıyıq...

    13.11.2017
    Bu gün yayılan məlumata görə, Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.
    Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.
    Məni də bir dəfə küçədə it dişləmişdi...
    Bu barədə qeydlərim də var. O qeydləri tapsam xəbər verəcəm sizə..
    Görəsən, bu itlərdən camaatı xilas edəcək bir idarə yoxdurmu? Biz tərəfdə də itlər tez-tez adamlara hücum edir. Hətta bir neçə dəfə itlərlə adamlar arasında "insident" baş verib.
    …Hə, o dediyim yazını tapdım.
    İtin dişləməkliyi...
    Və ya şikəst olmaqdan necə qurtuldum?
    Yaxşı yadımdadır, Kars Marksın heykəlinin yanından keçirdim. İlini dəqiq xatırlamasam da, orası dəqiq yadımdadır ki, həmin vaxt artıq proletariatın dahi rəhbərinin heykəli götürülmüşdü, postamentin də yeri boş idi.
    Yaxınlıqda uşaqlar futbol oynayırdılar. Qəflətən arxa tərəfdən ayağıma nəyinsə toxunduğunu hiss etdim. Ani olaraq beynimdən keçdi ki, yəqin uşaqların topu dəyib ayağıma. Geri çevrilib “topu” geri qatarmaq istəyəndə şalvarımın balağından yapışan qıllı itin iri başını və zəhmli gözlərini gördüm. İti təpikləməyə başladım. Nə qədər humanist və insanpərvər... bağışlayın, heyvanpərvər olsam da belə, özümü müdafiə etməli idim. Bayaqdan kəllə vuran it, indi hirslənib iti dişlərini ayağıma saplamağa çalışırdı. İtlə əlbayaxa olduq.
    Sən demə, həngamə geridə imiş. Bir cavan, sarışın oğlan itə sarı qaçaraq hündürdən söyə-söyə haray-həşir salmağa başladı. Düşündüm ki, yəqin bu gənc mənə kömək eməyə tələsir. Sən demə, oğlan doğrudan da köməyə tələsirmiş, amma itin köməyinə. İt də həşir qoparmağa başladı.
    Oğlan rus idi. İt isə öz sahibini görüb daha da şitənmişdi.
    Oğlan iti birtəhər sakitləşdirdi. Belə məlum oldu ki, bu rus uşağı bu itin sahibidir. Mən əsəbi halda dedim ki, niyə ağzına ağızlıq-burunluq keçirilməmiş itlə bayıra çıxmısan? Oğlan dedi ki, kefim belə istəyir. (“Mne tak xoçetsya, kakoye tvoye delo?”) Mən irəli yeriyib bu həyasız oğlana itin həmlə etdiyi ayağımla bir təpik ilişdirmək istədim. Oğlan qırımımı başa düşüb geri çəkildi. Deyəsən, it oğlanın qorxub öz mövqeyindən geri çəkiləcəyini və bizim mübahisə etdiyimizi hiss etmişdi. İt təzədən həşir qoparıb hücum “stoykası” aldı. Yaxınlıqda futbol oynayan uşaqlar bizə yaxınlaşaraq iti və onun sahibini qovmağa başladılar. İtlə rus uşağının səsi bir-birinə qarışmışdı.
    Yoluma davam etməyə başladım.
    Az sonra ayağımda agrı qarışıq gicişmə duyub ayaq saxladım. Sən demə, şalvarın balağı şilimlənmiş, itin iti dişi isə ayağımım arxasını siyiribmiş.
    Baş verənlərə çox da fikir verməməyə çalışırdım. Amma bir müddət sonra rastlaşdığım dostuma (Tofiq Xəliiov) bu barədə danışanda, o, mənə dedi ki, belə şeylə zarafat etmək olmaz, gedək həkimə müraciət edək. Getdik. Bizi ixtisasca neftçi olmuş bolşevik Semaşkonun adını daşıyan xəstəxanada qocaman bir həkimin yanına apardılar. Həkim köhnənin adamı idi. Sifəti kobud baltanın yonduğu ağaca bənzəyirdi. Pırpız qaşlarının altından muncuq boyda kiçik-dəyirmi gözləri işıldayırdı. O anlarda gözümün qarşısında məni dişləyən itin zəhmli suratı (yəni sifəti) canlandı. Az sonra həkimin yanında gənc bir “medsestra” xanım da peyda oldu.
    Həkim qalın şüşəli eynəyini taxıb ayağımın sıyrılan yerinə baxdı və başladı öz “şərtlərini” diktə etməyə:
    -Bilirsən, cavan öğlan, məsələ qəlizdir. Biz sənin ayağının bu hissəsini deşib oradan nümunə götürəcəyik. Səni qorxutmuram ha... Nə desən ola bilər. Sonra həmin nümunəni tədqiq etməyə göndərəcəyik... Səni qorxutmuram ha... Sonra o nümunəni əkəcəyik... Səni qorxutmuram ha... Nümunə diqqətlə öyrəniləcək... Səni qorxutmuram ha...
    Bu yorucu söhbət əsnasında başımı qaldırıb həkimin arxasında dayanaraq mənə müəmmalı şəkildə göz-qaş edən “medsestra” xanıma baxmalı oldum. O, deyəsən, mənə “qarğa dilində”, daha doğrusu pontomim üsulla, müəmmalı işarələrlə nəyisə izah edtmək istəyirdi. Arxa planda gedən “oyundan” təbii ki, bixəbər olan qocaman həkimsə hələ danışmağında idi. O, işə başlamaq üçün mənim razılığımı almaq istəyirdi.
    Həmin vaxt “medsestra” xanım əlini sağa-sola yellədib “yox de”, “razı olma” işarəsini verdi. Mən onu anlayıb həkimə dedim:
    -Yox, doktor, mənim elə uzun-uzadı proseduraya baş qoşmağa vaxtım yoxdur... Məsləhətinizə görə təşəkkür edirəm.
    Qısası, qocaman həkimi “razı salıb” tibb baçısının əyləşdiyi kabinəyə getdik. Ondan nə üçün mənim müalicəyə razılıq verməməyimi işarə ilə də olsa izah etməsinin səbəbini soruşdum.
    Xanım dedi:
    -Bu adam indiyəcən neçə-neçə adamı az qala şıkəst edib. Pulgirin diridir. Yaşlı adamdır. Huşu-zadı qalmayıb. İşdən də çıxara bilmirlər, çünki yuxarıda adamı var. Ona görə sizə işarə elədim ki, bunun dediyinə qəti razılıq verməyin.
    Xanima təşəkkür edib xəstəxanadan çıxdıq.
    Dostum gülüb dedi:
    -Şikəst olmaqdan yaxşı canını qurtardın.
    Gülüşdük.
    F.M.

    05.12.2017
    Yazıçı Cəmil Əlibəyovun ad günüdür. Buna yubiley yaşı da demək olar, çünki 90 illiyidir.
    Cəmil müəllim üç il əvvəl vəfat edib.
    Onunla “dostluğumuz” vardı. Bu, elə bir vaxt idi ki... Artıq Cəmil müəllimin işi-gücü, vəzifəsi yox idi, yaşlaşmışdı, səsi tutulmuşdu, xəstəhal idi. Amma o, iradəli adam idi, çox sarsıntılardan keçsə də nikbinliyini qoruyub saxlaya bilmişdi.
    O, daha çox öz qədim dostu, mənim dayım, yazıçı Nahid Hacızadə ilə ünsiyyətdə olurdu. Onların görüşlərində aradabir mən də iştirak edirdim. Cəmil müəllim mənim bir çox tamaşalarımda iştirak etmiş, əgər belə demək mümkünsə əsərlərim-roman, povest və hekayələrim haqqında geniş məqalə yazmışdı.

    “Nurlan” nəşriyyatının 2008-ci ildə nəşr etdiyi “Zəmanələrlə üz-üzə” adlı memuarının müqəddimə hissəsində (“Ömürnaməyə bələdçilik”) yazırdı:
    “Memuar yazmaq lüzumunu mənə zaman-zaman xatırladan, bunun vacibliyi ilə məni təsirləndirə bilən yazıçı-publisist dostlarım Nahid Hacızadəyə və Firuz Mustafaya təşəkkür edirəm...”

    ...Qardaşı Novruz, səhv etmirəmsə 25 yaşında ya həlak olmuş, ya da itkin düşmüşdü. Bu barədə “Xatirə kitabında” məlumat vardı.





    2018


    05.01.2018
    Yeni kitabımı nəşrə hazırlayıram: “Hekayələr”. Çalışmışam ki, hekayələrimin hamısı olmasa da əksəriyyəti bu kitabda cəmlənsin. Həmişəki kimi, həm tərtibçi, həm redaktor, həm korrektor özüməm.

    09.01.18
    N.H. xəstədir. Onun belə vəziyyəti məni çox üzür. Biz təkcə qohum (dayı-bacıoğlu) deyil, həm də uzun illərin dostu olmuşuq.
    Kitabımın bir qismini çapa hazırlamaqla məşğulam...

    18.-19. 01.18
    Ən hüznlü günlərimdən biri. Nahid Hacızadə vəfat etdi... Media nümayəndələri mənə zəng edib bu barədə məlumat aldılar...
    ...İçimdə nəsə qırıldı. Daha Nahid Hacı olmayacaq-bu barədə düşünəndə dəhşətə həlirəm.
    ... N.H. ailə üzvlərinin israrlı təklifi ilə evlərindən bir qədər aralı olan Biləcəri qəbristanlığında dəfn edildi.
    ... Axşam sakitliyə çəkilib için-için ağladım.

    03.02.2017
    Çində 29 yashli Vanq adli bir gənc, atasinin 92 milyard dollar dəyərində olan əmlakindan (mirasından) ve 32 milyard pulundan imtina edib. Çinli gənc deyir ki, mən atam kimi yox, adam kimi yashamaq istəyirəm.
    Atalar- ogullar davasi əbədidir...
    Təki bütün "davalar" elə bu cür ola…


    18.02.18
    Doğum günüm. Əslində 52-ci ilin ilin bu ayında bu günündə fevralın 18-də doğulmuşam. Amma sənədlərimdə (metrikada və digər “kağızlarda”) çox vaxt doğum tarixim həmin il iyunun 30-u göstərilir. Mən adətən bu günü, yəni fevralın 18-ni ailəmlə birgə keçirirəm. Bu il doğum günüm səssiz ötüb keçdi...

    19.03.2018
    Bizdə yer adlarının (toponimlərin) dəyişdirilməsi heç də həmişə effektli olmur. Fikrimizi konkret misallarla və qısaca ifadə etməyə çalışaq.
    Vaxtilə bizdə Xanlar rayonu vardı. İnqilabçı Xanlar Səfərəliyev “dəbdən düşəndən” sonra həmin rayonun adını dəyişib elədilər Göygöl. Axı onsuz da bizdə Göygöl vardı. Eyni adı həm gölə, həm də rayona verməyə bəyəm bu qədər ehtiyac vardı? P.s. Hətta, eşitdiyimə görə Göygölə (yəni gölə) getmək istəyən müsafiri Göygöl rayonunda düşürən sürücü də olub.
    Elə Xəzər dənizi ilə Xəzər rayonu da onun kimi.
    Sonra. Bizdə Dəvəçi adlı rayon vardı. İndi həmin rayon Şabran adlanır. Xalis türk adını əcnəbi sözlə əvəzləmək bu qədər vacib idi?
    Gədəbəy rayonunda Arabaçı adında iki kənd vardı. El arasında o kəndlərdən birinə Yuxarı Arabaçı, digərinə Aşağı Arabaçı deyirdilər. Yaxınlarda Yuxarı Arabaçının adını dəyişib elədilər Çiçəkli. Düzdür, Çiçəkli adı da pis deyil. Amma məsələ burasındadır ki, Aşağı Arabaçı olduğu kimi qaldı. Heç yuxarısız da aşağı olar?
    Bu misalların sayını yenə artırmaq olar.
    Dediyimiz odur ki, toponimləri dəyişəndə ehtiyatlı olmaq lazımdır. Axı hər adda bir tarix yaşayır.
    p.p.s.
    Hələ orasını demirik ki, dəyişməsi vacib olan, özündə heç bir mənanı ifadə etməyən, biədəb səslənən toponimlərimiz var ki, onların dəyişdirilməsi vacibdir.

    19.03.2018
    Qoy bir az da özümü tərifləyim
    Amma, ancaq, lakin və fəqət...
    Tanışlarımdan biri dedi:
    -Filankəs sənin 30 cildlik əsər yazmağına bir az tərəddüdlə yanaşır.
    Cavabım belə oldu:
    -Filankəs məni yaxşı tanıyır və tərəddüd etməyə də haqqı var. Yəqin o yaxşı bilir ki, mən bu 30 cilddə toplanacaq əsərləri öz 100 cildliyimdən seçib nəşr etdirirəm.
    -Doğrudan?
    -Bəli. Kimin şübhəsi varsa, buyurub sponsorluq etsin, yüz cildlik seçilmiş əsərlərimi nəşriyyata təhvil verim. Və onu da nəzərə alsınlar ki, bu, hələ yazılanların hamısı deyil, yalnız “seçilmiş əsərlərdir”.
    p.s. Ortaya sual çıxa bilər: yaxşı bəs bu əsərlər özünü maliyyələşdirə bilmirsə, satışda öz xərcini ödəmirsə, nəhayət oxunmursa, niyə yazılmalıdır?
    Doğru sualdır.
    Amma, ancaq, lakin və fəqət...
    Vaxtilə, hətta özümün özümə verdiyim bu suala bir neçə dəfə cavab vermişəm, zərurət olarsa, yenə cavablandıraram.

    20.03.2018
    Demokratiya və vicdan
    Demokratiya haqda çox danışırlar; ən çox da seçkilər ərəfəsində.
    Nədir demokratiya? Ona qısaca belə tərif vermək olar: vətəndaşın birbaşa və ya seçdiyi nümayəndələr vasitəsi ilə dövlət səviyyəsində öz hüquq və azadlığını bərqərar və təmin etməsi. Başqa sözlə, çoxluğun azlıq üzərində hakimiyyəti. Bir az da başqa sözlə, cəmiyyətin hakimiyyət üzərində nəzarəti. Qısası, xalq hakimiyyəti.
    Bütün bunlar öz yerində.
    Bəzən deyirlər ki, dünyanın heç yerində demokratiya yoxdur. Bu, çox absurd bir iddiadır. Əgər çoxluğun azlıq üzərində, yəni idarəedilənlərin idarəedənlər üzərində hakimiyyəti təmin edilirsə, demək bu, artıq demokratiyadır.
    Şəxsən mən hesab edirəm ki, demokratiyanın əsas sütünunu vicdan təşkil edir.
    Bəs vicdan nədir?.. Bunun elmdə təxminən bu cür tərifa var: hər bir adamın onu əhatə edən mühit və cəmiyyət qarşısında mənəvi məsuliyyəti vicdan hesab olunur.
    Qısası, vicdanlı adam həmişə demokratik olur. Ta bu məsələdə mürəkkəb sillogizmlərə nə hacət?
    Vicdanlı olun.

    19.03.2018
    Kişiyəbənzər qadınlar və qadınabənzər kişilər...
    Əgər diqqətli müşahidəçi olsanız görərsiniz ki, cəmiyyətdə qəribə bir “çevrilmə” baş verməkdədir. Ki yəni, bir çox qadınlar kişi, bir çox kişilərsə qadın jestləri ilə çıxış edir.
    Əslində məsələ belədir ki, bu cinslərə mənsub olan adamların nəinki özlərinin, habelə bədənin də dili və jesti vardır. Özü də bədən dilinin tarixi çox qədimdir. Bu məsələnin bəzi məqamları barədə həmkarım Kifayət xanım (Kifayət Ağayeva) xanım hətta vaxtilə maraqlı elmi iş də yazmışdı. Mütəxəssislər qadın bədəninin dilini kişi bədəninin dilindən fərqləndirməyi yaxşı bilirlər.
    Bu, məsələnin adi, təbii, normal halıdır. Amma artıq yuxarıda dediyim kimi, cəmiyyətdə paradoksal hallar baş verməkdədir: yeriş, duruş, danışıq, rəftar, gülüş, geyim-kecim... məsələrində cinslərin yerinin “dəyişdiyi” müşahidə olunur.
    Qadınabənzər sırğalı-boyunbağlı və naz qəmzəli kişilərin, eləcə də kişiyəbənzər söyüşcül və damağı cığaralı qadınların sayı günbəgün artmaqdadır.
    Mətbuat, məktəb, ailə, təbabət bü məsələlərə ciddi yanaşmalıdır. Bir çoxları mövcud vəziyyətə dişlərini ağardıb gülsə də, ağlamalı problemdir.

    19.03.2018
    Hansı zamanda yaşayırsan?
    Keçmişinizi unutmayın. Amma...
    Bu yazıya kiçik esse də demək olar…

    Zaman anlayışının mahiyyəti hər birinizə fizikadan, fəlsəfədən, lap elə dilçilik elmindən qismən aydındır.
    Amma mən indiki halda zaman barədə “fəlsəfə” açmaq istəmirəm.
    Mahiyyətcə zaman- hadisələrin ardıcıllıqla dərk edilməsidir. Məsələ burasındadır ki, adamlar bəzən öz “zamanlarını” unudurlar. Qısaca məişət misalı səviyyəsində bunu deyə bilərəm: məsələn, çox güman ki, sizin hər biriniz vaxtilə “it günündə” yaşasa da “tüklənəndən” sonra həmin zamanı unudan və öz keçmişi haqda nağıllar uyduran adamları görmüsüz. Bunlara obrazlı şəkildə, əvvəlcə pişik sonra pələng olanlar da demək olar. Yəqin ki, bunun əksini də görmüsüz: məsələn, vaxtilə xalqın sərvətini çapıb-talayan, onu qoyun yerinə qoyan, sonra kasıblayan və bu zaman özünün daim ehtiyac içində yaşaması barədə “hədislər” danışan adamlara da təsadüf etmisiz. Yenə obrazlılığa müraciət etsən, bunlara da əvvəllər canavar olub sonra tülküyə çevrilənlər demək olar.
    Daim gələcək zamanla yaşayan adamlar da yox deyildir. Romantiklərdən keç kəs ziyan görməz.
    Bilirsiz ən fəlakətlisi və qorxulusu, hətta qorxuncu, hansı zamanın adamlarıdır? Əslində, vaxtilə mən onlar haqda çox yazmışam. Amma yenə yazım. Bəli, bu adamların arasında ən qorxulusu əslində heç vaxt yaşamadığı keçmiş zamanı öz həyatlarında yaşadanlardır. Deyəsən, bu cümlə kiməsə bir az anlaşılmaz oldu. Sadə şəkildə deməyə çalışım: özü, məsələn, 21-ci əsrdə yaşadığı halda, təfəkkürü 11-ci əsrdə, Nizami dövründə ilişib qalan adamları nəzərdə tuturam. Görün bir yazıq Nizami bu ağıl sahiblərinin əlindən hələ o vaxt nələr çəkib?...
    Təsəvver edin, bunlar mobil telefonla danışır, amma kimisə parçalamaq haqda düşünürlər. Yəni cismləri bu gündə, şüurları daş dövründədir.
    Keçmişi heç vaxt unutmayın. Xüsusən də öz kemçişinizi. Amma daim keçmişin xiffəti, nostaljisi ilə də yaşamayın.
    Çalışın öz zamanınızı yaşayın.

    19.03.2018
    Dilçi dostum deyir ki, alınma sözlərdəki “ka” şəkilçisini atsaq yaxşı olar. Buna da əyani misal kimi az-çox uğurlu alınmış bir-iki sözü yada salır: sosis, faner.
    Yaxşı, tutaq ki, bütün alınma sözlərdən “ka”ları atdıq. İndi görək qalan sözlər necə səsənəcək?
    Məsələn, əvvəllər “ka” şəklçisi ilə işlənən sözlərin, bu islahatdan sonra necə olacağına aid bir-iki misal deyim: “matış”, “razet”, “tarel”...
    Başqa nümunələr də demək olar.

    20.03.2018
    Tanıdıqlarım arasında beş-altı vəzifəni qamarlayıb, əyləşdikləri yerlərin böyür-başını xırım-xırım sökənlər var. Özü də belələri adətən, işlərinin çoxluğundan, vaxt qıtlığından, vəzifə yükünün ağırlığından şıkayətlənirlər. Belələrinə deyirəm ki, işiniz belə ağırdırsa, zəbt etdiyiniz yerlərin bir hissəsini başqalarına həvalə edə bilərsiz. O qədər işsiz-gücsüz adamlar var ki...

    21.03.2018
    Belə “ziyalılar” da var...
    Bilmirəm sizə də bu xoy-xasiyyətdə olan soydaşımız rast gəlibmi?
    Guya ziyalıdır. Diplomlarının sayı ilə öyünür. Ədası da ki, öz yerində. Əslində, bu dediklərimin indi deyəcəyim mətləbə bir dəxli yoxdur...
    Hə, görürsən ki, Türkiyədən gələn qonaq həmin bu “ziyalıya”, necə deyərlər bizim yerli qaydada “müəllim” deyə müraciət edir və bu dəm həmin “ziyalı” az qala özündən çıxıb ağzı köpüklənə-köpüklənə deyir:
    -Əfəndim, mənə niyə “bəy” demirsən, “müəllim” deyirsən? Mənim bu müraciət formasından xoşum gəlmir, abi... Nə “müəllim”?
    Amma, ancaq, lakin və fəqət bizim “yerli” soydaşlardan biri bu “ziyalıya”, necə deyərlər “bəy” deyə müraciət edəndə, bu adam bərk əsəbiləşib deyir:
    -Bu nə sözdü mənə deyirsən? Nə bəy? Mən bəy deyiləm, əziz qardaş. Mənə azacıq hörmətin varsa “müəllim” de, bəsimdir...
    Bilmirəm beləsinə nə demək lazımdır? Yəqin ki, belələri üçün başqa, daha sanballı bir müraciət forması fikirləşib tapmaq lazımdır.

    07.04.2018
    Ay rejissor vətəndaş, elə film çək ki, evində ailəlikcə o filmə baxa biləsən və oradakı kadrların heç birinə görə xəcalət çəkməyəsən.
    Ay yazar qardaş, elə əsər qələmə al ki, onu öz arvad-uşağın da oxuya bilsin.
    Ay rəssam atkadaş, elə rəsm çək ki, ona səninlə birgə qohum-əqraban da tamaşa edə bilsin.
    Ay siyasətçi soydaş, elə söz danış ki, dediklərinin yüz faizinə olmasa da, heç olmasa bir faizinə öz ailə üzvlərindən bircə nəfər inanan olsun.
    Ay trol sirdaş, elə söz yaz ki, sənin kimliyini keç kəs bilməsin, hətta öz eşin də...

    21.04.18
    Gərək düzünü danışasan.
    Mən onu sadə, təvazökar, səmimi bir adam kimi tanıyıram.
    Ötən əsrin 80-90-larında arada rastlaşar, salamlaşardıq. Hətta, bir neçə dəfə o vaxtkı Əzimzadə bağında bilyard da oynamışıq. Fransız dili mütəxəssisidir. Ziyalıdır. Alimdir. Pedaqoqdur. Millətini sevən adamdır.
    “Fransız” filmində, belə deyək, elə ixtisasına uyğun bir rol da oynamışdı.
    Doğrusu, 20 ildən çoxdur ki, rastlaşmırıq.
    Yeni təyin olunmuş Baş nazir Novruzəli müəllimi deyirəm.
    Çox çətin, ağır dövrdür.
    Mürəkkəb zamandır.
    İnanmıram ki, hansısa pedaqoq belə vəzifədə uzun müddət tab gətirsin.
    Uğurlu olsun.

    02.07.2018
    Orta mektebde eyni sinifde oxudugum, sedaqetli dostum, sade, zehmetkesh, durust, vicdanli insan, oz adinin mahiyyetini (yeni temkinliyi ve sakitlyi) xasiyyetinde yashadan Sakit Hesenov dunyasini deyishib. Bu xeberden chox uzuldum. Sakitin ozune rehmet, yaxinlarina sebr dileyirem.

    …Bu, mənim, indi yox, hələ gənclik illərində formalaşmış fikrimdir... Yəni həmişə hesab etmişəm və yenə də belə hesab edirəm ki, istedadın, işgüzarlığın, qabiliyyətin, təşkilatçılığın, rəhbərliyin yaşa heç bir dəxli yoxdur.
    Bizim bir çox gənclər vəzifədə olan yaşlı adamlara istehza, hətta, deyərdim ki, bəzən rişxənd edirlər.
    Təəssüf ki, bunun əksi də olur; yəni bir çox ahıl adamlar gənclərin mühüm postlarda vəzifə tutmasına qısqanclıqla yanaşırlar.
    Məncə, vəzifə tutmaq məsələsində yaşın azlığından və ya çoxluğundan söhbət açmaq mənasızdır.
    Tarixə müraciət edib kifayət qədər gənc və yaşlı dahi, eləcə də kifayət qədər cavan və qoca axmaq tapmaq olar.
    Məsələn, Den Syaopin Çində öz islahat proqramını irəli sürərkən yaşı 80-ni keçmişdi. Ukraynanın hal-hazırkı Baş naziri Vladimir Qroysmanın isə cəmi 37 yaşı vardır.
    Və yaxud, Amerikanın 40-cı prezidenti Ronald Reyqan hakimiyyətə gələndə 70 yaşı keçmişdi. Amerikanın 35-ci przidenti Con Kennedi isə dövlət başçısı seçiləndə 44 yaşı vardı.
    Ukraynanın böyük alimi Paton yüzü keçməkdədir və yenə elmi axtarışlarını davam etdirməkdədir.
    Yəni məsələ heç də yaşda, yəni onun az və ya çoxluğunda deyil.
    Məsələ adamın lazımlılığında və yerində olmağındadır.

    11.07. 2018
    Din və DiN üz-üzə.
    Bu, təhlükeli bir hal. Hamiya səbr və təmkin arzu edirəm. Bütün görünən və görünməz yollar insanlari cəhalətə yox, demokratiya aparmalidir.

    20.07.2018
    Bu günkü toy məclisində 33 əvvəli, iştirak etdiyim başqa bir toyu xatırladım... Əslində həmin toy elə bu günkü toyun bir növ “başlanğıcı”, bünövrəsi idi...
    Bilmirəm o günü xatırlayan varmı?
    “Heç nə unudulmur, heç kəs yaddan çıxmır”... (Bir vaxt belə bir gözəl şüar vardı).
    Avqust. 2017. Bakı. Dostum Fəxrəddin Ağamirzəyevin oğlunun toyu.
    Xəyal məni 32 il əvvələ, Fəxrəddinin özünün toy gününə çəkib aparır. Və beləliklə...
    1985-ci ilin avqustu yadıma düşür.
    Muğan. Saatlı. Mən vaxtilə bu rayonda müəllim işləmişəm. Elə o vaxtdan burada çoxlu dostlar qazanmışam. Adıgün kənd orta məktəbindən başlayan müəllimlik fəaliyyətim M.Əzizbəyov adına şəhər orta məktəbində başa çatıb.
    Dediyim kimi, Saatlıdakı dostlardan biri də Fəxrəddindir. Və onunla təmənnasız ünsiyyətimiz indiyəcən davam edir.
    O vaxt Fəxrəddin jurnalist idi, Saatlıda çıxan “Dönüş” qəzetində çalışırdı. Dostum sonralar ikinci ali təhsil aldı, hüquqşünas oldu.
    Bəli, 1985-ci ilin isti yay günündə Bakıdan Fəxrəddinin toyuna getmişdik. Mərkəzdən gedən qonaqların əksəriyyəti bəyin həmkarları idi. Yəni jurnalistlər... O vaxt mobil telefon olmasa da, biz çox mobil qaydada təşkilatlanıb Saatlıya yola düşdük.
    Toy yüksək səviyyədə keçdi.
    Həmin gün geri qayıtmalı idik. Bəylə xudahafizləşib dəmiryol vağzalına gəldik. Dedilər ki, biletlər satılıb. Bəs nə etməli?.. Diribaş səfər yoldaşlarımızdan hansısa kassiri dilə tutub ümumi vaqona bilet almağa nail oldu. “Nail oldu” deyəndə ki, hələ biletin özü yoxdu, yalnız onun “hə”si alınmışdı. Saatlıdan keçəcək “Yerevan-Bakı” qatarın gəlmək vaxtına çox az qalırdı. Pulu təcili ödəmək lazımdı. Hamıdan bir-bir pul yığmaq çox vaxt apara bilərdi. Buna görə də “eksküliziv” olaraq, təcili şəkildə belə qərara gəldik ki, hələlik biletin pulunu bir adam ödəsin, sonra yolda xərclənmiş məbləğ yığılıb həmin adama verilər. Deyəsən təklif Araz Zeynalovdan gəldi və onun bu təklifi Vasif Quliyevlə Elşad Qoca tərəfindən dəstəkləndi.
    Beləliklə, biletlərin pulunu mən ödəyəsi oldum. Əslində, elə bu cür də olmalı idi. Çünki bu gənclər arasında mən bir az “ağsaqqal” idim. Düzdür hələ ev-eşiyim yoxdu, subay və gənc alim idim, mətbuatda fasiləsiz nəşr olunurdum, televiziyada veriliş aparırdım, üstəlik yenicə ilk nəsr kitabım nəşr olunmuşdu; yəni dediyim budur ki, stabil maaşı olan və o dövrdə əməlli-başlı qonorar alan bir adamdım. Təbii ki, toya gələn bu dostların “kollektiv rəyinə” mən müsbət əks-səda verməli idim.
    Şəstlə pulu cibimdən çıxarıb kassirə verdim. Biletləri aldıq. Qatar gəldi. Tez özümüzü vaqonlara təpdik.
    Sən demə, əsl komediya hələ arxada imiş. Az sonra, qatar tərpənəndən sonra, indiki “dildə” desək, şok yaşamalı olduq. Belə məlim oldu ki, rəsmi qaydada nə belə qatar var, nə də belə vaqon. Və təbii ki, nə də bü nömrədə yerlər yoxdu. Deməli, kassada işləyən xanım bizə “lipovı”, qondarma bilet satıbmış. Qorbaçov hakimiyyətə təzə gəlmişdi və məncə Sovet hökumətinin “dağılma planı” həmin gün rəsmi layihəyə daxil edildi...
    Təbii ki, nə yolda, nə də ondan sonra mənim bilet almaq üçün verdiyim pul “öz sahibinə” çatmadı.
    Yolda başımıza çox macəralar gəldi.
    Gənc idik. Yol boyu deyib-gülür, zarafatlaşırdıq. Toyun xoş və bir az da macəra dolu təəssüratı altda gəlib Bakıya yetişdik.
    Bütün bunlar öz yerində.
    Bilmirəm o günü xatırlayan varmı?
    Bu kiçik xatirəni yazarkən birdən-birə yadıma düşdü ki, ay dadi-bidad, indi həmin vaxtdan düz 33 il keçir. Bu, heç də az vaxt deyil, lap dəqiq desəm, bu, lap İsa Peyğənbərin yaşıdır. İndi mən öz kəndimizdə, yəni əsası İsa babamız (İsa Zaman oğlu) tərəfindən qoyulmuş İsalı kəndindəyəm. Sözüm həmin dostlaradır: Buyurub qonaq gələ bilərsiz.
    İndi Muğanda yenə istidir. Amma burada, Şınıxda, bizim İsalıda hava sərin, hətta deyərdim ki, soyuqdur. Düzdür, bizim yollar bir az bərbaddır, hər necə olsa da dağ yoludur axı...

    17.09.2018
    Qardaşım Fasadın yanında oldum. ƏN-nin xəstəxanasında. Dedi ki, sabah və ya birisigün evə çıxasıdır. Gözləyirik...

    19.09.2018.
    Adətən, günlərim müxtəlif qayğı və problemlərlə yüklü olur.
    Məni bu dünyanın dərd-sərindən qismən yaradcılıq azadlığım xilas edir.
    ...Bu gün həm qayğı, həm sevinc, həm də xoş anlarla dolu bir gün yaşadım.
    Allah hamınızın sevinc payınızı bol eləsin.
    p.s. Qardaşım Fasad uzun “ayrılıqdan”, 28 aydan sonra öz evinə qayıtdı.

    16.10.18
    Aqşinin ad günü. Amma nədənsə doğum günü pasportda bir gün sonra -17.10.18 qeyd edilib…
    … Bir neçə əsər üzərində parallel işləyirəm.








































    2019

    19-24.01.19
    ANAM...
    (ESSE)

    Anam Firəngiz Rəhim qızının və dünyadan köçmüş bütün anaların əziz xatirəsinə ithaf edirəm

    O, çox iradəli və güclü bir qadın idi. İradəli və güclü olduğu qədər də zərif və gücsüz idi. Bəli, anamı deyirəm, bu günlərdə itirdiyim Firəngiz Rəhim qızı Mustafayeva-Hacızadəni...
    Atam 55 yaşında dünyasını dəyişmişdi. Xatırlayıram, o gözlənilməz faciə, bizim həyatda aldığımız ilk böyük zərbə idi. Nə edə bilərdik ki? Axı bu, bizim taleyimizi, özümüzdən asılı olmayaraq, etibar etdiyimiz həyatın zərbəsi idi və sonrakı illərdə biz onun, yəni həyatın daha ağır sınaqlarına tuş gələsi olduq.
    ...Atam Qədimalı Mustafayev ikinci Dünya müharibəsindən əvvəl Gəncədə pedaqoji texnikumu bitirmişdi. Uzaq Şərqə qədər uzun bir döyüş yolu keçmiş, yaponlarla savaşda iştirak etmişdi. O, maarifçi bir adam idi. 1946-cı ildə cəbhədən geri döndükdən sonra da təhsilini davam etdirmiş, əvvəlcə Rus dili İnstitunda, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı.
    Atam ömrünün sonunacan öz kəndimizdə- Gədəbəy rayonunun İsalı kəndində Azərbaycan və rus dili ixtisasları üzrə müəllimi işləmişdi. Öz peşəsini çox sevərdi. Dünyasını qəfildən, elə dərs dediyi məktəbdə dəyişən atamdan sonra bizim həyatımız da büsbütün dəyişdi.
    Biz üç qardaş o vaxt tələbə idik. Mən Pedaqoji universitetdə oxuyurdum. Fuad indiki Texniki universitetdə, Fasad Tibb universitetində təhsil alırdı. O vaxt bacım Səyyarə və kiçik qardaşım Ayaz hələ orta məktəbdə oxuyurdular. Anam əvvəllər heç yerdə işləməməmişdi. Amma az sonra anamgil tərəfdən nəslimizin ağsaqqalı, böyük maarif xadimi Əli Rəsulovun və atamın uzun illər işlədiyi təhsil ocağının direktoru Əziz Qurbanovun təklifi ilə anam məktəbdə laboratoriya müdiri təyin olundu.
    Atamın və anamın valideynləri vaxtilə repressiyaya məruz qalmışdı. Ata babam Mehralı Məşədi Müstafa oğlu 1930-cü illərdə “kulak” damğası ilə güllələnmiş, ana babam Rəhim Hacı Məmməd oğlu isə bir müddət məhbəs həyatı yaşamalı olmuşdu. Bizim böyük nəslimiz böyük faciələrdən, od-alovdan, qasırğadan keçmişdi.
    Onlar, yəni anamgil iki qardaş, iki bacı idilər. Rəhim babam ziyalı bir adam idi və övladlarına Cabbarlının, Cavidin qəhrəmanlarının adını qoymuşdu: Sitarə, Fərrux, Firəngiz, Nahid... Bir neçə il əvvəl anam böyük qardaşı, tanınmış kimyaşı alim Fərrux Hacıyevi itirmişdi. Əlbəttə, necə deyərlər, ölüm haqdır. Lakin bu amansız əcəl də bir az “insaflı” olsun gərək. Niyə, nə üçün belə deyirəm? Anam bu son bir il ərzində ağır sınaqlarla üzləşməli oldu. Belə ki, o, əvvəlcə, ötən il böyük bacısı, ana əvəzi Sitarə xanımı itirdi.
    Keçən ilin, yəni 2018-ci il yanvar ayının 19-da isə o, kiçik qardaşı, tanınmış yazıçı Nahid Nacızadənin ölümündən dolayı daha bir sağalmaz yara aldı. Yeri gəlmişkən, anam öz yazıçı qardaşının bir əsərini çox sevərdi: “Bir ana tanıyırdım” adlı məşhur hekayəsini. Mən o dünyanı, o analı aləmi indi daha yaxşı dərk edirəm. Dünyanın işlərinə bax ki, mənim Firəngiz anam qardaşının bir ili keçirilən yas mərasimi günü, yəni yanvar ayının 20-də dünyaya əlvida dedi. 20 Yanvara biz “qara yanvar” da deyirik. Həmin gün bizim azadlığımız uğrunda həyatlarını qurban vermiş şəhidlərin “qara bayramıdır”. Mən o qanlı hadisədən 29 il sonra vəfat etmiş anamı da bir şəhid hesab edirəm. Axı o da öz həyatını bizim, yəni övladlarının azadlığı və xoşbəxtliyi uğrunda qurban vermişdi.

    Haşiyə: Qəzavü-qədərin hökmünə bax ki, atam da öz dünyasını yanvarın 19-da dəyişib.
    1934-2019. Bu, anamın müqəddəs, ibrətamiz həyatının 85 illik zaman məsafəsidir.
    Anam bizdən, öz övladlarından və yaxın-uzaq qohum-qardaşlardan heç zaman heç nə ummazdı. Onun bütün arzuları, istəkləri Tanrıyla, təbiətlıə bağlıydı. Hərdən söz düşəndə deyərdi ki, kaş Allah məni də öz dərgahına atanız kimi ayaq üstə, əzab-əziyyətsiz aparaydı. O, özü demişkən “yorğan-döşək xəstəsi” olmaqdan, yaxınlarına əziyyət verməkdən ehtiyat edərdi. Sanki Tanrı onun bu arzusunu eşitdi və mənim anam qəfildən, ayaq üstə keçirdiyi qısamüddətli xəstəlikdən dünyasını dəyişdi. Onun bir istəyi də vardı: arabir yarızarafat-yarıciddi deyərdi ki, qorxuram soyuqda-qarda öləm. Anam Günəşi, günəşli havaları sevərdi. Sanki təbiət onun bu ricasını da eşitdi. Yanvarın 20-23-ündə qışın ortasında sanki bahar Günəşi doğdu. Halbuki cəmi iki-üç gün öncə tufan, boran, qasırğa dünyaya meydan oxuyurdu.
    Biz onu Günəşin, işığın bir parçası kimi torpağa əmanət etdik. Və nəhayət, anam həmişə deyərdi ki, arzum bu dünyadan övladlarımın çiynində köçməkdir. Neyləyim ki, onun arzulamadığımız bu nisgilli arzusu da çin oldu. Heyhat...
    Anamın çox güclü yaddaşı vardı. Onun sinəsi xalq ədəbiyyatı nümunələri, el məsəlləri ilə dolu idi. Xatırlayıram, gəncliyində atamın kitab rəfindəki əsərləri götürüb ucadan ya özü oxuyar, ya da bizə oxutdurardı. Ahıl yaşlarında isə qalın sağanaqlı və qalın şüşəli gözlüyünü alnına sarı qaldırıb qəzet və jurnalları gözdən keçirərdi. O, mənim üçün, atamdan sonra, ən əvəzsiz bir ruh və ədəbiyyat adamı idi.
    Anam etiqadlı bir insan idi. Onun qəribə, qeyri-adi intuisiyası məni daim heyrətləndirirdi. Ürəyinə damanlar daim çin olardı. Adamlar haqqında, hətta hərdən bizim “əleyhimizə”, başqa sözlə “kölgəmizcə” danışanlar haqda belə, heç vaxt heç bir bəd söz deməzdi.
    O, bizə uzun-uzadı nəsihətlər etməz və ya didaktika dolu məsləhətlər verməzdi. Amma tez-tez işlətdiyi bir ifadə vardı və o ifadə daim bir sırğa olub qulağımızdan asılmışdı: “Adam heç vaxt haqqı nahaqqın ayağına verməz”... Haqla nahaqqın, xeyirlə şərin əbədi vuruşduğu bu dünyadan o biri dünyaya köç etdi anam. Bu dünyanın əbədi gərdişinə mən neyləyə bilərəm ki? İntəhasız zamanın amansız dəyirmanı işləməkdə, həmin o dəyirman o sahilsiz zamanın içində qovrulan ömürləri “üyütməkdədir”. Bəli, hamı “buradan” nə vaxtsa “oraya” getməyə məhkumdur. Bir dəfə yazmışdım, yenə xatırladım: “Orada əbədiyyət, buradasa ölüm var”...
    Doğrusu, bilmirəm, “ana” sözü ilə “anmaq” (“an”) leksemi arasında bir əlaqə var, ya yox?.. Amma bu son günlərdə mənə elə gəldi ki, ANA elə bizim həyatımızın ən gözəl, ən ülvi, ən əvəzolunmaz, təkrarsız bir anı deməkdir. O bir an hətta, bəzən sonlu əsrlər və ya sonsuz əbədiyyət qədər uzun görünsə də belə, daim bir an kimi keçici, ötəri, qısa, fani, bir sözlə, anidir...
    O, mənim dünyamın bir parçası idi. İndi demək olar ki, mən öz dünyamın bir parçasını və yaxud öz analı dünyamı itirdim.
    Bəzən tay-tuşlarım öz valideynlərinin yoxluğundan dolayı söhbət düşəndə cəmlik halında “biz yetim adamlarıq” söyləyərkən, mən həmişə qətiyyətlə yaxamı kənara çəkib deyərdim: “Xahiş edirəm, məni o “yetimlər” siyahısına daxil etməyin. Axı mən yetim deyiləm, mənim dağ kimi anam var”. İndi mənim o dağım uçub, mən sinəmə çəkilən dağlarla yaşayıram. Mən yaşımın bu çağında yetim qaldım.
    ...Yazı masamın üstündə anamın iki şəkli var. Birinci şəklin nə vaxt çəkildiyini xatırlamıram. O şəkildə anam məni qucağına alaraq sinəinə sıxıb. İkinci fotonu isə mən özüm çəkmişəm.
    Onu da deyim ki, anam heç vaxt şəkil çəkdirməyi, “şəkilçəkən” qarşısında dayanmağı xoşlamazdı. Yadımdadır, günlərin bir günü o, kənddəki eyvanımızda öz kiçik kətilində əyləşib pəncərəyə sarı baxırdı. Həmişə olduğu kimi gözləri yenə yol çəkirdi. Mən ondan xəbərsiz mobil telefonumun “tətiyini” çəkdim. Sonralar bu şəklə baxan dost-tanışların çoxu bir-birləri ilə söhbətləşiblərmiş kimi, mənə eyni bir sözü deyirdilər: “Bu, təkcə sənin ananın fotosu yox, öz övladlarının yolunu gözləyən bütün Azərbaycan analarının şəklidir”.
    p.s.
    Anam Firəngiz Rəhim qızının vəfatı ilə bağlı mənə başsağlığı verən, zəng edən, teleqram vuran, ağır dərdimə şərik olan bütün yaxın dostlara, etibarlı qohumlara, üzünü görmədiyim insanlara, həssas media nümayəndələrinə təşəkkür edirəm. Analardan müğayat olun.

    05.02.2019
    Bir dəfə yazmışdım, bu gün, lap elə bu dəqiqələrdə yenə yadıma düşdü: “Daşları kənardan daşıyıb şəhərin mərkəzinə yığmaq lazım deyil. Əksinə, mərkəzdəki daş qalaqlarını şəhərdən bir xeyli kənara daşımaq lazımdır”.
    İndicə yüngülvari zəlzələ oldu. Allah saxlasın.

    06.02.2019
    Baş Nazirin qərarına münasibət
    Meşələrdə meyvələrin yığılması nə üçün qadağan edilir?..
    Əlbəttə, meşələrin qorunması çox yaxşı haldır. Səbəb və nəticə də məlumdur.
    Bəs görəsən, meşə meyvələrinin və ya giləmeyvələrin qorunmasında məqsəd nədir?
    Tam ciddi sualdır.
    A) Bəlkə meyvə və bitkilərdən dövlər hansısa bir məqsədlə istifadə edəcək?
    B) Bəlkə məqsəd adamları hansısa naməlum xəstəlik və yoluxmalardan kənarda saxlamaqdır?
    C) Bəlkə meşədə yaşayan heyvan və quşların ərzaq resursunu və ya hüququnu qorumaqdır?
    D) Bəlkə təbiətlə cəmiyyət arasında yeni əlaqə formaları arayıb tapmaqdır?
    “Bəlkələr” çoxdur. Düşünürəm ki, bütün sərəncamlarda insan faktoru ən önəmli yerdə dayanmalıdır.

    06.02.2019
    İşgəncələr və qətllər əleyhinə SOS- roman
    “Qapı” romanı ötən əsrdə, 80-ci illərin ortalarında qələmə alınıb. Əsəri bitirəndən sonra nəşriyyat və redaksiyalara müraciət etdim. Hamı çapdan boyun qaçırırdı. Nə üçün?
    Məsələ burasında idi ki, bu əsərdə tariximizin müəyyən dövründə baş verən repressiya, qətl və işgəncələr qələmə alınmışdı.
    “Qapı”nın əsas qəhrəmanı ölüm hökmünü icra edən adamdır. Yəni bu adam cəllad “vəzifəsində” çalışır. Öz “işini” şərəflə yerinə yetirir... Naşirlər ehtiyat edirdilər. Axı hələ repressiya qorxusu çəkilməmişdi.
    On ildən sonra bu əsər Azərbaycan və rus dillərində dəfələrlə nəşr olundu.
    Hesab edirəm ki, dünyamızda nə qədər repressiya və haqsız cəzalar varsa, bu əsər oxucusunu və ya oxucu bu əsəri tapacaq...

    19.03.2019
    İnsan orqanizmində gizli enerji mənbələri mövcuddur. Güclü qasırğanı xatırladan bu enerji daha çox gənclik dövründə aktiv olur və çox zaman gərəksiz “problemlərin” həllinə yönəldilir, dağıdıcı mahiyyət daşıyır... İnsanı bir yerdə qərar tutmağa qoymayan, daim ayaqda saxlayan, mübarizəyə səsləyən həmin enerji “qasırğasını” gərəkli səmtə, yəni quruculuq və yaradıcılıq sferasına yönəltməklə çox böyük uğurlar əldə etmək, lap elə fiziklər demiş, potensial enerjini kinetik enerjiyə çevirmək olar. Yox, əgər o enerji dağıdıcılığa yönəldilərsə... nəticəsi fəlakət olar.

    19 март 2019 г. •
    Qazaxıstan.
    Bu gün Qasım- Comərd Kamal oğlu Tokayevin adı (Касы́м-Жома́рт Кеме́левич Тока́ев) birdən-birə, aydın səmada çaxan şimşək kimi şaqqıldadı.
    Qasım-Comərd elə peşəsi etibarilə də siyasətçidir. Dünənəcən Qazaxıstan Senatının sədri idi. Bu gündən istefaya çıxmış Nazarbayevdən sonra Prezident səlahiyyətini yerinə yetirir.
    Gələcək Prezidentin atası Kemal Tokayev Qazaxıstanın ilk detektiv yazıçısıdır.
    Mən hazırda gələcək Prezidentin deyil, onun atasının bioqrafiyasını təqdim edirəm. Maraqlı söz adamlarından biri olub.
    Кемель Токаев родился в 1923 году в Каратальском районе Талды-Курганской области. Участник Великой Отечественной войны. В 1948 году окончил Казахский государственный университет им. С. М. Кирова. Работал в редакциях газет «Лениншил жас», «Казахстан пионери», «Социалистик Казахстан», с 1966 по 1977 год —главным редактором «Ведомостей Верховного Совета Казахской ССР». Был литературным консультантом Союза писателей Казахстана. Член КПСС. Плодотворно трудился в жанре детективно-приключенческой литературы. Издал девять сборников рассказов и повестей: «Звездный поход» (1954), «Поток» (1958), «Думы о будущем» (1965), «Особое поручение» (1968), «Ночной выстрел» (на казахском и русском языках—1972, 1976), «Случай в саргаване» (1975). Повесть «Меченое золото» включена в коллективный сборник «Не жалея жизни», посвященный чекистам-казахстанцам (1977).
    В 1956, 1972, 1977, 1980 годах повести К. Токаева удостоены первых премий на конкурсах, объявленных Министерством внутренних дел Казахской ССР и Союзом писателей Казахстана.
    К. Токаев — автор пьес «Кто преступник?», «Красный комиссар».
    Награжден орденом Отечественной войны II степени, несколькими медалями СССР.

    22.03.2019
    Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının bu ilə üçüncü sayı çap olunub. Oxucular bu nömrədə də maraqlı ədəbi nümunələrlə tanış olacaqlar.
    Jurnal Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş xüsusi rubrika ilə başlanır. Rubrikada İntiqam Qasımzadə “Dəli Kürün təmkinli, müdrik oğlu”, Barat Vüsal “Fərqlilik, yaxud İsmayıl Şıxlı dastanı”, Firuz Mustafa “Bütövlük” yazıları ilə çıxış edirlər.
    “Xatirələr, duyğular” bölməsində Firuz Mustafanın “Oljas Süleymenov, Nodar Şaşıqoğlu və Anatol İmermanis haqqında” yazıları var.

    22.03.2019
    Bilmirəm çox şeyin "defisit" olduğu bir dövrdə adamların özlərinin və onların sözlərinin bu qədər ucuzlaşması infilyasiya ilə bağlıdır, yoxsa... yoxsa başqa şeylə?
    Görüm sizi heç ucuz olmayasız...

    22.03.2019
    Bəzən deyirlər ki, Quran niyə hər yerdə ərəbcə oxunur...
    Quranın hər bir xalqın mənsub olduğu dildə səslənməsi zaman-zaman gündəmə gəlib. Təsəvvür edin ki, bir dini mərasimdə yaxud məclisdə (və ya müxtəlif mərasim və məclislərdə) müsəlman dininə etiqad edən bir neçə adam iştirak edir. Və bu məslisdə mömin şəxslərdən hər biri Quranı öz ana dilində oxuyur. Və beləliklə, məsələn, Quranın məlum mətni özbəkcə, farsca, qazaxca, azərbaycanca, çeçencə, tatarca, nigeriyaca, tatarca, indoneziyaca... və s. dillərdə səslənir. Bunu kim “anlayacaq”? Heç kim. Amma ərəbcədə onu hamı "anlayır". Yəni oxuyanlar ərəbcə heç olmasa mətni əzbər bilirlər. Ərəb dili bu mənada Quranın "doğma" dilidir, “birləşdirici” dildir. Bu baxımdan Quran başqa dillərə tərcümə olunsa da, heç bir dildə orijinalda olduğu kimi səslənmir... Görünür, onun gücü, əzəməti həm də meydana gəldiyi dilin ritmində, stixiyasınnda, səslənməsindədir.
    p.s. Bu dinə kimin inanıb inanmamağı, etiqad edib etməməyi isə başqa bir söhbətin mövzusudur.

    Интересный факт:
    Президент, а затем Высший руководитель Ирана аятолла Али Хаменеи является племянником супруги Мохаммада Хиябани...

    29.03.2019
    Osman Sarıvəllinin oğlu Babək Qurbanov vəfat edib
    Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov vəfat edib.
    “Qafqazinfo” xəbər verir ki, bu barədə yazıçı Firuz Mustafa “Facebook” səhifəsində məlumat verib.
    Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov 80 yaşında dünyasını dəyişib və bu gün atasının yanında, Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.
    Qeyd edək ki.B.Qurbanov ömrünün son illərini Türkiyədə yaşayıb və müxtəlif universitetlərdə mühazirələr oxuyub.
    … Bu, rəsmi, soyuq cümlələrlə yazılmış qısa bir məlumatdır. Babək müəllim mənim keçmiş iş yoldaşım olub. Haqqımda türk və Azərbaycan dillərində məqalələr yazıb, sonralar bu yazılar kitab kimi nəşr etdirim. Yazdığım mətnlərə musiqi bəstələyib. Mən də Babək haqda vaxtilə ətraflı yazı qələmə almışam. Bu gün onun haqqında bir elegiya yazdım.
    Heyif səndən, Babək…

    09.04.2019
    Kiyevdə yaşayan soydaşımız Elxan Nuriyev (Qubadlı) öz səfifəsində birgə fotomuzu və xəbər paylaşıb. Театр "Сузір'я"a getməyimizi xatırladıb: “Xalq diplomatiyasının vacib istiqaməti dost ölkə insanlarını milli mədəniyyət və incəsənətlə yaxından tanış etməklə yaranır.
    Ukraynalı dostlarım sağ olsunlar ki, bu işdə həmişə səmimi köməklik göstərirlər, heç zaman məsuliyyətdən yayınmırlar.
    Yazıçı-dramaturq Firuz Mustafanın iki pyesinin Ukrayna teatrlarında tamaşaya qoyulması barədə razılığa gəldik.
    Əsərlərin seçilməsi məsuliyyəti mənim üzərimdədir. Son qərarı həftə sonu verəcəyəm- indilikdə "Neytral zona" və "Maneken" ürəyimcədir, amma hələ hamısı ilə tanış deyiləm.
    Tərcümələr və dekorasiyaların hazırlanmasının paralel gedəcəyini düşünürəm. Məşqlər may ayından başlasa, yəqin ki, payızda, yeni teatr mövsümünə tamaşaların premyerası olacaq”.

    22.04.2019
    Poroşenkonun qələbəsi...
    Sərlövhədən tez-tələsik nəticə çıxarmağa tələsməyin. Bəli, əslində Ukraynada keçirilən seçkidə Poroşenko qalibdir, Zelenski sadəcə çox səs toplayıb.
    Poroşenko öz prezidentliyi dövründə söz azadlığının bərqərar olması, demokratik təsisatların formalaşması, Avropaya inteqrasiya, aşkarlığın təmin edilməsi sahəsində böyük işlər görmüş, ən baçlıcası, seçkilərin saxtalaşdırılmasına imkan verməmişdir.
    Deməli, bu seçkidə Poroşenkonun qələbəsi danılmazdır. Çünki o, öz istəyinin mühüm bir qisminə nail olmuşdur.
    Zelenski sadəcə çox səs toplayıb.

    24.05.2019
    Prezidentin sərəncamı ilə Əməkdar İncəsənət xadimi” fəxri adına layıq görülmüşəm. Bu barədə mənə ilk məlumatı qızım Güntəkin verdi. Doğrusu, təəccübləndim. Axı heç nədən xəbərim yoxdur. Heç kəsə ağız açıb xahiş etməmişəm.
    Sərəncamdan belə məlum olur ki, bu ada üç nəfər layıq görülüb:

    1. Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) — 24.05.2019[
    2. Hüseynbəyli Elçin Hüseyn oğlu — 24.05.2019
    3. Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa) — 24.05.2019
    Bu adın önəmli bir cəhəti də ondan ibarətdir ki, hər ay 150 manat pul verirlər. Az pul deyil- təxminən 80 dollar. Bəlkə bir az da çox...
    Çox güman ki, bu ad AYB rəhbəri Anarın təqdimatı ilə verilib. Məndə Anarın telefonu yoxdur. Rəşad Məcidə zəng etdim. Dedim ki, məndə Anar müəllimin telefonu yoxdur, əgər onunla əlaqə saxlasanız adımdan təşəkkür edin. Rəşad gülüb dedi ki, Anar müəllimlə birlikdəyik və o, özü sənin dediklərini eşidir...
    Təbii ki, gözlənilməz sürprizdir...
    Çoxlu təbriklər gəldi ünvanıma...

    25.05.19
    Zay kitabların badına gedən günahsız ağaclar
    MÜKAFAT YAZIÇIDAN ƏVVƏL ƏLAHƏZRƏT SÖZƏ VERİLİR

    Əvvəllər ayda-ildə bir dəfə səsi çıxan, ya çıxmayan çevik (mobil) telefonum, bir neçə gündür, ardı-arası kəsilmədən haray qoparır. Gələn zənglər xoşməramlıdır. Dostlar, tanışlar, hətta tanımadığım adamlar məni təbrik edirlər. Bəri başdan onların hamısına təşəkkür edirəm.
    Məsələ burasındadır ki, mən, daha doğrusu, mənim yaradıcılığım, bu son bir ay ərzində bir neçə ədəbi mükafata layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dramaturgiya üzrə keçirdiyi müsabiqədə yazdığım bir pyes ("Payız meşəsində vals") birinci yeri tutub. Bundan bir qədər sonra AYB-nin təsis etdiyi Cəfər Cabbarlı adına mükafata layiq görülmüşəm. Bu yaxınlarda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.
    Xətrimi istəyən dost-tanışlar təbrik edərkən mənə tez-tez təxminən belə bir sualla müraciət edirlər: "Siz mükafat alacağınızı əvvəlcədən bilirdinizmi?"
    Niyə gizlədək, indi elə bir dövrdə yaşayırıq ki, bəzən bəzi adamların bəzi titul, vəzifə və ya çinləri çox asanlıqla və ya çox çətinliklə əldə etdiklərini eşidir, hətta bəzən bunun əyani şahidi də oluruq. Əlbəttə, bu cümlədə bir az dolaşıq, ziddiyyətli sofistika elementləri də ola bilər. Amma nə edəsən ki, elə həyatın özü də bu cür ziddiyyətlərdən xali deyil.
    Demək istədiyim budur ki, bəzən hansısa mükafatı, lap elə adi bir kağızdan ibarət olan "qramotanı" əldə etmək üçün müəyyən mövqeyə malik tanış-bilişlərini üz-gözdən salan, "müvafiq idarələrin" qapısını, az qala, dabanından çıxaran, şikayət ərizələrini yaradıcılıq məhsulu kimi vəcdlə yazan "istedadlara" da rast gəlmək olur.
    Mən həmişə belə düşünmüşəm və indi də belə düşünürəm ki, mükafatı istəməzlər, onu verərlər.
    Çox sevindirici haldır ki, ədəbiyyatımızda öz çəkisi, öz səsi, öz üslubu, öz ədəbi möhürü olan bir çox söz ustadlarımızın yaradıcılığı hörmətli dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.
    Bəli, ədəbiyyatımızın, bütövlükdə mədəniyyətimizin inkişafında xidmətlərinə görə Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud "Xalq yazıçısı", Vahir Əziz, Ramiz Rövşən və Musa Yaqub "Xalq şairi", Vaqif Bayatlı Odər, Elçin Hüseynbəyli və bəndəniz "Əməkdar incəsənət xadimi", habelə Asim Yadigar, Vaqif Əlixanlı, Abbas Güləliyev və Rauf Məmmədov "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüblər.
    Hesab edirəm ki, oxucular bu siyahıda adı çəkilən ədəbiyyat adamlarından hər birinin yaradıcılığı haqqında kifayət qədər məlumatlıdır.
    Mən öz fikrimi gizlətmək istəmirəm. Hesab edirəm ki, yazılarına yaxından, özlərinə isə qismən bələd olduğum, Prezident sərəncamı ilə "Xalq şairi" adına layiq görülmüş Ramiz Rövşənlə Musa Yaqubun özləri də belə bir ada layiq görüləcəklərinə inana bilməzdilər. Bunun səbəbi əlbəttə, yaradıcılıqla bağlı deyil. Zira, onların hər ikisi qüdrətli şairdir. Ən başlıcası, onlar cəsarətli fikir sahibləridir və bəzən məhz elə bu cəhət, yəni cəsarət amili kimlərinsə xoşuna gəlmir. Halbuki söz adamı elə düz adam olmalıdır. Yəni sözün düzünü deyən adam. Nədənsə, bəzi məmurlar, az qala, sözü də hansısa maddi obyektlər kimi özəlləşdirmək istəyirlər. Bu mənada mən Prezidentin sərəncamını cəsarətli sözə verilən qiymət kimi dəyərləndirirəm. Və güman edirəm ki, sözün həm obyekti, həm subyekti, həm mənbəyi, həm də mənsəbi məhz həyatın özü olmalıdır. Oxucu yalan sözü qəbul etmir, doğru sözün təşnəsi ilə yaşayır.
    Bəzən deyirlər ki, yazıçıların, az qala, hamısı müxalif fikirlidir. Qəribədir. Bəs nə cür olmalıdır? Bəyəm yazıçı statistika işçisi kimi rəqəmlərlə işləməlidir? Nədənsə, bizdə bir çoxları "müxalif" sözü eşidəndə ilk növbədə məhz hansısa siyasi partiyanın mənsublarını yada salır. Öz yaşadıqları dövrün ən böyük nümayəndələri Nizami, Şekspir, Hüqo, Tolstoy, Mirzə Cəlil həm də öz mühitlərinin ən böyük müxalif düşüncə sahibləri olmayıblarmı? Hamıya və hər şeyə "bəh-bəh" deməklə inkişaf ola bilərmi? Axı, elə inkişafın kökündə də, Hegel demiş, bir ziddiyyət amili dayanmalıdır.
    Yazıçı ilk növbədə özüylə müxalifətdə olmalıdır və bu bəzilərində (yenə də bəzilərində!) olduğu kimi süni "başqa cür düşünən" pozasında zühur etməməlidir. Bu, təbii mahiyyət kəsb etməlidir. Bir anlığa hamının eyni cür düşündüyü, lap elə eyni cür geydiyi bir cəmiyyəti təsəvvürünüzə gətirin. Bu, ya faciə, ya komediya, ən yaxşı halda isə tragikomediya ola bilər.
    Ədəbiyyata yüzlərlə tərif deyilsə də, mən ədəbiyyata verilmiş klassik tərifi təqdir edirəm. Yəni düşünürəm ki, ədəbiyyat doğrudan da gerçəkliyi əks etdirməlidir. Amma bu inikas obrazlı, bədii şəkildə olmalıdır. Yazıçı öz söz "fırçası" ilə həyatı və həyat həqiqətlərini bütün rəngləri ilə çəkməlidir. Təbii ki, yüksək sənətkarlıqla... Di gəl ki, bizdə həyata yalnız ya qara, ya da yalnız ağ eynəklə baxanlar daha çoxdur. Belələri həmin "eynəkləri" elə sözün də gözünə pərçimləyirlər. Təbii ki, başqa rənglər də mövcud olur. Unutmaq olmaz ki, "eynəkli" sözlərlə çox uzağı görmək olmaz. Yəqin bədii sözə dəyər verənlərin əksəriyyəti belə düşünür ki, yazıçı məhz cəmiyyəti narahat edən problemləri qabartmalı, onları "öz rəngində" təqdim etməli, didaktika, sofistika ilə məşğul olmamalıdır. Bütün həyatını "təhqir ədəbiyyatına" həsr edən kəslər kimi, bütün həyatını "tərif ədəbiyyatına" sərf edən kəsimlər də vardır. Hərçənd ki, bizdə tarixən mədhiyyə janrı və ya ədəbiyyatı da olub.
    Oxucu bu gün təzəlik, yenilik amacındadır. Amma bir çox hallarda ədəbi təsərrüfatı bayağı məhsullarla, yumşaq desək, gözdən salırlar. Sözün gözdən düşməsi faciədir.
    Yazıçının ən böyük sərvəti SÖZdür.
    Yazıçı özünün keçəcəyi körpüdən sözünü də düz keçirməlidir...
    Bəli, bu gün zəif əsərlərin bolluğu ucbatından ekologiyaya, meşə təsərrüfatına ciddi zərər dəyir. Deyə bilərlər ki, bu adam nə danışır, axı bədii əsər hara, ekologiya hara? Məsələ burasındadır ki, kitabların nəşr olunduğu kağızlar məhz meşə məhsullarından əldə edilir. Elə kitabların nəşrinə ödənilən pul da ağac materiallardan hazırlanır. İndi özünüz fikirləşin, nə qədər günahsız ağac zay kitabların badına gedir?
    Ətraf mühiti, o cümlədən, təbiətin "yaşıl ciyəri" hesab olunan meşələri ... zəif əsərlərdən qorumaq lazımdır. Bunun üçün oxculara ünvanlanan kitabların həm müstəqim, həm də məcazi mənada yüksək qiyməti olmalıdır.
    Deyəsən, mən verilən sualdan bir qədər yayındım, eləmi? Bəlkə də... Amma əslində, biz ədəbiyyat söhbəti edirik.
    Hə, xatırımdadır, sual belə qoyulmuşdu: "Siz mükafat alacağınızı əvvəlcədən bilirdinizmi?" Qısa və konkret deyirəm: "Qətiyyən, bilmirdim".
    Mükafat mənim yaradıcılıq fəaliyyətimə görə verilib. Hər halda mənim onlarla pyesimə ölkəmizdəki və xaricdəki bir çox nüfuzlu teatrlarda quruluş verilib. Diqqətlə saymasam da, elə pyeslərimin sayı qədər də elmi və bədii kitablarım nəşr olunub. Təkcə "Dəniz köçü" adlı povestim rus, ingilis, fransız, özbək və qeyri dillərdə dünyanın bir sıra ölkələrində (Azərbaycanda, Rusiyada, İranda, Özbəkistanda) dəfələrlə çap edilib.
    Zənnimcə, mükafat yazıçıdan əvvəl əlahəzrət sözə verilir.
    Amma orasını təxmin edə bilərəm ki, bu fəxri adların verilməsində AYB sədri, hörmətli Xalq yazıçımız Anarın rolu mütləq olub. Yeri gəlmişkən, Anar müəllimə özümün və həmkarlarımın adından təşəkkür edirəm.
    Hamınıza uğurlar arzusu ilə...

    26.05.2019
    “Əziz dostum Firuz MUSTAFA! Səni ürəkdən təbrik edirəm. İlk öncə onu deyim ki, o vaxt mən Azəebaycan Dövlət Universitetinə ( İndiki Baki Universiteti ) qəbul imthanı verəndə müəllimlərlə mübahisəmiz düşdü. Professor Cəlal Abdullayev mənə "4" yazmaq istəyirdi. Qəti şəkildə etiraz etdim və dedim ki, mən yalnız "5" istəyirəm, istəsəniz bütün bilətləri çəkib danışa bilərəm. Qısası belə oldu ki, qəbul komissiyasının məsul katibi prof. Qasım Manayevin iştirakı ilə ikinci dəfə imtahan verməli oldum. Elə mənə "5" yazmaq istəyirdilər ki, Cəlal müəllim dedi ki, sənə axırıncı bir sualım var, ona da cavab versən bu "5" sənə halaldır. Sonra soruşdu ki, Hüseyn Cavidə üstünlük verirsən, yoxsa Bilyam Şekspirə? İndiki kimi yadımdadır, özümdən asılı olmayaraq hündürdən güldüm və dedim ki, mən böyük Cavidlə Şeksperi müqayisə etməzdim. Onlar təəccüblə bir- birinin üzünə baxdılar. Qasım müəllim dedi ki, Şekspiri bütün dünya tanıyır, bəs Hüseyn Cavid kimdir ? Mən sakit və təmkinlə cavab verdim ki, professor, Hüseyn Cavid Şekspirdən qat- qat üstün dramaturqdur. . O, dünyəvi və bəşəri bir insandır. Bunların fərqləri yalnız ondadır ki, Hüseyn Cavid Azərbaycanda doğulub Türkcə yazıb, sonra da "pantürkist" damğası vurularaq Sibirə göndərilib. Şekspir isə Böyük Britaniyada, dünyanın mərkəzində, dünyanın hegomon dilində yazıb yaradlb Arxasında da İngiltərə kimi böyük bir dövlət dayanıb. İndi əziz dostum, çəkinmədən, böyük ürəklə deyərdim ki, sən hər hansı bir Avropa ölkələrinin birində, elə deyək ki, Moskvanın özündə yaşayıb yaratsaydın dünyanın ən məşhur nasirlərindən və dramaturqlarından biri sayilandın. Bir sıra xarıcı ölkələrdə pyeslərin tamaşaya qoyulduğu halda, Akademik Dram Teatrı özünü bilməməzliyə və görməməzliyə qoyub. Bu yaxınlarda Kiyevlə, Elxan Nur Qubadlı ilə danışanda mənə dedilər ki, artıq sənin pyesin Ukrayna Dövıət Dram teatrında seçilib bəyənilmiş və məşqlərinə başlanmışdır.. Bax, budur istedada, əsil sənətə, yaradıcı insanlara verilən qiymət!..Deyəsən çox uzağa getdim? Əziz dostum. gec də olsa "Əməkdar İncəsənət Xadimi" fəxri adını aldığını eşidəndə çox sevindim. Sözün həqiqi mənasında bu, sənin Ramiz Rövşənin, Musa Yaqubub, Vahid Əzizin, Afaq Məsudun, Vaqif Bayatlı Odərin halal zəhmətinin bəhrəsidir.Sizin hər biriniz insanların qəlbində özünə yer almış, ümumxalq məhəbbətini qazanmış yaradıcı şəxsiyyət və xöşbəxt yazarlarsınız. Əziz dostum, səni bağrıma basır, sevincinə ürəkdən şərik oluram. Möhkəm cansağlığı və möhtəşəm yaradıcılıq uğurları arzulayıram. Allah həmişə yardımçın olsun...)
    (N.Təhməzov)

    05.06. 2019
    Bir neçə gün qabaq "Payız meşəsində vals” pyesi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi "Birpərdəli pyeslər” müsabiqəsinin qalibi olmuş I mükafatın sahibi dramaturq–filosof Firuz Mustafa may ayının 3-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı oldu. "Dillər və ədəbiyyatlar” departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həmçinin "Xəzər”li tələbələr Səidə Cabarova və Nərmin Ələkbərova tanınmış yazarın çoxşaxəli yaradıcılığından danışdılar. Sonra tələbələrin suallarını cavablandıran yazar öyrənciləri yaradıcılıq laboratoriyası ilə, pyeslərində etdiyi yeniliklərlə yaxından tanış etdi, maraqlı nümunələr misal gətirməklə dramaturgiyanın fəlsəfəsindən söz açdı. Görüşün sonunda hörmətli qonaq "Ölü dildə sevgi məktubları” kitabını "Yaradıcı yazı” fənninin kitabxanasına bağışladı.
    Firuz Mustafa “Yaradıcı yazı”nın “Birpərdəli dərs”ində

    Zaman: 05.11.2019.
    18.30
    El.nomresi +79788713238.
    Simferopol
    “Emekdar incesenet xadimi Firuz Mustafanin "Sahibsiz adam" eseri Krimda - Krimtatar Musiqili teatrinda sehneleshdirildi.
    Rejissor - aqilli azerbaycanli qizimiz Nabat Hesenovadir.
    Artistler: Krim tatarlarinin artistleri”.
    Yeri gəlmişkən deyim ki, əsərin ərsəyə gəlməsində teatr əməkdaşları ilə həmyerlimiz, həkim Ülvi Hüseyn və diaspor rəhbərlərindən Arifə Muxtarova mühüm rol oynadılar.

    24.09.2019
    Eşitdim ki, köhnə dostum Vurğun Əyyub vəfat edib. Onunla eyni dövrdə təhsil almışıq. Uzun sürən xəstəlikdən sonra 24 sentyabr 2019-cu ildə həyatını qeyb etdi. Çox prinsipal, düzgün, obyektiv adam idi. Arada mübahisələrimiz də olurdu. Ammadönəlgəsi yaxın idi, tez barışırdıq. Allah rəhmət eləsin...

    Vurğunluq. Vurğunsuzluq.
    Sevginin, vurğunluğun çox "qısa", çox "sadə" bir yolu var.
    Gərək sən Adama vurulasan ki, Adam da sənə vurula.
    Gərək sən Xalqı sevəsən ki, Xalq da səni sevə... Bu aksiomu dərk etmək üçün təkcə həyat yox, ölüm də şəhadət verə bilər.
    Vurğunun ölümü belə bir sevginin “şəhadəti” oldu.
    Bir dövrdə oxumuşduq. Mən 3-cü kursda oxuyanda o, 1-ci kutsa təzə daxil olmuşdu. Söhbətimiz ilk gündən tutdu. Arıq, çəlimsiz, xarizmatik bir oğlandı. Yaxın dostları, qrup (və ya kurs) yoldaşları - Fazil Mustafayev və Bədirxan Əhmədov ilə daim bir yerdə olardılar. Bu “üçlük” mənimlə də yaxın və doğma idi.
    Bəli, 45 ildən bəri tanıdığım adam idi Vurğun Əyyub.
    Prinsipal və mülayim idi. Ötkəm və sadə idi. Dözümlü və kövrək idi. Mübahisələrimiz də az olmurdu...
    Onun Azərbaycan təhsil sistemindəki fəaliyyəti daha çox test sistemi ilə bağlı idi ki, indi artıq keçmişdə qalmış bu islahatı “inqilab” da adlandırmaq olar. Yadımdadır, ötən əsr 90-ların ortalarında testə qarşı bir “səlib yürüşü” başlamışdı. Mən həmin dövrdə “Maarifçi” qəzetinin baş redaktoru idim. Testi müdafiə təriqi ilə qəzetdə ard-arda silsilə yazılar verdim. Həmin yazıların əksəriyyətinin müəllifi isə özüm idim. Vurğun bəylə rastlaşanda o, arada bu faktı vurğulayar, məmnunluğunu bildirərdi. Mən isə adətən ona “Əslində sənə təşəkkür düşür”, -deyərdim.
    Sonuncu dəfə Ankarada Atatürkün məqbərəsi önündə görüşdük. Məqbərədən çıxanda yağış bizi təpədən dırnağacan islatdı. Gülə-gülə ayrıldıq.
    Sonuncu dəfə iki ay əvvəl yazışmış-mesajlaşmışdıq. Mükafat almağım münasibəti ilə məni təbrik etmişdi.
    Bu yaxınlarda ümumi dostumuz, tez-tez ona baş çəkən Fazil bəyə dedim ki, bəlkə dostumuzun xəstəliyini ictimailəşdirək?
    Fazil bəy bir neçə gündən sonra dedi:
    -Vurğun bəy dedi ki, buna ehtiyac yoxdur. Allahın verdiyi ömrdür. Bu ömrün əzəli də, sonu da Onun əlindədir.
    Bu da son...
    Arada görüşəndə zarafatla deyərdi:
    -Qağa, yenə dağlara çəkilmisən deyəsən?..
    Onun sualına adətən adını daşıdığı, çox sevdiyi şairin misraları ilə cavab verərdim:
    -Vurğunu da salar yada
    Düz ilqarlı bizim dağlar...
    Ürəkdən gülərdi.
    Ta o gülüş olmayacaq.
    Son qəmin olsun, Vətən. Vurğunlarından birini də itirdik.

    10.11. 2019
    Rusiyanın bizə borcu var, bizim Rusiyaya yox...
    Şimal qonşumuzla bağlı iki cümlə tənqidi fikir yazan kimi yandaşlar, yoldaşlar… qarındaşlar haray-həşir qoparırlar. (Əlbəttə, biz diplomatiya konusunda Rusiya ilə sıcaq münasibətlərimizi, manevr imkanlarımızı qoruyub saxlamalıyıq, bu, öz yerində). Mənə “hücum” edənlərin sırasında paqonlu millət vəkilləri və hətta, şəxsən yaxşı tanıdığım zatlar da var. Arqumentləri də təxminən bu cürdür: “Axı bizim Rusiyada 2 (3,4,5) milyon soydaşımız var... Onları oradan qovsalar burada vətəndaş müharibəsi olar... Rusiya olmasa biz batardıq... Bəyəm bizim ruslara borcumuz var?”
    Stop. Əksinə, Rusiyanın və rusların bizə borcu var. Adamdan və ya dövlətdən soruşarlar: 70 il ərzində xəzinəmiz harada olub? Haraya vergi ödəmişik? SSRİ dağılanda təəhhüdlərimiz kimin üzərində qaldı? Təxminən 100 il (əslində isə daha çox müddət) ərzində bizim bütün xammal, yeraltı və yerüstü sərvətlərin, ən əsası da neftimizin xeyrini kim götürdü?” Səfehlərə demək istəyirəm ki, Rusiya uğrunda döyüşlərdə, yəni konkret olaraq 1-ci və 2-ci Cahan savaşında həlak olan soydaşlarımızın “qanpulunu” da Rusiya ödəməlidir. Lap elə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan övladlarımızı da bu “bəndə” müncər etmək olar... zira, bildiyiniz kimi, bu baş verən müsibətdə də rusun “barmağı” vardır.
    Hələ 2-ci Dünya müharibəsi dövründə və ondan onillər keçəndən sonra rusları “yemlədiyimizi” demirəm.
    Deyəsən, 1991-ci ilin sonunda SSRİ dağılarkən yeni yaranan Rusiyanın özünü varis elan etməsi də çoxlarının yadından çıxıb. Bəs hanı bizə çatacaq miras? İndi o miras mərəs qalmaqdadır...
    Bəli, belə götürəndə, biz Rusiya üçün ruslardan daha çox iş görmüşük. Hələ üstəlik Rusiya əhalisinin böyük hissəsini mağmın türk xalqları təşkil edir. Mahiyyət etibarı ilə, Rusiya ruslardan daha çox bizim vətənimizdir. Rus demiş, tak-çto, yandaşlar səslərini kəssə yaxşıdır. Rusiyanın bizə borcu var, bizim Rusiyaya yox.
    Yaxşı olar ki, yeri gələndə dövlət rəhbərliyi səviyyəsində bu məsələr də qaldırılsın.
    p.s.
    Kiçicik bir əlavə. Bəlkə də çoxları bilmir ki, Stalin və onun bandası tərəfindən neftə görə, hətta Xəzərin qurudulması barədə xüsusi qərar hazırlayıbmış. Yaxşı ki, bizim dəniz neftçiləri yeni emal prosesinə nail oldular, yoxsa belə beyni axtalara görə biz Xəzərsiz qala bilərdik...

    24.12.2019
    Daşkənddə yazıçı və dramaturq Firuz Mustafanın özbək dilində çap olunan “Dəniz köçü” kitabının təqdimatı keçirilib.

    Daşkənddə tanınmış Azərbaycan yazıçısı və dramaturqu, fəlsəfə elmləri doktoru Firuz Musrafanın özbək dilində çap olunan “Dəniz köçü” kitabının təqdimatı keçirilib.
    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabı orjinaldan Şəhla Qasımova çevirib.
    Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyində keçirilən təqdimatda Özbəkistanın şair və yazıçıları, alimlər, diasporumuzun üzvləri iştirak edib.
    Mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Polad Zeynalov açaraq Firuz Mustafanın həyat və yaradıcılığı haqqında məlumat verib. O deyib ki, Firuz Mustаfа 40-dan çox kitabın müəllifidir. Yazıçının 30-dan artyıq pyеsi Azərbaycanın müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. F. Mustаfаnın yazdığı şeirlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov musiqi bəstələyiblər.
    Tərcüməçi Şəhla Qasımova Firuz Musrafanın özbək dilinə tərcümə etdiyi povest, hekayə və şerləri haqqında məlumat verib. O deyib ki, Firuz Mustаfаnın onlarla еlmi və bədii əsərləri nəşr еdilib, ssеnаriləri əsаsındа filmlər çəкilib. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еdib.
    Dosent Adxambek Alimbekov, yazıçı və dramaturq Qoşqor Norkabil, Daşkənd Şərqşünaslıq İnstitunun müəllimi Malaxat Qulamova, jurnalist Rüstəm Cabbarov və başqaları Firuz Mustafanın əsərlərinin məziyyətləri haqqında söhbət açıb, onu tanınmış yazıçı, dramaturq kimi xarakterizə ediblər.
    Sonda Firuz Mustafa çıxış edərək kitabı çap edən və təqdimatını keçirən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib, gələcək planlarından danışıb.






















    2020


    22.01.2020
    Savadsızlığın ləğvi və...
    Sovet hökuməti təzə qurulan vaxtlar "likbez"lər açmışdı. Yəni savadsızlığın ləğvi kursları. Savadsızlar yenə çoxdur və onların da çoxu internetdə "maraqlı şəikllər” axtarır.
    Sosial şəbəkələr savadsızlığın ləğvi cəhətdən xeyli iş görür. Bunu inkar etməl olmaz. Amma dərinə getmək, savadsızlığı tam ləğv etmək üçün bu, kifayət deyil. Mütaliə etmək, oxumaq lazımdır. Amma təəssüf ki, bəziləri oxumağı öyrənməmiş yazmağa başlayır...

    04.02.2020
    “O dağlar bizi bağışlamayacaq. Əgər...”
    Cavanşir Cahangirov haqq dünyasına qovuşdu

    37 rəqəmi məni həmişə diksindirir...
    İndi Cavanşir Cahangirovun vəfatı xəbərini eşidib çox mütəəssir oldum və onu da xatırladım ki, biz onunla düz 37 il əvvəl tanış olmuşduq.
    Cavanşir o zamankı Az.Tv-yə, necə deyərlər, birbaşa Universitet audito- riyasından gəlmişdi. Əsas iş yerim EA olsa da, mən həmin illərdə televiziya ilə yaxından əməkdaşlıq edirdim.
    Yaradıcı kollektivlə tez isinişən, hamı ilə ünsiyyət quran Cavanşir özü ilə yeni bir ab-hava da gətirdi. Əslində bu, onun hazırladığı maraqlı verilişlərin ab-havası idi.
    Müəyyən yaşı və telezövqü olanların yadında olar: ötən əsrin 80-lərinin ikinci yarısında Cavanşir Cahangirovun hazırladığı və aparıcısı olduğu “Çay dəstgahı” verilişi geniş auditoriya tərəfindən çox maraqla qarşılanırdı. Yeri gəlmişkən orasını da deyim ki, mən həmin dövrdə “İdrak” və “İlğım” verilişlərinin aparıcısı idim və zənnimcə Cavanşirlə elə bir zahiri oxşarlığımız olmasa da bəzən bizi bir-birimizlə səhv salırdılar. Cavanşir yarıciddi-yarızarafat deyirdi ki, bir çox yerlərdə onu “mənim” verilişimin aparıcısı kimi qəbul edirlər. Doğrusunu deyim ki, məni də bəzi hallarda “onun” populyar “Çay dəstgahı”nın aparıcısı hesab edirdilər...
    İndi xatırlayıram: biz onun toy məclisində iştirak etdik. Və o toyda ən yaddaqalan epizodlardan biri də Qubadlıdan gələn xanəndənin qeyri-adi, haray dolu səsi oldu. Sonralar (indi adını unutduğum) həmin xanəndəni yada salanda Cavanşir dedi ki, artıq o adam rəhmətə gedib.
    Xatırlayıram: 1990-cı ilin 20 yanvar və 1993-cü il avqustun son günü Cavanşir necə də sarsılmışdı. Birinci tarixdə ölkəmizdə məşum Milli qırğın olmuş, ikinci tarixdə isə Qubadlı işğal olunmuşdu. Və bütün bu faciəli olaylardan sonra Cavanşir həyatın daha bir zərbəsini aldı- qardaşını da (səhv etmirəmsə adı Adil idi) itirdi.
    Cavanşir əsasən şəhərdə böyüsə də elə-obaya bağlı adam idi. O, Xalq yazıçısı Süleyman Rəhimovun bacısı oğlu idi.
    Xatırlayıram: Cavanşir bir zamanlar tez-tez doğma Qubadlıya gedər, adamların xeyir-şərində yaxından iştirak edərdi. Son illər arada görüşəndə köks ötürüb deyərdi: “Xoşbəx adamsan, vallah. Şınığın qədrini bil, çalış ömrünün çoxu orada keçsin. Məni bizim dağların nisgili öldürəcək... Düşmən əsirliyində qalan dağlar sinəmə dağ çəkir. Dayımın ilhamla vəsf etdiyi yerlər gözümün önünə gəlir. Dərindən düşünəndə az qalıram dəli olum. Əgər belə getsə... O dağlar bizi heç bir vaxt bağışlamayacaq... Əgər o dağları geri qaytarmasaq... Əgər...”
    Cavanşir Cahangirov uzun müddət, sərasər 37 il, eyni bir təşkilatda- AzTeleradioda çalışdı. Kiçik redaktordan ta Sədr müavinliyiinə qədər maraqlı, zəngin, dolğun bir həyat yolu keçdi.
    Hər gələn gün özü ilə yeni bir xəbər gətirir. Təəssüf ki, son illərdə bu xəbərlərin acısı şirinindən daha çox olur.
    İstedadlı jurnalist, tanınmış aparıcı, qayğıkeş ailə başçısı Cavanşir Cahangirov haqq dünyasına qovuşdu. Onun yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verirəm.
    Başın sağ olsun, Vətən.

    05.02.2020
    Zamira Hacıyevanın oğurlayıb Londona apardığı milyonları Böyük Britaniya mənimsəyəcək. Bizim pullar ingiliscə qismət olacaq. Zamira xanımın da istəyi budur. Deyirmiş ki, ingilislər mənə daha əziz...

    06.02.2020
    Daşkənddən geriyə-Bakıya qayıtdığım vaxtdan bir ay keçir. Xəbər tutdum ki, oradakı populyar qəzetdə mənimlə müsahibə dərc olunub.
    Özbəkistanın “Kitob dunyasi” qəzetində yazıçı-dramaturq Firuz Mustafa ilə müsahibə dərc olunub
    Daşkənd, 5 fevral, AZƏRTAC
    Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzetində Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya bölməsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa ilə müsahibə dərc olunub.
    AZƏRTAC xəbər verir ki, qəzetin müxbiri Raxmat Bobojonun hazırladığı “Hər günün öz sözü var” sərlövhəli müsahibədə, əvvəlcə, Firuz Mustafanın yaradıcılığı haqqında məlumat verilir, yazıçının povest və hekayələri, dram əsərləri haqqında söhbət açılır.
    Firuz Mustafa müsahibəsində Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışır, son vaxtlar Azərbaycanda özbək, Özbəkistanda isə Azərbaycan şair və yazıçılarının əsərlərinin daha çox çap olunduğunu vurğulayır.
    Yazıçı müsahibədə deyir: “Hekayələrim, şerlərim, esselərim rus, ingilis, türk, özbək və digər dillərə tərcümə olunub. Daşkənddə Şəhla Qasımovanın tərcüməsində “Dəniz köçü” kitabım çap edilib. Bu kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə işıq üzü görüb”.
    Qəzetin həmin nömrəsində Azərbaycan yazıçısı Günel Natiqin “Məhəbbət quşları” adlı hekayəsi də yer alıb.
    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

    20.02.2020
    "Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etməyiblər..."
    Bu sözləri kim desə yaxşıdır?
    N.Paşinyan.
    Ermənistanın Baş Naziri
    p.s.
    Düz sözə nə deyəsən?..
    ...“Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.
    Bunu kim desə yaxşıdır? 15 fevralın 2020-ci il tarixdə Münhen Təhlükəsizlik Konfransından Yerevana qayıdan Ermənistanın Baş nazir Nikol Paşinyan öz səhifəsində yazıb.
    p.s.
    Bəyəm deyilənlərdə həqiqət payı yoxdur? Təbii ki, dolaşıq fikirlər və hiylə də öz yerində…

    01.04.2020
    Vallah, billah, hər şəxsi, ictimai, bəşəri, planetar davanın sonu sülhdür, barışdır.
    Biz bunu istəsək də, istəməsək də.
    Dünyaya sülh arzulayıram. Elə sizə də.

    02.04.2020
    -Atasının ürəyini Almaniyada "şuntladıb", qızının burnunu Fransada əməliyyat etdirib, arvadının dışini Amerikada düzəltdirib, qaynanasının ödünu İsveçdə göturtdürüb, qaynatasının böyrəyini İsraildə müalicə etdirib... İndi bu koronovirus imkan vermir ki, gedib öz başını zad eləsin...
    O adamı görsəniz deyin:
    -Koronovirus deyir ki, öz təbabətinizi inkişaf etdirin...
    ...Vallah, billah, hər şəxsi, ictimai, bəşəri, planetar davanın sonu sülhdür, barışdır.
    Biz bunu istəsək də, istəməsək də.
    Dünyaya sülh arzulayıram. Elə sizə də.

    ...Tez-tez rastlaşdığınız hallar...
    Bəli, hər ədəbi yaşın öz sevinci olur...
    Məsələn, görürsən ki, bir gənc şair deyir: Metroda (və yaxud avtobusda... hələ yaxşı ki, bizdə tramvay, trolleybus yoxdur) bir xanım kitabımı oxuyurdu, amma mən ona yaxınlaşıb özümü bir müəllif kimi təqdim etmədim.
    Qoca şairin də öz “azarı” var. Məsələn, görürsən ki, qocaman şair təxminən belə deyir: Bir tədbirdə qocaman bir tamada axıra qədər təkcə mənim şeirlərimi əzbərdən dedi, amma mən o şeirlərin müəllifinin kim olduğunu demədim...
    Bəs onda Bayron, Puşkin, Vurğun, Neruda, Rembo neyləsin?
    Bax bunun cavabını siz deyin

    13.04.2020
    Bizdə “tərbiyəli” adam deyərkən çox zaman başıaşağı, üzüyola, hər şeyə göz yuman kəsləri nəzərdə tuturlar.
    “Qoçaq adam” isə, adətən, vuran-tutan, yırtıb-talayan, nə yolla olursa- olsun sərvət yığan adamlara deyilir.
    Klassik maarifçilərimizin goru çatlamasın, neyləsin...
    21.04.2020
    Sizin rəyiniz də maraqlı ola bilər...
    SSRİ-nin bərpasını istəyənlərin menyusuna
    Mən də birliyin tərəfdarıyam. Amma SSRİ birliyinin yox, Avropa birliyi formatında olan birliyin.
    Qısa yazacam. Ötən il Rusiyanın ucqar şəhərlərindən birində yerləşən teatrda pyesimin tamaşası idi. Həm para qıtlığından, həm də yolboyu mənzərələri seyr etməkdən dolayı avtobusla səfərə çıxmağı qərara aldım. Bir sözlə, həm gedəndə, həm də gələndə minik vasitəm avtobus oldu. Cəmi 4 min km. yol qət etdim.
    Sözüm onda deyil. Geri qayıdanda səfər yoldaşım bir Dağıstan ziyalısı idi.
    Avtobusu az qala hər addımda saxlayırdılar. Sərnişinləri yol boyu bəlkə də 7-8 yerdə “süzgəcdən” keçirir, pasport yoxlanışına cəlb edirdilər. Hətta, sözə baxmayan adamları zəif oxuyan şagirdsayağı “üzüdivara” qoyurdular.
    Düzü, bu yoxlanışı aparan əsgər və milislər mənə çox da “ilişmirdilər”. Bu, görünür həm mənim xarici ölkə vətəndaşı olmağımla, həm də yaşımla bağlı idi...
    Uzun sözün qısası, yanımdakə dağıstanlı qardaş axırda dözə bilməyib dedi:
    -Bax görürsüz başımıza nə oyun açırlar? Bəyəm bu bizə lazımdır? Sonra da deyirlər ki, xalqlar niyə müstəqillik istəyir?.. Siz xoşbəxt millətsiz. Müstəqillik gözəl nemətdir.
    Əlbəttə, mənim rus xalqına, rus mədəniyyətinə rəğbətim böyükdür. Elə SSRİ-nin müsbət cəhətlərini də inkar etmək olmaz.
    Bu günlərdə Rusiya prezidenti cənab Putin yenidən SSRİ-nin bərpa ehtimalı və arzusunu dilə gətirmişdi.
    Hansı birlikdən söhbət gedə bilər? Tarixən mövcud olmuş “birliyin” adı çəkiləndə bizim gözümüz önündə həm də sürgün yolları, QULAQ, qırmızı terror, saxta plandoldurmalar, müharibələr, Çexiya, Polşa, Macarıstan, Tiflis mayı, Bakı yanvarı canlanır...
    Şəxsən mən özüm birlik tərəfdarıyam. Amma... Amma SSRİ və Rusiya tipli sistemlərlə yox, Avropa birliyi formatında olan insani, bəşəri dəyərlərə yüksək qiymətin verildiyi birliyin.
    Yəqin ki, çoxları belə düşünür.

    21.04.2020
    Hə, yadımdadır, əvvəllər "məğrur" deyərdilər, indi isə "yekəxana" deyirlər.
    Təkcə dəyərlər deyil, dəyərlərin dəyərləndirilməsi də dəyişib.
    p.s.

    Ötən əsrdə yazdığım bu “mənzumə” əlimə keçdi. Dəftərçənin “qulağında” yazılmışdı. Kağız əzik-üzük idi. Yaxşı ki, vaxtında belə şeylərlə (“şeirlərlə”) başımı qatmamışam...

    Ölümdən o yana görəsən nə var?
    Cənnət cəhənnəmdən çoxmu uzaqdır?
    Orda necə keçir görən havalar?
    İstimi, soyuqmu, qarmı, sazaqmı?

    Cəhənnəm rədd olsun qoy cəhənnəmə,
    Sən mənə behiştdən, cənnətdən danış.
    Orda inanan var şeytana, cinə?
    Görəsən neyləyir orda dost, tanış?

    Bilirəm orada cism yox, can var,
    Ruhlar bir-birini görürmü görən?
    Görən necə keçir orda havalar?
    Eh yazıq hurilər, ta nə deyim mən?

    07.05.2020
    Yağış... Yağış... Bu yağışdan gözüm su içmir... Amma torpaq əməlli-başlı su içir.

    22.07.2020
    Kirayəyə köçdük. İki kiçik otaqdan ibarət mənzildir. Azadlıq prospektindəki 9-mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Mənzilin sahibi Vüqar adlı cavan adamdır. Kirayənin aylığı 300 manatdır. Orta şəraiti var. Binanın pəncərəsi yeni tikilmiş villalara açılır.
    ...Öz-özümə sual edirəm: 50 ildən bəri elm, sənət, ədəbiyyat yolunda hər cür məhrumiyyətə dözən alim, yazıçı, ziyalı belə yaşamalıdır, yəni mənim kimi? Məmləkət rüşvət boyunduruğunda və qandalında inildəyir...
    “Yeni mənzilə”- kirayəyə gələn kimi 40-cildliyin son cildlərini sistemə salmağa girişdim.

    07.09.2020
    Kayseridə (Türkiyədə) yaşayan şair Abdurrahman Karaköse Ənvər Paşa haqqında yazdığım tarixi-sənədli “Savaş fəsli” pyesimi tərcümə edib. Biz onunla qiyabı, sosial şəbəkə vasitəsi ilə tanışıq. Əsəri oxuyub rəyini öyrənmək üçün İstanbulda yaşayan tanışım Hikmet Elpe göndərəcəm.

    08.09.2020
    Dramaturq var. Rejissor varmı?
    Bəli, dramaturq var, bəs rejissor?..
    Aradabir illərin mürgü dənizindən boylanıb dünyaya baxmaq istəyən çağdaş ədəbiyyat “cəfakeşlərinin” gah pıçıltı, gah da nərilti ilə yayılan səsi eşidilir:
    -Bizdə poeziya yoxdur.
    -Bizdə nəsr yoxdur.
    -Bizdə, ümumiyyətlə, ədəbiyyat yoxdur.
    Bu ədəbiyyat “cəfakeşlərinin” bir adı da vaxtilə “tənqidçi” olub. İndi deyəsən o peşə şirin xəyallar kimi yoxa çıxıb. Elə ona görə də eşidilən pıçıltı və nəriltiyə əks-səda kimi “alternativ” bir cavab gəlir:
    -Xeyr, bizdə ədəbiyyat var, amma tənqid yoxdur.
    Ara-sıra bu qarşılıqlı, çarpaz xorda sısqa, zəif bir solo-mono da eşidilir:
    -Bizdə dramaturgiya yoxdur.
    Adamdan soruşarlar ki, ay adam, hansı əsəri oxuyub tənqid, təhlil etmiş və ya hansı təklifdə bulunmusan?
    Mən belələrinə dəfələrlə cavab yazmışam. İndi isə çox qısa şəkildə fikrimi izhar etməyə çalışacam.
    Bəli, bu soloya hərdən teatr “cəfakeşlərinin” də səs qoşulur:
    -Bizdə dramaturq yoxdur. Ona görə də yaxşı tamaşalar hazırlaya bilmirik.
    Quyunun dibindən gələn bu səsin sahibi də vəzifəsi dram əsərlərini səhnəyə qoymaqdan ibarət olan kəsdir. Vaxtilə bu peşənin sahiblərinə “rejissor” deyərdilər. İndi bu peşə də, deyəsən, elə “tənqidçilik” kimi yoxa çıxmaqdadır.
    Bəli, “tənqidçilər” ümumiyyətlə ədəbi əsərlərin, rejissorlar isə dramaturji əsərlərin yoxluğundan şikayət edirlər.
    Bu barədə bir qaç kəlmə demək istəyirəm.
    Adamdan soruşarlar ki, yaxşı, tutaq ki, bizdə dramaturq yoxdur, bəs dünya ədəbiyyatında necə? Bəlkə dramaturqların bir sinif kimi kökü tam kəsilib? Lap elə tutaq ki, müasir zamanda dramaturq yoxdur, bəs keçmişdə necə? Bəlkə Sofokl, Şekspir, Molyer, Çexov, Brext, İonesko, Pirandello, Bekket, Şou da olmayıb? Şou demişkən, bu günkü rejissorlara Bernard Şou yox, hoppanıb-düşən “sənətkarların” şousu lazımdır. Hə, sualımız hələ davam edir. Bəs niyə həmin dramaturqların yaradıcılığına müraciət etmirsiz? Deyə bilərsiz ki, müraciət olunur. Elə isə yenə sual meydana çıxır: Bəs onda hanı ortaya qoyduğunuz tamaşa? Bəs hanı anşlaqlar, hanı alqışlar? Qısası hanı sizin uğurlu tamaşanız?
    Dramaturgiya var. Sadəcə olaraq, onun qarşısına dəmir, çugun, polad səddlər çəkilib.
    Şəxsən mənim müxtəlif teatrlarda 30-dan çox, son üç ildə üç xarici ölkədə üç pyesim tamaşaya qoyulub. Niyə gizlədək, az qala bütün sahələrdə olduğu kimi, bizdə teatrlar da monopoliyaya alınıb. Özü bə bu monopolistlər hansısa dövlər strukturlarında çalışan kəslər deyil, elə teatrların öz “sahibləridir”. Əksər teatrlarda rejissorluq institutu bir sinif kimi ləğv edilib. Direktorlar hakimi-mütləqdir. İndi direkrorların əksəriyyəti həm rəssam, həm bəstəkar, həm də ... direktordur.
    Sözün qısası: dramaturq var. Bəs rejissor?

    11.09.2020
    Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə Azərbaycanda rus dilinin vəziyyəti ilə bağlı yazı ilə çıxış edib. Yazı geniş ictimaiyyat tərəfindən birmənalı qarşılanmayıb. Mən də müxtəsər bir yazı ilə çıxış etmək qərarına gəldim. Və yazdım:
    “Çingiz Abdullayev dünyada tanınmış yazıçılarımızdan biridir. Rus dilində yazsa da özünü rus yazıçısı hesab etmir. O, heç vaxt heç kəsə doğma dilimizdə yazmamağı da tövsiyə etməyib. Mənsub olduğu xalqın adət-ənənısinə, dilinə, ədəbiyyatına, folkloruna, məişətinə, lap elə iaşə və mətbəxinə daim ehtiramla yanaşıb.
    Azərbaycanlı yazıçının əcnəbi dildə yazması qəbahət deyildir. Dünyada bədii söz heç də monolinqval (təkdilli) sütun üstündə dayanmır. Biz bu gün nəinki bilnqvilizmə (ikidilliliyə), hətta, çoxdilliliyə aid də kifayət qədər misal çəkə bilərik. Və həmin dillərdə yazan adamların əksəriyyəti özlərini kökən-mənçəcə mənsub olduqları xalqın yazıçısı hesab ediblər. Bu mənada Çingiz Abdullayev də, təbii ki, rus dilində yazıb-yaradan Azərbaycan yazıçısıdır.
    Zəmanəmizin bir çox qələm sahibləri (Sovet və postsovet epoxasını nəzərdə tururam), o cümlədən hamınızın, hər halda mütləq əksəriyyətin, yaxşı tanıdığı Oljas Süleymenov, habelə Çingiz bəyin iki məşhur türkdilli adaşı- Aytmatov və Hüseynov da öz əsərlərini əsasən rus dilində yazmışlar. Burada, qeyd etdiyim kimi, heç bir qəbahət yoxdur.
    Yeri gəlmişkən, çox da uzağa getməyək (və yaxud lap elə uzağa gedək), Uilyam Saroyan erməni əsilli amerikan yazıçısıdır və öz soydaşları onunla fəxr edirlər. Hətta, vəsiyyətinə əsasən Saroyanın nəşinin külü iki yerə bölünmüş- yarısı Amerikada, yarısı isə Ermənistanda dəfn edilmişdir.
    Mən hörmətli Çingiz Abdullayevin dil öyrənməyimizlə bağlı iradları ilə də razıyam...
    Amma və lakin...
    Belə düşünürəm ki, Azərbaycandakı bütün ibtidai, orta və ali məktəblərdə tədris proqramları başdan-ayağacan rus (və ya Rusiya) təhsil sistemi üzərində qurulsa belə, yenə xeyri yoxdur, rus təbliğat maşını öz rupor dəm-dəstgahını tamamilə başqa, hamıya məlum olan yad ladda kökləyəcək.
    Bəyəm bizdə rus dilini yüksək səviyyədə bilənlər azdır? Qətiyyən. Əksinə. Elə götürə elə çox hörmət Çingiz Abdullayevin özünü? O, Rusiyanın hər hansı media məkanında, o cümlədən radio-televiziya ekran-efirində istənilən siyasətçiyə, sözün əsl mənasında dərs deyə bilər. Amma gəlin bir anlığa düşünək: ona bu fürsəti və imkanı hansı kanal verə bilər? Uzaqbaşı Çingiz Akifoğluna yalnız ədəbiyyat, sənət və yaxud incəsənət haqda danışmaq imkanı yarada bilərlər.
    Mən bu sətirləri yazarkən Çingiz Abdullayevin özünün vaxtilə ilk kitablarından birinin (səhv etmirəmsə, “Mavi mələklər” və yaxud “İnsan ovu” romanlarından birinin) nəşri zamanı o vaxtkı Mərkəzdə nəşriyyat rəhbərliyindən eşitdiyi istehza, kinayə dolu cavabı xatırlamalı və xatırlatmalı oluram (Təxminən belə bir cavab: “Sən bu görünüşlə burada çap oluna bilməzsən”).
    İki dövlət arasındakı münasibətlər, habelə “kimdir haqlı” sualı ətrafında da saatlarla söhbət və mübahisə etmək olar. Təəssüflə qeyd etməliyik ki, indiki halda Rusiyanın siyasi doktrinasında öz əksər qonşularına münasibətdə konsolidasiyadan daha çox, konfrontasiyaya meylin təzahürü aydın hiss olunur. Tək bircə nümunə gətirmək kifayətdir: biz Rusiyaya bütün parametrlər üzrə Ukraynadan yaxın ola bilmərik ki? Amma bu "yaxınlığın" nəticəsi göz önündədir. Yəni Papadan çox xristian olmaq mümkün deyil.
    Amma burası da var ki, Rusiya yaxın qonşumuzdur və rus dili, rəhmətlik Seyid Əzimin vaxtilə qeyd etdiyi kimi, öz “statusunu” bizim regionda hələlik qoruyub saxlamaqdadır. Yəni “bilməsək dil əlacımız yoxdur”.
    Və qısacı: bütün dillərə ehtiramımız olmalıdır, ən çox da öz dilimizə”.

    12.09.2020
    Dayımın həyat yoldaşı Ofeliya Yusifli- Hacizadə vəfat edib. Ofeliya xanım uzun illər Azərbaycan radiosunun Xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor vəzifəsində çalışıb. Ləyaqətli xanım, vəfalı həyat yoldaşı idi. Əri tanınmış yazıçı Nahid Hacızadə iki il öncə (18.01.2018) dünyasını dəyişmişdir. Ofeliya xanım ərininin uyduğu qəbristanlıqda torpağa tapşırılıb.
    Allah rəhmət eləsin.

    14.09.2020
    Hər kitabın öz taleyi, bəlkə də öz “tərcümeyi-hal”ı olur...
    İlk kitabım ötən əsrdə çap olunub. Düzü, ta çıxan titablarımı və oynanılan pyeslərimi “barmaqhesabı” saymıram. Ona görə yox, onların sayı-hesabı yoxdur. Yox, sadəcə olaraq, mən belə düşünürəm ki, peşəkar yazı-pozu adamının borcu kitab saymaq yox, kitab yazmaqdır. (Bu yerdə lap gülməli əhvalatlar yadıma düşdü ki, onlardan da biri bəzi əhli-qələmlərin əsər bir yana qalsın, oturub “layk” saymağıdır). Saymasam da bilirəm ki, həm elmi, həm də bədii kitablarımın sayı yaşımdan bir xeyli artıqdır....
    Nə isə... Dediyim kimi, hər kitabın öz taleyi olur. Müxtəlif janrlarda kitablarım var. Mən indiki halda yalnız bir kitabımın taleyi ilə bağlı müxtəsər söhbət açıram.
    Arada özümçün poetik parçalar yazıram. Onların əksəriyyəti onluq və dördlülərdən ibarətdir. Mən uzun müddət şeir yazdığımı “sirr olaraq” saxlayırdım. Arada özümün bəyəndiyim misralarımdan əzbər desəm də, “müəllifini” unutduğumu deyirdim.
    ...Günlərin bir günü əməkdalıq etdiyim nəşriyyatın müdiri dedi ki, eşitmişəm şeirlərin var, gəlsən onları nəşr edək. Etiraz etdim. Naşir dəfələrlə israr etdi, dedi ki, onluqlarını nisyə buraxa bilərəm. Alınar alınar, alınmasa da eybi yox. Onu da əlavə etdi ki, qazanc onun olacaq (əgər olsa), mənə isə bir neçə kitab hədiyyə ediləcək.
    Razılaşmalı oldum. Kitabçı naşir kitabın üz qabığı üçün məndən fotolar istədi... Az sonra gənclik şəklim “ONLUQLAR” kitabımın üz qabığında dərc olundu...
    Şərtimizə görə naşir kitabın bütün tirajını özü satdı. Mənə çatan nüsxələri isə o vaxtlar Bülbül prospektində yerləşən M.Seyidzadə adına uşaq və gənclər mağaza-kitabxanasında satışa qoydum. Bir neçə gün sonra mağazanın qarşısından keçərkən mağaza-kitabxanada çalışan xanım məni görüb dedi ki, kitablarının hamısı satılıb, gəl pulunu götür...
    Sən demə, kitabı yaxınlıqda yerləşən ADPU-da və MMA-da təhsil alan tələbə gənclər (gələcək pedaqoq və musiqiçilər) alıbmış. Zənnimcə, onları clb edən nəsnələrdən biri də kitabın tərtibatı olmuşdu. Bilmirəm, bəlkə də səhv qənaətdir. Amma, fakt budur ki, kitablar sürətlə satıldı. Oxuyanlar tərifli sözlər dedilər. Ünvanıma məktublar gəldi. Həmin kitaba daxil olan onluqların bir çoxu əcnəbi dillərə tərcümə edildi. Hətta, resenziyalar-rəylər belə yazıldı o kitabla bağlı-şair olmasam da belə.
    p.s.
    Yeri gəlmişkən, elə bu gün də satılan kitablarımın ödənişini etdilər. Böyük qonaqlıga macal olmasa da, dostlarla geniş çay süfrəsi ətrafında toplaşmaga macal tapmaq olar.
    Yaxşı, bəs bir cümlədə iki dəfə işlənən bu “macal” sözü haradan ağlıma gəldi? Hə, xatırladım- həmin dediyim o “Onluqlar” kitabı elə macal, vaxt, zaman anlayışlarının poetik interpretasiyası ilə açılır:

    Oxucum! Adın nə, soyadın nədir?
    Bilmirəm... Di gəl ki, sözüm sənədir.

    Ünvanın necədir? Neçədir yaşın?
    Kişisən, ya qadın, ay canım-gözüm?
    Bəlkə işin-gücün başından aşır?..
    Bilmirəm... Di gəl ki, sənədir sözüm.

    Sənə bir sirr açım, mənə qulaq as:
    Ağlı olanların baxtı olmayır.
    Əgər macal tapsan dərdləşək bir az,
    İşi olmayanın vaxtı olmayır.

    13.09.2020
    Bir dəfə qəzəblənib yazdım ki, kitabsız xalq-vicdansız xalqdır...
    Kitab niyə az satılır?
    Biz niyə az kitab oxuyuruq?
    Eşidirsən, sözüm sənədir, oxucum.
    Hansı yazı-pozu adamı desə ki, kitablarımı dükanlara paylaşdırdım, hamısı satıldı, yaxşı pul qazandım, bu, bir az çətin inanılası məsələdir.
    Əslində kirabı nəşriyyat çap edib özü də paylaşmalıdır. Müəllifin işi isə yazmaq olmalıdır. Bütün sivil dünyada belədir. Zənnimcə, bu sistem bizdə hələ lazımi səviyyədə qurulmayıb. Vaxtilə mən də kitab dükanlarına öz cildlərimdən göndərmişəm. Hətta, ən böyük nəşriyyatın müdiri yaxın tanışım, ən böyük kitab dükanları şəbəkəsinin rəhbəri yaxın qohumum idi. Müşahidə etdim, gördüm ki, kitablar bizdə çox ağır satılır. Böyük dərddir. Hətta, bir dəfə qəzəblənib yazdım ki, kitabsız xalq-vicdansız və əxlaqsız xalqdır.
    Müşahidələrim onu da göstərdi ki, bizim insanlar da indi bütün dünyada olduğu kimi yüngül əsərlər oxumağa meyllidir. Onları qınamaq da olmur. Axı həyat ağırdır, problemlərlə doludur.
    Və mənim ötən əsrin sonlarında detektiv (daha doğrusu, psixoloji detektiv) janrda yazdığım “Teatr Meydanı” roman nəşriyyatlardan birinin təklifi ilə basılıb çox sürətlə satıldı. Təbii ki, qonorar da verdilər. Haqlı olaraq soruşa bilərsiz: bəs sonra?.. Məsələ burasındadır ki, bu əsər (səhv etmirəmsə 2000-ci ildə) kiril əlifbası ilə çıxmışdı. Hələ onda latın qrafikasına tam keçməmişdik. Sonra yeni qrafikaya keçdik və arada fasilə, kitablara qarşı isə bir “yadlaşma” yarandı. Əlbəttə, mən latına keçməyimizi ən çox təkid, təqdir və təbliğ edənlərdən biri olmuşam. (Yeri gəlmişkən, bu gün də oxucular məndən bu tipli kitablar istəyir, amma mən özümü qətiyyən detektiv yazar hesab etmirəm).
    Artıq hamı, hər halda mütləq çoxluq, latın qrafikasında rahat oxuyub-yazır. Amma yenə kitablar zəif oxunur. Niyə? Səbəb nədir? Səbəblərin bir çoxunu mən bilirəm-demişəm, yenə deyərəm.
    İndi siz öz versiya, hipodez, vəsilə və habelə təkliflərinizi deyə bilərsiz.
    Hə, sözüm sənədir, oxucum.
    14.09.2020
    Siyasət, şeir və din haqda, hə, bir də ayrı-ayrı saz və muğam ifaçıları ilə bağlı heç kəslə mübahisə etmirəm. Çünki bu sahələrdə olan mübahisələrin bir konkret predmeti və xeyirli sonu olmur. Nəyi sübut edəcəksən ki? Bu mövzuda olan mübahisələrin sonu ən yaxşı halda küsüşmə ilə bitir.
    Kimya, riyaziyyat, bilogiya ilə bağlı hansısa mübahisənin sonunda mütləq nəyisə isbat etmək olur. Və bu sahələrdə mübahisə edən tərəflər dava-dalaşsız ayrılırlar...)

    15.09.2020
    Yeni pyes: "Savaş fəsli və yaxud Ənvər Paşa"
    Artıq "Savaş fəsli və yaxud Ənvər Paşa" adlı tarixi faciəni yazıb başa çatdırdım. Adından göründüyü kimi, əsər Türkiyənin görkəmli sərkərdəsi, vaxtilə Müdafiə naziri olmuş Ənvər Paşadan, daha doğrusu onun həyatının son iki ilindən bəhs edir. Pyesin Türkiyə türkcəsinə tərcüməsi artıq başa çatıb. Tərcüməci Abdurrahman Karakose, tərcümənin redaktoru isə Hikmət Elpdir. Dramın ruscaya tərcüməsi də nəzərdə tutulur.
    Teatrların indi “mürgüləyən” dövrüdür. Əksər teatrlara əsər təqdim etsəm də hələlik bir səs-soraq yoxdur. Güman edirəm ki, teatrların tabe olduğu əlaqədar qurumun iş və fəaliyyətində mühüm islahatlar olacaq.
    Amma bütün bunlara baxmayaraq əsəri təcrübəli rejissor, Xalq Artisti Mərahim Fərzəlibəyova təqdim etdim. O, oxuyandan sonra əsər haqda müsbət rəyini, habelə bəzi iradlarını bildirdi.
    Əsər barədə Türkiyədə yaşayan bir çox dostlar, o cümlədən Ənvər Paşanın nəvəsi Arzu xanım Ənvərdən də razılıq rəyi gəldi.
    Əminəm ki, bu əsər uğurlu səhnə taleyi yaşayacaq.

    15.09.2020
    AYB-yə getmişdim. Eşitdim ki, "AZƏRBAYCAN" jurnalının builki 9-cu sayında hekayələrim (deyəsən 9 hekayədir) nəşr olunub. “Qısa hekayələr” silsiləsindəndir.
    E.Hüseynbəyli ilə yeməkxanaya nahar etməyə getdik. Keçmiş iş yoldaşım (MM üzvü) E.Əliyev də təsadüfən oraya gəldi. Bir xeyli söhbət etdik, yeyib-içdik. Etibar gələcək naharlar üçün yeməkxanada 200 manat “depozit” saxladı.

    15.09.2020
    Yeni pyes: "Savaş fəsli və yaxud Ənvər Paşa"
    Artıq "Savaş fəsli və yaxud Ənvər Paşa" adlı tarixi faciəni yazıb başa çatdırdım. Adından göründüyü kimi, əsər Türkiyənin görkəmli sərkərdəsi, vaxtilə Müdafiə naziri olmuş Ənvər Paşadan, daha doğrusu onun həyatının son iki ilindən bəhs edir. Pyesin Türkiyə türkcəsinə tərcüməsi artıq başa çatıb. Tərcüməci Abdurrahman Karakose, tərcümənin redaktoru isə Hikmət Elpdir. Dramın ruscaya tərcüməsi də nəzərdə tutulur.
    Teatrların indi “mürgüləyən” dövrüdür. Əksər teatrlara əsər təqdim etsəm də hələlik bir səs-soraq yoxdur. Güman edirəm ki, teatrların tabe olduğu “əlaqədar qurumun” (bir az bəsit səslənsə də) iş və fəaliyyətində mühüm islahatlar olacaq.
    ...Əsəri təcrübəli rejissor, Xalq Artisti Mərahim Fərzəlibəyova təqdim etdim. O, oxuyandan sonra əsər haqda müsbət rəyini, habelə bəzi iradlarını bildirdi.
    Əsər barədə Türkiyədə yaşayan bir çox dostlardan, o cümlədən Ənvər Paşanın nəvəsi Arzu xanım Ənvərdən də razılıq rəyi gəldi.
    Əminəm ki, bu əsər uğurlu səhnə taleyi yaşayacaq.

    16.09.2020
    Tofiq Yaqublu artıq 15 gündür ki, aclıq elan edib. O, olduqca iradəli bir adamdır. Tofiq bəylə şəxsi tanışlığım yoxdur. Bir-birimizlə “qiyabi” tanışıq. O, mənim bədii yazılarımla bağlı öz fikirlərini bildirib. Xüsusilə, “At günü” hekayəsi haqda yazdığı “məkyub” onun zövqünün yüksəkliyindən xəbər verir. Səhv etmirəmsə Tofiq Yaqublu ixtisasca filoloqdur. Vaxtilə Qarabağ savaşında vuruşub. Yazılanlardan belə məlum olur ki, şərlənərək həbs olunub.

    18.09.2020
    Bu gün Tofiq Yaqublu ev dustaqlığına buraxıldı. FB səhifəmdə bu sətirləri yazdım:
    Tofiq Yaqublu fenomeni bir daha çoxdan məlum olan bəzi bəşəri mətləblərə təzədən aydınlıq gətirdi. O mətləb də bundan ibarətdir ki, əgər bu dünyada hər kəs öz hüququ və azadlığı uğrunda dönmədən mübarizə aparsa, onun bütün arzu, ideal və istəkləri çin ola bilər.
    p.s.
    Lap çoxdan, əgər səhv etmirəmsə, oxuduğum bir əsərdən yadda qalan dialoqu xatırladım.
    -Qəhrəmanı olmayan xalq bədbəxtdir.
    -Qəhrəman axtaran xalq daha bədbəxtdir.
    p.s.
    Rezyümə: Bu dünyanın hər bir vətəndaşi, hər bir xalqın hər bir övladı öz azadlığı uğrunda vuruşan qəhrəman olmalıdır.
    Azadlığın mübarək, Tofiq bəy.
    p.s.
    Çalış emosiyalarından xilas olma; yoxsa sənin öz evindəki şkafdan bir fərqin olmayacaq.

    22.09.2020
    AYB-də oldum. İ.Qasımzadə ilə xeyli söhbət etdik. İntiqam uzun illərdir ki, mətbuatda, “Azərbaycan” jurnalında çalışır. Maraqlı xatirələri var...
    ...Günortadan sonra rejissor Mərahim Fərzəlibəyli zəng vurdu. Görüşdük. EA tərəfdəki çayxanada əyləşib çay işdik. Sonra oradan evə gəlmək üçün piyada uzun bir yol qət etdik. Mərahim Fərzəlibəyli ilə qonçuyuq. Onun yaşadığı ev mənim kirayədə qaldığım yerə yaxındır.
    ...Payız özünü hiss etdirir. Bu gündən pencək geyirəm.
    ... Bütün gücəni işlədim. Amma səhərə yaxın çox yaxşı yatdım. Görünür piyada hərəkət etməyin təsiri az olmayıb.
    40-cildliyim əsasən nəşrə hazırdır. Amma mən bu cildlərin öz sağlığımda kitab kimi nəşr olunacağına inanmıram.

    23.09.2020
    Bu da 39-cu cild.
    40-cildlik artıq “starta”, yəni nəşrə hazırdır.
    Amma mən indiki halda bu cildləri nəşr etmək iqtidarında deyiləm. Yalnız özümün son iki ildən bəri sistemə saldığım elektron variantı kitabxamalara təqdim edə bilərəm. Bir neçə gün əvvəl MN-ə, oradakı etibarlı dodstum A.Q.C.-yə zəng vurub məsləhət aldım. O da bunu dedi ki, indiki halda kitabların (cildlərin) elektron versiyasının Axundov adına kitabxanaya təqdim olunmasdı daha doğru, rasional yoldur. Çox güman ki, elə bu cür də edəcəyəm. Yaradıcılığımın mühüm bir hissəsini qapsayan 40-cildliyin pdf. variantını tam təkmilləşdirdikdən sonra kitabxanaya gedəcək, əsələrimi oraya təqdim edəcəyəm...
    Elektron “mətn” haqda bu qədər.
    Yazılı mətni, yəni əlyazmalarımı isə bir neçə il öncə mərhum Maarif Teymurovun təklifi ilə Ədəbiyyat və incəsənət arxivinə təhvil vermişəm. Təxminən 90 qovluqdan ibarət əlyazmalarım indi həmin arxivdədir. Deyəsən, Maarif bəy rəhmətə gedəndən sonra oraya Könül xanım müdir təyin edilib.
    Beləliklə, mənim yazılarımın və yazdıqlarımın gələcək taleyi artıq məndən asılı deyil.

    04.10.2020
    Ordumuz ötən ayın (sentyabrın) 27-dən torpaqlarımıza hücüm edən erməni hərbi birləşmələrinə (daha doğrusu erməni ordusuna) qarşı hücuma başlayıb. Qarabağ uğrunda qanlı savaş gedir.
    İtkilərimiz var. Lakin xalq inamlıdır. Reh düşkünlüyü yoxdur. Rəsmi məlumatlarda qeyd edilir ki, artıq bir neçə yaşayış məntəqələrimiz azad edilib. Prezident İ.Əliyev çox inamlı görünür. Elə çıxışları da qətiyyətlidir. Hesab edirəm ki, bu dəfə tam qələbə əldə olunacaq. Olsun ki, öz tanrıları erməni xalqını ağıldan çıxaranlara, döyüşə-davaya sürəkləyənlərə bu savaşdan sonra bir az ağıl verəcək. Bu adamlar 21-ci əsrdə yaşasalar da ağılları cahiliyyə dövründə qalıb.
    Mən 30 ildən çoxdur ki, yatmıram. Zarafatla deyirəm ki, işğal olunan torpaqlarımız geri qaytarılandan sonra yuxum nizama düşəcək.
    Əminəm ki, arzumuz tezliklə çin olacaq.

    10-17.10.2020.
    Ordumuz sürətlə irəliləyir...
    Axundov kitabxanasına yazılarımın elektron nüsxəsini verdim. Kitabxananın direktoru (K.Tahirov) dedi ki, “elektronla” yanaşı “ənənəvi-kağız hüsxələr” də lazımdır. Məcbur olub hər cilddən (kitabdan) bir nüsxə çap etdirdim. Beləliklə kitabxana fonduna bu kitablar təqdim olundu:
    1. 40 (qırx) cildlik “Əsərləri”.
    2. 6 (altı) cildlik rus dilində “Seçilmiş əsərlər” (İzbarannoe).
    3. Nəhayət, 4 (dörd) cild haqqımda yazılmış məqalə, esse və monoqrafiyalardan ibarət kitab.
    Beləliklə, 50 (əlli) kitab. Yəni hər cilddən bir nüsxə nümunə. Beləliklə, bu ay aldığım pensiyamın az qala hamısını kitablara xərclədim...
    ... 4 (dörd) pyesimi latından kirilə keçirib rej. Mərahim Fərzəlibəyliyə təqdim etdim; o, latın qrafikasında yazılanları oxuya bilmir. Mərahim bəy hər görüşdə pyeslərimin “Azdramada” getməməsinə təəssüf və təəccüb edir. Və bunun “səbəbkarı” kimi mənim özümü görür. Halbuki uzun illər o, həmin teatrın baş rejissoru olub. Amma orasını düz deyir ki, bu illər ərzində mən nədənsə ona pyes təqdim etməmişəm. Bunun da əsas səbəbi çox sadədir: yaxşı bilirəm ki, bizdəki teatrların repertuarının müəyyənləşməsi rejissorlardan daha çox, teatr direktorlarının ovqatından, kefindən və ya istəyindən asılıdır. Hər halda, indiyəcən oxuduğu pyeslərə obyektiv qiymət verdiyinə görə M.F.-yə təşəkkür düşür.

    18.10.2020
    Kirayədən köçəsi olduq. Yeni mənzil Masazırda yerləşir. İki otaqlı kiçik otaqlardır.

    19.10.2020
    “Mədəniyyət” kanalına dəvət etmişdilər. Söhbətimizin əsas mvzusu vətənpərvərlik mövzusunda yazılmış əsərlərlə bağlı idi. Çəkiliş oldu. Gecəni (az qala həmişə olduğu kimi) yatmadğım üçün yorğun idim. Öz çıxışım özümü o qədər də təmin etmədi.

    20. 10.2020
    Dünən “Mədəniyyət” kanalının çəkdiyi veriliş bu gün efirə getdi. Çıxışımdan sonra zənglər oldu. Təriflər olsa da, özüm tənqidi yanaşdım.

    24-25.10.2020.
    Şənbə və bazar günləri evdə oldum. Yazıların nizama salınması davam edir. Onillər boyu yazdıqlarımın “ağız-burnunu” düz-əməlli yığıb-yığışdıra bilmirəm.
    ...Cəbhədəki vəziyyəti izləməklə məşğul oldum. Geri alınan hər yaşayış məntəqəsi əsgərlərimizin qanı bahasına başa gəlir. Amma görünür, başqa yol yoxdur... Uzun illər cəzasız qalmış azğın qonşuların indi sürətlə geri çəkilməsi, tərk-silah olması xalqın bir vaxtlar öləzimiş inam hissini təzədən özünə qaytarır.
    ... Verilən rəsmi məlumatlara görə, artıq bir çox rayon və kəndlərimiz (Füzuli, Cəbrayil, Qubadlı, Laçın) geri qaytarılıb. Digər rayonlarımız uğrunda uğurlu savaş gedir. Qürurluyam. Bundan böyük nə sevinc ola bilər?

    27 sentyabr-27 oktyabr. 2020
    Bu ötən bir ay ərzində çox şey dəyişib. Düz bir ay öncə-27.09.20 tarixdə torpaqlarımıza həmlə edən düşmən ordusuna qarşı əks hücum başladı. Bu müddət ərzində xalqımızn düşüncəsində, sözün əsl mənasında, inqilab baş verdi. Ən başlıcası, ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində insanlarımızın özünə inamı qayıtdı. Azərbaycan əsgəri tarixdə ara kimi qalmış boşluğu- 27 illik bir zaman kəsiyini öz qanı hesabına “bitişdirməyə”, sağaltmağa başladı. Sanki tarixi yaramızın üstünə məlhəm qoyuldu.
    Arzular reallığa çevrilməyə başladı.
    Təsəvvürümüzdə canlandırdıqlarımızı gözümüzlə görməyə başladıq.
    Biz dəyişdikcə dünyanın bizə münasibəti də dəyişməli oldu.
    Zəfər bizimlədir.

    28.10.2020
    Cəbhədə ağır, qanlı döyüşlər gedir. Ordumuz əsr alınmış torpaqlarımızı qarış-qarış geri qaytarır.
    Bərdəyə bu gün bir neçə raket atılıb. Verilən məlumata görə dinc əhalidən 20 nəfər həlak olub, 60-dan çox yaralı var.
    ...Bütün günü evdə oldum. Xəstəhalam...
    ...Arabir media nümayəndələri vətənpərvərlik mövzusunda yazılan əsərlərin qıtlığından və ya azlığından gileylənirlər. Bu məsələ ilə bağlı mənə də müraciət edirlər. Cavabım qısadır:
    -Mən bu illər ərzində ordumuzun və xalqımızın qələbəsinə daim inanmışam.
    O ki qaldı məlum mövzu ilə əlaqədar yazılan əsərlərə... Başqa qələm sahibləri haqda heç nə deyə bilmərəm. Öz yazdıqlarımla bağlı qısaca məlumat verə bilərəm:
    Üç kitabdan ibarət olan “Teatr meydanı” romanımda baş verən hadislər bilavasitə və bilvasitə Qarabağ uğrunda gedən müharibə fonunda baş verir. Əsər dəfələrlə nəşr edilib. Sonra. “Azərbaycanfilm” studiyası ikiseriyalı film çəkmək istəsə də, vətənsevməyənlər tərəfindən maneçilik törədilib və bu iş yarımçıq saxlanılıb.
    Sonra. “Dəhliz” pyesininin qəhrəmanı keçmiş müharibə iştirakçısədır, ayağını torpaqlar yolunda itirib, sinəsində qəlpə gəzdirir. (Əsər Mingəçevir DDT-da tamaşaya qoyulub.
    Sonra. “Payız meşəsində vals” pyesimin qəhrəmanları qəhrəman döyüşçülərimizdir. Əsər Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqədə 1-ci yeri tutub mükafata layiq görülsə də teatrlarımızın çoxu əsəri səhnəyə çıxarmağa tələsmir, vurçatlasın pullu-zəngin “dramaturqlar” axtarışındadırlar və bu səbəbdən də “başqa daha sərfəli istiqamətə” baxırlar...
    Daha sonra. “Günəşi qoruyanlar” pyesinin qəhrəmanları hərbin ağır nəticələrini öz gözləri ilə görüb məşəqqət və ağrılara düçar olmuş uşaqlardır.
    Bundan başqa bir neçə hekayə və dediyim mövzuya həsr olunmuş onlarla publisistik yazı...
    Mənim demək olar ki, bu mövzuda yazdığım bütün əsərlərin sonu qalibiyyətlə başa çatır.
    Dediyim kimi, ordumuzun və xalqımızın qələbəsinə daim inanmışam.

    08.11.2020
    Urra... Ordumuz Şuşanı aldı. İndi ürəkdən deyə bilərik: “Doğrudan da, Qarabağ bizimdir”.
    Ən bəxtəvər gülərim(iz)dən biri

    10.11.2020
    Bu, əsl qələbədir. Nəyəsə və nəyisə irad tutmağa, zənnimcə, heç bir ehtiyac qalmadı...
    Əlbəttə, problemlər də olacaq. Və həmin problemlərin həlli yolları da tapılacaq...
    Hə, bir də qaldı bir məsələ: stepan və kert... Yəqin ki, tezliklə şəhər rəsmən öz əzəli adına qayıdacaq: Xankəndi.
    22.11.2020
    Amil Avey... Dünyamızla vidalaşdığını indi eşitdim. Çox acı xəbərdir. Uzun illərdən bəri tanıdığım ləyaqətli, cəsarətli və səmimi insanlardan biri idi. Gözəl şeirlər müəllifi idi. Media aləmində peşəkar jurnalist, dəyərli qələm sahibi kimi tanınırdı. Vaxtilə mənim tamaşaya qoyulmuş pyeslərim barədə bir neçə məqalə də yazmışdı. Mən sonralar həmin yazıları öz kitablarıma da daxil etmişəm.
    Son zamanlar Almaniyada olsa da Vətənlə bağlı nigarançılıq dolu yazılarını bizimlə bölüşürdü. Nə yaxşı ki, Qarabağın xilas olduğunu eşitdi. Səhifəsinə baxıram, 3 gün əvvəl qələmə aldığı yazı bu sözlərlə bitir: "...biz öümüz öz başımıza çarə qılmalıyıq..."
    Ruhun şad olsun, əziz Amil bəy.

    24.11.2020
    Ötən ay, haradasa oktyabrın ortalarında Xalq artisti Mərahim Fərzəlibəyli zəng vurub dedi ki, EA bağında Əjdərlə gəzişirik, vaxtın və həvəsin olsa gələrsən. Deyilən yerə getdim. Xalq artisti Əjdər Həmidov öz rolları, teatr və kinodakı fəaliyyəti ilə bağlı maraqlı söhbətlər etdi. Sonra Akademiya bağında bir xeyli gəzişdik. Axşam düşəndə bizi maşını ilə evəcən apardı. Yolda dedi ki, indiyəcən sənin tamaşaya qoyulmuş əsərlərində rol oynamadığıma görə təəssüf edirəm. Dedim ki, təəssüf etməyə ehtiyac yoxdur. Hələ qarşıda bir ömür var. Dediyimi təsdiq etdi. Dedi ki, bu pandemiyadan sonra sənin bir pyesində oynayacağıma kişi kimi söz verirəm. Gülüşdük. O anlarda onun “Kişi sözü” filmində oynadığı Qasımı xatırladım.
    Əl tutub ayrıldıq. Sən demə, bu sonuncu və əbədi ayrılıq imiş.
    Ruhun şad olsun, Əjdər Həmidov.
























    2021



    01.02.2021
    Şuşanın ərazisi cəmi 300 hektardır. Hazırda təxminən 300 məmur dişini qıcayıb oradan torpaq qoparmaq istəyir. Hər məmur 1 hektar torpaq qamarlayıb hasara alsa Şuşanı görmək hər adama nəsib olmayacaq. Şuşa olacaq Xəzərin bir tayı. Belədə bu tarixi şəhər qalacaq uca hasarların əhatəsində. Və indi Xəzərə necə tamaşa edə bilirsinizsə Şuşanı da elə o cür "seyr edəcəksiz".
    P.S.
    Bu gün Prezident talançı və yalançı "Şuşasevərlərə" kifayət qədər dərs verdi.
    Axı doğrudan da bu məmurların "Şuşa sevgisin" arxasında quruculuqdan daha çox, bir talançılıq missiyası dayanır. Onların çoxu dövlətin vəsaiti hesabına Bakıdan başlayan harınlıq "marşrutunun" quyrğunu Şuşaya, (hətta imkanları çatarsa oradan da Gorusa və hətta Yerevana)) qədər uzatmaq niyyətindədirlər.

    04.02.2021.
    Aqşin Almaniyaya yola düşdü. Gecə tranzit reysi ilə əvvəlcə Minskə, oradan da Almaniyaya uçacaq. Yoldaşı Əsmər bir müddət əvvəl burada (Bakıda) imtahan verib Almaniyaya işləməyə getdi. Halbuki Bakıda da işləyə bilərdi. Savadlı qızdır. Bir-iki dəfə testlə imtahan verib lazımı bal toplasa da “sərəncamda” gözləmək tövsiyə olundu. Bu isə o deməkdir ki, bizdə iş yoxdur. Elə Aqşinə də iş tapa bilmədik. Əvvəllər bir müddət hoteldə qara işdə çalışdı. Sonra proqramistliklə məşğul oldu. Arada ingilis dilindən tətcümələr edib mətbuatda dərc etdirdi. Amma bu cür yaşamağın mümkün olmağına güman az idi. O mənəm ki, illər uzunu qələmlə gor qaza-qaza yaşamışam-əgər buna yaşamaq demək olarsa. Bəli, burada (Bakıda) iş tapmaq müşkülə çevrilib. Ona görə də gənclərin çoxu daşınıb xarici ölkələrə gedirlər.
    Ayın 4-dən 5-ə keçən gecə Aqşin Minskdən mesaj yazdı: tezliklə növbəti reyslə Almaniyaya uçacaq. Gedəcəyi ünvan hələlik belədir: Paderborn şəhəri yaxınlığındakı Zalskotten şəhərciyi.

    05.02.2021
    Yusif müəllim (Gürcüstanlı) T.X. ilə məni qonaqlığa dəvət etmişdi. “Ləvəngi” adlanan yeməkxanaya getdik. Yusif müəllimi bizimlə dostumuz Məzahir müəllim tanış edib. İndi Məzahir müəllim indi Minskdədir (Belorusda).
    Yemək əsnasında T.X. bizə xırda biznes təklifi etdi. Haradasa 500 manatlıq alverdən söhbət gedir. Yusif müəllim “baxarıq” dedi. Mən dedim: “Mirzə, axı sən bilirsən ki, mənim nə pulum var, nə də biznesə marağım”. Gördüm bir də dediyini təkrar edir. Dedim ki, axı biz səninlə bir vaxt “biznes qurmuşuq”. O, təəccübləndi. Həqiqətən 14-15 il əvvəl mən yaxın bir adamdan min altıyüz manat borc alıb T.X. ilə biznes qurmaq istəmişdim. Daha doğrusu, bu, onun təklifi idi. Amma sonra nə biznes oldu, nə qazanc. Arada inciklik baş verdi. Hətta, bir müddət münasibətlərimiz kəsildi...

    06.02.2021.
    Aqşinlə Əsmər axşam Almaniyadan zəng vurdular. Danışdıq. Aqşinin Almaniya ilə bağlı ilk təəssüratı müsbətdir.
    Sonra Güntəkinlə danışdıq. Bizdə axşam olanda onlarda (Amerikada) səhər yeni açılır.
    Bəli, indi dünya bir xeyli kişilib. Vətəndə iş tapa bilməyənlər qürbətə üz tutur və beləliklə qürbət də vətənə çevrilir.

    18.02.2021.
    Uzun illik fasilədən sonra ad günümü qeyd etdik. Bu, həm də epidemiya dövrünün tələblərinə uyğun bir “toplantı” oldu. İndiyədək Qarabağ olaylarından dolayı özümə ad günü keçirməyə, əsasən”, yasaq qoymuşdum. Şükür Allaha, əsgərlərimiz işğal olunmuş torpaqların mütləq əksəriyyətini qaytardı... Çoxlu təbriklər aldım.
    Sözün qısası, bu gün günortadan axşama qədər 6 nəfərdən ibarət xudmani bir dəstə ilə xudmani bir yerdə (7-ci m/r-dakı ailəvi yeməkxanada) ad günüm qeyd olundu. İştirakçılar: Səməndər, Mamed və İlham Köçərli(lər), Fasad (qardaşım), Etibar Mehrəli və təbii ki, mən idim.
    Dedik, güldük, dağılışdıq...
    ABŞ-ın Marsa göndərdiyi kosmik raket “qırmızı planetin” üzərinə düşdü. İlk kadrları televizorum olmadığına görə kompütür ekranında izlədim. Möhtəşəmdir. Mənim qəhrəmanlarımdan biri Marsda dəfn edilir. Bir neçə il bu hekayəni oxuyanlar ağız büzmüş, Marsa insan ayağının dəyəcəyini qeyri-ciddi söhbət hesab etmişdilər. Budur, raket Marsın üstündədir. Yəqin ki, orya nə vaxtsa insan da gedəcək.

    19.02.2021
    Ad günümə sözardı
    Ad günümü həmişə olduğu kimi bu il də adi, sadə şəraitdə keçirdim. Amma bir az "fərqli formatda".
    Dostlardan, doğmalardan, tanışlardan, hətta qeyri-tanışlardan yüzlərlə, bəlkə də minlərlə təbrik məktubu, mesaj, teleqram aldım. Məni təbrik edənlər arasında ən müxtəlif sənət, peşə, ixtisas sahibləri vardır. Təbrikçilər arasında elm adamlarından tutmuş siyasilərə, sadə insanlardan tutmuş vəzifə sahiblərinə qədər cəmiyyətin tam fərqli nümayəndələrinə təsadüf olunurdu.
    Haqqımda məqalələr yazıldı. Məndən mobil telefonla müsahibələr götürdülər. Tele-radiokanallardan da dəvət gəldi.
    Məni təbrik edənlər mənimçün eyni dərəcədə doğma və əziz olan insanlardır. Bəli, xalqımın bütün nümayəndələri mənə simsardır, yaxındır. Hətta, arada məni tənqid edənlər, mənə "ilişənlər" də...
    İndiyəcən müxtəlif ölkələrdə onlarla pyesim tamaşaya qoyulub, elmi və bədii əsərlərim nəşr olunub. Ötən il 40 cildlik seçilmiş əsərlərimin “qaranquş nüsxələri” çap olunub və təxminən elə bu qədər də çap olunmamış yazılarım vardır. Əlbəttə, mən öz əsərlərimin kəmiyyyəti ilə deyil, keyfiyyəti ilə fəxr etməliyəm. Bilmirəm belə bir fəxrə dəyərmi?
    Bəli, ad günümü adi, sadə bir şəraitdə keçirirəm..
    Yuxarıda dediyim kimi, ad günümü həmişə olduğu kimi bu il də adi, sadə şəraitdə keçirdim. Amma bir az "fərqli formatda": yəni əvvəlki illərin tam səssizliyindən fərqli olaraq- mövcud tələblərə uyğun olaraq bir neçə nəfər yaxın dost-tanıın əhatəsində...
    Axı ötən il biz torpaqlarımızın böyük bir qismini iğaldan azad etdik. Mən indi özümü qalib ölkənin ziyalısı kimi hiss edirəm. Əminəm ki, çox yaxın zamanlarda torpaqlarla bağlı bizim bütün arzularımız çin olacaq.
    Yaradıcı adamın ad günü, əslində zahiri deyil, daxili, bəlkə də mübhəm bir istəyin təzahürü kimi qiymətləndirilə bilər. Bu mənada, ad günüm - mənim ürəyimin, könlümün, ruhumun bayramıdır.
    Hamınıza təşəkkür edirəm. Var olun. Ürəyinizcə yaayın.

    21.02.2021.
    Bazar günüdür. Evdəyəm. Bir aylıq blok qoyulmuş FB səhifəm artıq fəaliyyətə başlayıb. İşığın, suyun, qazın, internetin xərcini internet vasitəsi ilə keçirdim.
    Bir ssenari üzərində işləyirəm. İlkin təxmini adı belədir: “Bülbül yuvası”. Qarabağ müharibəsindən bəhs edən bu ssenarini AKİ-nin elan etdiyi müsabiqəyə təqdim edəcəyəm.

    07.03.2021.
    Aqşin Almaniyadan-indi yaşadığı Salskotten şəhərindən Bakıdakı gül mağazasına zəng vurub anası üçün 8 Mart hədiyyəsi sürpriz etdi. Təbii ki, Həcər heç kəsə əziyyət, zəhmət vermək istmır... Amma şadam ki, övladlarım çox diqqətcildirlər.

    08.03.2021.
    8 Mart. Xətrini istədiyim qadın dostları təbrik etdim.
    Səhər-səhər gözümə bir yazı sataşdı: şair, nasir, publisist Elbəyi Cəlaloğlu öz sosial şəbəkəsindəki səhifədə xanımları məlum bayram münasibəti ilə cəmi bir neçə saat əvvəl (yəni mart ayının 7-də) təbrik edib.
    Sonra Elbəyinin həmin təbriki yazılmış mətnin altından yer alan “cavablar” diqqətimi cəlb etdi: “Allah rəhmət eləsin...”. Gözlərimə inanmadım...
    Deməli, artıq Elbəyi bu dünyada yoxdur. Cəmi bir neçə saat əvvəl ürək sözlərini yazan adamın yaxınlarına az sonra onun öz vəfatı ilə bağlı başsağlığı verilir.
    Bu, çox qəribə, kədərli, həm də qara möcüzələrindən biridir bu dünyanın.
    Elbəyi istedadlı adam idi. Az-az rastlaşıb görüşsək də onunla xoş ünsiyyətimiz vardı. Yadımdadır, 7-8 il əvvəl mənə təqdim etdiyi kitabda haqqımda bir xeyli xoş sözlər yazmışdı. O da yadımdadır ki, “EŞQ DƏNİZLƏRİ QOVUŞANDA (dərvişnamə)” adlı həmin kitabla bağlı rəyimi öyrənmək istədiyini arzulamışdı: “Ustad, Sizin tənqidiniz də mənim üçün xoş olar”. Kitabı oxuyub ona fikrimi bildirdim. Maraqlı, fəlsəfi, hikmətli bir kitab olduğunu vurğuladım. Yanımızda olan tənqidçi dostumuz Vaqif Yusifli zarafatla dedi ki, “elə mən də bu əsərlə bağlı rəyimdə həmin fikirləri demişəm”.
    Elbəyini itirdik. Bu cür adamlar haqda deyirlər: eldən gedən adam... Təəssüf.
    Elbəyi Cəlaloğlu aşıq-ozan ədəbiyyatına yaxşı bələd idi. Bir məşhur misrada deyilir: “Ölüm haqdır, çıxmaq olmaz əmrdən...” (Aşıq Alı).
    Amma “əmrin” də öz vaxtı olmalıdır axı. Elbəyi vaxtsız getdi bu dünyadan.
    Yeri cənnət olsun.
    Yaxınlarına başsağlığı verib deyirəm ki, son qəminiz olsun.

    21.03.2021
    Bəli, vaxtilə Rusiyanın tərkibinə daxil olmaq da faciələrlə başa gəldi, sonralar Rusiyadan ayrılmaq da...
    SSRİ-dən qopmuş respublikaların bir çoxu bu gün Rusiyaya təxminən belə bir yumşaq, ehtiyatlı “şüarla” müraciət etməkdədir:
    -Səni sevəcəyik, sən sevməsən də...
    Rusiyanın isə həmin ölkələrə münasibəti və çatdırmaq istədiyi mesaj daha aqressiv notlar üstə köklənib:
    -Məni sevəcəksiz, mən sevməsəm də...

    22.03.2021
    Инфотека 24 (Infoteka24) adlı bir rus saytı var. Orada daim əleyhimizə yazırlar. Hiss olunur ki, sayt haylara tabedir. Bu günkü xəbərlərə baxıram: ölkəmizi təhqir edən bir neçə yazı var. Onlardan biri belə adlanır: Азербайджан превратил грузинский храм в Закатале в туалет — грузины бьют тревогу.
    Tamamilə uydurma, böhtan dolu yazıdır.
    Təklifim: əcnəbi dillərdə, o cümlədən rus dilində saytlar yaradıb dünya ictimaiyyatına çıxmaq.

    22.03.2021
    Niyə kitab oxunmur?
    -Balam, niyə kitablarınızın çapından, oxucuların yoxluğundan gileylənirsiz? Yaxşı yazın ki, oxucunuz da olsun...
    -Nizami, Şekspir, Hüqo, Tolstoy, Markes pis yazmayıb ki... Amma indi bizdə onları da oxuyan yoxdur...
    -Hmmm... Bəs onda nə etməli? Zorla oxucu yetişdirməliyik? Bu, pambıq, ya da qarpız deyil ki, becərməsini yüksək səviyyədə aparıb yaxşı da məhsul alaq... Konkret səbəbi göstərin...
    -Hesablamışam, bunun düz yüz on bir səbəbi var... Onda gərək bir-bir sayam.
    -Sən saydığını say, mənim sizi dinləməyə nə vaxtım var, nə də həvəsim. Qələt elədim bir sual verdim. Hələlik...
    -Bax səbəbin biri elə budur.

    22.03.2021
    Ukraynanın DİN naziri Arsen Avakov öz TV çıxışında Putini qatil və quduz aflandırdı. Və onu da qeyd etdi ki, Ukrayna ilə Rusiya faktiki döyüş vəziyyətindəfir.

    22.03.2021
    Özünü sArsaxın XİN rehberi kimi teqdim eden David Babayan adli birisi yazir ki, Rusiyani gelecek "pantürkizm belasindan" yalniz Rusiya-Ermenistan birliyi xilas ede biler". Gel indi belesini başa sal...

    22.03.2021
    İnsanın sözünün çəkisi onun özünün çəkisindən daha ağır, daha sanballı olmalıdır.

    22.03.2021
    Dunyadakı dövlətlər, bölgələr, şəhərlər, kəndlər, evlər... sanki günü-gündən bir-birindən təcrid olunur. Bu, əslində zahirən belədir. Hesab edirəm ki, bu "bölünmələrdə" bir "birləşmə" də vardır. Elə bir zaman və an gəlib ki, baş verən bütün bəlalardan insanlar və insanlıq yalnız əl-ələ verərək, vəhdət halında, birləşərək xilas ola bilər.
    Ötən əsrin 90-larının əvvəlində yazdığım traktatda elə bu "birləşmədən" söhbət açılır...

    01.04.2021
    Jurnalistikaya üz qarası olan Vladimir Pozner aprel ayının 1-də anadan olub. Deyə bilərsiz ki, niyə təhqir edirəm. Hələ mən yumşaq dedim. Belə ki, onun öz həmkarları Anatoli Vasserman və Fyodor Razzakov Pozneri “saxtakar”, məşhur Mixail Zadornov isə onu “dahi satqın” adlandırıb.
    Pozner 3-cü ildir ki, öz ad gününü utanmaz-utanmaz Tiflisdə keçirir. Bu il də 50 dost-tanışı ilə yenə Tiflisə gəlmişdi. Ammma ad gününü keçirə bilmədi. Onu gürcülər dovşanı qovan kimi qovdular, yumurta və tüpürcək yağışında “çimizdirdilər”. Nə üçün? Səbəb nə idi? Çünki Pozner öz şıxışında Rusiyanın Abxaziya və Osetiyanı ilhaq etməsini alqışlamışdı.
    Pozner Azərbaycan və azərbaycanlılar haqda da daim təhqiramiz ifadələr işlədib. Amma o, ermənilər haqda həmişə “sığallı-tumarlı” fikirlər söyləyir. Bəs səbəb nədir? Səbəb çoxdur. Ən başlıca səbəb isə Vladimir Poznerin birinci arvadının hayka olmasıdır. Belə ki, Valentina Çemberci (Չեմբերջյան) milliyətcə ermənidir. Hazırda boşansalar da münasibətləri yenə xoşdur. Valentina Çembercinin 86, Vladimir Poznerin 87 yaşı var.
    Bir sözlə, Pozner jurnalistikaya “pazor”dur.
    Beləsinin murdar ayağı təmiz torpaqlara dəyməməlidir. Abırsız adamdır, bir də gördün ki, 88 yaşını Bakıda keçirmək arzusuna düşdü...
    Hər şey ola bilər.

    02.04.2021
    Bir neçə gündür ki, professor Cəmil Həsənlinin qızının intim videosu sosial şəbəkədə müzakirə olunur. Bu, əlbəttə, ləyaqətsizlik nümunəsidir. Çox güman ki, bu, bir “qurğu”, bir şər-böhtan kompaniyasının illüstrasiyasıdır.

    08.04.2021
    Allah Məhərrəm Bədirzadəyə rəhmət eləsin.
    Çox gözlənilməz oldu... Ölüm qəfil gəldi.
    Bir neçə gün əvvəl onun təşəbbüsü ilə görüşmüşdük. Üçümüz idik: o, rejissor Mərahim Fərzəlibəyli və mən. “Bəyaz gölgələr” pyesim əsasında bədii film çəkmək istəyirdi... Səhhətindən əsaslı şikayəti yox idi. Planları çox idi. Amma nə etməli? Bu, həyatdır.
    Mədəniyyət cameəsi uzun illərdən bəri Az.Tv-də çalışan, tanınmış rejissor, Əməkdar İncəsənət xadimi Məhərrəm Bədirzadəni itirdi.
    Əminik ki, tamaşaçılar onu bir sıra populyar proqram və verilişlərin (“Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın” və sair) rejissoru kimi uzun illər xatırlayacaq.
    Yaxınlarına və doğmalarına səbr diləyirik.

    09.04.2021
    “Dünyanın rəngi” povestimin də daxil edildiyi kitab nəşr edildi. Dediyim kimi, imkansızlıq ucbatından ta kitablarımı 5-10 nüsxə ilə nəşr etdirirəm. Budur, yeni kitabda köhnə povestim çıxıb- ön sözümlə birlikdə. Yəni povestlə bağlı təəssüratlarımı da yazmışam.
    “Müəllifdən
    Doğrusu, “Dünyanın rəngi” povestinin yazıldığı dəqiq tarixi unutmuşdum. Amma qələmə alındığı fəslin, zamanın rəngləri yadımdan çıxmamışdı. Əslində həmin vaxtın bircə rəngi vardı ki, o da bəyaz rəng idi. Həmin rəngə qışın şaxta və çovğununu da əlavə etmək olar. Yalnız bu günlərdə, aradan illər keçəndən sonra, əsərin son səhifəsinə baxarkən hər şeyi olduğu kimi xatırladım.
    Amma eyniadlı kitabın nə vaxt nəşr olunduğu dəqiq tarix yaxşı yadımdadır. Bir də ki, necə deyərlər, kitabın özündə bütün “sertifakatlar” var:
    “Dünyanın rəngi”. Bakı. Gənclik. 1989. Redaktoru Səyyarə Həbibzadə. Nəşriyyat direktoru F.H. Axundlu. Rəssamı X. Əbilova. Sifarış sayı 270. Tirajı 14.000. Qiyməti 65 qəp.“Gənclik” nəşriyyatı. Bakı, Hüsü Hacıyev küç., 4
    “Qızıl Şərq” nəşriyyatının mətbəəsi, Həzi Aslanov küç., 4
    Bütün bunları nə üçün yazıram? Tarix üçün? Yox. Oxucular üçün? Yox. Elə-belə, özüm üçün.
    Hə, sən demə povestin sonunda yazılış tarixi də qeyd edilibmiş: 1978-1979-cu illər. Nəsə əvvəllər bu tarix diqqətimi o qədər də cəlb etməmişdi. Halbuki kitab illər uzunu daim rəfimdə, gözümün qabağında olub. Və əsər yazıldığı vaxtdan düz on il keçəndən sonra- 1989-cu ildə nəşr olunub. Bu cür “ləngimələr” mənim əksər kitablarıma xas olan cəhətdir. İndi düşünürəm ki, “plana” düşmək ehtimalı ilə toz basmış nəşriyyat qovluqlarında aylarla, illərlə, hətta onillərə saxlanılan əsərləri gözləməkdən, müəlliflər bir yana qalsın, nə qədər əsərin bağrı çatlayıb görəsən? Bu mənada çox güman ki, hər bir adamın, daha doğrusu hər bir yaradıcı şəxsin özü kimi, onun yaratdığı əsərlərin də öz tərcümeyi-halı olur.
    Mən povestin məziyyəti barədə nəsə bir söz demək istəmirəm. Artıq yuxarıda dediyim kimi, əsərin yazıldığı zaman, daha doğrusu fəsil, yaxşı yadımdadır. O ki qaldı məkana, əsər Bakının ucqar “gecəqondu”larından birində yazılıb. Yadımda qalan budur ki, həmin qış çox qarlı-şaxtalı idi, arada Günəş çıxdıqca kölgəyə sığınmış kiçik evimin üstündəki qar layları əriyir, yaşadığım mənzilin tavanından aramsız su damcıları süzülürdü. İşıqlar tez-tez söndüyünə görə nöyüt lampası yandırmalı olurdum.
    Mən soyuq havaların cövlan etdiyi bölgədə, Bakıdan uzaqda yerləşən Şınıxda (Gədəbəy rayonunda) doğulmuşam. Uşaqlığımın keçdiyi o yerlərdə də qış ayları adətən sərt keçərdi. Amma indi xatırladığım o ilki Bakının qışı ilə müqayisədə Şınığın qışı toya getməli idi.
    Həmin il hərbi xidmətdən təzəcə gəlmişdim. Əsgərliyimin keçdiyi soyuq yerlərin-Uzaq Şərqin soyuğu-şaxtası hələ canımdan çıxmamış Bakının sazaqlı-küləkli havasına düşmüşdüm. Bir yandan da bu zəhrimara qalmış işsizlik. Daimi qeydiyyatım olmadığına görə heç yerdə işə götürmürdülər. Arabir radio, televiziya və qəzetlərə yazdığım ssenari, süjet və məqalələrə görə aldığım qonorarla dolanırdım. Qonorarsa gah olurdu, gah da olmurdu.
    Əsgərlik məni əməlli-başlı möhkəmləndirmişdi. Az qala bütün sutkanı işləyirdim. Yuxum ərşə çəkilmişdi. Elə o vaxtdan bəri yuxusuz mənim tale və yol yoldaşıma çevrilib.
    Yadımdadır, yaşadığım daxmanın ətrafını qar təpəcikləri örtmüşdü. Ensiz küçələr boyu səpələnmiş kiçicik evlər uşaqlıq illərində kitablarda gördüyüm qış şəkillərini, Şaxta babanın komasını xatırladırdı. Amma əhvalım heç də nağıl qəhrəmanlarının şən ovqatına uyğun deyildi. İşıqlar tez-tez sönürdü. Mən isə çox sürətlə yazırdım, qorxurdum ki, birdən başıma nəsə gələr. Qar isə səngimədən yağmaqda idi. Bəlkə elə buna görədir ki, “Dünyanın rəngi”ndə bəyaz rəng və qış mənzərələrinin təsviri üstünlük təşkil edir.
    Sonra. Mən bu povestin on il “növbə gözləməsinin” konkret səbəbini dəqiq deyə bimərəm. Amma aradan illər keçəndən sonra belə düşünürəm ki, o vaxtkı “Qlavlit”i mənim qəhrəmanımın bir çox “cəhətləri”, lap elə onun öz atasına ünvanladığı və “ulu rəhbərin”-Leninin mavzoleyinə ünvanlamaq istədiyi bu sətirlər də qıcıqlandıra bilərdi:
    “Səni niyə tutublаr, аtа? Аxı, sən fаşistlərə könüllü əsir düşməmişdin? Bəyəm əsir düşənin hаmısı günаh yiyəsidir? Mən sənin günаhkаr оlmаdığın bаrədə Bаkıyа, Mоskvаyа məktub yаzmаq istəyirdm, аtа. Əgər cаvаb gəlməsə lаp Lеninə yаzаcаğаm. Qоy mаvzоlеydə оnun kеşiyini çəkənlər оxuyub məlumаt vеrsinlər... Аnаm dеyir ki, еlə məktub yаzmа, öz bаşına əngəl аçаrsаn... Vаllаh, kənddə də bizə birtəhər bаxırlаr: аxı, sənin nə günаhın vap, аtа? Bəs mənim, bəs аnаmın?.. Dünyа niyə bеlə аmаnsızdır, аtа? Hörmətlə: Vаmiq.
    8 nоyаbr 1948-ci il”.
    Əgər bu fikir belə “qorxulu” idisə, bəs onda o vaxt, rejimin kəshakəs dövründə onun çapına nə əcəb icazə vermişdilər? Bu, bir fatal alın yazısıdır bəlkə?
    Və nəhayət. Bu əsərdə bizim zamanında yaşadığımız amansız, sərt HƏQİQƏT haqqında söhbət gedir.
    Mən fəlsəfə ilə peşəkar şəkildə məşğul olan, həqiqəti heç olmasa nəzəri fikirlərdə axtaran bir tədqiqatçı kimi deyə bilərəm: bu gün mütləq həqiqəti axtaranlar az qala yoxa çıxıb. İndi hamı bu dünyada nisbi həqiqətin axtarışındadır. Mənim qəhrəmanım bu mənada istisnadır.

    Deyirsən, həqiqət nisbidir, vallah,
    O, birində çoxdur, başqasında az.
    Deyirəm, həqiqət “çoxdursa” hərgah,
    Ortada bir dənə həqiqət olmaz...”

    22.04.2021
    Rusiya yazıçısı, Bakıda doğulub böyümüş xanım Emma Quseva mənim Doastoyevskinin şəcərəsi haqqında yazdığım fikirlərə öz münasibətini bildirib. Sağ olsun. Onun qeydləri və iradları ilə qismən razıyam. Amma o, yazır ki, guya mən yazıçını nahaqdan türklərə “bağlayıram”.
    O, səhv edir . Mən qətiyyən Dostoyevskini türk yazıçısı hesab etmirəm. Sadəcə olaraq o, türk kökənlidir. Vəssalam. Özü də zəhləsi gedən digər bir dahi rus klassiki ilə Türgenevlə- Mirzə Turgenlərlə eyni nəsildəndir. (Məqalə linkdədir, oxuya bilərsiz)

    Рецензия на «Достоевский тюрок» (Фируз Мустафа)
    Фируз Муэллим, в любой науке много парадоксального. Что касается Достоевского, была в его родном имении Достоево в Белоруссии, действительно, в корневой ветви есть капля предков, о которых Вы пишите. Но национальность писателя-это его герои и среда. По теории Дарвина, все люди имеют одного предка. Однако же, какие мы все разные... И вклад русских в культуру мира не менее велик, чем у других народов!
    Мудрая пословица утверждает, что цыплят по осени считают...
    Азербайджанские пословицы утверждают тоже нечто подобное, так меня учили в АГУ Баку.
    Эмма Гусева

    30.04.2021
    Məhəmmədin çapdan çıxmış ilk və son kitabını verdilər mənə. O, bizim tələbə yoldaşımız olub. Cəmi 24 yaş ömür sürüb bu dünyada. İstedadlı bir insan idi. Bir yerdə müəllim işləmişdik. Yaşasaydı...
    Məhəmməd Məhərrəmovun yazılarını düz 40 əvvvəl mənə dostumuz İsmayıl vermişdi. Mən də həmin qovluğu bu illər ərzində əziz bir xatirə kimi qoruyub saxlamışdım... Nəhayət, o zanan nəşriyyatların çap etmədiyi kitab bu gün işıq üzü gördü.
    Mərhum dostumuzun kitabının ərsəyə gəlməsində şair-publisist Əli Rza Xələfli və istefada olan polkovnik İsmayıl Həkimova təşəkkür edirəm. Onlar da Məhəmmədlə yaxın dost olublar. “Bakı mətbəəsi” kitabı 500 nüsxə tirajla nəşr edib.
    Kitabın adı müəllifin itmiş bir hekayəsinin adı ilə bağlıdır ki, bu da özıüyündə maraqlıdır.
    Allah Məhəmmədə rəhmət eləsin.
    Vaxtilə, illər öncəsi Məhəmmədlə bağlı qələmə aldığım bir yazını (elegiyanı) dostlar bu kitaba son söz kimi əlavə ediblər. Var olsunlar

    06.05.2021
    ...Xalq Atristi Arif Quliyev koronadan vəfat etdi. Xoş münasibətimiz vardı. 1970-ci ildən tanış idik.
    ...Həcərin gözünü “Leyla Şıxlınskaya”da əməliyyat etdilər.
    ... İTV-nin Baş direktoru Balakişi ilə görüşüb söhbət etdik. Layihəmin ucundan-qulağından məlumat verdim. Müəyyən razılığa gəldik. Cavan sədr, əsasən, xoş təəssürat bağışladı.
    Çıxanda kitablarımı bağışladım.

    07.05.2021
    "Daha izim qalmaz çaylaq daşında,
    Sel oynar üstündən, daş atar məni,
    O köhnə dərdlərim bağrım başında,
    Sızlaya-sızlaya yaşadar məni..."

    Musa Yaqub vəfat etdi.
    Deyə bilmərəm ki, mən onunla yaxın dost idim. Yox... Amma o, mənimçün doğma adam idi. Düz yarım əsr əvvəl dayım Nahid Hacızadə bu bəstəboy, tökmə vücudlu, qıvrımsac, tucsifətli adamla məni tanış edəndə yarızarafat demişdi: "Tanış ol, bu bizim dahi Musa...". Mən də "Yaqub" deyə əlavə etmişdim...
    İki il əvvəl mətbuatda belə bir xəbər dolaşdı ki, Musa Yaqub dünyasını dıyişib. Müxtəsər bir yazı qələmə aldım. Bir gün sonra dostlardan biri Musa bəyin ismarışını mənə çatdırdı: "Firuza de ki, mən sağam, ölməmişəm"...
    Sən həmişə sağsan, Musa Yaqub. Nə qədər ki, Azərbaycan ruhu, şeiri, dili, vicdanı, mərdliyi, düzlüyü, kişiliyi var, sən sağsan, sağ olacaqsan, sağ olmalısan.
    Rəhmət öz yerində, sən əbədiyyət adamısan, Musa Yaqub.
    P.S.
    İndi bu fotodan baxan insanın ikisi bu həyatda yoxdur.
    Bir şairin dediyi kimi, insan sonda şəkil olur.

    16.05. 2021
    Məşhur "Əsgər atası" filmindəki baş rolun ifaçısı Serqo Zakariadze Bakıda doğulub. Deyə bilərlər ki, noosun? Məsələ burasındadır ki, Azərbaycanda anadan olan əksər istedadlı adamlar bir çox halllarda ondan kənarda inkişaf ediblər.
    Nəticə: məmləkətimizdə istedaddan xali olan adamların yox, məhz istedadlı adamların inkişafı üçün münbit şərait yaratmaq lazımdır.
    p.s.
    Yeri gəlmişkən, əhalisinin sayı Bakıdan təxminən üç dəfə az olan Tiflisdə teatrların sayı bizdən üç dəfə çoxdur. Təəssüf ki, bu gün teatr və kino sahəsində bizi dünyada təmsil edən snətkarlar az qala yoxdur və ya yox kimidir.

    22.05.2021
    Bu günlərdə çox istedadlı bir pedaqoqu, təşkilatçını, səmimi insanı itirdik. O, mənim yaxın qohumum- bibim oğlu idi.
    Mərhum Fəxrəddin Köçərli uzun illər Maliyyə-kredit texnikumunda müəllim və direktor müavini işləmişdi. Çalışdığı müddətdə daim kollektivin sevimlisi olmuşdu. İxtisasca fizik idi. Fəxrəddin Əli oğlu Köçərli geniş erudisiyaya malik, müdrik, sadə, səxavətli, alicənab, xeyirxah, yumoru sevən, nikbin bir insan idi.
    Fəxrəddin müəllim bizim bu narahat dünyamızdan özünün əbədiyyət ünvanlı sakit-hüzurlu aləminə köç etdi.
    Qəbri nurla dolsun.

    13.06.2021
    Yasamalda yol qırağında yerləşən “qaçqınlar yeməkxanasında” Əli Nurun Prezident təqaüdü almasını qeyd etdik. Məclisdə “Qızıl Aypara”dan Fazil müəllim, onun iş yerinə yaxın adamlar- Mamed, doktor Qənbər, mühəndis Rafael, Xalq artistləri- Nurəddin Mehdixanlı, Sabir Məmmədov və təbii ki, Əli Nur özü. Məslisi, necə deyərlər, mən yola verdim.
    Yeyib-içəndən sonra 5-mərtəbədə çay işdik. Nurəddin və Əli xüsusilə pandemiya dövründə teatrın pis vəziyyətə düşməsindən, rəhbərliyin vecsizliyindən gileylndilər.
    ... Axşam evə gələndən sonra bir neçə yaxın xarici ölkə teatrlarına pyeslərimin elektron göndərdim. Buxara musiqili dram teatrının ədəbi hissə müdirəsi Moxigül Nəzərova söz verdi ki, komediyalarımdan birini özbəkcəyə çevirəcək.

    14.06.2021
    Demək olar ki, bütün günü rejissor, Xalq artisti Mərahim Fərzəlibəyovla AMEA-nın yaşıllığı bol həyətində, açıq havada yerləşəm “Şuşalı” adlı çayxanada olduq. Bolluca çay içdik. Mərahim təzəcə oxuyub başa vurduğu (təəssüf ki, rus variantında) “Çardaqda zirzəmi” absurd pyesin əsas məziyyətlərindən danışdı. Əsəri çox təriflədi. Absudr dramı o qədər də sevməyən rejissorun təhlil və yanaşması maraqlı idi. O, hətta, onu da qeyd etdi ki, Rus Dram Teatrının Baş rejissoru Şarovskiyə müraciət edib cəmi iki personajdan ibarət bu pyesin tamaşaya qoyulmasına çalışacaq.

    15.-18.06.2021
    ...Türkiyə Prezidenti Ərdoğanın gəlişi ölkədə böyük coşqu yaratdı.
    ...Fuad yüngül ürək əməliyyatı keçirdi.
    ...Yusif, Tofiq və Mərahim ilə “Qafqaz” restoranında şam etdik. Orada ifaçılar da vardı. Hətta mahnı oxuyan xanımlardan biri T.X. ilə “duet” ifa etdi-Tofiq şeir oxudu, müğənni mahnı.
    ...Ədəbiyyatşünas-tərcüməçi Ramiz Əsgər “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitabını bağışladı. Kitabda mənim dramaturji fəaliyyətimdən də bəhs edilir.
    ...Əcnəbi teatrlara elektron poçt vasitəsi ilə pyslərimi göndərməkdə davam editəm.
    ...Hər gün Aqşin və Güntəkinlə, habelə nəvələrlə- Aydan və Fidanla telefon vasitəsi ilə danışırıq.

    19.06.2021
    İstidir.
    Evdə təkəm.
    Həcər Gəncəyə getdi, orada toplaşıb bu yaxınlatda vəfat etmiş tələbə yoldaşlarının hüzrünə gedəcəklər.
    Fuad kəndə gedib.

    20.06.2021
    Ermənistanda Baş Nazir postu uğrunda seçki deyil, sanki qanlı döyük gedir. Bu gün seçkidir. Nəticə tezliklə məlum olar.
    Mərahimlə EA çayxanasında bir xeyli “teatr-dramaturgiya” söhbəti etdik.
    Həcər Gəncədən gəldi.
    Aqşinlə telefonda danışdıq. O, Berlin təəssüratlarını bizimlə bölüşdü.
    Güntəkin mesaj-məktub yazıb məni bu günkü Beynəlxalq Atalar günü münasibəti ilə təbrik edib...
    Yenə Rusiya teatrlarının elektron poçtlarına pyeslərimi göndərməkdə davam edirəm.
    Arada öz teatrlarımızın rejissorlarına da pyeslər göndərirəm. Bir neçə gün öncə aktrisa Hüsniyyə Mürvətovaya (Bələdiyyə teatrı) kitab yolladım. Vaxtilə mənim “Su pərisi” əsərimdə baş rolu ifa edən Cəmilə Allahverdiyevaya (Kukla teatrı) el. Poçt vasitəsi ilə 1-2 pyes göndərdim. Təəssürat yaxşıdır.

    21.06.2021
    Çoxdan tanıdığım, vaxtilə Fəlsəfə İnstitututunun dissertantı olmuş, indi “Təmiz Dünya” Qadinlara Yardim Ictimai Birliyinin rəhbəri Mehriban xanım Zeynalova ilə görüşdüm. Kitablarımdan bir neçəsini təqdim etdim. Maraqlı söhbətimiz oldu. Mehriban xanım kitabların əvəzində hədiyyə və dəyərli məsləhətlər verdi.
    Havalar isti keçir.

    22.06.2021
    Bu gün digər bir Mehriban xanıma məktub yazdım.
    Salam, Mehriban xanım. Necəsiz? Ümid edirəm ki, (türklər demiş, umarım ki,) yaxşı olarsız. Mehriban xanım, rus və Azərbaycan dillərində yeni kitablarım çıxıb. Təəssüf ki, subyektiv səbəblərə görə indi onları Sizə çatdıra bilmirəm.
    Qərara aldım ki, FB vasitəsi ilə 2 pyesimi göndərəm. Vaxtınız olsa onlara baxarsız. Zənnimcə teatrınızın “ab-havasına” uyğun gələ bilər.
    Qeyd edim ki, vaxtilə “Yuğ”da pyesim oynanılıb.
    Sizə uğurlar arzu edirəm.

    24.06.2021
    EA bağında Mərahimlə çay içdik. Sanra FB tanışlarım Gülnar xanım öz həkim oğlanları ilə və Nailə xanım (tək) gəldilər. Çay içdik. Xanımlara kitablarımdan hədiyyə verdim.

    25.06.2021
    Mərahim ilə köhnə “Teatral”da görüşdük. Sonra rej. Əsgər Əsgərov və aktyor Əli Nur gəldilər. Sabah Mərahimin ad günüdür. Birlikdə qeyd etdik.

    26.06.2021
    Bu gün görkəmli Azərbaycan rejissoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Mərahim Fərzəlibəyovun ad günüdür. O, Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsini, dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovun ixtisas kursunu bitirib, Qpoznı və Sumqayıt teatrlarında çalışııb, sonralar uzun illər “Azdrama”da rejissor və Baş rejissor vəzifələrində çalışıb. Hazırda Bakı Bələdiyyə Teatrının rejissorudur.
    Vəziyyət elə gətirib ki, Mərahim Fərzəlibəyov indiyəcən mənim heç bir pyesimə quruluş verməyib. Bununsa obyektiv və subyektiv səbəbləri var. Amma o, mənimçün maraqlı müsahiblərdən biridir. Mərahim öz peşəsi ilə yanaşı incəsənətin digər sahələrinə də yaxşı bələddir. Çox geniş mütaliəsi var. Mən arada bizim bəzi aktyor və rejissorlarla görüşərkən onların son zanamlar hansı əsərləri mütalıə etdiləri ilə maraqlanır və çox vaxt mütəəsir oluram. Onların çoxu yeni əsər və tamaşalarla TV-lər vasitəsi ilə tanış olurlar. Mərahim Fərzəlibəyov isə daha çox səhnəyə qoyulan əsərin “ilk mənbəyi”, orijinalı ilə tanış olmağa üstünlük verir. Onunla müasir dünya ədəbiyyatı, xüsusən dünya dramaturrgiyasının, hətta bəzi hallarda dünya fəlsəfi fikrinin qiymətli mümunələri haqda söhbət etmək və ya mübahisə aparmaq öz-özlüyündə az maraq kəsb etmir.
    Ad günün mübarək, Mərahim Fərzəlibəyov.
    Əminəm ki, qarşıda səni daha maraqlı tamaşalara quruluş vermək sevincləri, tamaşaçı alqışları, yeni-yeni səhnə və sənət uğurları gözləyir.

    05.07.21
    Bu günlərdə AYB-də “yeniləşmələr” baş verdi. Fiktət Qoca rəhmətə gedəndən sonra onu Çingiz Abdullayev əvəz etdi. Sonra digər
    Katiblər təsdiq edildi: R.Məcid, E.Hüseynbəyli, İ.Fəhmi, S.Babullaoğlu.
    Hamısına işlərində uğurlar arzu edirəm.

    07.07.21
    AYB-də oldum. Anara “Tarixi pyeslərimini” verdim. Kitaba daxil olan əsərlər və onların qəhrəmanları haqda, necə deyərlər, fikir mübadiləmiz oldu. Anar tariximizə yaxşı bələddir və yaddaşı da möhkəmdir. O, tarixi pyeslərin qəhrəmanları ilə maraqlandı. Dedim ki, kitabdakı birinci pyesin (“Tarixin kölgəsi və yaxud Gələcəkdən gələnlər”) qəhrəmanları Məmməd Əmin, Nərimanov və Stalindir. İkinci pyesdə (“Savaş fəsli və yaxud Ənvər Paşa”) Ənvər Paşanın həyatının son günlərindən bəhs edilir. Üçüncü pyesin (“Üçüncü sahil və yaxud “sonuncu instansiya”) əsas qəhrəmanları isə 1-ci cahan müharibəsi zamanı Almaniyada yaşayan Qafqaz mühacirləridir. Anar ikinci pyesin qəhrəmanını, yəni Ənvər Paşanı Çe Gevara ilə müqayisə edərək onun erməni kəşfiyyatçısı tərəfindən qətlə yetirdiyini qeyd etdi. Mən haqqında söhbət gedən kəşfiyyatçının (Melkumyanın) xatirələrini oxuduğumu dedim. Düzdür, həmin xatirədə həmin erməni (Melkumyan) Ənvər Paşanı öz əli ilə qətlə yetirdiyini yazır. Amma tədqiqatçılar bunun yalan və uydurma olduğunu yazır- Ənvər Paşa ruslarla döyüş zamanı həlak olub. O, qırmızı əsgərlər tərəfindən qətlə yetirilib...
    Bu görüşdə mənim bir məqsədim də AYB-dən yüngülvari bir iş əldə etməkdir. Anar hər dəfə iş yoxluğundan danışır. Amma arada işə girənlərə də təsadüf olunur. Görünür mənə bəlli olmayan “vakansiyalar” var...
    Söhbət əsnasında Səlim daxil olub özünün dünən gecə gördüyü yuxusunu söylədi. Yuxunun qəhrəmanları Anar və mərhum Fikrət Qoca idi. Sonra “Qobustan” jurnalının yeni redaktoru Pərvin gəldi.
    Mənim işimlə bağlı xahişim alayarımçıq qaldı...
    Günün 2-ci yarısı Mərahimlə görüşüb çay içdik.

    10.07.21
    Günlər yeknəsək keçir...
    Mütaliə və yazı-pozu başımı qatmaqdadır.
    Tez-tez özümə kənardan göz qoyuram. Sanki tamam başqa, yad bir adamın ömrünü yaşayıram.

    11.07.21-14.07.21
    Kinoçular İttifaqına təqdim etdiyim “Bülbül yuvası” ssenarimə yer vermədilər. Halbuki təqdim edərkən oradakıların hamısı qısametrajlı film üçün yazılmış bu ssenarini “bəh-bəhlə” qəbul etmişdi...
    Qanım qaradır.

    12.07.21
    Mərahim nəvəsini İlyas Əfəndiyev adına gimnaziyaya götürtmək istəyirdi. Bir balı çatışmayıb, qəbul etməyiblər. Hətta Elçinin zəngi də kömək etməyib. Rejissor yanıb tökülür: “Mən ömrüm boyu İlyas Əfəndiyevin əsərlərinə quruluş vermişəm. Bu necə ola bilər ki, mənim nəvəm onun adını daşıyan məktəbə qəbul edilməsin?”

    16.07.21
    Bir-iki nəfərin xahişi ilə Amaliya Pənahovanın əri Yusif Muxtarovun 80 illiyi ilə bağlı yazı yazdım. Baxmayaraq ki, vaxtilə hər iki mərhum onlarra təqdim etdiyim pyesi bəyənsələr də son nəticədə əsər tamaşaya qoyulmamışdı. Əslində mən bunu unutmuşdum, yazını qələmə alarkən xatırladım. Allah hər iki sənətkara rəhmət eləsin.

    17.07.21
    Dostum Fazil M. “Bülbül yuvası” ssenarimi götürüb özlərinin baş idarəsinə (Qızıl Aypara) getmiş, bu əsərin çəkilişinə kömək istəmiş... Lakin orada köməkdən dolayısı yolla boyun qaçırmışlar.
    Kimdir indi ədəbiyyatı, mədəniyyəti “hərləyən”?
    Ən yüksək pillədə dayanan məmurları da yalnız bir şey ilgiləndirir: Nəyin hesabına olursa-olsun, pul qazanmaq. Bəli, pul fetişizmi hökmrandır məmləkətdə…

    19.07.21
    Bütün günü evdə oldum. Sabah kəndə getmək istəyirəm.

    20.07.21
    Köhnə bir “İkarus”la kəndə yola düşdüm. Budur kənddəyəm. Yaşıllıq. Gah yağış, gah günəşli hava. Həcər müəllimə həmişəki kimi “iş başındadır”, yəni bir an da dinc oturmur, yır-yığışla məşğul olur.

    21.07.21
    Burada hər yer, hər daş, hər ağac, hər kol anamı xatırladır, amma artıq anam özü bu dünyada yoxdur...
    Şəhərdəki (Bakıdakı) bir-iki dostla danışdım. Hamı oradakı istilərdən danışır. Amma burada (İsalıda) demək olar ki, hava soyuqdur, isti yorğan-döşəkdə yatıram.

    22.07.21
    Bir neçə nəfər dost-tanış zəng vurub “Bülbül yuvası” ssenarisi haqda yüksək fikirlər söylədi. O cümlədən “Ulduz” jurnalının əməkdaşı Dayandur zəng vurub onlara təqdim etdiyim həmin yazını təriflədi.
    Eışən (Əkbərzadə) və yazıçı Əyyub Qiyas zəng vutub kef-əhvalımı soruşdular.
    Yay gələndə kənddəki adamların sayı artır və onlar əsasən çay kənarındakı kiçik çayxanaya toplaşırlar. Orada nərd və ya domino oynayır, hərə qandığı sviyyədə beynəlxalq vəziyyəti müzakirə edir.Orada vay-fay da quraşdırılıb ki, bunun da nəticəsində adamlar istədikləri yerlə pulsuz əlaqə yarada bilirlər. Mən də orada bir neçə tanışa zəng vurdum.

    23.07.21
    Çoxdan tikdirdiyimiz kənd evində hələ yarımçıq işlər çoxdur. Ustalar gəlib hamamı və mətbəxi kafellədilər. İki aylıq pensiya getdi bu işlərə...
    ... Əmioğlanlarımdan biri – ticarət işçisi Zabit Mehrəliyev vaxtilə həbsə düşmüş, sonra Rostova “yatab” olunmuşdu. O, ailəli olsa da orada bir rus qadını ilə ailə qurub... Həmin vaxtdan təxminən 40 il ötür. Zabitin qardaşı (Mədəd müəllim) söylədi ki, Zabitin Novoçerkasskda ailəsi, yəni həyat yoldaşı və oğlu qalıb. (Arvadı Yançenko Nadejda, oğlunun adı Zabitdir. Ünvanı: Novoçerkassk şəhəri, Nareçnaya küçəsi). Mən bu məsələ ilə əvvəllər maraqlansam da bir şey hasil olmamışdı. Dedim ki, yenə axtarış edəcəyəm...

    25. 07.21
    Arada kəndin ayağına, daha doğrusu mərkəzində yerləşən çayxanaya enirəm. Gənclərin çoxu işsizlikdən əyyaşlığa qurşandıqlarını deyirlər.
    Düzdür, son illərdə kəndimizdə böyük dəyişikliklər olub-asfalt yol çəkilib, qaz xətti qaydasında işləyir. Amma iş yerləri yoxdur.
    Məni təəccübləndirən o oldu ki, sovet dövründə yaşamayan gənclərin bir çoxu “sosializmin həsrəti” ilə yaşayırlar.
    Biz “qocalar”ın əksəriyyəti həmin dövrü nə qədər ifşa etsək də bir xeyri olmadı.
    ...Kənd, (və eləsə də rayon və şəhər) əhlinin ən “yaxşı” tanıdığı adam sosial müdafiə naziridir. Hamı onu öz adı ilə çağırır: “Sahil”. Onun belə “məşhur” olmasının səbəbi pensiaçılara qarşı çıxarılan “cəza” təbrirləridir. Cəza deyəndə də söhbət fiziki cəzadan getmir, müavinət və təqaüdlərin kəsilməsindən gedir. Adamlardan sıx-sıx eşidilən ifadələr belədir: “...Sahil bizim boğazımızı kəsır, bir onun da boğazını kəsən tapılar... Səlim Sahilin yanında toya getməlidir... Sahil özündən əvvəlkilərin ata-babasına rəhmət oxudur...”

    01.08.2021
    Türkiyədə yanğınlar baş alıb gedir. Bizim dövlət də qardaş ölkəyə yanğınsöndürənlər dəstəsi göndərdi.
    Radikulit belimdən “yapışıb” tərpənə bilmirəm.

    02.08.21
    Qardaşım Fasadla danışdım. Türkiyədə- İstanbuldadır. Koronavirusa yoluxduğunu bildirdi.
    Bibioğlu Mamed və əmioğlu Etibarla danışdım.
    Aqşin Almaniyadan zəng etmişdi...
    Belimi radikulit az qala “sındırıb”. Birtəhər, az qala iməkləyərək çayxanaya düşdüm. İdris Əminəvəsi yaxşı çay dəmlədi, içdik. Möhkəm yağış yağdı, sonra gün doğdu.
    Gecələr sərin, bəzənsə soyuq olur... Təbii ki, isti yorğan-döşəkdə yatıram.

    03.08.21
    Həcərin ad günü. Kənddəki evimizin həyərində qohumlarla birgə bu günü qeyd etdik.
    Türkiyədə yanğınlar tüğyan edir.
    Belimin ağrısı çəkilməyib, güclə hərəkət edirəm...

    04-05.08.21
    Havalar kənddə bir az isinib.
    ...Şəhərdən gələn məlumatlara görə Bakıda çox istilikdir, “nəfəs almaq olmur”.
    “Gündəlikləri” müxtəlif kağız parçalarından yığıb, toplayıb, tarixlər üsrə sistemləşdirib kompyuterə köçürürəm. Bu, çox məşəqqətli işdir. Hətta yazdıqlarımı 1-2 dəfə virus “yeyib” məhv etdi.
    Bakıdakı dostlarla- T.Xəlil, Ə.Əsədzadə, M.Fərzəlibəyov, Ə.Nur, F.N.Mustafayev ilə danışdım, onları sidq-ürəkdən kəndimizə- bu sərin yerə dəvət etdim.
    Qardaşım Ayaz 1-2 gün əvvəl Gəncədə bacım Səyyarəni qarşılayıb Tovuza-xalam qızı Rənanın oğlu Samirin toyuna aparandan sonra bu gün qayıdıb kəndə gəldi, biçdiyi otu yığmağa başladı.
    ...Suyumuz azalıb, sozalıb, kəsilmək üzrədir.
    ...Qızım Güntəkinin (Amerikadan) ricası ilə gənc tatar nasiri Güzəl Yaxinanın “Züleyxa gözlərini açır” romanını oxudum. Əsərlə çoxdan tanışam, filminə atda-budta baxmışam. Amma indi diqqətlə oxudum. Yaxşı əsərdir. Mənim “...Qapı...” romanımda təsvir olunan hadisələrlə çox səsləşir. Amma məsələ burasındadır ki, mənim romanım 80-lərdə yazılıb, bu əsərsə yenidir. Sadəcə, həm də yaxşı reklam olunur.
    ...Türkiyədə yanğnlar tüğyan edir. Bizim yanğınsönderənlər qardaş ölkəyə köməyə gedib.

    06.08.21
    Qardaşım Ayaz qapımızdakı biçənəyi kərənti ilə biçib qurtardı.
    ...Arada yağış çiləsə də ümumən havalar yaxşı keçir. Burada-bizim kənddə, adətən günəşli havalara “yaxşı”, sisəkli-dumanı havalara isə “ürəkaçmayan havalar” deyirlər.
    ...Görünür Türkiyədə baş verən yanğnlarla bağlıdır ki, ötən gecə əcaib və qorxulu bir yuxu gördüm. Gördüm ki, hardasa, hərhalda mənimçün naməlum görünən bir yerdə, baş verən yanğın əvvəlcə paltarımı sardı. Əyin – başımada oynaşan alov dillərini nə qədər söndürməyə çalışsam da bir şey hasil olmadı. Əksinə, alov daha da artdı. Paltarım tamamilə yanıb qurtarandan sonra alov bədənimi bürüdü. Bədənimin odda yanan hissələrinin, qabırğa və sümüklərimin çartıltısını özüm də eşidirdim... Daha çox səy edirdim ki, bircə gözlərimi sonacan qoruyum, bir də yaddaşımı-şüurumu. Tam kül olub bitənəcən canımda baş verən prosesləri izləmək niyyətində idim. Bəli, yuxuda məhz bu cür düşünürdüm. Yazılarımdan birində vurğuladığım kimi, ölümün necə bir şey olduğunu öz gözümlə görüb, öz ağlımla dərk etmək istəyirdim... Alovun şiddətlə çağında yuxudan oyandım. Otaqda hava sərin (hətta deyərdim ki, bir qədər soyuq) olsa da məni möhkəmcə tər aparmışdı.

    08.08.21
    Şükür, verilən məlumatlara görə, Türkiyənin yanğın baş verən zonalarında (o cümlədən Antaliyada) yağış yağır və yanğın səngiməyə başlayıb...
    Kəndimizin mərkəzindəki çayxanada vay-fay quraşdırılıb və mən heç olmazsa günaşırı həmin istiqamətə gedir, arada çay içir, əsasən də internet imkanlarından bəhrələnərək yaxın dost-tanışlarla “görüntülü” danışıram. Bu gün Aqşınlə (Almaniyadadır) danışdım. Çox şeyə, çox ölkələrə və olduğu bir çox ölkələrin siyasi sistem və adamlarına tənqida yanaşan oğlum, almanlardan və Almaniyadan əsasən razılıq edir.

    09.08.21
    Bu gün yük maşını ilə Saratovkaya getdik. Ayaz da mənimlə getmişdi. Həm pensiyamı aımaq istəyirdim, həm də bir neçə kisə sement və “mata” almaq istəyirdim. Nəsə bankomat pul vermədi. Xırda-para alverimizi edib geri qayıtdıq.
    Qapımıza gələn atxan suyu qurumaq üzrədir. Biz bu arxı təxminən 50 il öncə “şlaqnqla” –rezin boru ilə çəkib gətirmişik. Həmin arxın suyu son vaxtlar sozalmaqdadır. İndi yaxınlıqdakı dərədən su çəkmək istəyirik. .. Amma nədənsə oradakı suyun evimizə sarı axıb gəlməsi hələ baş tutmayıb... Hər halda nəsə bir şey fikirləşib su problemini həll etməliyik...
    ...Evimizdəki sobanın eşiyə çıxan borusunu içində sərçə yuva qurubmuş. Düşündük ki, birdən yuvada yumurta və ya ətcəbalalar olar. Ehtiyatla borunun içinə nəzər saldıq. Dağılmış yuvadan başqa bir şey tapılmadı...

    10.-15.08.21
    Evdə ustalar işləyir. Salman adlı usta iki gənc köməkçisi ilə evimizin ətrafını betonladı ki, dam nəm çəkməsin...
    ....Hər gecə “Gündəlikləri” qaydaya salıb kompyuterə yazmaqla məşğulam... Tərs kimi, kompyuter də tez-tez xarab olur, donur...
    ...Gecələr (adətən) yağəş yağır...
    ...Kənd həyatı get-gedə mənə daha maraqlı görünür...

    16.08.2021
    Həcər kənddə qaldı...
    Mən İsalıdan Bakıya yola düşdüm. Əvvəlcə qardaşım Ayazın maşınında Şəmkirə gəldim. Şəmkirdən Bakıya isə ucuz bir qiymətə (cəmi on manata) gəldim. Gəldiyim maşında EA-nın etnoqrafiya ins.-dan olan Şahbazov soyadlı elm adamı ilə maraqlı söhbətimiz oldu...

    17.08.2021
    ...Aqşinin ev sənədləri ilə məşğul oldum...
    ...Fazil müəlllimlə görüşdüm, ona Gədəbəydən kəkotu gətirmişəm...
    ...Günortadan sonra Məzahir Səmədoğlu (Belorusiyadan təzəcə gəlib), Tofiq Xəlil və Yusif müəllimlə görüşüb Montində “Kosmos”un arxa tərəfindəki yeməkxanada nahar etdik... T.Xəlilin qanı qaradır. Həyat yoldaşı xəstəxanadadır, infatkt olub. Ona təsəlli verdik...
    ...Təbii ki, evdə təkəm və “gündəliklərimi” yazmaqla məşğulam...

    21.08.2021
    Pandemiya ilə bağlı şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. Günortayacan evdə oldum. Sonra taksiyə iki manat verib getdim şəhərə. T.Xəli və Səlim müəllimlə (vəkil) görüşdük.Çay içdik, söhbət etdik. Evə qayıdarkən təzə qonşum və köhnə dostum Ağacəfər rast gəldi, onun oğlunun maşınında Masazıra gəldim...

    22-28.08.2021
    Bakıya gələn gündən məşğulam.
    ...Bağlanmış internet əlaqəsini (vay-fayı) bərpa etdirdim.
    ...Bakıdakı dostlarla görüşdüm.
    ...Aqşinin “tələbi ilə” “Şvaki” markalı televisor aldım.
    ...Uşaqlarla (əslində onlar ta uşaq deyillər!) votsap vasitəsi ilə əlaqə saxladım.
    ...Rejissor M.Fərzəlibəyli ilə çəkmək istədiyimiz filmlər, tamaşaya qoymaq istədiyimiz pyeslər(im) haqda az qala hər gün mübahisə və müzakirələr aparırıq. Amma nə fayda? Pandemiya və pulsuzluq az qala hər şeyin, o cümlədən bizim ideyaların üstündən xətt çəkməkdədir.
    ...Fazil bəy, Məzahir bəy, Yusif bəy və digər dostlarla görüşüb dərdləşdik.
    ...Əvəz Teymurxana kitab verdim və onun vasitəsi ilə partiya lideri Lalə çövkətə rusca çıxmış “TriO” kitabımı göndərdim.
    ...Mənim qısametrajlı film üçün yazdığım ssenarini əlyazması halında oxuyub zəng edən lər çoxdur. Ssenariyə elan olunmuş müsabiqədə yer vermədilər və bu mənə çox təsir etdi. Ən təsirlisi də budur ki, həmin müsabiqə ilə birbaşa və dolayısı bağlı olan adamlar məni görəndə “kədərlə” deyirlər: “Əslində mükafat sənin ssenarinə verilməli idi”.
    ...Şabah (29.08.21) Şuşaya, “Poeziya festivalına” bir qrup yazı-pozu əhli rəvan oldu. Bu tədbirə qatılmayanlar sosial şəbəkələrdə müxtəlif ünvanlara tənqid yağdırmaqdadırlar. Mən də sanki hamıya təskinlikverici cavab olaraq FB səhifəmdə yazdım: “Xoşlamıram ki, məni kimsə harayasa özü ilə aparsın. Hər yerə özüm getməyi xoşlayıram. Şuşaya da ÖZÜM gedəcəyəm... Bələdçiyə nə ehtiyac?”
    ...Xatırlatma: Dağlıq Qarabağ uğrunda gedən “soyuq” və odlu döyüşlər haqqında zənnimcə ən çox yazan, çap olunan və pyesləri tamaşaya qoyulan müəllif, qeyri-təvazökarlıq olsa da mən olmuşam.
    1. “Teatr meydanı” adlı üç kitabdan ibarət detektiv səciyyəli roman.
    2. “Dəhliz” adlı pyes. Bu əsər uzun müddət Mingəçevir teatrının repertuarında yer tutub.
    3. “Günəşi qoruyanlar” adlı pyes. Bu, uşaqlar üçün dediyimiz mövzuda qələmə alınmış ilk pyesdir.
    4. “Bülbü yuvası” adlı ssenari.
    5. “Payız meşəsində vals” pyesi. Həmin əsər Mədəniyyət Nazirliyinin 2019-cu ildə elan etdiyi müsabiqədə 1-ci yeri tutub.
    6. Silsilə hekayələr.
    7. Onlarla məqalə, esse, etüd, mahnı mətni...

    29.08.2021
    Bazar.
    Bütün günü evdə oldum
    M.Fərzəlibəyov Şuşadan zəng vurub həyəcanla şəhərin əzəmətindən danışdı. O vaxtilə (1981-ci ildə) Şuşada keçirilən ilk Vaqif poeziya festivalının iştirakçısı olub. Orada ermənilərin dağıtdığı Vaqif movzeleyi yenidən bərpa olunub.
    ...Bütün günü “Gündəliklərimi” kağızdan kompyuterə köçürməklə məşğul oldum. Bəzi yerləri oxuya bilmirəm, bəzi yerlərinsə üstündən keçirəm.
    “Gündəlik”ləri yazmaq bir cür çətinsə, onları təzədən oxumaq başqa cür məşəqqətdir. Ən azından ona görə ki, vaxtilə ünsiyyətdə olduğun adamların çoxunun artıq həyatda olmaması adamı yandırıb-yaxır...

    01.09.2021
    Sentyabr ayının 1-i.
    Əvvəllər hər ilin bu günü dərslər başlayardı. İlk dərs günü mənim yaddaşımda əbədi yer tutub. Son illərdə dərslər sentyabrın 15-də başlayır. Amma bu il dərslərin nə zaman başlayacağı sual altşndadır. Çünki edpidemiya tüğyan edir. Bu son günlər koronavirusa yoluxanların sayı 4 minə çatmaqdadır...
    Hələ kənddəyəm. Arabir günün ikinci yarısı kəndin mərkəzində, çayın sahilində yerləşən çayxanaya enirəm. “Enirəm” deyirəm ona görə ki, bizim evimiz kəndin ən yuxarı başında yerləşir, çayxana isə bizdən bir xeyli aşağıdadır.
    Artıq ölkənin şəhərlərində olduğu kimi kəndlərində də təbəqələşmə nəzərə çarpır. Hətta, elə ailələr var ki, onların üzvləri arasında da ayrıseçkilik və təbəqələşmə nəzərə çarpmaqdadır. Yəni ailə var ki, bir qardaş kasıb, digər qardaşsa imkanlıdır. Amma kəndlərdə şəhərlərdən fərqli olaraq iş yerləri nəzərə çarpmır. Dövlətdən az-çox maaş alan zümrə isə müəllimlərdir.

    05.09.2021
    Əsasən yazılarımı kompyuterdə qaydaya salmaqla məşğul oluram.
    Arada qohum və tanışlarla, uşaqlarımla (son dövrlərdə deyilən kimi), “telefon bağlantım” olur.
    Bəzən evimizə kənd adamlarının da yolu düşür. Onlardan kimisi məsləhət almağa, kimisi də elə-belə söhbət etməyə gəlir. Bu gün ikinci qismə aid olanlardan biri gəlmişdi, yəni söhbətləşməyə. Onun adı İntiqamdır. Uşaqlıqdan ağdərili, ağsaçlıdır. Albinos da demək olar. Xəstəliyi var, ildə bir dəfə Gəncə və yaxud Qazaxdakı psixi xəsrəxanada müalicə alır. Amma heç kəs İntiqama dəli-filan kimi baxmır. Və adamlara bu və ya digər xüsusiyyətlərinə görə ayama qoşmağı sevən kənd əhli onun adının qarşısına da heç bir ayama qoşmayıblar. Sadəcə, İntiqam. Kəndin ən düzünəqulu, safürəkli adamlarından biridir. İndiyəcən yalan dediyini eşidən olmayıb. Əksinə, yalançıların qənimidir.
    İntiqmın özünəməxsus “kəşfləri” də var. O, 44 gün davam edən müharibədə əldə olunan qələbədən sevincəkdir. Amma o, uzun müddət idi ki, müharibədə hərbi yolla qələbə çalmağın “yolları” haqda düşünürdü. Hətta qələbənin hansı vasitə və silahlarla başa çatdırılması üçün öz əlillik təqaüdündən hər ay bir xeyli vəsait ayırırdı. O, bu pulla möhkəm polad yaylar, ağır dəzgahlar alır, müxtəlif detalları bir-birinə calaq edir, yeni silah “icad etmək” istəyirdi. Onun düzəltdiyi dəzgahın ısas funksiyası düşmən ərazisini topla-tüfənglə... deyil, iti uclu iynələrlə atəşə tutmaqdan ibarət idi. Yaxşı ki, müharibə bitdi, yoxsa düşmən İntiqamın iynə “zərbələrinə” tuş olacaqdı...
    Xeyli müddət idi ki, İntiqam görünmürdü. Nəhayət bu gün üzə çıxdı. Haralarda olduğu ilə maraqlandım. Dedi ki, düz iyirmi gün Gəncə dəlixanasında yatdım. Sora da başladı oradakı xəstələrdən söhbət açmağa. Müalicə aldığı yerdə vəziyyətin ürəaçan olmadığını söylədi. Sözünün sonu da belə oldu: “O dəlixanaya düşən adam bir aya dəli olar”...

    06.09.2021
    Bu gün qorxunc bir fəlakətdən “kiçik itki” ilə qurtula bildim... Bu barədə bir az sonra.
    Məşhur mahnıda deyildiyi kimi, “payız gəldi, uçub getdi quşlar...” Payızda təkcə təbiətin canlıları deyil, sanki insanlar da öz məkanlarını dəyişməyi xoşlayırlar. Məzunuyyətləri başa çatan adamların çoxu istirahətdən sonra iş yerlərinə qayıdırlar. İş yerləri isə hazırki dönəmdə əsasən şəhərlərdə olur. Yoldaşım sübh tezdən Bakıya qayıtdı. Məktəblərdə dərs ili başlamaq üzrədir. Hər gün iş yerindən zəng edib dərslərin başlandığını deyirlər.
    Kənddə payızın nəfəsi duyulur. Biçənəklərdəki yığınlar və tayalar sanki mahir rəssam fırçasından qopub düşüb. Yaxınlıqdan keçən arxın pıçıldısı məni çəkib uzaqlara, uşaqlığıma aparır. Amma məni son vaxtlar şirin uşaqlıq xatirələrimdən daha çox, gələcək haqqındakı pessimist düşüncələrim “məşğul edir”. Və heç özümə də məlum olmayan hansı hissinsə təsiri altında son illərdə, doğulduğum yerə tez-tez dönmək istəyinin sirrini də axtarıb tapa bilmirəm. Düzdür, adətən deyirlər ki, insan yaşlaşdıqca doğulduğu, boya-başa çatdığı yerlərə can atır. Amma məni bu yerlərə təkcə “yaşlaşmağım” deyil, həm də tənhalığa üstünlük vürməyimdir. “Cənnət çiçəyi” adlı romanımın qəhrəmanı Cavad Əmirxanlı kimi evimizin düz qənşərində olan Ərdağının gülləri-çüçəkləri, bulaqları, yamacları, daşları-qayaları ilə söhbət edirəm. Özümlə götürüb kəndə gətirdiyim köhnəlmiş kompyuterin dillərinin xəfif “melodiyası” altında yazılarımı yazmaq burada mənə xüsusi zövq verir...
    Beləliklə, mən hələlik kənddə qalası oldum. Yazı-pozularımı, əsasən də xatirə və gündəliklərimi nizama salmaqla məşğulam...
    ...Düz bir ay bunan əvvəl (indicə “gündəliklər”imə göz yetirib həmin vaxtı dəqiqləşdirdim: 06.08.2021-ci il tarixində) gecə gördüyüm dəhşətli yuxunu təsvir etmişdim. Yuxuda qorxunc alov içinə düşüb yandığımı, hətta qabığalarımın belə od tutub alışdığını və bu vur-çatlasını öz gözümlə gördüyümü “gündəliyimdə” qeyd etmişdim. Düzdür, mövhumata meyilli deyiləm, amma bu gün ağlıma belə bir fikir gəldi ki, bəlkə də bu yuxu mənə bir mesaj imiş...
    Səhər tezdən duranda gördüm ki, otaqda hava soyuqdur. Durub sobanı qaladım. Sobamız əvvəllər odunla qızdırılırdı. Son illər evlərə qaz çəkilib. İndi kənd camaatının işi asanlaşıb. Üstəlik də meşələr qırılmır, yaşıllıqlar artmaqdadır.
    Nə isə... Az sonra iri, pası təzəlikcə təmizlənmiş sobada qazın kəsildiyini hiss edib kranı bağladım. Demə, qaz eşikdə quraşdırılmış sayğacdan kəsilibmiş. Avtomatik qapanma baş veribmiş. Sayğacı qardaşım Fuad işə saldı. Təzədən evə qayıtdım. Qəzet parçasını yandırıb, sobanın gözünə-üstündəki dəyirmi qapaq yerinə yaxınlaşdıranda qəflətən alov püskürdü. Sobanın içində qızmış ilan və ya əjdaha kimi qıvrılan qızılı alov axını sanki bircə anın içində gözlərimə dolub bəklərimə hopdu. Alov məni geri təpdi. Sobanın qapağı diyirlənib döşəməyə düşdü...
    Müvazinətimi zorla saxladım. Qeyri-ixtiyari güzgüyə yaxınlaşdım. Sifətim qorsalanmış, kipriyim və qaşım ütülmüş, əllərim yannmışdı. Əynimdəki isti köynək və başımdakı yun araqçın hələ də tüstülənirdi. Tez qardaşımı səslədim. Vəziyyəti izah etdim. Dedi ki, od yalayan yerlərə günəbaxan yağı sürt. Belə də etdim. Əllərimi və sifətimi “yağladım”. Az sonra qonşu və qohum Dilqəm həkim gəldi. Dedi ki, “ilkin yardım düz aparılıb”. Axşamacan əllərim və sifətim sızıldadı...
    Sonra, axşamüstü qohumların çağırışı ilə “qəza xidmətindən” usta gəlib çıxdı. Usta (Ədalət) tanış adam imiş. O, sobanı diqqətlə nəzərdən keçirdi. Məlum oldu ki, krandan sobaya fasiləsiz qaz sızır. Usta kranı dəyişib, pulunu alıb getdi.
    Bir daha ötən ay gördüyüm yuxumu xatırladım...
    Bu, yüngül yanıqdır. Əminəm ki, tezliklə hər şey qaydasına düşəcək, o cümlədən mənim üz-gözüm...
    p.s. Ayın 6-da baş verən bu xoşagəlməz hadisəni təfərrüatı ilə iki gün sonra (sentyabrın 8-də qələmə aldım).

    07.09.2021
    Sifətimdə və əllərimdə suluxlamış, qaralmış, göyərmiş yerlər dünənkinə nisbətən bu gün az ağrı versə də, yanığın əlamətləri get-gedə daha qabarıq nəzərə çarpmaqdadır. Üzümə baxan nabələd adam elə hesab edər ki, ağır qəzadan çıxmışam.
    Düşünürəm ki, başıma gələn bu qəzadan- yanğından məni yalnız iş-güc, yazı-pozu xilas edə bilər.
    Gün ərzində 4 kitabımı səhifələdim (poliqrafiya termini ilə desəm “vyorska” etdim), çapa hazırladım.
    Kompyuterim nədənsə məni tez-tez pis vəziyyətdə qoyur – cürbəcüt əcaib işarələr üzə çıxır, dayanır, yazılanları pozur, məni yorur və əsəbiləşdirir. Yəqin ki, o da mənim kimi “qəzaya tuş gəlib”, yorulub, əldən düşüb.

    08.09.2021
    Sifətimdə yanıqdan xatirə qalmış göyəryilər qaysaq bağlamaqdadır. Təbii ki, üzümə ülgüc vura bilmirəm.
    Havalar xoş keçir. İstirahətim davam edir.
    ...Telekanallardan birində təbiətlə bağlı gedən verilişdə əqrəblərdən söhbət açdılar. Qeyri-ixtiyarı “əqrəblə bağlı xatirələrim” yadıma düşdü. Əvvəllər bu mövzudan dolayı bir hekayə yazmaq istəyirdim. Sonra fikrimdən daşındım. Çünki bəzən real həqiqətlər bədii təxəyyülün “məhsulunu” üstələyir. Və indi fürsət düşmüşkən həmin mövzuyla bağlı şahidi olduğum hadisəni qələmə almağı qərara aldım.
    ...həmin ilin ilin mayında (tələbəliyimin son günləri idi) Bakıda 8-ci km. qəsəbəsində yaşayan bibim qızı Məfkurəgilə getmişdim. Onun həyat yoldaşı inşaat mühəndisi Nəriman Məmmədov çox qonaqpərvər, xeyirxah, dostcanlı bir insan idi. Onların evində əvvəllərdən də tanıdığım bir rus alimini gördüm: bu, görkəmli biloq, professor Oleq Pavloviç idi. Oleq Pavloviç, səhv etmirəmsə Daşkənddə yaşayırdı. O, ixtisası etibarilə ilan və əqrəb zəhərlərinin alınması, tədqiqi və tətbiqi ilə məşğul idi. Nəriman müəllimin bu maraqlı dostu ilə söhbətimiz tuturdu. Dediyim kimi, onu əvvəllər də bir neçə dəfə bu evdə görmüşdüm. Eyvanda “gizlətdiyi” kisələrdə ilan fışıltısını asanca eşitmək olurdu. O, bizim, ilanlarla bağlı suallarımıza həmişə ətraflı cavab verərdi.
    Professor mənim təbiətə marağımı hiss edib dedi ki, sabah sübh tezdən Şıxova, Qobustana (və səhv etmirəmsə Səngəçala) ilan-əqrəb axtarışına gedəcək. Mənə təklif etdi ki, istəsən birlikdə gedərik.
    Yadımdadır, o vaxt son kursda oxuyurdum. Dərd-sərim çox idi. İl başlayandan bəri bir çox yaxın adamlarımı, o cümlədən atamı itirmişdim. Bu yandan buraxılış və dövlət imtahanlarının yaxınlaşması... Digər tərəfdən, lap elə birgünlüyə də olsa belə, kitab-dəftərdən ayrılıb istirahət tməyə, canlı təbiətlə ünsiyyətdə olmağa ehtiyac duyurdum.
    Nə isə... Oleq Pavloviçin təklifi ilə razılaşdım.
    Sübh tezdən bizi gözləyən köhnə minik maşınına minib məşhur bioloqun dediyi istiqamətə yol aldıq. O, mənə ilan və əqrəbi necə tutmağın qaydasını izah etdi. Oleq müəllim təxminən iki metr uzunlugunda olan “taxta qayçı” ilə ilan tutmağın fəndini göstərsə də, bu mühüm və təhlükəli vəzifənin icrasını öz böynuna götürdü. Beləliklə, mən yalnız əqrəb tutmala kifayətlənməli oldum. Düzü, bir az sevindim də- axı ilan hara, əqrəb hara? İlan zalım balasının təkcə adı adamın zəhmini yarır.
    Hə, sən demə, Bakı ilan-çayanların əhatəsində imiş. Şəhərin düz qulağının dibində - cənub zonasına gedərkən Şıxıv çimərliyinin sağ tərəfindəki boz təpəcik və dağlar, habelə Qobustan qayalarının və daşlarının altı “zəhər dəfinəsi” ilə dolu imiş.
    Bəs əqrəbləri necə tutmaq lazımdır? Boz dağlardakı bomboz daşları qaldırıb diqqət yetirmək, torpaqdan zorla seçilən zəhərli əqrəbləri maqqaşla götürüb şüşı bankaya atmaq elə də çətin iş deyildi.
    Oleq Pavloviç mənə dönə-dönə xəbərdarlıq elədi:
    -Bax, birdən səhv edib əqrəbə əlini toxundurarsan ha... Bu, o deməkdir ki, artıq bu dünyada yoxsan. Düzdür, sağ qalmaq ehtimalı da var, amma bu, ölümdən betərdir, adam ömrü boyu ağrılardan əzab çəkir... – Sonra o, bic-bic gülümsəyib əlavə etdi: -Sən mənə baxma, dünyanın bütün əqrəb və ilanları məni tanıyır, özlərinə dost bilirlər.
    Əqrəblər öz “zəhərdaşları” olan ilanlar kimi cəld hərəkətli deyillər. Onlar, adətən gecələr həşarat ovuna çıxır, gündüzlər, xüsusən isti havalarda, daşların altına girib ya tənbəl-tənbəl qurdalanır, ya da ki, “yatışırlar”. Alim “dostum” onu da dedi ki, əqrəblər vəhşi heyvanlar sinfinə daxil edilir. Niyə məhz “heyvan”? Sən demə, əqrəblər yumurta vasitəsi ilə artan ilanlardan fərqli olaraq, balalayırmışlar. Onlar həm də öz övladlarına təlim keçib yaşamağın sirrini öyrədirlərmiş...
    Sözün qısası, mən professorun dediyi kimi hərəkət etməyə başladım. Tezliklə şüşə banka ayaqları və xortumları bir-birinə dolaşmış sarı-bozumtul zəhərli əqrəblərlə doldu.
    Həmin “ov” günündə Daşkənddən gəlmiş qonaq bir neçə ilan tudtu. Axşam əldə etdiyimiz “qənimətləri” maşına “yükləyib” geri qayırdıq. Alim dostumuz çox məmnun idi... Mən onunla xudahafizləşib ayrıldım.
    Yox, xatirələrim burada başa çatmır.
    Saatlı rayonundakı iki illik müəllimlik fəaliyyətindən sonra, mən öz ərizəmlə əsgərliyə gedəsi oldum. Vladivostok şəhərinin yaxınlığında xidmət edirdim. Polkumuzun “qırmızı guşəsinə” Moskvada nəşr olunan qəzet və jurnallar gəlirdi. Bir dəfə “Pravda” qəzetində dərc edilmiş bir məqalənin başlığı diqqətimi çəkdi. Yazını oxumağa başladım. Sən demə, bu məqalə Oleq Pavloviçin “elmi fəaliyyətinə” həsr olunubmuş. Belə ki, tanınmış alim ilan və əqrəblərdən əldə etdiyi zəhəri qiymətli “xammal” kimi qara bazara çıxarır və baha qiymətə satırmış. Yazıdan belə bir nəticə hasil olunurdu ki, daşkəndli alim həqiqətən “ilanşünaslıq” üzrə böyük mütəxəssisdir, amma qızıldan qiymətli zəhəri “qara bazara” çıxartdığına görə məsuliyyətə cəlb edilib...
    Sonralar bu məşhur “ilanşünas” alimdən bir xəbər-ətər çıxmadı... Arada yolum Daşkəndə düşür. Gərək “köhnə dostumla” maraqlanam.
    p.s. Əqrəblər nə qədər təhlükəlidirsə, əqrəb bürcündə doğulan adamlar bir o qədər maraqlıdır (əlbəttə, qoroskoplara görə). Yeri gəlmişkən, mənim “Əqrəb bürcü” adlı pyesim bir neçə teatrda uğurla tamaşaya qoyulmuşdur. Əsərin qəhrəmanı- əqrəb bürcündən olan xanım həyat yollarında çaşıb “əyri yollara” düşsə də, daxilən öz mənlik və ləyaqət hissini qoruyub saxlamağa çalışır.

    09.09.2021
    Çən, duman, çisək...
    Hər gün uşaqlıq xatirələrimin izi ilə var-gəl edirəm. Bəzən xəzəl kimi ayağımın altında qalıb xışıldayır və əzilir o xatirələr...

    11.09.2021
    Dostum Məzahir Səmədoğlu zəng etdi. Kəndimizin lap yaxınlığında- Başkənddə imiş. Musuqisini özü yazdığı mahnıya klip çəkdiyini dedi. Onunla görüşmək üçün “çəkiliş meydanına” getdim. Az sonra görüşdük.
    Məzahir bəylə birgə çəkilişə köhnə tanışım, hazırda Rusiada yaşayam musiqiçi Mahir bəy, habelə aşıqlar-Rasim bəy və Təranə xanım da gəlmişdi. Görüşdük. Çəkiliş xeyli davam etdi. Sonra şam etməyə getdik.

    12.0920.2021
    Gecəni Məzahir bəyin dostu Eldargildə qaldıq. Mən adətən az yatıram, özü də sübhəyaxın. Amma sübh tezdən oyanan “çəkiliş dəstəsinin” planını pozmaq olmazdı. Səhər yeməyindən sonra çəkilişə yola düşdük. Rayonun mənzərəli yerləri lentə alındı. Çəkilişin bir qismi üstünə kamera quraşdırılmış “dronla” aparıldı.
    Axşam düşəndə M.Səmədoğlu (habelə onun nəvəsi Ayla ilə) və M.Tahiroğlu ilə birlikdə bizim kəndə yola düşdük. Gecə qaranlığında yolu yaxşı gəlsək də, asfalt yol birəndən sonra, yəni evimizin lap yaxınlığında mən çaşıb başqa bir istiqaməti göstərdim. Az qala yolu azmışdıq. Sonra Mahirlə mən telefonlarımızın işığını yandırıb “düzgün” yolu “tapdıq”. Bu minvalla, bir qədər həyəcan yaşasaq da, axır ki, evə yetişə bildik. Qonaqlar geri dönməkdə israrlı idilər. Fuad onları asfalt yolacan müşaiyət etdi...
    Mən yenə öz “iş kabinetimə” çəkilib yazılarımı nizama salmağa başladım.

    13.09.2021
    İki-üç günlük soyuq və çiskindən sonra Günəş doğdu. Gözəl bir payız havasıdır.
    Üz-gözüm yavaş-yavaş öz “əvvəlki vəziyyətinə” qayıtmaqdadır...
    Televizorda çoxu sönük və solğun təsir bağışlayan müxtəlif verilişlərə baxıram. “Kanallardan” birində çox “ibrətamiz”, maraq doğura biləcək iki verilişə baxdım. Birinci verilişdə təpəsi projektor işığı altında işıldayan, yəni keçəl bir “alim” öz “şeirlərini” oxuyurdu. Onun ağzından tökülən söz qırıntılarının nə bir mənası vardı, nə də poeziyaya bir dəxli... İkinci veriliş Kəlbəcərdəki yaylaqdan çəkilmişdi. Azad edilmiş torpaqlarımızadan, dumanlı-çiskinli payızın gəlişi səbəbindən çobanlar öz sürülərini yaylaqdan qışlağa gətirirdilər. Çobanlaradan biri əhatəsində olduğu dağlara nəzər yetirib ürəkdən bir qoşma dedi. Şeirin həm qafiyələri yerində idi, həm hecası, həm də bölgüsü. Məna da ki, öz yerində... Çoban qardaş cəmi üç bəndlik bir şeirdə uzun illərin həsrətini də ifadə edə bilmişdi, bu günün sevincini də... Hiss olunurdu ki, adamın sinəsi doludur. Mənə elə gəldi ki, şeir deyən bu iki şəxsin- çobanla alimin yeri dəyişik düşüb...

    14.09.2021
    Ötən gecə (ilıq, günəşli, payız qoxulu gündüzdən sonra) göy guruldadı, şimşək çaxdı. Göyün üzündə ürək kardioqramına bənzər işıqlı xətlər görünüb-yox oldu. Şimşəyin parlaq şöləsində əcaib siluetli nəhəng dağlar sanki tirəməyə başladı. On-onbeş dəqiqə güclü yağış yağdı.
    Vay belə havada çöldəkilərin halına.
    Səhər yenə Günəşlə açıldı.
    Bu günün əsas hadisələri:
    Məşhur müğənni Yaqub Zurufçu vəfat edib...
    Keçmiş Baş prokuror Eldar Həsənovun məhkəməsidir.
    Başçısız qalmış iki rayona (Şəmkir və Cəlilabad) İcra başçısı təyin edildi...

    15.09.2021
    İllər uzunu dünyanın müxtəlif xalqlarına mənsub olan onlarla şairin şeirini dilimizə tərcümə etmişəm. Bir neçə gündür ki, həmin poetik tərcümələrdən bir çoxunu internet “qovluqlarından” bir-bir “dənləyərək” toplamaqla məşğulam. Qovluqların isə sayı –hesabı yoxdur. Bu “texniki” işlər məni yorsa da yaradıcılıqla məşğul olmaqdan hem vaxt usanmamışam.

    17.09.2021
    Kompyuterdəki “fayllar cəngənliyində” az qala azmışam...
    Kompyuterimin yaddaşında minlərlə yazım “uyumaqdadır”. O yuxuya getmiş yazıları tapıb nizamlamaq o qədər asan deyil.
    Budur, artıq bir neçə gündür ki, nasaz olmağıma baxmayaraq “Pyeslər” adlı çoxcildliyin üzərində işləyirəm. Yazıları özüm səhifələyir, özüm “cildləyirəm”. Yəni texniki işlərin hamısını özüm görürəm. Altı cilddən ibarət olacaq bu yazıları gələcək taleyi necə olacaq? Onları gələcəkdə hansı teatrlar, hansı rejissorlar hazırlayacaq? Bilmirəm. Mənim işim bu əsərləri nəşrə hazırlamaqdır. Bəli, məhz “hazırlamaq”. Çünki həmin cildləri kitab şəklində nəşr etdirmək mənim gücüm, imkanım xaricindədir. Mən yalnız kitabların elektron variantlarını hazırlayıb “qaranquş nüsxə” ilə kitabxanalara təhvil verirəm. Vəssalam. Yəni kütləvi nəşr mənlik deyil.

    19.09.2021
    Bu gün altı cılddən ibarət “Pyeslər” kitabımın “elektron nəşrini” hazırladım. Əvvəllər, 40 cildlik “Seçilmiş əsərlər”imin ilk 12 cildi məhz dramlarımdan ibarət idi. İndiki halda həmin cildləri bir az “sıxdım”. Nəticədə yeni cildlər “qalınlaşdırıb” altı kitaba “endi”.
    İndiyəcən qələmə aldığım pyeslərin sayını bilmirəm. Həqiqətən. Yox, təkcə həmin əsərlərin kəmiyyət baxımından çoxluğuna görə yox... Axı mən həm də yazılanların bir çoxunun dramaturgiyanın tələblərinə nə dərəcədə cavab verib-vermədiyini nəzərə alıram. Elə bu səbəbdən də indiyəcən kitablara yalnız özümün bəyəndiyim pyesləri daxil edirəm. Cırıb atdığım və “sandıqda saxladığım” dram əsərləri də az deyil. Mən dram əsərlərimə qarşı digər janrlarla müqayisədə daha çox tələbkaram...
    Amma indi, bu dəfə “kompyuterdəki “fayllar cəngənliyindən” bir-bir toplayıb 6-cildliyə daxil etdiyim əsərləri saydım. Gah 49 əsər çıxdı, gah da 50. Yorğun idim... Deyəsən kəmiyyəti yenə dəqiqləşdirə bilmədim.
    Əlbəttə, bu əsərlərin, artıq dediyim kimi, gələcək taleyindən nigaranam. Zira indiki halda rejissorların çoxu yalnız pullu və vəzifəli “yazarlara”-“dramaturqlara üstünlük verir. Hanı indi Hüseynağa Atakişiyev kimi təmənnasız, böyük ürəkli rejissorlar?
    ... Qəribədir, son vaxtlar kimin və nəyin haqqında düşünürəmsə, həyatımda gec ya tez həmin adam və ya hadisənin özü ilə qarşılaşıram... Bu gün ilk əsərlərimi tamaşaya hazırlayan Hüseynağa müəllim haqqında düşünmüşəm. Onun əzab-əziyyətlə
    soyuq otaqlarda hazırlayıb başa gətirdiyi tamaşaları xatırlamışam. Və onu da yada salmışam ki, həmin tamaşalar “Aktyor Evi”nin soyuq və nəmli zalında göstərilib. Yalnız Hüseynağa rəhmətə gedəndən sonra o zala və o otaqlara istilik boruları çəkilib. Sonra onun min bir əziyyətlə yaratdığı Gənclər teatrı ləğv edildi, həm də öz tamaşaları ilə birlikdə. Sanki o ləğv olunan tamaşalarla birgə böyük rejissorun tamaşaçıları da “ləğv olunub”... Aşkar görünən budur ki, sanki bir çoxları bu işıqlı insanın, böyük sənətkarın ölümünü gözləyirmiş...
    Hə, onu deyirəm. Bu gün gündüz mərhum Hüseynağa haqqında düşünmüşəm. O, mənim, səhv etmirəmsə, səkkiz pyesimə quruluş verib. Sonuncu quruluşu “Qara qutu” pyesi idi...
    Bu gün axşam saat 22-də “Mədəniyyət” kanalında Hüseynağa Atakişiyev haqqında veriliş efirə getdi. İnsaf naminə deyim ki, pis veriliş deyildi. Hüseynağanın həyat və fəaliyyəti haqda ətraflı məlumat verildi. Daha çox bu böyük sənətkarın ömrünün bir “qara qutu”ya bənzədiyi vurğulanırdı. Hətta bir neçə dəfə “Qara qutu” pyesinə toxunuldu, əsərdən bir parçanın videosu göstərildi. Amma pyesin müəllifini qeyd etmək, deyəsən, “unuduldu”...
    Mən bütün günü kompyuter arxasında işlədim. Artıq gecə yarısı “Pyeslər”inmin 6-cildliyinin elektron versiyası hazır idi...

    20.09.2021
    Şınığın payızı, bir az bəlağətli çıxsa da deməliyəm, olduqca füsunkar, bənzərsiz və müqayisəedilməzdir. Payız meyvələri- əzgil, qara alma, sulu armud, qırmızı alça yetişməkdədir...
    Bu gün səhər hava günəşli və isti idi. Günortaya yaxın hava qəflətən qaralmağa başladı. “Şır-şır” (Mor-mor) və yaxud “İstidərə” deyilən tərəfdə qapqara buludlar qaynamağa başladı. Bu qara buludların tez-tez müxtəlif formalar almağını müşahidə etmək lazımdır! Amma “formalar” müxtəlif olsa da “məzmun” eynidir. Adətən, dediyim səmtdən gələn buludların yağış və ya dolu gətirdiyi yüzillərin müşahidəsindən məlumdur. Yeri gəlmişkən deyim ki, Şınığın qərb tərəfindən gələn buludlar, artıq dediyim kimi, yağıntı ilə nəticələnir. Şimal tərəfdən (“Qaraqaş” deyilən yerdən) gələn buludlar isə daim “əliboş” olub.
    Bəli, qeyd etdiyim kimi, günortaya yaxın qaynaşan buludlar nəticəsiz qalmadı. Əvvəlcə Günəş şüaları altında parlayan, yetişmiş üzüm gilələrinə bənzər şəffaf, iri yağış dənələri səpələməyə başladı. Sonra dolu başladı. Başladı nə başladı... Təxminən iyirmi dəqiqə ərzində fasiləsiz tökülən iri, ağır “qradlar” ağaclara divan tutdu. Evlərin şifer və kirəmit damlarıı şaqqıldamağa başladı. Dolu “gözünü yumub” qabağına keçən nə varsa hamısını “şam-şum” elədi. Torpağın üstü bir anın içində bəyaz örtüklə “qapandı”. Sel-su aləmi götürdü. Mən bu mənzərəni telefonumun kamerasına çəkdim...
    p.s. Hə, yeri gəlmişkən deyim ki, səhərim sürprizlə açılıb. Belə ki, telefonumdakı bütün yazılar, ad-soyad və informasiyalar pozulub. Səbəb nədir deyə bilmərəm. Təkcə onu bilirəm ki, axşam hər şey qaydasında idi. Sübh tezdən baxıb gördüm ki, “telefon siyahım”dakı hər şey silinib-süpürülüb... Belə-belə işlər.

    21.09.2021
    Payızın ilk “ləpirləri” dünənəcən yamyaşıl olan yarpaqların üstündə aydın seçilir.
    ...Sifətimdəki yanıq yerlərinin dərisi soyulub, necə deyərlər, bərpa olunmaqdadır. Əllərim daha çox yanmışdı. Hər gün əlim “qabıq qoymaqdadır”. Zarafatla deyirəm ki, gərək insan da ilan kimi qabıqdan çıxsın, belə olarsa dəri də təzələnər.
    ...Pozulmuş nömrələri müxtəlif “mənbələrdən” bir-bir tapıb, “dənləyib”, toplayıb bərpa etməkdəyəm.

    23.09.2021
    Sübh tezdən ayağa rurub, əl-üzümü yuyandan sonra kəndin “mərkəzi yoluna” endim. İlk rastıma çıxan “Villis”ə minib Saratovkaya getdim. Orada “İkarus” markalı iri avtobusla şəhərə yollandım. Axşamüstü artıq Bakıda idim.

    27.09.2021
    Bu gün anım günüdür…
    Zəfərlə başa çatan 44 günlük müharibə, deyərdim ki, bizim əyilmiş qəddimizi düzəltdi, ürəklərimizə su çilədi…
    Mən əvvəllər də arabir social şəbəkələrdə hayların yazdıqlarını, dediklərini izləyirdim. Amma cəbhə açılandan sonra istər-istəməz mənim “müdaxilələrim” intensiv xarakter aldı. Mən artıq sadəcə “izləyici” deyildim. Mütəmadi olaraq yazılan hədyanlara cavab verməli olurdum. Azğınlaşmış, sürü təfəkkürlü ikiayaqlıların xalqımızın ünvanına söylədiyi təhqirlərə konstruktiv, obyektiv cavablar verməyə çalışırdım. Sanki “sosşəbəkələrin” sahibləri də hər kəlməni izləyir, cəza verməyə fürsət axtarırdı. Həmin vaxt və ondan sonrakı dövrdə səhifəm dəfələrlə bağlandı…
    …Onların əsas arqumenti bu idi: biz bu torpağın ən qədim sakinləriyik, İrəvan dünyanın ən qədim şəhəridir, haylar isə dünyanın ən qədim millətidir. Göründüyü kimi, bu xəstə təfəkkürlüləri anlatmaq çətin məsələ idi. Mən arqument və konkret faktlar göstərib sübut etməyə çalışırdım ki, İrəvan şəhərinin əsası Rəvanqulu xan tərəfindən qoyulub. Onlar bu arqumenti qəbul etmirdilər. Onda deyirdim ki, İrəvanda xanlıq yaranandan ta quberniyaya çevrilənə qədər (1828-ci iləcən) hansısa bir hayın xan olduğunu göstərin. Həmin dövrdə 51 xan olmuş və onların hamızı türk-azərbaycanlı kökənlidir. ..
    … sən demə, hayların arasında da yumor qabiliyyəti olanlar varmış. Bir dəfə yazdım ki, azərbaycan əsgəri sizə tarixinizi yenidən və necə yazmağı başa salacaq. Belə ki, siz innən belə nə İsa peygəmbərin, nə Kleopatranın, nə Sezarın, nə Napoleonun, nə Tereza ananın … hay olmadığını anlayacaqsız… Onların çoxu burada adları çəkilən və çəkilməyən şəxsiyyətləri “özününküləşdirmişdilər”. Sözün qısası, onlardan birisi, dediyim kimi, yumor hissindən xali olmayanı belə bir cavab yazdı: “Bəli, siz haqlısız. Sizin qələbəniz və bizim məglubiyyətimiz bir daha sübut etdi ki, adını çəkdiyiniz şəxsiyyətlərdən heç biri hay olmayıb. Onların hamısı türk imiş…”
    Bu gün anım günüdür… Var ol, yaşa, Azərbaycan əsgəri...

    27.09.2021
    Düz bir il əvvəl bu gün (27.09.20) Vətən müharibəsi başlamışdı. Döyüşlərdə xalqımız 3 minə yaxın şəhid vermişdi. Bu gün Anım günü keçirildi. Şəhidlərimizin şəkil-plakatları ilə, başda Prezident İ.Əliyev olmaqla yürüş keçirildi.
    ...İki gündən sonra Moskvada Ərdoganla Putinin görüşü keçirilməlidir.

    07.10.2021
    Sovetlər dönəmində “Gənc şairin ilk kitabı” seriyasından kiçik həzmli, əlçim boyda silsilə kitabçalar nəşr olunurdu. Mən həmin məcmuələrin əksəriyyətini son vaxtlaracan kitab rəfimdə saxlamaqda idim. İndi onların əksər müəllifləri, təəssüf ki, həyatda yoxdur. Artıq bir neçə ildir ki, evdəki darısqallıqdan dolayı kitabxanamdakı az qala bütün kitabları (o cümlədən, haqqında söhbət açdığım kitabçaları) kənddəki evimizə daşımaqdayam. Amma orası da var ki, halhazırda sağ olan müəlliflərə öz kitablarını sürpriz olaraq
    bağışlayıram. Həmin kitabçalardan birinin müəllifi də Xalq yazıçısı Mövlud Süleymanlıdır. AYB katibi Rəşad Məcid 2-3 gün öncə mənim adımdan Movlud bəyə onun öz kitabını bağışlamışdı...
    Bu gün Mövlud Süleymanlı ilə təsadüfən rastlaşdıq. Kitabçaya görə təşəkkür etdi. Bir az ordan-burdan söhbət elədik. Sözarası bütün yayı Şınıxda olduğumu deyəndə o, bir müddət xəyala dalıb dedi: “Çox qəribədir. Anam hərdənbir deyərdi ki, Şınıxın körpüsündən keçmişəm. Bundan başqa bizdə belə bir ifadə də işlənərdi: Şınıx bəyləri kimi... İndi səni gördüm, bu xatirələr yadıma düşdü. Şınıx haqda nəsə bir çey yazmısan yəqin...”
    Bəli, ölkə mətbuatında Şınıx haqda bir neçə yazım dərc olunub. Bəzi yazılarım isə hələ sovetlər dönəmində işıq üzü görüb.
    ...Bu gün ədəbiyyat üzrə Nobel ödülü alan yazıçının adı açıqlanda. Mükafata Tanzaniya yazıçısı, müsəlman, ərəb, hal-hazırda İngiltərə universitetlərindən birində çalışan Əbdülrəzak Qurna (ingiliscə Abdulrazak Gurnah) layıq görülüb. O, əsərlərini ingilis dilində yazır. “Zəvvarların yolu”, “Cənnət”, “Dəniz sahilində”, “Fərarilik”, “Mənim anam Afrikadakı fermada yaşayırdı” kitablarının müəllifidir. Təəssüf ki, onun əsərlərindən heç biri nə rus, nə də ki, Azərbaycan dilinə çevrilib. Əsərlərinin qısa məzmunu ilə tanış olduqdan sonra belə qənaətə gəldim ki, istedadlı yazıçıdır. Ən çox mühacirlərin həyatından yazır. Bizə müsəlman qardaşımıza uğurlar arzu etmək qalır.
    Başqa vaxt Tanzaniyanı bəyənmirik. Axı orada hələ də vəhşi qəbilələr qalmaqdadır...)

    08.10.2021
    Qızıl payızda rejissorların yarpaq tökümü...
    Bir neçə gün öncə Gəncə teatrının rejissoru, keçmiş direktoru, Xalq artisti Vaqif Şərifov vəfat etdi. Bu günsə eşitdim ki, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov dünyaya əlvida dedi.
    Hər ikisi ilə ötən əsrdən tanış idik, hər ikisi ilə xoş münasibətimiz, yaxşı ünsiyyətimiz vardı...
    Ağakişi Kazımov bir neçə il öncə “Azdrama”da tamaşaya qoymaq üçün pyes istədi. “Pyeslər” kitabını ona təqdim edib dedim ki, oxuyub özünüz seçin. Bir neçə gündən sonra zəng edib dedi ki, axtardığımı tapmışam, gəl görüşüb söhbət edək. Görüşdük. Sən demə “Bəyaz kölgə” (Əsərin ikinci adı da vardı: “Tufandan sonra”) adlı dramı bəyənibmiş. Teatrın o vaxtkı direktoru Maqbet Bünyadov əsərə “yaşıl işıq” yandırdı. “Bəyaz kölgə və ya Tufandan sonra” dramı tezliklə teatrın repertuar planına daxil oldu. A.Kazımov dedi ki, əsər üzərində bir az işləmək lazımdır. Razılaşdım. Bu “bir az” xeyli çəkdi. Təxminən 7 ay ərzində əsəri 7 variantda işlədim. Doğrusu, mən o vaxtacan heç vaxt “rejissorla işləmək” fikrini yaxına buraxmamışam. Zənnimcə əsər üzərində yalnız müəllif özü işləməlidir. Elə indi də bu qənaətdəyəm. Nə isə... Sənətkarla mübahisə etmədim. Nəhayət, rejissorun arzusu başa çatdı. Hər ikimiz dərindən nəfəs aldıq.
    Ağakişi müəllim çox şad idi. Söhbətarası deyirdi ki, bu əsərin bütün təqdimatları anşlaqla keçəcək, “Tufandan sonra” teatr aləmində əsl tufan qoparacaq. Sən saydığını say...
    Bu əsnada teatra yeni müdir təyin olundu. Gələn kimi heç bir əsas olmadan əsəri teatrın repertuar planından çıxartdı... Görkəmli rejissor bundan çox təsirləndi. Bir müddət sonra həmin müdiri vəzifədən çıxarıb yerinə başqa bir müdir təyin etdilər. Ağakişi müəllim dedi ki, ta işlər düzəldi, yeni gələn adam yaxın dostumdur. Amma bu “yaxın dost” da əvvəlikinin “yolunu” davam etdirdi. Ağakişi Kazımov əsəbiləşib bir neçə sayta-qəzetə müsahibələr verdi, əsərin əsassız yerə repertuar planından çıxarılmasını pislədi. Müsahibələrinin birində demişdi: “Firuz Mustafanın “Tufandan sonra” əsəri dəhşətli bir əsərdir...” (Bax: APA.İncəsənət. 12 fevral, 2016).
    Kimə şikayət edəsən ki? Mən indi həmin “müdirlərin” əleyhinə nəsə demək istəmirəm. Çünki vaxtilə “lazım olan” sözləri mətbuatda demişəm... Bəzən adamları bax bu cür, “asta-asta”, “usta-usta” dünyadan bezdirirlər...
    Ruhun şad olsun, Ağakişi müəllim, xeyirxah insan. Səhər açılandan sosial şəbəkələrdə sənin tələbələrin, yetirmələrin haqqında xoş sözlər deyir, rəhmət diləyirlər. Azərbaycan mədəniyyətində sənin öz yerin olub və olacaq.
    Əlvida, sənətkar.

    09.10.2021
    Qan qanı çəkirmiş...
    Nazim Hikmət və Konstantin Paustovski
    Böyük rus yazıçısı Konstantin Paustovskinın adı 60-cı illərdə ard-arda dörd dəfə Nobel mükafatına layıq görülən namizədlər sırasında olub. Bu “sirri” aradan illər keçdikdən sonra mükafat komissiyası açıqlayıb. Elə Nazim Hikmət də dəfələrlə həmin ödülə namizəd olub.
    Bu, əlbəttə, başqa bir söhbətin mövzusudur. Ədibin iki kitabı və seçilmiş əsərləri vaxtilə R.Şıxəmirova və Ə.Əylislinin tərcüməsində ölkəmizdə nəşr edilib. Hər iki tərcümə uğurlu alınıb.
    Vaxtilə Moskvada yaşayan Nazim Hikmət öz həmkarının- Paustovskinin poeziya ilə yoğrulmuş nəsrinin vurğunu idi. Hətta, onun barəsində ayrıca məqalə və şeir də yazmışdı. Yazıçının 70 illiyinə həsr olunmuş törəndə xəstəliyi səbəbindən Paustovskinin özü iştirak edə bilməmişdi. Nazim Hikmət qələmə aldığı məqalədə onun barəsində belə demişdi: “Paustovski nəinki rus, eləcə də dünya ədəbiyyatında böyük bir fiqurdur”. Böyük şairin ürəyindən gələn sözlər Paustovskini çox təsirləndirmişdi. O, cavab məktubunda yazmışdı: “Bəlkə də bizim bir-birimizə qarşılıqlı simpatiyamız hər ikimizin doğmalığımızdan irəli gəlir. Çünki mən özüm də yarıtürkəm...”
    Paustovski “Uzaq illər” sənədli povestində “türklərlə qohumluğu” barədə daha ətraflı söhbət açır. Sən demə, onun ata babası rus-türk müharibəsi zamanı türklərə əsir düşmüş, əsirlikdə bir qızla sevişmiş, əsirlikdən sonra isə onu özüylə Rusiyaya gətirmiş və ailə qurmuşdur. Əslən Türkiyənin Kazanlık bölgəsindən olan həmin xanımın adı Fatma idi. O, sonralar xristianlığı (və yeni xristian adını) qəbul etmişdir. Fatma (Fatimə yox, məhz Fatma!) çox ciddi, zabitəli xanım olub. Paustovski bu barədə yazırdı: “Biz babamızdan daha çox, türk əsilli nənəmizdən çəkinirdik”.
    Nazim bu məlumatdan çox təsirlənir.
    Belə görünür ki, qan qanı çəkirmiş...

    11.10.2021
    Rollan Seysenbayev görkəmli Qazax yazıçısıdır. Onun əsərləri öz Vətəninin sərhədlərini çoxdan aşıb. Bu gün Qazaxıstanın Azərbaycandakı səfirliyində yazıçının “Dünyanın çökdüyü gün” adlı kitabının təqdimatı keçirildi. Kitaba yazıçının 5 romanı dxl edilib.
    Təqdim edilən kitabın tərcüməçisi Nəriman Əbdülrəhmanlıdır. Zənnimcə, Nəriman bəyin geniş təqdimata ehtiyacı yoxdur. Onun imzası yazıçı, publisist, ssenarist, tədqiqatçı kimi ədəbi auditoriyaya yaxşı tanışdır. Yeri gəlmişkən, Nəriman Əbdülrəhmanlı türk, rus, gürcü ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini dilimizə ustalıqla tərcümə etmişdir. Bu günkü tədbirdə iki qardaş xalqın -qazax və Azərbaycan xalqlarının ədəbi, mədəni, mənəvi əlaqələrindən söhbət açıldı.

    15.10.2021
    AYB-də oldum. Köhnə tanışım, qocaman (mərhum) yazıçı dostum Cəmil Əlibəyovun qardaşı oğlu Gəray Əlibəyovla rastlaşdım. O, Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış İctimai Şuranın Sədridir. Təklif etdi ki, teatrlar üzrə ekspert şurasının rəhbəri ol. Düzdür, bu ictimai əsaslarla olan işdir. Amma hər halda bildiyim sahədir. Razılaşdım...
    ...Günortadan sonra deputat, keçmiş iş yoldaşım Etibar Əliyev və AYB-nin yeni katibi Elçin Hüseynbəyli ilə “Yaşıl bağ” adlı restoranda olduq. Mən yeni kitablarımdan deputata bağışladım.
    ...Eşitdim ki, xalaoğlum Zahid rəhmətə gedib. O, iqtisadçı idi. Tovuzda yaşayırdı. Çox diqqətcil, təəssübkeş, vicdanlı adam idi...

    16.10.2021.
    Sabah Aqşinin ad günüdür. Zəng vurub təbrik etdim...
    ...Tovuza getdim-xalaoğlunun hüzrünə. Axşam avtobusu ilə geri döndüm.

    17.10.2021.
    Biz bu sözdən imtina etməliyik...
    Sözüm dilçilərə, həmdə təkcə dilçilərə deyil, dilimizi sevənlərə ünvanlanıb.
    Şərqşünaslar, daha dəqiq desəm ərəb dili mütəxəssisləri, leksikonumuza çoxdan daxil olmuş bir sözün hərfi mənasını izah ediblər. Və sən demə, bu söz həm şifahi, həm də ədəbi-yazılı dilimiz üçün utancverici bir məna kəsb edirmiş.
    Bu, “arvad” sözüdür. Həmin sözü az qala hər birimiz hər gün dəfələrlə işlətməkdəyik.
    Bəli, ərəbcədən alınmış bu sözün anlamı dilə gətiriləsi deyil.
    Düzdür, bizim zəngin dilimizdə həmin sözə adekvat olaraq “əyal”, “uşaqların anası”, “xanım”, “həyat yoldaşı” və digər bu kimi ifadələr də işlədilir. Amma və lakin... “arvad” sözü dominantlıq təşkil edir. Bəs digər türk dillərində onun qarışılığı necədir? Qısaca bunları deyə bilərəm: həmin söz (yəni “arvad”) türkcə- karı, qazaxca, qırğızca və türkməncə- əyal (ayal), tatarca, uyğurca, başqırca, qaraçayca, kumıkca və özbəkcə -xatın, çuvaşca-arəm ... kimi ifadə olunur. Yəni bizdən başqa dil ailəmizə daxil olanlardan kimsə “arvad” sözünə müraciət etməyib. Hətta, təhqiramiz məna daşıyan bu sözü dilimizə pərçim edən ərəblər belə öz xanımlarına “arvad” deyil, “zövcə” deyirlər.
    Mən dilə münasibət məsələsində nə qədər mühafizəkar olsam da belə, dilin daxili dinamikasını, habelə dilə yeni sözlərin (neologizmlərin) gəlməsini qəbul və təqdir edirəm.
    Uzun sözün qısası: təklifim belədir:
    “ARVAD” sözündən imtina etməli, onu dilimizdə işlənən başqa, mənaca heç bir mübahisəyə səbəb olmayan uyğun sözlə əvəz etməliyik.

    21.1021
    Bu gün “525-ci qəzet”də aşağıdakı təqdimatla iki səhifəlik “podborka”m gedib.
    “Təkcə peşəkar şairlər deyil, bir çox krallar, şahlar, prezidentlər, dövlət və partiya rəhbərləri də şeir yazıb. Onlar nə üçün poeziyaya "könül veriblər?" Şöhrət üçün? Xeyr, onlar şanlı-şöhrətli olublar. Sərvət üçün? Xeyr, onlar zəngin olublar. Əlbəttə, bu suallara konkret cavab vermək çətindir. Onların arasında ilk gənclik dövründə və ömrünün son illərində şeir yazanlara daha çox təsadüf olunur. Beləliklə, bu şeirlərin çoxunda gənclik optimizmi ilə ahıllıq pessimizminin kəsişdiyini görürük.
    Stalinin, Andropovun, Primakovun "poetik yaradıcılığı" haqda bir çoxlarının təsəvvürü var. Amma çox güman ki, Marksın, Hitlerin, Mussolinin arabir şeirə "üz tutmasını" çoxları bilmir. Qəribə bir təzad: İraq lideri Səddam da şeir yazıb, onu edam etdirən Buş da.
    Marksın şeirləri öz pafosu, Engelsin poeziyası yumoru ilə seçilir.
    16 yaşlı yeniyetmə Soso Cuqaşvilinin (Stalinin) ilk şeirini Gürcüstanın böyük ədibi İlya Cavcavadze "İveriya" qəzetində dərc etmişdir. Amma həmin yeniyetmə sonralar şair yox, böyük bir dövlətin başçısı oldu. Bəli, 20-ci əsrin qanlı diktatorlarından biri Stalin inqilabçı olmazdan əvvəl şeir yazırdı, şair olmaq istəyirdi. Mən oxuculara onun "Səhər" şeirini təqdim edirəm.
    Yəqin ki, bir çoxları İran İslam Respublikasının ilk ali dini lideri Ruhulla Musəvi Xomeyninin həm də ədəbi (poetik) yaradıcılıqla məşğul olduğundan xəbərsizdir. Onun "Eşq badəsi" ("Badey-ye eşk") adlı məcmuəsindən bir şeirini tərcümə etmişəm.
    Dediyimiz kimi, İraq prezidenti Səddam Hüseyn də ədəbi yaradıcılıqla məşğul olub. Onun bir sıra nəsr nümunələri (dörd romanı) nəşr olunub. Amma diktatorun özünə yaxın dairələr "ədibin" bədii "yaradıcılıqla" məşğul olduğunu qətiyyətlə rədd edir və bildirirlər ki, həmin əsərləri onun üçün "ədəbi muzdurlar" yazıb. Oxuculara təqdim edilən şeir ilk dəfə "New York Times"də dərc olunub. Həmin şeiri məhz Səddam özü yazıb. Belə ki, şahidlərin deməsinə görə, İraq lideri son nəzm nümunəsini edamdan bir az əvvəl qələmə alıb.
    Qəddarlıqda heç də öz ideya sələfləri Hitler və Mussolinidən geri qalmayan Serb Respublikasının ilk prezidenti, Bosniya serblərinin lideri Radovan Karaciçin "modern" şeirləri də diqqəti çəkir.
    Sovet İttifaqının bir sıra rəhbərləri, məsələn, Baş katib Andropov və SSRİ Ali Sovetinin son Sədri Lukyanov (Osenev Anatoli təxəllüsü ilə) şeir yazıb. Rusiyanın keçmiş Baş naziri Primakov da poeziyaya biganə olmayıb. Qəribədir, Andropovu böyük əksəriyyət sərt xarakterli dövlət xadimi kimi tanıdığı halda, Baş katib, sən demə, həssas qəlbə malik imiş. Xüsusən, onun xəstə arvadına yazdığı şeirlər diqqəti çəkir. Beləliklə, "Poetik diktatura" adlandırdığım bu silsilədə yüksək çinli dövlət xadimlərinin və siyasətçilərin şeirlərini öz tərcüməmdə təqdim edirəm”.

    22.10.2021.
    Pulsuz (yəni maaşsız, ictimai əsaslarla) olan vəzifələrimdən biri də artdı.
    Bu gün “Azdrama”da tamaşaya baxdıq. Xalq artisti, muğam ustas Canəli Əkbərov vəfat edib...

    23.10.2021
    Möhkəm xəstələnmişəm, zökəm olmuşam. Bütün günü qaynar çay içməklə və tərimi silməklə şəşğuı olmuşam.
    Yox, sözüm bunda deyil... Adam xəstələnər də, sağalar da... Lap sağalmaya da bilər.
    Bu gün TV kanallarından birində Şövkət Ələkbərova haqqında verilişə baxdım. (Aparıcı R.Azəri idi). Orada belə bir fikir keçdi ki, Ş.Ələkbərova hələ sağlığında öz varisini görürdü. Bu, Flora Kərimova idi...
    Necə deyərlər, xəyal məni uzaqlara apardı...
    Ötən əsrin 70-lərin sonu və ya 80-lərinin əvvəlində Az.Tv-nin Gənclik verilişləri Baş redaksiyasında verilişlər aparırdım. Bir dəfə mərhum dostum, istedadlı jurnalist, böyük qəlbli insan Qəzənfər Qəribov ilə bir verilişin ssenarisini birgə yazmışdıq. Buna görə də o vaxtkı qaydaya uyğun olaraq rejissor pultundan, yəni qalın, səskeçirməyən şüşənin arxasından verilişə “nəzarət edirdik”. Bu, o vaxtlar idi ki, efirdə gedən hər kəlmə üçün böyük bir məsuliyyət daşımaq lazım gəlirdi...
    Verilişin aparıcısı xanım diktorlardan biri idi. Arada musiqi parçaları da gedirdi. Verilişə Flora Kərimova da dəvət etmişdik. O, sonralar çox məşhurlaşan “Qayıt” mahnısını təzəcə oxumağa başlamışdı ki, (yaddaşım məni aldatmırsa, bu ilk ifa idi) Şövkət Ələkbərova xanım içəri daxil oldu. Biz ona əyləşmək üçün stul təklif etdik. O, etiraz etmədi. Deyəsən, məxsusi olaraq yeni mahnının təqdimatına gəlmişdi. Müğənnini Gülarə Əliyevanın rəhbərlik etdiyi ansanbl müşayiət edirdi.

    Həsrətin araya atdı dağ-dərə,
    Sönən işıq oldun, batan səs oldun.
    Qayıt, mənim gülüm, qayıt bu yerə,
    Ey mənim istəyim, nə gəlməz oldun?..
    Flora Kərimova oxuduqca Şövkət xanımın yanaqlarında yaş gilələnirdi. O, çox təsirlənmiş, kövrəlmişdi.
    Doğrusu, mahnı hamımızı duyğulandırmışdı…
    Manının ifası başa çatdı. Flora xanım çəkiliş zalından- studiyadan çıxıb “pult”a daxil oldu.
    Şövkət xanım ayağa durub Flora Kərimovanı bağrına basdı... Həyəcanlı səslə dedi:
    -Flora, sən möcüzə yaratdın... Mən çoxdan idi belə duyğular keçirməmişdim...
    Flora xanım da kövrəlmişdi...
    Mahnının sözləri, Əli Kərimin kövrək mistaları qulağımızda əks-səda verməkdə idi:

    Qayıt, yerinə qoy Ayı, Günəşi —
    Yenə olduğu tək görüm həyatı.
    Qayıt, gözüm nuru, könlüm atəşi,
    Qayıt, səhmana sal bu kainatı...

    02.11.2021
    Mərahim Fərzəlibəyov deyir ki, Bələdiyyə teatrında “Çardaqda Zirzəmi” pyesimi hazırlamaq istəyir. Bu, absurd dramdır. Əgər bu iş baş tutarsa, onda məni Azərbaycan teatrında absurd pyesi ilk dəfə səhnəyə qoyulmuş və “ədəbiyyatımızda ilk absurd dram müəllifi” hesab edilmək olar...)
    Bələdiyyə teatrı demişkən, bu gün Nizami k/t-da teatrın ilk müdiri və yaradıcısı Amaliya Pənahova haqda çəkilmiş qısa filmin premyerası oldu. Orada rastlaşdığım Xalq yazıçısı Elçinə “Əlahəzrət Söz” adlı kitabımı, Sabir Rüstəmxanlıya isə “Trio” adlı kitabımı verdim.

    04.11.2021
    Vaxtilə bir kitab tərcümə etmişəm, daha doğrusu həmin kitabın həmtərcüməçisi olmuşam. 2000-ci ildə. Kitab belə adlanır: “Birinci şəxsdən. Vladimir Putinlə söhbətlər”.

    Zaman o zaman idi ki, Putin təzəcə (2000-ci ilin yanvarında) Rusiya Federasiyasının prezidenti seçilmişdi. Həmin kitab da dünyada onun haqqında yazılmış ilk kitab idi. Tərcümənin “sifarişçisi” Putinin tələbə yoldaşı olmuş hüquqşünas alim İlham Rəhimli idi. O vaxt hələ Putinin şəxsi keyfiyyətlərini bilən yox idi. Siyasətçilər də ona yaxından bələd deyildi. Axı o, ömründə heç siyasətlə də məşğul olmamışdı. Putin bir növ Kremlə “təsadüfən”, “zənbillə”, daha çox Yesltsinin dəstəyi ilə “düşmüşdü”.
    Kitabı oxuduqca və tərcümə etdikcə, arada heyrətlənirdim. Qəhrəmanın eqoizmi diqqəti çəkirdi. O, cəmiyyət həyatından çox, öz şəxsi işləri barədə düşünən bir adam təsiri bağışlayırdı.
    Kitabda onun arvadının da fikirləri yer almışdı. Söhbətindən hiss olunurdu ki, bu, sadə, səmimi bir rus qadınıdır. Yeri gəlmişkən, Putin Lyudmiladan əvvəl başqa bir qızla nişanlı olmuşdu. Amma onlar nikah bağlamaq üçün “ZAQS” idarəsinə gedən zaman son anda, pasportlarına evlənmələrini təsdiq edən möhür vurulan anda gələcək prezident evlənəcəyi xanımla (onun da adı Lyudmila olub) savaşıb və ... evlənməkdən imtina edib.

    Putinin özünün dediyinə görə, babası Spiridon əvvəlcə Leninin, sonra isə Stalinin aşpazı olub, dadlı xörəklər bişirib...
    Sonralar, ərindən boşanan arvadı Lyudmila Putina danışırdı ki, Volodya “məni ilk dəfə anası Mariya İvanovnaya təqdim edəndə dedi ki, “mama, tanış ol, bu, mənim sevdiyim qızdır, adı da Lyudadır””. Lyuda qeyd edir ki, “Putinin anası başını qaldırmadan dedi ki, “eh, Volodya, sənin əvvəliki nişanlın da Lyuda idi, yaxşı bir qız idi, onunla yola getdin ki, bununla da yola gedəsən...””.
    Vladimir Putin və Lyudmila 1983-cü ildə ailə qurublar.
    Tərcümə zamanı hiss olunurdu ki, Putinin pula münasibəti də maraqlıdır. “Bir qucaq pulum olsaydı səyahətə çıxar, dünyanı gəzərdim, vəhşi heyvan ovuna çıxardım”...
    Qısası, kitab nəşr olundu. Tərcümənin “sifarişçisi” çox şad idi. O, ilk nüsxəni görəndə sevinclə dedi: “Heç bilməzdim ki, bu kitabı belə sürətlə tərcümə edəcəksiz...”
    Əlbəttə, o zamanlar Putin müəyyən adamlara, dövlətlərə öz heyrətini də ifadə edirdi. Amma elə bir zaman gəldi ki, adamlar və xalqlar onun üçün adı əşyalardan belə dəyərsiz oldu.
    O vaxt hələ Çeçenistanda və Ukraynada insanlar qlobal faciələr yaşamamışdılar. Onda hələ Kabayeva da yox idi...
    ...Kitabın tərcüməsi ilə bağlı qonorar barədə danışmağı və ya əvvəlcədən verdiyi vədi yada salmağı isə “sifarişçi” birdəfəlik “unutdu”...
    Vaxtilə, məsələnin bu tərəfi barədə yazdığım üçün təkrara yol vermək istəmirəm. Təkrar biliyin anası olmaqla yanaşı, həm də bilməməzliyin anası ola bilər.

    05.11.2021
    Bu il böyük söz ustası, Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 110 illiyi tamam olur. Təəssüf ki, ədəbi mühitdə yazıçının adı seyrək səslənir.
    Mirzə İbrahimov 15(28) oktyabrda Cənubi Azərbaycanda anadan olmuş, 17 dekabr 1993-cü ildə Bakıda vəfat etmişdir. O, hələ gənc yaşlarından bir sıra mühüm dövlət vəzifələrində çalışmışdır. Onlarla qiymətli bədii və elmi əsərin müəllifidir.”Gələcək gün”, “Böyük dayaq”, Pərvanə” romanlarının ədəbiyyatımızda öz xüsusi yeri var.
    1956-cı ilin avqust ayında Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi məhz həmin dövrdə Spiker vəzifəsində çalışan Mirzə İbrahimovun böyük iradəsi nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirildi.
    Xatırlayıram, mən tələbə ikən Mirzə İbrahimovun yubileyində çıxış etmiş, onu emosionallıqla “ədəbiyyat zirvəsi-xalqın mirzəsi” adlandırmışdım.
    Başqa bir çıxışda, erməni-Azərbaycan yazıçılarının birgə görüşündə Seven (Göyçə) gölü haqda söhbət açarkən dedimişdim ki, Göyçə gölünün adını dəyişməklə iş bitmir, əslində elə “Sevan” da bizim sözdür, bu, “sevən” sözündən götürülüb. Mirzə müəllim gülüb yanında əyləşmış ermənicə çıxan “Qrakan Adrbecan” jurnalının baş redaktoru Vladimir Abramyana ucadan demişdi:
    -Volodya, bax görürsən Sevan sözü də bizimdir... Elə bilirdiniz Göyçəni dəyişməklə tarixi izi itirəcəksiz...
    Salondakılar gülüb əl çalmışdı.
    Böyük yazıçının ruhu şad olsun. Unutmayaq-unudularıq.

    21.11.2021
    “Neytral zona” adlı pyesimin qəhrəmanı Vasif (Vasya) sənədlərini itirdiyinə görə sərhərçilər tərəfindən nə sağ, nə də sol çıxışdan bayıra buraxılır. Günlərlə ara (neytral) zonada qalmalı olur. Aclıq elan edir. Cənub tərəfdəki arvadı Ümidə, Şimal tərəfdəki arvadı Nadejda özlərini ərlərinin qaldığı yerə çatdırırlar. Hər iki tərəfin sərhədçiləri qadınların (günülərin) görüş səhnəsini maraqla izləyirlər. Hamı elə bilir ki, qadınlar öz ərlərinin uğrunda vuruşacaqlar. Amma hər şey əksinə baş verir- Ümidə ilə Nadelda ərlərinin qapalı zonadan çıxması üçün bütün beynəlxalq təsisatların nümayəndələrini dəvət edib, brifinqlər keçirir, mübarizə aparırlar...
    “Neytral zona” bir neçə teatrda oynanılıb (o cümlədən xaricdə). Adətən rejissorlar müəllifə bir şeyi irad tutublar: iki qadın eyni cəbhədən çıxış edib öz yeganə ərlərini müdafiə edə bilərmi?
    Son zamanlar Saakaşvilinin arvadlarının şəxsi təşəbbüsü və öz ərlərinin azadlığı birgə mübarizəsi müəllifin haqlı olduğunu deyəsən təsdiq etdi...

    25.11.2021
    Mən təkcə elmi və bədii yaradıcılıqla məşğul olmuram. Arada xalq təbabətinə aid tədqiqatlar da aparıram. Artıq bu sahədə onlarla məqaləm və “Xalq təbiəti: yaşamaq sənəti,təbiətin resepti” məqalələr toplum (kitabım) nəşr olunub.
    Məni daim insanın yaşayış potensialı maraqlandırıb. Ortaya suallar çıxır: insan neçə yaşa qədər ömür sürə bilər və ya nəsil artıra bilər? Təbii ki, bu sualların müəyyən biq qisminə klassik, digər qisminə isə çağdaş tədqiqatlarda cavab tapmaq olar. Elə bu səbəbdən də bu gün internet səhifələrinə baş çəkdim. Elə ilk sualı yazmışdım ki, ard-arda pornoqrafik şəkillər ekranı “bəzəməyə” başladı. Halbuki mənim sualım yaşlı adamların neçə yaşınacan fəal intim həyat yaşamasına və döl artırmaq qabiliyyətinə aid idi...
    Və... bir də gördüm ki, sayt bağlanıb, məndən də 60 manat təzminat tələb olunur. Hələ bir üstəlik DİN-in hansısa qanunu ilə həd-qorxu gəlinir. Heç nə anlamadım. Bəyəm mən insanların həyatını, onların neçə yaşınacan nəsialartırma qabiliyyətinə malik olmasının elmi əsaslarını öyrənməyə ixtiyarım yoxdur? Mənim verdiyim (axtardığım) elmi suallara eybəcər parno-kadrların “axıdılması” kimin üçün sərfəlidir? Yoxsa bu da büdcə doldurmağın və şantajın yeni bir yoludur? (Sonralar öyrəndim ki, bu da hansısa şantajçı və dələduz qrupun “pul qoparmaq” üçün istifadə etdiyi üsuldur-F.M.)

    27.11.2021
    Bu gün mən müxtəlif illərdə və müxtəlif məkanlarda tamaşaya qoyuimuş dram əsərlərimdən-tamaşalardan bəzi fraqmentləri dostlarıma təqdim etdim. Bu tamaşaların çoxu mənim sənət dostlarımın və bir çox həmkarlarımın əsəbi, təmənnasız iddiası hesabına başa gəlib. Bu çətin, faciəli yolda bir çox əvəzsiz sənətkarlarımız- aktyor və rejissorlarımız həyatlarını qurban verdilər. Təkcə Hüseynağa Atakişiyev nümunəsi, fenomeni bu deyilənlərə bir ağrılı misaldır. Onun gözü önündə teatrını hissə-hissə parçaladılar. Soyuq, səfalət, imkansızlıq, çarəsizlik.... Bəli, bəzən istedadsızlar istedadlılardan daha “istedadlı” yollar arayıb tapırlar... Ağakişi Kazımov kimi təcrübəli rejissoru ömrünün sonunda teatrdan uzaqlaşdırdılar... Misalların sayını artırmaq da olar.... Amma orasını yenə də qeyd edək ki, bizdə yüksək səviyyəli səhnə xadimləri az deyildir. Həqiqətən, mən xalqımızın bir çox nümayəndələrini xüsusən incəsənət sahəsində çox bacarıqlı, intellektual, qalib toplum hesab edirəm. Amma təəssüflər ki, həyatımızın bir çox sahələrində olduğu kimi, bu "platformada" da özlərini yaradıcı adamdan daha çox, ən aşağı səviyyəli məmur kimi göstərən, "oxlovudmuş", mənasız, istedadsız, təkəbbürlü, dayaz, həris ünsürlərə tez-tez, gen-gen, sıx-sıx təsadüf olunur. Bizi müzəffər ordumuzla yanaşı qalib mədəniyyət örnəklərimiz də dünya arenasına çıxara bilər. Mədəniyyətsiz nə millət, nə şöhrət, nə qüdrət?
    Hesab edirəm ki, MN-də son zamanlar baş vermiş müəyyən islahatlar öz müsbət təsirini göstərəcək və ya göstərməlidir. Yoxsa bizi qarşıda böyük "mədəniyyət katastrofları", təkcə canımızı yox, eləcə də ruhumuzu donduran mənəvi “şaxta və qar uçqunları” gözləyə bilər.
    İstedadlara yol vermək lazımdır, istedadsızlar onsuz da o məlum və naməlum yollara çox yaxşı bələddirlər.

    29.11.2021
    Müəyyən qüvvələr tərəfindən şərlənərək həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı,vətənpərvər Saleh bəy Rüstəmlinin vəziyyəti, sağlıq durumu qənaətbəxş deyildir.

    01.12.2021
    Bu gün M.F.Axundov ad. Milli Kitabxanada böyük Ukrayna şairəsi Lesya Ukrainkanın “Meşə Nəğməsi” üçpərdəli dram-feeriyasının təqdimatı oldu.Əsərin tərcüməçisi şair Salam Sarvandır. Mən də çıxış etdim. Burada çıxışımın tam mətnini vermək fikrim yoxdur. Orada (təqdimatda) qeyd etdiyim bir faktı burada da demək istəyirəm. Mənim rəhmərlik, yaşca böyük dostum şair dostum Fikrət Sadıq bir dəfə dedi ki, Ukraynada (Kiyevdə) Lesya Ukrainkanın yubileyində iştirak edərkən xəbər tutdum ki, qızım dünyaya gəlib. Evdəkilər dedilər ki, uşağa bir yaxşı, orijinal ad tap. Gözüm bir müddət yubilyarın şəklinin altındakı imzaya dikilib qaldı: Lesya Ukrainka... Özümdən asılı olmayaraq şairənin adını tərsinə oxudum: AYSEL.
    Şair deyirdi ki, bizdə bu ad ilk dəfə o vaxt meydana gəldi.
    Bəli, biz bu gün şairənin ad gününə toplaşdıq. Sonra bir kvartet tərkibində, yəni dörd nəfər, çay içməyə getdik...

    02.12.2021
    İndi təkcə “rəsmi media” səhifələrində deyil, şəxsı sosial şəbəkə səhifələrində belə, maraqlı məqalə və müsahibələrə təsadüf etmək olur. Bu mənada, yazıçı, şairə, tərcüməçi və şərqşünas xanım Təranə Məmmədin son zamanlar öz şəxsi FB səhifəsində paylaşdığı müsahibələr diqqəti cəlb edir. Xanım Təranə Məmməd bü günkü (02.12.2021-ci il tarixli) səhifəsində mənimlə müsahibəyə də geniş yer ayırıb. Bəribaşdan xanıma təşəkkür edirəm və orasını da deyim ki, sualların çoxu kimi cavabların da əksəriyyəti yazılı olub.
    Şəxsən mənə elə gəlir ki, müsahibədə qoyulan problematik suallar təminedicidir. Habelə, korrespondentin suallarına mən özüm də bir respondent kimi “səliqəli”, səmimi cavablar verməyə çalışmışam.
    ...Mən ilk növbədə bütün “oxucularıma” minnətdaram. Təbii ki, məni həyatda az-çox tanıyan və bu müsahibədəki bəzi “nüanslara” görə görə qınayan dostlar da var. Məsələn, bir çoxlarını mənim yaradacılığımdan daha çox, şəxsi həyatım maraqlandırır. Təbii ki, maraqlı fikirlərdir. Elə şəxsən mənim özümü də bu gün sevdiyim (lap elə sevmədiyim) dünyaşöhrətli sənətkarların yazdıqlarından daha çox, etdikləri və etmədikləri işlər, bir sözlə şəxsi “yazıdankənar” həyatları daha çox maraqlandırır. Deyək ki, indi Tolstoy və Çexovun, yaxud Hüqo və Mopassanın şəxsı həyatı oxucunu daha çox cəlb edir və ya edə bilər. Amma bu “səmimi söhbətin” mövzu və istiqaməti bir az başqa cürdür. Burada yaradıcılıqla bağlı sual-cavaba daha geniş yer verilir.
    Yazıçının yaradıcılıq taleyi və ya yaradıcılıq psixologiyası... Bu, əlbəttə, maraqlı mövzudur. Dünya ədəbiyyatında bu mövzuda onlarla tədqiqat əsərinə rast gəlmək olar. Amma təəssüf ki, bizim psixologiya elmi həmin sahədə hələ “kaldır” və ya kardır. Şəxsən mən yaradıcılıq psixologiyası ilə bağlı çox nadir hallarda məqalə (və tədqiqatlara) rast gəlmişəm. Heç kəsə sirr deyildir ki, indi dissertasiya müdafiələrinin əksəriyyətindən ciddi elmdən daha çox, “qahumçuluq”, proteksionizm, əyalətçilik, regionçuluq qoxusu gəlir.
    Mən bir daha, müsakirə-söhbətdə iştirak edənlərə təşəkkür edirəm. Və yeri gəlmişkən, hörmətli İlqar Əlfioğlunun dediyi kimi, bir çoxlarını (lap bəzən mənim özümü də) yaradıcı adamın “yazıçıdan çox insan kimi açılmaq”, tanınmaq istəyi bu müsahibədə təbii ki, qabarıq nəzərə çarpmır. Çünki qarşıya belə bir sual da qoyulmayıb. Yəni bu “tanınmamağın” səbəbkarı müsahibə götürən yox, mənəm. Dediyim kimi, bir yaradıcı adam kimi özümün fərdi həyat, şəxsi keyfiyyət və intim dünyamı burada “açıqlamaq” niyyətində olmamışam. Bütün bu çoxmənalı sualların əksəriyyətinə qələmə aldığım başqa bir “səmimi söhbətdə”, artıq nəşrə hazır olan çoxcildli gündəlik və xatirələrimdə cavab verməyə çalışmışam. İnşallah, arzu edənlər o yazılarla da nə vaxtsa tanış olarlar.
    Mən bu söhbətin bütün fəal iştirakçılarına, irad, təklif, arzu, tənqidi fikir bildirənlərə dəruni təşəkkürlərimi bildirirəm. Qaib Nuri Arif, Hicran Mahmudova, Adilə Nəzər, Hikmət Xanməmmədov, Meyxoş Abdullah, Rafail Tağızadə, Püstə Sahibqızı, Zaur Ustac, Oraz Mıradov, Rəna Kərimova, Elmira Əliyeva, Səadət Qənbərova habelə adını çəkə bilmədiyim butun oxuculara təşəkkürümü bildirirəm. Nizami Təhməzova isə smimi dost nigarançılığı və narahatçılğı üçün xüsusi salam və ehtiramlarımı çatdırıram.
    p.s. Mən kəndimi kifayət qədər diqqətcil oğlanlardan hesab etdiyim üçün bu bir qaç kəlməni yazmağı özümə borc bildim. Var olun.

    03.12.2021
    Mən tez-tez dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızdan müxtəlif məzmunlu məktublar alıram. Son zamanlar ünvanıma gələn məktubların əksəriyyətində daha çox bir insanın taleyindən nigarançılıq hissi qabarq şəkildə duyulur. Bu, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlidir. Saleh bəy həqiqətən torpaqlarımızn (xüsusən, Gədəbəyin) erməni işğalçılarınfan azad olunması uğrunda əlindən gələni əsirgəməmiş, bu şərəfli yolda qanından-canından keçməyə hazır olmuşdur. Və məhz onun təşkilatçılığı sayəsində bir neçə kəndi yağılar tərəfindən dağıdlıb talan olmuş Gədəbəyın torpaqsevər əhalisi çox tezliklə, mobil qaydada toparlanaraq quduz erməni silahlılarını geri oturtmuş, onların burnunu əzmişdir. Beləliklə, “ilan yuvası” hesab olunan erməni anklavı- Başkənd ermənilərdən təmizlənmişdir. Saleh bəy həmçinin ermənilər tərəfindən əsir götürülmüş bir neçə rayon sakininin azad olunmasında fəal iştirak etmiş, bu sahədə qətiyyt göstərmiş, iradə nümayiş etdirmişdir.
    İndi Saleh bəy məhbəsdədir. Uzunmüddətli aclıq aksiyası elan edib. Onun əlil övladı var. Özü də bütün həyatı boyu əziyyətlə, zəhmətlə, məşəqqətlə yaşayıb. Biz belə hesab edirik ki, Saleh Rüstəmlinin azadlıqda yaşamaq haqqı daha çoxdur. Biz azərbaycanlıyıq, türkük, müsəlmanıq. Gərək heç vaxt haqqı nahaqqın ayağına verməyək. Düşməni pərən-pərən salan bir adamın “doğma” zindanda çürüməsi nə dərəcədə doğrudur?
    Üzümü haməya, habelə möhtərəm Ali Baş Komandana və bu işdə “əli olan” əlaqədar təşkilatlara tuturam: glin vicdanınımızın, qəlbimizin səsinə qulaq asaq. Gözümüzün önünə müzəffər ordumuzun azad etdiyi torpaqlarda yaşayan əmin-amanlıq şəraitində yaşayan övladlarımızı, habelə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizi gətirək. Bizimçün onların hamısı qiymətli, dəyərli, əvəzolunmazdır. Dəyərlərimizi dəyərlndirməyi bacarmalıyıq.
    Əminəm ki, Saleh Rüstəmli tezliklə layıq olduğu azadlığa qovuşacaq.
    (Müraciət-məktubunu öz FB səfifəmdə yerləşdirəndən sonta çoxlu sayda məktub, çağırış, təşəkkür dolu cavablar aldım).
    ÇAĞDAŞ DRAMATURGİYAMIZIN VƏZİYYƏTİNƏ HƏSR OLUNMUŞ TƏDBİR
    Bu günlərdə (03.12.2021-ci il tarixdə) AYB-nin “Natəvan” klubunda çağdaş Azərbaycan dramaturgiyasının durumu, problemləri və onun qarşısında dayanan mühüm vəzifələrə həsr olunmuş toplantı keçirilmişdir.
    Tədbiri AYB-nin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli açaraq müasir dramaturgiyamızın ümumi mənzərəsi barədə fikir söyləmiş, bir sıra qeyd və təkiflərini söyləmişdir.
    AYB dramaturgiya sektorunun rəhbəri, Əməkdar İncəsənət xadimi Firuz Mustafa son illərdə yazılıb səhnəyə qoyulmuş bir çox dram əsərinin məğzi və mahiyyəti barədə söz açmış, habelə bəzi teatr rəhbərlərinin müəlliflərə laqeyd, etinasız, soyuq münasibətinə toxunmuşdur.
    AYB katibi İlqar Fəhmi və yazıçı, Əməkdar mədəniyyət işçisi Yunis Oğuz gələcəkdə AYB ilə Azərbaycan Mədəniyyət Nazirliyinin birgə yaradıcılıq əmkdaşlığının gücləndirilməsi, hətta ədəbi əsərlər üzrə tenderlərin keçirilməsini təklif etmişlər.
    Əməkdar İncəsənət xadimi yazıçı-dramaturq Əli Əmirli öz çıxışında gənc dramaturqların teatrlara daha intensiv cəlb edilməsi məsələsinə toxundu.
    Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanov, yazıçı-dramaturq Əyyub Qiyas, teatrşünas Vidadi Qafarov, habelə gənc dramaturqlar Pərvin və Elvin Nuri çağdaş dram əsərlərinə verilən və verilməli olan maddi və mənəvi dəstək, son illərdə yazılmış pyeslərin bədii dəyəri, gənclərin yaradıcılığına münasibət, yeni yaradıcılıq planları barədə söhbət açmış və özlərinin gələcək arzu və istəklərini ifadə etmişlər.

    04.12.2021
    Hazırda xaricdə yaşayan bir jurnalist xanım elektron ünvanıma “qəzəbli” bir namə-mesaj yazaraq, məni ictimai-siyasi həyatda qeyri-fəal olduğuma görə, məhbus Salah Rüstəmlinin müdafiəsində passiv mövqe tutmağıma, demokratik qüvvələrə qoşulmadığıma görə az qala ittiham edir. Mən bu xanıma, onun ailəsinə az-çox bələdəm. Bunu bəlkə o, özü də bilmir. Gəncə qiyamı vxtı “çiçəyi çırtlayan, hətta qiyamçıların bəzilərinin ailə üzvləri ilə əlaqəsi olan, mediada antidemokratik çıxışlarına, məşhur bir iranlı həkimin yaxasından yapışıb deputat “seçilmək” üçün “yuxarılara” ağız açmağa təhrik edən, bu arzusu çin olmayandan sonra xaricə mühacir edən və orada bir iranlı mühacirlə “yeni bir ailənin əsasını qoyan” və təzədən “subaylıq” həyatına qayıdan bu xanım haqda mən daha heç nə yazmaq istəmirəm. Əlbəttə, mən kişilərin qadınlar haqqında nəsə mənfi bir şey deməsinin əleyhinəyəm. Amma hüquqi və siyasi baxımdan, lap elə gender nöqteyi-nəzərindən kişi ilə qadın arasında çin səddinin olmadığı bir zamanda bəzi məqamlara üstüörtülü də olsa toxunmağı lüzum bildim. Mən qadınları sevirəm və onları təhqir etməkdən çox uzağam…
    (Talenin gərdişinə baxın ki, bu məktubu alandan 1-2 gün sonra başqa bir xanımdan- insanların azadlığı, cəmiyyətdə demokratik dəyərlərin möhkəmlənməsi üçün çox cəfalara dözən S.Qocamanlıdan məktub və daha sonra mesajlar aldım. Aşağıda həmin məktub və mesajlardan sətirləri təqdim edirəm. Və məsələ burasındadır ki, mənə ünvanlanan sətirlərdə də məhbus S.Rüstəmlidən dolayı söhbət açılır).

    07.12.2021
    Bu gün fb elektron poçtuma Səidə Qocamanlıdan məktub aldım: Salam, əziz Firuz bəy! Sizə fb səhifənizdə yazmaq istəmədin, onsuz da məni Salehlə bağlı verdiyim müsahibəyə görə linç edirlər. Eybi yox, mən öyrəncəliyəm. Dekabrən 1-də Salehin yanına getmişdik, dostu Əliməmməd Nuriyev, Novella Cəfərova, Səadət Bənənyarlı və mən...Xeyli söhbət elədik, ondan nigaran olduğunuzu ona bildirdim. Xahiş elədi Sizə salamlarını çatdırım. Nə qədər mədəni, ziyalı, mehriban insandır! Təsəvvür edin ki, səhərisi gün Ali Məhkəmə ilə, Prezident Administrasiyası ilə işləməli idik ki, onun işinə tezliklə baxılmasını təmin etsinlər ki, maddələri dəyişdirilsin və bu yolla azadlığa qovuşsun. Qoymadılar...Səhərisi bir tez-tələsik bir piket düzəltdilər ki, Tofiq Yaqublu oldu gerçək, Saleh oldu yalan. Çox qəzəbliyik. Salehin işini çətinləşdirdilər...Amma mübarizəmizi davam edirik, nəyə gücümüz çatırsa bütün mexanizmləri işə salmışıq. Xəstəxanada həkimi çox yaxşı bir adam idi. Bizə dedi ki, quru aclığa başlasa biz onu artıq zondla yedizdirəcəyik, qoymayacayıq ölsün. Özünə də dedi ki, Saleh bəy, siz azadlığa çıxandan sonra bu aclığın fəsadlarını çəkəcəksiniz, pis xəstəliklərə tutula bilərsiniz, saxlayın aksiyanı. Həyat yoldaşı, bacısı bizə zəng edirlər, çox narahatdırlar. Təəssüf ki, saxlamır. Firuz bəy, bəlkə Sizi eşidə. Ona bir müraciət ünvanlasaydınız yaxşı olardı. Gecəniz xeyrə qalsın!
    Sabahınız xeyir, Firuz bəy! Mən çox ümid edirəm ki, Sizin səsinizə qulaq asacaq. Vəziyyəti çox gərgindir. Avropa Məhkəməsi Azərbaycana 10 gün vaxt verib məsələni çözməyə. Amma bu 10 gündə faciələr baş verə bilər. Allah Salehə kömək olsun!
    Mən Xanımın ricasına müqabil Saleh bəyə cavab məktubu yazdım:
    “Əzizim Saleh bəy. Gün aydın.
    Sənin fəaliyyətin hələ ilk gəncliyindən göz qabağında olub. Əgər bu fəaliyyəti əvvəllər öz yaxın ətrafın, dostların, qohumların, başçılıq etdiyin regionun əhalisi izləyirdisə, indi bütün ölkə izləyir. Bizim ünsiyyətimiz çox az olsa da bilirəm ki, daim el-oba üçün çalışmısan. Təxminən onu da bilirəm ki, verdiyin sözün ağasısan, yiyəsisən. Məhz indi bu günlərdə sənin atdığın addımlar da elə sənin bu qətiyyətindən, “sözə” sədaqətindən irəli gəlir. Bəli, mən də hamı kimi, ləyaqətli adamların verdiyi sözə əməl etməsini xoşlayıram. Amma indiki halda sənin belə bir qətiyyət nümayiş etdirməyin, heç də fərdi, çəxsi səciyyə daşımır. Bu, həm də ictimai bir hadisə kimi qiymətləndirilir.Dediyim odur ki, yaxşı nəticə verə bilməyəcək bu hadisə təkcə sənin özün üçün deyil, bir çox yaxın və əzizlərin üçün daha faciəfi ola bilər.
    Bu, dünyada baş verən ilk etiraz forması deyil. Bu, həm də təkcə sənin başına gələn iş deyil. Səndən çox-çox yaşlı insanlar belə, haqlı və ya haqsız məhbəsə düşüblər. Amma dözüblər. Özü də, səndən iraq, bəzən onillərlə. Hesab edirəm ki, qətiyyət cəhətdən sən onların çoxundan güclüsən. Bunu seçdiyin yol da təsdiq edir. Sənin bu etiraz aksiyan cəmiyyətə, dünyaya bir mesaj oldu. Amma hesab edirəm ki, sən bu aksiyanı- aclığı dayandırmalısan. Bu, heç də sənin daxilən verdiyin “sözə” əməl etməmək kimi qiymətləndirilə bilməz. Bu, öz fikrindən geri dönmək də deyildir. Bu, həm də sənin azad olunmağın üçün aksiyalar keçirən, inzalar toplayan insanlara sənin tərəfdən bir diqqət, təşəkkür və hörmət jesti olar. İnsan öz sevdikləri üçün yaşayır. Ta orasını yazmıram ki, bu sevginin içində ailədən tutmuş Vətənə qədər böyük bir məfhum dayanır.
    Əlbəttə, sənin azad olunmağın həm də müvafiq hüquqi qurumlardan, habelə dövlət başçısından asılıdır. Mən əminəm ki, sənin taleyinlə öz çəxsi taleləri kimi ciddi maraqlanan ləyaqətli insanlar, səninlə təmas quran təmənnasız şəxslər baş verənləri ən yüksək instansiyaya çatdıracaqlar. Sən indi öz iradəni ölməyə deyil, yaşamağa istiqamətləndirməlisən.
    Bir daha deyirəm, bu baş verənlər ilk deyil, yəqin ki, son da olmaz. Yerinə düşməsə də deyim ki, bizim nəsil, 37-ci illərdə böyük repressiyaya məruz qalıb. Mən bu faktların çoxunu “QAPI” adlı romanımı yazarkən bir daha ələk-vələk elədim, nəzərdən keçirdim. Həmin dövrdə babam güllənib, əmilərim həbs olunub, qohumlarımın bir çoxu Sibirə sürgün olunub. Amma sonra tarixin təkəri dəyişdi. Demək olar ki, həyat da təzədən öz məcrasına qayıtdı. Bütün bunların arxasında isə Allahın verdiyi səbr dayanır.
    Mən indi bir az xəstəhalam. Xəstəliklə mübarizə aparıram. Amma dünyanın işinə bax ki, sənsə əksinə, öz sağlamlığınla döyüşürsən... Əlbəttə, bu məktubu kifayət qədər uzatmaq, çoxlu məsəllər çəkmək, dürlü-dürlü nəsihərlər də vermək olar. Lakin zənnimcə buna ehtiyac yoxdur. Əvvəldə dediyim kimi, indiyəcən həyatının çoxunu başqaları, yəni səni sevənlər, səni istəyənlər üçün yaşamısan, bundan sonra da elə o hədəfə üz tut, elə o cür yaşa. Ən azı öz sevdiklərin üçün yaşamalısan.
    Güman edirəm ki, sənin bir addım geri çəkilməyin heç də zəiflik hesab edilə bilməz. Əksinə, bu hərəkət sənə qarşı olanları da düşünməyə, geri çəkilməyə vadar edər.
    Adamlar əl tutub görüşəndə və ya ayrılanda adətən bir-birlərinə arzularını hansı sözlərlə ifadə edirlərsə, mən də sənə elə o cür demək istəyirəm:
    -Özündən muğayat ol. Salamat qal...)
    Hörmətlə,
    Firuz Mustafa

    08.12.2021.
    Əziz Firuz bəy, axşamınız xeyir! Necəsiniz? Sizin məktubunuzu dünən həbsxana xəstəxanasının baş həkimizə göndərdim. Yaxşı adamdır, Salehə çox canı yanır. Sizi də gözəl tanıyır. Dedi, Səidə xanım, Allah eləsin, Saleh bu məktubla da aclığına son qoysun. Böyüyün sözündən çıxmaq qəbahətdir. Amma çox dirənir. Zondla yemək vermək istəyirik, deyir, əgər bunu eləsəniz, özümə qəsd edəcəm. Ona görə yalnız sistemlərlə hələlik saxlayırıq. Bu gün səhər Fuad Ələsgərovu, Hikmət Haciyevi Salehin kritik durumuyla bağlı məlumatlandırdım. Bezdirmişəm onları da. Dedilər, bilirik və problem ətrafında işləyirik. Nə deyim, vallah...Azad edin, mindirin təyyarəyə, getsin ailəsinin yanına. Bundan asan iş ola bilərmi...Nə isə, başınızı çox ağrıtdım. Özünüzə yaxşı baxın, özünüzü qoruyun, Firuz bəy. Siz bu millətə, hər birimizə çox gərəksiniz, dəyərlisiniz. Gecəniz xeyrə qalsın. Mən isə yenə də sabah səhərdən məmurlarla deyişməmi davam edəcəm. Allah ürəklərinə mərhəmət salsın...
    S.Q.
    s.22.13
    Qısa cavab məktubu yazdım.
    Axşamınız xeyir, Səidə xanım. İnanın ki, nə Salehin, nə də o vəziyyətdə olan digər həmvətənlərimizin taleyi bir an da olsun mənim qafamı tərk etmir. Mənim Sizdən xahişim yenə budur ki, o əlaqə saxladığınız, "bezdirdiyiniz" adamlara, məmurlara vəziyyəti bir daha izah edin. Hamının balası, övladı var. Hamının yaşamaq haqqı var. Dediyiniz kimi, bu adamı azad etsələr uçub gedər öz yaşadığı yerə. Vəziyyəti, bilirəm ki, kritikdir. İmkan olarsa yenə həkim vasitəsi ona (Saleh bəyə) xəbər çatdırın. Deyin ki, hələlik fikrindən daşınsıın. Qoy o, bu hərəkəti "geriçəkilmək", "qorxmaq", "zəiflik" kimi qəbul etməsin. Onu istəyənlətin xatirinə etsin. Lap elə mənim ricamı, xahişimi, ürəkağrılarımı nəzərə alaraq etsin. Ta nə deyim?. Allah Sizdən razı olsun. Əməyiniz, əziyyətiniz, zəhmətiniz yerdə qalmasın. Bir insanın, həm də dözümlü, məğrur, vətənpərvər bir insanın həyatını ölümün pəncəsindən xilas etmək -bu, sizin ən böyük mükafatınız olar. Tanrı yar olsun. Var olun. İndiki halda ümid sizədir. Onun azad edilməsi tək bir ailə üçün deyil, elə cəmiyyət üçün də bir alicənablıq mesaji olar..
    F.Q.

    Firuz bəy, əziz insan, bilsəniz, Sizin bu dəstəyiniz nə qədər güc-qüvvət verir! Əlbət ki, günü sabah səhər Sizin xahişinizi çatdıracam. Bilirsiniz nəyə təəcüblənirəm həmişə? Bu məmurların bumeranq qanunundan xəbərləri yoxdurmu. Axı nə etsən geci-tezi özünə qayıdır. Edin də bu yaxşılığı, qürurunuzdanmı deyim, tərsliyinizdənmi deyim, keçin! Bu qədər qəddarlıq nəyə gərək. Bu adam yaxşılıq edib, dustaqların ailəsinə para göndərib ki yaşasınlar. kiminsə heyfini bundan niyə çıxırsınız. Nə deyim, vallah...Allaha təvəkkül...Çox şeylər var ehhh, Ustad, demək olmur.
    S.Q.
    Bilirəm. Məlumatım var. Çox təəssüf və təəccüb edirəm ki, bizim millətin bəzi nümayəndələri insan taleyi ilə bağlı bir məsələdə nədən bu qədər tərslik, höccət, "prinsipiallıq" göstərirlər. Mən əsasən yazı-pozu adamı kimi tanınsam da, uzun müddət tələbə və aspirantlara (fəlsəfə və onun tarixi üzrə) dərs demişəm. İnanın ki, o sakit, fısıq, süni qılıq göstərən gənclərdən daha çox ötkəm, haqqı üzə deyən, əyilməyən , lap elə söz qaytaran, mübariz ... uşaqlara rəgbət göstərmişəm. Düşünmüşəm ki, onsuz da yüz yerdən əyilən bu gəncliyə biz dayaq durmalıyıq, onlar bizimdir, onlar sabahımızdır... Allah eləməmiş, sabah dava-şava olsa yenə öndə onlar gedəcək, onlar döyüşəck. Biz bu cür adamları əzib məhv etməli deyil, əksinə onlara dayaq durmalıyıq. Nə isə... Dərdimiz uzundur. Allah kömək olsun. Əziyyətiniz yerdə qalmasın.

    p.s.
    ...Bu gün iki tanınmış tarixçi alimimizin vəfat etdiyini eşitdim. Fəridə Məmmədova və Aydın Balayev.
    p.p.s.
    Nə vaxtsa yazdığım 4 misra köhnə bir dəftərdə gözümə dəydi:
    Öldüyümü başdağıma yazmayı,
    Dediyimi ayrı yerə yozmayın,
    Məzarımı çox da dərin qazmayın,
    Bu dünyaya bəlkə yenə qayıtdım.

    09.12.2021
    ELÇİNİN ƏDƏBİ-ESTETİK KREDOSU

    Elçinin “DAHA DƏRİN QATLARA” adlı kitabını bu gün oxuyub başa vurdum.
    Geniş intellektual auditoriyanın bir nasir, dramaturq, esseist, tənqidçi, tədqiqatçı kimi yaxşı tanıdığı Xalq yazıçısı Elçinin özünəməxsus yazı manerası, bənzərsiz üslubu vardır.
    Ədibin yeni kitabında (2019) toplanmış materiallarda ədəbiyyatın ən mühüm problemlərinə toxunulmuşdur.
    Məsuliyyət hisssi ilə demək olar ki, Elçin toxunduğu heç bir ədəbi hadisə və prosesə adi, səthi, ötəri, basmaqəlib, başdansovdu ifadə və ibarələrlə münasibət bildirmir. Əgər belə demək mümkünsə o, nəzərdən keçirdiyi paradiqmalara “içəridən” yanaşır, əsasən mahiyyətə, bir çox hallarda isə “mahiyyətin mahiyyətinə” varır. Hər cür müqayisədə bir kəm-kəsir olsa da, qeyd edə bilərik ki, bu cəhətdən Elçin quru faktları sadalayan tarixçi kimi deyil, dərin qatlara baş vuran arxeoloqa bənzəyir. “Daha dərin qatlara” kitabını oxuyarkən hiss etməmək olmur bu kitabın müəllifi dünya ədəbiyyatına çox yaxından və dərindən bələd olan bir şəxsiyyətdir. Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Elçin universal, ensiklopedik bir fikir adamıdır.
    Çox təəssüf ki, gəncliyin bir çox nümayəndəsi (həm də təkcə gəncliyinmi?) bu gün öyrənmək əvəzinə, daha çox “öyrətməyə” cəhd edir. Hesab edirəm ki, Elçini oxumaq, onun yaradıcılığını tədqiq etmək, hətta onunla polemikaya girişmək ədəbi parametr və kanonların bütün ladlarında özünəməxsus maraq doğura bilər.
    Düzdür, kitabdakı yazıların heç də hamısı yeni deyildir. Fəqət yazıçının onillər boyu qələmə aldığı yazıların ədəbi kredosu onun əbədi manifesti kimi bu gün də yenidir, təzədir, orijinaldır.
    Bəli, “daha dərin qatlara” baş vurmaq üçün ədəbiyyatla əbədiyyətin kəsişmə nöqtəsində hələ öyrənilməmiş, bütün böyük yazıçılar kimi Elçini də yeni axtarışlara sövq edən və edəcək uçuş və yüksəliş zonaları qalmaqdadır.
    Mən Eıçinin kitabını oxuduqca bir daha əmin oldum ki, bizdə ədəbi prosesə dünya ədəbiyyatı kontekstindən yanaşmaq üçün kifayət qədər səriştə və qabiliyyəti olan, təcə gündəlik təqvimdən boylanan zamanla deyil, bir çox hallarda həmin zamanı arxada qoymaqda olan sosial zamanla belə ayaqlaşan qüdrətli söz sahibləri vardır. Və bu mərhələyə çatmaq üçün sadəcə hamının dediyi söz yox, məhz ÖZ SÖZün olmalıdır. Bu mənada təkcə bədii yaradıcılıq arenasında deyil, elmi təfəkkür müstəvisində də Elçinin öz sözü, öz baxış bucağı, öz qiymətləndirmə meyarı vardır.
    “Daha dərin qatlara” qiymətli kitabdır. Bu “seçilmiş məqalə və esselər” toplusunu oxumağı hamınıza məsləhət görürəmı
    F.M.09.12.2021

    10.12.2021
    Bu gün bibim nəvəsi Məsud Mikayıl oğlu 51 yaşənda vəfat etdi. Səhərə yaxın ürəyi qəflətən dayanıb.

    12.12.2021
    Həcər səhər tezdən mətbəxdə iş görərkən (səhər yeməyi hazırlayarkən) yıxılıb. Səbəbini bilmədik. Ya qəfildən təzyiqi yüksəlib, ya da öd kisəsində problem olub. (Bunu az sonra təcili yardımdan gələnlər dedilər). Bədəni od kimi yanırdı. Həkimlər gəlib iynə vurdular. İynə-dərman aldım. Vəziyyəti nisbətən düzəldi. Korona təhlükəsi ola biləcəyini nəzərə alıb analiz (yaxma) götürdülər.
    Bütün günü həyəcan yaşadım.

    13.12.2021
    Arada vaxtım olanda siyasilərin və qeyri- siyasilərin teledebatlarına da baxıram. Maraq doğuranlar az olur.
    Amma etiraf edim ki, bəzi debatlar diqqətimi çəkir. Yox, heç onlara da axıracan baxmıram. Çünki əvvəlcədən çox şeyi bilirəm. Bilirəm ki, nələrdən, nə cür, hansı ritorika ilə danışacaqlar. Bu məsələdə, yəni süjetin əvvəlcəlcədən agah olunmasında görünür bir az dramaturqluğum köməyimə çatir. İndiki halda konkret olaraq iki personanın- Sərdar Cəlaloğlu ilə Elman Nəsirovun arasında tez-tez, sıx-sıx təşkil olunan “dialoqları” nəzərdə tuturam.
    Vallah, çox maraqlı söhbət-məzhəkələr olur bu iki adamın arasında. Biri daim danlayır, o biri daim danlanır. Biri diri, o biri mağmın. Biri natiq, o biri kəköy... Biri sıxır, o biri sıxılır... Biri həmişə qalib kimi, o biri məğlub kimi davranır. Biri suyu püskürə-püskürə, o biri suyu süzülı-süzülə gedir.
    Və ən maraqlısı da budur ki, bu adamların hər biri öz mövqelərindən, taktiki gedişlərindən, hətta “şirin” təhqirlərindən həzz alırlar. Deyəsən, heç biri o birindən bezmir. Hər ikisi məmnundur. Əlbəttə, TV-lərə belə tele-şoular və ya tələ-şoular tamaşaçı auditoriyası yığmaqda kömək edir.
    Amma və lakin...
    Mənə maraqlıdır, bu adamlara mənsub olduqları siyasi təşkilatların münasibəti necədir? Hələ ailə üzvlərini demirəm...
    Bayaq yenə “şirin-şirin” vuruşurdular...

    14.12.2021
    Həcərin vəziyyəti tədricən yaxşılaşmaqdadır. Qardaşım Fasadla danışdım (İstanbuldadır). Orada müalicə alır. Almaniyadan oğlum Aqşin zəng etdi. Bir xeyli zarafat dolu söhbət etdik, Aqşinin yaxşı yumorduyma qabiliyyəti var.
    Havalar kəskin soyuyub.
    Salah Rüstəmli quru aclığa keçib. Qohum və əqidədaşlarının bir çoxu ona qoşulub, dəstək verirlər. Lalə Şövkət Prezidentə Salehin azad edilməsi üçün müraciət edib. Mən Səidə Qocamanlı ilə yazışıram. O, ümidverici fikirlər yazır. Amma hələ bir nəticə yoxdur.

    16.12.2021
    Saleh Rüstəmli 40 gün davam edən aclığını dayandırdı. Doğru yol seçdi. Çünki onun yaxınları, doğmaları və məsləkdaşları da bu aksiyaya qoşulmuşdu. Bu isə nə cəmiyyətə, nə də Saleh bəyin özünə və ailəsinə yaxşı heç nə vəd etmirdi. Hesab edirəm ki, Saleh əməli-saleh adamdır. Mən də bir neçə dəfə onunla əlaqəsi olan şəxslər vasitəsi ilə xahiş edib aclığı dayandırmasını rica etmişdim…
    O, şüurlu şəkildə seçdiyi bu yolla bir daha fərdi olaraq özünün şərəf və ləyaqəti uğrunda vuruşan, habelə torpaq və vətən uğrunda mücadilə edən insanın əzmini, iradəsini nümayiş etdirdi.
    Mən əminəm ki, səlahiyyət sahibi olan şəxslər verdiyi vədə əməl edəcək, onun sağlamlığının tam bərpası üçün əlindən gələni əsirgəməyəcək, dözüm və iradə simvolu olan bir soydaşımızın (o, RF vətəndaşıdır) yenidən həyata qayıtmasına çalışacaq.
    Mərdlik və mərdlər qorunmalıdır.
    Bizim üçün hər bir vətənsevər insan vətənin özü qədər qiymətli olmalıdır.

    21.12.2021
    İndicə acı, üzüntülü xəbər eşitdim. Bu gecə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarxanlı qəflətən dünyasını dəyişib. Bu, onun ailəsi, doğmaları, dostları üçün ağır zərbədir. O, ötən il həyat yoldaşını itirmişdi...
    Elşəni çoxdan, təxminən 25 il idi ki, tanıyırdım, mərhum Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi, yaratdığı “Gənclər teatrından”. O, mənim demək olar ki, həmin teatrda tamaşaya qoyulan bütün əsərlərimdə rol oynamışdı. Olduqca, istedadlı, istedadlı, zarafatcıl, xeyirxah bir insan idi Elşən.
    Ailə üzvlərinə üz tuturam: son qəminiz olsun.
    Eışən hamının nə vaxtsa keçəcəyi ədəbiyyət körpüsündən keçməyə bir az tələsdi.
    Yeri cənnət olsun.

    30.12.-15.01.2022
    Güntəkinin mənə və Həcərə aldığı putyovka ilə Antaliyada “Sabah” pansionatında olduq. Bir neçə gün həm dincəldik, həm müayinə, həm də müalicə olunduq. Yağışlı günlər çox oldu. Şəhəri gəzdik. Özümə yağmurluq aldım.










    1922



    17.01.2022.
    AYB-də oldum. Tanışlarla, həmkarlarla görüşdüm.
    Pensiyamı aldım.
    Sonra Məzahir, Yusif, Mərahim və mən nahar etdik. Hava soyuqdur.
    Yuxusuzluq və onun gətirdiyi yorğunluq, üzgünlük məni kabus kimi qarabaqara izləməkdədir.

    18.01.2022
    Məşhur xeyriyyəçi Hacı Zaynalabdin Tağıyevin heykəlinin açılışı olub. Heykəl yerdən, sanki ətrafındakı, əhatəsindəki insanların arasından boy alıb ucalır.
    İlkin reaksiyalardan bəlli olur ki, bir çoxlarş bütün heykəlləri mütləq uca postamentlərin üstündə, “zirvədə” təsəvvür edirlər. Belələrinə görə heykəllər də vəzifəli, "böyük" adamlar kimi əlçatmaz-ünyetməz olmalıdır. Zənnimcə səhv fikirdir. Yəni düzəlişə ehtiyacı olan nəsnədir. Bəli, bilirəm, adətən, siyasi xadimlətin, tribunların heykəlləri yüksək postamentlərin üzərində olur. Olsun. No problem Amma xalqa, torpağa yaxın adamlarınsa adi və qəbirüstü heykəlləri çox vaxt yerdə, necə deyərlər, elə xalqa “yaxın məsafədə” olursa, bunun da bir ziyanı yox...
    Yüzlərlə belə nümunələr göstərmək olar.
    Bir sözlə, hesab edirəm ki, Hacının heykəlinin kompozisiya və məkan həlli, zənnimcə, doğru seçilib, düzgün müəyyən edilib.

    25.01.2022
    Bələdiyyə Teatrında “Sehrbaz” pyesimin davamlı məşqləri gedir. Artıq mətbuatda informasiyalar gedir.

    26.01.2021
    AMEA-da istedadlı adamlar az deyil. Mən uzun müddət həmin qurumda çalışmışam. Yüzlərcə aspirant və dissertantlardan minimum və qəbul imtahanlarının götürülməsində iştirak etmişəm.
    Amma elmimizin "baş qərargahında" radikal islahatlar aparılmalıdır. Kəskin ixtisarlar aparılmalıdır. Yalançı "alimlərin" psevdoelmi, yalan-palan "kəşfləri" zibil qutularına atılmalıdır.
    ...Hətta, belə bir orijinal, qeyri-ənənəvi eksperimentə də əl atmaq olar: imkan yaratmaq lazımdı ki, hərdən gənc elmi işçilər qocaman “elm xadimlərini” imtahana cəlb etsinlər.
    Fəlakət adamın qocalması yox, düşüncənin qocalmasıdır... Deyəsən Stalinin də bunabənzər bir fikri var, təxminən bu cür: müasirliklə ayaqlaşanlar qocalmır. Bu lənətullah (Stalin) haradan yadıma düşdü…
    26.01.22

    29.01.2022
    -İnsana ən böyük bəla haradan gələ bilər?
    -Ağlından...

    27.01.2022
    Deyilənə görə, mən tarixə pis bələd deyiləm. Üstəlik, tələbə və aspirantlara uzun müddət Dünya fəlsəfə tarixi, Dünya ədəbiyyatı tarixi, Şərq və Qərb fəlsəfəsi, Türkologiya ... fənlərindən dərs demişəm.
    Bəs bu notları yada salmaqda məqsədim nədir? Özünü mədh etmək? Xeyr. Oxuyub dərk etmişəm ki, dünya tarixi- müharibələr tarixidir. Üstəliksə, dərslik və ədəbiyyatlarda belə bir fikir təlqin edilib ki, hansı dövlət daha çox torpaq istila edibsə, o, “qoçaq” dövlətdir, o dövlətin əhalisi isə “qəhrəman” xalqdır.
    Zənnimcə, bütün bunlar cəfəng ideya və təbliğatdan başqa bir şey deyildir.
    Əslində dünyada böyük və kiçik dövlərlərdən daha önəmli iki dövlət tipi mövcuddur: bədbəxt və xoşbəxt dövlətlər və ya xalqlar.
    Dünyanı yeni torpaqlar almağa sövq edən, təbliğatını bu istiqamətdə qurub körükləyən dövlətlər- bədbəxt dövlətlərdir.
    Əslində isə böyük mədəniyyəti olan dövlətlər- nəhəng dövlətlərdir. Mənz buna görə də bütün dünyada və bütün tarix dərsliklərində müharibələr tarixi və onun nəticələri deyil, mədəniyyətlər tarixi tədris olunmalıdır.
    p.s.
    Əlbəttə, mən dünyanın bu günkü dönəm və ovqatına nabələd olan sadəlövh seyrçi deyiləm. Bilirəm ki, “iribuynuzlu” dövlətlər xırdabuynuzlu və buynuzsuz dövlətləri məhv etmək üçün marıtda dayanıb.
    Bəşər övladı mənim yuxarıda dediklərim ideyaları dərk edib həyata keçirmək üçün uzun bir yol keçməlidir. Amma zaman qısadır. Baş verən hərbcu xarakterli hadisələrin gedişi onu göstərir ki, artıq dünyamızın yaşamaq limiti azalmaqdadır.
    ...P.S. Mən bu fikrə hələ 30 il öncə gəlmişəm və “Sərhədsiz Dünya” fəlsəfi traktatımfa bu sarıdan bəzi mətləblərə aydınlıq gətirməyə çalışmışam.
    Nə yazıqlar ki, tarix boyu bir çox böyük dövlətlərin başında böyük əbləhlər dayanıb.

    02.02.2022
    “Böyük dayaq” filminin çəkilişində...
    Ələsgər Ələkbərov məşhur “şilləvurma” səhnəsindən sonra niyə sarsılmışdı?
    Böyük kino aktyoru, Xalq artisti Həsən Məmmədovun dediklərindən: “Böyük dayaq” filmində çəkilirdim. 23-24 yaşım vardı. Baş rolu –Rüsrəm kişini nəhəng sənətkar, SSRİ Xalq artisti Ələsgər Ələkbərov oynayırdı. Mən Qaraş rolunun ifaçısı idim. Orada məşhur bir “şilləvurma” səhnəsi var. Rüstəm kişi oğlu Qaraşa hirslənib onu danlayır və sonda yağlı bir şillə çəkir. Ələsgər müəllim ürəyiyumşaq adam idi. Əlini üzümə yaxınlaşdıranda sanki qolu boşalır, nəticədə “şillə səhnəsi” təbii alınmırdı. Rejissor Həbib müəllim bu səhnənin saxta olduğunu diqqətə çatdırırdı.
    Arada fürsət tapıb Ələsgər müəllimə dedim ki, ustad, çəkinməyin, güclü bir şapalaq ilişdirin üzümə, mən hələ cavanam, dözərəm, qorxusu yoxdur.
    Növbəti dublda Ələsgər Ələkbərov rejissorun tələb etdiyi “şilləni” necə lazımdırsa elə o cür də ilişdirdi. Sanki başımdan tüstü, gözümdən od çıxdı. Səntirləsəm də, özümü ayaqda saxladım.
    Filmin rejissoru Həbib İsmayılov sevincək qışqırdı:
    -Hə, indi alındı.
    Epizodun çəkilişindən sonra Ələsgər Ələkbərov bir kənara çəkilib, kətildə əyləşdi. Başını əllərinin arasına aldı. Hamımız onun çiyinlərinin titrədiyini gördük. Bir azdan hıçqırtı eşitdik.
    Çox ürəkağrıdan mənzərə idi.
    Rejissor Həbib İsmayılov ehtiyatla böyük sənətkara yanaşıb soruşdu:
    -Ələsgər qərdeş, sənə nə olub?
    Ələsgər Ələkbərov başını qaldırıb rejissorun üzünə baxdı. Onu yaşlı gözləri ilə süzüb dedi:
    -Həbib, kaş əlim quruyaydı o uuşağı vurduğum yerdə.... Özümdən asılı olmayaraq onun sifətinə bərk şağalaq vurdum. Bax, əlimin izləri Həsənin üzündə qalıb. Bunu özümə bağışlaya bilmərəm...
    Həsən Məmmədov deyirdi ki, rejissorla onu- Ələsgər Ələkbərovu qucaqlayıb bağrımıza basdıq...
    Belə sənətkarlar da olub...
    (“Gündəliklərdən”)

    03.02.2022
    AYB-rə Qurultayqabağı məruzəlr dinlənilməyə başladı. İlk məruzəni Elçin Hüseynbəyli etdi. İcmal xarakterlı məruzə idi. Natiqin çıxışı bir xeyli mübahisələr doğurdu. Mən də çıxış edib fikrimi bildirdim, bəzi məsələlərə aydınlıq gətirməyə çalışdım...
    ...Qudam Əziz Məmmədov vəfat edtdi. Çoxdan xəstə idi. Uzun illər ali məktəbdə iqtisadiiiat üzrə dərs demişdi.
    ...Bərk soyuqdəyməyə mübtəla olmuşam. Öskürək məni boğur. Nəfəs almağa çətinlik çəkirəm.

    05.02.2022
    “Münasibəti ilə...” yoxsa “əlaqədar...”?
    Dilimizi sevməyimiz təbii haldır. Amma təkcə sevgi ilə iş bitmir...
    Bu qeydləri bayaq (saat 21-də) Tv kanallarından birinin “Xəbərlər” proqramında eşitdiyim ötəri məlumatdan sonra qələmə almağı qərara aldım. Bəlkə də yazmazdım... Amma bu “yerinədüşməyən”, dil dövriyyəsində işlənmək “səlahiyyəti” qazanmış ifadəni biz az qala hər gün ya efirdən eşidir, ya da yazılı materiallardan oxuyuruq. Sözün qısası, haqqında söhbət açmaq istədiyim ifadə aşağıdakı cümlədə tamaşaçılara belə çatdırıldı: “Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması münasibəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma cansağlığı arzulayıb və şəfa diləklərini yetirib”.
    Biz də möhtərəm Ərdoğanlara tezliklə sağalmağı arzu edirik.
    Amma diqqətə çatdırmaq istədiyimiz cümlədə “münasibəti ilə” ifadəsi qətiyyən yerində işlənməyib. Dilimizin məntiqi, stixiyası elədir ki, adətən xəstələnən, itkin düşən, vəfat edən, bir sözlə ağır və ağrılı hadisələrlə üzləşən adam haqda “münasibəti ilə” ifadəsinin işlənməsi yerinə düşmür.
    Təəssüf ki, bəzi hallarda titulları bir “mersedes”in arxa dolabına (bu ifadə indi ağlıma gəldi) yerləşməyən alim, yazıçı, dilçi və yaxud siyasətçilərimiz də dilimizdəki bu cür və ya bunabənzər ifadələrin işlənmə məqamına, nüansına fikir vermirlər.
    Yuxarıda qeyd etdiyim “ağrılı” hadisələrin baş verdiyi hallarda adətən, bir qayda olaraq “bağlı” və ya “əlaqədar” sözlərindən istifadə edilir və edilməlidir. Məsələn, “filankəs xanım öz qohumu filankəsliyə xəstələnməsi ilə əlaqədar cansağlığı və şəfa diləyib”. Bə yaxud, “filan təşkilat filankəsovun vəfatı ilə bağlı (və ya əlaqədar) onun ailəsinə başsağlığı verir”.
    “Münasibəti ilə” ifadəsi isə, demək olar ki, birmənalı şəkildə sevinc, qələbə, sağalma, mükafatlandırılma və sair bu kimi “sevincli” hallarda işlədilir. Məsələn, “filankəs oz dostu filankəsovu mükafat alması münasibəti ilə təbrik etdi”. Bəli, məhz “münasibəti ilə...”
    ...Çox güman ki, fikrimin mahiyyəti hamıya olmasa da, bəzilərinə çatdı.
    p.s. Bu qeydləri yazandan sonra həmin informasiya “Azərtac”da gözümə dəydi. Orada yazılıb: “Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulayıb və şəfa diləklərini yetirib ...”
    Bəli, informasiya yazmaq ənənə və səriştəsinə görə klassik səviyyəsini qoruyub saxlayan agentliyin bu cür nümunəsi başqa media qurumlarına da örnək ola bilər...

    06.02.2022
    Həcərlə birgə qudamız Əziz müəllimin hüzr mərasimində iştirak etdik. Pandemiyaya görə məclis məhdud şəkildə-ev şəraitində keçirilirdi. Oğlanları –böyük oğlu Cövdət BMT xətti ilə Şərq ölkələrində fəaliyyət göstərir, kiçik oğlu Fəxri Macarıstanda çalışır. Hər ikisi gəlmişdi. Ortancıl (kürəkənimiz) Bəhram isə Güntəkin və uşaqlarla Amerikadadır.
    Evdə mütaliə etdim. AYB qurultayı üçün nəzərdə tutulmuş məruzəni bir daha nəzərdən keçirdim.

    07.02.2022
    Rejissor M.F.-bəyovla görüşdük. Dedi ki, “Sehrbaz”ın məşqləri yaxşı gedir.
    ...Yolüstü hansısa özəl kanaldan xahiş etdilər ki, son günlər adı mətbuatda tez-tez hallanan “dərman kralı” Cavanşır Feyziyev haqda 1-2 cümlə söz deyim. Dedim.
    Aqşin üçün Kapitalbankda şot açdırdım.
    Füzuli teatrının direktoru, köhnə tanışım Vaqif Vəliyevə onun bir tanışı vasitəsi ilə kitablarımdan bir neçəsini göndərdim...
    Yavaş-yavaşsağlamlığım bərpa olunur.

    08.02.2022
    BİLDİRİŞ
    Yazıb bildiririk ki, 09.02.2022 tarixdə, saat 14oo-da AYB-nin Natəvan klubunda (ünvan: Xaqani küç.,25-ci bina, 3-cü mərtəbə) “Azərbaycan dramaturgiyası qurultaylararası dövrdə” mövzusunda məruzənin dinlənilməsi olacaq.
    Məruzəçi Firuz MUSTAFA
    Tərbirə dramaturqlar və ssenaristlər, babelə həmin sahələrlə maraqlanan, tədqiqat işi aparan şəxslər dəvət olunur.
    09.02.2022 tarixdə, saat 14oo-da AYB-nin Natəvan klubunda (ünvan: Xaqani küç.,25-ci bina, 3-cü mərtəbə) “Azərbaycan dramaturgiyası qurultaylararası dövrdə” mövzusunda məruzənin dinlənilmələri başladı.
    Məruzə təxminən 1,5 saat çəkdi. Zənnimcə maraqlı qarşılandı. AYB sədri Anar, katiblər Rəşad Məcid, Elçin Hüseynbəyli və İlqar Fəhmi məruzəni sonacan dinlədi. Çıxışçılar az olsa da əsasən, ğz müsbət fikirlərini bildirdilər. Ətraflı disskusiya oldu...
    Tədbirdən sonra Elçin, Xəyal və Nadir adlı gənclə yeməkxanada bir xeyli söhbət etdik, fikir mübadiləsi apardıq.
    Məruzənin mətnini “Ədəbiyyat Qəzeti” redaksiyasına göndərdim.

    10.02.2022
    Rejissor M.Fərzəlibəyovla görüşdüm. Məşqlərin yaxşı getdiyini bildirdi.

    11.02.2022
    Zülfü Livaneli. Adını çoxdan eşitdiyim türk yazıçısıdır. O, təkcə yazıçı kimi deyil, həm də bir musiqiçi, bəstəkar, müğənni, kinorejissor, siyasi xadim kimi tanınır.
    Mən Zülfü Livanelinin adını ilk dəfə 1986-cı ildə böyük yazıçı Çingiz Aytmatovun rəhbərlik etdiyi İssık-kul forumunun iştirakçıları sırasında eşitmişdim. Forum iştirakçəlarını, o cümlədən Livanelini o zamankı Baş katib M.Qorbaçov da qəbul etmişdi.
    O, dəfələrlə Rusiyada olub, Tv-lərdə çıxış edib, mətbuatda müsahibələr verib. İnsaf xatirinə deyək ki, maraqlı personadır. YUNESKO-nun səfiridir.
    İndiyəcən türkcə və rusca tanış olduğum əsərləri maraqsız olmasa da, yaxşı qurulmuş təbliğatı ilə müqayisədə bir qədər zəifdir.
    Bu günlərdə dünya ədəbiyyatını daim izləyən bir dostum mənə Zülfü Livanelinin rusca nəşr olunmuş (“Eksimo”, 2018) bir kitabını verib oxumağımı məsləhət bildi.
    Kitabı böyük həvəslə oxumağa girişdim.
    ...və mütəəssir oldum, türklər demiş könül qırıqlığı yarandı.
    “СЧАСТЬE” adlı bu kitabda bır türk qızının bədbəxt taleyindən söhbət açılır. Olsun. Bəyəm bütün vətəndaşları xoşbəxt olan ölkə var ki?
    Bu kitabda məni təsirləndirən, daha doğrusu acıdan, yazıçının qonşu haylarla bağlı səhv mövqeyi oldu. Guya onun qəhrəmanı Məryam hayların nə zamansa zorla deportasiya olunması xəbərindən sarsılır. Öz canının hayında olan, ailəsi tərəfindən öldürülməyə məhkum olunmuş Məryəm yazıq öz halından daha çox bu “zərərçəkmişlərin” vəziyyəti haqda düşünür...
    Doğrudur, mən kitabı sonacan oxumadım. Elə “hay məsələsi” ilə bağlı səhifəni oxuyandan sonra kitabı qapadım. Xeyr, mən nə natsionalist, nə də şovinistəm. Amma həqiqəti, həqiqəti olmasa da yarımhəqiqəti yazmayan yazıçını oxumağa dəyməz.
    Allah Zülfü Livaneliyə müəyyən istedad verib. Amma o, yalan və iftira ilə həqiqəti və doğrunu seçə bilmək qabiliyyətinə malik deyildir.
    Təəssüf. Malesef.

    16.02.2022
    Mətbuar EA-nın prezidenti Ramiz Mehdiyevi gah işdən “çıxarır”, gah da öz işinə “bərpa edir”.
    ...Ukrayna ilə Rusiya arasında gərginlik anbaan artmaqdadır. Putin qırmızı xətti çoxdan keçib.
    ...AYB-də məruzəmlə bağlı rəy və fikirlər hələ davam etməkdədir.

    18.02.2022
    Əziz dost, sözüm sənədir.
    Amma kiməsə nəsihət verməyi xoşlamıram.
    ...Ad günüm. 18 fevral mənim “əsil” doğum günümdür. Amma sənədlərdə doğum günü kimi 30 iyun qeyd olunub. Bu “ikili tarix” barədə və bunun səbəbi barədə bir neçə dəfə yazmışam. Mənim üçün hər iki tarix əzizdir. Amma heç vaxt doğum günümü-nə adi ad günümü, nə də “yuvarlaq” yubileyimi ailəmdən kənarda, yəni təntənəli və ya “kütləvi” şəkildə qeyd etməmişəm. Düzü, buna nə marağım olub, nə həvəsim, nə də imkanım. Bir növ bu məsələni “daxili iş” hesab etmişəm.
    Bu gün dost-tanışlardan, yaxın-uzaqlardan minlərlə olmasa da təbrik dolu yüzlərlə məktub, mesaj, zəng, teleqram... aldım. Mən həmişə adamlara, xüsusən mənə diqqət yetirən adamlara artıqlaması ilə diqqət yetirməyə çalışıram.
    Zənnimcə, məktub və mesajlara imkanım daxilində cavab verdim.
    Mən ürək və istək dolu təbrik sözləri yazan dostlara, habelə təbrik etməyi unudanlara və “unudanlara” da (dırnaq arasında) öz təşəkkürümü bildirirəm.
    Ad günümü yenə ailə çevrəsində keçirdim. Övladlarımın hədiyyəsi- “Ailə tablosu” məni xüsusilə təsirləndirdi.
    Mən bütün həyatım boyu (köhnə vaxtlarda deyildiyi kimi) bütün şüurlu həyatım uzunu ardıcıl şəkildə ədəbi-elmi-pedaqoji-fəlsəfi fəaliyyətlə məşğul olmuşam. 40-dan çox əsərimə teatrlarda quruluş verilib, 100-dən çox kitabım nəşr edilib. Haqqımda bir neçə kitab və monoqrafiya yazılıb. Müxtəlif ölkələrdə kitablarım işıq üzü görüb. Gurultulu çıxsa da deməliyəm: mən öz fəaliyyətimlə xalqıma və insanlığa xidmət göstərməyə çalışmışam. Çox təəssüflər ki, riyakar, satqın, natəmiz, ikiüzlü, yaramaz adamlar olduğu kimi, elə o cür dövlətlər də mövcuddur. Mən həm adamları, həm də dünyanı şəffaf, azad, işıqlı, günəşli görmək istəmişəm. Elə Sovetlər sistemi çökən zaman qələmə aldığım “Sərhədsiz Dünya” traktatımda da bu barədə söz açmışam. Mən Dünyanın gələcək düzənini savaşsız, top-tüfəngsiz görmək istəyirəm.
    Düşünürəm ki, adamların stressini, qəzəbini, hiddətini elə adamlar özləri dəf edə bilərlər. Həm də bütün dünyada.... Əlbəttə, həyatın hər bir faciəsini və sevincini biz birlikdə yaşamalıyıq...
    Vaxtilə yazmışdım:

    Hər kəs özü boyda bir planetdir,
    Hər ömrün önündə gəlin baş əyək.
    İnsanı sevməyin özü sənətdir,
    Gəlin bu sənətdən üz döndərməyək.

    İndi arxaya baxanda görürəm ki, bir xeyli yol qət etmişəm. Bilirəm ki, əvvəlin bir sonu da olur. Elə ötən, başa çatan, əbədiyyət adlı zamanın içində əriyən bu adi gün kimi... Kiməsə nəsihət verməyi xoşlamıram.
    Sağ olun, işıqlı adamlar. İçinizin Günəşi sönməsin.
    Saat 24-oo.

    19.02.2022
    SSRİ-nin dağılmasında...Məsi pişiyin rolu
    Yadınızdadırmı?
    Hərdən SSRİ-nin can verdiyi son günləri yadıma düşür. Bəs siz necə, həmin çağları xatırlayırsınızmı? Parlamentlərdəki əsəbi çıxışlar, o vaxtkı nəhəng ölkəni bürüyən “serial” mitinqlər və filmlər, Alma –Ata, Tbilisi, Sumqayıt hadisələri... Əlbəttə, bütün bunları yalnız həmin dövrü görmək üçün yaşı imkan verənlər yada sala bilər...
    Həmin vaxt, Moskvada Kaşpirovski adlı bir şarlatan Mərkəzi TV ilə az qala hər gün çıxış edib milyonlarla insanı “gipnoz” edirdi. Adamların bütün diqqəti “mavi” ekranda olduğundan öz şəxsi problemlərini qısa müddətə də olsa unudurdu. Amma sonra yenə dəniz kimi dalğalanan mitinqlər... Yeri gəlmişkən, Kaşpirovski yenə sağdır, 80-ni ğtsə də gümrahdır, saçına manıslar kimi qara yaxır..
    Bu əsnada bizdə də bir çox əcaib-qəraib hadisələr baş verməkdə idi...
    Əvvəlcə şəhərin “Sovetski” adlanan hissəsində-Təzəpir məscidi tərəfdə, gecələr köhnə bir binanın divarında “sirli insan kölgəsi” zühur etməyə başladı. Şəhər əhli oraya axın edir, amma heç kəs bu kölgənin “mənbəyini” müəyyən edə bilmirdi... Sıravi adamlar deyirdilər ki, hansısa imam zühur etmədədir...
    Sonra kiminsə evində “Məsi” adlı “ağıllı” bir pişiyin sorağı aləmə yayıldı, sən demə həmin pişik “danışırmış”. Gözünə döndüyüm o vaxtki media, habelə TV fürsəti əldən verməyib həmin pişiyi, onun sahibini və ondan yazan jurnalistləri uzun müddət reklam edib “danışdırdı”. Az qala əfkar-ümum bu “danışan” pişiyi “dahi” elan etmişdi. Əslində isə, bu bəxti gətirmiş, qucaqlarda gəzən pişik sadəcə olaraq mıyoldamağı bacarırdı. Nəsə mən onun nə “danışdığını” ayırd edə bilmirdim...
    Əlbəttə, zənimcə, bütün bunlar təkcə TV-nin öz təşəbbüsü deyildi. Adamların başını qatmaq üçün düşünülmüş bir “oyun” idi. Yəni sifariş “yuxarıdan” gəlirdi. Bir növ bizim bu qoçaq Məsi pişik Moskvadakı Kaşpirovskinin anoloqu və ya davamçısı idi. Axı nəsə düşünüb tapmaq lazım idi. Çünki mağazalarda çörək, ət, pal-paltar, mer-meyvə qəhətə çıxmışdı. Mitinqlər bütün ölkənin – SSRİ-nin hakimiyyət sütunlarını tərpətməkdə idi. Tragikomik faciələr bir-birini əvəz edirdi. Bir azdan həmin sütunlar sınacaq, ölkə dağılacaq, komizm arxa plana çəkiləcək, tragediya isə ön plana çxacaqdı.
    Yadınızdadırmı?
    Çox güman ki, bu işlərdə Məsinin də bir balaca rolu oldu.

    20.02.2022
    Toyda oldum. Köhnə dost Mirbəşir Köçəsgərlinin oğlu Altayın toyunda iştirak etdim. Eyni stolu bölüşdüyümüz Nizani Cəfər və Osman Ənvəroğlu ilə ədəbiyyat söhbəti etdik. Toydan bir az tez çıxdım. Metroyacan uzun bir yolu piyada getdim.

    21.02.2022
    “Yaşıl bağ” adlanan yeməkxanada yazıçı həmkarım E.Hüseynbəyli və millət vəkili E.Əliyevlə birgə nahar etdik. Ədəbiyyat və siyasət haqda söhbət etdik.Elçin öz gələcək yazılarından söhbət açdı. Mən öz yeni kitablarımdan Etibar Əliyevə verdim.

    22.02.2022
    Siyasətçi Pənah Hüseyn və Tv aparıcısı Tofiq Abbasov efirdə əlbayaxa oldular. Hər ikisi ilə tanışam. Onların bu hərəkəti əlbəttə əksəriyyət tərəfindən pis qarşılandı.

    23.02.2023
    Türkiyəli dostum (tərcüməçi) Abdurrahnan bəyə tərcümə etdiyi kitabı poctla göndərdim.
    Digər bir Türkiyəli tanışım Abdulkadir bəylə telefon əlaqəsi saxladım.

    25.02.2022
    Rusiya-Ukrayna müharibəsi... Bu, bir fəlakətdir.

    25.02.2022
    İTV-də “Dikdaban” verilişinin bir saat qonağı oldum. Ədəbiyyat, sənət haqda üç gənc aparıcı xanımla ətraflı söhbət etdik.
    ...Rusiya-Ukrayna müharibəsi özünün yeni mərhələsinə keçir. Dünya (o cümlədən Türkiyə) Ukraynanın arxasındadır. Amma ruslar şəhərlərə atəş açır, dinc əhalini qırırlar. Hətta Kiyevdə silahlar guruldayır. Xarkovda böyük itkilər var. Ukraynanılar da ruslara layiqincə cavab verirlər... Tanrı millətimizi qorusun.

    ...İTV-də gənc rejissor Vüsal bəy “Bülbül yuvası” ssenarisini bəyəndiyini bildirdi. Əgər imkan olarsa ssenari əsasında qısametrajli film çəkəcəyini bildirdi...

    26.02.2022
    Ukrayna-Rusiya savaşı hər halda dünyaya yeni bir epoxanın gəlişindən xəbər verir. Vəziyyət necə olacaq? Qiymət vermək hələ çətindir. Amma haqqın Ukrayna tərəfində olduğu su kimi aydındır.
    Nədənsə bir çoxları Ukrayna Prezidentinin keçmişinə bəzən təbəssüm və ya istehza ilə yanaşırlar. Bəli, o, aparıcı, şoumen, aktyor olub. Burada pis nə var ki?
    Vaxtilə jurnalistlər seçkiyə hazırlaşan Reyqana belə bir sual vermişdilər:
    -Siz aktyorsuz. Amma prezident olmaq istəyirsiniz.
    Gələcək ABŞ prezidentinin cavabı qısa olmuşdu:
    -Axı aktyor olmayandan necə prezident ola bilət?
    Bəli, aktyor siyasətçi də ola bilər, sərkərdə də, döyüşçü də...
    Ona qalmış dövlət rəhbərlərindən Neron –müğənni, Hitler -rəssam, Stalin- şair, Havel-yazıçı idi.
    Dünyanın böyük kəşfiyyatçıları sayılan bakılı “Mixaylo”- rəssam, bakılı Zorge şair idi.
    Bəli, Zelenski aktyordur.Amma o, müharibə teatrosundakı rolunu vicdanla və şərəflə “oynayır”.

    03.03.2022
    Zelenski Rusiyanın itkilərini açıqlayıb:
    “Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürülüb. “Nikolayev istiqamətində ruslar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular”.

    04.03.2022
    Putin belə düşünürdü ki, Ukrayna xalqı onu gül-çiçəklə qarşılayacaq. Onun təsəvvürünə görə, Ukrayna rəhbərliyində təmsil olunan yalnız “bir ovuc nasist” rus ordusunun işğalına etiraz edə bilər. Sual çıxır: belə olan halda həmin bir “ovucu” aradan götürmək daha asan variant deyildimi? Axı illər öncəsi, lap dəqiq desək 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş verən terroru Kiyevdə də təşkil edib hadisələrin məcrasını dəyişmək daha “yığcam plan” hesab olunmazdımı? (Yeri gəlmişkən, çox güman ki, həmin terror aktı da bir zamanlar Putinin rəhbərlik etdiyi “FSB” tərəfindən hazırlanmışdı). Amma Putinə Ukrayna xalqının onun “sülhməramlı ordusunun” necə təntənə ilə qarşıladığını görmək və bunu dünyaya nümayş etdirmək lazım idi. O, bu “uzaqgörənliyi” ilə bütün dünya dövlətlərinin “qarantını” almaq, habelə ətrafındakı dövlətləri qorxu və təhdid altında saxlanaq istəyirdi.
    Və elə buradaca qeyd edə bilərik ki, Putinin xəyalən uydurduğu “bir ovuc terroristi” məhv etməlk planı həyata keçirilsəydi belə o, heç nəyə nail ola bilməyəcəkdi. Əksinə, ukrayna xalqı düşmənə qarşı toparlanaraq öz haqq mübarizəsini aparacaqdı.

    05.03.2022
    Etibar əmioğlugildə toplaşdıq. Qohumların yığcam bir qrupu (Mamed, Səməndər, Etibar, İdris) mənim yubileyimi qeyd etdi. Amma söhbətimizin əsas mövzusu Ukrayna- Rusiya müharibəsi oldu. Qohumlarımın bəzisi nədənsə bu savaşda Rusiyanı haqlı sayırlar.
    Son vaxtlar tez-tez dediyim kimi Rusiya get-gedə Suriyaya çevrilir. Tərs kimi hər iki ölkənin hərflərinin sayı və mahiyyəti də eynidir.
    Putin publika önündə özünü sındırmır. Hər çıxışında eyni şeyləri təkrar edir, “plan üzrə” hərərəkət etdiklərini vurğulayır...
    Amma və lakin... Kəşfiyyat bu gün Şoyqu ilə Putinin telefon söhbətini lentə alaraq dünyaya yayıb. Söhbət zamanı dövlər başçısı öz Müdafiə Nazirini küçə söyüşləri ilə “yağlayıb”. Və onu hədələyərək deyib: “Bütün dünya bizə “faşist” deyir. Bizim iqtisadiyyatımız ən az iyirmi il geri düşüb. Bəs harada qaldı sənin vədin, planın? Cavab verməli olacaqsan...” Və sair.
    Yadınızda saxlayın, bu gedişlə ilk qurban Şoyqu olacaq... Əgər dövlət başçısının və Müdafiə Nazirinin başqa bir “ehtiyat” və ya gizli seçimi olmasa.

    09.03.2022
    Bu gün FB səhifəmdə öz qeydlərimi yazdım:
    “Adi adamın hikkəsi yalnız özünə ziyan gətirə bilər. Dövlət başçasının hikkəsi isə bütün xalqı, milləti, dövləti güdaza verə bilər.
    Rusiya bir və ya bir neçə adamın hikkəsinin qurbanına çevrilməkdədir.
    Bütün dünya artıq bir ölkənin dizini yerə qoymaqdadır.
    Yadda saxlayın, bu gedişlə müharibə tezliklə Rusiya ərazisində davam edəcək.
    Rusiyanın bütün sülhsevər qüvvələri (əgər onlar hələ varsa) ayağa durmalı, raşist və faşist rejimini devirməlidir. Ruslar digər xalqları "xilas etmək" xülyasından azad olmalı, özlərinin gününə ağlamalıdırlar.
    Oyan, ayağa rur, ey rus. İmperiya ambisiyasından əl çək. Sən məhvə məhkum olunmaqdasan…”

    10.03.2022
    Nə Rusiya geri çəkilmək niyyətindədir, nə də Ukrayna… İşğalçı dövlətin başçısı Putin iki ayağını bir başmağa dirəyib. Putin dedim yadıma bir əhvalat düşdü…
    Vaxtilə bir kitab tərcümə etmişəm, daha doğrusu həmin kitabın həmtərcüməçisi olmuşam. 2000-ci ildə. Kitab belə adlanır: “Birinci şəxsdən. Vladimir Putinlə söhbətlər”. Zaman o zaman idi ki, Putin təzəcə (2000-ci ilin yanvarında) RF-nin prezidenti seçilmişdi. Həmin kitab da dünyada onun haqqında yazılmış ilk kitab idi. Tərcümənin “sifarişçisi” Putinin tələbə yoldaşı olmuş hüquqşünas alim İlham Rəhimli idi. O vaxt hələ Putinin şəxsi keyfiyyətlərini bilən yox idi. Siyasətçilər də ona yaxından bələd deyildi. Axı o, ömründə heç siyasətlə də məşğul olmamışdı. Putin bir növü Kremlə “təsadüfən”, “zənbillə”, daha çox Yesltsinin dəstəyi ilə düşmüşdü.
    Kitabı oxuduqca və tərcümə etdikcə arada heyrətlənirdim. Qəhrəmanın eqoizmi diqqəti çəkirdi. O, cəmiyyət həyatından çox, öz şəxsi işləri barədə düşünən bir adam təsiri bağışlayırdı.
    Kitabda onun arvadının da fikirləri yer almışdı. Söhbətindən hiss olunurdu ki, bu, sadə, səmimi bir rus qadınıdır. Yeri gəlmişkən, Putin Lyudadan əvvəl başqa bir qızla nişanlı olmuşdu. Amma onlar nikah bağlamaq üçün “ZAQS” idarəsinə gedən zaman son anda, pasporlarına evlənmələrini təsdiq edən möhür vurulan anda gələcək prezident evlənəcəyi xanımla (onun da adı Lyudmila olub) savaşıb və ...evlənməkdən imtina edib. Putinin özünün dediyinə görə babası Spiridon əvvəlcə Leninin, sonra isə Stalinin aşpazı olub, dadlı xörəklər bişirib...
    Sonralar, ərindən boşanan arvadı Lyudmila Putina danışırdı ki, Volodya məni ilk dəfə anası Mariya İvanovnaya təqdim edəndə dedi ki, mama, tanış ol, bu, mənim sevdiyim qızdır, adı da Lyudadır. Lyuda qeyd edir ki, Putinin anası başını qaldırmadan dedi ki, eh, Volodya sənin əvvəliki nişanlın da Lyuda idi, yaxşı bir qız idi, onunla yola getdin ki, bununla da... Onlar 1983-cü ildə ailə qurublar.
    Tərcümə zamanı hiss olunurdu ki, Putinin pula münasibəti də maraqlıdır. “Bir qucaq pulum olsaydı səyahətə çıxar, dünyanı gəzərdim, vəhşi heyvan ovuna çıxardım”...
    Qısası kitab nəşr olundu. Tərcümənin “sifarişçisi” çox şad idi. O, ilk nüsxəni görəndə seninclə dedi: “Heç bilməzdim ki, bu kitabı belə sürətlə tərcümə edəcəksiz...”
    Əlbəttə, o zamanlar Putin müəyyən adamlara, dövlətlərə öz heyrətini də ifadə edirdi.Amma elə bir zaman gəldi ki, adamlar və xalqlar onun üçün adı əşyalardan belə dəyərsiz oldu.
    O vaxt hələ Güçünistanda və Ukraynada insanlar qlobal faciələr yaşamamışdılar. Onda hələ Kabayeva da yox idi...
    ...Kitabın tərcüməsi ilə bağlı qonorar barədə danışmagı və ya əvvəlcədən verdiyi vədi yada salmagı isə “sifarişçi” birdəfəlik “unutdu”... Vaxtilə, məsələnin bu tərəfi barədə yazdığım üçün təkrara yol vermək istəmirəm. Təkrar biliyin anası olmaqla yanaşı, həm də bilməməzliyin anası ola bilər.

    11.03.2022
    Xalq Yazıçısı Rüstəm İbrahimbəyov Moskvada vəfat etdi. Dünyada tanınmış yaradıcı şəxsiyyət idi. Yazıçı, ssenarist, rejissor, ictimai-siyasi xadim… Rusiyanın 4 dəfə, Azərbaycanın 2 dəfə Dövlət mükafatını almışdı. Tanışlığım vardı onunla. Hətta, AYB-da onun 70 illik yubileyinin təşkilində yaxından iştirak etmiş, yaradıcılığı barədə yığsam söhbət açmışdım. Allah rəhmər eləsin… FB-də haqqında yazdım.
    …Bələdiyyə teatrında “Sehrbaz” pyesinin sürəkli və şıdırğı məşqləri gedir. Bu gün tamaşanın rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovla bu barədə geniş fikir mübadiləmiz oldu.

    14.03.2022
    Rüstəm İbrahimbəyovu Bakıda dəfn etmək istəyirlər. Amma nəşi hələ Moskvadadır. Dünən Moskvanın (Rusiyanın) görkəmli sənət və mədəniyyət adamları “Kino evində” yazıçı ilə vidalaşdılar. Konçalovski, Şvıdkoy və digər tanınmışlar mərhumla bağlı ürək sözlərini dedilər. Bu gün yazıçının qızı Fatimə öz fb səhifəsində yazıb ki, mərhumla vidalaşma birisigün- (16.03.2022-ci il tarixdə) baş tutacaq.
    Yadıma bir neçə il əvvəl baş verən hadisə düşdü. Təxminən 10 il əvvəl Ukraynada (Kiyevdə) idim. İş elə gəturdi ki, hətta GT-nın səhnəsində hazırlanan “Su Pərisi” pyesimin premyerasında iştirak edə bilmədim. Bakıya qayıdandan sonra qəzetləri gözdən keçirməyə başladım. Gördüm ki, Rüsrəm İbrahimbəyova qarşı total bir hücum başlayıb. Bu əsnada qəzetlərdən birindən mənə zəng gəldi. Yazıçının həyat və yaradıcılığına dair suallar verdilər. Dedim ki, sözlərimi təhrif etməsəniz 1-2 kəlmə deyərəm. Söz verdilər ki, hər şey olduğu kimi saxlanacaq. Bildiklərimi dedim. Sözümün əsas məğzi bu oldu ki, mən Rüstəmin özü ilə lap yaxından tanış olmasam da yaradıcılığına yaxşı bələdəm. O, Azərbaycanı öz əsərləri ilə dünyanın hər yerində layiqincə təmsil edir…
    Cavabım olduğu kimi dərc edildi. Bilirdim ki, bundan Rüstəmin xəbəri yoxdur.
    Yaxın dostlardan biri dedi ki, bu müsahibə sənin əleyhinə işləyəcək. Çünki PA əyləşən iki nəfər yüksək çinli məmur Rüstəm İbrahimbəyova qarşı kompaniyanı körükləməkdədir. “Bu, onlara xoş gəlməyəcək… Sən görmürsən ki, vaxtilə Rüstəmin çörək verdiyi, mənzil və təqaüd üçün hətta Prezidentə ağız açdığı, əl tuduğu adamlar indi hər gün onu ifşa etmək üçün növbədə dayanıblar. Axı Rüstəmdən sənə nə xeyir?”
    Əslində bəlkə müyyən qədər də düz deyirdilər. Rüstəmlə mənim nə əməkdaşlığım, nə də dostluğum olmuşdu. Amma mən öz vicdanımın səsinə qulaq asaraq düşündüklərimi demişdim… Axı onun rus dilində yazan Azərbaycan yazıçısı olduğunu, həm də yaxşı yazıçı olduğunu mən necə inkar edəydim. Qonşumuz ermənilər Amerikada ingiliscə, Fransada fransızca, İspaniyada ispanca yazan, öz dilində bir kəlmə söz belə bilməyən zəif qələmçilərini erməni klassikləri kimi təqdim etdikləri halda biz niyə özümüzün tanınmış sənətkarımızdan imtina etməliyik? Bəli, mənə baha başa gəlsə öz sözümü demişdim… Zənnimcə elə yaşamaq lazımdır ki, adam nə vaxtsa vicdanına düşən ləkələri silməyə lələk axtarmasın.
    …Həqiqətən, elə bir vaxt gəldi ki, mən dediyimin “bədəlini” aldım… Belə ki, nə sovet dönəmində, nə də müstəqillik vaxtı dövlətdən mənzil almamışam. İllər uzunu şəraitsizlik “şəraitində” yaşamışam. Hər dəfə mənzil bölgüsü məsələsi ortaya çıxanda PA-dakı həmin o iki nəfər adımın üstündən xətt çəkməyi özlərinin vəzifə borcu hesab edirdi. İndi onlar tutduqları postdan qovulublar. Və hər iki eks-məmur hər gün mətbuatda dilimizin bütün “gözəllikləri” səviyyəsində təhqir janrında “mədh” olunurlar.

    …Ukrayna-Rusiya müharibəsi özünün ən qaynar fazasına keçib. Ağlıma hərdən qəribə fikirlər gəlir. Bildiyimiz kimi, Rusiya bir iqtisadı məkan kimi dünyanın xəritəsindən çıxatılmaqdadır. Yəni artıq iqtisadi Rusiya yox kimidir. Amma onun ərazisi böyük, yeraltı sərvəti zəngindir. Bəlkə hər şeyi tükənəndən sonra bu ölkə bala-bala, hissə-hissə öz torpaqlarını qonşularına satmaqla dolanacaq. Zira Rusiyanın belə bir təcrübəsi var. 1867-ci ildə ruslar Alyaskanı, yəni 1,5 milyon kv.m. ərazini 7 milyon 200 min qızıl dollara anerikanlara satıb.
    Bizdə də vaxtilə bol torpaq qamarlayıb işi çətinə düşəndə dəyər-dəyməzinə satanlar az olmayıb.

    16.03.2022
    Qudamız Əziz müəllimin 40-ı keçirilən yas məclisində olduq...
    ...Xalq yazıçısı Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edildi....
    Vaxtilə yazdığım “Ruh faktoru” adlı qeydləri xatırladım...
    «Ruh faкtоru»
    (gündəliкdən sətirlər) 14 .ХI.2008
    «Кiyеv. Qar yağmasa da havalar sоyuqdur. Gеyə qırоv düşmüşdü. Burada payız özünün bütün rəngləri ilə bоy vеrməкdədir. Səhər tеzdən səfər yоldaşım Tоfiq Хəlillə Кiyеvdən 80 кm aralıda yеrləşən Bеlıysеrкоv şəhərinə yоla düşdüк. Mən zarafatla dеdim кi, bura Aşıq Ələsgərin vətənidir. Səfər yоldaşım təəyyübləndi. Mən dеdim:- Bеlıysеrкоv-Ağкilsə dеməкdir. Aşıq Ələsgər də Ağкilsə кəndində dоğulub. …Sеrgеy və Valоdya ilə görüşdüк. Оnlar ədəbiyyata, inyəsənətə aid оlmayan adamlardır. Müslüm Maqоmayеvin ölümünə dərindən təəssüf еtdilər. Rəşid Bеhbudоvun nəğmələrərini, Q.Qarayеvin ölməz əsərlərini хatırladılar. Söhbət yazıçılardan düşür. Оnlar Rüstəm Ibrahimbəyоvun adını еhtiramla хatırlayırlar.
    … Rus dilində təzəyə çap оlunmuş «Pyеslər» (“Pğеsı”) кitabımı Yеlizavеta Miхaylоvnaya vеrdim. О, bildirdi кi, кitabı sabah şəhərdəкi Saкsaqanоvsкi adına tеatra təqdim еdəyəк. Mən «sağsağan» sözünün mənasını sоruşuram; məlum оlur кi, bilmir… Söhbət ədəbiyyatdan düşdü və хanım Anarın və Rüstəm Ibrahimbəyоvun əsərləri ilə tanış оlduğunu bildirdi.
    … Aхşam mеhmanхanaya dönürüк. Оtağımıza Кiyеvdə yaşayan ziyalılardan bir nеçəsi təşrif buyurur. Оnlar Uкraynada Azərbayyan mədəniyyətinə sеvgidən söhbət açırlar. Müasir ədəbiyyatımızın Еlçin, Anar, Isa Hüsеynоv, Rüstəm Ibrahimbəyоv, Ə.Əylisli və s. nümayəndələri barədə hamı- Ədalət, Namiq, Еldar, Şaкir, Arif iftiхarla söz açır…
    17.03.2022
    Ukrayna-Rusiya savaşı davam edir. Az qala bütün dünya Rusiyanın üstünə gəlməkdədir. S İqtisadi sanksiyalar bir-birini əvəz etməkdədir. Rusiya rəhbərləri özlərini tox tutmağa çalışsalar da ölkələri göz önündə çökməkdədir.
    Bu savaşda Türkiyə daha çevik hərəkət etməkdədir. Cümhurbaşqanı Ərdoğan hər iki ölkənin (Rusiya və Ukraynanın) rəhbərliyi ilə mütəmadi əlaqə saxlayır, barış təklif edir. Rusiyadan və Ukraynada çoxlu qaçqın, köşkün dəstələri, miqrantlar müxtəlif ölkələrə üz tutmaqdadır. Rus hakimiyyətinin absurd ambisiyası bir sıra xalqlar, habelə bütün dünya üçün təhlükəyə çevrilib.
    Tanrı dünyamızı qorusun....

    21.03.2022
    Rusiya düz yüz il əvvəlki təfəkkür və düşüncədə "ilişib" qalıb.
    Belə ki, SSRİ 1922-ci ildə təsis və təşkil olunub. Aradan bir əsr keçəndən sonra bu şikəst, xəstə "doğulmuş" imperiyanı təzədən yaratmaq mümkündürmü?

    24.03.2022
    Rusiya-Ukrayna müharibəsi get-gedə özünün daha qanlı mərhələsinə qədəm qoyur. Yadınızda varsa, Qarabağda Azərbaycan əsgərinin apardığı əhəmiyyətli əməliyyatı dayandırıb, öz “sülhməramlılarını” göndərən Putin təxminən belə bir söz demişdi:
    -Hər iki tərəfdən adamlar həlak olur, hər iki tərəfdən qan tökülür. Bu kino deyil, bu film deyil... Canlı adamlar ölür. Biz buna sakit baxa bilmərik.
    Kim Putini görsə ondan soruşsun:
    -Bəlkə bu baş verənlər kinodur, filmdir? Bəlkə ölənlər və öldürənlər canlı adamlar deyil, cansız dekorasiyalar, butaforalardır? Sən bu müharibədən nə qazanacaqsan, Putin? Sən kimin və nəyin uğrunda vuruşursan, Rusiya? Bəlkə yaşamaq üçün torpağın azdır?
    Mətni tuscaya da tərcümə edib səhifəmdə paylaşdım.

    Российско-украинская война вступает в самую кровавую фазу. Если помните, Путин, остановивший важную операцию азербайджанского солдата в Карабахе и приславший своих «миротворцев», сказал примерно следующее:
    - С обеих сторон гибнут люди, с обеих сторон проливается кровь. Это не кино... Гибнут живые люди. Мы не можем смотреть на это спокойно.
    Кто увидит Путина, пусть спросит его:
    -A может это кино? Может мертвецы и убийцы не живые люди, а безжизненные декорации, бутафория? Что ты выиграешь от этой войны, Путин?
    А ты, Россия, за кого и за что воюешь?
    Может быть, меньше земли для жизни?

    25.03.2022
    Aprelin 1-də “Sehrbaz” tamaşasının premyerası olacaq. (Bələdiyyə teatrı. Keçmiş Şəhriyar sarayı indiki DTX-nin mədəniyyət mərkəzi). Başım çox qarışıqdır...
    ...Bu gün eşitdim ki, Rza Bərahəni Torontoda (Kanada) vəfat edib. Bu barədə onun oğlanları Oqtay və Arslan Bərahəni sosial mediada məlumat veriblər. Bəlkə də çoxları Bərahəninin yaradıcılığına bələd deyil. O, 1935-ci ildə Təbrizdə doğulub. Azərbaycan türküdür.
    Mən Rza bəylin yaradıcılığı ilə çoxdan tanışam. Təbrizdə əksər evlərdə Şəhriyarla yanaşı onun fotolarını da görmüşəm. Rza bəylə cəmi bir dəfə AYB-də görüşmüşəm. Amma onunla sosial şəbəkədə uzun müddət yazışmışam. Çox səmimi, doğma, duyğusal bir insan idi. Qərb ölkələri onun əsərlərini çox qiymətləndirirdi. Kanadada PEN klubunun rəhbəri idi. Dünyanın bir neçə universitetində ingilis dilində mühazirələr oxuyurdu. O, nəsr əsərlərini fars dilində, şeirlərini isə əsasən Azərbaycan türkcəsində yazırdı. Vətənimizi çox sevirdi.
    O, çox böyük nasir idi. Bir neçə dəfə Nobel mükafatına təqdim edilmişdi. Azərbaycanın müstəqilliyini, Krım tatarlarının bağımsızlığını öz yazılarında müdafiə edirdi.
    Allah rəhmət eləsin.

    26.03.2022
    Bu gün oturub bir xeyli fikirləşdim...
    Axı mənim rus ədəbiyyatına, rus yazıçılarına həmişə rəğbətim olub. Bəs bu rus ziyalı və siyasətçilərində digər xalqlara qarşı, yumşaq desəm, “fərqli” munasibət görəsən nə ilə bağlıdır? Oturub kiçik qeydlər etdim...
    RUS ƏDƏBİYYATINDA ŞOVİNİST LADLAR
    Doğrusunu deyim ki, Ukrayna-Rusiya savaşı başlayandan sonra vaxtilə maraqla, diqqətlə oxuduğum rus klassiklərinin əsərlərinə artıq başqa bir “bucaqdan” yanaşmağa başlamışam. Xüsusən, onların başqa xalqlara münasibəti məni düşündürməkdədir. Həmin “başqalardan” biri də qafqazlılar və müsəlmanlardır.
    Rusiyanın ən böyük şairi, şübhəsiz ki, Puşkindir. Baxaq görək o, Qafqazı necə “tərənnüm” edir?

    Кавказ подо мною. Один в вышине
    Стою над снегами у края стремнины;
    Орел, с отдаленной поднявшись вершин
    Парит неподвижно со мной наравне.

    “Qafqaz altımdadır...”
    Və yaxud “«Смирись, Кавказ, — идет Ермолов!»
    «Но се, восток подъемлет вой!..
    Поникни снежной головой,
    Смирись, Кавказ, — идет Ермолов!»

    Hələ Lermantov... Onun Qafqaza münasibətini bilmək üçün “Çərkəzlər”, “Qafqaz”, “Çərkəz qızı” şeirini oxumaq kifayətdir. Məsələn şair belə deyir:

    Нет! прошлых лет не ожидай,
    Черкес, в отечество своё:
    Свободе прежде милый край
    Приметно гибнет для неё.

    Hələ Yesenin. O, Sərq qadınları haqda nələr demir:

    Мы в России девушек весенних
    На цепи не держим, как собак,
    Поцелуям учимся без денег,
    Без кинжальных хитростей и драк.
    (Tərcüməsi:
    Nazənin qızları Rusiyada bil,
    Zəncirdə it kimi saхlamırıq biz.
    Öpüşlə оnlara vеririk təlim
    Hiyləsiz, davasız, хəncər-nizəsiz.
    (Tərcüməçi: F.M.)
    Hələ həqiqətən dünyanın dahi kimi qəbul etdiyi Tolstoy və Dostoyevskinin əsərlərində (“Hacı Murad” və “Karamazov qardaşları” və s.) “tatatlara”, “islama”, “türkə” istehza çox aydın nəzərə çarpır.
    Xeyr, vallah-billah, mən şəxsən nə şovinist, nə də ki, millətçi ideyalara rəvac verməyin tərəfdarıyam. Sadəcə olaraq, onu demək istəyirəm ki, əsl böyük yazıçı öz əsərlərinə milli ayrıseçkiliyə yol verməməli, bəşəri ideyaları təbliğ etməli, insanlığa xidmət etməlidir...
    ...

    Firuz Mustafa
    Bəlkə yenə qayıtdım

    Hara getsəm yolum uzaq olmadı,
    Səndən qopub yenə sənə qayıtdım.
    Gedən gedir, geri dönmür bir daha,
    Mənsə sənə dönə-dönə qayıtdım.

    Min sınaqdan keçdin, Firuz Mustafa,
    Bu dünyada nə zövq gördün, nə səfa.
    Şükür olsun, zikr eylədi ərafa*,
    Mən ruh olub yenə tənə qayıtdım.

    Getməyimi qoy bilməsin Əzrayıl-
    Öldüyümü baş daşıma yazmayın.
    Məzarımı çox da dərin qazmayın,
    Bu dünyaya bəlkə yenə qayıtdım.

    *Ərafa günü:Peyğəmbərin (s.a.s) Ərafa günü

    Deyincə

    Bir dilin içində min dil gizlənər,
    Dilim dilimlənər “kamus”* deyincə.
    Namusa and içmə gündə min kərə,
    Namussuz tanınar “namus” deyincə.

    Təpəmdən od içrə dağlanar tənim,
    Göyə bülənd olar naləm, sitəmim.
    Kölgələr üstümə yeriyər mənim,
    Sən göyə üz tutub “Ya Söz!” -deyincə.

    Bir zaman bilməzdin nə naz, nə hiylə,
    İndi əlləşirsən sən yerlə, göylə.
    Sevdiyin oğlanın adını söylə,
    “Firuz Mustafa” de “mus-mus” deyincə.

    *Kamus-sözlük, lüğət.

    Belə nəql edilir; Ərəfə günü vəqfa zamanı Allah Talanın cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisədə daha çoxdur.
    (“Ötən əsrdə yazılanlar”dan)

    26.03.2022
    Bakı Bələdiyyə Teatrının "Sehrbaz" tamaşasının premyerası 1 aprel saat 19:00 - da Dövlət təhlükəsizlik xidmətinin mədəniyyət mərkəzində olacaq... Ünvan : Rəşid Behbudov küçəsi 3
    Əsərin müəllifi - Firuz Mustafa
    Tamaşanın quruluşçu rejissoru - Mərahim Fərzəlibəyov
    Tamaşanın bədii rəhbəri - Aynur Muxtarova
    Buyurub gələ bilərsiniz... Dəvətnamə boldur...

    26.03.2022
    Media melumat yayıb ki, Jirinovski ŏlůb, Şoyqu infarkt keçirib, Çubays qaçıb, Puqaçova aradan çıxıb, Kabayeva Rusiyaya deport olunub. Putin bunkerden "emeliyyat" keçirmekde davam edir...

    27.03.2022
    Unudulmuş dünyanın filosofu.
    Unudulmuş filosofun dünyası.
    Hər şey, hər kəs unudulmada.
    Kainat özü boyda sirli ada...























    Firuz Mustafa
    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Reapublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər. Əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    2 dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü
    Fəlsəfə Cəmiyyətinin üzvü
    Qafqaz Yazıçılar Klubunun üzvü
    AYB Dramaturgiya bölümünün rəhbəri
    “Teatr” jurnalının redaktoru



    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)

    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)







    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    •
    •
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Türkiyə Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)





    MÜNDƏRİCAT:

    Gündəliklər. Etüdlər. Eskizlər
    Səh. 03



    Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı
    Səh.322

















    Fi¬ruz MUS¬TA¬FA

    Gündə bir kərpic düşər...
    (gündəliklərdən sətirlər)

    3-cü cild

    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmeil.com

    Tel.:+994 50 413 3572

    Redaktor: Fazil N. Mustafayev

    Bədii tərtibatçı: Aqşin Mustafayev

    Çapa imzalanıb: 22.07.2026
    Bakı.2025, səh.,334


    ©Firuz Mustafa.2026

    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    BAKI-2026

  • noyabr 2026, Firuz M.

  • 1
Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Фируз Мустафа День лошади Повесть и рассказы Баку.2019. фируз мустафа день лошади Повесть. Рассказы. Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

Фируз МУСТАФА Райский Цветок романы Баку.2020 фируз мустафа райский цветок (романы) В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......

Gündəliklər. 5-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 5-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 5-ci cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 4-cü cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 4-cü cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 4-cü cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 3-cü cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (Gündəliklər.Etüdlər) 3-cü cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 3-cü cild Sizə təqdim olunan “Gündə bir......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......