...
  • Sonuncu Adam (monodram)
  • Firuz Mustafa

  • Firuz Mustafa

    SONUNCU ADAM
    (monodram)

    İştirakçı:
    Adam

    Tamaşa boyu Adamı Qapan adlı it müşayiət edir.

    Musiqi. Uca qüllə. Bir tərəfdə mavi dəniz, digər tərəfdə uzaq evlərin kirəmitli çardaqları görünür. Qüllənin başından asılmış fanar ətrafa solğun işıq yayır. Adam qüllənin üstündə dayanıb. Onun boynundan durbin asılıb. Əynində nimdaş geyim var. Sir-sifətini tük basıb. Hərdən yaxınlıqdan itin- Qapanın ulartısı eşidilir. Adam durbini gözünə yaxınlaşdırıb yuxarı baxır, sanki göydə nə baş verdiyini öyrənmək istəyir.

    ADAM: - (Ucadan). Eheyyy... Harada qaldın, Qapan? Yuxarı qalx. Yuxarı dırmaş deyirəm sənə. Niyə gözünü döyürsən? Eşitmirsən? Yoxsa qorxursan? Qorxma. Qorxan gözə çöp düşər. Tez ol, tez... Dırmaş... Buradan bütün Ada ovuc içi kimi görünür. Axmaq, sən neçə ildir bu Adada yaşayırsan, amma onu heç vaxt düz-əməlli görməmisən.

    İt hürür. Adam durbini gözündən uzaqlaşdırır.

    Mən sənə danışmaq öyrədəcəm, köpək oğlu köpək. Daha adamlarla söhbət etmək istəmirəm. Çünki nə adamlar məni anlayır, nə də mən adamları... Əslində indiyəcən başıma gələn bəlaların çoxu elə bununla bağlı olub. Mən tərs öküz kimi bir yana dartmışam, adamlarsa başqa bir yana...
    Ağlım kəsəndən mənə elə gəlib ki, adamların heç biri düz-əməlli danışa bilmir. Danışırlar ey... Amma düz danışmırlar, yalan üyüdürlər. Onlar ya danışdıqlarının üstünə nəsə qoyur, ya da nəyisə üstündən götürürlər. Yəni saxtakarlıq edirlər. Elə mən özüm də çox vaxt düz danışmıram. Mənim düz hesab etdiklərimi adamlar yalan kimi qəbul edirlər. Hə, bəzən də əksinə olur..
    Ehh... Mən bir vaxtlar az-çox danışa bildiyim dili də az qala tamam unutmuşdum. Bu, uzun əhvalatdır...
    Qaplan, nə oldu sənə? Yuxarı qalxmırsan?

    Əvvəlcə it zəngiltisi, sonra uzaqdan uğultu səsi eşidilir.

    Hə, onu deyirəm... Mən “orada” olarkən uzun müddət “təkadamlıqda” yaşamalı oldum. Bax indi buradan mənim yatdığım o həbsxana aydın görünür. Düzdür, Adanın əksər adamları, xüsusən yaşlılar indiyəcən oraya çox vaxt “qazamat” deyirlər. Amma adına nə deyirlər desinlər, ora əsl ölümxanadır. Əslində bu Ada vaxtilə başdan-başa həbsxana ərazisi olub. Amma sonralar iş elə gətirib ki, həbs müddəti başa çatan adamların çoxu Adanı özlərinə yaşayış yeri kimi seçiblər. Ax, axmaq adamlar... Başqa yer seçmək başınıza qəhət idi?..
    Hə, mən qazamatdakı “təkadamlıqda” qalarkən əvvəllər az qala havalanmışdım. Danışmağa bir kimsə yox, səssizlikdən qulaq cingildəyir... Arada pəncərə açılanda dənizin xışıltısı eşidilirdi. Bir vaxt ayılıb gördüm ki, bu minvalla mən danışmağı yadırğayacam. Yəni az-çox bildiyim dil, gözgörəti yadımdan çıxmaqda idi. Bəlkə də belə deyildi, amma mənə belə gəlirdi. Nəsə bir şey fikirləşib tapmaq lazım idi. Əvvəlcə özüm-özümlə danışmağa başladım. Amma adam nə qədər özü özünə sual verər, özü özünü söyər, adam özünü nə qədər asıb-kəsər? Bu cür “danışıq” məni bezdirdi...
    Sonra özümçün yeni “danışıq üsulları” kəşf etməyə başladım. Məsələn, taxta qaşıqla bomboz divarı taqqıldadırdım. O qaşıq hələ də cibimdədir. (Cibindən çıxartdığı qaşıqla qülləyə vurur). Hə, bax belə. Üç dəfə vururdum və soruşurdum: “Necəsən, divar? Yaxşısan?” Divarın cavabı adətən qısa olurdu. (Yenə qaşıqla qülləni taqqıldadır). “Tıqqq...” Yəni “yaxşıyam”. Ağzında divar deyirsən. Divar uzun-uzadı danışa bilməzdi ki... Bəzən deyirlər ey: “Filankəs divar kimi susurdu...” Sonra ağac çarpayını döyəcləyirdim. (Qaşıqla qüllənin sürahisini taqqıldadır). Dörd dəfə səslənən qaşıq taqqıltısından sonra çarpayıdan cavab gələrdi: “Taqqq...” Yəni “məni az incit”. (Qaşıqla qüllənin pilləsini taqqıldadır). Çarpayını qınamıram. Onun üstündə nə qədər adamlar yatıb, nə qədər əhvalatlar baş vermişdi. Sonra qalın taxta qapını “danışdırırdım”. Ümumiyyətlə, hər bir yerdə qapı ən çox döyülən bir “əzabkeşdir”. Doğrusu, elə mən özüm də daha çox qapıya qaşıq “zərbələri” endirərdim. Hər dəfə on “zərbə”... Özü də gündə bir neçə dəfə. Ağzında “qapı” deyirsən ey... Gündə neçə dəfə açılıb-bağlanan qapı... Mən qapını döyərkən adətən qapının özündən əvvəl onun arxasından səs gələrdi: “Nə olub yenə? Nə haray-həşir salmısan? Sakit ol, Adam”. Yox bu qapının səsi deyildi, bu, insan səsi idi. Qapının arxasındakı gözətçi artıq bu taqqıltı səslərinə alışmışdı. Mənə hərdən elə gəlirdi ki, qapının əvəzinə gözətçi cavab verir... Gözətçi mənim köhnə tanışım idi. Arada məni qapı arxasından danlasa da dərinə getmirdi... Bəlkə də başqası olsaydı “məsələni” qazamatın böyüyünə çatdırardı. Həmin “böyük” isə ailəlikcə məni düşmən hesab edirdi... Bunun da səbəbi vardı.
    Hə, mən o qapını çox döymüşəm... Hərdən o cırıldayıb səs-küy salan qapını açıb məni bayırda gəzməyə çıxarardılar. Mən özümü həmin anlarda zəncirdən açılmış it kimi hiss edirdim. Lap sənin kimi, Qapan... Az müddətli gəzintidən sonra o cırıldayan qapını açıb məni təzədən öz “yuvama” qaytarardılar. Xoşlamıram cırıldayan qapıları... Necə ki, ağız adamın “qapısıdır”, eləcə də qapı hər hansı tikilinin- hər binanın, hər otağın “ağzıdır”. Gərək ağız möhkəm olsun. Elə qapı da...
    Eh, Qapan, çalış sənin də ağzın möhkəm olsun. Bildin?

    Musiqi. İt hürür, sonra uğultu səsi yaxınlaşır.

    Nəsə uzaqdan vahiməli, qorxunc səslər gəlir. Eşidirsən, Qapan? (Hirsli). Niyə eşitmirsən? Karsan?
    Hə, onu deyirəm axı, mən “orada” olarkən “söhbət elədiyim” boz divara qara kömürlə hər gün oxa bənzər uzun bir xətt çəkərdim. Günə bir xətt... Yəni, bu o deməkdir ki, günü başa çatdırdım. (Havada “xətlər” çəkir). Hərdən elə o çəkdiyim xətlərlə də danışar, söhbət edərdim. Bəzənsə günləri qarışdırardım. Günlər qarışanda xətlər də qarışardı. Məsələn, elə olurdu ki, bir gün üçün iki ya da üç xətt çəkirdim. Tələsirdim axı...
    Günləri qabağıma qatıb döymək istədiyim adamlar kimi qovurdım... Qarışıq düşən bu xətləri söyür, divara cızılmış artıq xətləri silirdim. Hətta, hərdən yumruğumu düyünləyib divara çırpır, gözümə ox kimi girən o qara xətləri “əzişdirirdim” də. Sonra o yumruq öz təpəmə enirdi... (Yumruqla öz başına vurur). Bax belə... Taqqq... Mən də sənin kimi axmağam, Qapan... Bəlkə də sən məndən ağıllısan.

    Uğultu get- gedə yaxınlaşır. Adam qaşığı cibinə qoyaraq həyəcan içində cəld hərəkətlə qüllənin pillələrini enib-qalxır. Sonra yuxarıda dayanıb durbinlə uzaqlara baxır.

    O nədir elə? Dalğaların üstündə atılıb-düşən o qaraltılar nədir görəsən? Yox, onlar, o qaraltılar, nə gəmiyə oxşayır, nə də qayığa.
    Qapan, haradasan? Eşidirsən? Görürsən?
    Aman Allah, bu üstümə gələn nədir? Bəlkə doğrudan da sularda əjdahalar yaşayır? Yox, bu nəsə başqa bir şeydir.
    Bəlkə bu qüllədən aşağı enim? Yox, qülləyə sarı gələn o nəhəng qaraltılar çox qorxuncdur... Özü də o “qaraltılar” get-gedə şişir, böyüyür...
    Dənizdə dalğadan başqa nə ola bilər ki?
    Qaplan, qalx yuxarı, aşağıda dayanma. Yoxsa səni süpürüb aparacaq bu müdhiş dalğalar.
    Bu, nə tufana bənzəyir, nə fırtınaya, nə qasırğaya, nə də dəniz zəlzələsinə. Bu, əsl ölüm kabusudur. Bu, nəsə cəhənnəmin özüdür. Bu, fəlakətdir, fəlakət...
    Amman Allah, əgər varsansa, mənə kömək et.

    Boğuq uğultunu dəhşətli gürultu əvəz edir. Şimşək çaxır, sanki yer-göy bir-birinə qovuşur. Uzaqdan görünən evlərin kirəmitli çardaqları sanki suların altında qalır, görünməz olur, yoxa çıxır. Qüllə titrəyir. Qapan ucadan hürür. Adam əyilib qüllənin sürahisindən bərk-bərk yapışır. İşıqlar yanıb-sönür.
    Təbiətin hay-harayını coşqun, həyəcanlı müsiqi müşayiət edir.

    Dalğalar dağ boydadır, qara əjdahaya bənzəyir... Dəniz şahə qalxıb göylə birləşib. İndi mən... mən nə etməliyəm? Bəs adadakı adamlar nə edəcək? Bütün adanı su basdı ki... Bir evlərə bax, suyun üstündə sahibsiz papaq kimi atılıb-düşən evlərə... (Durbinlə baxır). Bizim ada sulara qərq olmaqda, nəhəng gəmi kimi batmaqdadır...
    Mən qazamatda olanda həmişə əlimi göyə tutub deyirdim ki, bizim bu zülmət dolu Adamızı yox elə, İlahi. Bəlkə Alllah mənim səsimi eşidib indi öz gücünü-qüdrətini göstərir? Yox, mən onda səhv etmişəm, İlahi! Hifz elə, qoru, batırma bizim Adamızı. Bu Adada mənim bu adanın özündən də böyük dərdlərim yatır. Bu dərdlərə baxmayaraq, istəmirəm ki, Adamız məhv olsun... Qoy adadan böyük olan o dərdlər də həmişə mənimlə olsun. Mən ömrümün sonunacan o ağır dərdləri öküz kimi çəkərəm... (Qışqırır). İlahi, özün kömək ol!

    Qüllə titrəyir. Qasırğa vıyıltısı, tufan nəriltisi fonunda cingilti, taqqıltı, xırıltı, gurultu, sızıltı səsləri gəlir. Adamların harayı eşidilir: “Kömək edin!..” “Biz məhv oluruq!”. “Bizim günahımız nədir, Allah?!.”

    Batdı bizim adamız! Hələ buradakı, bu bədbəxt adadakı adamlar... Hələ buradakı heyvanlar, ağaclar, quşlar... Hələ çiçəkləri demirəm. Mən o çiçəkləri dərib, bir zamanlar o sevdiyim qıza bağışlayardım... (Yumruğu ilə öz sinəsinə vurur). Axmaq Adam, heç çiçəyin yeridir? Sən özün batmaq üzrəsən, öz dərdini çək. Nə çiçək, nə quş, nə ağac? Düz üstümə gəlir o qara əjdaha! (Durbini əli ilə kənara itələyib qüllənin sürahisindən bərk-bərk yapışır). Yooox, mən bu cür ölmək istəmirəm, İlahi...

    Fırtınanın vıyıltısı tədricən artır. Adam ya qorxudan, ya da tufan və qasırğanın təsirindən tir-tir əsir. İt hürür. Adamın harayı ilə itin səsi bir-birinə qarışır.

    Batdı... Batdı... Adamız hara yox oldu, İlahi?

    Az sonra həzin musiqi. Tufan, qasırğa tədricən səngiyir. Nisbi sakitlik hiss olunur. Tədricən evlərin çardaqları üzə çıxırb suların altından boy verir. İt astadan hürməyə başlayır. İndi Adam da qismən sakit tonla danışır.


    Hanı Ada? Adamız hayana getdi? Suyun altında qaldı bizim Ada... Bir oraya bax, dalğalar Adanın üstünə qara-qorxunc bir örtük çəkməkdədir. (Tədricən səsini qaldırır). Aman Allah, hər şey suyun altında qaldı ki... Hər şey... Mənim yatdığım qazamat bu Adanın ən böyük tikilisi idi ki, o da birdən-birə yoxa çıxdı. Bəs adamlar? Onlar... onlar... onlar da yoxdur. Düzdür, mənim o adamların çoxundan zəhləm gedirdi. Amma... amma... Adada adamlar yoxsa, mən özüm kimə lazımam? (Hürkə-hürkə ətrafa baxır). Deyəsən, adada heç nə, heç kəs qalmayıb. Su hamını udub- nəhəng balina kiçik balıqları udan kimi udub...

    Musiqi. Adam bir-iki pillə aşağı enir.

    Belə çıxır ki, salamat qalan təkcə mənəm. Mən uşaqlığımı yada salmaq üçün bu qülləyə çıxmışdım. İndi deyəsən qarğa kimi üstünə qonduğum bu qüllə mənim son mənzilim olacaq. Nə vaxtacan bu vəziyyətdə qalacağam? Hər tərəfi su basıb... Su, su, su... Su-aydınlıqdır deyirlər... Bəlkə doğrudan da dünyaya aydınlıq gəlib? Bəlkə qaranlıqlar aydınlığın altında qalmaqdadır? Bəs nə əcəb bu aydınlıqlardan mənim xəbərim yoxdur? Mən yenə zülmət içindəyəm.

    İt hürür.

    Hə, sən hürürsən, Qapan... Kimdən ötrü hürürsən, ay axmaq? Elə mən də sənin kimi hürürəm. Kimdir məni eşidən?

    Adam bir pillə də enir. Durbinlə uzaqlara baxır.


    Uzaqlarda kəlləmayaq aşmış gəmilər, qayıqlar görünür... (Ətrafına göz gəzdirir). Bu ətrafda isə heç kəs, heç nə gözə dəymir. Mən yenə özüm özümlə tək qaldım deyəsən. (Pauza). Belə çıxır ki, yenə özüm özümlə danışmalı olacağam?

    Adam yuxarı baxır, əllərini yana açır...

    Bu, nə məşəqqətdir mən çəkirəm, İlahi?
    Hər tərəfi su basıb- su, su, su... Təkcə mənim dırmaşdığım bu qüllə salamat qalıb. Onun da dibi suyun içindədir.

    Ehtiyatla aşağıya sarı boylanır.

    Axı adamlar balıq deyil. Onlar suyun altında yaşaya bilməzlər. Tufana qərq olan bu zavallıların hamısını suyun altındakı yırtıcı balıqlar yeyəcək.

    Dənizin xışıltısı eşidilir.

    Hə, su yavaş-yavaş geri çəkilir deyəsən. (Durbinlə baxır). Su öz əzəlki yerinə, öz yatağına qayıdır yenə...

    Adam qüllədən bir-iki pillə də enir. Qıy vuran quşların səsi eşidilir.

    Dənizin üstündə vurnuxan, qıy çəkən o qarğa-quzğunlar heç buralar quşuna oxşamır. Yəqin ki, onlar bu fəlakəti hiss edib uzaqlardan yem dalıyca uçub gəliblər bura...

    Adam aşağıdakı pillələrdən birinin üstündə oturub uzaqlara baxır. Sonra aşağı enir.

    Elə bil ki, Günəş göydə parçalanıb, onun hissələri sahil boyu səpələnib. (Pauza). Görəsən, o nədir elə? Par-par yanır? Kəhrəbadır? Qızıldır? Xəzinədir? Bunları kim gətirib səpələyib buraya, bu sahil boyu? Bunlar kimindir? Sən nə axmaq adamsan, Adam. Necə yəni kimindir? Kimin olmalıdır ki, əlbəttə, sənindir... (Qollarını yana açır). Hamısı sənindir, ay əbləh. Səndən başqa indi kim var burada? Burada nə varsa hamısı sənindir. Sənindir. Bildin? Qapan, burada nə varsa hamısı bizimdir. Bizim!.. Bizim! Səninlə mənimdir, Qapan...

    Musiqi. Adam ora-bura baxır, vurnuxur, ucadan qışqırır, bilmək olmur ki, ağlayır, yoxsa gülür. Qollarını açıb sanki rəqs edir, uşaq kimi atılıb-düşür. Sonra əyilib yerə səpələnmiş parıltılı metalları, şüşə parçalarına bənzəyən məmulatları acgözlüklə, həyəcanla qucağına, cibinə, qoynuna yığır. Qəhqəhə çəkir. Əlində tutduğu iri bir parça parıltılı metala diqqətlə baxır.

    Yox, Adam, axmaqlama, qoyun-qoltuğuna yığdıqların təkcə sənin deyil. Səninlə birgə Qapan da şərikdir bunlara... Eşidirsən, Qapan? Başını bulayırsan, hə? Necə yəni? Sənə lazım deyil bunlar? Bu qızıllardan, kəhrəbalardan sənin boynuna zəncir düzəltdirəcəyəm. Zəncirsiz it, qətiyyən it deyil... Amma nə etməli? Ta zəncir düzəldən də yoxdur... O da bu müdhiş suların altındadır.

    Adam sanki kiminləsə mübahisə edir, özü öz suallarına cavab verir.

    “Hə, yaxşı, de görüm admlar bu var-dövləti nə üçün yığblar, Adam?.. (Əlindəki metallardan birini atıb-tutur). Hə, nə üçün? “Necə yəni nə üçün yığıblar?” “Yox, mən sadəcə olaraq bilmək istəyirəm və ona görə də soruşuram ki, kimdən, nədən ötrü yığılıb bu sərvət?..” “Axmaq adam, necə yəni kimdən ötrü? Əlbəttə, nəsil-nəcabət, oğul-uşaq, nəvə-nəticə üçün yığılıb. Bəyəm bilmirsən bunu?” “İnanmıram. Heç inanmıram. Çünki adamlar tanıyıram ki, qohum-əqrəba ilə düşməndir, heç oğul-uşağı da yoxdur. Amma var-dövlət hərisidirlər. Niyə?” “Onda belə çıxır ki, onlar sərvəgti, var –dövləti yadlar üçün yığırlar?” “Mən səndən soruşuram. Mən bilmirəm, bəlkə sən biləsən bu sualın cavabını...” “Bəlkə bu adamlar ya ağılsızdılar, ya da...” “Ya da nə?” “Ya da elə düşünürlər ki, yığdıqlarını o biri dünyada xərcləyəcəklər”. “Yox... Məncə, sən doğru cavab tapa bilmədin...” “Doğru cavab?” “Bəli, doğru cavab...” (Pauza). “Onlar, o sərvəti yığan adamlar sadəcə olaraq xəstədirlər. Bax, zənnimcə doğru cavab budur, Adam. Bildin?..”

    Diqqətlə qucağına topladığı parıltılı məmulatlara baxır.

    Yaxşı, tutaq ki, onlar xəstədir, bəs onda mən kiməm? Onda... onda belə çıxır ki, mən də xəstəyəm. Yox, bəlkə acgözəm? Axı mən də insanam...

    Qucağına yığdığı məmulatları qüllənin pillələri üstünə qoyur. Əyilib yerdən bir kəhrəba parçası götürür.

    Bizim Adanın bir adı da “Kəhrəba adası”dır. Yadımdadır, adamlar dənizin dibindən kəhrəba əldə etmək üçün gecə-gündüz suyun, qumun, palçığın içində eşələnirdilər. Heç bilirsən kəhrəba necə yaranır?.. Ay bildin ha...

    Yerdən götürdüyü kəhrəbanı diqqətlə nəzərdən keçirir, havaya tutur, sonra onu öz boyun-boğazına sürtür. Musiqi.

    Kəhrəba birdən-birə əmələ gəlmir ki... O, şam ağaclarından axan qətrandan əmələ gəlir. Milyon illər boyu suyun altında qalan qətran zaman keçdikcə bərkiyir, daşlaşır. Əslində elə adamlar da kəhrəba kimi tədricən, yavaş-yavaş möhkəmlənirlər. Amma kəhrəba insandan saf, təmiz, həm də gərəkli olur.
    Diqqətlə baxanda görürsən ki, əsil kəhrəba göz yaşlarına bənzəyir.
    Dənizdə baş verən tufan və qasırğalar kəhrəbanı dərin suların dibindən üzə çıxarıb sahilə səpələyir. Çox vaxt bu dəniz gözəlləri yosunların içində olur. Adətən, onları gecələr yığırlar. Çünki qaranlıqda kəhrəbalar şam kimi işıq salır.

    Əyilib yerdən daha bir kəhrəba götürür. Sonra əlindəki kəhrəbaları bir-birinə vurur, onları qulağına tutur, dinləyir: “Çaqqq- çaqqq...”

    Üstündə, boyun-boğazında kəhrəba gəzdirən adamlar şir kimi cürətli, ayı kimi sağlam olur. Kəhrəba tozunu suya, xörəyə qatıb içən xəstələr tez sağalır. Bu adada hər rəngdə kəhrəba tapmaq mümkündür.
    Bizim adada kəhrəba nə qədər bol olsa da, hamıya qismət olmayıb. Çünki Adanın imkanlı adamları təkcə sahilə yox, elə dənizə də sahib çıxıblar. Dəniz də çəpərlənib, sahil də... Kasıb-kusublar toladıqları kəhrəbaları Ada sahibkarlarına verməyə məcbur olublar. Əvəzində onlar arpa, buğda, qarğıdalı alıb öz ailələrini cüzi ərzaqla təmin edirlər... Elə bu nemətlər də kəhrəba rəngindədir...
    Yadımdadır, zəngin adamlar topladıqları kəhrəbaları ya uzaq-uzaq sahillərdən gələn gəmilərlə, o gəmidəki adamlara satar, ya da onları başqa mallarla dəyişərdilər. Bəzən sahibkarlar arasında dava düşərdi. Hətta iri kəhrəbalar üstündə bir-birini vurub öldürənlər də olurdu. Əsil “kəhrəba savaşı” olardı bir vaxtlar...


    Yerdən daha bir neçə kəhrəba parçalarını götürüb yuxarı atıb-tutur, bir-birinə vurub şaqqıldadır.

    İndi hər şey keçmişdə, daha doğrusu suların altında qalıb. Düzdür, sahil yosunla doludur. O yosunların içində kəhrəbalar da işıldayır. Amma indi onu nə yığan var, nə də yığdıran. Tufan həm dənizdəki, həm də sahildəki möhkəm çəpərləri vurub dağıdıb, altını üstünə çevirib. İndi dəniz də azaddır, sahil də... Amma mən yenə azad deyiləm. Mən indi sanki daha iri həbsxanada, daha dəhşətli “təkadamlıqdayam”. Xarabalıqda tək qalan bayquş azad ola bilərmi? Bax mən həmin bayquşam...

    Əlindəki kəhrəba parçalarını kənara atır. Sanki qəfildən gözünə nəsə sataşır. Əyilib diqqəylə aşağı baxır. Yerdən götürdüyü aləti sevincək pencəyinin ətəyi ilə silib təmizləyir.

    Hə, bu, mənim çoxdan bəri səsini eşitmədiyim qiymətli bir alətdir... Musiqi aləti... Amma onun çıxartdığı səslər indiyəcən qulağımdadır... Mən uşaqlıqda mahnı oxumağı sevərdim. Yadımdadır, Adada yaşlı bir kişi vardı. Onun uzun, par-parıldayan tütəyi indiki kimi gözümün qabağındadır. Deyilənə görə, həmin tütək kəhrəbadan hazırlanmışdı. Bu, bəlkə də uydurulmuş bir nağıl idi. Amma həqiqətən həmin alət kəhrəba rəngində idi, qaranlıqda ətrafa işıq salırdı. Biz həmin kişiyə “Tütək baba” deyərdik. “Tütək baba” kefi kök olanda uzun arxalığının döş cibindən tütəyini çıxarıb piləyərdi. O, öz bahalı tütəyində adətən qəmli havalar çalardı.

    Həzin tütək səsi eşidilir.

    Onu da yaxşı xatırlayıram ki, o vaxtlar tütəyin naləsini eşidən qız-gəlinlər nədənsə çox vaxt gizlincə ağlayar, göz yaşı tökərdilər. “Tütək baba” sanki cibindən çıxartdığı “kəhrəba tütəyin” özünü deyil, adamların ürəyini çalardı. (Pauza. Diqqətlə əlindəki tütəyə baxır). Aman Allah, bu həmin tütəyin özüdür ki var... Bəs “Tütək baba”nın özü hanı? Zənnimcə onun koması bu həndəvərdə idi... Yəqin ki, dalğalar “Tütək baba”nın komasının da, özünün də külünü çoxdan göyə sovurub, sulara qərq eləyib... Adam yoxdur, səs qalıb...

    Adam tütəyi dodağına yaxınlaşdırıb üfürür, şən bir melodiya eşidilir.

    Adanın adamları bu alətə “sehrli tütək” də deyirdilər. Məsələ burasındadır ki, bu tütəkdə dörd musiqi alətiifa olunurdu. Bax tütəyin bu başında adi tütək havaları səslənərdi. (Tütəkdə bir hava ifa edir). Alətin o biri başından zurna səsi çıxmalıdır. Baxaq, əgər, həmin tütəksə... (Tütəyin o biri-əks başını üfürür, zurna havası səslənir). Hə, demək bu, elə həmin tütəkdir. Bax bu tütəyin sinəsindəki deşikdən üfürəndə fleyta səslənməlidir. Fleyta da tütək kimi çaban aləti hesab olunur. Amma o, tütəkdən fərqli olaraq səsi sinəsindən alıb-verir. (Tütəyin yaxasındakı deşiyi üfürür, fleytada melodiya səslənir). Hə, daha bir alətin- qaboyun havası səslənərdi bu tütəkdə. Tütəyin kürəyindəki bu deşikdənsə qaboy səsi çıxmalıdır.

    Adam tütəyin arxa hissəsini dodağına yaxınlaşdırıb üfürür, qaboy melodiyası eşidilir. Sonra tütəkdə ifa olunan bütün melodiyalar birlikdə səslənir.

    Bu səslər məni uşaqlığıma apardı, Qapan... (Tütəyi cibinə qoyur).
    Mən anamı tez itirdim. Məni atam böyütdü. Əgər buna “böyütmək” demək olardısa... Atam bizim Qazamat başçısının həyət-bacasında işləyərdi. Bir-iki dəfə mən də atamla həmin həmin həyətdə işləməyə getmişdim. Qazamat başçısının arvadının məndən zəhləsi getdiyini hiss edirdim. Həmin qadın elə qulağım eşidə-eşidə bir dəfə atama hirslə dedi ki, “gələndə bir də bu axmaq uşağı özünlə gətirmə”. Sonra atam “axmaqlığımın” səbəbini mənə dedi: “Sən sahibindən icazə almadan ağaca dırmaşıb ciblərini mer-meyvə ilə doldurmusan...” Mənə ən çox ağır gələn o oldu ki, qadın o sözləri deyəndə onun gombul oğlu da eşitdi və güldü. Həmin gombul mənimlə bir bir sinifdə oxumuşdu... Bundan sonra mən o həyətə ayaq basmadım...
    Atamdan qorxurdum. O, arada məni möhkəm döyürdü... Mən ona nifrət edirdim. Mən atamın timsalında bütün Ada sakinlərinə kin bəsləyirdim. Amma sonralar mən atamın qəzəbinə, hətta məni döyməsinə bəraət qazandırmağa başladım. Axı o həyatda gördüyü haqsızlığın əvəzini hansısa bir yolla çıxmalı idi, ya yox? Onun əli çatan mən idim... Atam bir dəfə məni döyəndən sonra uşaq kimi ağlamağa başladı. Mən heyrətlə onun üzünə baxdım. O vaxtacan yaşlı adamların ağlamasını görməmişdim. Atam toz-torpağa bulaşmış əlləri ilə göz yaşlarını silərək dedi: “Ay bala, onsuz da Allah məni hər gün döyür. Mənim də gücüm səni döyməyə çatır”. Mən hirslə ona dedim: “Onda belə çıxır ki, sən də mənim üstümdə Allahlıq etmək istəyirsən?” O, özündən çıxdı. Üstümə təzədən hücum çəkdi... Mən sonralar ona cavab qaytardığıma görə özümü qınadım.
    Atam öləndən sonra tamam tək qaldım. Onun-bunun qapısında işləyib birtəhər başımı girələyirdim. Buna gün-güzəran demək olmazdı... İt günündə dolanırdım.

    Ətrafa boylanır. Sanki nəsə axtarır.

    Qapan, mənim o vaxtkı halıma baxanda sən indi kef içində yaşayırsan.
    Qapan, heç bilirsən məni niyə həbs etmişdilər?
    Desəm ki, kasıblığımın ucbatından həbs olunmuşdum, yəqin ki, səhv etmərəm. Qonşumuzdakı qızı sevirdim. Hiss edirdim ki, o da mənə biganə deyil. Çox ağıllı, çox gözəl qız idi. Vaxtilə bir sinifdə oxumuşduq. O, kitab dəlisi idi. Biz ona zarafatla “kitab qurdu” deyərdik. Mənə elə gəlirdi ki, onun oxumadığı kitab yoxdur. Mən ağlına və gözəlliyinə görə o qıza “mənim mələyim” deyərdim. Sonralar məni məktəbdən qovdular... Mən ortada tək qalası oldum. Bax elə sahildə tək qalan bu qüllə kimi...

    Uzaqlara baxır. Sonra var-gəl edir.

    Buradan baxanda həm dalğaların üstündə, həm də sahildə saysız-hesabsız kitablar, çantalar, kağızlar görünür... Sanki dənizin qoynunda kağızlar yox, qağayılar uçuşur... (Əyilib yerdən cırılmış bir kitab götürür). İndi onları kim oxuyacaq?.. (Kitabı pilləkənin üstünə qoyur). Yaxınlıqda Adanın kitabxanası vardı... Yəqin ki, quduz dalğalar o kitabxananı da alt-üst edib... Mən kitabın nə olduğunu qazamatda bilmişəm...
    Hə, mən savadsız, üstəlik də kasıb idim. Sevdiyim qıza qızıl-gümüş bir yana, heç kəhrəba boyunbağı belə almaq imkanım yox idi. Atamdan mənə kasıb bir daxma qalmışdı. Yetim idim, özüm də pulsuz. Elə buna görə də valideynləri qızı mənə vermək istəmirdilər. Günlərin bir günü eşitdim ki, qızı “qazamat” böyüyünün oğluna nişanlayıblar. Dedim axı, həmin oğlan da vaxtilə bizimlə, yəni mənimlə və mənim “mələyimlə” birlikdə oxumuşdu. Nədənsə bir-birimizə nifrət edirdik. Bu, bəlkə də onun imkanlı, mənimsə kasıb olmağımla bağlı idi. Axı bu dünyada kasıblar varlılara, varlılarsa kasıblara kin bəsləyir... Əslində qazamat başçısının uşağı olmurdu, bu gombulu onun üçüncü arvadı özü ilə gətirmişdi. Yəni, bu, “götürmə” uşaq idi. Başçı öz arvadından, necə deyərlər, it ağacdan qorxan kimi qorxurdu... Ada əhli bu qodxunun səbəbi haqqında gizlində müxtəlif maraqlı əhvalatlar danışırdı. (Pauza). O əhvalatlardan biri bu idi ki, qazamat başçısı anadangəlmə xədimdir, kişilikdən məhrumdur.

    Uzaqdan qağayı səsləri eşidilir. Adam başını qaldırıb göyə sarı baxır.

    Budur ha, qağayılar fırtına səngiyəndən sonra qayıtmağa başlayıblar... (Səmaya baxıb ucadan fit çalır).
    Hə, gedib oğlanı tapdım. Dediyim kimi, zorba, yekəpər birisi idi. Amma bir yumruq zərbəsi onu yerə aşırdı. Doğrusu, qorxdum. İstədim baş götürüb gəmi ilə harayasa Adadan qaçım. Tərslikdən həmin gün gəmi gəlmədi. Rəisin adamları məni tutub əvvəlcə möhkəmcə əzişdirdilər, sonra həbsə atdılar. “Yatdığım” qazamatın gözətşisi tanışım idi. Mən “içəridə” olanda o, mənə çox ağır bir xəbər gətirdi. Sən demə, mənim “mələyim” artıq rəisin oğluna ərə gedibmiş.

    Həzin tütək melodiyası eşidilir. Sonra qağayı səsləri eşidilir.

    Birinci tutqu dövründə mən qazamatda az “yatdım”. Qısa bir müddətdən sonra həbsdən çıxdım. Sən demə, o zorba, yekəpər alçaq “mənim mələyimi” boşayıbmış. (Ağlamsınır). Bu, mənimçün daha ağır bir zərbə oldu. Qan beynimə vurdu. Rəisin oğlunu qaranlıq bir dalanda yaxaladım. Kənara çəkdim. Dedim ki, səninlə söhbətim var. Cavabında dedi ki, mən hər it-qurdla söhbət etmirəm. Qan beynimə vurdu. Dünya dəyirman daşı kimi başıma fırlandı. Yekəpərin yaxasından yapışıb yerə yıxdım. Təpikləməyə başladım. Təkcə onu dedim ki, “şərəfsiz, sən məndən qisas olmaq üçün o qızı alıb sonra boşamısan...” Parçalanmış dodağının qanını silərək dedi ki, “o qız ağlını itirmişdi, dəlinin biri idi”. Dedim ki, dəli sizin nəslinizdir...
    Məni yenə yaxaladılar. Bu dəfə məni qazamat böyüyünün özü, yəni həmin zorba alçağın atası, daha döğrusu onun anasının sonuncu əri döydü. Ağzımdan-burnumdan qan açıldı. Qazamatın böyüyü dedi ki, bu dəfə sən elə “qazamatda” gəbərəcəksən. Mən onun dediklərinə inandım. İnandım ki, qalan ömrümü qayda-qanun olmayan bu adada, onun rütubətli, zülmət rəngli qazamatında başa vuracağam.
    Bəli, əvvəlcə mən qazamatdakı divar, çarpayı, qapı-pəncərə ilə söhbət etməli oldum. Amma sonra başqa bir məşğuliyyət tapdım. Mən kitab oxumağı öyrəndim. Düzdür, əvvəldən hərfləri az-çox tanıyırdım. Amma o hərflər hələ özlüyündə mənə heç nə demirdi. İşarələr mənə yabanı kol-kosu xatırladırdı. Sonra o hərfləri ard-arda qoşaraq hıqqana-hıqqana sözlər düzəltməyə başladım. Bir müddət keçəndən sonra isə sözlərdən cümlələr yaranırdı. Beləliklə, mən kitab oxumağa başladım. Əvvəlcə “kol-kosa” bənzəyən, özlüyündə heç nəyi ifadə etməyən o hərfləri öyrənəndən sonra mən yeni bir aləmə daxil oldum. Sanki gözlərim önündə o “kol-koslar” çiçək açaraq gülüstana çevrilməyə başladı.
    Mənim “yatdığım” həmin “təkadamlıqda” sən demə məndən əvvəl bir savadlı adam “yatıbmış”. Həmin adam bir müddət əvvəl ölmüşdü, onu aparıb sahildəki qəbristanlıqda dəfn etmişdilər. Ondan xeyli kitab qalmışdı. O kitablarda həyat, ölüm, sevgi, sədaqət, təbiət, dünya haqqında maraqlı yazılar vardı. Bax mən həmin kitabların hamısını oxudum. Həm də dönə-dönə, təkrar-təkrar... Arada o kitablardakı sözləri mahnı kimi ucadan oxuyurdum.

    Adam musiqi sədaları altında mahnı oxuyur.

    “Mən bir dar ağacı, bir dərd ağacı,
    mən teli qırılmış kaman kimiyəm.
    Sən mənim ömrümün son dayanacağı,
    “Sən” adlı ünvana üzən gəmiyəm.

    Bu sonsuz dənizdə mən tənha gəmi,
    mənim sərnişinim xatirələrdir.
    İçimi xışlayan kədərin, qəmin
    astarı üzündən daha betərdir.

    Göy üzü qüssədən çəkilib tarım,
    o göylər Günəş yox, bir zülmət doğur.
    Yarıb tufanları, fırtınaları
    üzürəm “Sən” adlı limana doğru.

    Bəs niyə görünmür o liman niyə,
    bəlkə bir ilğımdır məni aldadan?
    Niyə çalxalanır bu ümman niyə,
    məni kim çıxarar bu qeylü-qaldan?

    Bu sonsuz sularda məni tənha gəmi...
    mənim son pənahım, son gümanım sən.
    Özüb gedəcəyəm ölümə kimi,
    mənim son limanım, son ünvanım sən…”

    Adam sahil boyu gəzişir.

    Kitablarla tanışlıq mənim adamlar haqqındakı fikirlərimi dəyişməyə başladı. Get-gedə mənə elə gəlirdi ki, elə adamlarla əvvəllər kol-kosa bənzətdiyim hərflərə arasında çox oxşarlıq var. Belə ki, tanıdığım adamların çoxu “kol-kos” olaraq qalır, bəziləri isə “çiçək” açır, rayihə saçır. Amma belə adamlar az idi, lap az. Ümumiyyətlə, mənə elə gəlir ki, bu dünyada bütün canlıların “öz yeri” var. Hamı, hər kəs, yəni quşlar da, adamlar da bu dünyada öz yerini tapıb rahatca yaşayır, yalnız insanlar rahat ola bilmirlər... Onlar nədənsə daim vurnuxur, darıxır, bir-biri ilə vuruşur, biri digərini öldürmək haqqında düşünür. Sanki bu dünyaya yad olan təkcə insanlardır... Bəlkə biz doğrudan da bu dünyada “arzuolunmaz qonağıq”, yəni “gəlməyik”.

    Musiqi. İt hürür.

    Qapan, sən niyə hürüsən?..
    Hə, onu deyirəm axı... Günlərin bir günü köhnə tanışım olan həbsxana gözətçisi mənə bir kiçik bağlama gətirdi. Əl boyda bir bağlama... Dedi ki, sənə çatacaq. Bağlamanı açdım. Əvvəlcə bir ipək dəsmal gördüm. Dəsmalın ətri o darısqal xarabada məni bihuş etdi. Sonra gördüm ki, dəsmalın arasında bir kağız parçası var. Bu, kiçicik bir məktub idi. Bu məktubu mənə... mənim “mələyim” yazmışdı.
    Yox, indi deməyəcəyəm o, mənə nə yazmışdı...
    Bəlkə də məni o dəsmal, “mələyimin” göndərdiyi o ətirli dəsmal və kiçik məktub məni xilas etdi. Mənə ümid verdi, inam verdi... Mən təzədən həyata bağlandım. Mən gecələr o dəsmalı sinəmə sıxar, o dəsmaldan “mələyimin” ətrini alardım. Hər gün oxşayardım, öpərdim o dəsmalı... Mən tez-tez onu yuxularımda görərdim. Yuxularda təkcə o ətirli dəsmalı deyil, o “mələyin” özünü öpər, sinəmə sıxar, göyün yeddi qatında uçardım.
    Mən zindanda ac idim. Yəni həm qarnım ac idi, həm də ruhum... Qarnımın aclığından əzab çəksəm də, ruhumun aclığından həzz alırdım. Çünki bu aclığı “mələyimin” xəyalları və onun mənə göndərdiyi hədiyyə ilə dəf edirdim. Mənim ətrafımda zülmət olsa da, içimdə bir bayram havası yaşayardı... Sanki bu anlarda bir zaman bu Adada yaşamış “Tütək baba” deyə çağırdığımız qocanın ifa etdiyi neyin sədası içimdə səslənərdi...
    Budur, indiyəcən o dəsmalı və onun arasındakı o məktubu mən döş cibimdə, ürəyimin başında gəzdirirəm...

    Adam döş cibindən çıxartdığı dəsmalı qoxlayıb öpərək təzədən cibinə qoyur.

    Günləri aylara, ayları illərə calayaraq yaşayırdım. Bu günlərdə eşitdik ki, “qazamat” ın böyüyü görbagor olub. Həbsdəki adamlar sevincdən toy-bayram etdilər...
    Mən də həmin gün əlimin altındakı kitablardan birindəki gülməli nağlı ucadan oxuyub gülməkdə idim. Şeir kimi yazılmış o nağılda adamların meymuna çevrilməsindən söhbət gedirdi...
    Mənim gözətçi tanışım dedi ki, səs-üy salma, söyüş söymə, çünki qazamat böyüyünün oğlu öz atasının yerinə keçib. Bəli, bəli, vaxtilə əzişdirdiyim həmin gombul şərəfsiz... Özü də söz verib ki, məhbusların çoxunu, o cümlədən məni azad edəcək. Düzü, bilmirəm, gün haradan doğru belə? Bəlkə də atamla atasının, yəni anasının sonuncu ərinin tanışlıqlarına görə bu qərara gəlib... Bəlkə də mənə yazığı gəlib. Əslində artıq mənimçün azadlıqla həbsin elə bir fərqi yox idi. Artıq məhbəs həyatına alışmışmaqda idim. Heç olmasa orada gündə iki-üç dəfə it yalına oxşayan yemək verirdilər... Oradan çıxıb nə edəcəkdim, nə yeyib-içəcəkdim ki?
    Gözətçinin dediyi düz çıxdı. İki gün bundan əvvəl məni həbsdən azad etdilər. Mən iki gündür ki, hər gün öpüb oxşadığım dəsmalın sahibi ilə, mənim “mələyimlə” görüşməyə hazırlaşırdım.
    (Ətrafa nəzər salır). Bu yandan da bu fəlakət... Mən onu, “mələyimi” tapa biləcəyəmmi? Bu, mümkün alan bir içmi? Bu qurğuşun suların altından sağ adam çıxa bilərmi?
    Qapan, yenə nə sülənirsən, nə axtarırsan? (Əsəbi şəkildə). İt ki, it...
    Hə, həbsdən çıxan gün məni komamızın qarşısında ilk qarşılayan bu köpək oldu. Ona bir-iki tikə çörək atdım. O, tikələri göydə qapdı. Hiss etdim ki, o da mənim kimi ac-yalavacdır.
    İki gündür “Qapan” deyə çağırdığım bu köpək məni qarabaqara izləyir. Sanki onu mənim arxamca güdükcü qoyublar. İt oğlu it, sanki mənim hər addımımı sayır.

    İşıqlar yanıb-sönür. Parlaq şüalar altında yerə səpələnmiş və pilləkanın üstündə qalaqlanmış metallar bərq vurur. Adam həmin “metal” topasından birinə yaxınlaşıb diqqətlə baxır.

    Bu nədir belə? Adamın gözləri qamaşır... Hiss olunur ki, sel-su bu sərvəti hansısa zəngin adamın xəzinəsindən qoparıb gətirib.

    Ətrafa baxır.

    Hə, bu, bizim Qazamat başçısının evidir. Vaxtilə onun üçüncü arvadı məni həyətdən qovmuşdu. Onun özü məni tutdurub qazamata basdırmışdı... Mən onun oğlunu, daha doğrusu, onun arvadının “dalında” gətirdiyi gombulu bax orada əzişdirmişdim. Onun özü də, arvadı da acgözün biri idi. Yəqin ki, bu tufan onların tifaqını dağıdıb.
    Bizim Adada az ailə tapılardı ki, onun bir üzvü nə vaxtsa həbsdə olmasın... Başçı hər bir kiçik xahiş üçün adamlardan pul tələb edirdi. “Pulu olmayan metal, metalı olmayan kəhrəba gətirsin”-deyirdi. “Metal” deyərkən o, qızılı nəzərdə tuturdu. Adamlar öz aralarında ona “qızılbaş” da deyirdilər. Yox, onun başı qızıl kimi qiymətli deyildi. Sadəcə olaraq, qızıl üçün başından belə keçməyə hazır idi...
    Budur, indi qazamat başçısının həyəti parıltılı metallarla doludur. Qasırğa onun evinin altını üstünə çevirib. Qoca köpək, sən bunları kimin üçün yığmısan?

    İt hürür.

    Kəs səsini, Qapan. Mən “köpək” deyəndə səni nəzərdə tutmuram. İkiayaqlı köpəklər var ki, sən onların yanında toya getməlisən.
    Bir buna bax. Görürsən, Qapan? İndi deyəsən bunların hamısı mənə çatacaq. (Ucadan). İndi mənəm, bəli, mənəm bu qızılların, bu kəhrəbaların sahibi. Gözlərimdə qığılcım yanır. (Əyilib yerdən yığdığı “məmularları” qucağına yığır). Mənə nə olub belə?..
    Əllərim də ürəyim kimi tir-tir əsir. Bəlkə bu, qorxudandır? Mən nədən, kimdən qorxmalıyam? İndi burada məndən başqa kim var? Bağışla, Qapan, az qala səni unutmuşdum, hə, bağışla... Axı mən tək deyiləm, sən də varsan. Mən bu adanın, bəlkə də bu dünyanın sonuncu adamı, sən isə, Qapan, sonuncu heyvanısan.
    Bəlkə bütün dünya suyun altında qalıb, bizim xəbərimiz yoxdur. Bəlkə də mən dünyanın sağ qalan sonuncu adamıyam? Hər şey ola bilər!

    Adam qucağındakı parlaq “məmulatlara” baxır, vurnuxur, sanki nə edəcəyini bilmir.

    Budur, qucağım “metalla” doldu. İndi mən nə edim? Bütün həyatım boyu dilənçi kimi yaşamışam. İndi isə bu sətvətin hamısını toplayıb qurtara bilmirəm... Hələ bir oraya bax... (Ucadan). Ehey, “qızılbaş”, haradasan?.. Səni indi yırtıcı balıqlar didişdirir yəqin ki... (Tədəddüd edir). Bəs mən bu yığdıqlarımı harada gizlədim? Hə, harada? Adam, axmaq adam, sənin başın xarab olub deyəsən. Gizlətmək niyə? Kimdən, nədən gizlətmək? Bəyəm buralarda məndən başqa bir ins-cins var ki?..
    Qəribə məxluqdur bu adamlar. Mən gözümü açandan görmüşəm ki, hamı sərvət, var-dövlət üstündə vuruşmuş, bəzən də bir-birlərini qırmışlar. Üstəlik də yığdıqlarını bir-birlərindən gizlətmişlər. Mənim tanıdıqlarımın əksəriyyəti böyük sərvət sahibi olsalar da özlərini kasıb kimi göstərməkdən həzz alan adamlar olub.
    Axmaq adamlar, bunları kimin üçün yığmısız? Mənim üçün. Mənimüçün? Xeyr. Özünüz üçün yığmısız. Amma o sərvət özünüzə yox, bax indi mənə qismət olub. Mənə? Yox, inanmıram ki, mənə də qismət olsun.

    Qucağındakı “məmulatları üst-üstə yığıb əyilərək baxır, sanki təzim edir.

    Hər şey batdı, hamı suların altında qaldı.. Havalar isti olduğuna görə adamların çoxu bu gün çöldə-bayırda idi. Onların da hamısını qasırğa silib-süpürüb dənizə töküb. Yəqin ki, evlərdə qalıb boğulanlar da var. Bəs o meyitlərin vəziyyəti necə olacaq? Onlara kim məzar qazacaq? Onları kim dəfn edəcək?

    Uzaqlara boylanır.

    Görəsən dalğalar mənim kasıb daxmamı da yuyub apardımı? Niyə gizlədim, evimizin həndəvərində ucalan qəsrlərə, saraylara, orada yaşayan adamlara həmişə paxıllıq hissi ilə baxmışam. Budur, indi həmin evlər sahibsizdir. Bəs bu boş evlərdə kimlər yaşayacaq? Bir azdan bayquşlar ulayacaq bu qəsrlərdə. (Ucadan). Yox, o evlərin, o qəsrlərin hamısı mənə və Qapana qalacaq. Bəli, indi mənəm bu Adanın sahibi!

    Melodiya səslənir.

    Deyirəm birdən hər şey yenidən təkrar olaydı. Adamlar gözlərini açıb diriləydilər. Mən bu qızılları, bu kəhrəbaları onlara göstərib deyəydim ki, ay alçaq adamlar, bu parıltılı metallar sizin nəyinizə lazımdır? Mən onların mənim ətrafımda necə yaltaqcasına dolaşmasını öz gözlərimlə görəydim. Bəs necə, bizim adanın adamları varlı-karlı adamlara quyruq bulamağı xışlayırlar. Hə, mən onda dik-dik gəzib adadaşlarıma üstdən aşağı baxar, onları heç adam yerinə qoymazdım. Onlar yəqin ki, mənə yaltaqlanaraq, “Adam, sən bizim xeyirxahımızsan, fəxrimizsən, böyüyümüzsən”-deyərdilər. (Kimisə yamsılayır). Bir başqası mənim tərifimi göyə qaldırıb “bu dünyanın ən səxavətli adamı sənsən”, bir başqası isə “bizim adanın adamları səninlə nəfəs alır”- deyərdi.
    Hə, bəs onda sən nə edərdin, Adam? Sən özünü dartıb dağın başına qoyardın yəqin ki? Niyə? Niyə belə tez qudurdun, Adam? (Öz yaxasından tutub silkələyir). Onda sənin buradakı bu ikiayaqlı heyvanlardan fərqin nə olardı? Sən nə alçaq adamsan, Adsam? Sən nə şərəfsiz adamsan, Adam? Səni bu sərvət nə tez qudurtdu belə? Tüpürüm sənin adamlığına, Adam!

    Musiqi. Yaxasını tutub dartışdırır, sanki özü –özü ilə vuruşur, süpürləşir, döyüşür. Özü –ğzünü yerə yıxıb əli ilə başına, sinəsinə, dizinə vurur.

    Hə, indi bildin adamları qudurdan nədir? Bildin?
    Bəlkə də çoxları bilmir ki, adamlar nədən, kimdən ötrü sərvət toplayır. Amma mən bilirəm. Bunun səbəbləri çoxdur. O adamların bir qismi anadangəlmə xəstədir. Bəli, xəstə... Çünki nə üçün sərvət topladıqlarının səbəbini onların boş başı dərk eləmir. Başqa bir qism adamlar pulu, sərvəti pis “gün üçün” yığır. Onlar öz aləmlərində övladlarının, uşaqlarının gələcəyini düşünürlər. Mənim bildiyimə görə, bəhsəbəhsə düşüb sərvət toplayanlar da az deyil. Belələri düşünürlər ki, “başqasının var, mənim niyə olmasın?” Nəhayət, pulu, sərvəti başqalarına təzyiq etmək üçün yığanlar da var. Zənnimcə, bu sərvət düşkünlərinin ən əclafı elə bu sonunculardır. Onlar yığdıqları var-dövlətin heesabına adamları daim əzmək, qorxu altında saxlamaq istəyirlər. Ay saxladınız ha! İndi nə siz varsınız, nə də o adamlar. Təkcə mənəm bu Adada...

    Adam təkəbbürlə başını dik tutub adada gəzişir.

    Budur, dənizdə batan adamların meyiti indi suyun üzünə çıxmağa başlayıb. Dəniz əvvəlcə adamları udub məhv edir, sonra sahilə atır. Odur, birisi üzüquylu üzür, o birisi isə qollarını geniş açıb. Dalğaların qovduğu o yekəpər nəsə mənə tanış gəlir... Yanında da yaşlı bir qadın var... Üzürlər. Deyəsən gombulla anasıdır. Dalğalar onları atıb-turur...

    Adam qəflətən diksinib ayaq saxlayır.

    Aman Allah, bəs bu kimdir belə? Lap sahildədir ki... Burada bir meyit, yox, yox... iki meyit görünür. Onlar suyun üstündədirlər. Yox, deyəsən, onlar heç meyit də deyildir. Onlar sağ-salamatdırlar. (Əlini irəli uzadır və diksinir). Aman Allah, bu, odur... Bu, mənim “mələyim”dir. Mənim “mələyim”, sən buraya necə gəlib çıxmısan? Sənin gözlərin açıqdır ki. (Qışqırır). Şükür, sən salamarsan. Əlini mənə uzat. (Pauza). Bəs sənin yanındakı kimdir belə? Sən tək deyilsənmiş. Kimsə səninlə əl-ələ tutub, daha doğrusu səni sinəsinə sıxıb... Hə, indi dalğalar tərpəndu, sən də onu qucaqladın. Deyəsən, sən təzəlikcə ailə qurubsan. Sən ağ geyimdəsən, o isə qara... Olsun... Hər kəs kimi sənin də xoşbəxt olmaq haqqın var... Amma sən mənə yazdığın, “qazamata” göndərdiyin məktubda cəmi iki-üç kəlmə söz yazmışdın. Yazmışdın ki, “Mən ölənəcən səninləyəm”. İndi budur, sən suyun üstündə kiminləsə qol-boyun olub üzürsən... Bu adam sənin nəyindir, mənim “mələyim”? (Duruxur). Nəsə onun sir-sifəti mənə çox tanış gəlir. (Diqqətlə suya baxır). Bəlkə gözlərim məni aldadır? (Həyəcanla). Bu adam ... bu qara geyimli adam mənə oxşayır. (Əli ilə gözlərini ovuşdurur). Yox ey, bu adam mənim oxşarım deyil... Bu adam elə mən özüməm. Səninlə əl-ələ tutan, qol-boyun olan bu adam mənəm, mənim “mələyim”... (Pauza). Amma bu suların qoynundakı Adam məndən fərqli olaraq təptəzə geyimdədir. Onun dümağ köynəyi var. Ayaqqabıları da par-par yanır. Amma bu sahildəki Adam, yəni mən köhnə, nimdaş geyimdəyəm... Əlini mənə ver... Hər ikiniz əlinizi mənə uzadın...
    Mən cəmi iki gündür ki, azadlıqdayam. Mən istəyirdim ki, sənin yanına gələm, sənimlə görüşə gələm. Amma əynimdəki cır-cındırdan utanırdım. Təzə geyim almaq istəyirdim özümə. Amma pulum yox idi... Demə, sən “mənə” təptəzə geyim-kecim alıbsanmış. Demə sən “məni” də özün kimi bəzəyib toya hazıtlıq görürsənmiş, mənim “mələyim”. Axı sən yazmışdın: “Mən ölənəcən səninləyəm”. Əl-ələ tutub hara üzürsünüz? Dayanın... Dənizdə nicat yoxdur. Nə qədər pis olsa da yenə bu sahil yaxşıdır...

    Tez-tez yerini dəyişir, şalvarının balağını çırmayır, hiss olunur ki, suya girir, əlini irəli uzadır.

    Yaxşı, görəsən, bəs “mən” bu sulara haradan gəlib düşmüşəm? Mən indi hər ikinizi, daha doğtusu hər ikimizi, dartıb sahilə çıxaracam. (Əlini irəli uzadır). Əlini mənə ver, “Adam”... Adam, axmaq adam, əlini ver deyirəm sənə... Mənim mələyim, sən Adamın, yəni mənim əlimdən möhkəm yapış...

    Əlini suya sarı uzadıb nəyisə var gücü ilə özünə sarı dartır.

    Getdi... (Ah çəkib əlini dizinə vurur). “Adam” getdi... Daha doğrusu, “mən” getdim dənizin dərinliyinə. Dəniz canavarı “məni” çəkib apardı... Bəli, o, “mən” idim. Mən buna öz varlığım qədər inanıram. (Qışqırır). Sulara qərq olan “mən” idim, “mən”. (Yerə uzanır). Dəniz canavarı “məni” parçalayacaq... “Mən” artıq balıqlara, balinalara yem olacağam.

    Həzin musiqi. Tütək səsi. Adam ayağa qalxır.

    “Mən” yoxam artıq... Mən bir xəyalam. Amma sən varsan, mənim “mələyim”. Sən suların qoynundasan. (Əlini irəli uzadır). Uzaqlara üzmə. (Kimisə və ya nəyisə özünə sarı dartır). “Mən” sulara qərq oldum, barı sın dayan, getmə... Dayan. Dayan, mənim “mələyim”... Hayana gedirsən? Onsuz da mən məhv olmuşam. Sulara qərq olmuşam... Amma səni məhv olmağa qoymayacağam. Mən səni xilas edəcəyəm. (Dəlicəsinə qışqırır). Dayan... Sən haraya üzüb gedirsən?

    Adam əyilib sudan nəyisə dartır. Az sonra onun əlində bəyaz rəngli uzun bir qadın paltarı görünür. Adam diz çöküb əvvəlcə əli ilə üzünü tutur, sonra əlindəki geyimi öpüb sinəsinə sıxıır.

    Üzüb getdi... Mənim “mələyim”, bu vəhşi sular səni də, məni də uddu... (Hönkürüb ağlayır). Bu, sənin gəlinlik geyimindir. Bax bu, sənin çantandır... (Çantanı açıb baxır). Bu- sənin gümüş kəmərin, bu- sənin baş örtüyün, bu- sənin tacın, bu-kəhrəba boyunbağın, sırğaların... Bu da sənin kəhrəba medalyonun. O medalyonun içində iki şəkil var, bir üzdə sənin, o biri üzdə mənim şəklim... Sən gəlin köçməyə hazırlaşırdın, mənim mələyim. Mən də evlənməyə hazırlaşırdım. Əynimdə təptəzə kostyum vardı... Mən səni suların qoynunda bərk-bərk qucaqlamışdım... Mən səni öz əllərimlə tufanların, qasırğaların ağzına atdım. Elə sən də məni...

    Musiqi. Adam dərinliyэ- qüllənin arxasına çəkilir, qısa müddətdə gözdən itir. Göydə qağayı, sahildə it (Qapan) görünür. İşıq onların üstünə fokuslanır. Sanki qağayı da, it də donub bir nöqtədə qalıb.
    Az sonra Adam görünür. O, qara kostyum, ağ köynək geyib. Üzü tərtəmiz təraş olunub. Saçı səliqə ilə daranıb. Ayağında təzə ayaqqabı var. Qolunun üstündə bayaq “sudan” çıxartdığı ağ qadın paltarı diqqəti çəkir. Sanki qucağında canlı bir insan aparırmış kimi ehtiyatla irəliləyir.

    Bu geyim-kecimi sən almısan mənə. Sən toya hazırlaşırmışsan. Bizi ehtiyac, kasıblıq ayırmışdı bir-birimizdən. Budur, indi bir yerdəyik. Bizi heç kəs ayıra bilməz...
    Bizim araməzda səfalət, ehtiyac adlı bir dağ vardı. İndi o dağ yoxdur. Budur, indi ayaqlarım altında Adanın və ada sakinlərinin sərvəti xırçıldayır. Bunların hamısı bizimdir, bizim. (Ucadan). Eşidirsən məni, mənim “mələyim”?

    Musiqi. Zurnada oyun havası ifa olunur. Adam qüllənin pilllələrinə yaxınlaşıb ayaq saxlayır. Qolunun üstündəki pal-paltarı ehtiyatla və səliqəli şəkildə qüllənin sürahisindən asır.

    Bunlar mənimdir? Bizimdir? (Əllərini yana açır). Yox, yox, mənə lazım deyil bu sərvət... Əgər bu dünyada insanlar yoxsa, bu var-dövlət kimin üçündür? Sərvət insanlara onun üçün lazımdır ki, başqalarına göz dağı çəksin, başqalarını əzsin... Amma indi o “başqaları” yoxdur.

    Durbini götürüb uzaqlara baxır.

    Hava hələ çox da qaralmayıb. Amma göydə Ay doğub. Odur, Ayın şəkli suların üstündə bərq vurur. Amman Allah, Ay nə böyükdür. Yox, o Ay deyil deyəsən. O, qayıqdır. Özü də Aya bənzəyir. O qayıq elə Ay rəngindədir. Bir az da kəhrəba rənginə çalır... Görəsən, o qayıqda adam varmı? Bu dəhşərli fırtınadan sağ çıxan adam çətin ki, tapıla, Adam. Əslində elə sən də bu suların altındasan...
    O qayıq sahilə sarı gəlir. Görürsən, qayığı, Qapan? Gəl ikimiz də ucadan bağırıb o qayığı səsləyək. Eheyyy...

    Adam ucadan qışqırır. Qapan hürür. Uğultu səsi eşidilir. Adam cəld pullələrlə üzüyuxarı qalxıb Qüllənin başından asılmış fanarı götürür. Uğultu səsi yaxınlaşır. Adam fanarı əlində tutub yelləyir, sanki kiməsə, nəyəsə işarə verir.


    Eheyyy... Mən buradayam. Siz məni görürsünüzmü?!. (Öz-özünə). Görəsən, mən varammı?

    Qapan hürür. Adam fanarı pillələrdən birinin üstünə qoyur. Sonra sürahidən asdığı bəyaz qadın geyimini qolunun üstünə aşırıb asta,ehtiyatlı addımlarla üzü dənizə sarı addımlayır. Sanki zurna, fleyta və qaboy birlikdə səslənir. Melodiya get-gedə gurlaşır. Sanki orkestr çalır. Adam gözdən itir.

    SON






















    Firuz Mustafanın “Sonuncu adam” monopyesinin
    sinopsisi


    Dəhşətli sunami qasırğası baş verir. Dənizin ortasındakı Ada və adadakı adamlar su basımının altında qalır. Adam adlı şəxs həmin vaxt sahildəki qüllədə olduğuna görə təsadüfən sağ qalır.
    Adam həbsxanadan cəmi iki gündür ki, azadlığa çıxıb. O, öz dərd-sərini, həyatını yanındakı Qapan adlı itə danışır. Onun dediyindən belə məlum olur ki, bu Ada vaxtilə həbsxana olub, sonralar həbsdən azad olan adamlar burada məskunlaşıblar.
    Adam ata-anasını erkən itirib. Vaxtilə bir qız sevib.
    Sunami fırtınası səngiyir. Artıq Adada ins-cins qalmayıb, bütün canlı aləm məhv olub.
    Ada kəhrəba və qızıl məmulatları ilə zəngin olub. Amma bütün sərvər bir qrup Ada sahibkarlarının nəzarətində olub. Artıq Ada və Ada sakinləri, o cümlədən Adanın zəngin adamları suyun altında qalıb. İlk baxışda Adanın bütün var-dövləti Adama qalıb. Lakin ac-yalavac Adamı artıq heç bir var-dövlət düşündürmür. O, sahil boyu səpələnmiş sahibsiz qiymətli metallara, qızıla, kəhrəbaya biganədir. Adamların vaxtilə bahalı metal və qaş-daşlar uğrunda savaş açması indi ona çox mənasız görünür.
    Adam öz ilk uğursuz sevgisi və sevgilisi haqqında düşünür. Onun başına və ağlına müxtəlif hadisələr gəlir.
    Əsər fantosmoqorik bir sonluqla başa çatır. Adam vaxtilə sevdiyi qızın dəlisov dalğalar arasında “üzdüyünü” görüb onu xilas etmək istəyir. Qız gəlinlik geyimindədir. Az sonra belə məlum olur ki, həmin qız sularda tək deyil və o bir “kişi” ilə əl-ələ tutaraq üzür. Adam diqqətlə baxıb görür ki, həmin “kişi” başqa bir adam yox, məhz onun özüdür, yəni Adamdır. O, nə qədər cəhd edirsə, nə sevdiyi qızı, nə də “özünü” xilas edə bilir. Qəzəbli dalğalar onların hər “ikisini” qovub aparır.
    Sevdiyi qızın pal-paltarı Adamın əlində qalır. Adam son monoloqunda dünyanın faniliyi daqqında danışır. O, dənizə sarı addımlayır.



  • sentyabr 2026, Firuz M.

  • 4
Sonuncu Adam (monodram)

Firuz Mustafa

Sonuncu Adam (monodram) İştirakçı: Adam Tamaşa boyu Adamı Qapan adlı it müşayiət edir. Musiqi. Uca qüllə. Bir tərəfdə mavi dəniz, digər tərəfdə uzaq......

Sən Canımın İçisən

Dəhnəli Məmməd Hacızadə

Bilirəm düşünürsən məni hər axşam səhər, Bir gözündə təbəssüm, bir gözündə qəm,kədər. Hər gün əzizləyirsən dilə gəlməyən eşqi, Güldürmək istəyirsən gülə bilməyən eşqi. Acı sızıltıltılarda......

Gözlərinə Qurban Olum Qız Sənin

Dəhnəli Məmməd Hacızadə

Hər sabah dan baxışınla sökülür, Al yanaqlar,xoş qəmzəli üz sənin. Səni görcək könül gülür,üz gülür, Qələm qaşlar,mavi dəniz göz sənin. .......

Düşüncə ilə sevmək və cəmiyyətimizin düşüncəsi nədir?

Şəhriyar Mürsəl

Məsələn: Mən bilirəm ki nəyinki pulsuz heç 800 manat maaşla qadını sevmək olmaz.Əlbəttə qadınlar düz edir. Axı bir kişi 800 manat maaşla qadına hansı həyatı......

Cəmiyyət

Şəhriyar Mürsəl

Maarifsiz i maarifləndirmək asandır. Amma həqiqəti görüb yenə də cəhaləti seçən, faktı eşidib inadından dönməyən öz fəlakətinin memarıdır. ~...

Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......