...
  • Qaranquş Yuvası
  • Firuz Mustafa
  • Firuz MUSTAFA

    QARANQUŞ YUVASI
    (qısametrajlı film üçün ssenari)

    1.
    Elman Qasımzadənin yaşadığı ev. Evin qapı və pəncərələri həyətdəki bağçaya açılır.
    Sadə qaydada döşənmiş otaqlardan biri. Divardan şəkillər - mənzərə və portretlər asılmışdır. Elman kresloda əyləşib televizora baxır. Ekranda hərbi marş sədaları altında göstətilən kadrlar - toplar, tanklar, səngərlər, raketlər, əsgərlər sürətlə bir-birini əvəz edir. Zəfər, qələbə atəşfəşanlığı hiss olunmaqdadır.
    Telefon zəngi. Elman Qasımzadə cəld ayağa durur, pultun düyməsini basıb televizorun səsini azaldır, telefonun dəstəyini qaldırır.
    -Bəli. Eşidirəm...
    Telefonda kəsik siqnallar eşidilir: düyy-düyyy-düyyyy...
    Qonşu atağın qapısı açılır. Elmanın anası (Rəhimə xala) bir oğluna, bir də telefona baxır:
    -Elman, kim idi zəng edən?
    -Nə bilim kim idi, ay ana? Kim idisə səsimi eşidən kimi dəstəyi yerinə qoydu...
    -Yəqin yenə odur...
    -“O” kimdir elə?
    -Raminin nişanlısı... Bilirəm ki, səninlə danışmağa utanır. Gərək özüm götürəydim dəstəyi... Çox tərbiyəli qızdır. Xatirəni deyirəm... Hər gün zəng edib Ramini soruşur. Utana-utana deyir ki, nənə, darıxma, Ramin tezliklə sağ-salamat qayıdıb gələcək. Mənə ürək-dirək verir... Bircə onların toyunu görsəydim ölsəm də dərdim olmazdı. Xatirə atasız böyüyüb, Ramin isə anasız...
    Yenə telefon zəngi.
    Elman əli ilə anasına işarə edir. Qadın telefona yaxınlaşır. Dəstəyi götürür. Dəstəkdə gur kişi səsi eşidilir.
    -Salam. Hər vaxtınız xeyir. Elman Qasımzadənin evidir?
    -Bəli. Bu dəqiqə... Elman, gəl, səni istəyirlər.
    Elman telefonun dəstəyini qulağına yaxınlaşdırır:
    -Salam. Buyurun, eşidirəm.
    - Siz Ramin Qasımzadənin atasısınız?
    -Bəli...
    -Sizi narahat edən kapitan Həsənovdur... Zəhmət olmasa hərbi komis- sarlığı gəlin.
    -Nə vaxt?
    -Elə indi.
    -Xeyirdirmi?
    -Bu barədə Siz gələndə danışarıq.
    -Oldu... İndi gəlirəm.
    Televizorda kadrlar və musiqi dəyişir. Həzin melodiya eşidilir.
    Qadın həyəcanla oğluna yaxınlaşır:
    -Nə dedilər, oğul?
    -Hərbi komissarlıqdan zəng vurmuşdular.
    Musiqi səsi tədricən güclənir. Qadın əlini göyə qaldırır:
    -Ay Allah, nəzərini Ramin balamın üstündən əsirgəmə.
    Elman çıxır.
    Qadın əvvəlcə pəncərədən çölə boylanır, sonra həyətə açılan qapıya yaxınlaşır.

    2.
    Kadr dəyişir.
    Hərbi komissarlıqda kiçik kabinet. Elman Qasımzadə və kapitan Həsənov. Hər iksi hüznlü və kədərli bir görkəmdə.
    Kapitan Həsənov:
    -Mən sizin oğlunuzu çox yaxşı xatırlayıram. Qədd-qamətli, cüssəli, idmançı görkəmli bir oğlandı... Onu döyüşə buradan yola saldıq. Amma dediyim kimi... Bəli, o, şəhid olub. Mən də atayam...
    Elman Qasımzadə başını əlləri arasına alıb bir müddət susur. Sonra diqqətlə qarşısındakı hərbi geyimli adamı süzür və handan-hana dillənir:
    -Yaxşı, indi biz nə etməliyik?
    -Mən artıq sizə mövcud vəziyyəti izah etdim. Düşmən tərəf bizimlə danışıqda ortaya şərt qoyub. Deyirlər ki, Ramin Qasımzadənin nəşini yalnız dəyişmə yolu ilə qaytara bilərik. Özü də üçüncü ölkənin sərhəddində...
    -Kiminlə dəyişmək istəyirlər?
    -Hansısa bir hərbçi ilə...
    -İndi belə bir hərbçi varmı?
    -Bəli, var... Var belə bir hərbçi...
    Ani sükut. Elman Qasımzadə diqqət kəsilib kapitanın sözünü bitirməsini gözləyir.


    3.
    Hərbi komissarlığın həyətindən səs-küy eşidilir. Uca səslə (səsgücləndirici ilə) adamların, çox güman ki, könüllü və ya çağırışçıların siyahısı oxunur:
    -Əhmədov Tural Məmməd oğlu...
    -Tağıyev Əkrəm İmran oğlu...
    -Kazımova Səidə Talıb qızı...
    Siyahının oxunuşu davam etdirilir...

    4.
    Elman Qasımzadə və kapitan Həsənov kabinetdən çıxıb həyətdəki hərbi minik maşınına yaxınlaşırlar. Kapitan maşını işə salır. Uğultu eşidilir.

    5.
    Elman Qasımzadənin evinin həyəti. Kiçik bağça.
    Həyətdə səliqə ilə sıralanmış gül-çiçək kolları. Meyvə və bəzək ağacları. Krandan axan suyun şırıltısı eşidilir. Həyətdə, ağacların əhatəsində iri stol və həmin stolun ətrafında kətillər.
    Elmanın anası Rəhimə xala ilə Xatirə həyətdə söhbət edirlər.
    Telefon zəngi. Rəhimə xala cəld içəri keçir. Xatirə şüşənin (pəncərənin) arxasında həyəcanla danışan qadına diqqət kəsilir. Rəhimə xala əl-qolla danışır, nəyisə izah edir.
    Bağçadakı quşların səsi eşidilir.
    Az sonra qadın evin həyətindəki bağçaya qayıdır...
    Rəhimə xala:
    -Hə, qızım, düz deyirmişsən, Ramin sağ-salamat imiş...
    -Nə gözəl bir xəbər, Rəhimə xala...
    -Gözəl günün olsun, ay Xatirə bala... İndi Elman idi zəng edən. Dedi ki, Ramindən xəbər vat.
    -Oooy, nə gözəl...
    -Dedi ki, evə gec gəlsəm nigaran olma...
    -Bəs görəsən niyə belə gec?
    Qadın bir qədər duruxur.
    -Doğrudan da, niyə gec? Düzü, bunu nə o dedi, nə də mən soruşdum.
    Xatirə sanki öz-özünə danışırmış kimi asta səslə:
    -Görəsən, Ramin yaralanmayıb ki? Bəs o, indiyəcən harada imiş? Bəlkə əsir düşübmüş?
    Küçədə maşın siqnalları eşidilir.
    Rəhimə xala:
    -Qonşumuzun evində toy-bayramdır... Uşaqları sağ-salamat qayıdıb müharibədən...

    6.
    Yol. Hərbi minik maşını. Maşında Elman Qasımzadə və kapitan Həsənov. Həmin maşının arxasınca daha iki maşın gəlir: maşınların üstündə qızrmızı xaç şəkli və ağ bayraqlar görünür.
    Kapitan Həsənov:
    -Bizimlə onların arasında danışıqları Beynəlxalq Qırmızı xaç komitəsinin nümayəndələri aparıb. Elə meyitləri də bu təşkilatın təşəbbüsüynən dəyişməliyik.
    -O tərəfin adamları ilə harada görüşəcəyik?
    -Sərhəddə... Daha doğrusu, neytral zonada.
    Elman Qasımzadə:
    -Bəlkə bir az ayaq saxlayaq?
    -Nəyə görə?
    -Mən ta dözə bilmirəm.
    -Səbrli olmalıyıq, Elman müəllim... Başqa çarə yoxdur.
    -Ciyərim yanır. Siqaret çəkmək istəyirəm.
    -Eybi yoxdur, elə maşında çəkin...
    Elman Qasımzadə siqareti odlayıb tüstünü acgözlüklə ciyərinə çəkir.
    Qırmızı Xaça məxsus olan, üstü ağ bayraqlı maşınlar arxadan sürətlə irəliləyərək hərbi komissarlığın maşınınını ötüb keçir.

    7.
    Yerevan-Tiflis yolu. Sürətlə hərəkət edən hərbi maşını müşayiət edən Beynəlxalq Qırmızı xaç qurumuna məxsus iki maşın sürətlə Gürcüstan sərhəddinə doğru irəliləyir.
    Hərbi maşında iki adam var: hərbi geyimli kişi-sürücü və qara paltarlı qadın. Qadının başında qara yaylıq var. Bu, Seda Arslanovna Manukyandır.
    Qadın əsəbi halda üzünü hərbi geyimli adama sarı çevirərək:
    - Ayspisov, na viravorvets’ yev geri ynkav...
    (Tərcüməsi: Deməli, o, yaralanıb, sonra əsir düşüb...). (Bundan sonra davam edən söhbətin tərcüməsi yazılı subtirlərlə verilir).
    Hərbçi:
    -Bəli. İşxanı yaralı vəziyyətdə əsir götürüblər. Huşu özündə olmayıb. O, yaralanmasaydı əsir düşməzdi... O, çox igid, qoçaq bir oğlan idi. Siz onunla fəxr etməlisiz. Elə biz də...
    -Görəsən onun yaraları necədir?
    Hərbi geyimli adam çiyinlərini çəkir:
    -Yaraları? Hə, “yaraları necədir”? Nə mənada?
    Qadın əsəbi halda:
    -“Nə mənada...” Onun əl-ayağı, baş-gözü salamatdırmı? Mən bunu bilmək istəyirəm.Bu “mənada”.
    -Doğrusu, mən bunu dəqiq bilmirəm. Hərbi komissarlıqdan belə bir əmr gəldi ki, İşxan Manukyanın... İsxan Manukyanı onların bir zabiti ilə dəyişmək lazımdır...
    -Məhz zabit ilə?
    -Bəli, zabiti yalnız zabitlə dəyişmək olar. Axı sizin oğlunuz da...
    -Hə, o, bu yaxınlarda kapitan rütbəsi almışdı...
    -Bilirəm... Məlumatım var.

    8.
    Arxadan Beynəlxalq Qırmızı Xaça komitəsinə məxsus maşınlar gəlir. Maşınlardan birində dörd nəfər adam var. Digər maşında cəmi bir sürücü nəzərə çarpır. Həmin maşının arxa tərəf salonunda taxta tabut görünür.
    Yol boyu bir-birini əvəz edən məntəqə, ərazi və yer göstəriciləri-yazılı lövhələr. Həmin lövhələr iki dildə yazılıb-erməni və ingilis dillərində. Maşındakılar ingilis dilində danışırlar:
    -Dedilər ki, oğlunun öldüyünü hələlik ona deməyək...
    -Qadına yazığım gəlir. Axı o, bir azdan sonra hər şeyi görəcək.
    -Əslində onu psixoloji cəhətdən hazırlamaq lazım idi.
    -Eh, sən də, Con... İndi psixoloq vaxtıdır? Qadının oğlu hansı şəraitdə ölüb?
    -Döyüşdə yaralanıb... O tərəfin- Azərbaycan tərəfin hərbçiləri onu qospitala çatdırıblar. Oğlan elə əməliyyat stolunda keçinib... Hə, unutdum, nədir onun adı?
    -İşxan Manukyan...
    -Anasının adı Seda Manukyandır...
    -Qoy adlarını dəftərçəyə və yaddaşıma qeyd edim...
    Əməkdaşlardan biri ratsiya ilə kiminləsə (ingilis dilində) danışır:
    -Bəli, bəli... Yoldayıq. Mənzil başına çox az qalıb...

    9.
    Elman Qasımzadə və kapitan Həsənov yenə həmin maşınların müşaiyəti ilə yol gedirlər. Elman siqaretini tüstülədir.
    Kapitan Həsənov:
    -Elman, qardaşım, sizin cəmi bir övladınız vardı?
    Elman uzun müddət susur, fikrə gedir. Handan-hana dillənir:
    -Biri də vardı...
    Susurlar.
    Elmanın gözünün qarşısından övladlarının uşaqlığını canlandıran kadrlar ötüb keçir. Oğlanları (Ramin və Elxan) həyətdəki bağçada “dava-dava” oynayırlar. Uşaqların əlində oyuncaq silahlar var. Onlar tez-tez ağacların arxasına keçib bir-birinə “atəş” açırlar. Ailə üzvləri (Rəhimə xala, Elman və gənc qadın) həyətdəki mizin arxasında əyləşib çay işir, deyib-gülürlər....
    ... Kapitan Həsənov:
    -Həyat çox qəribədir.
    -Həyatı yaxşı da edən bizik, pis də edən... Həyat neyləsin?
    -Elədir... (Pauza). Sərhəddə az qalır.

    10.
    Elman Qasımzadənin evinin həyətindəki kiçik bağça.
    Xatirə və Rəhimə xala.
    Telefon zəngi. Rəhimə xala cəld hərəkətlə otağa keçib telefonun dəstəyini götürür. Kiminləsə danışıb geri qayıdır.
    Rəhimə xala:
    -“Cib telefonu”nun dilini bilmirəm deyə, həm özüm əziyyət çəkirəm, həm də məni axtaranlara əziyyət verirəm.
    Xatirə gülərək deyir:
    -Mobil telefonu deyirsiz, xala?
    -Hə, onu deyirəm. (Gülür). Mobili... Elman idi zəng vuran. Dedi ki, ana, nigaran olma, Tiflis tərəfə gedirəm... Yaxşı, görəsən onun Tiflisdə nə işi?
    Xatirə düşüncəli halda:
    -Yəqin nəsə işi var oralarda...

    11.
    Hərbi geyimli kişi və Seda Beynəlxalq Qırmızı Xaç komitəsinə məxsus maşınların müşayiəti ilə yol gedirlər.
    Gürcüstan ərazisi. Yol boyu məntəqə, ərazi və yer adlarının yazıldığı lövhələr bir-birini əvəz edir. Həmin lövhələr iki dildə- gürcü və ingilis dillərində yazılıb.
    Kişi:
    -Yaxşı ki, Gürcüstan gömrüyündə bizi çox ləngitmədilər.
    Seva:
    -Hə, elədir... Gürcülər bürokratiyanı aradan qaldırıblar.
    Kişi qadına sarı dönüb hiss olunacaq bir ehtiyatla:
    -Sizin oğlunuz Azərbaycanda doğulub?- deyə, soruşur.
    Qadın da eyni ovqatla cavab verir:
    -Bəli... Təkcə oğlum yox, elə mən özüm də orada anadan olmuşam. Mən bunu niyə gizlətməliyəm ki?
    -Mən bunu elə-belə soruşdum... Bilirəm ki, siz vətənpərvər qadınsınız...
    -Hmmm... “Vətənpərvər...” Xeyr mən siz deyən “patriotlardan” deyiləm. Bəyəm mənim Vətənim var ki, özüm də vətənpərvər olum...
    Qadının əsəbi sualı hərbçini diksindirir; hərbçi çiynini çəkib susur və diqqətlə yola baxır.
    Seda öz-özünə danışırmış kimi dodaqaltı pıçıldayır:
    -Orada mənim yaxınlarım qalıb. Mən onlarıb taleyindən bixəbərəm...
    Sürücü tərs-tərs qadını süzür.
    Susurlar.
    Musiqi. Həzin melodiya.


    12.
    Elman Qasımzadənin getdiyi hərbi maşının arxasınca gələn Qırmızı xaça məxsus, üstündə ağ bayraqlar dalğalanan iki maşın tədricən sürətini azaldır. Maşınlardan birində Qırmızı xaçın dörd nəfər əməkdaşı var. Digər maşında cəmi bir sürücü görünür.
    Maşındakılar ingilis dilində söhbət edirlər.
    -Yəqin ki, zabitin atası real vəziyyətdən xəbırdardır.
    -Əlbəttə, o bilir ki, oğlunun meyitini apardığımız bu zabitin meyiti ilə dəyişəcəyik.
    -Yaxşı ki, müharibə başa çatdı. Yoxsa biz hələ uzun müddət bu “dəyişmələrlə” məşğul olacaydıq.
    -Zabitin ad-familiyasını qeyd etmisizmi?
    -Əlbəttə... Ramin Qasımzadə. Döyüşə könüllü gedibmiş.
    Əməkdaşlardan biri ratsiya ilə kiminləsə danışır:
    -Bəli, bəli... Biz sərhəddə yaxınlaşırıq.

    13.
    Rəhimə xala sanki yanındakı gənc qızla – Xatirə ilə deyil, öz-özü ilə söhbət edir.
    Rəhimə xala əlini yuxarı qaldırıb evin çardağını göstərir:
    -Yadımdadır, Raminlə Elxan kiçik olarkən orada- çardağın altında iki haçaquyruq qaranquş yuva qurmuşdu. Onlar bir ailə idilər. Quşlar hər il yuvada iki yumurta qoyar, iki bala çıxarardılar. Təəccüb edirdim ki, axı niyə iki yumurta?.. Düzü, bunun niyə belə olduğunu heç indi də anlamıram... Hə, neçə il idi ki, onlar bu minvalla nəsil artırırdılar... Bəlkə də o erkən gələn qaranquşlar ölmüşdü, bəlkə də yerinə onların balaları gəlirdi. Axı onlar hamısı bir-birinə oxşayır... Hər nə isə, bu payız qaranquşlar gəlmədilər. Odur, yuvaları da boşdur. Yaman pis oldum bu işə...
    Xatirə:
    -İnşallah, gələn il gələrlər.
    Rəhimə xala:
    -İnanmıram. Çətin... Deyirlər, qaranquşlar da adamlar kimidir. Öz yuvalarından perik düşəndən sonra bir daha geri dönmürlər...

    14.
    Neytral zona. İki müxtəlif istiqamətdən gələn maşınlar bir-birinə yaxınlaşır. Qırmızı Xaça məxsus maşınlardakı əməkdaşlar ratsiya vasitəsi ilə kiminləsə danışaraq bir-birlərinə yaxınlaşırlar.
    Seda və hərbi geyimli adam nə barədəsə danışırlar.
    Qəmli, hüznlü melodiya səslənir.

    15.
    Elman Qasımzadə və kapitan Həsənov yol gəlirlər.
    Kapitan Həsənov:
    -O tərəfin adamları artıq sərhədə çatıb...
    Elman Qasımzadə susur...

    16.
    -Gəlin cəmi bir dəfə bir tanış vasitəsi ilə xəbər göndərmişdi... Deyib ki, öz əlimlə öz yuvamı dağıtdım.... Eh, ay bala, dağılan yuvaya qayıtmaq olurmu?
    Yenə uşaqların həyatının bir parçasını əks etdirən kadrlar. Musiqi.
    Kadrdakı Kişi (Elman) və qadın çox gəncdirlər. Kişi Raminin və qadın isə Elxanın əlindən tutub. Uşaqların hər ikisinin əllərindən biri valideynlərinin ovcunda olsalar da, onlar digər əlləri ilə oyuncaq silahı sinələrinə sıxıblar. Hiss olunur ki, ailə üzvləri- kişi və qadın bir-birlərindən ayrılırlar. İndikinə nisbətən xeyli gənc olan Rəhimə xala öz oğlu ilə gəlininin boynunu qucaqlayır.

    17.
    Neytral zona.
    Beynəlxalq Qırmızı Xaç komitəsinin əməkdaşları bir-birləri ilə görüıüb ingilis dilində qısa söhbət edirlər.
    -İşləriniz necə gedir?
    -Hər şey öz qaydasındadır. Bəs sizdə nə var nə yox?
    -İndiyəcən gecə-gündüz işləyirdik... Yaxşı ki, bu müharibə başa çatdı... Necə deyərlər, toplar susdu.
    -Düzdür, toplar susdu... Amma o topların əks-sədası hələ uzun illər sumayacaq.
    -Elədir. Təəssüf ki, reallıq belədir.

    18.
    Əvvəlcə hərbi geyimli adam, sonra onun arxasınca Seda maşından yerə düşürlər.
    Seda:
    -Mən bir azdan oğlumu görəcəyəm...
    Hərbi geyimli adam başını aşağı salıb dinmir. Seda təəccüblə onu süzür.
    Seda:
    -Elə deyilmi, kapitan?
    Uzun bir fasilə.
    Hərbi geyimli adam günahkar kimi matdım-matdım qadının üzünə baxır və handan-hana dillənir:
    -Elədir... Siz oğlunuzu görəcəksiniz. Amma...
    İri planda qadının böyümüş, hiddətli, qəzəb dolu gözləri.
    Qadın ucadan:
    -Nə “amma”... Mən sizi anlamadım...
    Hərbi geyimli adam əlləri iləüzünü qapayır. Onun çiyni titrəyir.
    -Seda Arslanovna, artıq İşxan Manukyan yoxdur...
    Qadın onun yaxasından tutur:
    -Necə yəni yoxdur...
    -Bəli, acı da olsa, bu belədir... O, toraqlarımız uğrunda gedən döyüşlərdə...
    Qadın qıyya çəkir.
    -Nə? Nə? Mənim balam yoxdur?
    -Bəli... Acı da olsa bu, belədir...
    Qadın hiddətlə hərbi geyimli adamın paqonlarından yapışıb qışqırır:
    -Bəs bayaqdan, yolboyu mənə danışdığınız nağıllar nə idi? Sizin hamınız bişərəfsiniz. Sizin hamınız yalançı və əclafsınız. Siz neçə müddət idi ki, ordunuzun qəhrəmanlığından, qələbəsindən danışırdınız... Hanı sizin qələbəniz? Hanı mənim oğlum... Mən nifrət edirəm sizin hamınıza. Mən... mən... Mənim oğlum...
    -O, torpaq uğrunda, vətən uğrunda, millət yolunda həlak olub.
    -Mən nə o torpağı, nə də o vətəni görmək istəmirəm... Lap elə o milləti də...
    -Sanki siz ayrı bir millətin adamısız...
    - Bəsdir... Verin mənim balamı...
    Zabitin çiynindəki paqonlardan biri qopub yerə düşür. Qadın bunun fərqində deyil, o, bir daha zabitin yaxasından yapışır. Zabit əyilərək yerə düşmüş paqonunu götürüb əvvəlcə qeyri-ixtiyari çiyninə, sonra isə cibinə qoyur.
    Qırmızı Xaçın əməkdaşları maşınlardan düşüb onlara yaxınlaşırlar.
    Seda haray çəkir:
    -Verin mənim balamı...
    Qadın saçını yolur.

    19.
    Elman Qasımzadə və kapitan Həsənov sərhəd məntəqəsinə çatırlar. Az sonra onlar neytral zonaya daxil olurlar. Arxadan gələn Qırmızı Xaça məxsus maşınlar dövrə vurub dayanır. Əməkdaşlar maşından düşüb qarşıdakı maşınlara yaxınlaşırlar.

    20.
    Qızıl Xaçın əməkdaşları və hərbi geyimli adam maşınlardan tabutları ehtiyatla aşağı endirirlər.
    Seda qıyya çəkib maşından düşürülən tabuta yaxınlaşır.
    Elman hıçqıraraq əks istiqamətdən gətirilən tabuta yaxınlaşır.
    Tabutlar yerdəki taxta lövhə üzərinə sərilmiş qara parçanın üstünə endirilir. Hər iki tabut yan-yana qoyulur. Onlar eyni ölçüdədir. Seda başındakı yaylığı açıb oğlunun tabutunun üstünə atır. Diz çökür.

    21.
    Elman oğlunun tabutuna yaxınlaşır. Əyilib oğlunun tabutunu öpür. Və elə bu an Seda ilə Elmanın baxışları qarşılaşır. Onlar bir müddət bir-birlərini diqqətlə süzür. Sonra daş heykəllər kimi donub qalırlar.

    22.
    Tahirə xanım ilə Xatirənin söhbəti davam edir.
    Rəhimə xala:
    -Yaman nigaranam... Elman balamdan bir xəbər çıxmadı... Elə Ramindən də...
    Araya qısa bir sükut düşür.
    Sükutu Xatirə pozur:
    - Rəhimə xala, Elman əmi Tiflisə bəlkə elə oğlu ilə görüşməyə gedib? Harada olsalar, indilərdə gələrlər.
    Hər ikisi susur.

    23.
    Neytral zona.
    Seda diqqətlə qarşısındakı adamı süzərək:
    -Elman? Bu sənsən? Xeyir ola? Yoxsa...
    Elman yanaşı qoyulmuş tabutlara baxıb astadan deyir:
    -Seda?.. Bəs sən nə gəzirsən burada?..
    Qadın tabuta işarə ilə:
    -Mən balamın arxasınca gəlmişəm.
    Elman:
    -Elə mən də...
    Qadın əyilib tabutları qucaqlayır:
    -Aman Allah, bu nə fəlakətdir. Can, mənim balalarım... Mənim ürəyimin parçaları... Elxan balam, Ramin balam... Caaan... Ay adamlar, bu, bəlkə yuxudur? Mən niyə ölmürəm? Mənim kimi də daş ürəkli ana olar?
    Və sonra dodaqaltı nəsə pıçıldayır, sanki qoşa nənnilərdəki körpələrə lay-lay deyir... Daha sonra o, yumruqla öz başına vurur, əli ilə saçını yolmağa başlayır.
    Ətrfdakılar təəccüblə onlara baxır, pıçıldaşırlar.
    Elman keçmiş arvadına yaxınlaşıb onu sakitləşdirmək istəyir:
    -Dayan... Sən nə edirsən?
    -Mən özümü öldürəcəyəm, Elman. Mən nə üçün... Lap elə sən də... Biz niyə yaşayırıq? Axı biz ölməliyik, bunlar yox...
    -Günah kimdədir?
    -İndi günah axtarmaq yeri deyil... (Pauza). Əlbəttə, bütün günahların sahibi analardır. Övlad doğduqları üçün də, o övladları böyütdükləri üçün də... Elə onları ölümə göndərdikləri üçün də... Yox, Elxanı mən göndərməmişdim. O, ölümün ağzına könüllü getmişdi.
    -Elə Ramin də könüllü getmişdi...
    -Axı biz sakit, dinc həyatımızı yaşayırdıq... Sən, sən, nə vaxt...
    -Bu gün hərbi komissarlıqdan zəng vurub dedilər ki...
    -Mən bir neçə gün əvvəl eşitdim... Amma mənə demişdilər ki, o, sağdır. Doğrudanmı mənim balalarım artıq yoxdur?
    Qadın iki tabutun arasında diz çökür:
    -Bəlkə də onlar bir-birinə atəş açıb öldürüblər. Allah bilir, bəlkə də qardaş qatili elə qardaşın özüdür. Elxanın əsgər dostları dedilər ki, o, əlbəyaxa döyüşdə həlak olub...
    Elman əlləri əsə-əsə siqaret alışdırır, tüstünü qəzəblə ciyərinə çəkərək dillənir:
    -Elədir. Kim bilir, bəlkə də döyüş vaxtı onlar üz-üzə gəliblər. Axı onlar bir-birini tanımırdı.
    Seda tabutları bağrına basıb öpür. Sonra əli ilə sinəsinə döyəcləyir:
    -Sən niyə ölmürsən, Seda? İndiyəcən bunun üçünmü yaşayırdın? İki övlad dağını eyni vaxtda görmək üçünmü? İlahi, bu nə fəlakətdir mənim başıma gətirirsən?
    Adamlar tabutlara yaxınlaşırlar. Hiss olunur ki, onlar yola düşməyə tələsirlər.
    Seda qollarını tabutlara dolayaraq qışqırır:
    -Dayanın... Elman, sən də dayan... İndi mən yuvası dağılmış bir qaranquşam... Mən bir daha gəldiyim o bayquş yuvasına qayıtmayacağam. Ta mənim yuvam dağılıb... Barı qoyun balalarımın məzarı qoşa olsun... Ta mən bir daha geri qayıtmayacağam...
    Hərbi geyimli adam qadına yaxınlaşır:
    -Seda Arslanovna, siz niyə belə danışırsınız?
    -Mən o xarabaya qayıtmayacağam...
    -Hər halda İşxan Manukyan vətən uğrunda ölüb...
    -Artıq ora mənim vətənim deyil... O, mənim oğlumun qatilidir.
    -Kim? Nə?
    -Sizin vətən hesab etdiyiniz yer... Bəyəm Vətən öz övladlarının qanını içməlidir?
    Hərbi geyimli adam başını yelləyir.
    Xatirələr yenidən canlanır. Elmanın evinin kiçik həyəti. İki uşaq- Ramin və Elxan “dava-dava” oynayırlar. Onların əllərində uşaq oyuncaq silahları. Uşaqlar əvvəlcə bir-birini qovur, sonra ağacların arxasında gizlənir və “səngərdən” bir-birinə “atəş” açırlar. Bütün bunlar yavaşıdılmış kadrlarda əks olunur.

    24.
    Rəhimə xala otağa keçir. Diqqətlə divardakı şəkillərə baxır. Onun baxışları Ramin və Elxanın fotoları üzərində dayanır. Sanki bu dəm Atəş səsi eşidilir. Qadın diksinib divana çökür.

    25.
    Elman Sedaya yaxınlaşır. Onlar diqqətlə bir-birini süzürlər. Sanki bu anlarda onların baxışları danışır.
    Hamı bir-birinin üzünə baxır. Sonra adamların diqqəti Elmanin üzünə yönəlir. Elman etiraz əlaməti olaraq başını astaca yelləyir. Adamlar çiyinlərini irəli verib tabutları qaldırırlar. Tabutlar “dəyişdirilir”. Elmangili müşayiət edən maşındakı tabut Sedagili müşayiət edən maşının salonuna qoyulur. Digər maşından endirilmiş tabut isə Elmangili izləyən maşına sarı aparılır.
    Seda və Elman dönüb uzun-uzadı bir-birlərinə baxırlar. Maşınlar tərpənir. Uzaqda sürəkli atəş və sonra marş sədaları eşidilir.

    SON


    İ ş t i r a k ç ı l a r:

    Elman Qasımzadə
    Seda Arslanovna Manukyan
    Rəhimə xala
    Xatirə
    Kapitan Həsənov
    Hərbi geyimli adam
    Sürücülər
    Beynəlxalq Qırmızı xaç və Qızıl Aypara komitələrinin nümayəndələri
    Ramin və Elxanın uşaqlıq görüntüləri

    M ə k a n: mənzil, evin həyətindəki bağça, hərbi komissarlıqda kabinet, yol, sərhəd məntəqəsi, minik maşının kabinəsi, neytral zona.

    Çəkilişə gərək ola biləcək vasitələr: Qırmızı Xaç və ya Qızıl Aypara təşkilatına məxsus maşınlar, iki hərbi minik maşını, televizor, səsgücləndirici, iki tabut, şəkillər.


    Qısa s ü j e t və sinopsis
    Elman Qasımzadənin mənzilindəki telefon zəng çalır. Onu rayonun hərbi komissarlığına dəvət edirlər. Elmanın anası Rəhimə xala oğlunun qəfil gedişindən narahatlıq hissi keçirir.
    Xatirə ilə Rəhilə xalanın dialoqundan belə anlaşılır ki, Elmanın oğlu Ramin cəbhədədir. O da məlum olur ki, Elmanın həyat yoldaşı vaxtilə ərindən ayrılaraq qonşu ölkəyə köçüb. Ailədəki iki oğlan uşağından biri (Ramin) öz atası və nənəsi ilə qalıb, digər uşağı (Elxanı) isə anası Seda özü ilə aparıb.
    Hərbi komissarlığın əməkdaşı, kapitan Həsənov ehtiyatla Elmana zabit oğlunun- Raminin döyüşlərdə həlak olduğunu bildirir. İndi Raminin nəşin düşmən
    tərəfin bir zabitinin meyiti ilə dəyişmək lazımdır. Meyitləri, əldə olunan razılığa əsasən, üçüncü dövlətin (Gürcüstanın) sərhəddində dəyişmək təklif olunur. Həlak olmuş zabilərtin meyitini dəyişdirilməsi prosesi Beynəlxalq Qırmızı xaç komitəsi əməkdaşlarının müşaiyəti ilə sərhəddə aparırlar.
    Beləliklə, bir tərəfdən Elman Qasımzadə, digər tərəfdən (qonşu dövlətdən) isə Seda öz zabit övladlarının meyitlərini dəyişdirmək üçün yola düşürlər.
    Bir-biri ilə müharibə vəziyyətində olan iki ölkənin iki həlak olmuş zabitininin nəşi sərhəd zolağına-neyrtal zonaya gətirilir. Meyitlərin qarşılıqlı “mübadiləsi” prosesində keçmiş ər-arvad, yəni Elman və Seda bir-birlərini tanıyırlar. Belə məlum olur ki, həlak olan və indi “dəyişdirilməyə” gətirilən tabutdakı zabitlər onların, yəni Seva ilə Elmanın doğma övladları- Ramin və Elxandır. Onlar doğma qardaşlardır. Hər iki valideyn öz övladlarının tabutu qarşısında sarsılıb diz çökürlər. Amma artıq gecdir. Hərə öz övladının nəşini götürüb əks istiqamətlərə yola düşür.

    Tel:+ 994 50 4133572
    El.ünvan: firuz_52@mail.ru (firuzmustafa52@gmail.com)

    İnformasiya bazası: https://az.wikipedia.org/wiki/Firuz_Mustafa

    Firuz Mustafa



  • noyabr 2023, Firuz M.

  • 666
Mənim Möcüzəm

Şümşəd Hüseynova

Dərsi sevdirən, həmçinin nifrət etdirən də müəllimdir. 10 illik məktəb həyatımda 5 il bəlkə də həyatıma qızıl hərflərlə yazılıb. Geriyə baxanda hələ də ürəyimdə bir......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Sonuncu Poçt

Rüfət Abbasov

Dağların qoynunda unudulmuş bir kənddə, artıq illərin təsirindən rəngi solmuş və divarları çatlamış köhnə bir poçt binası vardı. Orada işləyən tək işçi – Cavid, bu......

Sən deyilmişsən

Ela

darıxdığım gözümün işığı. gözlərində itmək istədiyim, gülüşünə pənah apardığım, qucaqlamaq üçün can atdığım. ... Sənə deyilmiş küskünlüyüm. Sənə deyilmiş qırılmaqlarım,......

Qapı

Ela

Yenə çöldə idim... Nə zaman isti bir yuvam olmuşdu, deyə düşünmədim deyil, təbii ki. Kimə yox demişdim, qucaqlamaq istəyəndə? Kim qulağımı çəkəndə üzümü çevirdim ki.........

Yaxşı övlad kimdir?

Şümşəd Hüseynova

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

"Kitabxananın Unudulduğu Şəhər"

Şümşəd Hüseynova

Gənc bir oxucu olaraq deyə bilərəm ki, mütaliə edilməmiş bir həyatı həyat hesab etmirəm. Bu gün də sizə yaşadığım bir anı danışacağam. Doğulduğum şəhər balaca......

Darıxmaq

Ela

Darıxsalar hiss edərik? Darıxsaq hiss edərlər? Sən... darıxsam hiss edərsən? Bəzən sizə də elə gəlir ki, kimsənin həsrətini çəkməliyik, kimsə üçün burnumuzun ucu göynəməlidir? Çox......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yeni ilə ilk qədəmlər...

Şümşəd Hüseynova

Aylarla gözlədiyimiz yeni ilə ilk addımlarımızı atdıq. Nə isə dəyişdi? Yox, dəyişən tək şey var, dörd yerinə beş yazacağıq. Bilmirəm, bəlkə də mənim içimdə bir......